Məhkəmə qərarları › İş №1(012)-646/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-646/2024

12.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-646/2024 12.07.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı Müdafiəçi: Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1997-cı il ci ildə Abşeron rayonu, Ceyranbatan qəsəbəsində anadan olmuş, Azərbayacan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 01 dekabr 2023-cü il tarixdə saat 16 radələrində Bakı- Sumqayıt şossesinin Ceyranbatan qəsəbəsi ərazisindən keçən hissəsində “Şah saray” şadlıq evinin qarşısında idarə etdiyi “Daewoo Nexia” markalı, **-ZP-*** dövlət qeydiyyatlı nişanlı avtomobili arxadan gələn Zərərçəkmiş şəxs siqnal verdiyinə görə sonuncunun idarə etdiyi “Chevrolet Aveo” markalı, **-GR-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısına sürüb saxlayaraq, düşərək qeyd edilən avtomobilin sürücünün əyləşdiyi qapısının pəncərəsinə yaxınlaşıb ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış əxlaq normalarını və qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarını kobud surətdə pozaraq ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya laqeydlik, etinasızlıq göstərərək öz şəxsiyyətini ətrafdakıların və zərərçəkmiş şəxsin fövqündə qoyub nümayişkəranə olaraq ictimai yerdə heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə qəsdən yumruq zərbələri endirib sonuncuya sol kürək nahiyəsinin qançırı ilə nəticələn sağlamlığa zərərvurmayan dərəcəsi təyin edilməyən xəsarət yetirməklə şəxsin üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 01 dekabr 2023-cü il tarixdə saat 16 radələrində idarə etdiyi “Daewoo Nexia” markalı, **-ZP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Ceyranbatan qəsəbəsi istiqamətindən Sumqayıt şəhəri istiqamətində hərəkətdə olarkən qarşısında olan avtobusun arxasınca geri dönüş edən zaman arxasında hərəkətdə olan “Chevrolet Aveo” markalı, **-GR-*** dövlət qeydiyyat nişanlı avtomobilin əvvəllər tanımadığı sürücüsü əl-qol hərəkətləri ilə ünvanına nalayiq ifadələr işlətmiş, idarə etdiyi avtomobili sıxmış, avtomobilinə sürtmüşdür. O, idarə etdiyi avtomobili saxlayaraq düşmüş, qeyd edilən avtomobilə yaxınlaşaraq, avtomobilin pəncərəsindən həmin sürücünün yaxasından tutmuş və ona söyüş söyməməyini tələb etmiş, bundan sonra oradan uzaqlaşaraq çıxıb getmişdir. Həmin şəxslə mübahisəsi təqribən 1 dəqiqə davam etmişdir. Qeyd edilən avtomobilin sürücüsünə xəsarət yetirməmiş, sadəcə olaraq onun yaxasından tutub, ona söyüş söyməyini irad bildirmişdir. Hadisə baş verən zaman idarə etdiyi avtomobildə ondan başqa heç kim olmamış, qeyd edilən hadisə baş verən zaman yolda hərəkət edən avtomobillər saxlayaraq nə baş verməsi ilə maraqlanmış, həmin şəxlsərin kim olmasını bilməmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs məhkəmə iclasında dindirilən zaman əlavə olaraq bildirdi ki, onun zərərçəkmiş şəxslə barışmasını, sonuncunun ona qarşı heç bir şikayətinin, iddiasının və tələbinin olmamasını nəzərə alaraq, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, o, ailə üzvləri ilə birlikdə yaşayır. Fərdi əmək fəaliyyəti ilə məşğul olur. “Chevrolet Aveo” markalı, **-GR-*** dövlət qeydiyyat nişanlı avtomobillə kuryer işləyir. 01 dekabr 2023-cü il tarixdə saat 16 radələrində Bakı-Sumqayıt yolunun Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisindən keçən hissəsində “Şah saray” şadlıq sarayının qarşısında yolun ortasında nəzərdə tutulmuş yerdən geri dönüş edərkən yol ayrıcında onun qarşısında “Daewoo Nexia” markalı, **-ZP-*** dövlət qeydiyyat nişanlı avtomobil birinci zolaqda dayanmış, dönmə nöqtəsində orda gözləmə olmadığını görərək sürməyi üçün 2-3 dəfə siqnal vermişdir. Qarşısındakı “Daewoo Nexia” markalı, **-ZP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü isə pəncərədən başını çıxardıb əli ilə “ver qırağa, saxla” işarəsi vermiş, avtomobili sürərək yolun ortasında qabağını kəsmiş, avtomobildən 2 şəxs düşərək ona tərəf gəlməyə başlamış, ona tərəf gələ-gələ uca səslə ünvanına dilinə gətirməyə utandığı nalayiq ifadələr işlədərək adını sonradan bildiyi Murad adlı şəxs avtomobilinə hücum çəkib ona məxsus avtomobilin pəncərəsindən qəsdən yumruq zərbələri ilə sifətinin və bədəninin müxtəlif nahiyələrinə xəsarət yetirmişdir. Daha sonra isə ona məxsus avtomobilin qapısını açıb bədəninin müxtəlif nahiyələrinə yumruq zərbələri vurmuşdur. Ünvanına nalayiq ifadələr işlətmiş, daha sonra avtomobilə əyləşib çıxıb getmişdir. Baş vermiş haidəs zamanı idarə etdiyi avtomobildə tək olmuş, Murad adlı şəxsin avtmobilində isə kiminsə olub-olmadığına diqqət yetirə bilməmişdir. Baş vermiş hadisə 3-4 dəqiqə davam etmiş, baş vermiş hadisə zamanı hərəkətdə edən avtomobillər dayanıb siqnal vermiş, çünki Murad yolun ortasında avtomobili saxlamış, hərəkəti məhdudlaşdırmışdır. Ona görə də ətrafda olan şəxslərin diqqəti onlara yönəlmişdir. Hadisə zamanı Təqsirləndirilən şəxs hər hansı xəsarət yetirməmiş və onun ünvanına nalayiq ifadə işlətməmişdir. Muradın hərəkətlərindən şoka düşmüşdür. Muradın nə səbəbdən ona qarşı bu cür davranmağını hələ də başa düşə bilməmişdir. Zərərçəkmiş şəxs məhkəməyə notariat qaydada təsdiq olunmuş ərizə ünvanlayaraq, Təqsirləndirilən şəxs ilə barışmasını, ona qarşı heç bir şikayəti, iddiası və tələbi olmadığına bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:  Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” X4 Abşeron rayon şöbəsinin 08 dekabr 2023-cü il tarixli, 2613 saylı rəyinə əsasən vətəndaş Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər – sol kürək nahiyəsinin qançırı küt əşyanın təsirindən təsirindən törənmişdir və qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-ci il tarixdə qeyd olunan nahiyəyə kənar şəxsin bədən hissəsinin (əl, ayaq və sair) təsirindən yarana bilərdi; sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir.  “Şübhəli şəxsin tutulması haqqında” 23 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, 23 dekabr 2023-cü il tarixdə, saat 12:40 dəqiqədə Təqsirləndirilən şəxs CM-nin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur.  Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 24 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi icraata başlanılaraq, icraata qəbul edilmişdir.  “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında” 24 dekabr 2023-cü il tarixli qərardan və bu barədə iltizamdan görünür ki, Təqsirləndirilən şəxs Abşeron RPİ-nin saxlanma yerindən azad edilməklə, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir.  Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 24 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 221.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur.  Zərərçəkmiş şəxs qismində tanınmaq haqqında 15 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır.  Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 22 fevral 2024-cü il tarixli arayışına görə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır.  Zərərçəkmiş şəxs məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli, notarial qaydada təsdiq olunmuş ərizəsinə əsasən o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti, iddiası və tələbi yoxdur.  “Azemis” Elektron İnformasiya sistemi vasitəsilə təqsirləndirilən şəxsin “qohumluq məlumatlarına” dair göndərilmiş sorğudan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2023-cü il təvəllüdlü X3 adlı uşağı vardır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında xuliqanlıq cinayəti “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər” kimi təsbit edilmişdir. Təsvir edilən normada cinayət məsuliyyətinin yaranması şəxs (şəxslər) üzərində zor tətbiq edilməsi, zor tətbiq etmə hədəsi və yaxud özgə əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlərin şəxsi münasibətlər zəminində törədilməklə konkret şəxsə qarşı deyil, xuliqanlıq motivi ilə şərtləndirilməklə cəmiyyət və ictimai qayda əleyhinə yönəlməsi ilə əlaqələndirilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli qərarında göstərilir ki, ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi, vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi xuliqanlıq hadisəsini xarakterizə edən əlamətlərdir. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Göründüyü kimi, xuliqanlıq hərəkətləri müxtəlif formada ifadə olunsa da, onların hamısı üç əlamətə malik olmalıdır. Yəni, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalı, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməli və nəhayət vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasını və himayəsində azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə törədilmiş əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, cəzasını yüngülləşdirən halların olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən Abşeron rayonu hüdudlarından kənara çıxmamaq, saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün,azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün,islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günədördgün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə, həmçinin onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddətlər daxil edilir. Qeyd olunan Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Həmin Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 25 saat üçün nəzərdə tutulan 150 manat pul ödənilməlidir. Cinayət işi üzrə mülki iddia, məhkəmə xərci və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək, ona 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, cəmi 04 (dörd) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən Abşeron rayon hüdudlarından kənara çıxmamaq, saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, cəzanın icrası müddəti onun cəzanı icra edən-probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesabına köçürülsün. Cinayət işi üzrə mülki iddianın, məhkəmə xərcinin və üzərinə həbs qoyulmuş əmlakın olmaması nəzərə alınsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar