Məhkəmə qərarları › İş №1(012)-641/2023

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-641/2023

27.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-641/2023 27.11.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1987-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Abşeron rayonu Masazır qəsəbəsi “Qurtuluş-93″ yaşayış kompleksi ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd siqaret qutusunun içərisində bir ədəd qızılı rəngli kağız bükümdə təmiz çəkisi 0,420 qram bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 2,280 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə həşiş qətranını qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamış, qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, saxlamaqda və daşımaqda şübhəli bilinətrək, xx.xx.2023-cü il tarixdə saat 04 radələrində Abşeron rayon polis idarəsinin Post Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən Abşeron rayonu, Masazır qəsəbəsi, "Qurtuluş-93" yaşayış kompleksinin ərazisində saxlanılaraq Abşeron rayon polis idarəsinə gətirilməsi, polis idarəsinin inzibati binasında üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli gödəkçənin sol yan cibindən təmiz çəkisi 0,420 qram həmin narkotik vasitə qurudulmuş marixuana və təmiz çəkisi 2,280 qram həmin narkotik vasitə həşiş qətranının aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirdi. Təqsirləndirilən şəxs ibtidai istintaqda ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək bildirmişdir ki, təxminən 1 il müddətdir ki, narkotik vasitə marixuananı çəkməklə istifadə edir. xx.xx.2023-cü il tarixdə saat təxminən 18 radələrində Masazır qəsəbəsi “Qurtuluş-93” yaşayış kompleksinin ərazisində piyada gəzərkən yerdə olan siqaret qutusu diqqətini cəlb etmiş, həmin siqaret qutusunu götürüb açdıqda içərisində bir ədəd qızılı rəngli kağıza bükülmüş narkotik vasitə marixuana və bir ədəd şəffaf sellofana bükülmüş narkotik vasitə həşiş qatranı olduğunu görmüşdür. Həmin narkotik vasitələri götürüb sonra özü istifadə etmək üçün əynində olan qara rəngli gödəkçənin sol yan cibinə qoymuşdur. Aradan bir neçə saat keçdikdən sonra xx.xx.2023-cü il tarixdə saat 04 radələrində Masazır qəsəbəsi “Qurtuluş-93” yaşayış kompleksində yaşadığı evin yaxınlığında olan zaman ərazidə xidmət aparan polis əməkdaşları ona yaxınlaşmış, bu zaman o qaçmaq istəsə də polis əməkdaşları onu saxlamışlar. Polis əməkdaşları özlərini təqdim etdikdən sonra üzərində şəxsiyyətini təsdiq edən hər hansı sənədin olub-olmamasını soruşmuşlar. O, heç bir sənədinin olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşları onu Abşeron rayon polis idarəsinə dəvət etmişlər. O, də etiraz etməyib onlarla birlikdə Abşeron rayon polis idarəsinə getmişdir. Polis idarəsinin inzibati binasında videoçəkiliş aparılmaqla, dəvət olunmuş müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçiriləcəyini izah etmişlər. O, etirazı olmadığını bildirmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl ona hüquq və vəzifələri elan olunmuşdur. Bundan sonra, müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı üzərində qanunla qadağan edilmiş hər hansı əşya, maddə və ya predmet olub-olmamağı soruşulmuş, o, əynində olan qara rəngli gödəkçənin sol yan cibində saxladığı siqaret qutusunu çıxarıb təqdim etmişdir. Həmin siqaret qutusu açıldıqda içərisində bir ədəd qızılı rəngli kağız bükümdə narkotik vasitə marixuana və bir ədəd şəffaf sellofan bükümdə narkotik vasitə həşiş aşkar edilmişdir. Bundan sonra onun təqdim etdiyi həmin bükümlər təhqiqatçı tərəfindən götürülmüşdür. Sorğu zamanı polis əməkdaşlarına üzərindən aşkar olunmuş içərisində narkotik vasitə marixuana və narkotik vasitə həşiş bükümləri Abşeron rayonu, Masazır qəsəbəsi “Qurtuluş-93” yaşayış kompleksi ərazisində olan zaman yerdən tapdığını bildirmişdir. Üzərinə şəxsi axtarış keçirilən zaman qanunla qadağan olunmuş başqa heç bir əşya aşkar olunmamışdır. Daha sonra polislər onun təqdim etdiyi həmin bükümləri zərfə qoyaraq möhiirləyib bu barədə protokol tərtib etmişlər. Bütün iştirakçılar kimi o, də həmin protokolun doğruluğunu öz imzasıyla təsdiq etmişdir. Etdiyi əməldən peşmandır. Üzərindən aşkar olunmuş içərisində narkotik vasitə marixuana və narkotik vasitə həşiş qətranı olan iki ədəd büküm özünə məxsusdur, xx.xx.2023-cii il tarixdə saat 18 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi “Qurtuluş-93” yaşayış kompleksi ərazisində yerdən tapmış və şəxsi istifadəsi üçün üzərində saxlamış, əldə etdiyi həmin bükümlərdən heç kimə verməmiş, satmamış və bəxşiş etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Abşeron rayon Polis İdarəsinin PPXB-nin polis serjantı vəzifəsində xidmət edir. 17 mart 2023-cıi il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi, «Qurtuluş-93» yaşayış kompleksində polis nəfəri, polis kiçik serjantı Şahid3 və polis nəfəri, polis kiçik serjantı Şahid2 ilə birlikdə təxminən saat 04:30 radələrində piyada xidmət aparan zaman (bir) nəfər şəxsin küçənin qaranlıq hissəsində dayandığını görüblər. Həmin şəxs onları görən kimi onladan yayınmağa çalışarkən,onlar həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin şəxsin üzərində şəxsiyyətini təsdiq edən sənəd olub-olmamasını soruşduqda, bildiribdir ki, üzərində hər hansı bir sənəd yoxdur və ona verilən suallara qeyri adekvat cavablar verərkən onlarda şübhələr doğurmağa başladığından, həmçinin həmin şəxs bildirmişdir ki, üzərində narkotik vasitə var, ona görə də 47-63 saylı avtopatrul vasitəsi ilə həmin şəxsi Abşeron RPİ-nə dəvət ediblər və onu növbətçi hissəyə təhvil vermişlər. Abşeron RPİ-nin növbətçi hissəsində məlum olubdur ki, həmin şəxs xx.xx.1987-ci ildə Siyəzən şəhərində anadan olmuş, Siyəzən şəhəri, T.İsmayılov küçəsi ev 18, mənzil 45-də qeydiyyatda olan, Abşeron rayonu, Masazır qəsəbəsi, «Qurtuluş-93» yaşayış kompleksində yaşayan Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs Abşeron RPİ-nə gətirib növbətçi hissəsinə təhvil verilməsi barədə İdarənin rəisinə raport yazıblar. Təqsirləndirilən şəxs üstünə baxış keçirilməzdən əvvəl dövlət hesabına müdafiəçi ilə təmin olunmuşdur. Bundan sonra Polis İdarəsinin xidməti otaqlarından birində müdafiəçinin və onların iştirakı ilə, videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə hərəkətinə başlamazdan əvvəl Təqsirləndirilən şəxs aparılacaq videoçəkilişlə bağlı hər hansı bir etirazının olub-olmadığı soruşulmuş. Təqsirləndirilən şəxs videoçəkilişlə bağlı hər hansı etirazının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri təhqiqatçı tərəfindən izah və elan edilmişdir.Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya və ya maddə olub-olmaması, olduğu halda onları könüllü təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçəsinin sol yan cibndən bir ədəd siqaret qutusunu çıxararaq masanın üzərinə qoymuşdur. Həmin siqaret qutusunun içərisində olan bir ədəd siqaretin qızılı rəngli kağızma bükülmüş bükümün içərisində narkotik vasitə olan marixuana və bir ədəd şəffaf rəngli sellofan bükümün içərisində narkotik vasitə olmasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya,maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan marixuanaya bənzər və digər qəhvəyi rəngli maddələr içərisi boş olan ağ rəngli zərfə qoylaraq qablaşdırılmış və Azərbaycan Respublikası DİN-nin 56 saylı möhürü ilə möhürlənmişdir. Zərfin üzərinə iştirakçılar, şübhəli şəxs, müdafiəçi və onun tərəfindən imzalanmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki,onun üzərindən aşkar olunmuş həmin narkotik vasitə olan marixuanaya bənzər və digər qəhvəyi rəngli maddələrin özünə məxsus olduğunu, həmin maddələri 16 mart 2023-cti il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi, «Qurtuluş-93» yaşayış kompleksi yaxınlığında yerdən tapdığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Şəxsi axtarış və götürmə Abşeron RPİ-nin inzibati binasında xidməti iş otaqlarından birində süni işıqlandırma şəraitində keçirilmişdir. Şəxsi axtarış və götürmə zamanı «Sony» marklı video kameradan istifadə edilməklə video çəkiliş aparılmış və bu barədə protokol tərtib olunmuşdur, protokol oxunaraq hər bir iştirakçı tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə Abşeron rayon Polis İdarəsinə əməliyyat məlumatları daxil olmamış, eyni zamanda onun narkotik maddələri konkret olaraq kimdən əldə etməsi barədə məlumatlar da daxil olmamışdır. İbtidai istintaqda şahid qismində dindirilmiş Abşeron rayon Polis İdarəsinin PPXB-nin polis nəfəri Şahid2 və Şahid3 eyni məzmunlu ifadə verib, istintaq zamanı Şahid1 iş üzrə vermiş olduğu ifadəsini təsdiq etmişlər. Məhkəmə tərəfindən DVD formatlı kompak diskə baxış zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs narkotik maddənin saxlanmasında və qəbul edilməsində şübhəli olduğunun elan edilməsi, Azərbaycan Respublikası CPM-nin 91-ci maddəsində nəzərdə tutulan hüquq və vəzifələrinin izah olunması, Təqsirləndirilən şəxs üzrəində hər hansı şübhəli əşya və predmet varsa təqdim etməsi barədə təklif olunması, bu zaman onun əynindəki qara rəngli gödəkçəsinin sol yan cibindən bir ədəd siqaret qutusunu çıxararaq masanın üzərinə qoymaqla təqdim etməsi və narkotik maddə olan həmin marixuana və həşişi Abşeron rayonu, Masazır qəsəbəsi “Qurtuluş-93” yaşayış kompleksi ərazisində olan zaman yerdən tapdığını bildirməsi öz əksini tapmışdır. İş materiallarında olan Məhkəmə- kimyəvi ekstertizanın 17 mart 2023-cü il tarixli, 7/404 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN zərflər üçün “56” dairəvi möhür əksi olan,“Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəyə bənzər maddələr” yazılar və imzalar olan zərfdə 1 ədəd qızılı rəngli kağız bükümdə təmiz çəkisi - 0,420 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 1 ədəd şəffaf rəngli selofan bükümdə təmiz çəkisi -2,282 qram olan maddə (bitki mənşəli kütlə) tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə həşiş qətranıdır. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr» in siyahısına (Siyahı 1) daxildir. İş üzrə maddi sübut olan ekspertiza tədqiqatından qalıq qalmış təmiz çəkisi 0,420 qram narkotik vasitə marnixuana və bir ədəd DVD-R diski iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından qalıq qalmış 0, 400 qram narkotik vasitə marixuana, həşiş qətranın təmiz çəkisi- 2,280 qram, tədqiqata sərf edilib cəmi 0,02 qram, qalıq 2,260 qram saxlanılması üçün Abşeron rayon Pİ-nin maddi sübutlar saxlancı ambarına təhvil verilmiş və bir ədəd DVD-R diski iş materiallarına əlavə edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun 1.0.8-1.010-cu maddələrinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin qanunun 21.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. İş materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın 19 may 2023-cü il tarixli, 3037 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs KANNABİOİDLƏRİN "qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji diuspanserində qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal olaraq müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahidlərin ifadələri, məhkəmədə nümayiş olunmuş videogörüntülər, aparılmış ekspertizaların rəyləri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün olaraq tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda, həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətlərin xarakterini, yəni cinayətin qəsdən törədilməsini, həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakteri və icitimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını cəzanın onun islah olunmasını təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunması qanuni, əsaslı və ədalətli olmaqla cəzanın məqsədlərinə xidmət edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə 17 mart 2023cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 18 mart 2023- cü il tarixdə onun barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş və həmin qətimkan tədbiri məhkəmədə öz qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” tədbiri ləğv edilməli, onun barəsində “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə zalından həbs edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanunu qüvvəsini alanadək gücündə saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət ona təyin olunmuş cəza müddətindən çıxılaraq ona qəti cəza təyin olunmalı və cəzaçəkmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Bununla əlaqədar məhkəmə hesab edir ki, müvafiq məhkəmə-narkoloji ekspertizasının rəyinə və qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin, hesab edir ki, iş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan 0,400 qram Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitə olan marixuana və 2,260 qram olan həşiş qətranı hökm qanuni qüvvəyə minəndən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntüləri özündə əks etdirən DVD formatlı disk isə cinayət işində saxlanmalıdır. Bundan əlavə, məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 72 (yetmiş iki) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Hökmün icrası Abşeron Rayon Polis İdarəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə zamanı 30 saat hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X1 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona ona 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə olduğu cəmi 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin, onun barəsində “həbs” qətimkan tədbiri” seçilsin və o, məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmənin əvvəli onun həbsə alındığı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan 0,400 qram Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitə olan marixuana və 2,260 qram olan həşiş qətranı hökm qanuni qüvvəyə minəndən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 1 ədəd “DVD” formatlı disk cinayət işində saxlanılsın. İş üzrə məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 72 (yetmiş iki) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulsun. Təqsirləndirilən şəxs məhkəmə zamanı 30 saat hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X2 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Abşeron Rayon Polis İdarəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim:Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar