Məhkəmə qərarları › İş №1(012)-630/2023

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-630/2023

29.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-630/2023 29.09.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1988-ci ildə Bərdə şəhərində anadan olmuş. Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, məhkum olmuş,məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2anında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 24 aprel 2023-cü il tarixdə Sumqayıt şəhəri, «Daş bazarı» deyilən ərazidə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan 25 (iyirmi beş) manat müqabilində bir ədəd selofan bükümdə 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına” daxil edilmiş, 1,225 qram çəkidə, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə- heroini qanunsuz olaraq əldə edib üzərində saxlamış və özü ilə Sumqayıt şəhərindən Abşeron rayonu, Ceyranbatan qəsəbəsinə daşımış, qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, saxlamaqda və daşımaqda şübhəli bilinərək Abşeron rayon polis idarəsinin Saray polis bölməsinin əməkdaşları tərəfindən həmin gün saat 20 radələrində Abşeron rayonu, Ceyranbatan qəsəbəsində saxlanılaraq Saray polis bölməsinə gətirilib, orada üzərinə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən həmin bir ədəd selofan bükümdə, 1,225 qram çəkidə, kustar üsulla hazırlanmış narkotik vasitə-heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsini təsdiq etdiyini bildirdi. Sonda o, etdiyi əməl üzrə peşmançılıq çəkdiyini və himayəsində bir azyaşlı uşağının olmasını əsas gətirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, o, təxminən 3 ildir ki, narkotik vasitə heroin iynə vurmaqla qəbul edir. xx.xx.2023-cii il tarixdə Sumqayıt şəhəri, «Daş bazarı» deyilən ərazisində tanımadığı, şəxsdən 25 manata özü istifadə etməsi üçün 1 büküm “kakos”, yəni narkotik vasitə-heroin alıb bir hissəsini həmin gün istifadə etmiş, qalan hissəsini isə üzərində saxlamışdır ki, sonradan qəbul etsin. xx.xx.2023-cü il tarixdə Ceyranbatan qəsəbəsində olarkan həmin narkotik vasitə heroin üzərində olmuşdur. Bu vaxt tanımadığı polis əməkdaşları ona yaxınlaşıb, özlərini təqdim etmiş və onun şəxsiyyətini müəyyən etdikdən sonra üzərində narkotik vasitə heroin olduğundan şübhələndiklərini deyərək onu avtomobillə Saray polis bölməsinə aparmışlar. Abşeron RPİ-nin Saray PB-də olduğu zaman video çəkilişlə üzərinə şəxsi axtarış keçiriləcəyi ona izah olunmuşdur. Bundan sonra video çəkilişlə üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Baxış zamanı o, əynində olan göy rəngli cins şalvarın sağ yan cibində olan bir ədəd ağ rəngli sellofan bükümdə olan narkotik vasitə-heroini çıxarıb təqdim etmişdir. Sonra aşkar edilmiş narkotik vasitə heroin polis əməkdaşları tərəfindən zərfə qoyularaq qablaşdırılmış və zərfin üzərində imzalar edilərək möhürlənmişdir. Sorğu zamanı polis əməkdaşlarına bildirmişdir ki, aşkar edilmiş narkotik vasitə heroini xx.xx.2023-cii il tarixdə Sumqayıt şəhəri ərazisində tanımadığı şəxsdən almış və öz istifadəsi üçün üzərində saxlamışdır. Sonra polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitə heroindən heç kimə hər hansı bir miqdarda satmamış və ya heç kimə hədiyyə kimi verməmiş, həmin maddəni özünün istifadəsi üçün üzərində saxlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron rayon Polis İdarəsinin Saray Polis Bölməsinin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili Şahid1 bildirdi ki, 24 aprel 2023-cü il tarixdə Abşeron rayonu, Ceyranbatan qəsəbəsində bölmənin polis nəfəri, polis kiçik serjantı Şahid2 ilə birlikdə xidmətdə olarkən bir nəfər şəxsin özünü şübhəli apardığını görüb ona yaxınlaşıb özünü təqim etmişdir. Həmin şəxsin şəxsiyyəti araşdırılarkan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Onunla söhbət aparan zaman Təqsirləndirilən şəxs səmimi olaraq etiraf etmişdir ki, onun üzərində narkotik vasitə-heroin vardır. Odur ki. həmin şəxsi Saray polis bölməsinə aparmışlar. Saray polis bölməsində xidməti otaqların birində dəvət olunmuş və İsi Əhməovun hüquqlarını müdafiə edən vəkilin və polis nəfəri, polis kiçik serjantı Şahid2 iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl onun hüquqları və vəzifələri izah edilmiş, sonra Təqsirləndirilən şəxs təklif etmişlər ki, üzərində saxlanması qanunla qadağan edilmiş şübhəli əşyalar varsa təqdim etsin. Bu zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümü çıxarıb təqdim etmiş və içərisində narkotik vasitə -heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs şifahi sorğu edildikdə, ondan aşkar olunmuş narkotik vasitə-heroini öz istifdəsi üçün xx.xx.2023-cii il tarixdə Sumqayıt şəhərində tanımadığı şəxsdən 25 manat pul verməklə aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı onun üzərindən cinayət xarakterli hər hansı bir əşya və dəlil aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd bükümdə olan narkotik maddə - heroin ekspertiza tədqiqatına göndərilməsindən ötrü bir ədəd zərfə qoylaraq qablaşdırılmışdır və üzərinə imzalar edilmişdir. Bundan sonra protokol tərtib edilmişdir, protokol ucadan oxunandan sonra bütün iştirakçılar tərəfindən protokol imzalanmışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə heç bir məlumat daxil olmamışdır. İbtidai istinatq zamanı şahid qismində dindirilmiş Abşeron RPİ-nin Saray Polis bölməsinin polis nəfəri, polis kiçik serjantı Şahid2 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Əhməd oğlunun ifadəsində göstərdikləri xüsusatları təsdiq etmişdir. İşin materiallarında olan DVD formatlı kompak diskə baxış zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümü çıxarıb təqdim etməsi və sellofan bükiimdəki narkotik vasitə olan həmin heroini Sumqayıt şəhəri ərazisində «Daş bazarı» adlanan yerdə tanımadığı şəxsdən 25 manat pul verib almaqla əldə etdiyini bildirmişdir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizası təyin olunaraq rəy alınmışdır. Məhkəmə-kimyəvi ekstertizanın 25 aprel 2023-cü il tarixli, 6/2383 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində « Azərbaycan Respublikası DİN Zərflər üçün № 246» dairəvi möhür əksləri olan « Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə » sözləri və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 1,225 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in (Siyahı 1) daxildir. Rəyin qeyd hissəsindən görünür ki, heroinin təmiz çəkisi – 1,225 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 1,175 qram. İş üzrə maddi sübut olan ekspertiza tədqiqatından qalıq qalmış 1,175 qram narkotik vasitə olan heroin saxlanılması üçün Abşeron rayon Pİ-nin maddi sübutlar saxlancı ambarına təhvil verilmiş və bir ədəd CD diski cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan ambulator məcburi- narkoloji tibbi yoxlamanın 20.05. 2023-cü il tarixli, 3082 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixostimulyatorların birgə qəbulu nəticəində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ") aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” sıyahılarının “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr” barədə İ nömrəli sıyahısının “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” barədə İ hissəsinin 49-cu bəndində heroin yer almışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun 1.0.8-1.010-cu maddələrinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin qanunun 21.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” narkotik vasitələrə aid İ nömrəli sıyahısına əsasən narkotik vasitə olan heroin təmiz halda 0,15 qram və ondan artıq miqdarı şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün tam etirafı ilə yanaşı, şahidlərin ifadələri, aparılmış ekspertizaların rəyləri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün olaraq tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 177.2.1,177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 2.4-cü bəndinə əsasən 16 noyabr 2021-ci il tarixdə cəzadan azad edilmişdir. 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 7-ci bəndində göstərilmişdir ki, bu Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülsün. Odur ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmiş şəxs hesab olunur. İş materiallarında olan Xırdalan şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında qeydiyyatdadır, yaşadığı yeri üzrə müsbət xarakterizə olunur və himayəsində xx.xx.2017-ci il təvəllüdlü X3 adlı qızı var. Məhkəmə, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını və himayəsində bir azyaşlı uşağı olmasını cəzanı yngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törədilmiş cinayətlərin xarakterini, həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakteri və icitimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, cəzanın onun islah olunmasını təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunması qanuni, əsaslı və ədalətli olmaqla cəzanın məqsədlərinə xidmət edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixdə onun barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həmin qətimkan tədbiri məhkəmədə öz qüvvəsində saxlanılmışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Bununla əlaqədar məhkəmə hesab edir ki, müvafiq məhkəmə-narkoloji ekspertizasının rəyinə və qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan 1,175 qram Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntüləri özündə əks etdirən 1 ədəd “DVD” formatlı disk isə cinayət işində saxlanmalıdır. Bundan əlavə məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 80 (səksən) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə zamanı 20 saat hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri həbs qətimkan tədbiri hökm qanunu qüvvəsini alanadək gücündə saxlanılsın. Təqsirləndirilən şəxs məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan 1,175 qram Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 1 ədəd “DVD” formatlı disk cinayət işində saxlanılsın. İş üzrə məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 80 (səksən) manat manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulsun. Təqsirləndirilən şəxs məhkəmə zamanı 20 saat hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Abşeron rayon Polis idarəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Bakı şəhəri Nizami rayon İcra şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim:Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar