Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-643/2025 19.08.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ X6 Ənvər qızının sədrliyi, Hacıyev Xalid Nazim oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi Xırdalan şəhər Vəkill Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1993-cü ildə Bolnisi rayonu, Savaneti kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Abşeron rayonu, Saray qəsəbə ərazi dairəsi, Saray qəsəbəsi, X3 küçəsi, ev 15 D ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(060)-142/2025 saylı qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, hazırkı iş üzrə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 20 oktyabr 2024-cü il tarixdə, saat 14:42-də yaxınlaşdığı ünvan 2 ünvanında yerləşən Araz marketin qarşısına quraşdırılmış Kapital Banka məxsus bankomatdan Zərərçəkmiş şəxs 2000 manat pulunu oğurlamışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 20 oktyabr 2024-cü il tarixdə əmisi oğlu X4 ilə birlikdə ünvan 2ndə yerləşən Araz marketin qarşısına quraşdırılmış Kapital banka məxsus bankomatdan kartında olan pulu çıxartmaq üçün saat 14:42-də bankomata yaxınlaşmış, bankomatın qarşısına yaxınlaşanda bankomatın qarşısı boş olmuşdur. Bankomata yaxınlaşmış, həmin vaxt əmisi oğlu Elton Musayev isə ondan kənarda dayanmışdır. İstifadəsində olan kapital banka aid kartı bankomata salmaq istəyəndə bankomatın ekranında 2000 manat pulun yazıldığını və həmin 2000 manat pulun çıxarılması üçün imtina etmiş və qəbul et yazılarının yazıldığını görmüşdür. O da qəbul et düyməsini sıxandan sonra aparatdan 2000 manat pulu çıxmış və özünə aid kartı bankomata salmadan həmin 2000 manat pulu götürərək dərhal oradan uzaqlaşmışdır. Bu barədə əmisi oğlu Elton Musayevə heç bir söz demədən birlikdə çıxıb getmişlər. Həmin an yanında və ya arxasında kiminsə olduğunu xatırlamır. Bankomata yaxınlaşanda orada heç kim olmamış və götürdüyü pulun kimə məxus olduğunu bilmir. Zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmişdir. Məhkəmədən yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Petrol 100 yanacaq doldurma məntəqəsində növbə rəisi vəzifəsində işləyir. İstifadəsində Kapital banka aid **********943282 nömrəli hesab kartı vardır. 20 oktyabr 2024-cü il tarixdə ünvan 3 ünvanında yerləşən “Araz" marketin qarşısına quraşdırılmış Kapital banka məxsus ATMyə yaxınlaşmış, hesab kartını bankomata yerləşdirmişdir ki, hesabından pul çıxarsın. Həmin vaxt bankomatın ekranına gün işığı düşdüyündən yaxşı görsənmədiyindən bankomatdan məbləği düzgün seçmədiyini zənn edib kartını geri götürmüşdür. Bankomatdan uzaqlaşdıqdan bir neçə dəqiqə sonra mobil telefonunda olan banka aid mobil tətbiqindən 2000 manat pulun çıxarılması barədə bildiriş gəlmişdir. Ona məlum olmuşdur ki, kimsə bankomatdan ona aid 2000 manat pulu oğurlamışdır. Bundan sonra Kapital banka müraciət etmiş, daha sonra isə 23 oktyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə və ərizə ilə Saray PB-nə müraciət etmişdir. Baş vermiş hadisə nəticəsində onun 2000 manat pulu oğurlanmışdır. Təqsirləndirilən şəxs şikayətçi deyildir. Təqsirləndirilən şəxs dəymiş zərəri ödəmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqıda” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin tərkib əlamətləri olduğundan Təqsirləndirilən şəxs barəsində həmin maddə ilə cinayət işi başlanmış, istintaq aparılması üçün icraata qəbul edilmiş və Zərərçəkmiş şəxs Əİəkbır oğluna maddi ziyan vurulduğundan o iş üzrə zərər çəkmiş şəxs qismində tanınmışdır. Cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixində şübhəli şəxs qismində tutulmuşdur. “Qətimkan tədbirinin seçilməsi və müvəqqəti saxlama yerindən azad edilmə haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və saxlandığı Abşeron RPİ-nin MSY-dən dərhal azad edilmişdir. DİN-in BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Tərtər Hərbi Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.1; 66.2-ci maddələri ilə təqsirli bilinərək 200 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2013-cü ildə cərimə dövlət büdcəsinə tam ödənilmişdir. “Şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. Zərərçəkmiş şəxs Ələbər oğlu tərəfindən məhkəməyə təqdim edilmiş ərziədən görünür ki, Təqsirləndirilən şəxs şikayətçi deyildir. Təqsirləndirilən şəxs dəymiş zərəri ödəmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(060)-142/2025 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində 04 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1 -ci maddəsində nəzərdə tutulan əməli, yəni özgənin əmlakını gizli talamaqla, oğurluq cinayətini törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin şəraitinə həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlini etiraf etməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin şikayətçi olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi müəyyən edilmişdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə yuxarıda vurğulanmış qanunvericiliyin normalarına, Azərbaycan Respublikasının Ali Məhkəməsinin cəza institutu ilə bağlı mövqelərinə və nəzəri biliklərə söykənərək qeyd edir ki, bu və ya digər cəzaları, onların həddini və növünü təyin edənə qədər təqsirləndirilən şəxsin təyin edilmiş cəza vasitəsilə islah olunmasına əmin olmalıdır. Yəni bu əminlik, özü-özlüyündə proqnostik ideyaların təcrübədə təsdiq edilməsi və ya inkar edilməsinədək cəzanın gələcək nəticələrinin həqiqiliyinin idrakı üsullarıdır. Hüquq nəzəriyyəsinə görə hüquq, törədilmiş pozuntunun qarşılığında alınacaq cəza ilə özünü bərpa etməli, başqa sözlə, hüquqa və qanuna müxalif xüsusi iradənin öz-özünə mövcud olan məntiqli, azad, ümumi iradəyə, yəni hüquqa tabe edilməsi lazımdır. Cəza əslində törədilmiş cinayətə görə hüquqi baxımından verilən qanuni cavabdır. Lakin cinayətin səbəb olduğu ziyanla və cəza ilə təqsirkara verilən cəza arasında bərabərlik şəklindəki əvəzçıxma deyildir. Sadəcə olaraq cəza həmin şəxslərin islah edilməsi üçün nəzərdə tutulmuş sosial reabilitasiya vasitəsidir. Məhkəmə nəticə olaraq qeyd edir ki, cəzanın qarşısında müəyyən məqsəd qoyulmamışdan əvvəl, həmin məqsədə hansı vasitələrlə nail olunacağının aydınlaşdırılması, həmçinin onun reallığı və praktikada tətbiq edilə bilinəcəyi və cəzanın özünün obyektiv imkanları müəyyən edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2.1 -ci maddəsinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Cəza çəkməsinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmaldır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilməlidir. Hazırda Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(060)-142/2025 saylı qərarı ilə həbsdə olması nəzərə alınmalıdır. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 (altı) manat məbləğində müəyyən edilmişdir. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025- ci il tarixli, 141 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi Müdafiəçi məhkəmənin iclaslarında iştirak etdiyi 11 saata görə 121 (bir yüz iyirmi bir) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1 -ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilsin. Hazırda Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(060)-142/2025 saylı qərarı ilə həbsdə olması nəzərə alınsın. Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi Müdafiəçi məhkəmənin iclaslarında iştirak etdiyi 11 saata görə 121 (bir yüz iyirmi bir) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Şəfəq Məmmədova
Məhkəmə qərarları › İş №1(012)-643/2025
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-643/2025
19.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver