Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-64/2024 30.01.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Abıyev Elnur Elman oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1998-ci il tarixdə Ağcabədi rayonu, Mehdablı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayır, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə 18 sentyabr 2022-ci il tarixdə saat 04:00 radələrində Abşeron rayonu Xırdalan şəhəri MD-23 qəsəbəsi Qaçaq Nəbi küçəsində saxlanılmış, Zərərçəkmiş şəxs4 etibarnamə əsasında idarə etdiyi “Mercedes-Benz Axor” markalı Az **-NY-*** dövlət qeydiyyat nişanlı yük avtomobilindən hər birinin dəyəri 1000 (min) manat olan 2 (iki) ədəd akkumulyatoru gizli olaraq talayıb Zərərçəkmiş şəxs4 ümumilikdə 2000 (iki min) manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə 09 yanvar 2023-cü il tarixdə saat 02:00 radələrində Abşeron rayonu Masazır qəsəbəsi S.Ə.Şirvani küçəsində yerləşən 106 nömrəli evin qarşısında saxlanılmış Zərərçəkmiş şəxs3 məxsus “Mercedes-Benz Atego” markalı Az **-RY-*** dövlət qeydiyyat nişanlı yük avtomobilindən hər birinin dəyəri 500 (beş yüz) manat olan 2 (iki) ədəd akkumulyatoru gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 1000 (min) manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə 15 yanvar 2023-cü il tarixdə saat 20:00 radələrində Abşeron rayonu Xırdalan şəhərində yerləşən "Ər-Riyad” ticarət mərkəzinin qarşısında saxlanılmış Zərərçəkmiş şəxs1 məxsus “DAF” markalı Az 99- JV-394 dövlət qeydiyyat nişanlı yük avtomobilindən hər birinin dəyəri 450 (dörd yüz əlli) manat olan 2 (iki) ədəd akkumulyatoru gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 900 (doqquz yüz) manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə 30 yanvar 2023-cü il tarixdə saat 02:00 radələrində Abşeron rayonu Xırdalan şəhəri 26-cı məhəllə ərazisində - Bakı-Sumqayıt avtomobil yolunun kənarında saxlanılmış Zərərçəkmiş şəxs2 məxsus “Mercedes-Benz Axor” markalı Az **-RC-*** dövlət qeydiyyat nişanlı yük avtomobilindən hər birinin dəyəri 300 (üç yüz) manat olan 2 (iki) ədəd akkumulyatoru gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 600 (altı yüz) manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə 27 fevral 2023-cü il tarixdə saat 20:00 radələrində Abşeron rayonu Hökməli qəsəbəsində Bakı-Şamaxı yolunun 5-ci kilometrliyində “Karton” zavodun qarşısında saxlanılmış Zərərçəkmiş şəxs5 etibarnamə əsasında idarə etdiyi “MAN” markalı Az **-HK-*** dövlət qeydiyyat nişanlı yük avtomobilindən hər birinin dəyəri 500 (beş yüz) manat olan 2 (iki) ədəd akkumulyatoru gizli olaraq talayıb Zərərçəkmiş şəxs5 1000 (min) manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2- ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, heç yerdə işləmədiyi üçün maddi vəziyyəti pisdir. Buna görə də oğurluq edərək əldə etdiklərini satıb pul qazanmaq qərara gəlmişdir. Bu məqsədlə 18 sentyabr 2022-ci il tarixdə saat 04:00 radələrində Abşeron rayonu Xırdalan şəhəri MD-23 qəsəbəsinə gedib oğurluq etmək üçün münasib yer axtarmışdır. Həmin ərazidən keçən dəmiryolu xəttinin yaxınlığına çatanda “Mercedes-Benz Axor” markalı yük avtomobilinin küçədə dayandığını görmüşdür. Yaxınlaşıb baxdıqda avtomobilin üzərində olan 2 ədəd akkumulyatoru oğurlamaq üçün münasib şərait olduğunu hiss etmişdir. Daha sonra üzərində gəzdirdiyi kəlbətinlə akkumulyatorları naqillərindən ayıraraq bir-bir yerindən çıxarıb bir qədər aralıda gizlətmiş və yaşadığı evə qayıtmışdır. Ertəsi gün saat 11:00 radələrində Xırdalan şəhərində olan zaman tanımadığı bir nəfər şəxsin idarə etdiyi “QAZ- 31” markalı avtomobillə metal yığdığını görmüşdür. Həmin şəxsə özündə yük avtomobilinə aid 2 ədəd akkumulyator olduğunu və onları satmaq istədiyini bildirmişdir. Həmin şəxs akkumulyatorları ümumilikdə 100 manata almağa razılaşmış və onlar akkumulyatorları gizlətdiyi yerə getmişlər. Akkumulyatorların hər ikisini “QAZ-31” markalı avtomobilin sürücüsünə satmış və əldə etdiyi 100 manat pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa 08 yanvar 2023-cü il tarixdə sutkanın işıqlı vaxtında Abşeron rayonu Masazır qəsəbəsi S.Ə.Şirvani küçəsi ilə piyada hərəkətdə olan zaman yolun kənarında “Mercedes- Benz Atego” markalı Az **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobilin dayandığını görmüşdür. Həmin avtomobilə diqqətlə baxıb üzərində 2 ədəd böyük ölçüdə akkumulyator olduğunu müəyyənləşdirmişdir. Sutkanın qaranlıq vaxtında gəlib həmin akkumulyatorları oğurlayıb satmağa qərar vermişdir. Bu məqsədlə yaşadığı evdən özü ilə “13 nömrəli” açar götürmüş və 09 yanvar 2023-cü il tarixdə saat 02:00 radələrində avtomobilin dayandığı yerə getmişdir. Əvvəlcə, sağa-sola gedib ətrafa nəzər yetirmiş, ətrafda heç kim olmadığına əmin olduqdan sonra avtomobilə yaxınlaşıb cibindəki açarı çıxararaq akkumulyatorlardan birini açıb təxminən 50 metr aralıda yerləşən otluq əraziyə daşıyıb gizlətmiş, ardınca geri qayıdıb digər akkumulyatoru açıb həmin yerə aparmışdır. Daha sonra akkumulyatorları oradan aparmaq üçün avtomobil axtarmağa başlamış, bunun üçün taksi avtomobillərinin dayandığı yerə gedərək tanımadığı taksi sürücüsünə yaxınlaşmış, yük aparmaq lazım gəldiyini bildirmişdir. Sürücü ondan yükün haraya aparılacağını soruşmuş, o isə yükü gedib götürəndə gedəcəkləri istiqaməti deyəcəyini qeyd etmişdir. Onlar razılaşdıqları üçün həmin taksi avtomobilinə minib akkumulyatorları gizlətdiyi yerə getmişdir. Sürücü yük yerini açdıqdan sonra akkumulyatorları yük yerinə yerləşdirmişdir. Bundan sonra “Azbentonit” adlı zavodun yaxınlığına gedib akkumulyatorları boşaldaraq sürücüyə 7 manat pul vermişdir. Sürücü çıxıb getdikdən sonra akkumulyatorları orada gizlədib evə getmişdir. Ertəsi gün saat 10:00 radələrində həmin yerə yollanmış, oraya gəlmiş metal yığmaqla məşğul olan tanımadığı şəxslərə akkumulyatorları 97 manata satmışdır. Əldə etdiyi pulları şəxsi ehtiyaclarına xərcləmiş, həmin akkumulyatorları oğurlamasından heç kimin xəbəri olmamışdır. Bundan başqa 15 yanvar 2023-cü il tarixdə maddi sıxıntıları olduğu üçün oğurluq etmək qərarına gəlmişdir. Bu niyyətini həyata keçirmək məqsədilə Abşeron rayonu Xırdalan şəhərində yerləşən “Ər-Riyad” ticarət mərkəzinin yaxınlığında yük avtomobillərinin dayandığı yerə getmək fikrində olmuşdur. Həmin gün saat 20:00 radələrində hava qaralmağa başlayanda əl arabası götürərək adı çəkilən ticarət mərkəzinin yaxınlığına yollanmışdır. Ətrafda heç kimin olmadığına əmin olduqdan sonra “DAF” markalı yük avtomobilinin 2 ədəd akkumulyatorunu çıxarıb arabaya yerləşdirmiş və yaşadığı evin yaxınlığına apararaq gizlətmişdir. Ertəsi gün oğurladığı akkumulyatorları səyyar metal qəbul edən avtomobilə 90 manata satmış və əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa 30 yanvar 2023-cü il tarixdə saat 02:00 radələrində Abşeron rayonu Xırdalan şəhəri 26-cı məhəllə ərazisində gəzərkən Bakı- Sumqayıt avtomobil yolunun kənarında “Mercedes-Benz Axor” markalı yük avtomobilinin dayandığını görmüşdür. Maddi imkanı zəif olduğundan və pula ehtiyacı olduğundan həmin avtomobilin akkumulyatorlarını oğurlamaq qərarına gəlmişdir. Ətrafda heç kimin olmadığına əmin olduqdan, üstəlik havanın qaranlıq olmasından istifadə edib oğurluq etmək fikrini qətiləşdirmişdir. Avtomobilə yaxınlaşaraq bir neçə dəqiqə ətrafında dolanmış, daha sonra evdən çıxarkən özü ilə götürdüyü “13-lük” açar vasitəsilə avtomobilin akkumulyator olan hissəsinin qapağını açıb yerə qoymuşdur. Daha sonra akkumulyatorları yerindən çıxarmış, çəkiləri ağır olduğu üçün onları apara bilməyəcəyini başa düşmüşdür. Bu səbəbdən akkumulyatorların birini yaxınlıqdakı zibil yeşiklərinin yanına daşıyıb yerə qoymuş, geri qayıdıb digər akkumulyatoru çıxarmış və aparıb digər akkumulyatorun yanına qoymuşdur. Bundan sonra yük avtomobilinin akkumlyator olan hissəsinin qapağını yerinə bağlamışdır. Ardınca qardaşı Rövşənə zəng edərək avtomobil lazım olduğunu, Bakı-Sumqayıt avtomobil yolunun Xırdalan şəhəri 26-cı məhəllədən keçən hissəsində yolun kənarına gəlməsini demişdir. Rövşən təxminən yarım saat sonra icarəyə götürüb idarə etdiyi “Toyota Prius” markalı Az 77- FB-853 dövlət qeydiyyat nişanlı avtomobillə oraya gəlmişdir. Rövşənə yerdə olan akkumulyatorları göstərmiş, Rövşən ondan akkumulyatorların kimə məxsus olduğunu və həmin yerdə nə etdiyini soruşduqda o, akkumulyatorların özünə məxsus olduğunu demişdir. Onlar akkumulyatorları “Toyota Prius” markalı avtomobilə yükləyərək Xırdalan şəhərində yerləşən “Betonzavod” adlanan əraziyə aparmışlar. Orada akkumulyatorları otluq ərazidəki kolların arasında gizlətmiş, Rövşən isə çıxıb getmişdir. Akkumulyatorları gizlətdikdən sonra yaşadığı evə getmiş, ertəsi gün saat 15:00 radələrində akkumulyatorları gizlətdiyi yerdən götürərək taksi çağırmış və taksi avtomobili vasitəsilə Xırdalan dairəsinə yollanmışdır. Orada akkumulyatorların 1 kiloqramını 30 qəpiyə olmaqla metal qəbulu məntəqəsindəki tanımadığı şəxsə 120 manata satmış, əldə etdiyi pul ilə yaşadığı evin kommunal borclarını ödəmiş və ərzaq almışdır. Bundan başqa 27 fevral 2023-cü il tarixdə saat 20:00 radələrində Abşeron rayonu Hökməli qəsəbəsi ərazisində “Hökməli dairəsi” deyilən yerin yaxınlığında olan zaman həmin yerdə dayanmış yük avtomobili diqqətini çəkmişdir. Ətrafda heç kimin olmadığına əmin olduqdan sonra həmin yük avtomobilinin akkumulyatorlarını oğurlamaq qərarına gəlmişdir. Yük avtomobilinə yaxınlaşıb üzərində gəzdirdiyi açarla akkumulyatorların yerləşdiyi hissənin qapağını açmış və akkumulyatorları açaraq özü ilə gətirdiyi əl arabasına yerləşdirmişdir. Daha sonra akkumulyatorları yolun kənarındakı otluq sahədə gizlətmişdir. Ertəsi gün, yəni 28 fevral 2023-cü il tarixdə saat 11:00 radələrində akkumulyatorları gizlətdiyi yerdən götürüb səyyar metal qəbulu ilə məşğul olan tanımadığı şəxsə 105 manata satmış və əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Hazırda əməlindən peşmandır, dəymiş ziyanı ödəmişdir, yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 oğlunun ifadəsindən görünür ki, ailə üzvləri ilə birlikdə Abşeron rayonu Xırdalan şəhəri MD-23 qəsəbəsi Qaçaq Nəbi küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində yaşayır. Etibarnamə əsasında “Mercedes-Benz Axor” markalı Az 90- NY-267 dövlət qeydiyyat nişanlı yük avtomobilini idarə edir. 17 sentyabr 2022-ci il tarixdə saat 23:00 radələrində işdən evə qayıdaraq avtomobili küçədə saxlayıb evə getmişdir. Ertəsi gün, yəni 18 sentyabr 2022-ci il tarixdə saat 08:30 radələrində avtomobilə yaxınlaşan zaman üzərindəki 2 ədəd akkumulyatorun yerində olmadığını görmüş, naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını düşünmüşdür. Avtomobilin elektrik sisteminin dayanma vaxtından akkumulyatorların 18 sentyabr 2022-ci il tarixdə saat 04:00 radələrində oğurlandıqlarını müəyyən etmişdir. Buna görə də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidməti-zəng mərkəzinə müraciət edib bu barədə məlumat vermişdir. Oğurlanmış akkumulyatorlarının hər biri 1000 manat dəyərində olduğundan hadisə nəticəsində ona ümumilikdə 2000 manat dəyərində maddi ziyan dəymişdir. Şikayətçidir, dəymiş ziyanın ödəniləcəyi söz verilib. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs3 elan olunmuş ifadəsindən görünür ki, istifadəsində “Mercedes-Benz Atego” markalı Az 10- RY-661 dövlət qeydiyyat nişanlı yük avtomobili vardır. Həmin avtomobili yaşadığı Abşeron rayonu Masazır qəsəbəsi S.Ə.Şirvani küçəsində yerləşən evin qarşısında saxlayır. 08 yanvar 2023-cü il tarixdə avtomobili həmişə olduğu kimi küçədə saxlayıb evə getmişdir. 09 yanvar 2023-cü il tarixdə saat 10:00 radələrində avtomobilə yaxınlaşıb işə salmaq istədikdə avtomobil işə düşməmişdir. Bunun hansı səbəbdən baş verdiyini bilmək üçün avtomobilin akkumulyatorların yerləşdirildiyi hissəsinə baxarkən onların yerində olmadıqlarını görmüşdür. Buna görə də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidmətizəng mərkəzinə müraciət edib bu barədə məlumat vermişdir. Həmin akkumulyatorların hər birini 500 manata aldığından hadisə nəticəsində ona ümumilikdə 1000 manat dəyərində maddi ziyan dəymişdir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs3 nümayəndəsi Rasim Rzayevin məhkəməyə ünvanlandığı xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, “DAF” markalı Az **-JV-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini idarə edərək “Taleh ATE” adlı asfalt zavodunda sürücü işləyir. Həmin avtomobillə Quba rayonundan Bakı şəhərinə qum, çınqıl kimi yüklərin daşınmasını həyata keçirir. Sutkanın işıqlı vaxtında yük avtomobilləri ilə Bakı şəhəri ərazisinə daxil olmağa icazə verilmədiyindən adətən saat 22:00-dan sonra yükləri ünvana çatdırır. 15 yanvar 2023-cü il tarixdə saat 13:00 radələrində Abşeron rayonu Xırdalan şəhərində yerləşən “Ər- Riyad” ticarət mərkəzinin yaxınlığında avtomobili saxlayıb qardaşıgilin evinə getmişdir. Saat 21:30 radələrində yükü ünvana çatdırmaq üçün avtomobili saxladığı yerə qayıdanda təxminən 6 ay əvvəl aldığı, hər birinin dəyəri 450 manat olan akkumulyatorların oğurlandığını görmüşdür. Buna görə də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidməti-zəng mərkəzinə müraciət edib bu barədə məlumat vermiş və Abşeron rayon Polis İdarəsinə gedib ərizə yazmışdır. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 məhkəməyə ünvanlandığı xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, dəymiş ziyan tam ödənilmişdir, heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, etibarnamə əsasında “Mercedes-Benz Axor” markalı Az 99- RC-380 dövlət qeydiyyat nişanlı yük avtomobilini idarə edir. Həmin avtomobillə müxtəlif tikinti materialları daşımaqla ailəsini dolandırır. 29 yanvar 2023-cü il tarixdə saat 15:00 radələrində həmin yük avtomobilini yaşadığı "xxxx" MMC-yə məxsus binanın yaxınlığından keçən Bakı-Sumqayıt avtomobil yolunun kənarında yerləşən piyada keçidinin yaxınlığında saxlayaraq evə getmişdir. 30 yanvar 2023-cü il tarixdə saat 06:00 radələrində işə getmək üçün avtomobilə yaxınlaşıb mühərriki işə saldıqda sistemdə elektrik olmadığını görmüşdür. Avtomobilin içərisində akkumulyatorlar olan qutusunu açıb baxanda 2 ədəd akkumulyatorın yerində olmadığını görmüşdür. Ətrafa nəzər salan zaman şübhəli heç kimi görməmişdir. Həmin akkumulyatorların hər birini təxminən 5 ay əvvəl 450 manata almışdır. Akkumulyatorların hər birinin işlənmiş vəziyyətdə qiyməti 300 manat təşkil etdiyindən hadisə nəticəsində ona ümumilikdə 600 manat dəyərində maddi ziyan dəymişdir. Hazırda şikayəti və tələbi yoxdur, dəymiş ziyan ödənilmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs5 elan olunmuş ifadəsindən görünür ki, etibarnamə əsasında “MAN” markalı Az 77- HK-625 dövlət qeydiyyat nişanlı yük avtomobilini idarə edir. Həmin avtomobil vasitəsilə beynəlxalq yükdaşımaları həyata keçirir. 25 fevral 2023-cü il tarixdə saat 15:00 radələrində həmin avtomobili Abşeron rayonu Hökməli qəsəbəsində yerləşən karton zavodunun qarşısında yolun kənarında saxlayıb Gəncə şəhərinə getmişdir. 28 fevral 2023-cü il tarixdə saat 06:30 radələrində avtomobili idarə etmək üçün saxladığı yerə qayıtmışdır. Avtomobilin qapısını açarkən salonun işıqlarının yanmadığını görmüş, avtomobilə baxış keçirdikdə kabinanın sol tərəfində olan 2 ədəd akkumulyatorun yerində olmadığını aşkar etmişdir. Həmin akkumulyatorların hər birinin dəyəri 500 manat olduğundan hadisə nəticəsində ona ümumilikdə 1000 manat dəyərində maddi ziyan dəymişdir. Məhkəmə istintaqında Şahid elan olunmuş ifadəsindən görünür ki, etibarnamə əsasında idarə etdiyi “Toyota Prius” markalı Az **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. 30 yanvar 2023-cü il tarixdə saat 02:00 radələrində işləyən zaman qardaşı Təqsirləndirilən şəxs onunla mobil telefon əlaqəsi saxlayaraq yanına çağırmışdır. Avtomobildə olan müştəriləri mənzil başına çatdırdıqdan sonra qardaşının onu çağırdığı Bakı-Sumqayıt avtomobil yolunun Abşeron rayonu Xırdalan şəhəri 26-cı məhəllə ərazisindən keçən hissəsində yolun kənarına getmişdir. Qardaşının yolun kənarında dayandığını görüb avtomobillə yaxınlaşmış və qardaşının yanında 2 ədəd akkumulyator olduğunu görmüşdür. Avtomobildən düşməyə imkan tapmadan qardaşı Elşən akkumulyatorları avtomobilə yerləşdirmiş və ondan avtomobili evə sürməsini istəyərək avtomobilə minmişdir. Elşəni yaşadığı ünvan 2 ünvanına aparmışdır. Elşəndən həmin akkumulyatorları haradan əldə etdiyini soruşduqda Elşən onların özünə məxsus olduğunu bildirmişdir. Elşəni evinə apardıqdan sonra oradan çıxıb getmiş, akkumulyatorların oğurlanmasından xəbəri olmamışdır. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır İş materiallarında olan Sumqayıt şəhər Probasiya şöbəsindən görünür ki, Sumqayıt şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə qəti təyin edilmiş 01 il 03 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası üzrə hökm xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhər Probasiya Şöbəsinin icraatına daxil olmuşdur. Məhkum Təqsirləndirilən şəxs hazırki vaxtadək şöbənin qeydiyyatından keçməmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs oğlunun az ağır cinayət törətməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, onun narkotik vasitələr aludəçisi olduğunu, hazırda azadlığın məhdudlaşdırılması cəzasını çəkməsini və bu mənada cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəzanın ona tərbiyəedici və xəbərdaredici təsir göstərməyəcəyini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə əsasən zərəçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 və X2 ona qarşı şikayət və tələblərinin olmamasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, dəymiş ziyanı ödəməsini, onun residiv olmasa da əvvəllər məhkum olunmasını, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmədə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğundan onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli, həbs qətimkan tədbiri seçilməli, o, məhkəmə zalından dərhal həbs edilməli, həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs 04 mart 2023-cü il tarixdə cinayət hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədildiyi müəyyən edildiyindən cinayət işi üzrə icraat təzələnərək ibtidai istintaq davam etdirilmişdir. Törətdiyi cinayət əməlinə görə Təqsirləndirilən şəxs 06 mart 2023-cü il tarixdə müstəntiq Alqayıd Mikayılov tərəfindən Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan olunmuşdur. 06 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2-ci maddəsi ilə yenidən ittiham elan edilərək barəsində “həbs” qətimkan tədbiri seçilməsi üçün Abşeron rayon məhkəməsinə müraciət edilmiş, məhkəmənin həmin tarixli qərarı ilə “həbs” qətimkan tədbirinin seçilməsindən imtina edilmişdir. 06 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixdək şübhəli şəxs qismində saxlanıldığı 02 gün həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, onun narkotik vasitələr aludəçisi olduğunu və bu mənada cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəzanın ona tərbiyəedici və xəbərdaredici təsir göstərməyəcəyini, analoji cinayət əməlini törətməsini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən əvvəl hazırkı iş üzrə təqsirli olduğu müəyyən olduğuna görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələblərinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə barəbar tutulur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməklə, hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə qəti təyin edilmiş 01 il 03 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli, həbs qətimkan tədbiri seçilməli, məhkəmə zalından dərhal həbs edilməli, həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı məhkəmə zalından həbs olunduğu vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə qəti təyin edilmiş və çəkilməmiş 01 il 03 ay 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası CM-in 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddət qismən toplansın, Təqsirləndirilən şəxs qəti olaraq, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixdək şübhəli şəxs qismində saxlanıldığı 02 gün həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı məhkəmə zalından həbs olunduğu vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin, həbs qətimkan tədbiri seçilsin, məhkəmə zalından dərhal həbs edilsin, həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-64/2024
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-64/2024
30.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver