Məhkəmə qərarları › İş №1(012)-628/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-628/2024

21.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-628/2024 21.06.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı Müdafiəçilər: Təqsirləndirilən şəxs1 müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs2 müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən Təqsirləndirilən şəxs1 şəxslər: Təqsirləndirilən şəxs2 iştirakları ilə xx xxxxxx 1994-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, "xxxx" Mənzil-Tikinti Kooperativində inşaat fəhləsi işləyən, əvvəllər məhkum olunmamış, Abşeron rayonu, Saray qəsəbəsi, Koroğlu küçəsində yerləşən fərdi yaşayış evində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə xx xxxx 1987-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, "xxxx" Mənzil-Tikinti Kooperativində inşaat fəhləsi işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında 16 noyabr 2023-cü il tarixdə, saat 20 radələrində Abşeron rayonu, Saray qəsəbəsi, Heydər Əliyev küçəsi, “P-100” yanacaqdoldurma məntəqəsinin yaxınlığında sonuncunun idarə etdiyi **-DS-*** dövlət qeydiyyat nişanlı «BMW» markalı avtomobili ilə Sumqayıt şəhəri istiqamətində hərəkətdə olarkən həmin yolda onlarla eyni istiqamətdə hərəkət edən Zərərçəkmiş şəxs1 idarə etdiyi «Ford Tranzit» markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısına qəfil keçməklə qəza şəraiti yaratması səbəbindən aralarında yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs2la birlikdə avtomobildən düşərək heç bir əsaslı səbəb olmadan cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özləri və ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərib öz şəxsiyyətlərini digərlərinin şəxsiyyətinin fövqində qoymaqla ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan hərəkətlər edərək, ictimai yerdə küçədə kənar şəxslərin gözləri önündə ucadan nalayiq ifadələr işlədərək birlikdə yumruq və təpiklə qəsdən Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr vurub ona çənə nahiyəsinin və sağ əlin İİ barmağının qançırları, sağ diz oynağı nahiyəsinin sıyrığı kimi dərəcəsinə görə sağlamlığa zərər vurmayan bədən xəsarətləri, eləcə də həmin vaxt Aftandil Babayevin avtomobilində olmuş qaynanası Zərərçəkmiş şəxs2 avtomobildən düşüb onlarla mübahisə edərkən sonuncunu da vurub yerə yıxaraq onun sol qolu üstə yerin bərk səthinə dəyməsi nəticəsində ehtiyatsızlıqdan sol mil sümüyünün aşağı ucunun sınığı kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarətləri yetirməklə müşayiət olunan, qərəzli hərəkətləri, yəni Azərbaycan Respublikası CM-nin 221.2.1 -ci maddəsində nəzərdə tutulan xuliqanlıq cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında birləşib 16 noyabr 2023-cü il tarixdə, saat 20 radələrində Abşeron rayonu, Saray qəsəbəsi, Heydər Əliyev küçəsi, “P-100” yanacaqdoldurma məntəqəsinin yaxınlığında idarə etdiyi 50-DS- 853 dövlət qeydiyyat nişanlı «BMW» markalı avtomobili ilə Sumqayıt şəhəri istiqamətində hərəkətdə olarkən həmin yolda onunla eyni istiqamətdə hərəkət edən Zərərçəkmiş şəxs1 idarə etdiyi «Ford Tranzit» markalı **-BX-*** dövlə qeydiyyat nişanlı avtomobilin qarşısına qəfil keçməklə qəza şəraiti yaratması səbəbindən aralarında yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs1 ilə birlikdə avtomobildən düşərək heç bir əsaslı səbəb olmadan cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özləri və ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərib öz şəxsiyyətlərini digərlərinin şəxsiyyətinin fövqində qoymaqla ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan hərəkətlər edərək, ictimai yerdə küçədə kənar şəxslərin gözləri önündə ucadan nalayiq ifadələr işlədərək birlikdə yumruq və təpiklə qəsdən Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr vurub ona çənə nahiyəsinin və sağ əlin İİ barmağının qançırları, sağ diz oynağı nahiyəsinin sıyrığı kimi dərəcəsinə görə sağlamlığa zərər vurmayan, eləcə də həmin vaxt Aftandil Babayevin avtomobilində olmuş qaynanası Zərərçəkmiş şəxs2 avtomobildən düşüb onlarla mübahisə edərkən sonuncunu da vurub yerə yıxaraq onun sol qolu üstə yerin bərk səthinə dəyməsi nəticəsində ehtiyatsızlıqdan sol mil sümüyünün aşağı ucunun sınığı kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarətləri yetirməklə müşayiət olunan, qərəzli hərəkətləri, yəni Azərbaycan Respublikası CM-nin 221.2.1 -ci maddəsində nəzərdə tutulan xuliqanlıq cinayət əməlini törətmişdir. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, “16 noyabr 2023-cü il tarixdə saat 20 radələrində tanışı Tural idarə etdiyi BMW markalı avtomobillə onun Saray qəsəbəsində yaşadığı ünvana gələrək, onu götürdükdən sonra Sumqayıt şəhərinə doğru hərəkətə başlamışlar. Sumqayıt istiqamətində hərəkət edərkən avtomobilin yanacağı az olduğu üçün Saray qəsəbəsi, Heydər Əliyev küçəsində yerləşən «P-100» yanacaqdoldurma məntəqəsinə girməyə qərar vermişlər. Tural sola dönmə işığını yandırıb əks istiqamətdə hərəkət edən avtomobillərin yol verməsini gözləmişdir. Bu zamanı onların arxası ilə hərəkət edən «Ford Tranzit» markalı avtomobil siqnal verməyə başlamışdır. Daha sonra həmin avtomobil sağ tərəfə keçərək dayanmış və sürücüsü pəncərədən onları söyərək təhqir etməyə başlamışdır. Tural avtomobili yolun sağ hissəsinə çəkərək saxladıqdan sonra onlar sonradan adının Afdandil olduğunu öyrəndiyi şəxsin onları nə üçün söyməsinin səbəbini soruşmaq üçün birlikdə avtomobildən düşmüşlər. Daha sonra Vaqiflə birlikdə Forda yaxınlaşıb sürücü tərəfdən qapısını açıb Aftandildən onları söyüb təhqir etməsinin səbəbini soruşduqda, Aftandil yaxşı etdiyini deyərək yenə də onları söyməyə və ayağı ilə onlara tərəf zərbələr endirməyə başlamışdır. O, Turalla birlikdə Aftandili avtomobildən düşürməyə çalışdıqda sonuncu yumruqla iki dəfə onun sifət nahiyəsinə vurmuş, bu zaman Ford markalı avtomobildən bir nəfər qadın düşərək onların üstünə hücum çəkmiş və əlindəki çanta ilə Turalı və onu vurmağa başlamışdır. Qadının əlindəki çanta bir dəfə onun qulağına dəymişdir. Daha sonra Turalın burnu qanamağa başlamışdır. Buna görə Turalla birlikdə onun idarə etdiyi avtomobilə minib, Sumqayıt şəhərində yerləşən Travmatologiya xəstəxanasına getmişlər. Onlar arasında münaqişə təxminən 1-2 dəqiqə davam etmiş və ətrafda təxminən 5-10 nəfər adam olmuşdur. Münaqişəyə səbəb Ford Tranzit markalı avtomobilin sürücüsü Aftandilin söyüb təhqir etməsi olmuşdur. Zərərçəkmiş şəxslərlə barışmasını, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələblərinin olmamasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, 16 noyabr 2023-cü il tarixdə saat 20 radələrində atasına məxsus olan etibarnamə əsasında idarə etdiyi BMW markalı avtomobillə Saray qəsəbəsində yaşayan tanışı Təqsirləndirilən şəxs1 yaşadığı evdən götürdükdən sonra Sumqayıt şəhərinə getmək məqsədi ilə hərəkətə başlamışdır. Sumqayıt istiqamətində hərəkət edərkən avtomobilin yanacağı az olduğu üçün Saray qəsəbəsi, Heydər Əliyev küçəsində yerləşən P-100 yanacaqdoldurma məntəqəsinə girməyə qərar vermiş və sola dönmə işığını yandırıb əks istiqamətdə hərəkət edən avtomobillərin yol verməsini gözləmişdir. Bu zamanı onun idarə etdiyi avtomobilin arxası ilə hərəkət edən Ford Tranzit markalı avtomobil siqnal verməyə başlamışdır. Daha sonra həmin avtomobil onun avtomobilinin sağ tərəfinə keçərək dayanmış və sürücüsü pəncərədən onları söyərək təhqir etməyə başlamışdır. O, əsəbiləşərək avtomobili yolun sağ hissəsinə çəkərək saxlamış və Vaqiflə birlikdə avtomobildən düşmüşlər. Həmin avtomobil də onun avtomobilinin arxasında dayanmışdır. Daha sonra Vaqiflə birlikdə Ford markalı avtomobilə yaxınlaşıb sürücü tərəfdən qapısını açmış və sürücüdən onu söyüb təhqir etməsinin səbəbini soruşmuşdur. Həmin sürücü yaxşı etdiyini deyərək yenə də onu söyməyə və ayağı ilə qarın nahiyəsinə, daha sonra isə ayaqqabısını çıxararaq əlinə alıb sifət nahiyəsinə vurmağa başlamışdır. Daha sonra Ford markalı avtomobildə olan bir nəfər qadın düşərək onun üstünə hücum çəkərək əlindəki çanta ilə bir dəfə burun, bir neçə dəfə isə baş nahiyəsinə vurmağa başlamışdır. Çanta burnuna dəydikdən sonra burnu qanamağa başlamış, bu vaxt dostu Vaqif onu mübahisə etdiyi şəxslərin əlindən ayırmağa çalışmışdır. Həmin qadın onu çanta ilə vurarkən o, müvazinətini itirərək yerə yıxılmış, daha sonra Vaqiflə birlikdə idarə etdiyi avtomobilə minib Sumqayıt şəhərində yerləşən Travmatologiya xəstəxanasına getmişdir. Bir qədər sonra baş vermiş hadisə barədə DİNnin 102 xidməti zəng mərkəzinə müraciət etmişdir. Aralarında baş vermiş münaqişə təxminən 1-2 dəqiqə davam etmiş və hava qaranlıq olduğu üçün ətrafda nə qədər insan olduğuna fikir verməmişdir. Münaqişəyə səbəb Ford Tranzit markalı avtomobilin sürücüsünün onu söyüb təhqir etməsi olmuşdur. Zərərçəkmiş şəxslərlə barışmasını, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələblərinin olmamasını nəzərə alaraq. ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməkə tədqiq edilən iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, o, 16 noyabr 2023-cü il tarixdə Sumqayıt şəhərində yaşayan qaynanası Güləbatın onlara qonaq gəlmişdir. Təxminən saat 20 radələrində o, idarə etdiyi **-BX-*** dövlət qeydiyyat nişanlı Ford Tranzit markalı avtomobillə qaynanasını yaşadığı Sumqayıt şəhərinə aparmaq məqsədi ilə evdən çıxmışdır. Saray qəsəbəsində yerləşən «P-100» adlı yanacaqdoldurma məntəqəsinin yaxınlığında qəflətən **-DS-*** dövlət qeydiyyat nişanlı, BMW markalı avtomobil idarə etdiyi avtomobilin qarşısına keçib qəza şəraiti yaratmışdır. O, əsəbiləşdiyi üçün əli ilə həmin sürücüyə irad bildirib yoluna davam etmişdir. Bir qədər getdikdən sonra həmin BMW markalı avtomobil yenidən onun idarə etdiyi avtomobilin qarşısına keçərək əyləcə basmışdır. O, qəzanın qarşısım almaq məqsədi ilə avtomobilini saxlamışdır. Daha sonra həmin avtomobilin ön tərəfdə olan sərnişin əyləşən yerdən adının Vaqif olduğunu bildiyi şəxs yerə düşüb ona doğru gəlmişdir. Sürücü isə avtomobili hərəkət etdirib yolun sağ kənarına çəkərək saxlayıb avtomobildən düşmüş və onun üstünə gəlmişdir. Qaynanası ondan maşını sürməsinii xahiş etsə də o, şüşəni yarıya qədər endirib həmin gənclərlə söhbət etmək istəmişdir. Bu vaxt Vaqif qəflətən onun baş nahiyəsinə yumruqla zərbələr endirməyə başlamışdır. Daha sonra Tural adlı sürücü də ona yaxınlaşıb avtomobilin qapısını açmış və sonra hər ikisi onu sürüyüb yerə atdıqdan sonra bədəninin müxtəlif nahiyələrinə yumruq təpik zərbələri endirməyə başlamışlar. Bu vaxt qaynanası Güləbatın maşından düşüb yanına gəlmişdir. Daha sonra ətrafa toplaşmış şəxslərin köməyi ilə onların əlindən almışlar. O, başını qaldırdıqda qaynanasının da yerə uzanmış vəziyyətdə olduğunu, ətrafdakı tanımadığı şəxslərdən birinin Tural adlı şəxsə qadına əl qaldırdığı üçün irad bildirdiyini eşitmişdir. Daha sonra baş vermiş hadisə barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Polisə məlumat verdiyini eşitdikdə Tural və Vaqif hər ikisi avtomobilə minib oradan qaçmışlar. Aralarındakı münaqişə təxminən 15-20 dəqiqə davam etmiş və ətrafda təxminən 40-50 nəfər adam olmuşdur. Münaqişəyə səbəb BMW markalı avtomobilin sürücüsü Turalın qəza şəraiti yaratması olmuşdur. O, mübahisə zamanı Turala söyüş söyməmiş və heç bir xəsarət yetirməmişdir. Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə verərək, təqsirləndirilən şəxslər ilə barışdığını, onlara qarşı heç bir tələbinin və şikayətinin olmamasını göstərərək, bu halların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməkə tədqiq edilən iş üzrə zərər çəkmiş şəxs Güləbatın Mahmud qızı ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, o, 16 noyabr 2023-cü il tarixdə Saray qəsəbəsində yaşayan qızı gilə qonaq getmişdir. Təxminən saat 20 radələrində kürəkəni Aftandil idarə etdiyi **-BX-*** dövlət qeydiyyat nişanlı Ford Tranzit markalı avtomobillə onu yaşadığı Sumqayıt şəhərinə aparan zaman Saray qəsəbəsinin içərisində qəfil bir avtomobil onun olduğu avtomobilin qabağına keçib qəza şəraiti yaratmışdır. Aftandil bu səbəbdən qəfil əyləcə basmışdır. Bundan sonra Aftandil əsəbiləşib əli ilə həmin avtomobilin sürücüsünə irad bildirmiş və hərəkətə davam etmişdir. Bir neçə saniyə sonra həmin avtomobil yenə də onların avtomobili ötüb yollarını kəsmişdir. Həmin avtomobildə olan sərnişin yerə düşdükdən sonra avtomobilin sürücüsü maşını yolun kənarında saxlayıb onlara tərəf gəlmişdir. Aftandilin idarə etdiyi avtomobil isə yolun ortasında dayanmışdır. Həmin şəxslər Aftandil tərəfdən onların avtomobilinə yaxınlaşmışlar. Mən Afdandildən yerə düşməmək üçün xahiş etmişdir. Aftandil də söhbət etmək məqsədi ilə pəncərəni endirdikdə hər iki şəxs pəncərədən Aftandilə əl-qol atmağa və avtomobilin qapısını zorla açmağa başlamışlar. Daha sonra qapını açıb Aftandili dartıb yerə salıb yumruq və təpiklə döyməyə başlamışlar. O, Aftandilin köməyinə getmək məqsədi ilə maşından düşmüşdür. Onları Aftandildən ayıra bilmədiyini gördükdə çarəsiz qalıb əlindəki əl çantası ilə onların kürəyinə vurmağa başlamışdır. Həmin vaxt sonradan adının Tural olduğunu bildiyi oğlan onu möhkəmdən itələmiş və o, arxası üstə yıxılaraq sol qolu altında qalaraq sınmışdır. Bundan sonra ətrafdakı şəxslər Aftandili Turalın və Vaqifin əlindən almışlar. Tural və Vaqif qaçaraq avtomobilə minib oradan uzaqlaşmışlar. Daha sonra baş vermiş hadisə barədə polisə məlumat verib xəstəxanaya müraciət etmişdir. Baş vermiş münaqişə təxminən 15-20 dəqiqə davam etmiş və ətrafda təxminən 40-50 nəfər adam olmuşdur. Münaqişəyə səbəb BMW markalı avtombilin sürücüsün qəza şəraiti yaratması olmuşdur. O, Turalın sifət nahiyəsinə çanta ilə vurmamış, sadəcə kürəkənini təpiklə döydüyü üçün buraxması üçün iki dəfə boyun nahiyəsinə vurmuşdur. Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə verərək, təqsirləndirilən şəxslər ilə barışdığını, onlara qarşı heç bir tələbinin və şikayətinin olmamasını göstərərək, bu halların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: - “Hadisə yerinə baxış keçirilməsi barədə” xx.xx.2023-cü il tarixli protokola əsasən hadisə Abşeron rayonu, Saray qəsəbəsi, Heydər Əliyev küçəsində «P100» yanacaqdoldurma məntəqəsinin yaxınlığında baş vermişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X2” X6 Abşeron rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 2508 saylı rəyinə əsasən X1 məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində aşkar edilmiş xəsarətlər -çənə nahiyəsinin və sağ əlin İİ barmağının qançırları, sağ diz oynağı nahiyəsinin sıyrığı küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə insan bədəninin hissələrinin (əl, ayaq və.s.) təsirindən əmələ gələ bilmələri mümkündür, həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarət olduqları üçün dərəcələri təyin edilmir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X2” X6 Abşeron rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 2509 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində aşkar edilmiş xəsarət «sol mil sümüyünün aşağı ucunun sınığı» küt yaranma mexanizminə malik olub, qərarın təsviri hissəsində göstərilən həmçinin müayinə olunan şəxsin qeyd etdiyi müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə kənar təzyiqlə zərblə itələnərək sol qolu üstə yerin bərk səthinə (asfalt, beton və.s) dəyməsi nəticəsində əmələ gələ bilməsi mümkündür və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 13:50 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur. - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 15:30 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur. - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” barədə 15 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. - “Zərərçəkmiş şəxs qismində tanınma” haqqında 15 dekabr 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə həmin tarixdə Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. - “Zərərçəkmiş şəxs qismində tanınma” haqqında 15 dekabr 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə həmin tarixdə Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır. - “Təqirləndirilən şəxs qismində cəlb etmə haqqında” 16 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. - “Təqirləndirilən şəxs qismində cəlb etmə haqqında” 16 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. - 16.12.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və o, Abşeron RPİ-nin X3 dərhal azad olunmuşdur. - 16.12.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və o, Abşeron RPİ-nin X3 dərhal azad olunmuşdur. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs1 məhkumluğu barədə məlumat yoxdur. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs2 məhkumluğu barədə məlumat yoxdur. - Zərərçəkmiş Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, təqsirləndirilən şəxslər ilə barışdığını, onlara qarşı heç bir tələbinin və şikayətinin olmamasını göstərərək, bu halların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. - Zərərçəkmiş Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, təqsirləndirilən şəxslər ilə barışdığını, onlara qarşı heç bir tələbinin və şikayətinin olmamasını göstərərək, bu halların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. - “Azemis” Elektron İnformasiya sistemi vasitəsilə təqsirləndirilən şəxsin “qohumluq məlumatlarına” dair göndərilmiş sorğudan görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində xx.xx.2023-cı il təvəllüdlü X4 adlı uşağı vardır. - “Azemis” Elektron İnformasiya sistemi vasitəsilə təqsirləndirilən şəxsin “gəlir məlumatlarına” dair göndərilmiş sorğudan görünür ki, Təqsirləndirilən şəxs1 "xxxx" Mənzil-Tikinti Kooperativində inşaat fəhləsi olaraq çalışması müəyyən edilmişdir. - “Azemis” Elektron İnformasiya sistemi vasitəsilə təqsirləndirilən şəxsin “gəlir məlumatlarına” dair göndərilmiş sorğudan görünür ki, Təqsirləndirilən şəxs2 sonuncu iş yeri "xxxx" "xxxx" Mənzil-Tikinti Kooperativində inşaat fəhləsi olaraq çalışması müəyyən edilmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə qeyd edir ki, xuliqanlıq cinayətinin əsas (sadə) tərkibi Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər” kimi təsbit edilmişdir. Maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli Qərarında qeyd olunur ki, ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi, vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi xuliqanlıq hadisəsini xarakterizə edən əlamətlərdir. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cü il tarixli Qərarında qeyd olunur ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür (2-ci bənd). Verilmiş ittihamla bağlı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özlərini qismən təqsirli bilsələr də, məhkəmə istintaqında tədqiq olunmuş təkzibedilməz dəlillərlə müəyyən edilir ki, təqsirləndirilən şəxslərin məhkəmə iclasında verdikləri ifadələri həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə də uyğunluq təşkil etmir və özlərini müdafiə xarakteri daşıyır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Hazırki cinayət işində iki nəfər təqsirləndirilən şəxs olduğundan məhkəmə cəza təyini məsələsini hər bir təqsirləndirilən şəxsə münasibətdə təhlil etməyi məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə həmin Məcəllənin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 cəza təyin edərkən zərərçəkmiş şəxslərlə barışmasını, ona qarşı heç bir şikayət, tələb və mülki iddianın olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, onun cəmiyyətdən təcrid edilmədən islah olunmasını mümkündür. Buna görə məhkəmə Təqsirləndirilən şəxs1 onun təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini qanuni olmaqla əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Abşeron rayonu, Saray qəsəbəsi, Koroğlu küçəsində yerləşən fərdi yaşayış evini tərk etməmək, Bakı şəhərinin və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə, həmçinin onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddətlər daxil edilir. Qeyd olunan Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Həmin Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat dövründə tutulduğu 02 gün müddət ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə digər Təqsirləndirilən şəxs2 cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə həmin Məcəllənin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 cəza təyin edərkən zərərçəkmiş şəxslərlə barışmasını, ona qarşı heç bir şikayət, tələb və mülki iddianın olmamasını, həmçinin himayəsində 1 azyaşlı övladının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, onun cəmiyyətdən təcrid edilmədən islah olunması mümkündür. Buna görə məhkəmə Təqsirləndirilən şəxs2 onun təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini qanuni olmaqla əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Sumqayıt və Bakı şəhərlərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə, həmçinin onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddətlər daxil edilir. Qeyd olunan Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Həmin Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat dövründə tutulduğu 02 gün müddət ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs2 məhkəmədə hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 Kamil qızına 30 saat üçün nəzərdə tutulan 180 manat, həmçinin digər Təqsirləndirilən şəxs1 məhkəmədə hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 30 saat üçün nəzərdə tutulan 180 manat pul ödənilməlidir. İş üzrə məhkəmə xərci, mülki iddia, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək, ona 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 14 dekabr 2023-cü il tarixdən 16 dekabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Abşeron rayonu, Saray qəsəbəsi, Koroğlu küçəsində yerləşən fərdi yaşayış evini tərk etməmək, Bakı şəhərinin və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 cəzasını yaşayış yeri üzrə çəksin, cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək, ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 14 dekabr 2023-cü il tarixdən 16 dekabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Sumqayıt və Bakı şəhərlərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 cəzasını yaşayış yeri üzrə çəksin, cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 Kamil qızına məhkəmədə iştirak etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesabına köçürülsün. Cinayət işi üzrə mülki iddianın, məhkəmə xərcinin, maddi sübutun və üzərinə həbs qoyulmuş əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar