Məhkəmə qərarları › İş №1(012)-632/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-632/2024

25.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-632/2024 25.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X1 iştirakı ilə xx.xx.1987-ci ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmayan, işləməyən, Şamaxı rayonu, Çarhan kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Qaradağ rayonu, Müşviqabad qəsəbəsi, yataqxana 1, mənzil 23-də yaşayan və barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 22 yanvar 2024-cü il tarixdə Abşeron rayonu, 28 May qəsəbəsində istintaqa məlum olmayan mənbədən 01 ədəd nömrəsi silinmiş SSRİ dövlətində istehsal olunmuş texniki cəhətdən saz və atəş üçün yararlı olan 9 mm kalibrli, “Makarov” konstruksiyalı PM modelli yivli odlu silah olan tapançanı, 04 ədəd zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş, 9x18 mm kalibirli olmaqla, təyinatı üzrə istifadə və atəş üçün yararlı döyüş sursatı hesab olunan patronları və bir ədəd zavod üsulu ilə istehsal olunmuş texniki cəhətdən saz, təyinatı üzrə istifadə üçün yararlı olan Makarov və Steçkin konstruksiyalı tapançaların komplekt hissəsi hesab edilən 1 ədəd darağı qanunsuz olaraq əldə edib Abşeron rayonu Hökməli qəsəbəsinə daşımış, saxlamış və üzərində gəzdirmiş, 24 yanvar 2024-cü il tarixdə saat 24:00-da Abşeron RPİ-nin Qobu polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı üzərində qanunsuz olaraq odlu silah saxlamaqda şübhəli bilinərək Abşeron rayonu Hökməli qəsəbəsi, Koroğlu küçəsində saxlanıb, Abşeron RPİ-nin Qobu polis bölməsinə gətirilmiş və polis bölməsinin inzibati binasında xx.xx.2024-cü il tarixdə saat 02:00-dan, saat 02:10dək üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli köynəyin altında, ağ rəngli şalvarının bel hissəsinə taxaraq gəzdirmiş 01 ədəd nömrəsi silinmiş texniki cəhətdən saz və atəş üçün yararlı olan 9 mm kalibrli, “Makarov” konstruksiyalı PM modelli yivli odlu silah olan tapançanı, 04 ədəd 9x18 mm kalibirli olmaqla, təynatı üzrə istifadə və atəş üçün yararlı döyüş sursatı olan patronları və bir ədəd Makarov konstruksiyalı tapançaların komplekt hissəsi hesab edilən 01 ədəd darağ aşkar olunaraq götürülmüşdür. Məhkəmə baxışında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilərək, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, əməlindən peşiman olduğunu, cəza təyinində bunun nəzərə alınmasını məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs ibtidai istintaqda dindirilərkən özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, anket məlumatlarında qeyd etdiyi ünvanda ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Təxminən 22 yanvar 2024-cü il tarixdə Abşeron rayonu, 28 may qəsəbəsində dəmir yolunun kənarında sellofanın içərisində bir ədəd qara rəngli odlu silah olan tapança və dörd ədəd patron tapmış və həmin odlu silahı yaşadığı evə aparıb gizlətməklə saxlamışdır. xx.xx.2024-cü il tarixdə həmin odlu silahı götürüb Abşeron rayonu, Hökməli qəsəbəsində üzərində gəzdirərkən polis əməkdaşları yaxınlaşaraq özlərini təqdim etdikdən sonra onu saxlayıb hüquq və vəzifələri izah edilməklə üzərində odlu silah saxlamaqda şübhəli bilindiyindən onlarla birlikdə Abşeron RPİ-nin Qobu PB-nə dəvət etmişlər və bölmədə üzərində tapança olmasını demişlər. Abşeron RPİ-nin X3 xidməti otaqların birində video çəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmiş və üzərinə şəxsi axtarış keçirilərkən üzərimdə saxlanılması və ya gəzdirilməsi qadağan edilmiş hər hansı əşya və ya predmet olub-olmadığı soruşulmuşdur.Həmin vaxt əynində olan qara rəngli köynəyinin altında saxladığı və ağ rəngli cins şalvarımın bel hissəsinə keçirtdiyi bir ədəd qara rəngli, odlu silah olan tapançanı və tapançanın sandıqçasında olan, həmin tapançaya aid 4(dörd) ədəd patronlarını təqdim etmişdir. Həmin əşyanın odlu silah olan tapança olmaqla, təxminən xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, 28 may qəsəbəsində dəmir yolunun kənarında həmin dörd ədəd patronla birlikdə yerdən tapmışdır. xx.xx.2024-cü il tarixdə axşam saatlarında Abşeron rayonu, Hökməli qəsəbəsində belinə taxıb gəzdirərkən polis əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirilərkən də, tapança üzərində olmuşdur. Bundan sonra həmin təqdim etdiyi silah-sursat qablaşdırılaraq möhürlənmişdir. O da həmin qablaşdırılmış bağlamanı və bununla əlaqədar tərtib olunmuş protokolu imzalamış və saxlanılan zaman polis əməkdaşları tərəfindən ona heç bir fiziki və psixi zor tətbiq edilməmişdir.Tapançanı tapıb evdə və üzərində saxlayarkən ailə üzvlərinin və ya kənar şəxslərin məlumatı olmamışdır. Sonda o, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını tutuduğu əməldən peşman olmasını əsas gətirərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin Qobu PB-nin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində göstərdi ki, Abşeron RPİnin Qobu PB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs oğu qanunsuz olaraq odlu silah əldə edib saxlaması, daşıması və gəzidirməsi ilə məşğul olması barədə etimad doğuran məlum və qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Daxil olmuş məlumatın yoxlanlması məqsədi ilə, 24 yavar 2024-cü il tarixdə əməiyyat qrupunun yaradıması üçün Qobu PB-in rəisinə raportla müraciət etmiş və əməliyat qrupu yaradılmışdır. Özü qrup rəhbəri omaqa və qrup üzvü isə baş əməiyya müvəkkili Şahid2 təyin olunmuşdur. xx.xx.2024-cü il tarixdə əməliyyat tədbiri keçirilmişlər və saat 24:00 da Təqsirləndirilən şəxs Abşeron rayonu Hökməli qəsəbəsində dəmir yolunun kənarında olduğunu müəyyən etmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edib üzərində qanunsuz olaraq odlu silah gəzdirməkdə şübhəli oduğu üçün birlikdə Qobu PB-nə gəlməsini ona bidirmişlər. Təqsirləndirilən şəxs ehtraz etməmiş və birikdə Abşeron RPİ-in Qobu PB-ə gəlmişlər. Qobu PB-də xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, daha sonra dəvət olunmuş vəkilin və digər şəxslərin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmazdan əvvəl Təqsirləndirilən şəxs Əiseyran oğluna gizlətdiyi silah yaxud dövriyyəsi qadağan olunmuş hər hansı əşya varsa, təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs həmin vaxt əynində olan qara rəngli köynətyin atında əyində olan ağ rəngli cins şalvarın bel hissəsinə kecirmiş bir ədəd tapançanı, bir ədəd tapanca darağı və 4 ədəd patronları ilə birikdə təqdim etmiş və həmin tapança götürülmüşdür. Baxış zamanı video çəkiliş aparılmış və silah sursat qablaşdırılaraq möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 analoji ifadə verməklə Şahid1 dediklərini təsdiq etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonskinin-Rusiyaya qarşı” iş üzrə xx.xx.2006-cı il tarixli, həmçinin “Saidinin-Fransaya qarşı” iş üzrə xx.xx.1993-cü il tarixli qərarlarında izah edilir ki, “sübutların mümkünlüyü” daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində və məhkəmə istintaqı zamanı əldə edilən, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilən şahid ifadələri də məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Məhkəmə Avropa İnsan Hüquqları Məhkəməsinin bu presedentlərinin şərhləri baxımından ibtidai araşdırma mərhələsində və istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 və Şahid2 ifadələrini ittihamın mahiyyəti üzrə sübut növləri kimi qəbul edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı nümayiş etdirilərək tədqiq edilmiş, iş üzrə maddi sübut 1 ədəd “DVD” formatlı diskə yazılmış videogörüntülərdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli köynəyin altında, ağ rəngli şalvarının bel hissəsinə taxaraq gəzdirmiş 01 ədəd nömrəsi silinmiş texniki cəhətdən saz və atəş üçün yararlı olan 9 mm kalibrli, “Makarov” konstruksiyalı PM modelli yivli odlu silah olan tapançanı, 04 ədəd 9x18 mm kalibirli olmaqla, təynatı üzrə istifadə və atəş üçün yararlı döyüş sursatı olan patronları və bir ədəd Makarov konstruksiyalı tapançaların komplekt hissəsi hesab edilən 01 ədəd darağ aşkar edilərək götürülməsi öz təsdiqini tapmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş Azərbaycan Respublikası DİN-nin KTİ-si tərəfindən verilmiş 25 yanvar 2024-cü il tarixli, 24/183 nömrəli №-li məhkəmə-ballistik ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd №-si silinmiş silah, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 9mm kalibirli “Makarov” konstruksiyalı PM modeli tapançadır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə və mexanizimlərinin üzərində sonradan silahın təynatı dəyişdirən heç bir əlavə dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 04 ədəd patron zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş 9x18 mm kalibirli olmaqla, makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançaların ştat patronlarıdır, döyüş sursatıdırlar, təynatı üzrə istifadəyə və ataş üçün yaralıdır. Tədqiqata təqdim edilmiş 01 ədəd zavod üsulu ilə istehsal olunmuş, 08 ədəd 9x18 mm kalibirli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibirli Makarov konstruksiyalı tapançaların komplekt hissəsidir –darağıdır, texniki cəhətdən sazdır və təynatı üzrə istifadə üçün yararlıdır, döyüş sursatı hesab edilmir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd №-si silinmiş silah, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 9mm kalibirli Makarov konstruksiyalı PM modeli texniki cəhətdən saz və atəş üçün yararlı, yivli odlu silah olan tapança, 01 ədəd istifadəyə yararlı darağı və 04 ədəd patronları mühüm sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanılması üçün Abşeron RPİnin anbarına təhvil verilmişdir. İş materiallarında olan 25 yanvar 2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli gödəkçənin və qara rəngli köynəyin altında əynində olan ağ rəngli şalvarın sağ bel nahiyyəsində gizlətdiyi bir ədəd qara rəngli tapançanı, tapancanın darağı və 4 ədəd tapancaya aid patronları təqdim etməsi və həmin tapanca, tapançanın bir ədəd darağı və 4 ədəd tapançaya aid patronları aşkar edilərək götürülmüş və keçirilmiş istintaq hərəkətinin görüntüsü olan 01 ədəd DVD disk protokola əlavə edilmişdir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Xidməti və mülki silah haqqında” Qanun) 2-ci maddəsinin 8-ci bəndinə görə odlu silah - barıtın və ya digər alışan maddələrin yanmasından yaranan enerji hesabına mərmisi istiqamətlənmiş hərəkət edərək müəyyən məsafədən hədəfi mexaniki zədələmək və ya sıradan çıxarmaq təyinatına malik olan silahdır. Sözügedən Qanunla bütün xidməti və mülki silahların, o cümlədən odlu silahın dövriyyəsi ilə bağlı qadağan olunan hərəkətlərin dairəsi müəyyənləşdirilmiş, onun əldə edilməsi, gəzdirilməsi və ondan istifadə edilməsi, habelə onun istehsalı və satışı müvafiq icazənin alınması ilə şərtləndirilmişdir (“Xidməti və mülki silah haqqında” Qanunun 3, 8 və 9-cu maddələri). Bu Qanun və digər müvafiq qanunvericilik aktları ilə müəyyən olunmuş qaydaların pozulması isə məsuliyyətin yaranmasına səbəb olur. Belə ki, qeyd olunan Qanun xidməti və mülki silahın yalnız dövriyyəsi ilə bağlı hüquqi münasibətləri tənzimləyir, odlu silahla qanunsuz hərəkətlərə görə məsuliyyət isə digər qanunlar, o cümlədən cinayət məsuliyyəti cinayət qanunu ilə müəyyən edilir. Belə məsuliyyətin növlərindən biri kimi CM-in 228-ci maddəsi çıxış edir. Həmin maddəyə əsasən “qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə” cinayət əməlini təşkil edir. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə” məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli 2 №-li qərarında göstərilmişdir ki, CM-nin 228.1-ci maddəsində silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz əldə edilməsi dedikdə, onların satın alınması, başqa əmlakla və ya əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, habelə, tapılmış qeyd olunan predmetlərin mənimsənilməsi və s. hərəkətlər başa düşülür. Bu cinayətin predmetlərinin qanunsuz saxlanılması dedikdə, onların binalarda, gizli saxlanc yerlərində, habelə mühafizəsi təmin edilən və üzərində zəruri nəzarət həyata keçirilən digər yerlərdə saxlanılması başa düşünülməlidir. Həmin predmetlərin qanunsuz daşınması dedikdə, onların yerinin dəyişdirilməsi ilə istənilən üsulla qəsdən edilən hər hansı bir hərəkət başa düşülməlidir. Odlu silahın və bu cinayətin digər predmetlərinin qanunsuz gəzdirilməsi dedikdə, onların təqsirli şəxsin bilavasitə paltarlarında, bədənin üstündə olması, eyni zamanda çantada, portfeldə və s. predmetlərdə gəzdirilməsi başa düşülməlidir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliyi özünün ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspert rəyi, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də o, təqsirli olduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinib sanksiyası həddində cəzalandırılmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cüiltarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət Qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilirki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.4-cü maddəsinə əsasən, məhkəmənin hökmü o halda qanuni hesab edilir ki, o, Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmış olsun. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, habelə məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Qeyd olunan Məcəllənin 351.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən ittiham hökmü məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq və təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək çıxarıla bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.1996-cı il tarixli 4 №-li qərarının 4-cü bəndində nəzərdə tutulmuş tövsiyyələrdən görünür ki, Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra, mötəbər sübutlar əsasında çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. İş materiallarında olan Daxili İşlər Nazirliynin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin məhkumluq barədə xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İş materiallarında olan Bakı şəhər İH MKTD Qaradağ rayon MKTB 124 saylı MKİS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs hər zaman cəmiyyət içində əxlaq və mədiyyət normalarına riayət etmiş, böyüklərə hörmət, kiçiklərə isə diqqət yetirmişdir. Yaşadığı müddət ərzində onun barəsində şikayət daxil olmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, törədilmiş cinayətin xarakteri və icitimai təhlükəlilik dərəcəsini,təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzasını ağırlaşdıran və yüngülləşdirən halın olmamasını, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəzanın ona tərbiyəedici və xəbərdaredici təsir göstərməyəcəyini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Ona görə də, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə xx.xx.2024-cü il tarixdə 01:40 radələrində şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(012)-82/2024 saylı qərarı ilə barəsində 03 (üç) ay müddətə “həbs” qətimkan tədbiri seçilmiş və məhkəmə tərəfindən həmin qətimkan tədbiri qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilənşəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs bu vaxta qədər həbsdə saxlanıldığı müddət nəzərə alınaraq cəza müddətinə daxil edilməli və onun cəzaçəkmə müddətinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. İş üzrə maddi sübut olan və Abşeron RPİ-nin maddi sübutların saxlanc anbarında saxlanılan 01 ədəd №-si silinmiş silah, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 9 mm kalibirli Makarov konstruksiyalı PM modeli texniki cəhətdən saz və atəş üçün yararlı, yivli odlu silah olan tapança, 01 ədəd istifadəyə yararlı darağı və ekspertiza tədiqatından sonra qalıq qalmış 02 ədəd patron Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddələrinə əsasən xüsusi müsadirə olunmalı və hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. Bundan əlavə, maddi sübut olan Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman qeydə alınmış videogörüntüləri özündə əks etdirən 1 ədəd “DVD” formatlı disk cinayət işində saxlanmalıdır. Hökmün icrası Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına, Abşeron rayon Polis İdarəsinə və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs məhkəmə zamanı 30 (otuz) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut olan və Abşeron RPİ-nin maddi sübutların saxlanc anbarında saxlanılan 01 ədəd №-si silinmiş silah, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 9 mm kalibirli “Makarov” konstruksiyalı PM modeli texniki cəhətdən saz və atəş üçün yararlı, yivli odlu silah olan tapança, 01 ədəd istifadəyə yararlı darağı və ekspertiza tədiqatından sonra qalıq qalmış 02 ədəd patron xüsusi müsadirə olunsun və hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. İş üzrə maddi sübut olan 1 ədəd “DVD” formatlı disk cinayət işində saxlanılsın. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına, Abşeron rayon Polis İdarəsinə və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə zamanı 30 (otuz) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X2 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar