Məhkəmə qərarları › İş №1(012)-634/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-634/2025

17.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-634/2025 17.03.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı Müdafiəçi: Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 1982-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində "polsiin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs 24 noyabr 2024-cü il tarixdə, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsindən istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan xeyli miqdarda 1 (bir) ədəd bükümdə çəkisi 0,780 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib, Abşeron rayonu, Qobu qəsəbəsi, S.Salmanova küçəsinə daşımış və üzərində saxlamış, 24 noyabr 2024-cü il tarixdə saat 17:15 radələrində Abşeron rayon polis idarəsinin X8 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində həmin ünvanda saxlanılıb həmin tarixdə saat 17:30-dan saat 17:40-dək üzərinə keçirilən şəxsi axtarış zamanı həmin bir bükümdə 0,780 qram çəkidə psixorop maddə metamfetamin əynində olan şalvarın sağ yan cibində aşkar olunaraq götürülmüşdür İşin halları və dəlilləri: Cinayət işinin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərdi ki, o, arada bir psixotrop maddə olan metamfetamindən istifadə etmişdir. 24 noyabr 2024-cü il tarixdə səhər saatlarında əsgərlik yoldaşı ona zəng edərək, Sulutəpə qəsəbəsi ərazisində tanışı ilə görüşməsini və ona veriləcək əşya olmasını bildirdikdə o, sonuncunun dediyi əraziyə gedərək, əvvəllər tanımadığı şəxsdən həmin psixotrop maddəni 10 manata əldə etmişdir. Bundan sonra həmin psixotrop maddəni şəxsi istifadəsi üçün cibinə qoymuş, vədələşdikləri kimi dostunun evinə gedən zaman Qobu qəsəbəsində mülki geyimli şəxslər onun üzərinə doğru gəlmişlər. O, həmin şəxslərdən qaçaraq uzaqlaşmaq istədə də lakin sonuncular onu saxlayaraq, polis əməkdaşları olduqlarını, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Bundan sonra elə həmin yerdə polis əməkdaşları tərəfindən üzərində video çəkiliş aparılmaqla şəxsi axtarış keçirilmiş, ondan üzərində saxlanılması və ya gəzdirilməsi qadağan edilmiş hər hansı bir əşya və ya predmet olub-olmadığı soruşulduqda o, əynində olan geyindiyi şalvarın cibindən bir ədəd şəffaf sellofana bükülmüş 01 ədəd bükümdə psixotrop maddə metamfetamini təqdim etmişdir. Ondan aşkar edilmiş psixotrop maddə metamfetamin zərfə qoyularaq möhürlənmiş və imzalarla təsdiq etmişlər. Bundan sonra onu X10 aparmışlar. Bundan əlavə Təqsirləndirilən şəxs məhkəmə iclasında verilmiş suallara cavab olaraq, o, üzərindən aşkar olunan psixotrop maddəni şəxsi istifadəsi üçün əldə etdiyini, polis əməkdaşları tərəfindən küçədən saxlanılan zaman və bundan sonra ona qarşı hər hansı bir fiziki zor və ya psixoloji təsir göstərilmədiyini, həmçinin saxlanılan zaman videoçəkilişdən istifadə edilməsini bildirərək, əməlindən peşman olmasını, və himayəsində iki uşağının olmasını bildirərək, məhkəmədən barəsində azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasına dəvət edilərək, şahid qismində dindirilmiş Abşeron RPİ-nin X8 Cinayət Axtarış üzrə əməliyyat müvəkkili Şahid3 istintaqda verdiyi ifadəsini təsdiq etdiyini qeyd etməklə, əlavə olaraq bildirimişdir ki, 24 noyabr 2024-cü il tarixdə gündəlik öz xidmətində olan zaman Təqsirləndirilən şəxs psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və hazırda Qobu qəsəbəsi ərazisində olmasına dair əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə bölmə rəhbərliyinə məzurə olunandan sonra polis nəfərləri ilə birlikdə Qobu qəsəbəsinə gedərək, onu saxlamışlar. Ona özlərini təqdim edəndən sonra videoçəkilişlə ona narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu izah edib əməliyyat tədbirinin keçirilməsi haqqında qərarla tanış edərək, paltarında, əşyalarında və ya bədədnində qanunla saxlanılması qadağan edilmiş və ya dövriyyəsi məhdudlaşdırılmış hər hansı əşya olub-olmaması, əgər vardırsa təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs bu təklifdən sonra əynində olan cins şalvarının cibindən bir ədəd sellofana bükülmüş bükümü çıxarıb təqdim edərək, içərisində kristal formada, boz rəngli metamfetaminə bənzər maddə olmasını, üzərindən aşkar olunmuş narkotik vasitəni tanımadığı şəxsdən şəxsi istifadəsi üçün əldə etməsini bildirmişdir. Şəxsi axtarışın keçirildikdən sonra Təqsirləndirilən şəxs X10 gətirilmişdir. Bundan əlavə Şahid3 məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirdi ki, hadisədən əvvəl Təqsirləndirilən şəxs tanımamış, həmin psixotrop maddəni haradan və nə məqsədlə əldə etdiyi barədə məlumatı olmamış, həmçinin sonuncu tərəflərindən saxlanılan və bölmədə olan zaman ona qarşı heç bir psixi və ya fiziki zorakılıq olunmadığını bildirmişdir. Məhkəmə iclasına dəvət edilərək şahid qismində dindirilmiş Abşeron RPİ-nin X8 Cinayət Axtarış üzrə polis nəfərləri, polis serjantları Şahid2 və Şahid1 digər şahid Abşeron RPİ-nin X8 Cinayət Axtarış üzrə əməliyyat müvəkkili Şahid3 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

1. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 24 noyabr 2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələri əldə etmə, saxlama və daşıması ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır;

2. “Şübhəli şəxsin tutulması haqqında” 24 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:30 dəqiqədə şübhəli şəxs qismində tutulmuş, tutmanın əvvəli sonuncunun azadlığının faktiki məhdudlaşdırıldığı 24 noyabr 2024-cü il tarixdən saat 17:15-dən hesablanmışdır;

3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 25 noyabr 2024-cü il tarixli, 6/5282 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərlər üçün № 246” dairəvi möhür əksləri olan soyad və imzalar qeyd edilmiş zərfin içərisində olan üzərində “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən...” soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,780 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim olunmuş metamfetaminin təmiz çəkisi - 0,780 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 0,730 qramdır. Aparılmış tədqiqatın dəyəri 65 (alltmış beş) manat təşkil edir;

4. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında 25 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır;

5. “Təqsirləndirilən şəxs qismində cəlb etmə” haqqında 26 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir;

6. “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin təmin edilməməsi” haqqında 26 noyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında vəsatət təmin edilməmiş, o, Abşeron RPİ-nin MSY-dən azad edilməklə, barəsində "polsiin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmişdir;

7. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərəfindən verilmiş 12 dekabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır;

8. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X11 Ambulator X2 haqqında 05 dekabr 2024-cü il tarixli, 7674 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür;

9. “Sübutların qiymətləndirilməsi” haqqında 13 fevral 2025-ci il tarixli qərardan görünür ki, iş üzrə şəxsin üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0,780 qram çəkidə psixotrop maddə olan metamfetaminin ekspertiza tədqiqatına sərf etdikdən sonra qalıq 01 ədəd zərfdə - 0,730 qram psixotrop maddə olan metamfetaminin iş üzrə maddi sübut kimi tanınması və saxlanılması üçün Abşeron RPİ-nin maddi sübutların saxlanc otağına təhvil verilməsi, həmçinin şəxsin üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videogörüntünün olduğu 01 (bir) ədəd DVD diskin maddi sübut kimi tanınaraq, cinayət işinin materiallarına əlavə olunması və təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahid ifadələri, şəxsi axtarış və götürmə keçirilməsi haqqında protokol, diskə baxış protokolu, məhkəməkimyəvi ekspertizasının 25 noyabr 2024-cü il tarixli, 3-16-16/2-6/5282 nömrəli, ambulator-məcburi tibbi yoxlamaya dair 05 dekabr 2024-cü il tarixli, 7674 nömrəli ekspert rəyi, maddi sübut və digər istintaq sənədləri mötəbər sübutlar kimi qiymətləndirilmişdir;

10. “Azemis” Elektron İnformasiya sistemi vasitəsilə təqsirləndirilən şəxsin “qohumluq məlumatlarına” dair göndərilmiş sorğudan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2014cü il təvəllüdlü X6 adlı uşaqları vardır.

Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə aparılması barədə 24 noyabr 2024-cü il tarixli protokol tədqiq edilərkən, həmçinin cinayət işinə əlavə edilmiş DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, 24 noyabr 2024-cü il tarixdə saat 18:50 dəqiqədə Babayev X4 rayonu, Qobu qəsəbəsi, S.Salmanova küçəsində piyada hərəkətdə olan zaman narkotik vasitəəri və psixotrop maddələri əldə edib, üzərində gəzdirməkdə, şübhəli bilindiyi üçün Abşeron rayon polis idarəsinin X8 əməkdaşları tərəfindən saxlanılaraq, üstü yoxlanılmış və üzərindən 1 ədəd şəffaf bükümdə metamfetaminə bənzər kütlə aşkar edilərək, 1 ədəd ağ rəngli zərfdə qablaşdırılaraq, götürülmüş, verilmiş suallara cavab olaraq üzərindən aşkar olunmuş psixotrop maddəni tanlmadığı şəxsdən şəxsi istifadəsi üçün əldə etməsini etiraf etmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər:

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda psixotrop maddə olan metamfetaminin şəxsi istehlak üçün yuxarı miqdarı 0,15 qram təşkil edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). Beləliklə məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlaması və daşıması cinayətini törətməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD diskdə olan videogörüntü, həmçinin iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək, sübuta yetirilmişdir. Belə olan halda Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Qeyd olunan Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Bu Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, şəxsiyyəti, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, psixotrop maddənin miqdarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipi ilə şəxsin islah olunmasına təsirini, yüngülləşdirici və ya ağırlaşdırıcı halların müəyyən edilməməsini nəzərə alaraq, hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan Məcəllənin 353.4-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə 24 noyabr 2024-cü il tarixdən 26 noyabr 2024-cü il tarixədək tutularaq saxlanıldığı 02 gün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalında dərhal həbsə alınmalı, cəza çəkmə müddətinin əvvəli isə həbsdə alındığı andan – 17 mart 2025ci il tarixdən hesablanmalıdır. Həmçinin həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X11 Ambulator X2 Ekspert komissiyasının 05 dekabr 2024cü il tarixli, 7674 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək, məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Abşeron RPİ-nin maddi sübutların saxlama otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,730 qram psixotrop maddə - metamfetamin məhv edilməli, iş üzrə - 01 ədəd DVD formatlı kompak disk - cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci - 65 (altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 30 (otuz) saat üçün nəzərdə tutulan 180 (bir yüz səksən) manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin, ona 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 17 mart 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş "polsiin nəzarəti altına vermə" qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunaraq, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Abşeron Rayon Polis İdarəsinin maddi sübutların saxlanma otağında saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,730 qram psixotrop maddə - metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin İş üzrə 01 (bir) ədəd DVD formatlı kompak disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasını xərci - 65 (altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün İş üzrə mülki iddianın və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər.

Sədrlik edən: Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar