Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-633/2024 20.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı Müdafiəçi: Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1986-cı il tarixdə Abşeron rayonunun, Hökməli qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində "ev dustaqlığı" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 06:30 radələrində Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən duz gölünün yaxınlığında istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəffaf sellofan kəsiyi bükümündə, 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı»na daxil edilmiş bir ədəd bükümdə çəkisi 1,341 qram olan xeyli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini 15 manat müqabilində əldə edib daşıyaraq üzərində saxlamış, həmin gün saat 07 radələrində Abşeron rayon polis idarəsinin Saray polis bölməsinin əməkdaşları Abşeron rayonu, Novxanı kəndi ərazisində xidmətdə olduqları zaman o, özünü şübhəli apardığına görə Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən duz gölünün yaxınlığında saxlanılaraq Abşeron rayon polis idarəsinin Saray polis bölməsinə gətirilib həmin gün saat 08-35-dən saat 08:43-ə kimi xidməti otaqların birində üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan gödəkçəsinin sağ yan cibində həmin bir ədəd bükümdə 1,341 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Cinayət işinin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərdi ki, o, baş vermiş hadisədən 2-3 ay əvvələdək narkotik vasitə olan heroin istifadəçisidir. 22 dekabr 2023-cü il tarixdə, saat 06:30 radələrində o, Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən duz gölünün yaxınlığında olduğu zaman tanımadığı şəxsdən 15 manat müqabilində bir büküm narkotik vasitə olan heroin alaraq, istifadə etmək məqsədi ilə üzərində saxlamışdır. Bundan sonra o, həmin yerdən təxminən 150-200 metr qabağa irəliləyərək, evə getmək üçün avtobus gözləyən zama 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq, özlərubu təqdim edib, onun anket məlumatlarını soruşmuşlar. O, həmin vaxt polis əməkdaşlarına şəxsiyyəti barədə məlumatlarını bildirsə də etdiyi hərəkətlər onlarda şübhə doğurmuşdur. Belə ki, həmin vaxt polis əməkdaşları ona narkotok vasitələrin və psixotrop maddələrin qəbulu ilə məşğul olmağından, həmçinin üzərində narkotik vasitə və ya psixotrop maddə saxladığından şübhələndiklərini bildirib, onu Abşeron rayon polis idarəsinin Saray polis bölməsinə dəvət etmişlər. O, da etiraz etməyib polis əməkdaşları ilə birlikdə Abşeron RPİnin Saray PB-nə getmişdir. İlk olaraq bölmənin xidməti otaqlarının birində dəvət olunmuş müdafiəçinin iştirakı ilə təhqiqatçı tərəfindən ona şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunmuş, daha sonra müdafiəçinin iştirakı ilə üzərinə videoçəkiliş vaitəsilə şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində qanunla qadağan olunmuş əşya, predmet, narkotik vasitə, psixotrop maddə varsa təqdim etməyi təklif olunduqda o, üzərində narkotik vasitə olan heroin olduğunu bildirərək, əynində olan gödəkçəsinin sağ yan cibindən 1 ədəd şəffaf sellofan parçasına bükülmüş bükümü təqdim etmiş və həmin bükümdə narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Sorğu zamanı o, narkotik vasitə heroini həmin gün, yəni xx.xx.2023-cü il tarixdə saat 06:30 radələrində Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən duz gölünün yaxınlığında olduğu zaman tanımadığı şəxsdən 15 manat müqabilində alaraq, daha sonra istifadə etmək məqsədilə öz üzərində saxladığını bildirmişdir. Onun üzərindən aşkar olunmuş həmin bir büküm narkotik vasitə ekspertizaya göndərilməsindən ötrü kağız zərfdə qablaşdırılmış, zərfin üzəri iştirakçılar və onun tərəfindən imzaları ilə təsdiq olunmuş, həmçinin bu barədə protokol tərtib edilərək ucadan oxunmuşdur. O, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə heç vaxt məşğul olmamışdır. Sonda polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki və psixi təsir olunmadığını, etdiyi əməldən peşmançılıq çəkməsini, artıq xeyli müddətdir ki, narkotik vasitə qəbul etmədiyini və himayəsində azyaşlı əlil uşağının olmasını və ailədə yeganə qazanc gətirən şəxs olmasını bildirməklə barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Abşeron rayon Polis İdarəsinin Saray PB-nin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili Şahid1 şahid qismində dindirilərək, ifadəsində göstərdi ki, 22 dekabr 2023-cü il tarixdə Abşeron rayon polis idarəsinin Saray PB-nin sahənin polis nəfəri, polis serjantı Şahid2 ilə birlikdə Abşeron rayonu, Novxanı kəndi ərazisində xidmətdə olarkən təxminən saat 07 radələrində bir nəfər şəxsin “Duz gölü”nün yaxınlığında piyada hərəkət etdiyini və onları görən kimi özünü şübhəli apardığını gördükdə ona yaxınlaşmışlar. Onlar həmin şəxsə özlərini təqdim etdikdən sonra ondan harada yaşadığını və Novxanı kəndi ərazisinə hansı səbəbdən gəldiyini soruşarkən o, verilən sullara qeyri-səmimi cavablar verərək, həmin yerə səbəbsiz yerə gəldiyini bildirib yayınmağa çalışmışdır. Bundan sonra onlar həmin şəxsin üzərində narkotik vasitə və ya psixotrop maddə olduğundan şübhələnib, onlarla birlikdə Abşeron RPİ-nin Saray PB-nə gəlməsini bildirib, onu bölməyə gətirmişlər. Adı sonradan məlum olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinə üçün Abşeron RPİ-nin Saray PB-nin rəisinə raportla müraciət etmiş, daha sonra xidməti otaqlarının birində təhqiqatçı tərəfindən sonuncunun üzərinə videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Dəvət olunmuş müdafiəçinin iştirakı ilə şübhəli şəxsin üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçiriləcəyi bildirikdən sonra ona hüquq və vəzifələri izah edilmişdir. Şübhəli şəxsə ilk olaraq üzərində narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan olunmuş digər əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunduqda, həmin vaxt Təqsirləndirilən şəxs üzərində öz istifadəsi üçün saxladığı narkotik vasitə heroin olduğunu bildirərək, əynində olan gödəkçəsinin sağ yan cibindən şəffaf sellofan kəsiyinə bükülmüş bir ədəd bükümü çıxarıb stolun üstünə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı qanunla dövriyyəsi qadağan olunmuş başqa heç nə aşkar edilməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, onun təqdim etdiyi həmin bir ədəd bükümdəki kütlə narkotik vasitə olan heroindir və o həmin heroini bir qədər əvvəl, yəni xx.xx.2023-cü il tarixdə saat 07 radələrində Abşeron rayonu, Novxanı kəndi ərazisində “Duz gölü”nün yaxınlığında olduğu zaman tanımadığı şəxsdən 15 manat müqabilində əldə edərək, istifadə etmək məqsədilə öz üzərində saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir ədəd bükümdəki narkotik vasitə olan heroinə bənzər kütlə kağız zərfə qoyularaq qablaşdırılıb üzəri imzalanmış və bu barədə protokol tərtib olunmuşdur. O, da protokolda yazılanların doğru olduğunu öz imzası ilə təsdiq etmişdir. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən ifadəsi elan edilməkə tədqiq edilən iş üzrə şahid Abşeron rayon polis idarəsinin Saray PB-nin sahənin polis nəfəri, polis serjantı Şahid2 digər Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:
1. “Şübhəli şəxsin tutulması haqqında” 22 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 08:10 dəqiqədə şübhəli şəxs qismində tutulmuş, tutmanın əvvəli sonuncunun azadlığının faktiki məhdudlaşdırıldığı 22 dekabr 2023-cü il tarixdən, saat 07:00-dan hesablanmışdır;
2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 22 dekabr 2023-cü il tarixli, 3-16-16/2-6/6518 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərlər üçün № 246” dairəvi möhür əksləri “ 1) Təqsirləndirilən şəxs Ə. (imza)” yazıları və imza olan bir ədəd zərfin içərisində 01 ədəd bükümdə təmiz çəkisi 1,341 qram olan tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Tədqiqata təqdim olunmuş heroinin təmiz çəkisi - 1,341 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 1,291 qramdır. Aparılmış tədqiqatın dəyəri 80 manat təşkil edir;
3. “Cinayət işinin başlanması” haqqında 22 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır;
4. “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 23 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir;
5. Abşeron rayon Məhkəməsinin 23 dekabr 2023-cü il tarixli, 4(012)-1000/2023 saylı, qərarı ilə həbsdə saxlanılma müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir;
6. Abşeron rayon Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli, 4(012)-1011/2023 saylı, qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz olunmuşdur;
7. “Maddi sübut kimi tanıma” haqqında 03 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə ümumi təmiz çəkisi 1,341 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin ********* nömrəli cinayət işi üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,291 qram narkotik vasitə heroin işin məhkəmə baxışınadək saxlanılması üçün Abşeron RPİ-nin maddi sübutların saxlanıldığı anbara təhvil verilmişdir;
8. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərəfindən verilmiş 17 yanvar 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2013-cü il tarixdə Abşeron rayon Məhkəməsinin hökmünə əsasən ilə təqsirli bilinərək, 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə ona təyin edilmiş cəzanın çəkilməmiş hissəsini çəkməsi üçün 02 saylı məntəqətipli cəzaçəkmə müəssisəsinə keçirilmiş, 25 yanvar 2016-cı il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Daha sonra o, Abşeron rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 263.2 və 264-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 il 06 ay müddətinə nəqliyyat vasitələrini idarəetmək hüququndan məhrume edilməklə, 06 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 19 dekabr 2017-ci il tarixli qərarı ilə Abşeron rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü dəyişdirilərək, 03 il 06 ay müddətinə nəqliyyat vasitələrini idarəetmək hüququndan məhrume edilməklə, 06 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur.
9. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X4 Ambulator X2 haqqında 28 dekabr 2023-cü il tarixli, 8487 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.
10. “Sübutların qiymətləndirilməsi” haqqında 09 mart 2024-cü il tarixli qərardan görünür ki, iş üzrə təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, şəxsi axtarış və götürmə aparılması haqqında protokol və ona əlavə olunmuş videogörüntülər olan 01 ədəd DVD disk, diskə baxış keçirilməsi haqqında protokol, ekspert rəyləri iş üzrə sübut növü kimi qiymətləndirilmiş, şəxsin üzərindən aşkar edilərək götürülmüş 1 ədəd bükümdə ümumi təmiz çəkisi 1,341 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin xx.xx.2024-cü il tarixdə ********* nömrəli cinayət işi üzrə madidi sübut kimi tanınması və ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,291 qram narkotik vasitə heroin işin məhkəmə baxışınadək saxlanılması üçün Abşeron RPİ-nin maddi sübutların saxlanıldığı anbara təhvil verilməsi nəzərə alınmışdır.
11. Sumqayıt şəhər Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli, 21-2/3-6500 saylı məktubundan görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 19 dekabr 2017-ci il tarixli qərarı ilə məhkum Təqsirləndirilən şəxs qəti olaraq 03 il 06 ay müddətinə nəqliyyat vasitələrini idarəetmək hüququndan məhrume edilməklə, 06 il müddətinə azadlıqdan məhrumetmə cəzasının əlavə cəzasının çəkilməmiş hissəsi 03 il 06 ay təşkil edir.
12. Abşeron Rayon Məhkəməsinin 1(012)-633/2024 saylı, 09 aprel 2024-cü il tarixli məhkəmə hazırlıq iclasının keçirilməsinə dair qəbul edilmiş qərara əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” haqqında qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır.
Şəxsi axtarış və götürmə aparılması barədə 22 dekabr 2023-cü il tarixli protokol tədqiq edilərkən, həmçinin cinayət işinə əlavə edilmiş DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya və maddə olub-olmaması, olduğu halda könüllü təqdim edilməsi təklif edildikdə o, əynində olan qara rəngli şalvarın arxa sol yan cibində olan 40 (qırx) manat puı və üzərində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 (bir) ədə sellafon bükümü təqdim edərək, içərisində olan kütlənin narkotik vasitə olan heroin olmasını, həmin narkotik vasitəni şəxsi istifadəsi üçün Abşeron rayonu, Novxanı qəsəbəsində, Duz Gölünün yaxınlığında tanımadığı şəxdən 15 manat müqabilində alıb, üzərində saxladığını bildirmişdir.
Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər:
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda narkotik vasitə olan heroinin şəxsi istehlak üçün yuxarı miqdarı 0,15 qram təşkil edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlaması və daşıması cinayətini törətməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD diskdə olan videogörüntü, həmçinin iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək, sübuta yetirilmişdir. Belə olan halda Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Qeyd olunan Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Bu Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, şəxsiyyəti, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində yetkinıol yaşına çatmayan çatmayan əlil uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə onu qeyd edir ki, Təqsirləndirilən şəxs törətdiyi sonuncu əməl üzrə əsas cəzanı cəkib qurtarsa da, lakin sonuncu bugünədək ona təyin edilməsi məcburi olan əlavə cəzasını çəkməmişdir. Qeyd olunan həmin hal, yəni əlavə cəzanın çəkilməməsi residivə görə cəzanın təyin edilməsi zamanı nəzərə alınmadığından həmin hal cinayətlərin residivini yaratmır. Göründüyü kimi Təqsirləndirilən şəxs əməli residiv kimi qiymətlənirilə bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, himayəsində yetkinlik yaşına çatmayan çatmayan əlil uşağının olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, onun davamlı olaraq cinayət əməllərini törətməsini, əvvəllər barəsində qəbul edilmiş cəzalardan nəticə çıxarmayaraq islah olunmamasını, bununla da əvvəlki cəzaların islah təsirinin yetərli olmamasını və cəzanın məqsədinə nail olunmamasını nəzərə alaraq hesab edir ki,cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəllənin 67.1-ci maddəsinə görə hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Qanunvericiliyin göstərilən tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Sumqayıt Apellyasiya Məhkəməsinin 19 dekabr 2017-ci il tarixli qərarı ilə təyin edilmiş 03 il 06 müddətinə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum etmə cəzasının çəkilməmiş hissəsi hazırkı hökmlə təyin edilən azadlıqdan məhrum etmə cəzası ilə tamamilə birləşdirilməli və ona hökmlərin məcmusu üzrə cəza təyin edilməli, əlavə cəza müstəqil icra olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə təqsirləndirilən şəxs barəsindəki qətimkan tədbirinin həlli, cəzaçəkmə müəssisəsinin rejimi və cəzaçəkmə müddətinin əvvəlinin hesablanması məsələləri ilə bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalında dərhal həbsə alınmalı, cəza çəkmə müddətinin əvvəli isə həbsdə alındığı andan – 22 dekabr 2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində hazırkı işlə bağlı Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri Abşeron rayon Məhkəməsinin 4(012)-1011/2023 saylı qərarı ilə “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz olunmuşdur. Ona görə məhkəmə hesab edir ki, cəza müddətinin hesablanması və cəzanın hesaba alınması zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69-cu maddəsinin müddəalarının tətbiqi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X4 Ambulator X2 Ekspert komissiyasının 28 dekabr 2023cü il tarixli, 8487 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək, məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Abşeron RPİ-nin maddi sübutların saxlama otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,291 qram narkotik vasitə-heroin məhv edilməli, iş üzrə 01 ədəd DVD formatlı kompak disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 80 (səksən) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 50 saat üçün nəzərdə tutulan 300 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin, ona 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş cəza Sumqayıt Apellyasiya Məhkəməsinin 19 dekabr 2017-ci il tarixli, 1(105)-506/2017 saylı qərarı ilə təyin edilmiş və çəkilməmiş 03 (üç) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən tam birləşdirilərək, onun üzərində qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətinə “nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə” cəzası müstəqil icra olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 22 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunaraq, dərhal məhkəmə iclas zalından həbs edilsin. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Abşeron Rayon Polis İdarəsinin maddi sübutların saxlanma otağında saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,291 qram narkotik vasitə - heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin İş üzrə 01 (bir) ədəd DVD formatlı kompak disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasını xərci - 80 (səksən) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün İş üzrə mülki iddianın və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 50 saata görə 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən: Abusət Qasımov