Məhkəmə qərarları › İş №1(012)-631/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-631/2024

05.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-631/2024 05.07.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı Müdafiəçi: Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.2003-ci ildə Laçın rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda, Abşeron rayonu Mehdiabad qəsəbəsi ərazisində “Turbalıq” adlanan ərazidə, istintaqa məlum olmayan mənbədən 01 ədəd üzərində «BE-1825Л» nömrəli, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, 9 mm kalibrli, texniki cəhətdən saz və atəş üçün yararlı bir ədəd «Makarov» konstruksiyalı “PM” modelli yivli odlu silah hesab olunan tapançanı; 05 ədəd zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş 9x18 mm kalibrli olmaqla Makarov (PM) və Steçkin (APS) konstruksiyalı döyüş sursatı olan atəş üçün yararlı patronları və 01 ədəd zavod üsulu ilə istehsal olunmuş, 08 ədəd 9x18 mm kalibirli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsi olan bir ədəd darağı ilə birlikdə əldə edib, saxlamış, 21 dekabr 2023-cü il tarixdə üzərində gəzdirməklə Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində “Mehdiabad Gənclər Şəhərciyi” yaşayış kompleksinə yaşadığı fərdi yaşayış evinin yaxınlığına daşımış, həmin tarixdə Abşeron RPİ-nin X3 əməkdaşlarının keçirdikləri əməliyyat- axtarış tədbirləri nəticəsində Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində saxlanılaraq, X6 gətirilmiş və həmin tarixdə saat 13:45-də üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli cins şalvarının arxa tərəfdən kəmər hissəsinə keçirilmiş üzərində «BE-1825Л» nömrəsi olan «Makarov» konstruksiyalı “PM” modelli yivli odlu silah hesab olunan tapança, hər biri 9x18 mm kalibrli olmaqla döyüş sursatı olan 05 ədəd Makarov(PM) və Steçkin (APS) konstruksiyalı silahların ştat patronlarını və həmin silahın komplekt hissəsi olan zavod üsulu ilə istehsal olunmuş, 08 ədəd 9x18 mm kalibirli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, istifadəyə yararlı darağ ilə birlikdə aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, anket məlumatında göstərilən ünvanda ailəsi ilə birlikdə yaşayır. Rəsmi iş yeri olmadığına fəhlə kimi işləmiş, bundan başqa o, metal tullantılar yığıb, sataraq pul qazanmış, ailəsinə maddi köməklik etmişdir. Narkotik vasitə və psixotrop maddələrdən ara sıra istifadə etmişdir. Təxminən dekabr ayının əvvəlində Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyi ərazisində metal toplayarkən yerdə olan qara rəngli sellofan torba onun diqqətini çəkmiş, o, həmin sellofan torbanı açan zaman içərisində bir ədəd silah və 5 ədəd patron olduğunu görmüşdür. Silah ona maraqlı gəldiyi üçün qara rəngli selofana bükülmüş həmin silahı, bir ədəd darağı və 5 ədəd gülləsi ilə birlikdə götürüb bir qədər aralıda gizlətmişdir. 21 dekabr 2023-cü il tarixdə saat 11 radələrində silahı gizlətdiyi yerdən götürüb əynində olan cins şalvarının arxa tərəfdən kəmər hissəsinə keçirtmişdir. O, həmin silahı özünə maraqlı gəldiyi üçün üzərində daşımağı qərara almış, daha sonra yaşadığı Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyi ərazisinə gəlmişdir. xx.xx.2023-cü il tarixdə saat 12:40 radələrində piyada gəzən zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim etmiş və onlarla birlikdə Abşeron RPİ-nin X6 getməli olduğunu bildirmişdirlər. O, polis əməkdaşlarına üzərində qanunsuz olaraq odlu silah olduğunu etiraf edib, onlarla birlikdə polis bölməsinə gəlmişdir. Bölmənin xidməti otaqlarıının birində ona hüquqları və üzərinə şəxsi axtarış keçirilməsinin zəururiliyi izah edilmişdir. Video çəkiliş vasitəsi ilə müdafiəçinin iştirakı ilə, o, əynində olan cins şalvarının arxa tərəfdən kəmər hissəsinə keçirtdiyi 1 (bir) ədəd “Makarov PM” markalı tapançanı, 05 (beş) ədəd həmin tapançaya məxsus güllələri və bir ədəd darağını təqdim etmişdir. Ondan həmin silahı və silaha aid olan güllələri hardan tapdığı soruşulduqda 15-20 gün əvvəl Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən məişət tullantıları atılan “Turbalıq” kimi tanınan yerdən tapdığını və müharibədə iştirak etdiyindən həvəsi olduğu və maraqlı gəldiyi üçün üzərində saxladığını bildirmişdir. Polis əməkdaşları tərəfindən onun təqdim etdiyi içərisində Makarov tipli tapança, daraq və güllələr olan tapança kağız zərfə qoyularaq qablaşdırılmışdır. Qablaşdırma üzərində o və digər iştirakçılar imza edərək təsdiq etmişdilər. Daha sonra üzərində şəxsi axtarış aparılması barədə protokol tərtib tərtib olunaraq iştirakçılara ucadan oxunmuşdur. O və digər iştirrkçılar heç bir etirazlarının olmadığını bildirmişdirlər. Bütün iştirakçılar kimi o, da həmin protokolun doğruluğunu öz imzası ilə təsdiq etmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs məhkəmə iclasında dindirilən zaman əlavə olaraq bildirdi ki, o, polis əməkdaşları tərəfindən saxlanılan zaman və bölməyə gətirildikdən sonra ona qarşı fiziki və psixi zor tətbiq edilməmiş, həmçinin hər-hansı bir digər formada təsir olunmamışdır. Əməlindən peşman olmasını bildirərək, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Abşeron rayon Polis İdarəsinin X3 Cinayət Axtarışı üzrə baş əməliyyat müvəkkili vəsifəsində işləyir, polis kapitanıdır. 21 dekabr 2023-cü il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan və Abşeron rayonu, Mehdiabad qəsəbəsi, “Mehdiabad Gənclər Şəhərciyi” yaşayış kompleksi, bina 9, mənzil 64 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silahı əldə etməsi, saxlaması, daşıması və üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumatın yoxlanılması üçün əməliyyat tədbirlərinin həyata keçirilməsinə icazə verilməsi ilə əlaqədar o, raportla bölmə rəhbərliyinə müraciət etmiş, müvafiq icazə verildikdən sonra əməliyyat qrupunun üzvü ondan, Abşeron rayon Polis İdarəsinin X3 sahənin polis nəfəri polis serjantı Şahid2 ibarət əməliyyat qrupunun yaradılması ilə bağlı qərar qəbul edilmiş və adı qeyd olunan polis əməkdaşları ilə bir yerdə əməliyyat tədbirləri keçirmişlər. Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində xx.xx.2023-cü il tarixdə saat 12:50 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində məlumatda zahiri əlamətlərinə uyğun gələn şəxs Təqsirləndirilən şəxs yaxınlaşaraq, özlərini təqdim edib xidməti vəsiqə göstərib polis əməkdaşı olduqlarını bildirib şəxsiyyətini təsdiq edən sənədin olub-olmamasını soruşmuşlar. Həmin şəxs üzərində hər hansı bir sənədinin olmadığını bildirərək, adının Təqsirləndirilən şəxs olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq odlu silah və həmin silaha aid güllələri gəzdirdiyini biildirdikdə sonuncu üzərində qanunsuz olaraq odlu silah hesab edilən makarov tipli tapança və həmin silaha aid güllələr olan daraq olduğunu bildirmişdir. Daha sonra arxa tərəfdən şalvarına keçirdiyi makarov tipli tapançanı və həmin silaha aid güllələri olduğunu bildirdikdə, onu saxlayaraq Abşeron rayon polis idarəsinin X6 dəvət etmişlər. Bölmədə şəxsiyyəti müəyyən edilərkən məlum olmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Polis Bölməsinə gətirildikdən sonra ona hüquqlarını müdafiə etmək üçün Təqsirləndirilən şəxs dəvət olunmuş müdafiəçiyə etiraz etməmişdir. Bölmə rəhbərliyinin göstərişinə əsasən həmin şəxsin üzərində şəxsi axtarış aparılması və sənədləşmə üçün təhqiqatçı ayrılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, orada olan şəxslərin iştirakı ilə video çəkiliş vasitəsi ilə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmağa başlanmışdır. Şəxsi axtarışa başlamazdan öncə şübhəli şəxsə hüquq və vəzifələri izah olunmuş. üzərində hər hansı qeyri-qanuni və ya qanuni nə varsa təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın arxa tərəfdən kəmər hissəsinə keçirtdiyi 1 (bir) ədəd “Makarov PM” markalı tapançanı, 05 (beş) ədəd həmin tapançaya məxsus güllələri və bir ədəd darağını çıxardaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi silaha keçirilən baxış zamanı üzərində «BE-1825Л» nömrəsi olan «Makarov» konstruksiyalı “PM” modelli yivli odlu silah hesab olunan tapança, hər biri 9x18 mm kalibrli olmaqla döyüş sursatı olan 05 ədəd Makarov (PM) və Steçkin (APS) konstruksiyalı silahların ştat patronları və həmin silahın komplekt hissəsi olan zavod üsulu ilə istehsal olunmuş, 08 ədəd 9x18 mm kalibirli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, istifadəyə yararlı darağı olduğu müəyyən edildi. Təqsirləndirilən şəxs həmin silahı və güllələri haradan və nə zaman əldə etdiyi soruşulduqda o, aşkar olunmuş həmin əşyaları 15-20 gün əvvəl yəni 1-2 dekabr tarixlərində Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən məişət tullantıları atılan "Turbalıq” kimi tanınan yerdən tapdığını, yenidən həmin “turbalıq” adlanan ərazidə bir qədər irəlidə gizlətməsini etiraf etmişdir. Onun silahı gizlətməkdə məqsədi həvəsinin olması və marağı olduğu üçün olmuşdur. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 (bir) ədəd “Makarov PM” markalı tapançanı, 05 (beş) ədəd həmin tapançaya məxsus güllələri və bir ədəd darağını cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, bir ədəd ağ rəngli kağız zərfə bükülərək qablaşdırılıb götürülmüşdür. Bundan sonra şəxsi axtarışın çəklişi təhqiqatçı tərəfindən dayandırılmışdır. Məhkəmə iclasına dəvət edilmiş şahid Abşeron RPl-nin X3 polis nəfəri polis serjantı, Şahid2 digər Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: - “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayt əməllərini ifşa etmək məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır. - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, 21 dekabr 2023-cü il tarixdə, saat 13:10 dəqiqədə Təqsirləndirilən şəxs CM-nin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. - “Şəxsi axtarış və götürülməsi haqqında” 21 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli şalvarının arxa tərəfdən kəmər hissəsinə keçirtdiyi bir ədəd üzərində 01 ədəd üzərində «BE-1825Л» nömrəli, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, 9 mm kalibrli, texniki cəhətdən saz və atəş üçün yararlı bir ədəd «Makarov» konstruksiyalı “PM” modelli yivli odlu silah hesab olunan tapançanı; 05 ədəd zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş 9x18 mm kalibrli olmaqla Makarov(PM) və Steçkin(APS) konstruksiyalı döyüş sursatı olan atəş üçün yararlı patronları və 01 ədəd zavod üsulu ilə istehsal olunmuş, 08 ədəd 9x18 mm kalibirli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsi olan bir ədəd darağı aşkar edilərək götürülmüşdür. - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 21 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilərək, ibtidai istintaqı aparılmışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistk Tədqiqatlar İdarəsinin məhkəmə-ballistik ekspertizasının 21 dekabr 2023-cü il tarixli, 23/1164 saylı rəyinə əsasən müəyyən edilmişdir:

1. Tədqiqata təqdim edilmiş təqdiqata təqdim edilmiş 01 ədəd «BE-1825Л» №-li silah zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 9 mm kalibrli Makarov konstruksiyalı PM modelli tapançadır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində sonradan silahın təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmişdir.

2. Tədqiqata təqdim edilmiş 05 ədəd patronlar zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş 9x18 mm kalibrli olmaqla, Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançaların ştat patronlarıdır, döyüş sursatıdırlar və atəş üçün yararlıdırlar.

3. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsidir-darağıdır, texniki cəhətdən sazdır və istifadə üçün yaralıdır.

4. Eksperimental atəşlər zamanı əldə olunmuş güllə və gilizlər DİN-in KTİ-də yerləşən “güllə-giliz” kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə- gilizlərlə müqayisə edilib nəticəsi haqqında Sizə əlavə məlumat veriləcəkdir.

5. Qeyd: Təqdim edilmiş 05 ədəd 9x18 mm kalibrli patronlardan 03 ədədi eksperimental atəşlər zamanı istifadə olundu. - “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. - Abşeron Rayon Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli, 4(012)-998/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 21 dekabr 2023-cü il tarixdən hesablanmaqla barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli arayışdan aydın olur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır; - “Cinayət işi üzrə maddi sübut kimi tanınma haqqında” 05 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 21 dekabr 2023-cü il tarixdə götürülmüş, 01 ədəd zərfdə möhürlənmiş 01 ədəd üzərində «BE-1825Л» nömrəli zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 9 mm kalibrli texniki cəhətdən saz və atəş üçün yararlı bir ədəd Makarov konstruksiyalı PM modeli yivli odlu silah hesab olunan tapança, 02 ədəd 9x18 mm kalibrli olmaqla Makarov (PM) və Steçkin (APS) konstruksiyalı döyüş sursatı olan atəş üçün yararlı patronlar və 08 ədəd 9x18 mm kalibirli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsi olan 01 ədəd daraq iş üzrə maddi sübut qismində tanınmış və saxlanılmasından ötrü Abşeron RPİ-nin X7 Otağına Təhvil verilmişdir. - Abşeron Rayon Məhkəməsinin 08 aprel 2024-cü il tarixli, 1(012)-631/2024 saylı məhkəmənin hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. - Laçın rayon İcra Hakimiyyəti başçısının Laçın Şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş 19 fevral 2024-cü il tarixli 5- 64/1-3-2-117/2024 nömrəli məktubdan və həmin məktuba əlavə edilmiş arayış və xasiyyətnamədən görünür ki, nümayəndəliyin ev təsərrüfatlarının uçotu kitabında göstərilmişdir ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanında pasport qeydiyyatında olmaqla hazırda ünvan 5 ünvanında 4 nəfər ailə üzvləri ilə birlikdə qeydiyyatda olmaqla yaşayır. Həmin tarixli arayışdan görsənir ki, o Laçın rayonundan məcburi köçükündür. xx.xx.1979-cu il təvəllüdlü anası X1, xx.xx.1996-cı il təvəllüdlü bacısı X2 və xx.xx.1999-cu il təvəllüdlü qardaşı X5 ilə birlikdə qeydiyyatdadır. Təqsirləndirilən şəxs ərazidə yaşadığı müddət ərzində özünü nizamintizamlı aparmış, sakinlərin hörmətini qazanmış, cinayət xarakterli əməllər törətməmişdir. Onun barəsində Nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Bundan başqa həmin xasiyyətnamə göstərilmişdir ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. - Abşeron Rayon Məhkəməsinin 1(012)-470/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cinayət işinin materiallarında olan DVD diskinə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli şalvarının arxa tərəfdən kəmər hissəsinə keçirtdiyi bir ədəd üzərində 01 ədəd üzərində «BE-1825Л» nömrəli, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, 9 mm kalibrli, texniki cəhətdən saz və atəş üçün yararlı bir ədəd «Makarov» konstruksiyalı “PM” modelli yivli odlu silah hesab olunan tapançanı; 05 ədəd zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş 9x18 mm kalibrli olmaqla Makarov (PM) və Steçkin (APS) konstruksiyalı döyüş sursatı olan atəş üçün yararlı patronları və 01 ədəd zavod üsulu ilə istehsal olunmuş, 08 ədəd 9x18 mm kalibirli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsi olan bir ədəd darağı aşkar edilərək götürülmüşdür. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər:

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndi ilə məhkəmələrə izah edilmişdir ki, Cinayət Məcəlləsinin 228.1-ci maddəsində odlu silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz əldə edilməsi dedikdə, onların satın alınması, başqa əmlakla və ya əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, habelə qeyd olunan predmetlər tapıldıqda, onların mənimsənilməsi və s. hərəkətlər başa düşülür. Odlu silahın və bu cinayətin digər predmetlərinin qanunsuz gəzdirilməsi dedikdə, onların təqsirli şəxsin bilavasitə paltarlarında, bədəninin üstündə olması, eyni zamanda çantada, portfeldə və s. əl yükündə gəzdirilməsi başa düşülməlidir. Beləliklə, təqsirləndirilən Təqsirləndirilən şəxs özünün etirafı, toplanmış və məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD diskdə olan video görüntüyə, ekspert rəyləri, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri ilə və digər iş materialları ilə tam sübuta yetirilir. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2ci, 58.1-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, yaşını, eləcə də, cəzanı yüngülləşdirən və ya ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə əməli Abşeron Rayon Məhkəməsinin 06 may 2024-ci il tarixli, 1(012)-470/2024 saylı hökmü qanuni qüvvəyə minməmişdən əvvəl törətdiyinə görə, həmin hökmlə təyin edilmiş 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki iş üzrə təyin ediləcək cəza ilə qismən toplanılmaqla təqsirləndirilən şəxsə cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Azərbaycan Respublikası CM-nin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulan qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olması müəyyən edilərsə və əgər cinayətlər birinci və ikinci hökmlərlə Azərbaycan Respublikası CM-nin eyni maddəsi ilə tövsif olunmuşdursa, qəti cəza həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən təyin edilir. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilməli, hazırkı iş üzrə cinayət əməlinin Abşeron Rayon Məhkəməsinin 06 may 2024-ci il tarixli, 1(012)-470/2024 saylı hökmü qanuni qüvvəyə minməmişdən əvvəl törədildiyi müəyyən olunduğundan, həmin hökmlə təqsirləndirilən şəxsə təyin olunmuş 06 ay müddətə azadlıqdan məhrumetmə cəzası, hazırki hökmlə ona təyin ediləcək cəza ilə həmin Məcəllənin 66.5-ci maddəsində nəzərdə tutulan qaydada cinayətlərin məcmusu üzrə qismən toplanılmaq yolu ilə ona qəti cəza təyin edilməli və həmin hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan Məcəllənin 353.4-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair digər cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu 02 gün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli isə həbsdə alındığı vaxtdan – 21 dekabr 2023-cü il tarixdən hesablanmalı, həmçinin, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) müsadirə edilməlidir. Cinayət işi üzrə şəxsi axtarışın gedişatını əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, həmçinin iş üzrə maddi sübut kimi tanınmış və Abşeron rayon Polis İdarəsinin Maddi X4 saxlanılan 01 ədəd üzərində «BE-1825Л» nömrəli, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 9 mm kalibrli texniki cəhətdən saz və atəş üçün yararlı bir ədəd Makarov konstruksiyalı PM modeli yivli odlu silah hesab olunan tapança, 02 ədəd 9x18 mm kalibrli olmaqla Makarov (PM) və Steçkin (APS) konstruksiyalı döyüş sursatı olan atəş üçün yararlı patronlar və 08 ədəd 9x18 mm kalibirli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsi olan 01 ədəd daraq hökm qanuni qüvvəyə mindikdən sonra xüsusi müsadirə edilərək, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesablaşma hesabına köçürülməlidir. Cinayət işi üzrə mülki iddia, məhkəmə xərci və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

H Ö K M E T D İ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(012)470/2024 saylı hökmü ilə təyin edilmiş 06 (altı) ay müddətində azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılsın və ona qəti olaraq 02 il (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs digər cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu 02 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanmaqla ona hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzanın əvvəli 21 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. “İş üzrə maddi sübut kimi tanınmış və Abşeron Rayon Polis İdarəsinin Maddi X4 saxlanılan 01 ədəd üzərində «BE-1825Л» nömrəli, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 9 mm kalibrli texniki cəhətdən saz və atəş üçün yararlı bir ədəd Makarov konstruksiyalı PM modeli yivli odlu silah hesab olunan tapança, 02 ədəd 9x18 mm kalibrli olmaqla Makarov (PM) və Steçkin (APS) konstruksiyalı döyüş sursatı olan atəş üçün yararlı patronlar və 08 ədəd 9x18 mm kalibirli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsi olan 01 ədəd daraq hökm qanuni qüvvəyə mindikdən sonra xüsusi müsadirə edilərək, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. 01 (bir) ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə mülki iddianın, xüsusi müsadirə edilməli və üzərinə həbs qoyulmuş əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir

Sədrlik edən: Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar