Məhkəmə qərarları › İş №1(012)-63/2022

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-63/2022

31.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-63/2022 31.03.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil X3 iştirakları ilə, xx.xx.1979-cu ildə Abşeron rayonu Hökməli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 23 avqust 2021-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar metrostansiyasının yaxınlığında istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, şəxsi istifadəsi üçün qanunsuz olaraq 20 manat müqabilində şəxsi istehlak miqdarından artıq miqdarda, bir ədəd şəffaf rəngli selofan bükümdə olan iki ayrı-ayrı şəffaf rəngli sellofan parçasına bükülmüş bükümlərdə, bir ədəd bükümdə 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxil olan təmiz çəkisi 0,648 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini, digər bir ədəd bükümdə 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxil olan təmiz çəkisi 0,263 qram ağ rəngli kristallik formada kustar üsulla hazırlanmış metamfetamini əldə edib, əynində olan boz rəngli cins şalvarının sağ yan cibində saxlayaraq özü ilə Abşeron rayonu, Hökməli kəndində daşımış, 24.08.2021-ci il tarixdə saat 07 radələrində Abşeron RPİ-nin Qobu PB-nin əməkdaşları tərəfindən Abşeron rayonu Hökməli kəndidə yaşadığı K.Qasımov küçəsi 34 nömrəli evin yaxınlığında saxlanılıb Abşeron RPİ-nin Qobu PB-nə gətirilmiş, Qobu PB-nin inzibati binasında üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan boz rəngli cins şalvarının sağ yan cibində saxladığı həmin bir ədəd bükümdə təmiz çəkisi 0,648 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və bir ədəd bükümdə təmiz çəkisi 0,263 qram ağ rəngli kristallik formada kustar üsulla hazırlanmış metamfetamin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxsin göstərilən cinayət əməlini törətməkdə təqsirli olması aşağıdakı qaydada sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Abşeron rayonu Hökməli qəsəbəsi, K.Qasımov küçəsi, 34 nömrəli evdə daimi qeydiyyatda olmaqla həmin evdə yaşayır. Bir neçə müddətdir ki, narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən istifadə edir. Narkotiki adətən Bakı şəhərində tanımadığı şəxslərdən alır. 23.08.2021-ci il tarixdə günorta vaxtları istifadə etmək üçün narkotik vasitə almaq məqsdəilə Bakı şəhərinə getmiş, Bakı şəhərində 20 Yanvar metrostansiyasının yaxınlığında təsadüfən üzü tüklü, orta boylu, qarayanız, arıq bədənli bir şəxsi gördükdə əlamətlərindən və hərətkərlərindən həmin şəxsin narkotik vasitədən istifadə etdiyini başa düşmüşdür. Ona görə də həmin şəxsə yaxınlaşıb ondan satmaq üçün narkotik olub-olmamasını soruşduqda həmin şəxs də heroin və metamfetamin olduğunu demişdir. Bir büküm heroin və bir büküm metamfetamin almaq üçün cəmi 20 manata razılaşmış, həmin şəxsə 20 manat pul verib, həmin şəxs də ona iki büküm olmaqla, bir bükümdə heron və bir büküm metamfetamin vermişdir. O, aldığı narkotik vasitə və maddəni əynində olan boz rəngli cins şalvarının sağ yan cibinə qoyub oradan uzaqlaşıb yaşadığı Abşeron rayonu Hökməli kəndinə gəlmişdir. Həmin gün aldığı narkotik vasitədən azacıq istifadə etmişdir. Səhər tezdən saat təxminən 06-07 radələrində yaşadığı Abşeron rayonu Hökməli kəndi K.Qasımov küçəsi 34 nömrəli evdən küçəyə çıxdmışdır ki, həmin narkotik vasitədən istifadə etsin. Həmin vaxt mülkü geyimdə olan şəxslər ona yaxınlaşıb, özlərini təqdim edərək Abşeron RPİ-nin Qobu PB-nin əməkdaşları olduqlarını bildirmişlər, onun narkotik vasitədən istifadə etməyində, gəzdirməyində şübhəli olduğunu bildirmişlər və onu Qobu PB-nə dəvət etmişlər. O, razılaşaraq birlikdə Qobu PBnin inzibati binasına getmişlər. Orada ona hüquqları izah olunmuş, hüquqlarını müdafiə etmək üçün vəkil dəvət olunmuş və otaqların birində vodeoçəkliş aparılmaqla üzərində şəxsi axtarış və götürmə keçirilmişdir. Həmin vaxt ona üzərində olan saxlanması və gəzdirilməsi qadağan olunan narkotik vasitə, maddə və ya başqa hər hansı bir alət, əşya olarsa təqdim etməyi təklif olunan zaman o, əynində olan boz rəgli cins şalvarının sağ yan cibində saxladığı həmin heroini və metamfetamini polislərə təqdim etmiş, bildirmişdir ki, həmin bükümdə iki büküm var, birində heroin, digərində isə metamfetamin vardır. Polis əməkdaşları da onun təqdim etdiyi bükümlərə baxmışlar, onları kağız zərfə qoyub qablaşdırmışlar, sonra üzərində şəxsi axtarış etsələr də heç nə tapılmamış, onun təqdim etdiyi həmin bükümlərin götürülməsi barədə protokol yazılıb, o və digər iştirakçılarla birlikdə imza edib təsdiqləmişlər. Üzərindən aşkar edilmiş narkotik maddəni və vasitəni özü istifadə etmək üçün almış, heç kimə bu barədə deməmiş, heç kimə narkotik vasitə və ya maddə verməmiş, satmamış, belə bir hal olmamışdır, öz istifadəsi üçün üzərində saxlamış, lakin polislər tutduqları üçün istifadə etməyə imkan olmamışdır. Polisə gətirilən zaman, eləcə də Abşeron rayon Polis İdarəsində hər hansı fiziki və ya psixi təzyiqə məruz qalmamış, qanunsuz hərəkətlərə yol verilməmiş, polis əməkdaşları barəsində heç bir şikayət və tələbi yoxdur. Narkotik vasitə və psixotrop maddəni aldığı şəxsin adını, ünvanını, telefon nömrəsini və digər məlumatlarını bilmir, həmin şəxsi ilk dəfə görmüşdür, hazırda görsə belə tanımaz, üzü tüklü, orta boylu, qarayanız, arıq bədənli bir şəxs olmuş, hərətkərlərindən onun narkotik vasitədən istifadə etdiyini başa düşüb ona yaxınlaşıb narkotik vasitə soruşmuş, həmin şəxs də ona 20 manata həmin narkotik vasitə və maddəni vermişdir. Hazırda əməlindən peşmançılıq çəkir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin Qobu PB-nin cinayət axtarışı üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ifadəsində göstərmişdir ki, 03.12.1970-cu ildə Abşeron rayonu Hökməli kəndində anadan olmuş, Abşeron rayonu Hökməli kəndi, K.Qasımov küçəsi 34-də daimi qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Abşeron rayonu ərazisində narkotik vasitələrin istifadəsi barədə məlumat daxil olmuş, həmin məlumatın yoxlanılması üçün əməliyyat qrupu yaradılmış, həmin əməliyyat qrupunun üzvüləri o və Abşeron RPİ-nin Qobu PB-nin sahə rəisi, polis kapitanı X9 oğlu təyin edilmişlər. Əməliyyat qrupunun iştirakı ilə Təqsirləndirilən şəxs yeri müəyyən edildikdən sonra 24.08.2021-ci il tarixdə saat 07-da Abşeron rayonu, Hökməli kəndidə yaşadığı K.Qasımov küçəsi 34 nömrəli evin yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşmışlar, özlərini polis əməkdaşları kimi təqdim edərək narkotik vasitələrin qəbulunda şübhəli olduğunu bildirib birlikdə Abşeron RPİ-nin Qobu polis bölməsinə getməsini tələb etmişlər və bu zaman Təqsirləndirilən şəxs heç bir etiraz etmədən onlarala birlikdə polis bölməsinə getmişdir. Polis Bölməsində raportla məruzə edilmiş, TŞ-nin təhqiqatçı, polis kapitanı X5 xidməti otağında video çəkilişlə Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunla dövriyyəsi qadağan olunmuş əşyanın olub olmaması barədə soruşulmuş, olduğu təqədirdə təqdim etməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən bir şəffaf rəngli sellofanın içərisində olan iki ayrı şəffaf rəngli sellofan parçasına bükülmüş olan bükümləri çıxardaraq təqdim etmişdir. Həmin bükümlərdən bir bükümdə qəhvəyi rəngli, toz formalı narkotik vasitə olan heroinə bənzər kütlə, digər bir ədəd sellofan kağızda isə ağ rəngli kristal formalı psoxotrop maddə olan metamfetaminə bənzər maddə olmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bir bükümdə qəhvəyi rəngli, toz formalı kütlənin narkotik vasitə heroin olduğunu, digər bir ədəd sellofan kağızda olan ağ rəngli kristal formalı kütlənin isə psoxotrop maddə olan metamfetamin olduğunu, həmin narkotik vasitə və psixotrop maddəni birlikdə 23.08.2021-ci il tarixdə günorta saatlarında Bakı şəhəri Nəsimi rayon 20 Yanvar metrostansiyası yaxınlığında tanımadığı şəxsdən 20 (iyirmi) manata aldığını və özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya aşkar edilməmiş, aşkar edilmiş büküm qablaşdırılaraq möhürlənmiş və müvafiq qaydada sənədlərşdirilmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin Qobu PB-nin sahə rəisi, polis kapitanı Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 24.08.2021-ci il tarixli, 6/3665 nömrəli ekspert rəyi ilə müəyyən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN-nin Zərflər üçün № 245 dairəvi möhür əks olunan, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,263 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir(qalıq çəkisi 0,213 qram – 0,05 qram psixotrop maddə metamfetamin tədqiqata sərf edilmişdir). Digər bir ədəd bükümdə təmiz çəkisi 0,648 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir(qalıq çəkisi 0,598 qram – 0,05 qram narkotik vasitə heroin tədqiqata sərf edilmişdir). Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanun ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanun ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 03.09.2021-ci il tarixli, 3221 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş 03.09.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs üzərinə video çəkliş ilə keçirilmiş baxış zamanı qeydə alınmış SD disk cinayət işinə əlavə edilmiş, qalıq çəkisi 0,213 qram psixotrop maddə metamfetamin və qalıq çəkisi 0,598 qram narkotik vasitə heroin Abşeron RPİ-nin maddi sübutların saxlanması otağında saxlanılmışdır. Abşeron rayon polis idarəsinin 24.08.2021-ci il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 24.08.2021-ci il tarixdə Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında 25.08.2021ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən həbsdən azad edilərək, barəsində polisin nəzarəti altına vermə növündə qətmkan tədbiri seçilmişdir. Abşeron Rayon Məhkəməsinin 24.01.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqından yayındığına görə barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat dayandırılmışdır. Abşeron RPİ-in 22.02.2022-ci tarixli 128 12708 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs 21.02.2022-ci il tarixdə könüllü olaraq, Abşeron RPİ-nə gəlmiş və polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs Abşeron Rayon məhkəməsinə təhvil verilmiş və iş üzrə icraat təzələnmişdir. Abşeron RPİ-nin Qobu PB-nin əməliyyat tapşırığının cavabında qeyd edilmişdir ki, keçirilmiş əməliyyat–axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini və narkotik vasitə heroini haradan əldə etməsi, narkotik vasitəni və psixotrop maddəni əldə etdiyi mənbəni, onun psixotrop maddənin və narkotik vasitənin satışı ilə məşğul olub-olmadığını müəyyən etmək mümkün olmamış, görülmüş əməliyyat tədbirləri zamanı müsbət nəticə əldə etmək mümkün olmamışdır. Hazırda həmin əməliyyat tapşırığı üzrə zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir və gələcəkdə hər hansı bir müsbət nəticə əldə olunarsa bu barədə əlavə məlumat veriləcəkdir. Məhkəmə baxışı iclasında bir ədəd SD diskə baxış keçirilmiş, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sağ yan cibində saxladığı bir ədəd bükümdə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və bir ədəd bükümdə ağ rəngli kristallik formada kustar üsulla hazırlanmış metamfetamin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülməsi müəyyən edilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəyi, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı himayəsində üç azyaşlı uşağının olmasını, əməlindən səmimi peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarında nəzərdə tutulur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, onun himayəsində 3 azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən halı, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 24.08.2021-ci il tarixdən 25.08.2021-ci il tarixdək şübhəli şəxs qismində saxlanıldığı 01 gün azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb olunmalı və o Abşeron rayon X2 Poliklinikasının narkoloji kabinetində profilaktiki qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxsdan aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 0,213 qram psixotrop maddə metamfetamin və qalıq çəkisi 0,598 qram narkotik vasitə heroin məhv edilməlidir. İş üzrə 65 manat məhkəmə-fiziki-kimyəvi ekspertizasının xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübutlar bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 50 (əlli) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 (üç yüz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına, məhkəmə baxışı zamanı 40 (qırx) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X4 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il 09 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 24.08.2021-ci il tarixdən 25.08.2021-ci il tarixdək şübhəli şəxs qismində saxlanıldığı 01 gün müddət nəzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 il 08 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb olunsun və o Abşeron rayon X2 Poliklinikasının narkoloji kabinetində profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 0,213 qram psixotrop maddə metamfetamin və qalıq çəkisi 0,598 qram narkotik vasitə heroin məhv edilsin. İş üzrə 65 manat məhkəmə-fiziki-kimyəvi ekspertizasının xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübutlar bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 50 (əlli) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 (üç yüz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına, məhkəmə baxışı zamanı 40 (qırx) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X4 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pulAzərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia yoxdur. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar