Məhkəmə qərarları › İş №1(012)-645/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-645/2025

12.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-645/2025 12.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Məhkəmə iclasının katibi Qarayev Cavid Nazim oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi: Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1998-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 24 yanvar 2025-ci il tarixdə sosial şəbəkədə tanış olduğu Baba adlı İran İslam Respublikası vətəndaşının 90 manat müqabilində Abşeron rayonu, Xırdalan şəhərində qoyduğu 6,12 qram çəkidə xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuananı götürüb qanunsuz əldə edərək Xırdalan şəhərində daşımış və saxlamış, 25 yanvar 2025-ci il tarixdə saat 10:37 dəqiqədə Abşeron RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Abşeron rayonu “Gənclər şəhərciyi” yaşayış kompleksi 12-ci blokun qarşısında saxlanılıb orada həmin günü saat 10:37-dən 10:42-yə kimi üzəri yoxlanılan zaman əynindəki göy rəngli şalvarının sağ cibindən bir ədəd şəffaf sellofan bükümdə çəkisi 6,12 qram olan bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmədə Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, narkotik vasitə marixuanadan istifadə etmiş, lakin marixuana aslılığında və aludəçisi olmamış, əhval-ruhiyyəsi yaxşı olsun deyə marixuanadan mütəmadi olaraq qəbul etmişdir. Marixuananı tanımadığı şəxsdən pulla almış və siqaretə doldurma yolu ilə istifadə etmişdir. 24 yanvar 2025-ci il tarixdə özünü İran İslam Respublikası vətəndaşı kimi təqdim edən Baba adlı şəxs ilə görüntülü danışaraq narkotik vasitə marixuana istəmiş və bir neçə saatdan sonra sonuncu məkan göndərmişdir. Məkan ilə piyada hərəkət edərək Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Raid” ticarət mərkəzinin qarşısına gəlmişdir. Ora çatdıqda fotoşəkil əsasında yerdən bir ədəd şəffaf sellofan bükümdə marixuana götürmüş və “M10” vasitəsilə İran İslam Respublikası vətəndaşına 90 manat pul köçürmüşdür. Şəffaf sellofan bükümü əynində olan göy rəngli cins şalvarının sağ cibinə qoymuşdur. 25 yanvar 2025-ci il tarixdə səhər saatlarında yaşadığı evdən çıxaraq piyada hərəkət etməyə başlamışdır. Saat 10:37 dəqiqədə Abşeron rayonu, “Gənclər şəhərciyi” yaşayış kompleksi 12-ci blokun qarşısından keçən zaman avtomobillərin arasından bir nəfər mülki geyimli şəxs yaxınlaşıb Abşeron RPİ-nin CAŞ-nin əməkdaşı olmasını bildirmişdir. Bir nəfər şəxs isə videoçəkiliş edərək onlara yaxınlaşmışdır. Həmin şəxs də polis əməkdaşı olmuşdur. Polis əməkdaşı narkotik vasitələrin dövriyyəsində şübhəli olmağını bildirmiş və üzərində qanunla qadağan olunmuş əşya olduğu halda təqim etməyini təklif etmişdir. Bundan sonra əynində olan göy rəngli şalvarının sağ cibindən bir ədəd şəffaf sellofan bükümü və “İphone” markalı mobil telefonunu çıxarıb qarşısında olan avtomobilin arxa yük yerinin üzərinə qoymuşdur. Həmin bükümün içərisində narkotik vasitə marixuana olmuşdur. Sorğu zamanı həmin bükümdə olan narkotik vasitə marixuananı şəxsi istifadəsi üçün bir gün əvvəl İran İslam Respublikası vətəndaşından göndərdiyi məkan əsasında M10 vasitəsilə 90 manat ödəyərək almağını və üzərində başqa əşya olmadığını bildirmişdir. Həmin maddə polis əməkdaşı tərəfindən elektron tərəzi ilə çəkilmiş, çəkisi 6,52 qram olmuş, həmin büküm götürülmş və Abşeron RPİ-nə gətirmişlər. Polis İdarəsində xidməti otaqların birinə vəkil dəvət edilmiş, mənə hüquq və vəzifələri izah olunmuşdur. Sonra isə Polis İdarəsinin müvəqqəti saxlama yerinə yerləşdirilmişdir. üzərindən aşkar olunmuş 6,12 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı şəxsi istifadəsi üçün əldə etmişdir. Heç vaxt satışı ilə məşğul olmamış və kimlərəsə satmamışdır. Üzərindən aşkar edilmiş qurudulmuş marixuanadan başqa heç bir yerdə hər hansı bir növ narkotik və yaxud psixotrop maddə saxlamamışdır. Həmin şəxs haqqında heç bir məlumata sahib deyil. Belə ki, həmin şəxsi tanımamışdır. Həmin şəxs özünü İran İslam Respublikası vətəndaşı və Baba kimi təqdim etmişdir. Onunla dostu Abbasın vasitəsilə tanış olmuşdur. Mobil telefonumdan da onlara dair bütün məlumatları silmişdir. Nə saxlanılan zaman, nə dəki polis idarəsinə gətirilən zaman ona qarşı zor tətbiq edilməmişdir. Sonda törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini,bir azyaşlı uşağı olmasını bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dəvət olunmuş Şahid1 ifadəsində göstərmişdir ki, DİN-nin Abşeron rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin kiçik əməliyyat müvəkkili vəzifəsində işləyir və polis baş serjantı rütbəsindədir. Təqsirləndirilən şəxs inzibati ərazidə qanunsuz olaraq narkotik vasitə əldə edərək istifadə etməsi barədə etimad doğuran məlum və qərəzsiz mənbədən polis idarəsinə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması və Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirlərinin keçirilməsi barədə polis idarəsinin rəisinə DİN-nin Abşeron rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməliyyat müvəkkili Şahid2 məruzə etmişdir. Rəis tərəfindən həmin məlumatın qanuna uyğun formada yoxlanılmasına icazə verilmişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə saxlamasına görə və onun ifşa edilməsi məqsədi ilə ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş, həmin qərar idarə rəisi tərəfindən təsdiq edilmiş, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair təsdiq olunmuş qərar barədə Abşeron rayon prokuroruna və Abşeron rayon məhkəməsinə məlumatlar verilmişdir. Əməliyyat qrupu yaradılmış, həmin qrupun rəhbəri DİN-nin Abşeron rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid2, üzvü isə o təyin olunmuşdur. Təqsirləndirilən şəxs ətrafında tədbirlər keçirilməyə başlanılmış və həmin gün qrupun üzvü Şahid1 ilə məlumat əsasında Abşeron rayonu, “Gənclər Şəhərciyi” yaşayış kompleksinə gəlmişlər. Orada 12 blokun yaxınlığında avtomobillərin arasında dayanmış və Şahid1 isə videoçəkiliş edəcəyi üçün aralıda dayanmışdır. Təqsirləndirilən şəxs əlamətlərinə görə oxşadıb kənardan bir müddət onu müşahidə etmişlər. Şahid1 Təqsirləndirilən şəxs arxasınca videoçəkiliş edərək gəlməyə başlamışdır. Təqsirləndirilən şəxs bərabərliyinə çatdıqda sonuncuya yaxınlaşıb saxlayaraq özünü təqdim etmişdir. Şahid1 da özünü təqdim etmişdir. 25 yanvar 2025-ci il tarix saat 10:37 dəqiqə olmasını və Təqsirləndirilən şəxs şübhəli şəxs kimi narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı saxlanılmasını bildirib ondan təqdim etməsini xahiş etmişdir. O da özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, predment olması barədə sual vermiş, sonuncu da əynində olan göy rəngli şalvarının sağ cibindən bir ədəd şəffaf sellofan bükümü, arxa cibindən bir ədəd mobil telefon, sol cibindən isə bir ədəd siqaret qutusu və alışqanı çıxarıb qarşısında olan avtomobilin arxa yük yerinin üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs bükümdə nə olmasını soruşmuş, o da bükümdə narkotik vasitə qurudulmuş marixuana olmasını demişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni harada və hansı şəraitdə əldə etməsi barədə sual vermiş, o da həmin bükümdə olan narkotik vasitəni İran İslam Respublikası vətəndaşı Baba adlı şəxsdən 90 manata şəxsi istifadəsi üçün öncədən təyin edilmiş Abşeron rayonunda olan “Riyad” Ticarət Mərkəzinin yaxınlığında yerdən götürdüyünü bildirmişdir. Yanında olan çantasından elektron tərəzi çıxarmış, bükümü elektron tərəziyə qoyaraq çəkmiş və 6,52 qram olması müəyyən edilmişdir. Həmin büküm tərəfindən ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri iştirakçılar və Coşqun tərəfindən imzalanmışdır. Mobil telefonda tərəfindən zərfə qoyularaq qablaşdırılıb götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs üzərini yoxlamış, lakin üzərindən heç bir əşya aşkar olunmamış və 25 yanvar 2025-ci il tarixdə Abşeron rayonu, “Gənclər Şəhərciyi” yaşayış kompleksində saat 10:42 dəqiqədə videoçəkiliş yekunlaşdırılmışdır. Təqsirləndirilən şəxs polis idarəsinə gətirmişlər. İdarədə əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə və şəxsin üzərinə baxış keçirilməsinə dair protokol tərtib etmiş, həmin protokolu ucadan oxumuş, Təqsirləndirilən şəxs protokol ilə tanış olmuş və imzalamışdır. Raport yazıb idarə rəisinə məruzə etmiş və Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş telefon və bükümün olduğu iki ədəd zərfi təhqiqatçıya təqdim etmişdir. Təhqiqatçı tərəfindən onun və Şahid1 iştirakı ilə videoçəkiliş olunmaqla zərflərə baxış keçirilmişdir. Belə ki, təhqiqatçı zərfi göstərib açmış, həmin zərfin içərisində bir ədəd şəffaf sellofan bükümdə yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuana olması görünmüş, marixuana videoçəkilişdə göstərilmiş və içərisində narkotik vasitə qurudulmuş marixuana olan büküm ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri baxışda iştirak edən şəxslər tərəfindən imzalanmış və bununla bağlı protokol tərtib olunmuş, protokol da iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş şahidlər Abşeron rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 digər Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: - “Şübhəli şəxsin tutulması haqqında” 25 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, 25 yanvar 2025-ci il tarixdə, saat 12:55 dəqiqədə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 yanvar 2025-ci il tarixli 3-16-16-2-7/173 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş kağız paketdəki digər paketin içərisində 01(bir) ədəd sellofan torbacığda təmiz çəkisi-6,12 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş marixuananın təmiz çəkisi - 6,12 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 6,07 qramdır. Aparılmış tədqiqatın dəyəri 78 (yetmiş səkkiz) manat təşkil edir; - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 26 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq icraata qəbul edilərək istintaqı davam etdirilmişdir. - “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 27 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. - “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında ” 27 yanvar 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında Abşeron RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, Vüsal Rzayevin 27 yanvar 2025-ci il tarixli vəsatəti təmin edilməmiş və o, saxlanıldığı Abşeron RPİ-nin MSY-dən azad edilmişdir. - “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi barədə” 27 yanvar 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 07 fevral 2025-ci il tarixli arayışdan aydın olur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. - Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X5 Ambulator X2 haqqında 31 yanvar 2025-ci il tarixli, 488 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. - “Sübutların qiymətləndirilməsi” haqqında 07 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 1(bir) ədəd şəffaf polietilen bükümdə sonuncuya məxsus tədqiqatdan sonra qalıq qalmış təmiz çəkisi 6,07 qram narkotik vasitə qurudulmuş marixuana iş üzrə maddi sübut qismində tanınmış və saxlanılması üçün Abşeron rayon Polis İdarəsinin maddi sübutların saxlanıldığı anbara təhvil verilmiş, iş üzrə təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, şəxsi axtarış və götürmə keçirilməsi haqqında protokolu, həmin protokola əlavə edilmiş 01 ədəd DVD formatlı kompakt disk və ekspert rəyləri iş üzrə sübut növü kimi qiymətləndirilmişdir. - “AzeMis” elektron informasiya sistemi vasitəsilə təqsirləndirilən şəxsin “qohumluq məlumatları”-na dair göndərilmiş sorğudan müəyyən edilir ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2021-ci il təvəllüdlü X3 adlı övladı vardır. Əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə 25 yanvar 2025-ci il tarixli protokol tədqiq edilərkən, həmçinin cinayət işinə əlavə edilmiş DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən olundu ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 10:37 radələrində Abşeron rayonu, “Gənclər Şəhərciyi” y/k, 12-ci blokun yaxınlığında saxlanılaraq üstü yoxlanılmış və üzərindən 01 ədəd mobil telefon və bir ədəd şəffaf sellofada narkotik vasitə qurudulmuş maixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. Həmin büküm elektron tərəziyə qoyularaq çəkildi və çəkisi 6,52 qram müəyyən edildi. Daha sonra əməkdaşlar tərəfindən üzərinə baxış keçirilmiş hər hansı əşya və predmet tapılmamışdır. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda narkotik vasitə olan qurudulmuş marixuananın şəxsi istehlak üçün yuxarı miqdarı 5 qram təşkil edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). Beləliklə, təqsirləndirilən Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq qurudulmuş marixuana əldə edib üzərində saxlaması və daşıması cinayətini törətməsi qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün etirafı, həmçinin məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD diskdə olan video görüntüyə, ekspert rəyləri, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri və digər iş materialları ilə onun təqsirli olması tam sübuta yetirilir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmalı və həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Qeyd olunan Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Bu Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı övladının olması onun cəzasını yüngülləşdirən hal kimi müəyyən edildi. Eyni zamanda Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də, özünü təqsirli bilməsini, himayəsində bir azyaşlı övladının olmaısını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini qanuni olmaqla əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşadığı ünvan 2 ünvanında yerləşən yaşayış evini saat 22:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və yaşayış yeri olan Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalı, cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə, həmçinin onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddətlər daxil edilir. Qeyd olunan Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Həmin Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 2 gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və 4 gün müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Eyni zamanda Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X5 Ambulator X2 haqqında 31 yanvar 2025-ci il tarixli, 488 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Abşeron RPİ-nin maddi sübutların saxlama otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 6,07 qram qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 78 (yetmiş səkkiz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) hər iş saatı üçün ödənilən haqqın məbləği 6 manatdan 11 manata artırılmışdır. Belə olan halda, məhkəmə Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi hüquqi yardıma görə sərf etdiyi 15 saatın hər iş saatının 6 manatdan, 10 saatının hər iş saatının isə 11 manatdan hesablanmaqla, dövlət büdcəsindən vəkilə cəmi 200 manat (15 saat x 6 AZN + 10 saat x 11AZN) məbləğində vəsaitin ödənilməsi qənaətinə gəlir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 10 (on) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 02 (iki) gün müddət bir günə iki gün hesablanmaqla, cəmi 4 gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 01 (bir) il 09 (doqquz) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökm qanuni qüvvəsini alan vaxtadək Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşadığı ünvan 2 ünvanında yerləşən yaşayış evini saat 22:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və yaşayış yeri olan Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Bakı şəhəri Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs cəzasının əvvəli Bakı şəhəri Probasiya İdarəsində qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut olan, Abşeron RPİ-nin maddi sübutların saxlanc otağında saxlanılan, ekspertiza tədqiqatından qalan ümumi çəkisi 6,07 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan 02 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İşdə olan 78 (yetmiş səkkiz) manat ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 25 saat hüquqi yardıma görə Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına 200 (iki yüz) manat ödənilsin və həmin vəsaitin ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Firuzə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar