Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-629/2025 15.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi X5, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1984-cü ildə Lənkəran şəhərində anadan olmuş,azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli, orta-ixtisas təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Lənkəran şəhəri, H.Əliyev prospektində pasport qeydiyyatında olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-CM) 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu Xırdalan şəhəri Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs özgə əmlakını tamah niyyəti ilə əvəzsiz və qanunsuz ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs1 özünü geniş əlaqələrə və imkanlara malik olan vəzifəli şəxslərlə əlaqəsinin olmasını bildirərək etibarını qazanmış və sonuncunun Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan oğlu X3 həbsdən azad etdirəcəyinə dair yalan vəd verməklə aldadıb 2024-cü ilin fevral ayının sonunda saat 11 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı Abşeron rayonu, Məmmədli kəndi, Yeni yaşayış massivi, nömrəsiz fərdi evə gələrək, sonuncunun 7990 manat təşkil edən 4700 ABŞ dollarını və 750 manat, həmin gün saat 12 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat dairəsi yaxınlığında yerləşən “Grand” marketin qarşısında 4000 manat, 2024-cü ilin mart ayının 04-dən, 20-nə qədər olan müddət ərazində Zərərçəkmiş şəxs1 yaşadığı Abşeron rayonu, Məmmədli kəndi, Yeni yaşayış massivi, nömrəsiz fərdi evdən əri Şahid telefonuna yüklənmiş "xxxx" ASC-nin müştəriləri üçün nəzərdə tutulmuş «Leo» mobil tətbiqi vasitəsilə 4088********1971 nömrəli kart hesabından Təqsirləndirilən şəxs istifadəsində olan 4127 2093 0270 3704 nömrəli "xxxx" ASC-yə məxsus karta köçürdüyü 298 manat, 2005 manat, 1515 manat, 1984 manat, sonuncu dəfə isə 20 mart 2024-cü il tarixdə 2000 manat məbləğində pulunu aldatma və etibardan sui-istifadə etmək yolu ilə alıb ələ keçirərək zərərçəkmiş Zərərçəkmiş şəxs1 vahid niyyətlə ümumilikdə 20542 manat məbləğində, xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını aldatma yolu ilə ələ keçirmək məqsədi ilə “Tiktok” internet platformasında “Hyundai Elantra” markalı avtomobilin Avropadan Azərbaycana gətirilməsi barədə həqiqətə uyğun olmayan məlumatlar yerləşdirib, onunla telefonda əlaqə saxlayan Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib, həmin avtomobili sonuncuya satacağını yalandan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs2 ona məxsus 4127-2093-0270-3704 nömrəli Beynəlxalq Bank kartına 14 iyun 2024-cü il tarixdə ünvan 1 ünvanında yerləşən ödəmə terminalından göndərdiyi 400 manatı, 17 iyun 2024-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri 28-ci məhəllədə yerləşən ödəmə terminalından göndərdiyi 2800 manatı, 19 iyun 2024-cü il tarixdə Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi, 1-ci Y/M, ev 34-də yerləşən ödəmə terminalından göndərdiyi 1650 manatı, 20 iyun 2024-cü il tarixdə həmin ödəmə terminalından göndərdiyi 50 manatı, 01 iyul 2024-cü il tarixdə həmin ödəmə terminalından göndərdiyi 2700 manatı və 16 iyul 2024-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən ödəmə terminalından göndərdiyi 2000 manatı ümumilikdə vahid niyyətlə 9.600 manat pulu alıb ələ keçirərək, zərərçəkmiş Zərərçəkmiş şəxs2 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, əməlindən peşiman olduğunu, lakin ziyanı ödəmək imkanı olmamasını nəzərə alıb, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. İbtidai istintaqda təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan olunan ittihamda özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 oğlu X2 vasitəsilə tanımışdır. Belə ki, 2023-cü ilin dekabr ayında o Azərbaycan Respublikası CMnin 178.2.4-cü maddəsi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan zaman həmin vaxt onunla eyni kamerada X4 həbsdə saxlanılırmış. 23 fevral 2024-cü il tarixdə barəsində Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə istintaqı aparılan cinayət işinə xitam verilmiş və o həbsdən azad olunmuşdur. Həbsdə olan vaxtlarda onunla eyni kamerada həbsdə saxlanılan İsmayıl Abdullayev anasının və atasının mobil nömrələrini, anası ilə telefon əlaqəsi saxlamağı üçün vermiş və onlara gedib-gəlməyini axıra qədər dostluq münasibəti qurmaqlarını bildirmişdir. Həbsdən azad olunduqdan sonra o İsmayılın anası Ziney xanımla əlaqə saxlamış, özünü ona təqdim etmişdir. 2024-cü ilin fevral ayının sonunda İsmayılın anası Ziney xanımla telefon əlaqəsi saxlamış və Ziney Xanımın yaşadığı evə gəlmək istədiyini bildirmiş, Ziney xanımda etiraz etməmişdir. O Ziney xanımın yaşadığı Abşeron rayonu, Məmmədli kəndi, Yeni yaşayış massivi, nömrəsiz fərdi evə getmiş, hal əhval tutmuş, Ziney xanıma ona 22000 mana borc pul verməsini xahiş etmişdir Ziney xanımda etiraz etməmiş, 2024-cü ilin fevral ayının sonunda Ziney xanım yaşadığı evdə ona 7990 manat təşkil edən 4700 ABŞ dolları və 750 manat pul vermiş, qalan pulu isə bankomatdan çıxarıb ona verəcəyini bildirmişdir. Bundan sonra həmin gün Ziney xanımla birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat dairəsi yaxınlığında yerləşən “Grand” marketin qarşısına getmiş, marketin qarşısında quraşdırılmış “Kapital Banka” aid bankomatdan Ziney xanım 4000 manat pul çıxartmış və həmin yerdə pulu ona vermişdir. O da pulu götürüb çıxıb getmişdir. Bundan sonra 2024-cü ilin mart ayının 4-dən- 20-nə qədər olan müddət ərzində Ziney xanım onun 4127 2093 0270 3704 nömrəli kart hesabına hissəhissə 298 manat, 2005 manat, 1515 manat, 1984 manat, sonuncu dəfə isə 20 mart 2024cü il tarixdə 2000 manat köçürmüş, beləliklə də Ziney xanım ümumilikdə ona 20542 manat pul vermiş və o tez bir zamanda qaytaracağını bildirmişdir. Lakin sonradan pulu qaytara bilməmiş, Ziney xanıma Lənkəran rayonunda yerləşən özünə məxsus təmir işləri gedən restoranının yaxın günlərdə fəaliyyət göstərəcəyini deyib, ona verdiyi pulu hissə-hissə geri qaytaracağını bildirmişdir. Lakin, o şəxsi işləri ilə əlaqədar Gürcüstan Respublikasına getmiş, buna görə də Zineyin pulunu qaytara bilməmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs2 ilə sosial şəbəkədə tanış olmuşdur. Belə ki o, “tiktok” sosial platformasında “Hyundai Elantra” markalı avtomobilin avropadan gətirilməsi ilə bağlı reklam paylaşmış və əlaqə telefonu olaraq istifadəsində olan mobil nömrəni qeyd etmişdir. Elşən adlı şəxs ona zəng edərək həmin avtomobili almaq istədiyini bildirmiş, 17500 manata avtomobili alamağa razılaşmışdır. 14 iyun 2024-cü il tarixdən etibarən təxminən 1 ay müddətdə Elşən avtomobilin pulundan ona ümumilikdə 9600 manat pul göndərmiş, qalan pulu avtomobil Bakıya gətirilib, gömrükdən keçib Elşənə təhvil verildikdən sonra ödənilməsi ilə bağlı razılıq əldə olunmuş, Elşən bütün pulları ona məxsus 4127-2093-0270-3704 nömrəli Beynəlxalq Bank kartına göndərmişdir. Həmin vaxt o Almaniyada olmuş, Elşənin göndərdiyi pulları Gürcüstanda yaşayan şəriki Ramin adlı şəxsə göndərmiş. Ramin isə onu aldatmış Elşənə satacaqları “Hyundai” markalı avtomobili Azərbaycana göndərməmişdir. Elşən onunla əlaqə saxladıqda o Elşənə pulunu geri qaytaracağını səbrli olmasını polisə şikayət etməməsini bildirmiş, lakin o Sabunçu Polis İdarəsində tutulduğuna görə Elşənin pulunu qaytara bilməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, oğlu X4 2023-cü ilin aprel ayında idarə etdiyi avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində avtomobildə olan sərnişin, qohumu X6 ölmüşdür. Həmin hadisə ilə bağlı Sabunçu RPİ-nin İstintaq şöbəsində cinayət işi başlanılmış və İsmayıl həbs edilmişdir. İsmayıl Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan ərəfələrdə oğlu ilə eyni kamerada həbsdə saxlanılmış Təqsirləndirilən şəxs ilə tanış olmuş, İsmayıl Azərlə tanış olan vaxtlarda oğluna özünün yaxın günlərdə həbsdən azad olunacağını, geniş əlaqələrə və imkanlara malik olan vəzifəli şəxslərlə əlaqəsinin olduğunu deyib, oğlununda həbsdən azad olunmasına köməklik edə biləcəyini və işin düzəlməsi üçün müəyyən qədər pul lazım olduğunu bildirmişdir. X7 istifadə etdiyi mobil nömrəsini vermişdir və ona oğlu ilə həbsdə saxlanılan Təqsirləndirilən şəxs yaxın günlərdə həbsdən azad olunacağını, geniş əlaqələrə və imkanlara malik olan vəzifəli şəxslərlə əlaqəsinin olduğunu deyib, Azər onun oğlunun həbsdən çıxmasına köməklik göstərəcəyini və Azərin görəcəyi işin müqabilində pul verməli olacağını bildirmiş, o isə etiraz etməmişdir. Ümumilikdə Təqsirləndirilən şəxs 20542 manat məbləğində pul vermiş, həmin pul ona geri qaytarılmamışdır.Vurilan ziyanın ödənilməsini tələb edir. Zərərçəkmiş şəxs1 ibtidai istintaqda verdiyi ifadəsində habelə göstərmişdir ki, 2024-cü ilin fevral ayının sonunda(dəqiq tarixini bilmir) təxminən saat 11 radələrində Təqsirləndirilən şəxs onun yaşadığı evə gələrək oğlu İsmayılın həbsdən azad olunması üçün təxminən 15000 manat pul lazım olduğunu bildirmiş, o isə Azərə hal-hazırda özündə təxminən 12000 manat pulunun olduğunu bildirmiş, yerdə qalan pulu isə hissə-hissə verəcəyinə söz vermişdir. Azər də onunla razılaşmış və həmin gün yaşadığı evdə ailə üzvlərinin yanında Azərə 7990 manat təşkil edən 4700 ABŞ dolları və 750 manat pul vermiş, Azərə pulu verəndə ailə üzvləri tərəfindən Azərin pul götürməsini vidoçəkilişə almışdır, həmin videoçəklişidə istifadə etdiyi mobil telefonunda Azər onu nə vaxtsa aldatsa sübut kimi qalmağı məqsədi ilə saxlamışdır. Bundan sonra həmin gün təxminən saat 12 radələrində Azərlə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat dairəsi yaxınlığında yerləşən “Grand” marketin qarşısına gəlmiş, marketin qarşısında quraşdırılmış “Kapital Banka” aid bankomatdan "xxxx" ASC-nin müştəriləri üçün nəzərdə tutulmuş istifadəsində olan “Birbank” 4169********8561 nömrəli kart hesabından 4000 manat pul çıxartmış və həmin yerdə pulu Azərə vermiş və Azərdə çıxıb getmişdir. 01 mart 2024-cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən oğlu İsmayıl 6 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin vaxt Azərdə onunla birlikdə məhkəmədə olmuşdur, həmin gün o, elə bilmişdir ki, Azər məhkəməyə gələndə artıq oğlunun işini həll edib və İsmayıl buraxılacaq, lakin cəza veriləndə Azər ona narahat olmamasını, İsmayılın işində zərərçəkmiş ölən şəxsin valideyinlərinin hal-hazırda şikayətçi olduqlarını demiş və ən geci novruz bayramına kimi Azəri həbsdən azad etdirəcəyini bildirmişdir. O, yenədə Azərin dediklərinə inanmış. 2024-cü ilin mart ayının əvvəllərində (dəqiq tarixini xatırlaya bilmir) Azər onun istifadəsində olan mobil nömrəyə zəng edərək İsmayılın işi ilə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsində işi aparan hakimlə danışdığını, əlavə olaraq 8000 manat pul lazım olduğunu bildirmişdir. O yenədə Azərin dedikləri ilə razlaşmış. 2024-cü ilin mart ayının 4-dən-20-nə qədər olan müddət ərzində yaşadığı evdə olarkən əri Şahid mobil telefonuna yüklənmiş "xxxx" ASC-nin müştəriləri üçün nəzərdə tutulmuş «Leo» mobil tətbiqinə daxil olaraq 4088********1971 nömrəli kart hesabından Azərin istifadəsində olan 4127 2093 0270 3704 nömrəli "xxxx" ASC-nə məxsus kart hesabına 298 manat, 2005 manat, 1515 manat, 1984 manat, sonuncu dəfə isə 20 mart 2024-cü il tarixdə 2000 manat köçürmüş, lakin novruz bayramı günlərində oğlu İsmayıl həbsdən azad olunmamış, Azərdən oğlu İsmayılın nə vaxt həbsdən azad olunacağını soruşduqda, Azər guya İsmayılın işini həll edən tanışı olan vəzifəli şəxsin onu aldatdığını, ancaq narahat olmamasını, Lənkəran rayonunda yerləşən özünə məxsus təmir işləri gedən restoranının yaxın günlərdə fəaliyyət göstərəcəyini deyib, onun pulunu hissə-hissə geri qaytaracağını bildirmişdir. Lakin sonradan Azər istifadəsində olan mobil nömrələrini bağlamış və onunla əlaqə saxlaya bilməmişdir. Sonradan Azərin onları aldatdığını anlamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, təxminən 2024-cü ilin iyun ayının əvvəllərində tarixdə "Tik-Tok" sosial şəbəkəsində dövlət qeydiyyat nişanı qeyd olunmayan “Hyundai Elantra" markalı avtomobilin 17.500 (on yeddi min beş yüz) manata satılması reklamını görmüş, elanda yerləşdirilmiş özünü Azər kimi təqdim edən şəxsin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi ilə əlaqə saxlamış, telefon danışığı zamanı özünü Azər kimi təqdim edən şəxs Almaniya Federativ Respublikasında yaşadığını, elanda qeyd edilmiş “Hyundai” markalı avtomobili Azərbaycana göndərdiyini, hazırda maşının Gürcüstanda olduğunu bildirmişdir. O, həmin şəxsə maşını almaq istədiyini bildirmiş, Azər isə ondan beh göndərməsini istəmişdir. O, Azərə inanıb, Azərin ona göndərdiyi Azərbaycan Beynəlxalq Bankına məxsus Təqsirləndirilən şəxs adına olan 4127-2093-0270-3704 nömrəli kart hesabına 14 iyun 2024-cü il tarixdə saat 09:17-də 400 (dörd yüz) manat terminaldan beh göndərmiş, Bundan sonra Azər elanı tiktokdan silərək onu inandırmışdır ki, guya artıq həmin maşını ona satacaq. Azər ən geci bir həfətəyə maşın gələcəyi barədə vəd vermişdir. Razılaşmaya əsasən o avtomobilin qalan pulunu maşın Sədərək Ticarət Mərkəzi yaxınlığında yerləşən Gömrük buraxılış məntəqəsində ona təhvil verildikdən sonra ödəmyəcəkmiş. Lakin 17 iyun 2024-cü il tarixdə Azər yenidən onunla əlaqə saxlayıb daşınma xərcləri ilə bağlı pul istəmiş, həmin gün saat 08:49-da 500 (beş yüz), saat 12:48də 2.000 (iki min), saat 12:56-da 300 (üç yüz) manat Azərin kartına terminaldan pul göndərmişdir. Bir neçə gün sonra Azər yenidən onunla əlaqə saxlayıb guya sənədləşdirmə işləri üçün pul lazım olduğunu deyib pul göndərməsini istəmiş, o isə yenidən Azərin kartına 19 iyun 2024-cü il tarixdə saat 23:56-da 1.650 (min altı yüz əlli), xx.xx.2024-cü il tarixdə saat 00:06-da 50 (əlli) manat pul göndərmişdir. Bundan bir neçə gün sonra Azər artıq avtomobilin ölkəmizə gəldiyini, gömrük terminalında olduğunu bildirmiş, o bu müddətdə bir neçə dəfə gedib terminalın qarşısında gözləmiş, Azər hər dəfə müxtəlif bəhanələr edib sənədləşdirməyə görə maşını gömrükdən çıxara bilmədiyini demişdir. Azərin deməsinə görə guya azərbaycanda Azərin işlərini kimsə həll edir həmin şəxsin gunahından maşını sənədləşdirə bilmir. O, Azərdən avtomobilin gətirilməsi ilə bağlı sənədləri ona göndərməsini istəsə də, Azər guya sənədlər yanlış olduğundan təzədən sənədləri Gürcüstana göndərdiyini bildirmişdir. Sonradan Azər yenidən pul göndərməsini istəmiş, o, 01 iyul 2024-cü il tarixdə saat 21:12-də 2.000 (iki min), saat 21:15-də 700 (yeddi yüz) manat Azərin kartına terminaldan pul göndərmşidir. Azərdən nə səbəbə maşını təhvil vermədiyini soruşduqda hər dəfə bir bəhanə edib yenə pul göndərməsini istəmişdir. O da Azər inanıb yenidən kartına 16 iyul 2024-cü il tarixdə saat 17:00-da 1.000 (min) və sonuncu dəfə 16 iyul 2024-cü il tarixdə saat 21:14-də ünvan 2 ünvanında yerləşən "Al Market"-də quraşdırılmış "M-Pay" ödəmə terminalı vasitəsilə 1.000 (min) manat pul göndərmişdir. Bununla da Azərin kartına ümumilikdə 9.600 (doqquz min altı yüz) manat pul göndərmişdir. Azərin ona verdiyi məlumata görə artıq Azər özü azərbaycana gəlir və maşını gömrükdən çıxarıb ona təhvil verəcəkdir. Adına rəsmiləşdirmə olandan sonra o qalan pulu Azərə ödəyəcəkmiş. Təxminən avqust ayının əvvəllərində Azərlə telefonda danışdıqda artıq ölkədə olduğunu, heç bir problem olmadığını yaxın günlərdə avtomobili gömrükdən çıxarıb ona təhvil verəcəyini demiş, həmin gündən sonra Azərlə hər dəfə telefonla danışdıqda terminalın qarşısında onu gözlətdirmiş, 1 saata gəlirəm, 2 saata gəlirəm deyə-deyə gəlib çıxamamış, sonradan telefonunu söndürmüşdür. O, artıq Azərin onu aldatdığını başa düşüb Səbail rayon Polis idarəsinin 41-ci Polis bölməsinə Azərin barəsində şikayət ərizəsi yazmış. Azəri üzdən görmədiyini, yalnız telefonla danışdığını, kart məlumatlarında adının və soyadının Təqsirləndirilən şəxs olduğu qeyd etmişdir. Vurilan ziyanın ödənilməsini tələb edir. İbtidai istintaqda şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, oğlu X4 2024-cü ilin aprel ayında idarə etdiyi avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində avtomobildə olan sərnişinqohumu X6 ölmüşdür. Həmin hadisə ilə bağlı Sabunçu RPİ-nin İstintaq şöbəsində cinayət işi başlanılmış və İsmayıl həbs edilmişdir. İsmayıl, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan ərəfələrdə oğlu ilə eyni kamerada həbsdə saxlanılan Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. X12 tanış olan vaxtlarda oğluna özünün yaxın günlərdə həbsdən azad olunacağını, geniş əlaqələrə və imkanlara malik olan vəzifəli şəxslərlə əlaqəsinin olduğunu demiş, onunda həbsdən azad olunmasına köməklik edə biləcəyini və işin düzəlməsi üçün müəyyən qədər pul lazım olduğunu bildirmişdir. İsmayılda Azərə həyat yoldaşı Zineyin istifadə etdiyi mobil nömrəsini vermişdir və ona oğlu İsmayıl ilə həbsdə saxlanılan Təqsirləndirilən şəxs yaxın günlərdə həbsdən azad olunacağını, Azərin oğlunun da həbsdən çıxmasına köməklik göstərəcəyini və Azərin görəcəyi işin müqabilində pul verməli olacağını bildirmiş, 2024-cü ilin fevral ayının sonunda Azər onların yaşadığı Abşeron rayonu, Məmmədli kəndi, Yeni yaşayış massivi, nömrəsiz fərdi evə gəlmiş, bir qədər söhbət etmişlər, söhbət zamanı vəzifəli şəxslərlə əlaqəsinin olduğunu deyib, oğlu İsmayılın həbsdən azad olunması üçün pul lazım olacağını bildirmişdir. Bundan sonra Azərin yaşadığı “Ulduz” metrosu yaxınlığındakı evə getmiş, Həmin gün Azər İsmayılın həbsdən azad olunması üçün 15.000 manat lazım olduğunu sabah pulun verilməli olduğunu, martın sonunadək İsmayılın həbsdən azad olunacağını bildirmişdir. Sabahı gün 2024-cü ilin fevral ayının sonunda təxminən saat 11 radələrində Təqsirləndirilən şəxs onun yaşadığı evə gəlib həyat yoldaşı Zineydən evdə 4700 ABŞ dolları və 750 manat pul almış, Ziney pulu verəndə Azəri telefonla videoya çəkmişdir. Bundan sonra elə həmin gün Ziney bankomatdan 4000 manat pul çıxarıb Azərə vermişdir. Azər, İsmayılın işinin həll olunacağı və İsmayılım martın sonu azadlığa çıxacağı barədə söz vermişdir. 01 mart 2024-cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən oğlu İsmayıl 6 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin vaxt Azərdə onlarla birlikdə məhkəmədə olmuşdur. Həmin gün Azər məhkəməyə gələndə o elə başa düşmüşdür ki, artıq oğlunun işini həll edib və İsmayıl buraxılacaq, lakin cəza veriləndə Azər onlara narahat olmamalrını, İsmayılın işində zərərçəkmiş ölən şəxsin valideyinlərinin hal-hazırda şikayətçi olduqlarını demiş, ən geci novruz bayramına kimi Azəri həbsdən azad etdirəcəyini bildirmişdir. O yenədə Azərin dediklərinə inanmış, hətta apellyasiya şikayəti vermək istəsələr də Azər buna icazə verməmiş və işi özünün həll edəcəyini demişdir. 2024-cü ilin mart ayının əvvəllərində Azər Zineyə zəng edib İsmayılın işi ilə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsində işi aparan hakimlə danışdığını, əlavə olaraq 8000 manat pul lazım olduğunu bildirmişdir. Onlar yenədə Azərə inanmış və pulu verməyə razlaşmışlar. 2024-cü ilin mart ayının 04-dən 20-nə qədər olan müddət ərzində mobil telefonundan “Leo bank kartından Azərə məxsus "xxxx" kartına 298 manat, 2005 manat, 1515 manat, 1984 manat, sonuncu dəfə isə 20 mart 2024-cü il tarixdə 2000 manat köçürmüşdür. Bununla da ümumilikdə Azərə İsmayılın həbsdən azad olunması üçün 20542 manat pul vermişdir. Lakin novruz bayramı günlərində oğlu İsmayıl həbsdən azad olunmamış, Azərdən oğlu İsmayılın nə vaxt həbsdən azad olunacağını soruşduqda isə Azər guya İsmayılın işini həll edən tanışı olan vəzifəli şəxsin onuda aldatdığını, ona narahat olmamağını, Lənkəran rayonunda yerləşən özünə məxsus təmir işləri gedən restoranının yaxın günlərdə fəaliyyət göstərəcəyini deyib, ona verdiyi pulu hissə-hissə ona qaytaracağını demişdir. Lakin sonradan Azər istifadəsində olan mobil nömrələrini bağlamış və onunla əlaqə saxlaya bilməmişlər, artıq Azərin onları aldatdığını başa düşüb polisə müraciət etmişlər. Azər hətta bir neçə dəfə ona maşın şəkilləri göndərib guya ucuz qiymətə həmin maşınları almaniyadan ona göndərə biləciyini demişdir, lakin o artıq Azərin dələduz olduğunu bildiyindən buna razı olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Video görüntülərə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 təqdim etdiyi içərisində 31 saniyə davam edən video görüntülərin köçürüldüyü 01 ədəd DVD diskə baxış keçirilmiş, baxış zamanı,zərərçəkmiş Zərərçəkmiş şəxs1 yaşadığı evdə Təqsirləndirilən şəxs 4700 ABŞ dolları və 750 manat pul verməsi, Azər Həsənəliyev qeyd edilən məbləğdə pulları sayıb götürməsi aşkar edilmişdir. İş materiallarına əlavə olunmuş Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünün surətindən görünür ki, X4 Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə təqsirli bilinib 06 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər 2 dəfə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə cərimə cəzasına məhkum edilmiş,Lənkəran rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli Qərarı ilə cərimə cəzası 01 il 05 ay 09 gün islah işləri cəzası ilə əvəz edilmiş, 30 noyabr 2021-ci il tarixdə cəza müddətinin başa çatması ilə əlaqədar qeydiyyatdan çıxmışdır və hazırda məhkumluğu ödənilmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin etiraf edici ifadəsi, zərərçəkəınlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 178.2.2 və 178.2.4-cü maddələri cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə müvafiq olaraq, himayəsində 2011 təvəllüdlü Tükəz və 2013 təvəllüdlü Həsənəli adlı iki azyaşlı uşaqlarının olması Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal hesab edilir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə uyğun olaraq, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını ağırlaşdıran halın olmamasını, cəzasını yüngülləşdirən halı, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onu islah etməsi və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakteri və icitimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halın olmamasını, cəzasını yüngülləşdirən halı, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), onun şəxsiyyətini, təyin olunan cəzanın onu islah etməsi və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunması qanuni, əsaslı və ədalətli olmaqla cəzanın məqsədlərinə xidmət edir. Belə ki, məhkəmə CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. İş materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 24 dekabr 2024-cü il tarixdə Bakı şəhər Sabunçu Rayon Polis İdarəsinin 15-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Sabunçu RPİ-nin MSY-nə təhvil verilmiş,26 dekabr 2024-cü il tarixdə Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 4(008)-770 saylı qərarı ilə barəsində 02 ay, yəni 24 fevral 2024-cü il tarixinədən “həbs” qətimkan tədbiri seçilmiş, məhkəmə tərəfindən “həbs” qətimkan tədbiri qüvvədə saxlanmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanmalı, onun cəzaçəkməsinin əvvəli isə tutulduğu 24 dekabr 2024-cü il tarixdən hesablanmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs məhkəmə zamanı 30 (otuz) saat dövlət hesabına hüquqi yardım göstərmiş müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 11 manat hər iş saatı üçün 11 manat hesablanmaqla, müvafiq olaraq 330 (üç yüz otuz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Zərərçəkənlərə mülki qaydada iddia qaldırmaq hüquqları izah olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmənin əvvəli həbs edildiyi 24 dekabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs məhkəmə zamanı 30 (otuz) saat dövlət hesabına hüquqi yardım göstərmiş müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi hər iş saatı üçün 11 manat hesablanmaqla, müvafiq olaraq 330 (üç yüz otuz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Abşeron rayon Polis idarəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına, həvalə edilsin. Zərərçəkənlərə mülki qaydada iddia qaldırmaq hüquqları izah olunsun. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №1(012)-629/2025
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-629/2025
15.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver