Məhkəmə qərarları › İş №1(012)-634/2023

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-634/2023

06.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-634/2023 06.11.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunu vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1989-cu ildə Zərdab rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, Zərdab rayonu, M.Ə.Rəsulzadə küçəsi, ev 13-də qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri, "xxxx" MTK, mənzil 48A-da yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildə saat 18:15 radələrində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, idarə etdiyi “Ford Transit” yük markalı **-XB-*** dövlət qeydiyyat nişanlı avtomobillə yaşayış məntəqəsi hesab edilən Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yeni dairəvi yolla “VAZ” dairəsi istiqamətində 60-70 km/saat sürətlə hərəkətdə olarkən həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı və onun həmin maddənin tələblərinə əməl etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələblərə riayət etməyərək, qarlı-yağışlı yol şəraitində idarəetməni itirərək avtomobili qarşı əks hərəkət zolağına çıxartmış və qarşıdan əks istiqamətdə öz hərəkət zolağı ilə 30 km/saat sürətlə hərəkətdə olan Zərərçəkmiş şəxs2 idarə etdiyi “VAZ-21074” markalı **-NY- *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol hissəst ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə ehtiyatsızlıqdan “VAZ-21074” markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 sağ mil sümüyünün yerdəyişən qapalı sınığı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran, “Ford Transit” yük markalı avtomobilin sərnişini Zərərçəkmiş şəxs1 sol bud sümüyünün orta 1/3-nin qapalı yerdəyişən sınığı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, dostu X4 məxsus «Ford-Transit» markalı **-XB-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə olmadan idarə edir. xx.xx.2023-cü il tarixdə saat 16 radələrində tanışları Zərərçəkmiş şəxs1 və Şahid2 ilə birlikdə həmin Ford-Transit markalı **-XB-*** dövlət qeydiyyat nişanlı avtomobili təmir etdirmək üçün Bakı şəhəri, Balaxanı qəsəbəsinə getmişlər. Avtomobili təmir etdirdikdən sonra həmin gün saat 18 radələrində həmin avtomobillə Niyazi və İlhamla birlikdə Xırdalan şəhərinə gələrkən avtomobili o, idarə etmiş, Niyazi ortada, İlham isə sağda qapı tərəfdə əyləşmişdir. Həmin vaxtı Yeni Saray yolu ilə 50-60 km/saat sürətlə Vaz dairəsi istiqamətində hərəkətdə olan zaman hava qarlı və yağışlı olduğundan idarə etdiyi avtomobil sürüşmüş və əks yola çıxıb əks yolda hərəkətdə olan «VAZ-21074» markalı avtomobillə toqquşmuş, toqquşma zamanı onun idarə etdiyi avtomobildə olan Niyazi və İlham qapının açılması nəticəsində yola yıxılmışlar. Toqquşma zamanı «VAZ-21074» markalı avtomobilin arxası ilə hərəkətdə olan «BMW» markalı avtomobil onun idarə etdiyi avtomobiln arxa hissəsi ilə toqquşmuşdur. Hadisə nəticəsində «VAZ-21074» markalı avtomobilin sürücüsü və onun avtomobilində sərnişin kimi əyləşmiş tanışı Niyazi xəsarət almışlar. Başqa heç kim xəsarət almamışdır. Hadisə zamanı o, avtomobili 50-60 km/saat sürətlə idarə etmiş və spirtli içki qəbul etməmişdir. Sonda o, törətdiyi əməlindən peşmançılıq çəkdiyini bildirərək, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tam olaraq ödəyərək onunla barışıq əldə etdiyini, zərərçəkmiş şəxsin ona qarşı hər hansı şikayət və tələbinin olmadığını nəzərə alaraq onun cinayət məsuliyyətindən azad olunması və cinayət təqibi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 14 radələrində dostu Təqsirləndirilən şəxs və onun tanışı İlhamla birlikdə Bəhruzun idarə etdiyi “Ford- Transit” markalı **-XB-*** dövlət qeydiyyat nişanlı avtomobili təmir etdirmək üçün Bakı şəhəri, Balaxanı qəsəbəsinə getmişlər. Təxminən 2 saat sonra onlar Balaxanı qəsəbəsində təmir sexindən çıxıb Yeni Saray yolu ilə Xırdalan şəhərinə Bəhruzgilə gələrəkən avtomobili Bəhruz idarə etmiş, o, ortada, İlham isə sağda qapı tərəfdə əyləşmişdir. Hava qarlı və yağışlı olduğundan Saray yolunda avtomobil idarə etməni itirmiş və əks yola çıxıb “VAZ-21074” markalı avtomobillə toqquşmuşlar, zərbənin təsirindən Ford markalı avtomobilin qapısının açılması nəticəsində əvvəl İlham sonra isə o, Ford markalı avtomobilin açıq qapısından asfalta yıxılmışlar. Ford markalı avtomobilin arxa sağ təkəri onun sol ayağının üstündən keçmiş və sol ayağından xəsarət almışdır. Onu taksi ilə Bakı şəhərinə X17 aparmışlar və sol ayağından əməliyyat olunmuşdur. Hazırda təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur, ona dəyən maddi ziyan təqsirləndirilən şəxs tərəfindən tam olaraq ödənilmişdir. İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 18:15 radələrində qarlı havada etibarnamə əsasında idarə etdiyi «Vaz-21074» markalı **-NY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Saray qəsəbəsi, yeni dairəvi yolla Novxanı-Masazır yol ayrıcı istiqamətində 30 km/saat sürətlə hərəkətdə olan zaman əks hərəkət zolağı ilə hərəkətdə olan Ford-Transit markalı avtomobil idarə etməni itirib onun hərəkətdə olduğu zolağa çıxmış və sağ ön tərəfi ilə idarə etdiyi avtomobilin sol ön tərəfindən vurmuşdur. Zərbənin təsirindən Ford markalı avtomobil sürüşərək fırlanmış və yenidən idarə etdiyi avtomobilin sol yan tərəfindən toqquşmuşdur. Hadisə nəticəsində sağ qolu sınmış və xəsarət almışdır. Həmin vaxtı onu Bakı şəhərinə xəstəxanaya aparmışlar. O, qeyd etmişdir ki, Ford markalı avtomobil onun idarə etdiyi avtomobillə toqquşduqdan sonra arxada onunla eyni istiqamətdə hərəkətdə olan «BMW» markalı avtomobillə də toqquşmuşdur. Həmçinin hadisə zamanı Ford markalı avtomobildə olan bir nəfər sərnişində xəsarət almışdır. O, ifadəsinə əlavə olaraq göstərmişdir ki, təxminən 10-15 metr məsafədən «Ford markalı avtomobilin idarə etməni itirib onun hərəkətdə olduğu zolağa çıxdığını görmüş, avtomobilində başqa heç kim olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə günorta saatlarında tanışı Bəhruzla birlikdə sonuncunun idarə etdiyi «Ford-Tranzit» markalı **-XB-*** dövlət qeydiyyat nişanlı avtomobili təmir ertdirmək üçün Balaxanı qəsəbəsinə aparmışlar. Həmin vaxtı Bəhruzun tanışı Niyazi də onların yanımızda olmuşdur. Həmin gün saat 17 radələrində Balaxanı qəsəbəsində təmir yerindən çıxıb Xırdalan şəhərinə gələrkən avtomobili Bəhruz idarə etmiş, Niyazi ortada, o, isə sağ tərəfdə əyləşmişdir. Bəhruz avtomobili Saray yolu ilə Vaz dairəsi istiqamətində 50-60 km/saat sürətlə idarə edərkən hava qarlı və yağışlı olduğundan avtomobil sürüşdüyündən Bəhruz idarə etməni itirmiş və əks yola çıxıb «VAZ 21074» markalı avtomobillə toqquşmuş, qapının açılması nəticəsində əvvəl o, sonra isə Niyazi yerə yıxılmışdır. Hadisə nəticəsində Niyazi xəsarət alsada, o, heç bir xəsarət almamışdır. Ford markalı avtomobil «VAZ 21074» markalı avtomobillə toqquşduqdan sonra, əks yolda arxada gələn «BMW» markalı avtomobillədə toqquşmuşdur. O, ifadəsinə əlavə olaraq göstərmişdir ki, hadisə zamanı əvvəl o, sonra isə Niyazi avtomobildən yerə yıxılmış və o, Niyazinin necə xəsarət aldığını görməmişdir. Məhkəmə iclasında şahid kimi dindirilmiş X14 ifadəsində göstərdi ki, «BMW 528İ» markalı **-OX-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsus olsa da, lakin tanışı Şahid1 adına sənədləşmişdir. xx.xx.2023-cü il tarixdə saat 18 radələrində həmin idarə etdiyi avtomobillə Yeni saray yolu ilə Novxanı-Masazır dairəvi yolu istiqamətində 50-60 km/saat sürətlə hərəkətdə olan zaman «Vaz» dairəsi istiqamətində hərəkət edən «Ford Transit» markalı avtomobil onun hərəkətdə olduğu zolağa çıxıb ondan qabaqda gedən «VAZ-21074» markalı avtomobillə toqquşmuş və toqquşmadan sonra «Ford» markalı avtomobil onun idarə etdiyi avtomobilin üzərinə gəlib onun avtomobilinin qabaq hissəsi ilə toqquşmuşdur. Onun avtomobilinin qabaq hissəi əzilərək yararsız hala düşmüşdür. O, qeyd etmişdir ki, «Ford» markalı avtomobil «VAZ-21074» markalı avtomobillə toqquşan zaman «Ford» markalı avtomobildə olan bir nəfər şəxsin qapı açılaraq yerə yıxıldığını və «Ford» markalı avtomobilin həmin yerə yıxılan şəxsin ayağının üstündən keçdiyini görmüşdür. Hadisə zamanı xəsarət almasada avtomobilinə 9710 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında şahid kimi dindirilmiş X5 ifadəsində göstərdi ki, «VAZ-21074» markalı **-NY-*** dövlət qeydiyyat nişanlı avtomobil baş etibarnamə əsasında ona məxsusdur. Həmin avtomobili sürmək üçün etibarnamə əsasında dostu Zərərçəkmiş şəxs2 vermişdir. xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Saray qəsəbəsi, Yeni saray yolunda baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində ona məxsus olan «VAZ-21074» markalı **-NY-*** dövlət qeydiyyat nişanlı avtomobil zədələnmiş və Zərərçəkmiş şəxs2 isə xəsarət almışdır. YNH-i nəticəsində ona məxsus olan «VAZ-21074» markalı **-NY-*** dövlət qeydiyyat nişanlı avtomobilə 3948 (üç min doqquz yüz qırx səkkiz) manat maddi ziyan dəymişdir. İbtidai istintaqda şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, «BMW 582İ» markalı **-OX-*** dövlət qeydiyyat nişanlı avtomobil onun adına qeydiyyatda olsada real sahibi X12r, o, avtomobili xx.xx.2021-ci ildə baş etibranamə əsasında ona satmış, onun həmin avtomobilə dair heç bir iddiası və tələbi yoxdur. Bildiyinə görə Tural Sütiyev xx.xx.2023-cü il tarixdə Saray yolunda həmin avtomobillə YNH-i törətmiş və avtomobilə ziyan dəymişdir. İbtidai istintaqda iş üzrə şahid kimi dindirilmiş X7 ifadəsində göstərmişdir ki, «Ford- Transit» markalı **-XB-*** dövlət qeydiyyat nişanlı avtomobil baş etibarnamə əsasında ona məxsusdur. xx.xx.2023-cü il tarixdə həmin maşını Bakı şəhəri, Balaxanı qəsəbəsində təmirə aparması üçün dostu Təqsirləndirilən şəxs xahiş etmişdir. Bəhruz həmin gün maşını təmir etdirib Xırdalan şəhərinə evinə qayıdan zaman Saray yeni yolunda havanın qarlı və yağışlı olması səbəbindən qəza törətmiş və hadisə zamanı onun avtomobili ilə bərabər iki avtomobil əzilərək zədələnmişdir. Həmçinin yol nəqliyyat hadisəsi zamanı iki nəfər xəsartət almışdır. Bu barədə Bəhruz özü ona demişdir. O, qeyd etmişdir ki, YNH-i zamanı onun «Ford-Transit» markalı **-XB-*** dövlət qeydiyyat nişanlı avtomobilinə ziyan dəysə də onun heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan məhkəmə istintaqında tədqiq edilmiş: İş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 55 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar olunmuş xəsarət sağ mil sümüyünün yerdəyişən qapalı sınığı bərk küt əşyanın təsirindən əmələ gəlmişdir, xx.xx.2023-cü il tarixdə salonunda olduğu minik avtomobilinin digər minik avtomobili ilə toqquşması nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığı uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. İş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 18/Ə nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar olunmuş xəsarət sol bud sümüyünün orta 1/3-nin qapalı yerdəyişən sınığı bərk küt əşyanın təsirindən əmələ gəlmişdir, xx.xx.2023-cü il tarixdə salonunda olduğu minik avtomobilinin digər minik avtomobili ilə toqquşması nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığı uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Cinayət işi üzrə təyin edilmiş məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizasının 27 mart 2023cü il tarixli 8/636 saylı rəyindən görünür ki, “Ford Transit” markalı ** XB *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Məmmədov avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətindən yüksək, 70 km/saat sürətlə idarə etməsi şəraitində onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Abşeron RPİ-nin DYPŞ-dən alınmış məktubdan məlum olur ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməsi və ya sürücülük hüququnun məhdudlaşdırılması barədə məlumat qeydə alınmamışdır. Adı çəkilən şəxsə xx.xx.2013-cü il tarixdə, xx.xx.2013-cü il tarixədək etibarlı olan AE seriyalı 901251 nömrəli “BC” dərəcəli sürücülük vəsiqəsnin verilməsi barədə informasiya mövcuddur. Fərdi sahibkar X18 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli qüsur aktından məlum olur ki, “BMW 528İ” markalı ** OX *** dövlət nömrə nişanlı avtomobilə 9710 (doqquz min yeddi yüz on) manat ziyan dəymişdir. "xxxx" ASC-nin X1 X8 alınmış xx.xx.2023-cü il tarixli F/024 nömrəli qüsur aktından məlum olur ki, VAZ-21074 markalı ** NY *** dövlət nömrə nişanlı avtomobilə 3948 (üç min doqquz yüz qırx səkkiz) manat ziyan dəymişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törədilməsində təqsirliliyi onun etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin, mülki iddiaçıların və şahidlərin ifadələri, eləcə də iş üzrə keçirilmiş ekspertizaların rəyləri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. İşin materiallarında olan Zərərçəkmiş şəxs1 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən onlara dəymiş maddi ziyanı tam şəkildə ödədiyi üçün onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbləri yoxdur. Məhkəmə zamanı dəymiş ziyanın ödənilməsinə dair xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs2 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində baş vermiş 10XB245 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə baş verən avtoqəza nəticəsində dəymiş ziyanın ödənilməsi barədə razılığa gəlmişlər. Zərərçəkmiş şəxs2 10XB245 dövlət nömrə nişanlı Təqsirləndirilən şəxs avtoqəza nəticəsində aldığım xəsarətə görə 520 məbləği notariusun bankda açılan depozit hesabı vasitəsi ilə almışdır. Bununla bağlı Təqsirləndirilən şəxs qarşı gələcəkdə hər hansı bir tələbi və şikayəti yoxdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs məhkəməyə müraciət edərək etdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslə barışıq əldə etdiyini, ona dəymiş maddi ziyanı tam ödədiyini onun cinayət məsuliyyətindən azad olunmasını və cinayət təqibi üzrə icraata xitam verilməsini xahiş etdi. Bu barədə ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə cinayət işinin materiallarını tədqiq edərək, təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsləri, mülki iddiaçıları, şahidləri nümayəndəsini, dövlət ittihamçısını dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmaqla barəsində cinayət təqibi üzrə icraata aşağıdakı əsaslara görə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş məhkumluq haqqında tələbnamə arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimaixüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 41.3-cü maddəsinə əsasən dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Xüsusi ittihamçı ittihamı müdafiə etməkdə davam edərsə, təqsirləndirilən şəxsin cinayət təqibindən imtina edilməsi barədə dövlət ittihamçısının mövqeyi cinayət işinə və ya cinayət təqibi ilə bağlı digər materiala məhkəmədə baxılmasının davam etdirilməsinə mane olmur. Həmin Məcəllənin 41.4-cü maddəsinə əsasən məhkəmə baxışı başlananadək məhkəmə cinayət təqibini istisna edən halları aşkar edərsə, təqsirləndirilən şəxs haqqında cinayət təqibindən imtina edilməsi məsələsinin həll olunmasını dövlət ittihamçısına təklif edə bilər. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində məhkəmə tərəfindən təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Həmin Məcəllənin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). İş materiallarında olan qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İstinad edilən maddələrin tələbləri baxımdan məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyinə görə, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş materiallarından görünür ki, X6 və X15 mülki iddiaçı kimi qeyd edilsələr də, iş materiallarında onların iddia ərizələri və qanunla müəyyən edilmiş dövlət rüsumunun ödənilməsi barədə ödəniş qəbzləri yoxdur.Yalnız ziyan tələbi barədə ərizələri vardır.Məhkəmə bununla bağlı qeyd edir ki, iddia ərizələri baxılmamış saxlanmalı və ümumi iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqları onlara izah edilməlidir. İş üzrə maddi sübut tanınmış “Ford Transit” markalı ** XB ***, “VAZ-21074” markalı ** NY *** və “BMW 528İ” markalı ** OX *** minik markalı dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə geri qaytarılması nəzərə alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinin tələbləri baxımından məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 128 (yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxsdən tutulub, dövlət nəfinə keçirilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunu vəkili Müdafiəçi 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11, 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Cinayət Məcəlləsinin 263-cü maddənin “Qeyd” hissəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut tanınmış ** XB ***, “VAZ-21074” markalı ** NY *** və “BMW 528İ” markalı ** OX *** minik markalı dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə geri qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci olan 128 (yüz iyirmi səkkiz) manat pul Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. X2 və X9 iddia ərizələri baxılmamış saxlanılsın.Mülki iddia ələ məhkəməyə müraciət etmək hüquq onlara izah edilsin. Bəhruz Vahid oğlunun əməllərində inzibati xəta tərkibinin əlamətlərini araşdırıb, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün müvafiq materialların və qərarın surəti aidiyatı üzrə Abşeron rayon prokurorluğuna göndərilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunu vəkili Müdafiəçi 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən:Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar