Məhkəmə qərarları › İş №1(012)-622/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-622/2025

10.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-622/2025 10.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Firuzə Şahin qızının sədrliyi, Qarayev Cavid Nazim oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1988-ci ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 23 radələrində “*5050” ayıq sürücü xidmətinə sifariş əsasında Zərərçəkmiş şəxs məxsus “Hyundai-Grandeur” markalı **-HA- *** qeydiyyat nişanlı avtomobili idarə edib Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “Adatəpə” restoranından sonuncunu yaşadığı ünvan 2 ünvanına gələrkən avtomobillə etdiyi manevr hərəkətlərinə görə Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən «Əliağa Vahid» heykəlinin yaxınlığında Zərərçəkmiş şəxs ona irad bildirib avtomobili saxlatdıraraq ünvanına təhqiredici ifadələr işlətdiyinə görə aralarında bu zəmində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs qəsdən yumruqla və yerdən götürdüyü daş parçası ilə sifət nahiyəsinə vuraraq ona alın nahiyəsinin sağ hissəsinin əzilmiş-cırılmış yarası, sağ gözün üst göz qapağının, sağ gözaltı nahiyənin qançırları kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. İşin halları və dəlilləri: Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla bağlı ifadəsində göstərdi ki, , “*5050” ayıq sürücü xidmətində sürücü kimi işləyir. xx.xx.2024-cü il tarixdə saat 23 radələrində Abşeron rayonu Xırdalan şəhər dairəsində olan zaman “*5050” ayıq sürücü xidmətindən ona sifariş daxil olmuş, həmin sifarişə əsasən Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “Adatəpə” restoranından müştərini götürüb Abşeron rayonu, Masazır kəndinə aparmalı olmuşdur. Buna görə də qeyd olunan restorana getmiş, orada sonradan adını öyrəndiyi Zərərçəkmiş şəxs yaxınlaşmış və sonuncuya özünə məxsus “Hyundai-Grandeur” markalı **-HA-*** qeydiyyat nişanlı avtomobilin açarlarını təqdim etmişdir. O da həmin avtomobili işə salıb sərxoş vəziyyətdə olan Zərərçəkmiş şəxs qeyd etdiyi ünvana aparmaq üçün avtomobili idarə etmiş, o, idarəetməni normal şəkildə edib Abşeron rayonu, Masazır kəndinə çatan zaman Zərərçəkmiş şəxs səbəbsiz yerə iradlar bildirməyə başlamış, daha sonra isə onu Ə.Vahid küçəsində dediyi yerə çatdırmış və ona ödənişin 13 manat etdiyini bildirmişdir. Lakin Zərərçəkmiş şəxs ona 12 manat ödəyəcəyini demişdir. O isə telefonun mobil tətbiq sistemində 13 manat etdiyini göstərmiş, bu zaman Zərərçəkmiş şəxs şirkətə zəng edərək barəsində şikayət etmiş, lakin həmin vaxt ona “şərəfsiz” ifadəsini işlətmişdir. Bu ifadəyə görə Zərərçəkmiş şəxs əl-qol hərəkəti edib avtomobildən düşmüş, ancaq Zərərçəkmiş şəxs onun arxasınca gəlmiş və ona çox ağır nalayiq ifadə işlətmişdri. O, sonuüncunun söyüşünə dözməyib onu sifət nahiyyəsindən bir dəfə yumruqla vurmuş, yumruğun təsirindən Zərərçəkmiş şəxs yerə yıxılmış və yerdən qalxmamışdır. Sonra həmin ərazini tərk etmiş, sonradan isə Zərərçəkmiş şəxs onun barəsində şikayət etdiyini bilmişdir. Göstərmişdir ki, hadisənin baş verməsinin səbəbkarı Zərərçəkmiş şəxs olmuş, belə ki, sonuncu səbəbsiz yerə onunla mübahisə edib ona nalayiq ifadələr işlədərək təhqir etmiş, həmin vaxtı isə ətrafda kimsə olmamışdır. Hazırda zərərçəkmişlə barışmışdır. Barəsində olan cinayət işinə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən iş üzrə Zərərçəkmiş şəxs məhkəməyə teleqram ünvanlayaraq Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, cinayət işinə xitam verilməsini məhkəmədə xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 23 radələrində Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “Adatəpə” restoranında dostları ilə yemək yeyib çıxmışdır. Həmin vaxt isə spirtli içki qəbul etmiş və buna görə özünə məxsus “Hyundai Grandeur” markalı **-HA-*** qeydiyyat nişanlı avtomobili idarə etmək istəməmişdir. Ona görə də “6060” nömrəsinə zəng edərək ayıq sürücü xidməti göstərən şirkətdən sürücü sifariş etmiş, bu zaman sonradan adını bildiyi Təqsirləndirilən şəxs gəlmiş, sonuncu onun avtomobilini idarə edərək Abşeron rayonu, Masazır kəndinə gətirmişdir. Masazır kəndində “Əliağa Vahid” heykəlinin qarşısında Təqsirləndirilən şəxs təhlükəli manevr etmiş, buna görə də sonuncuya irad bildirmiş, lakin Elnur onun bu iradına qarşılıq ona “mənə maşın sürməyi öyrədirsən?” ifadəsini işlətmişdir. Bu ifadəyə görə aralarında mübahisə baş vermiş və avtomobili saxlatdırmışdır. Yerə düşəndə isə Elnura “şərəfsiz” ifadəsini işlətmiş, sonuncu da ona qarşı eyni ifadəni işlətmiş və ondan qaçmağa başlamışdır. O, sonuncuya qayıtmasını və pulunu almasını bildirmiş, lakin Elnur yerdən daş götürüb üzərinə atmış, Elnura bunu etməməsini bildirdikdə onun sözlərinə əhəmiyyət verməmiş, o isə daşları atmağa davam etmişdir. Hətta onlardan bir ikisi onun sinə nahiyəsinə yüngül dəymişdir. O, Elnura çatıb onu saxlamış, bu zaman isə sağ qaş nahiyyəsindən Elnur əlindəki daşla vurmuş, zərbənin təsirindən o yerə yıxılmış və qaş nahiyyəsindən qan açılmış, Elnur isə qaçıb getmişdir. O buna görə ilk öncə ayıq sürücü şirkətinə, daha sonra isə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə müraciət etmiş, Abşeron rayon pois idarəsində gedən araşdırma zamanı isə həmin şəxsin Təqsirləndirilən şəxs adlı şəxs olduğunu öyrənmişdir. Göstərmişdir ki, Elnurla arasında dava dalaş olan vaxt küçədə kənar şəxs olduğunu görməmiş, sadəcə avtomobillər sürətlə keçib getmişlər. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “Cinayət işinin başlanması, icraata qəbul edilməsi haqqında” 12 dekabr 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata götürülmüşdür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” X3 Abşeron rayon şöbəsinin xx.xx.2024-cü il tarixli, 2495 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər – alın nahiyyəsinin sağ hissəsinin əzilmiş-cırılmış yarası, sağ gözün üst göz qapağının, sağ gözaltı nahiyyənin qançırları küt əşyanın təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, xx.xx.2024-cü il tarixdə insan bədəni hissələrinin təsirindən əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığı qısa müddətə pozan sağlamlığa yüngül zərərvurmaya aiddir. “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” 02 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” 12 yanvar 2025-ci il tarixli qərardann görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır. “Cinayət işinin təzələnməsi və icraata qəbul etmək haqqında” 03 fevral 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 05 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. “Təqsirlədirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında” 05 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam”qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 05 fevral 2025-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Zərərçəkmiş şəxs X2 məhkəməyə teleqram ünvanlayaraq Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, cinayət işinə xitam verilməsini məhkəmədə xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, X2 ilə barışmış, zərərçəkmiş şəxsin heç bir şikayət və tələbi qalmamışdır. Ona görə də, məhkəmədən barəsində olan iş üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Beləliklə məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, yəni onun qəsdən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurma cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, zərərçəkmiş şəxsin və şahidin ifadəsi, ekspert rəyi və digər iş materialları ilə tamamilə sübuta yetirildiyindən sonuncunun əməlinin cinayət olmasını aradan qaldıran hallar müəyyən edilməmişdir. Lakin qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan o, qeyd olunan maddə ilə nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 39.1.8-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Qeyd olunan Məcəllənin 40.1-ci maddəsinə görə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Göstərilən Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Qeyd olunan Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən həmin Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmədə işə baxılarkən müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edir, özünü ona qarşı irəli sürülmüş ittiham üzrə tam təqsirli bilir, əməlindən peşmandır, iş üzrə zərərçəkmiş şəxs ilə barışmış və bununla əlaqədar zərər çəkmiş şəxs təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbininin olmamasına və cinayət işinin icraatına xitam verilməsinə dair ərizə təqdim etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilməli və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 5 (beş) saat üçün nəzərdə tutulan 30 (otuz) manat pul ödənilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının CPM-nin 39.1.11, 43, 305, 321, 344-347 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 5 (beş) saat hüquqi yardıma görə Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 30 (otuz) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə mülki iddianın, məhkəmə xərcinin, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qeyd olunan müddət ərzində qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, növbəti gün qərar qüvvəyə minir. Sədrlik edən:Firuzə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar