Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-63/2021 06.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, xüsusi ittihamçının nümayəndəsi vəkil X4, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X5 və onun müdafiəçisi vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1967-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 26, mənzil 74-də qeydiyyatda olan, Abşeron rayonu, Fatmayi Ərazi dairəsi, Fatmayi kəndində yaşayan X5 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə ilə məsuliyyətə cəlb edilməsi haqqında xüsusi ittiham qaydasında şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X12 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Xüsusi ittihamçı şikayətini onunla əsaslandırmışdır ki, özü uzun illərdir ki, iş adamı kimi yerli və xarici şirkətlərə tikinti və lahiyələndirmə işlərini kefiyyətli şəkildə həyata keçirməklə fəaliyyət göstərir. Ölkə iqtisadiyyatının inkişafı üçün çalışmış, bir çox sosial lahiyyələrdə və dövlət proqramlarında iştirak etmişdir. xx.xx.2020-ci il tarixdə Nazim Şıxaliyev adlı şəxs özünə məxsus olan “Facebook” sosial şəbəkəsindən onun şərəf və ləyaqətini ləkələyən malumatlar yayaraq, şərəf və layaqətini nalayiq formada alçaltmışdır. Belə ki, X13 xx.xx.2020-ci il tarixdə “Facebook” sosial şəbəkəsində özünə məxsus olan səhifədən xüsusi ittihamçının şəkilinin üzərinə “Şərəfsiz” sözü yazıb paylaşmış, fotoşəkilin başlığı olaraq, “Bu kəloğlanı tanıyırsız, Rəşad Məmmədovdur”, “minlərlə insanın pulunu yeyib, haramın olsun” sözləri yazmış, daha sonra “Nə qədər ki, bunun kimi şərəfsizlər cəzalandırılmayıb, bu millətin xilası yoxdur” sözləri işlətməklə həmin fotoşəkillərə rəy bildirərək, sonuncunun şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaqla onu təhqir etmişdir.ona görə də məhkəmədən xx.xx.1967-ci ildə ünvan 1 ünvanında qeydiyyatda olan X14 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini və barəsində ittiham hökmünün çıxarılmasını və mülki iddia verməklə ona dəymiş mənəvi zərərin əvəzinə Nazim Şıxəliyevdən 50.000 manat, müdafiəçiyə ödənilmiş 110 (bir yüz on) manat, 30 (otuz) manat dövlət rüsumunun tutulub ona verilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında verilmiş şikayətin məzmununda göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs özünü təqsirli bilməsə də xüsusi ittihamçının ifadələri, ekspertiza rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Məhkəmə iclasında iştirak edən xüsusi ittihamçının nümayəndəsi vəkil X15 şikayəti müdafiə edərək, X5 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirli bilinərək onun barəsində ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı xüsusi ittihamçı X12 barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X9 qarşı mülki iddia qaldıraraq, ona dəymiş maddi və mənəvi zərərin əvəzinə Nazim Şıxəliyevdən 50.000 manat pulun tutulub ona verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X13 xüsusi ittihamçının onun barəsində verdiyi şikayətlə razılaşmayaraq bildirmişdir ki, xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsi tamamilə əsassızdır, ona görə də təmin edilməməlidir. Belə ki, «facebook» sosial şəbəkəsində ona məxsus olan səhifədə Rəşad Məmmədov barəsində yazılan statusdan məlumatı yoxdur. Onun «facebook» sosial şəbəkəsindən qeydiyyatdan keçdiyi mobil telefon nömrəsi 2019-cu ilin oktyabr ayının 5-10 arası tarixdən bağlanmışdır. Eyni zamanda ona məxsus «facebook» sosial şəbəkəsindəki səhifəsi sındırılmışdır. Rəşad Məmmədov ona olan borcunu verməmək üçün hər vasitə ilə onu şərləyir. Göstərilən halları nəzərə alaraq barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Fotoşəkillərdən görünür ki, X9 məxsus “Facebook” sosial şəbəkəsində olan səhifədən xx.xx.2020-ci il tarixdə xüsusi ittihamçının şəkilinin üzərinə “Şərəfsiz” sözü yazılaraq paylaşılmış, fotoşəkilin başlığı olaraq, “Bu kəloğlanı tanıyırsız, Rəşad Məmmədovdur”, “minlərlə insanın pulunu yeyib, haramın olsun” sözləri yazmış, daha sonra “Nə qədər ki, bunun kimi şərəfsizlər cəzalandırılmayıb, bu millətin xilası yoxdur” sözləri işlədilməklə həmin fotoşəkillərə rəy bildirərək, sonuncunun şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaqla o təhqir edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 4799 saylı məhkəmə-linqvistik ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş “Facebook” sosial şəbəkəsində X5 adından olan profildə yayımlanmış “şərəfsiz”, “kəloğlan” ifadələri şərəf və layaqətini alçaldan ifadələrdir. “Facebook” sosial şəbəkəsində yayımlanan “minlərlə insanın pulunu yeyib, haramın olsun”, “Nə qədər ki, bunun kimi şərəfsizlər cəzalandırılmayıb, bu millətin xilası yoxdur” kimi məlumatların həqiqətə uyğun olmadığı təsdiqlənərsə, həmin məlumatlar insanın şərəf və ləyaqətini ləkələyən, işgüzar nüfuzunu alçaldan məlumatlar hesab edilir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, X13 əvvəllər məhkum edilməmişdir. Beləliklə, təqsirləndirilən şəxs X13 özünü təqsirli bilməsə də, onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirli olması məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyi, iş materiallarında olan və məhkəmə istintaqı zamanı baxış keçirilmiş fotoşəkillər və digər iş materialları ilə tam sübuta yetirilmişdir. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət-Prosessual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət-prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanılmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanılır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Beləliklə, təqsirləndirilən şəxs X6 törətdiyi cinayət, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyi, fotoşəkillər və digər iş materialları ilə X1 nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında X7 barəsində böhtan xarakterli yalan məlumatlar yaymaqla şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaqla onu təhqir etməsi cinayətini törətməsi tamamilə sübuta yetirilmişdir. Bununla da, X5 əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə tövsif edilməli və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi aşağıdakılarla təsdiq edilir: Məhkəmə iclasında müəyyən olunmuşdur ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X13 xx.xx.2020-ci il tarixdə “Facebook” sosial şəbəkəsində özünə məxsus olan səhifədən xüsusi ittihamçı X7 şəkilinin üzərinə “Şərəfsiz” sözü yazıb paylaşaraq, sonuncunun şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaqla onu təhqir etmiş, fotoşəkilin başlığı olaraq, “Bu kəloğlanı tanıyırsız, Rəşad Məmmədovdur”, “minlərlə insanın pulunu yeyib, haramın olsun” sözləri yazmış, daha sonra “Nə qədər ki, bunun kimi şərəfsizlər cəzalandırılmayıb, bu millətin xilası yoxdur” sözləri işlətməklə həmin fotoşəkillərə rəy bildirərək, xüsusi ittihamçı barəsində nüfuzdan salan böhtan xarakterli yalan məlumatlar yaymışdır. Təqsirləndirilən şəxs X13 məhkəmə iclasında «facebook» sosial şəbəkəsində ona məxsus olan səhifədə Rəşad Məmmədov barəsində yazılan statusdan məlumatı olmadığını, onun «facebook» sosial şəbəkəsindən qeydiyyatdan keçdiyi mobil telefon nömrəsinin 2019-cu ilin oktyabr ayının 5-10 arası tarixdən bağlandığını, eyni zamanda ona məxsus «facebook» sosial şəbəkəsindəki səhifəsinin sındırıldığını, təhqiredici sözlərin nalayiq olmasının qiymətləndirilməsinin subyektiv xarakter daşıdığını və buna görə də, yazılan sözlərin başqaları tərəfindən təhqir kimi qəbul edilməsinin heç də digər şəxsi təhqir etməsi mənasına gəlmədiyini irəli sürmüşdür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Xüsusi ittiham qaydasında şikayətlər dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» xx xxxxxx 2014-cü il tarixli 3 nömrəli qərarının 8-ci bəndində göstərilir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətdə zərərçəkmiş şəxsin təhqir olunması iddiası irəli sürüldükdə yayılmış məlumatların təhqir xarakterli məlumatlar olmasını yoxlayarkən məhkəmələrə müvafiq lüğətlərdən, linqvistika sahəsində mütəxəssislərin fikirlərindən istifadə etmələri, zərurət yarandıqda məhkəmə-linqvistik ekspertizası keçirmələri tövsiyə edilir. Hazırki xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə təqsirləndirilən şəxsin xx.xx.2020-ci il tarixində “facebook” sosial şəbəkəsinin özünə məxsus səhifəsində yazdığı sözlərin təhqir xarakterli olub-olmaması mübahisəli olduğundan məhkəmə tərəfindən məhkəmə-linqvistik ekspertizası təyin edilmiş və həmin ekspertizanın rəyi ilə müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs X5 “facebook” sosial şəbəkəsindəki özünə məxsus səhfəsində xüsusi ittihamçı barəsində şəkilinin üzərinə “Şərəfsiz” sözü yazıb paylaşmış, fotoşəkilin başlığı olaraq, “Bu kəloğlanı tanıyırsız, Rəşad Məmmədovdur”, “minlərlə insanın pulunu yeyib, haramın olsun” sözləri yazmış, daha sonra “Nə qədər ki, bunun kimi şərəfsizlər cəzalandırılmayıb, bu millətin xilası yoxdur” sözləri aid olduğu şəxsin şərəf və ləyaqətini alçaldan, işgüzar nüfuzunu ləkələyən xarakterli sözlərdir. Məhkəmə qeyd etməyi vacib hesab edir ki, şəxsin şərəf və ləyaqəti onun fundamental dəyəridir. Bu səbəbdən, şərəf və ləyaqət milli və beynəlxalq hüquqla qorunur və şərəf və ləyaqətə qəsd cinayət və ya mülki məsuliyyətə səbəb olur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 12-ci maddəsində qeyd olunmuşdur ki, heç kim şərəf və nüfuzuna özbaşına qəsdə məruz qala bilməz. İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Pakta görə insanın şərəf və ləyaqəti onun iqtisadi, sosial və mədəni hüquqlarının mənəvi əsasını təşkil edir. «Mülki və Siyası Hüquqlar haqqında» Beynəlxalq Paktın müqəddiməsinə əsasən bu hüquqlar insan şəxsiyyətinə xas olan ləyaqətdən irəli gəlir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2006-cı il tarixli qərarının tövsiyyəsinə əsasən şəxsi həyat sirrinin qorunması hüququ ailədə, qohumlar, dostlar arasında əlaqələrdə, insanlar arasında azadlıqda ifadəsini tapır. Düşüncə tərzi, siyasi və sosial dünyagörüş, məşğuliyyət və yaradıcılıq da şəxsi həyatın təzahürlərinə aiddir. İnsanın şəxsi həyatı, şəxsi və ailə sirri, şərəf və təmiz adı qanunun müdafiəsi altındadır. Qanunda nəzərdə tutulduğu hallardan başqa insanın hüquqlarından istifadəsinə müdaxilə edilməsinə yol verilmir. «X2» Haqqında Azərbaycan Respublikası Qanunun 10-cu maddəsinə görə «rəsmi, mötəbər olmayan mənbə adı altında şayələr, yalan və qərəzli yazılar çap etdirmək, böhtan atmaq yaxud digər qanunsuz əməllər törətmək məqsədi ilə X2ndə istifadə olunmasına yol verilmir». İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Bodroşıçin Serbiyaya qarşı işi üzrə” xx xxxx 2009-cu il tarixli 32550/05 saylı qərarında qeyd edilmişdir ki, məhkəmə demokratik cəmiyyətdə mətbuatın yerinə yetirdiyi mühüm funksiyanı xüsusi olaraq qeyd edir. Baxmayaraq ki, mətbuat üçün də müəyyən sərhədlər vardır. Xüsusilə, başqalarının reputasiyası və hüquqlarına münasibətdə, mətbuat həmin sərhədləri aşmamalıdır. Mətbuatın vəzifəsi hər bir halda ictimai maraq kəsb edən bütün məlumatları özünün hüquq və vəzifələri ilə bir araya sığan tərzdə ötürməkdir. Jurnalist azadlığı həmçinin şişirtmə və ya təxribatın da müəyyən həddə mümkünlüyünü əhatə edir. Yəni, təqsirləndirilən şəxs X5 xx.xx.2020-ci il tarixində “facebook” sosial şəbəkəsindəki özünə məxsus səhfəsində xüsusi ittihamçı barəsində yazdığı sözlər sonuncunun özünün iddia etdiyi kimi tənqid deyil, birbaşa təhqir xarakterli olmuş, yəni ünvanlandığı şəxsin şərəf və ləyaqətini alçaltmaq, işgüzar nüfuzunu ləkələmək, onu nüfuzdan salan böhtan xarakterli yalan məlumatlar yaymaq xarakteri daşımışdır. Təqsirləndirilən şəxs X13 böhtan xarakterli yalan məlumatlar yaymaqla onun aid olduğu şəxsin cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi, mədəni keyfiyyətlərini alçaltmış, onun cəmiyyətdə tutduğu mövqeyini ləkələmişdir. Bundan başqa, müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs X13 xüsusi ittihamçı barəsində böhtan və təhqir xarakterli həmin sözlər “facebook” sosial şəbəkəsinin özünə məxsus səhifəsində paylaşmış, onlarla “facebook” istifadəçisinin həmin paylaşımı izləmiş və bunu kütləvi şəkildə nümayiş etdirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «xüsusi ittiham qaydasında şikayətlər dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» xx xxxxxx 2014-cü il tarixli 3 nömrəli qərarının 5-ci bəndinin 5-ci abzasına əsasən kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Göründüyü kimi təqsirləndirilən şəxs X13 tərəfindən xüsusi ittihamçı barəsində təhqir xarakterli söz və ifadələr sosial şəbəkə hesab edilən “facebook”-da kütləvi şəkildə yayılmışdır. Sosial internet şəbəkəsi Ali Məhkəmənin yuxarıda qeyd olunmuş Plenum qərarından göründüyü kimi internet informasiya ehtiyatı hesab edilir və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında böhtan xarakterli yalan məlumatlar yaymaqla şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma isə birbaşa Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrinin tərkibini yaradır. Yəni, təqsirləndirilən şəxs X13 xüsusi ittihamçı barəsində təhqir xarakterli söz və ifadələri internet informasiya ehtiyatı hesab edilən “facebook” sosial internet şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda paylaşım edən zamanı qəsdən bildirməklə, Azərbaycan Respublikasının CM-nin 147.1 və 148-ci maddələrinin dispozisiyasında nəzərdə tutulmuş cinayət əməlini törətmiş, yəni, cəmiyyətdə əxlaqi və mənəvi baxımdan sonuncu barəsində mənfi rəy yaradan, onun şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaldan məlumatları kütləvi şəkildə yaymışdır. Bundan əlavə, sözügüdən fotoşəkillərdə sözlərin birbaşa olaraq xüsusi ittihamçı X10 ünvanlanmış olması və ünvan sahibinə dair konkret ad çəkilməsi faktı təqsirləndirilən şəxs X13 tərəfindən danılsa da, sonuncu tərəfindən “facebook” sosial şəbəkəsində özünə məxsus səhifəsində xüsusi ittihamçı barəsində yazdığı rəyləri paylaşması təqsirləndirilən şəxs X6 irəli sürdüyü arqumenti tamamilə təkzib edir. Belə ki, təqsirləndirilən şəxs X13 “facebook” sosial şəbəkəsində xx.xx.2020-ci il tarixdə özünə məxsus olan səhfəsində böhtan xarakterli yalan məlumatlar yaymaqla onun şərəf və ləyaqətini ləkələyən malumatlar yayaraq, şərəf və layaqətini nalayiq formada alçaltmışdır. Belə ki, X13 xx.xx.2020-ci il tarixdə “Facebook” sosial şəbəkəsində özünə məxsus olan səhifədən xüsusi ittihamçının şəkilinin üzərinə “Şərəfsiz” sözü yazıb paylaşmış, fotoşəkilin başlığı olaraq, “Bu kəloğlanı tanıyırsız, Rəşad Məmmədovdur”, “minlərlə insanın pulunu yeyib, haramın olsun” sözləri yazmış, daha sonra “Nə qədər ki, bunun kimi şərəfsizlər cəzalandırılmayıb, bu millətin xilası yoxdur” sözləri işlətməklə həmin fotoşəkillərə rəy bildirmişdir. Eyni zamanda məhkəmə iclasında ekspertizaya təqdim edilməsi üçün təqsirləndirilən şəxs X9 məxsus mobil telefonun təqdim edilməsi təklif olunsa da sonuncu mobil telefonunu ekspertizaya təqdim etməkdən imtina etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs X13 xüsusi ittiham qaydasında şikayətdə qeyd olunan əməlin törədilməsində təqsirini boynuna almasa da, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrində nəzərdə tutulmuş “böhtan” və “təhqir” cinayət hadisələrinin baş verməsi faktı özü-özlüyündə mübahisə doğurmamaqla yanaşı, həmin əməllərin məhz X13 tərəfindən törədilməsi iş üzrə yekun nəticəyə gəlməyə imkan verən internet informasiya ehtiyatından götürülmüş məlumatlar, iş üzrə keçirilmiş ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Bununla da, məhkəmə təqsirləndirilən şəxs X13 tərəfindən məhkəmə iclasında verilmiş ifadələrə qiymət verərək hesab edir ki, həmin ifadələr mötəbər hesab edilə bilməz, özünü müdafiə xarakteri daşıyır, cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün verilmiş və işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 147.1-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma – yüz manatdan beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 148-ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma – üç yüz manatdan min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Konstitusiyasının 61-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Azərbaycan Respublikasının Konstitusiyasının 61-ci maddəsinin V hissəsinə əsasən Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. 1948-ci il Ümumdünya insan hüquqları Bəyannaməsində, 1966-cı il mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktda və Azərbaycan Respublikası Konstitusiyasının 46cı maddəsində deyilir ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. «X2 haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cu maddəsinə əsasən, X2-dövri mətbu nəşrlər, teleradio proqramları, informasiya agentlikləri, internet, kinoxronika proqramları və digər yayım formaları başa düşülür. Həmin Qanunun «Kütləvi informasiya azadlığından sui-istifadənin yolverilməzliyi»ndən bəhs edən 10-cu maddəsində deyilir ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunan sirləri yaymaq, mövcud konstitusiyalı dövlət quruluşunu zorakılıqla devirmək, dövlətin bütövlüyünə qəsd etmək, müharibəni, zorakılığı və qəddarlığı, milli, irqi, sosial ədavəti, yaxud dözülməzliyi təbliğ etmək, mötəbər mənbə adı altında vətəndaşların şərəf və ləyaqətini alçaldan şayələr, yalan və qərəzli yazılar, pornoqrafik materiallar çap etdirmək, böhtan atmaq, yaxud digər qanunazidd əməllər törətmək məqsədilə X2ndən istifadə olunmasına yol verilmir. Azərbaycan Respublikasının Konstitusiyasının 46-cı maddəsində hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ təsbit edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikasının Konstitusiyası fikir və söz azadlığı kimi, hər kəsin şərəf və ləyaqətinin müdafiə hüququna da eyni qaydada təminat nəzərdə tutmuşdur. Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinin 2-ci bəndində nəzərdə tutulur ki, «…mənəviyyatın qorunması üçün, digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün, …qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən rəsmiyyətə, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər» İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən müəyyən olunmuş presedent hüququna görə faktlar və qiymətləndirici mülahizələrin diqqətlə fərqləndirilməsinə ehtiyac var. Faktların mövcudluğu nümayiş etdirilə bildiyi halda qiymətləndirici mülahizənin həqiqiliyi sübut oluna bilən deyil (bax, Lingens v. Austria, judgment of x xxxx 1986, Series A no. 103, p. 28/46). Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla təqsirləndirilən şəxs X13 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi tam sübuta yetirilmişdir. Bununla əlaqədar məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Şərəf - cəmiyyətin üzvü kimi insanın əxlaqi, mənəvi, mədəni keyfiyyətlərinə, başqa şəxslərə, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən ictimai qiymətdir. Ləyaqət – şəxsin özünə, özünün davranışına, mənəvi və əxlaqi dünyagörüşünə, cəmiyyətdə tutduğu mövqeyinə özünün verdiyi qiymətdir. Nüfuz – şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə, mövqeyinə, ictimai əhəmiyyət kəsb etməsinə görə başqa şəxslər tərəfindən ona verilən qiymətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmədə X5 cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarının 2-ci bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Həmin Qərarın 3-cü bəndində izah edilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə X9 cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alır və belə hesab edir ki, X11 cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də o, təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrinin sanksiyası həddində islah işləri növündə cəzaya məhkum olunmalıdır. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X13ya tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna yalnız böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda qəti cəzanın müddəti və ya həcmi törədilmiş cinayətlərdən daha ağırı üçün müəyyən edilmiş cəzanın yuxarı həddindən çox ola bilməz. Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq X9 təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Aşagıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı şərəf və ləyaqəti ləkələyən və həqiqətə uyğun olmayan məlumatların təkzib edilməsini tələb etməkdə haqlıdır və işin faktiki halları nəzərə alınmaqla iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin mğdafiəsinə onun ölümündən sonra da yol verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.2-ci maddəsinə əsasən əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər güstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.4-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hğququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 (zərərin əvəzinin ödənilməsi) və 23 maddələrinin (şərəfin, ləyaqətin və işgüzar nüfuzun mdafiəsi) şərh edilməsinə dair xx xxx 2002-ci il tarixli qərarında göstərilir ki, şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa o, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən məhkəmədə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası CPM-nin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Azərbaycan Respublikası CPM-nin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Məhkəmə iclasında təkzib edilməz sübutlarla təsdiq edildi ki, cavabdeh, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X13 hüquqdan sui-istifadə etməklə, kütləvi informasiya vasitəsində nümayiş etdirməkdə məqsədi, iddiaçının, xüsusi ittihamçının şərəf və ləyaqətini ləkələyən məlumatlar yaymaq, işgüzar nüfuzuna xələl gətirmək, böhtan atmaq, iddiaçının haqqında mənfi fikir yaratmaq olmuşdur. Həmçinin Məhkəmə ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 200 (iki yüz) manat təqsirləndirlən şəxs X8 tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: X13 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, qazancından dövlət nəfinə 20 (iyirmi) faiz pul tutulmaqla, 06 (altı) müddətinə islah işləri cəzasına, Azərbaycan Respublikası CM-in 148-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, qazancından dövlət nəfinə 20 (iyirmi) faiz pul tutulmaqla, 08 (səkkiz) müddətinə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılaraq X13 qəti olaraq qazancından dövlət nəfinə 20 (iyirmi) faiz pul tutulmaqla, 01 (bir) il müddətinə islah işləri cəzası təyin edilsin. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Mülki iddia qismən təmin edilsin. Mülki cavabdeh, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X3 2.000 (iki min) manat məbləğində pul alınaraq, mülki iddiaçı, xüsusi ittihamçı X10 verilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 200 (iki yüz) manat X3 tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hökm ondan apellyasiya şikayəti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-63/2021
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-63/2021
06.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver