Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-642/2023 20.09.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim – Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, məhkəmə iclas katibi – Əliyeva Pərvanə Kazım qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Müseyib oğlunun iştirakları ilə xx.xx.1981-ci ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və Abşeron rayonu. Aşağı Güzdək qəsəbəsində yaşayan, barəsində “həbs“ qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.1 və 127.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildə saat 18 radələrində Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yaşadığı evdə birgəyaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozaraq, həyat yoldaşının evdən getməsinə valideynlərinin səbəb olmasını bəhanə edib, sərxoş vəziyyətdə atası Şahid2 ilə mübahisə edib üstünə hücüm edərkən, onun bu zorakı hərəkətlərinin qarşısını ictimai borcunu yetirməklə almaq istəyən və onu sakitləşdirməyə çalışan anası Zərərçəkmiş şəxs qarşı, sonuncuya əziz olan əri Şahid2ıı gözləri qarşısında öz zorakı hərəkətləri ilə həm anası Zərərçəkmiş şəxs, həm də atası Şahid2 ağır iztirab verdiyini aşkar surətdə dərk edərək, eyni zamanda Zərərçəkmiş şəxs yaşının çox olmasına, zəif bədən quruluşuna malik olmaqla fiziki cəhətdən ondan kəskin fərqlənməklə ona qarşı müqavimət göstərmək iqtidarında olmamasına məhəl qoymayaraq xüsusi amansızlıqla, köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs sol qolundan tutub buraraq, əlindəki mobil telefonunun nazik hissəsi ilə həmin qoluna bir dəfə vurmaqla sonuncuya sol dirsək sümüyünün qapalı yerdəyişən sınğı ilə müşayiət olunan, həyat üçün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, qəsdən sağlamlığa az ağır zərər vuran bədən xəsarəti yetirmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, anası Şəfiqəni döyməmiş və ona xəsarət yetirməmişdir. Sadəcə olaraq valideynləri əvvəllər Bakı şəhərində yaşadığı ev yeni binaların tikintisi ilə bağlı söküldükdən sonra onlara verilən yeni mənzillərdən ona düşən payı vermədiklərinə görə aralarında tez-tez mübahisələr olmuşdur. Sonuncuların ona qarşı bu davranışı onu əsəbləşdirdiyinə görə sakitləşmək üçün tez- tez spirtli içki qəbul etməyə başlamışdır. Buna görə də, həyat yoldaşı Təranə uşaqlarını da götürüb evdən getmişdir. Bundan sonra, münasibətləri daha da pisləşmiş, evində narazılıqlar, söz-söhbətlər və mübahisələr çoxalmışdır. Həmin mübahisələrdən biri də 23 yanvar 2023-cü ildə onların Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində birlikdə yaşadıqları evdə baş vermişdir. Belə ki, həmin günü saat təxminən 18 radələrində yaşadıqları evdə olduğu vaxt atası Mübarəkin işdən evə gəldiyini görüb, yenə onlara verilən evdən ona düşən payı vermədiklərinə görə həyat yoldaşının ondan ayrıldığını, ailəsinin dağıldığını söyləmişdir. Onlar da ailəsinin dağılmağında onun özünün günahkar olduğunu deyib, ona ev verməyəcəyini söyləmişdir. Bu səbəbdən aralarında mübahisə yaranmışdır. Anası Şəfiqə onların mübahisə etdiyini görüb yaxınlıqda yaşayan əmisi arvadı Nəsibəni onlara çağırmışdır. Sonuncu gələndə ata ilə yataq otağında mübahisə etmişlər. Anası Şəfiqə də onları sakitləşdirməyə çalışmış, o, atası Mübarəkin sözlərinə əsəbləşib sonuncunun üstünə tərəf gedəndə əmisi arvadı Nəsibə də yanlarına gəlib onları aralaşdırmağa başlamışdır. Bundan sonra atası ilə anası evdən çıxıb getmiş və həmin gündən sonra evə qayıtmamışlar. Sonradan eşitmişdir ki, həmin dava-dalaşda anası Şəfiqənin sol qol sümüyü sınmışdır. Bir daha göstərmişdir ki, həmin dava-dalaş zamanı nə anasını, nə də başqa heç kimi vurmamışdır. Sonda o, barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, əvvəllər ailəsi ilə birlikdə Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən “Papanin" adlanan məhəllədəki evləri tikinti şirkəti tərəfindən yeni çoxmərtəbəli bina tikintisi ilə bağlı söküldüyünə görə həmin evdən çıxıb Abşeron rayonu Aşağı güzdək qəsəbəsində torpaq sahəsi alıb ev tikib yaşamağa başlamışlar. Həyat yoldaşı Şahid2 özünə məxsus avtomobili ilə yük daşıyıb pul qazanır. Oğlu Vüqar da ailəsi ilə birlikdə onlarla eyni evdə yaşamışdır. Lakin onun tez-tez spirtli içki qəbul edib, narkotik vasitələrdən istifadə etdiyinə görə evdə dava-dalaş salması səbəbindən onun həyat yoldaşı uşaqlarını da götürüb evdən getmişdir. Bundan sonra, Vüqar daha da aqressivləşib demək olar ki, hər gün sərxoş vəziyyətdə evə gəlib, əsassız narazılıqlar edib, onlarla mübahisə edərək, onu və atası Mübarəki nalayiq ifadələrlə təhqir edib, söyməyə başlamışdır.23 yanvar 2023-cü il tarixdə saat 18 radələrində əri Mübarək işdən evə gəlib şam yeməyi yeməyə başlamış, həmin vaxtı Vüqar da həmişəki kimi sərxoş vəziyyətdə evdə olmuş, o Mübarəkə Vüqarın yenə sərxoş olduğunu deyib, onun dediklərinə əhəmiyyət verməməsini xahiş etmişdir. Vüqar atası Mübarəkin evə gəldiyini görüb yanlarına gəlib, arvadının onu atıb getməsində onları günahlandırıb mübahisə etməyə başlamışdır. Mübarək də yeməyini yarımçıq qoyub yataq otaqlarına keçib çarpayısına uzanmışdır. Vüqar da sonuncunun ardınca yataq otağına getmiş və heç bir səbəb olmadan onu söyməyə başlamışdır. O. bunu eşidən kimi dərhal yataq otağına onların yanına getmiş, otağa daxil olan vaxtı Vüqarın Mübarəkə “səni boğaram" deyib, üstünə hücüm edib əlləri ilə Mübarəkin boğazından tutmaq istədiyini görüb, tez onların aralarına girmiş və Vüqarın çiynindən tutub kənara çəkmək istəyəndə sonuncu bir əli ilə onun sol qolundan tutub burmuş və digər əlindəki mobil telefonunu ensiz hissəsi ilə həmin qoluna bir dəfə güclü zərbə ilə vurmuşdur. Bu zaman qonşuluğunda yaşayan qaynı Asifin həyat yoldaşı Nəsibə səs-küyə yanlarına gəlib onu Vüqarın əlindən almışdır. Mübarəklə artıq Vüqarla bir evdə yaşamağın mümkün olmadığını hiss edib, elə həmin vaxtı evdən çıxıb onlarla eyni qəsəbədə yaşayan qohumu Talehgilə getmiş və gecəni onlarda qalmışlar. Onun qolunda güclü ağrı olduğuna görə Mübarək ertəsi günü səhər onu Xocasən qəsəbəsindəki poliklinikaya aparmışdır. Orada həkimlər qolunu müayinə etdikləri vaxt sol qol sümüyümün sındığını bildirib, ona tibbi yardım göstərmişlər. Həmin vaxtı həkimlərə yıxılaraq qolundan xəsarət aldığını söyləmişdir. Bundan sonra, artıq evə gedə bilməyib, Bakı şəhəri Bülbülə qəsəbəsində yaşayan qızının evinə getmişlər. Təxminən 17-18 gün sonra əri Mübarək bu məsələyə son qoymaq üçün DİN-nin 102 xidmətinə zəng edib oğlu Vüqardan şikayət etmişdir. Bundan az sonra Abşeron RPİ-nin Qobu polis bölməsindən əri Mübarəkə zəng edib onları polis bölməsinə dəvət etmişlər, onlar polis bölməsinə getdikdə məlum olmuşdur ki, Vüqar DİN-nin 102 xidmətinə zəng edib polis əməkdaşlarını da təhqir etdiyinə görə onu Qobu PB-nə aparmışlar. O, Vüqarın onu döyməsi ilə bağlı ərizə yazıb şikayət etdikdən sonra Mübarəklə birlikdə yenidən qohumu Talehgilə getmiş və 2 gün sonuncunun evində qonaq qaldıqdan sonra yaşadığı qəsəbədə kirayə ev tutub orada qalmağa başlamışlar. Göstərmişdir ki, əvvəllər də Vüqar evdə sərxoş vəziyyətdə dava-dalaş saldığına görə qonşuları da artıq onlarla münasibətlərini kəsmiş, həmin hadisə vaxtı da yaxın qonşuluğunda olan qaynının arvadı Nəsibə səs-küyə yanlarına gəlib onu Vüqarın əlindən almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, əvvəllər ailəsi ilə birlikdə Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən “Papanin" adlanan məhəllədəki evləri tikinti şirkəti tərəfindən yeni çoxmərtəbəli bina tikintisi ilə bağlı söküldüyünə görə həmin evdən çıxıb Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində torpaq sahəsi alıb ev tikib yaşamağa başlamışlar. Özünə məxsus avtomobili ilə yük daşıyıb pul qazanır. Oğlu Vüqar da ailəsi ilə birlikdə onlarla eyni evdə yaşamışdır. Lakin sonuncu tez-tez spirtli içki qəbul edib, narkotik vasitələrdən istifadə etdiyinə görə evdə dava-dalaş salması səbəbindən həyat yoldaşı uşaqlarını da götürüb evdən getmişdir. Bundan sonra Vüqar daha da aqressivləşib demək olar ki, hər gün sərxoş vəziyyətdə evə gəlib, əsassız narazılıqlar edib, onlarla mübahisə edərək, onu və anası Şəfiqəni nalayiq ifadələrlə təhqir edib, söyməyə başlamışdır. Oğlu olduğuna görə nə o, nə də anası Vüqardan şikayət etməmişlər. 23 yanvar 2023-cü il tarixdə saat 18 radələrində işdən evə gəlib şam yeməyi yeməyə başlamışdır. Həmin vaxtı həyat yoldaşı Şəfiqə Vüqarın yenə sərxoş olduğunu deyib, onun dediklərinə əhəmiyyət verməməyi xahiş etmişdir. Bu zaman Vüqar yanlarına gəlib, arvadının onu atıb getməsində onları günahlandırıb mübahisə etməyə başlamışdır. O da yeməyi yarımçıq qoyub yataq otağına keçib çarpayısına uzanmışdır. Vüqar da ardınca yataq otağına gəlib, heç bir səbəb olmadan onu söyməyə başlamışdır. Həmin vaxtı həyat yoldaşı Şəfiqə yataq otağına onların yanına gəlmişdir. Bu zaman Vüqar “səni boğaram" deyib, onun üstünə hücüm edib əlləri ilə boğazından tutmaq istəmiş, Şəfiqə də bunu görüb, tez onların arasına girmiş və Vüqarın çiynindən tutub kənara çəkmək istəmişdir. Vüqar da həmin vaxtı bir əli ilə onun sol qolundan tutub burmuş və digər əlindəki mobil telefonunu ensiz hissəsi ilə Şəfiqənin həmin qoluna bir dəfə güclü zərbə vurmuşdur. Bu zaman qonşuluğunda yaşayan qardaşı Asifin həyat yoldaşı Nəsibə səs-küyə yanlarına gəlib onları Vüqarın əlindən almışdır. Bundan sonra artıq Vüqarla bir evdə yaşamağın mümkün olmadığını hiss edib, elə həmin vaxtı evdən çıxıb onlarla eyni qəsəbədə yaşayan bacısı oğlu Talehin evinə getmiş və gecəni orada qalmışlar. Şəfiqənin qolunda güclü ağrı olduğuna görə ertəsi günü onu Xocasən qəsəbəsindəki poliklinikaya aparmışdır. Orada həkimlər Şəfiqənin qolunu müayinə etdikləri vaxt sol qol sümüyünün sındığını bildirib, ona tibbi yardım göstərmişlər. Həmin vaxt Şəfiqə həkimlərə oğlu Vüqarın onun qoluna xəsarət yetirdiyini deyil, yıxılaraq qolunun xəsarət aldığını söyləmişdir. Bundan sonra artıq evə gedə bilməmişdir. Bakı şəhəri Bülbülə qəsəbəsində yaşayan qızının evinə getmişlər. Təxminən 17-18 gün sonra bu məsələyə son qoymaq üçün DİN-nin 102 xidmətinə zəng edib oğlu Vüqardan şikayət etmişlər. Bundan az sonra Abşeron RPİ-nin Qobu polis bölməsindən ona zəng edib, onları polis bölməsinə dəvət etmişlər. Onlar da oraya getmiş, həmin vaxtı məlum olmuşdur ki, Vüqar DİN-nin 102 xidmətinə zəng edib polis əməkdaşlarını da təhqir etdiyinə görə onu Qobu PB-nə aparmışlar. Şəfiqə Vüqarın onu döyməsi ilə bağlı ərizə yazıb şikayət etdikdən sonra birlikdə yenidən bacısı oğlu Talehin evinə getmiş və 2 gün onun evində qonaq qaldıqdan sonra yaşadığı qəsəbədə kirayə ev tutub orada qalmağa başlamışlar. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, iki il olar 2 övladı ilə birlikdə bacısının Bakı şəhəri, Buzovna qəsəbəsindəki evində onun ailəsi ilə birlikdə yaşayır. Fərdi qaydada dərziliklə məşğuldur. Təqsirləndirilən şəxs keçmiş həyat yoldaşıdır. Onlar 3 il olar ki, rəsmi qaydada boşanmışlar. Vüqar uşaqlarına görə ona aliment verməli olsa da, 3 il olar ki, pul ödəmir. Onlar evləndikdən sonra uzun müddət qaynatası Şahid2gillə Bakı şəhəri “Papanin" adlanan məhəllədəki ayrıca çıxışı olan 3 otaqlı evdə 17 il yaşadıqdan sonra Vüqarın spirtli içki və narkotik maddə alüdəçisi olması səbəbindən evdə tez-tez əsassız mübahisələr yaratması səbəbindən 2020ci ilin mart ayında ondan rəsmi qaydada boşanmış və bundan sonra iki övladı ilə birlikdə Bakı şəhəri Buzovna qəsəbəsinə bacısının evinə yaşamağa getmişdir. O, Vüqardan rəsmi olaraq boşandıqdan təxminən 1 il sonra Bakı şəhəri “Papanin" adlanan məhəllədə əvvəllər birlikdə yaşadığı ev çoxmərtəbəli binaların tikintisi ilə əlaqədar sökülmüş, bundan sonra Vüqar da valideynləri ilə birlikdə qaynatasının Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində tikdiyi evə köçüb onlarla birlikdə yaşamağa başlamışdır. O, Vüqardan ayrıldıqdan sonra da qaynatası Mübarəklə və qaynanası Şəfiqə ilə mütəmadi əlaqə saxlayıb hal-əhval tutduğuna görə Vüqarın onlarla da yola getmədiyini, tez-tez spirtli içki və narkotik vasitə qəbul edib onlarla əsassız mübahisələr etdiyini, hətta onların söyüb təhqir etməsindən məlumatı olmuşdur. xx.xx.2023-cü ildə saat təxminən 19-20 radələrində növbəti dəfə qaynanası Şəfiqəyə zəng edib sonuncu ilə hal-əhval tutduğu vaxt sonuncu ona bildirmişdir ki. Vüqarın az əvvəl yenə evə sərxoş vəziyyətdə gəlib qaynatası ilə mübahisə edib onun üstünə hücürn edib əlləri ilə boğmaq istəyəndə qaynanası bunun qarşısını almağa çalışdığına görə Vüqar sonuncunun qolunu buraraq əlindəki mobil telefonun nazik tərəfi ilə həmin qoluna vurmuş və xəsarət yetirmiş, bu səbəbdən də onlar evdən çıxıb yaşadıqları qəsəbədə olan qohumlarının evinə gedib orada yaşamağa başlamışlar. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, qaynı Mübarəklə qonşuluqda yaşayır, onunla və ailə üzvləri ilə normal münasibəti olmuşdur. Mübarəkin oğlu Vüqar mütəmadi olaraq evdə ailə üzvləri ilə dava dalaş yaratması səbəbindən onunla Vüqarla münasibəti pisləşmişdir. 23 yanvar 2023cü il tarixdə saat 18 radələrində yaşadığı evdə olduğu zaman qonşuluqda yaşayan qaynı Mübarəkin evində səs küy gəldiyini eşitmiş və tez onun evinə getmişdir. Həmin vaxtı evdə Vüqarın atası Mübarəklə mübahisə edib dalaşdığını və həmin anda Şəfiqənin onların arasına girdiyi anda Vüqarın əlindəki telefonun tini ilə sonuncunun qolundan vurduğunu görmüş, belə olduqda onların arasına girib Vüqarı onlardan aralaşdırmışdır. Bundan sonra, Mübarəklə Şəfiqə oğulları Vüqarla bir evdə yaşamağın mümkün olmayacağını bildirərək evdən çıxıb harasa getdiklərini görmüşdür. Həmin günün səhərisi Şəfiqə ilə telefon əlaqəsi yaratdıqda Şəfiqənin Vüqarın vurduğu zərbədən qolundan xəsarət aldığı üçün həkimə müraciət etdiyini və müayinə zamanı sol qolunun sındığını aşkar etdiyini sonuncu ona bildirmişdir. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli. 278 nömrəli rəyindən görünür ki, 1957-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər sol dirsək sümüyünün qapalı yerdəyişən sınığı küt əşyanın təsirindən törənmişdir, xəsarət xx.xx.2023-cü il tarixdə qərarın təsviri hissəsində göstərildiyi şəraitdə əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.1 və 127.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsiri tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.1 və 127.2.2-ci maddəsi ilə təqsirli bilinərək sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə AR CM-nin 234.1 -ci və 93.1.4cü maddələri ilə təqsirli bilinərək 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2016-cı il tarixdə AR Milli Məclisinin xx.xx.2016-cı il tarixli Amnistiya Qərarının 2.5-ci bəndinə əsasən cəzasının qalan hissəsindən azad edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsində göstərilmişdir ki, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq götürülmüş və ödənilmiş hesab edilir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3cü maddəsinə əsasən məhkumluğu ödənilmiş şəxs hesab olunur.əvvəllər məhkum olunmamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun törədilmə hallarını, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, cəzanın onun islah olunmasına və ailə şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.1 və 127.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumemə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı həm də, cəzanın məqsədlərinə uyğundur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon Məhkəməsinin qərarı ilə xx.xx.2023cü il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş və məhkəmədə həmin qətimkan tədbiri öz qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkməsinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanunu qüvvəsini alanadək gücündə saxlanılmalıdır. Hökmün icrası Abşeron rayon Polis idarəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Müseyib oğluna hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.1 və 127.2.2ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmənin əvvəli həbs edildiyi xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanunu qüvvəsini alanadək gücündə saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Müseyib oğluna hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Abşeron rayon Polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim:Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №1(012)-642/2023
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-642/2023
20.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver