Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-640/2022 04.11.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon(şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1990-cı ildə Naftalan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, orta təhsilli, evli, Naftalan şəhəri, Qaçqınlar məhəlləsi, ev 04-də qeydiyyatda olan, Abşeron rayonu, Masazır qəsəbəsi, S.Aşıq küçəsi, ev 62-də yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 23 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, S.Vurğun küçəsində, mobil telefonu övladı Şahid verməsi və edilən telefon zənglərinə cavab verməməsi ilə bağlı aralarında yaranmış mübahisə zamanı arvadı Zərərçəkmiş şəxs sifət nahiyəsinə qəsdən yumruqla vuraraq, ona sağ alt və üst göz qapaqlarının şişkinlik halında qançırı, gözün ağlı qişasına qansızma ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, qəsdən sağlamlığına yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs yekun protokolda qeyd edilən əməlin onun tərəfindən törədilməsini etiraf edərək, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun arvadıdır. Onlar 2007-ci ildə ailə həyatı qurmuş və bu nigahdan 4 övladları vardır. Ailədaxili münasibətləri həmişə yaxşı olmuşdur. xx.xx.2022-ci il tarixdə saat 19 radələrində yaşadıqları evdə olan zaman Nərmin Abşeron rayonu, Xırdalan şəhərində yaşayan xalası Ulduzəgilə getmək üçün ondan icazə istəmiş, o, Nərminin xalasıgilə getməsinə icazə vermiş, həmçinin özünün də toydan çıxdıqdan sonra xalasıgilə gələcəyini və Nərmini oradan götürüb yaşadıqları evə birlikdə gedəcəklərini bildirmiş, toydan içkili vəziyyətdə çıxdıqdan sonra Nərminlə telefon vasitəsilə əlaqə saxlamış, lakin Nərmin telefon zənglərinə cavab verməmiş, saat 23 radələrində Nərminin xalasigilin yaşadığı binanın qarşısına gəlmiş, yenə də Nərminlə telefon vasitəsilə əlaqə saxlayaraq binanın qarşısında olduğunu və Nərminə yaşadıqları evə getmək üçün binanın həyətinə düşməsini demiş, Nərmin övladları Nəzrinlə binanın həyətinə düşmüş, Nərmindən nə üçün telefon zənglərinə cavab vermədiyini soruşmuş, Nərmin telefonun övladları Nəzrində olduğunu, bu səbəbdən telefona cavab verə bilmədiyini demiş, orada aralarında sözlə mübahisə olduqdan sonra piyada hərəkətlə yaşadıqları evə getməyə başlamışdır. Abşeron rayonu, Xırdalan şəhəri, S.Vurğun küçəsində piyada hərəkətdə olan zaman Ulduzənin Nərminlə telefon vasitəsilə əlaqə saxladığını görmüş, Nərminə telefona cavab verməzdən öncə xalasına aralarında mübahisə olması barədə heç nə deməməsini bildirmiş, Buna baxmayaraq Nərmin xalasına aralarında mübahisə olduğunu demiş, Nərminin aralarında mübahisə olduğunu xalası Ulduzəyə deməsinə əsəbiləşmiş, bu səbəbdən telefonla danışıb qurtardıqdan sonra Nərminlə aralarında mübahisə yaranmış, o, mübahisə zamanı yumruqla bir dəfə Nərminin sifət nahiyəsinə zərbə vurmuş, Nərmin isə oradan qaçaraq uzaqlaşmış, sonradan Nərminin onun barəsində şikayət etməsindən məlumatı olmuşdur. xx.xx.2022-ci il tarixdə saat 23 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, S.Vurğun küçəsində mübahisə zamanı yumruqla bir dəfə Nərminin sifət nahiyəsindən zərbə vurmuş, aralarındakı mübahisə təxminən 3-5 dəqiqə davam etmiş, həmin zaman orada 2010-cu il təvəllüdlü qızı Şahid olmuş, mübahisənin yaranma səbəbi Nərminə xalası X2ma aralarında heç bir mübahisə baş vermədiyini deməsini bildirməsi, buna baxmayaraq Nərminin xalasına aralarında mübahisə olduğunu deməsi olmuş, Nərminlə aralarında olan mübahisə zamanı səs-küy yaranmamış, kənardan heç kəsin yaxınlaşmamış və Nərminin mübahisə zamanı ona müqavimət göstərməmişdir. Sonradan zərərçəkmiş şəxslə barışmışdır. Əməlindən peşmançılıq çəkir, işin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əridir. Onlar 2007-cı ildə ailə həyatı qurmuş və bu nigahdan 4 övladları vardır. Ailədaxili münasibətləri yaxşı olmamışdır. Buna səbəb İsgəndərlə xasiyyətlərinin uyğun gəlməməsi və İsgəndərin mütəmadi olaraq evdə münaqişə yaratmasıdır. O, xx.xx.2022-ci il tarixdə saat 19 radələrində İsgəndərin də icazəsi ilə qızı Nəzrinlə birlikdə Abşeron rayonu, Xırdalan şəhərində yaşayan xalası Ulduzəgilə getmiş, həmçinin İsgəndər toydan çıxdıqdan sonra xalasıgilə gələcəyini və onu oradan götürüb yaşadıqları evə gedəcəklərini bildirmiş, saat 23 radələrində İsgəndər onunla telefon vasitəsilə əlaqə saxlayaraq xalasıgilin yaşadığı binanın qarşısında olduğunu və getmək üçün binanın həyətinə düşməsini demiş, o, qızı Nəzrinlə binanın həyətinə düşmüş, orada İsgəndər ona yalan danışdığını, mobil telefonu qızına verib başqa yerə getdiyini və aldatdığını demiş, o, İsgəndərə yalan danışmadığını bildirmiş, həmçinin qızı Nəzrin də onun dediklərini təsdiq etmiş, bundan sonra İsgəndər əsəbi halda onları piyada hərəkətlə yaşadıqları evə doğru aparmağa başlamışdır. Abşeron rayonu, Xırdalan şəhəri, S.Vurğun küçəsində piyada hərəkətdə olan zaman xalası Ulduzə onunla telefon vasitəsilə əlaqə saxlamış, İsgəndər ona xalasına sakitçilik olduğunu və aralarında heç bir mübahisə baş vermədiyini deməsini bildirmiş, lakin o telefona cavab verdikdə xalasına İsgəndərin onu döymək istədiyini demiş, telefonla danışıb qurtardıqdan sonra İsgəndər dediklərini xalasına demədiyi üçün onunla mübahisə etməyə başlamış, mübahisə zamanı əvvəlcə yumruqla sifət nahiyəsinə, daha sonra isə təpiklə bel nahiyəsinə zərbə vurmuş, o, oradan qaçaraq uzaqlaşmış, daha sonra isə DİN-in "102" xidmətinə zəng vurub bu barədə məlumat vermişdir. İsgəndərin xx.xx.2022-ci il tarixdə saat 23 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, S.Vurğun küçəsində mübahisə zamanı əvvəlcə yumruqla sifət nahiyəsinə, daha sonra isə təpiklə bel nahiyəsinə zərbə vurmaqla onu döymüşdür. Mübahisələri təxminən 5-10 dəqiqə davam etmiş, həmin zaman orada 2010-cu il təvəllüdlü qızı Şahid olmuş, mübahisənin yaranma səbəbi İsgəndərin heç bir əsas olmadan onu yalan danışmaqla, mobil telefonu qızma verib başqa yerə getməklə və aldatmaqla ittiham etməsi, eləcə də ona mobil telefon vasitəsilə əlaqə saxlayan xalasına sakitçilik olduğunu və aralarında heç bir mübahisə baş vermədiyini deməsini bildirməsinə baxmayaraq xalasına İsgəndərin onu döymək istədiyini deməsi olmuş, mübahisə zamanı səs-küy yaranmamış, oraya kənardan yaxınlaşan olmamış, mübahisə zamanı İsgəndəri vurmamış və mübahisə zamanı ona heç bir maddi ziyan dəyməmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İşin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında Şahid elan olunmuş ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs anası, Təqsirləndirilən şəxs isə atasıdır. Valideynləri arasında ailədaxilində münasibətlər normal olmuşdur. Belə ki, atası İsgəndərlə anası Nərmin arasında tez-tez münaqişələr baş vermir. İsgəndər spirtli içki qəbul etdikdə Nərminlə mübahisə edir. xx.xx.2022-ci il tarixdə saat 19 radələrində atasının da icazəsi ilə Abşeron rayonu, Xırdalan şəhərində yaşayan anasının xalası Ulduzəgilə getmiş, atası İsgəndər isə toya getmiş, həmçinin toydan çıxdıqdan sonra gəlib onları götürəcəyini və yaşadıqları evə gedəcəklərini bildirmiş, o, saat 23 radələrində binanın açarını evə gəlmək istəyən Ulduzənin qızı Aytənə vermək üçün binanın həyətinə düşmüş, anası Nərmin blok qaranlıq olduğu üçün işıq salmaq məqsədilə öz mobil telefonunu ona vermiş, o, binanın həyətində olan zaman atası İsgəndərin zəng etdiyini görmüş və telefona cavab vermiş, atası İsgəndər ondan anasının harada olmasını soruşmuş, o, açarı vermək üçün binanın həyətinə düşdüyünü, buna görə anasının telefonunun onda olduğunu, anası Nərminin isə xalasıgildə evdə olduğunu demiş, atası İsgəndər telefonu danışmaq üçün Nərminə verməsini demiş, o da anasının yanına getmiş və telefonu sonuncuya vermiş, anası ilə atası telefonla danışdıqdan sonra anası Nərminlə birlikdə binanın həyətinə düşmüş, bu zaman atası İsgəndərin içkili vəziyyətdə binanın həyətində olduğunu görmüş, atası İsgəndər Nərminə yalan danışdığını, mobil telefonu ona verib başqa yerə getdiyini demiş, anası Nərmin yalan danışmadığını bildirmiş, həmçinin o da anasının dediklərini təsdiq etmiş, bundan sonra atası onları piyada hərəkətlə yaşadıqları evə doğru aparmağa başlamış, yolda olan zaman Ulduzə Nərminə zəng etmiş, atası İsgəndər Nərminə xalasına sakitçilik olduğunu və aralarında mübahisə olması barədə məlumat verməməsini demiş, anası Nərmin telefona cavab verdikdə xalasına İsgəndərin əsəbi olduğunu və onu döymək istədiyini demiş, telefonla danışıb qurtardıqdan sonra atası İsgəndər aralarında mübahisə olduğunu dediyi üçün Nərminlə mübahisə etməyə başlamış, mübahisə zamanı isə yumruqla Nərminin sifət nahiyəsinə zərbə vurmuş, o və anası Nərmin bundan sonra qaçaraq oradan uzaqlaşmış, daha sonra isə anası Nərmin DİN-in "102" xidmətinə zəng vurub bu barədə məlumat vermişdir. Baş vermiş mübahisənin şahidi olmuş, belə ki, atası İsgəndərin xx.xx.2022-ci il tarixdə saat 23 radələrində Xırdalan şəhərində yolda yaşadıqları evə gələn zaman yaranmış mübahisə zamanı yumruqla Nərminin sifət nahiyəsinə zərbə vurmuş, mübahisə təxminən 5 dəqiqə davam etmiş, həmin zaman orada özündən başqa heç kəsin olmamış və mübahisə zamanı anası Nərminin İsgəndəri vurmamışdır. Beləliklə, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin və şahidin ifadəsi və məhkəmə-tibbi ekspertizasının rəyi ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş "MTE və PA ETT Birliyinin" Abşeron rayon şöbəsinin xx.xx.2022-ci il tarixli 2372 nömrəli rəyindən görünür ki, 1991-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmətibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər - sağ alt və üst göz qapaqlarının şişkinlik halında qançırı, gözün ağlı qişasına qansızma küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə dava-dalaş zamanı yumruq zərbəsi ilə vurma nəticəsində əmələ gələ bilərdi; dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Zərərçəkmiş şəxs tərəfindən xx.xx.2022-ci il tarixdə məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsindəki cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, Zərərçəkmiş şəxs ilə barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmadığına görə barəsindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə başlanılmış məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı zamanı 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 60 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-nin 73-cü, Azərbaycan Respublikasının CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 60 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-640/2022
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-640/2022
04.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver