Məhkəmə qərarları › İş №1(012)-626/2023

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-626/2023

26.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-626/2023 26.07.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim – Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, məhkəmə iclas katibi – Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Şikayət vermiş şəxs X1, Cinayət əməlini törədən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1978-ci il tarixdə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayətin törədilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Xırdalan şəhərində Abşeron Rayon Məhkəməsinin inzibati binasında qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 05 iyun 2023-cü il tarixdə səhər saat 08 radələrində keçmiş arvadı X3 və övladları ilə hələ də bərabər yaşadığı ünvan 2 ünvanında Lalə Səfərovaya mənzilin eyvanında çox vaxt keçirməsi ilə bağlı irad bildirib, şəxsi münasibətlər zəmninidə mübahisə edərək sonuncunun üzərinə hücum edib bədəninin sifət və qol nahiyələrindən sillə və yumruqla bir neçə dəfə qəsdən ardıcıl zərbələr vuraraq ona sağ mil-bilək oynağında hərəkət məhdudluğu ilə müşayiət olunan sağ said nahiyəsinin aşağı 1/3-ni, sağ mil-bilək oynağı və sağ əlin arxa səthini əhatə edən iri ölçülü qançır şişkinliyi, burun, sol bazu oynağı və hər iki bazu nahiyələrinin qançırları ilə müşahidə olunan dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirərək Lalə Səfərovanın sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə iclasında cinayət əməlini törədən şəxs Təqsirləndirilən şəxs ona elan ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, X3 onun keçmiş arvadıdır. Onlar 2003-cü ildə ailə həyatı qurmuş və bu nikahdan 2 övladları var. Onların münasibətləri əvvəllər yaxşı olmuş,lakin Lalənin valideynləri onların ailə işinə müdaxilə etmiş, onlar bu səbəbdən 2017-ci ildə Abşeron rayon Məhkəməsinin qətnaməsinə əsasən rəsmi şəkildə boşanmış, boşandıqdan sonra Lalə valideynlərinin yanında yaşamağa başlamışdır. 2019-cu ildə isə Lalə ilə aralarında qeyri-rəsmi də olsa, barışıq olmuş və onlar yenidən birlikdə yaşamağa başlamış, həmçinin bu müddətdə ailədaxili münasibətləri normal olmuşdur. Bir neçə gün bundan əvvəl Laləyə yaşadıqları evin eyvanında çox olmasına görə irad bildirmiş və eyvanda işini görüb qurtardıqdan sonra dərhal evin içərisinə daxil olmasını demiş, xx.xx.2023-cü il tarixdə saat 08 radələrində evdə olan zaman Lalənin yenə də eyvanda olduğunu görmüş, Lalənin dediyi sözlərdən nəticə çıxartmaması onu əsəbləşdirmiş və aralarında mübahisə yaranmış, mübahisə zamanı isə sillə ilə bir neçə dəfə Lalənin sifət və qol nahiyələrindən zərbə vurmuş, daha sonra qapını açaraq Laləyə evdən çıxıb getməsini demiş, Lalə evdən çıxıb getmiş, sonradan Lalənin onun barəsində şikayət etdiyindən məlumatı olmuşdur. Əlavə olaraq o, xx.xx.2023-cü il tarixdə saat 08 radələrində yaşadıqları evin içərisində mübahisə zamanı sillə ilə bir neçə dəfə Lalənin sifət və qol nahiyələrinə zərbə vurduğunu, aralarındakı mübahisənin təxminən 10-15 dəqiqə davam etdiyini, həmin zaman orada başqa heç kəsin olmadığını, mübahisənin yaranma səbəbinin Lalənin onun dediyi sözlərdən nəticə çıxartmaması və yenə də öz hərəkətlərinə davam etməsinin olduğunu, Lalə ilə aralarında olan mübahisənin yaşadıqları evin içərisində baş verdiyini, buna görə də mübahisə zamanı səs-küy yaranmadığını, oraya kənardan yaxınlaşan olmadığını və Lalənin mübahisə zamanı ona müqavimət göstərmədiyini bildirdi. Sonda o, barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə zamanı şikayət vermiş şəxs qismində dindirilən X3 göstərdi ki, Təqsirləndirilən şəxs onun keçmiş əridir. Onlar 2003-cü ildə ailə həyatı qurmuş və bu nikahdan 2 övladları var. Ailədaxili münasibətləri yaxşı olmadığından, yəni Rauf heç bir səbəb olmadan onunla mübahisələr etdiyi üçün nikahın pozulması barədə məhkəməyə müraciət etmiş və onlar 2017-ci ildə Abşeron rayon Məhkəməsinin qətnaməsinə əsasən rəsmi şəkildə boşanmışlar. O, boşandıqdan sonra iki il müddətində övladları ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhərində yaşayan valideynlərinin yanında qalmışdır. 2019-cu ildə isə yenidən qeyri-rəsmi də olsa Rauf ilə barışaraq birlikdə yaşamağa başlamış, buna baxmayaraq yenə də Raufla aralarında mübahisələr davam etmişdir. xx.xx.2023-cü il tarixdə saat 08 radələrində yaşadıqları evdə olan zaman Rauf binanın həyətində oturan Kamil adlı şəxsin ona baxdığını demiş, o, Raufdan həmin şəxsin kim olduğunu soruşmuş və həmin şəxsi çağırmağını bildirmiş, bu səbəbdən Rauf onunla mübahisə etməyə başlamış, mübahisə zamanı yumruqla bir neçə dəfə baş, sifət və qol nahiyələrinə, eləcə də təpiklə bədəninin müxtəlif nahiyələrinə zərbələr vurmuş, Rauf zərbələrin təsirindən ağzından qan gəldiyini görüb əlləri ilə onun saçlarından tutmuş və onu sürüyərək digər otağa keçirtmiş, Raufun yenə də onu vurmaqda davam etdiyini görüb Raufun əlindən çıxaraq evdən qaçmış, daha sonra isə bu barədə şikayət etmək qərarına gəlmişdir. O, ifadəsində əlavə olaraq Raufun xx.xx.2023-cü il tarixdə saat 08 radələrində yaşadıqları evin içərisində mübahisə zamanı yumruqla bir neçə dəfə baş, sifət və qol nahiyələrinə, eləcə də təpiklə bədəninin müxtəlif nahiyələrinə zərbələr vurduğunu, daha sonra isə ağzından qan gəldiyini görüb əlləri ilə saçlarından tutduğunu və onu sürüyərək digər otağa keçirtdiyini, mübahisələrinin təxminən 15-20 dəqiqə davam etməsini, həmin zaman yaşadıqları evin içərisində başqa heç kəsin olmadığını, mübahisənin yaranma səbəbinin Raufun ona şər ataraq binanın həyətində oturan Kamil adlı şəxsin ona baxdığını deməsinin olduğunu, mübahisə zamanı səs-küy yaranmadığını, oraya kənardan yaxınlaşan olmadığını, mübahisə zamanı Raufu vurmadığını və mübahisə zamanı ona heç bir maddi ziyan dəymədiyini göstərmişdir. Sonda o, Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş "MTE və PA ETT Birliyi" X6 Abşeron rayon şöbəsinin xx.xx.2023-cü il tarixli 1107 nömrəli rəyindən görünür ki, 1980ci il təvəllüdlü X1 məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində aşkar edilmiş xəsarətlər - sağ mil-bilək oynağında hərəkət məhdudluğu ilə müşayiət olunan sağ said nahiyəsinin aşağı 1/3-ni, sağ mil-bilək oynağı və sağ əlin arxa səthini əhatə edən iri ölçülü qançır şişkinliyi, burun, sol bazu oynağı və hər iki bazu nahiyələrinin qançırları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023- cü il tarixdə insan bədəninin hissələrinin (əl, ayaq və sair.) təsirindən əmələ gələ bilmələri mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Beləliklə, məhkəmə iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, cinayət əməlini törədən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsiri tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də məhkəmə hesab edir ki, cinayət əməlini törədən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1998-ci ildə Azərbaycan Respublikası Lənkəran Qarnizonu Hərbi Prokurorluğu tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 241 M "V" (köhnə redaksiyada) bəndi üzrə təqsirli bilinərək məsuliyyətə cəlb olunmaqla, xx.xx.1998-ci il tarixdə Lənkəran Qarnizonu Hərbi Tribunalının hökmü ilə barəsində 05 il azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, hökmün icrası hərbi əməliyyatlar qurtaranadək təxirə salınmışdır. Təqsirləndirilən şəxs şikayət vermiş şəxs X2 münasibətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi Abşeron rayon Məhkəməsinin 03 noyabr 2017-ci il tarixli qərarına əsasən onun barəsində aparılan icraata xitam verilmişdir. Təhqiqat materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu Azərbaycan Respublikası CM-nin 83.3.2-1-ci maddəsinə əsasən ödənilmişdir. İş materiallarında olan Abşeron RİHB-nin 2 saylı MTİİTS tərəfindən verilmiş 431 saylı arayış və xasiyyətnamədən görünür ki, cinayət əməlini törədən şəxs Səfərov X4 rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 2A, mənzil 23-də yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur.. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini nəzərə alır. Məhkəmədə cinayət əməlini törədən şəxs Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun törədilmə hallarını, cinayət əməlini törədən şəxs Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını və cəzanın onun islah olunmasına nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 15-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməli, onun üzərinə yaşayış yeri üzrə, yəni Abşeron rayonu ərazisinin hüdudlarını, saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulmalıdır. Cəzanı Təqsirləndirilən şəxs yaşadığı yer üzrə, yəni Sumqayıt şəhər Probasiya şöbəsi icra etməlidir. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda, yəni Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 10 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməklə, üzərinə Bakı şəhəri və Abşeron rayonu hüdudlarını ərazisini və saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulsun. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar