Məhkəmə qərarları › İş №1(012)-63/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-63/2024

12.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-63/2024 12.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxs X3 və onun müdafiəçisi vəkil Müdafiəçi iştirakı ilə xx xxxx 1986-cı ildə Saatlı rayonu, Məmmədabad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Saatlı rayonu, Məmmədabad kəndində qeydiyyatda olan və Abşeron rayonu, Məmmədli kəndində nömrəsiz fərdi yaşayış evində yaşamış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.1, 234.1-ci maddələri ilə təqsirli bilinərək, CM-in 69.3-cü maddəsinə əsasən qəti olaraq, 03 il 02 ay 27 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : X8 tamah məqsədi ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 27 fevral 2023-cü il tarixdə saat 18 radələrində Abşeron rayonu, Məmmədli kəndində yerləşən torpaq sahəsinin hasarından kənarda olan Zərərçəkmiş şəxs məxsus 1000 manat dəyərində bir ədəd 4x3 metr ölçüdə 2 tağlı dəmir darvazanı gizli olaraq talayıb Zərərçəkmiş şəxs həmin məbləğdə ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X8 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, bir neçə il əvvəldən Abşeron rayonu Məmmədli kəndində yaşayır. Astma xəstəliyindən əziyyət çəkdiyi üçün dərmanlarını almağa pulu olmadığından oğurluq etmək qərarına gəlmiş və 27 fevral 2023cü il tarixdə təxminən saat 18 radələrində yaşadığı evdən çıxıb ətrafı dolaşmağa başlamış, həmin vaxtı yaşadığı Abşeron rayonu, Məmmədli kəndində yerləşən torpaq sahəsinin kənarında bir dəmir darvazanın yerdə olduğunu görüb, həmin darvazanı oğurlayıb satmaq qərarına gəlmiş və bundan sonra darvazaya yaxınlaşıb ətrafa baxmış və heç kimin olmadığını görüb dəmir darvazanı dartaraq oradan kəınara aparmaq istəmiş, lakin darvaza ağır olduğu üçün yerindən bunu edə bilməmişdir. Bundan sonra yaşadığı kənddə metal qırıntıları alan Fərhada zəng edib qohumunun satmaq istədiyi köhnə dəmir darvazası olduğunu və darvazanı satmağı ona həvalə etdiyini deyib, Fərhaddan həmin darvazanı almasını xahiş etmiş, sonuncu da razılaşdıqdan sonra o, darvazanı aparmaq üçün maşın lazım olduğunu söyləmiş, Fərhad da onunla eyni kənddə yaşayan, üzdən tanıdığı sürücünü Qazel markalı avtomobili ilə onun yanına göndərmiş, o da yaxınlıqda yaşayan tanışları Qədirlə Təbrizi çağırıb onların köməkliyi ilə həmin darvazanı Fərhadın göndərdiyi Qazel markalı yük maşınına qoyub, işlədiyi metal qəbulu məntəqəsinə aparmış və maşından yerə düşürüb oradakı tərəziyə qoymuşlar. Fərhad darvazanın çəkisini bildikdən sonra metal kimi qəbul edib, ona 100 manat, Qazel markalı avtomobilin sürücüsünə isə 20 manat pul vermişdir. O, həmin 100 manatı alıb, oradan uzaqlaşmış, əldə etdiyi həmin pulla dərmanlarını almış və əvvəllər də həmin aptekdən borca aldığı dərmanların pulunu ödəmişdir. Oğurladığı dəmir darvazanın kimə məxsus olduğunu əvvəlcədən bilməmiş, metal qırıntıları alan Fərhada həmin darvazanın qohumunun olduğunu və satmaq üçün ona verdiyini söyləmiş, həmçinin Qazel markalı avtomobilin sürücüsü ilə həmkəndliləri Qədirlə Təbriz də onun həmin darvazanı oğurladığını bilməmişlər. Dərmanlarını almaq üçün pula ehtiyacı olduğuna görə həmin darvazanı oğurlayıb satmışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Bəhəddin Əli oğlu ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Bakı şəhərində yaşasa da təxminən 10 il əvvəl Abşeron rayonu Məmmədli kəndi ərazisindən şəxsi təsərrüfatla məşğulolmaq üçün 10 ha torpaq sahəsi alıb həmin ərazini mişar daşı ilə hasarlamışdır. Bir il əvvəl həmin torpaq sahəsinin hasıra quraşdırmaq üçün 1000 manata 4x3 metr ölçüdə 2 tağlı dəmir darvaza alıb torpaq sahəsinin hasarından kənarda yerə qoymuş, lakin sonra vaxtı olmadığına görə həmin darvazanı yerinə quraşdıra bilməmişdir. Torpaq sahəsindən istifadə edə bilmədiyinə görə həmin yeri qonşuluqda yaşayan Şahid3 heyvanlarını otarmaq üçün mavəqqəti vermiş və bunun müqabilində sonuncudan torpaq sahəsinə nəzarət etməsim xahiş etmişdir. 28 fevral 2023-cü il tarixdə həmin Rəhman ona zəng edərək torpaq həmin 2 tağlı dəmir darvazasının 22 fevral 2023-cü il tarixdən 28 fevral 2023-cü il tarixədək olan müddətdə oğurlandığını söyləmiş, o da bunu eşidən kimi polis idarəsinə gedib bu barədə məlumat verməsini xahiş etmişdir. Bundan bir-iki gün sonra polis əməkdaşları ona zəng edib Abşeron rayon polis idarəsinə dəvət etmişlər. Fləmin vaxtı o, dəmir darvazasının Abşeron rayonu Məmmədli kəndində yaşayan X8 tərəfindən oğurlanaraq həmin kənddəki metal qəbulu məntəqəsinə satıldığını bilmiş və sonuncu barədə şikayət ərizəsi yazmış, əvvəllər Asif Astanovu tanımışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Bakı şəhərində yaşasa da 10 ildən artıqdır ki, Abşeron rayonu, Məmmədli kəndi ərazisindəki torpaq sahəsində şəxsi təsərrüfatında olan heyvanları becərməklə məşğuldur. Bu məqsədlə həmin kənddə qonşuluqda torpaq sahəsi olan Zərərçəkmiş şəxs həmin torpaq sahəsində heyvan otarmağa icazə almışam. Zərərçəkmiş şəxs də bunun qarşılığında onun həmin torpaq sahəsinə nəzarət etməsini xahiş etmişdir. Axırıncı dəfə o, 22 fevral 2023-cü ildə həmin torpaq sahəsində heyvan otarmış, bundan sonra təxminən 6 gün ərzində oraya getməmiş, 28 fevral 2023-cü il tarixdə Zərərçəkmiş şəxs torpaq sahəsində heyvan otarmağa getdiyi vaxt sonuncunun həmin torpaq sahəsində olan 2 tağlı dəmir darvazasının yerində olmadığını görmüş və zəng edib bu barədə Zərərçəkmiş şəxs söyləmiş, sonuncu da ondan polisə xəbər verməsini xahiş etmiş, bundan sonra o da Mehdiabad polis bölməsinə gedib, Zərərçəkmiş şəxs məxsus dəmir darvazanın oğurlanması barədə məlumat verib ərizə yazmışdır. Bundan bir gün sonra polislər ona həmin darvazanı Məmmədli kəndində yaşayan Asif Astanov adlı şəxsin oğurlandığını və həmin kənddəki metal qəbulu məntəqəsinə satdığını bildirmişlər. O, Asifi Astanovu tanımır, sonuncunun həmin darvazanı nə vaxt və necə oğurladığını bilmir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 3-4 il əvvəldən ailəsi ilə birlikdə Abşeron rayonu, Məmmədli kəndi yeni yaşayış massivində tanışının evində yaşayır. Həmin vaxtdan da yaşadığı Məmmədli kəndi Ə.Əliyev küçəsi-34 ünvanında yerləşən tanışına məxsus qeyri-yaşayış təyinatlı tikilidə tullantı metal qırıntılarının alqı-satqısı ilə məşğul olur. X4 təxminən 2 il olar ki, onunla eyni kənddə yaşayan şəxs kimi tanıyır, sonuncu ilə münasibəti həmişə yaxşı olub, onun nə işlə məşğul olduğunu bilmir. 27 fevral 2023-cü il tarixdə təxminən saat 18 radələrində mən işlətdiyi həmin metal qəbulu məntəqəsində olduğu vaxt Asif onun yanına gedib, əmisinin yaşadığı kəndə olan torpaq sahəsinin kənarındakı dəmir darvazasını satmaq üçün ona verdiyini deyib, həmin darvazanı tullantı metal kimi almasını xahiş etmiş, o da razılaşmışdır. Bundan sonra Asif darvazanı onun yanına aparmaq üçün maşın tapmaqda köməklik etməsini xahiş etmiş, o da eyni kənddə yaşayan Qazel sürücüsü Xankişiyə zəng edib, bu barədə söyləmiş və darvazanı götürmək üçün Asifin əmisinin kənddə yerləşən torpaq sahəsinin yanına getməsini xahiş etmiş, Xankişi də razılşamış, bundan təxminən 30 dəqiqədən sonra Asif Xakişinin idarəetdiyi Qazel markalı avtomobildə həmkəndiiəri Qədir və Təbrizlə birlikdə 4x3 metr ölçüdə istifadə olunmuş 2 tağlı dəmir darvazanı onun yanına gətirmiş, o da həmin dəmir darvazanı Asifgilin köməkliyi ilə maşından götürüb oradakı tərəziyə qoymuş və darvazanın çəkisini bildikdən sonra tərəzidən yerə düşürüb Asifə həmin darvazaya görə 120 manat pul vermiş, sonuncu həmin pulun 20 manatını Qazel sürücüsü Xankişiyə vermiş, qalanını da cibinə qoyub Qədirgillə birlikdə oradan çıxıb getmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Abşeron rayonu, Məmmədli kəndi M.Zeynalov küçəsi, ev 91-də yaşayır. Fəhləçiliklə məşğul olur. X4 xeyli müddətdir ki, tanıyır, sonuncu ilə həmkəndlidir. Asiflə yaxşı münasibəti var. 27 fevral 2023-cü il tarixdə təxminən saat 18 radələrində həmkəndlisi və dostu Təbrizlə birlikdə yaşadıqları məhəllədə dayanıb, söhbət etdiyi vaxtı Asif onların yanına gəlib, əmisinin Məmmədli kəndində yerləşən boş torpaq sahəsini satdığına görə həmin torpaq sahəsində olan dəmir darvazasını satmağı ona həvalə etdiyini bildirib, həmin darvazanı yaşadıqları kənddə yerləşən metal qəbulu məntəqəsinə aparmaq üçün maşına yükləməsinə köməklik etmələrini xahiş etmiş, Təbrizlə o da Asifin xahişi ilə dediyi həmin eləmir darvazanın yanına getmişlər. Asif yaşadıqları kənddə metal qəbulu ilə məşğul olan Fərhada zəng edib darvazanı aparmaq üçün maşın göndərməsini xahiş etmiş, bir neçə dəqiqədən sonra tanımadığı sürücünün idarə etdiyi “Qazel” markalı avtomobil onların olduğu yerə gəlmiş, bundan sonra Təbrizlə o, Asifin göstərdiyi həmin 2 tağlı dəmir darvazanı birlikdə “Qazel” markalı avtomobilə yükləyib, Fərhadın metal qəbulu məntəqəsinə aparmış və maşından götürüb oradakı tərəziyə qoymuşlar. Fərhad həmin darvazamın çəkisini bildikdən sonra onlar darvazanı tərəzidən yerə düşürmüş, bundan sonra Asif Fərhada satdığı həmin darvazaya görə ondan hansısa məbləğdə pul alıb cibinə qoyub onlarla birlikdə yaşadıqları məhəlləyə kimi gedib aralanmışdır. Asif Astanovun həmin darvazanı oğurlayıb satdığını bilməmiş, sonuncu əldə etdiyi puldan onlara verməmiş, onlar həmkəndli kimi Asifə həmin darvazanı metal qəbulu məntəqəsinə aparmasına köməklik etmişlər. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Abşeron rayonu, Məmmədli kəndində yaşayır. 3 il olar ki, etibarnamə ilə idarə etdiyi “Qazel” markalı yük maşını ilə fərdi qaydada yük daşıyıb pul qazanır. 27 fevral 2023-cü il tarixdə axşamüstü yaşadığı kənddə tullantı metal qırıntılarının alqı-satqısı ilə məşğul olan həmkəndlisi Fərhad mobil telefonuna zəng edib, Asif adlı şəxsdən aldığı bir ədəd dəmir darvazasını Məmmədli kəndindəki malqara fermasının yaxınlığından götürüb maşını ilə onun metal qəbulu məntəqəsinə aparmasını xahiş etmiş və darvazanı satan adamın onu həmin yerdə gözlədiyini bildirmişdir. Fərhadın bu sözündən sonra o da maşınına minib sonuncunun dedyiyi yerə getmiş və həmin Asifin iki nəfər cavan oğlanla onu gözlədiyini görüb Fərhadın onu göndərdiyini söyləmiş, bundan sonra onlar birlikdə həmin yerdə olan 2 tağlı dəmir darvazanı onun maşınına yükləyib onunla birlikdə Fərhadın metal qəbulu məntəqəsinə aparmışlar. Asif ona 20 manat yol pulu verdikdən sonra o, oradan maşını ilə birbaşa yaşadığı evə getmiş, Fərhadın həmin darvazaya görə Asifə neçə manat pul verdiyini görməmişdir. Asifi əvvəllər tanımamış, sonuncunun həmin darvazanı oğurlayıb Fərhada satdığını bilməmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 Şahid2 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 46 nömrəli rəyindən görünür ki, 1 ədəd 4x3 metr ölçüdə dəmir darvazanın 2023-cü ilin fevral ayına olan pərakəndə satış qiyməti nəzəri hesablama yolu ilə 1000.00 (bir min) manat məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, X8 barəsində Abşeron RPİ-nin İstintaq şöbəsində Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə istintaqı aparılımış cinayət işi baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, X8 Azərbaycan Respublikası CM-nin 228.1, 234.1-ci maddələri ilə təqsirli bilinərək, CM-in 66.2-ci maddəsinə əsasən 03 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən qəti olaraq, 03 il 02 ay 27 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cəzaçəkmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, iş üzrə maddi sübut kimi tanınmış, 4x3 metr ölçüdə olan bir ədəd 2 tağlı dəmir darvaza qanuni sahibinə qaytarılmışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, məhkəmə istintaqından yayındığına görə X8 barəsində axtarış elan edilmiş və iş üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Axtarışda olan şəxsin tutulması xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, X8 xx.xx.2023-cü il tarixdə saxlanılaraq, Abşeron Rayon Məhkəməsinə təhvil verilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, X8 barəsindəki cinayət işi üzrə icraat təzələnmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il Qərarına əsasən qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin ifadəsinin, ekspertiza rəyi, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmədə, X3 cəzasını Azərbaycan Respublikası CM-in 59-61-ci maddələrinə əsasən yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə məhkumluqla bağlı qeyd edir ki, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” 08 iyul 2008-ci il tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 25 may 2009-cu il tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqeyinə əsasən,“… məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə minməsi ilə yaranır.” Digər tərəfdən, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 06 sentyabr 2010cu il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə “Cinayət Məcəlləsində “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq təfsir edilməlidir. Başqa yanaşma Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinin pozulmasına, əməlin əsassız olaraq residiv kimi qiymətləndirilməsinə, şəxsə daha ağır cəzanın təyin edilməsinə, onun vəziyyətinin qanuni əsaslar olmadan pisləşməsinə gətirib çıxarmış olar.” Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, X3 az ağır cinayət törətməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, zərərçəkmiş şəxsin şikayətçi olmasını, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası CM-nin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 iyul 2022-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələbinə görə, şəxsin hökmlə təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra bu hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyi halda, Azərbaycan Respublikası CM-nin 66.1-66.4-cü maddələrinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalıdır. Həmin qərarda izah edilir ki, «… CM-nin 66.5-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə cinayətlərin məcmusu üzrə vahid cəza təyin edilməli və birinci hökmə əsasən çəkilən cəza isə qəti cəza müddətinə hesablanmalıdır. ... Beləliklə, ... şəxsin birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törətdiyi başqa cinayətə görə təqsirli bilindiyi halda, ona eyni, yəni CM-nin 66.1-66.4-cü maddələrində müəyyən edilən cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsini və birinci hökmə əsasən çəkilən cəzanın qəti cəza müddətinə hesablanmasını nəzərdə tutmuşdur. ... Cinayətlərin məcmusunun mövcud olduğu hər bir halda, o cümlədən birinci hökm üzrə cəzanın çəkilib qurtardığı halda da müvafiq qaydada cəza təyin edilməsi mütləqdir». Təqsirləndirilən şəxs X2 Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmündən əvvəl hazırkı iş üzrə təqsirli olduğu müəyyən olduğuna görə X5 Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələblərinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə hesab edir ki, X5 CM-nin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməklə, hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 03 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən X3 Abşeron Rayon Məhkəməsinin hökmü ilə cəza çəkmə müddətinə hesablanmış həbsdə saxlanıldığı 03 gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, təqsirləndirilən şəxs X3 Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə azadlıqdan məhrum etmə növündə cəza çəkməkdə olması nəzərə alınmalı və hazırkı iş üzrə barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri ləğv edilməlidir. Təqsirləndirilən şəxs X3 cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən hesab edir ki, təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınınmış 4x3 metr ölçüdə olan bir ədəd 2 tağlı dəmir darvaza ibtidai istintaq zamanı qanuni sahibinə qaytarılması nəzərə alınmalı; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Bundan başqa, təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X6 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul, məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : X8 Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 05 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən təyin edilmiş 05 ay müddətinə azadlıqdan məhrum etmə cəzası Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 03 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla, X5 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən X3 Abşeron Rayon Məhkəməsinin hökmü ilə cəza çəkmə müddətinə hesablanmış həbsdə saxlanıldığı 03 gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 03 il 05 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs X8 cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs X3 Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə azadlıqdan məhrum etmə növündə cəza çəkməkdə olması nəzərə alınsın. Hazırkı iş üzrə barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut 4x3 metr ölçüdə olan bir ədəd 2 tağlı dəmir darvaza ibtidai istintaq zamanı qanuni sahibinə qaytarılması nəzərə alınsın. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X6 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul, məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar