Məhkəmə qərarları › İş №1(012)-65/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-65/2021

14.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-65/2021 14.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Yunuslu Elvin Kamil oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas X2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1981-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hökmünə əsasən 01 (bir) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətində azadlığın məhrum etmə cəzasına məhkum olunmuş və hal hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan, Qubadlı rayonu Aşağı Mollu kəndində qeydiyyatda olan, Sumqayıt şəhəri, 1-ci məhəllədə yaşamış, hazırki cinayət işi üzrə barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 326.1ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 07.03.2020-ci il tarixdə saat 13 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində yerləşən “Cassaba“geyim mağazasının geyim otağında asılmış Zərərçəkmiş şəxs məxsus şalvarın cibindən içərisində 100 (yüz) manat nəğd pul, şəxsiyyət vəsiqəsi və digər mühüm şəxsi sənəd olan Gəncə Dövlət Universitetinin İqtisadiyyat və İdarə etmə fakultəsinin tələbə bileti olmuş 4 manat dəyərində pul kisəsini gizli olaraq taladıqdan sonra şəxsiyyət vəsiqəsini və tələbə biletini kəsərək məhv etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs 09.03.2020-ci il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsində olan zaman, istintaqa məlum olmayan mənbədən, 15 manata satış məqsədi olmadan, şəxsi istifadəsi üçün qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd sellofana bükülmüş bükümdə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib üzərində saxlayaraq daşımış, 09.03.2020-ci il tarixdə saat 19 radələrində Abşeron RPİ-nin əməkdaşları tərəfindən saxlanılıb Abşeron RPİ-nə gətirilərək xidməti otaqda üzərində şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli gödəkçənin sol yan cibindən həmin bir ədəd sellofana bükülmüş bükümdə təmiz çəkisi 0,479 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 2020-ci ilin mart ayının 7də saat təxminən 12-13 radələrində Abşeron rayonu, Masazır kəndi ərazisində “ CASSABA “ adlı geyim mağazasından özünə köynək almaq üçün həmin mağazaya tək daxil olmuş, mağazada köynəklərə baxıb birini bəyəndikdən sonra onu geyinmək üçün geyim otağına keçmiş, həmin vaxtı görmüşdür ki, girdiyi geyim otağında paltar asılqanından şalvar asılmışdır. Dərhal sağa-sola baxmış və heç kəsin olmadığını dəqiqləşdirdikdən sonra həmin şalvarın cibində olan qara rəngli pul qabını götürüb oradan çıxmış, özünə almaq istədiyi köynəyi isə mağazada götürdüyü vitrinə qoymuş və çölə çıxıb öz maşınına mindikdən sonra maşında oğurladığı pul qabının içərisinə baxmış, pul qabının içərisində 5 ədəd 20-lik əskinaz, yəni 100 (yüz) manat pul, 1 ədəd şəxsiyyət vəsiqəsi, 1 ədəd tələbə bileti vardır. O, 100 manat pulu götürüb cibinə qoymuş, şəxsiyyət vəsiqəsini, tələbə biletini qayçı ilə kəsib atmış, pul qabını isə Masazır kəndində yerə tullamış, oğurladığı 100 (yüz) manat pulu öz ehtiyyaclarına xərcləmişdir. Şəxsiyyət vəsiqəsinin və tələbə biletinin başqa şəxsin əlinə keçməməsi üçün qayçı ilə kəsib atmışdır. Bundan başqa sonuncu dəfə Nəsimi Rayon Məhkəməsinin 27.12.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, narkotik vasitə olan heroindən uzun müddətdir ki, istifadə edir. 09.03.2020-ci il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsində olan zaman tanımadığı şəxsdən öz istifadəsi üçün 15 manata bir büküm narkotik vasitə olan heroin almış və üzərində saxlamışdır. 09.03.2020-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri, Nərimanov Rayonu, “Şəki” restoranının yaxınlığında olan zaman iki nəfər mülki geyimli polis əməkdaşları ona yaxınlaşmış və özlərini təqdim edərək Abşeron RPİ-nin əməkdaşları olduqlarını bildirmiş və oğurluq etməkdə şübhəli olduğunu bildirərək onu Abşeron RPİ-nə getməyi təklif etmişlər. O, polis əməkdaşları ilə birlikdə avtomobilə əyləşmiş və Abşeron RPİ-nə gəlmiş, Abşeron RPİ-də olan zaman üzərində narkotik vasitə heroin olduğunu bildirmiş, bundan sonra xidməti otaqların birində əvvəlcə ona hüquq və vəzifələri izah edilmiş, sonra üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əynində olan göy rəngli gödəkçənin sol yan cibində olan sellofana bükülmüş bir büküm narkotik vasitə olan heroin aşkar edilərək götürülmüş, bütün bu hadisələr polis əməkdaşları tərəfindən video çəkiliş ilə lentə alınmış, onun üzərindən aşkar edilmiş, narkotik vasitə zərfə qoyulmuş və Abşeron RPİ-nin 56 saylı möhürü ilə möhürlənmiş, bu barədə protokol tərtib olunmuş və imzalarla təsdiq edilmişdir. Törətdiyi əməldən peşmançılıq çəkir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Gəncə Dövlət Universitetinin İqtisadiyyat və İdarə etmə fakultəsinin 1-ci kurs tələbəsidir. 07.03.2020-ci il tarixdə 2 bacısı və atası Orxanla birlikdə Masazır kəndində yerləşən «Cassaba» geyim mağazasından alış-veriş etməyə getmiş, həmin tarixdə geyim otağında əynindəki şalvarını soyunub təzə alacağı şalvarı geyinib güzgüyə baxmışdır. Həmin vaxtı özünə məxsus şalvarı geyim otağında qalmış, cibində isə özünə məxsus pul qabı, içərisində isə özünə məxsus 100 manat pul, şəxsiyyət vəsiqəsi və tələbə bileti olmuşdur. O, şalvarını geyinib getmək istəyərkən cibinə baxıb görmüşdür ki, cibində saxladığı pul qabı yoxdur. Atasına bu barədə demiş və sonuncu da mağaza rəhbərliyinə bildirmişdir. Mağaza rəhbərliyi, mağazanın görüntüsünə baxan zaman həmin pul qabını oğurlayan şəxsin video görüntüdə qeydə alındığı məlum olmuş, həmin şəxs 45- 46 yaşında kişi olmaqla mağazadan oğurluq etdikdən sonra öz maşınına minib çıxıb getmişdir. Bundan sonra atası Orxan dərhal bu barədə DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Əlavə olaraq göstərmişdir ki, cibindən geyim otağında pul qabının içərsində 100 manat pul, tələbə bileti, şəxsiyyət vəsiqəsi oğurlanmışdır. Pul qabını isə təxminən 4 il bundan əvvəl 4 manata almış, oğurluq nəticəsində isə ona 104 (yüz dörd) manat maddi ziyan dəymişdir. Şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 07.03.2020-ci il tarixdə 102 xidmətinə oğlu Səidin cibindən pul qabısının oğurlanması barədə məlumatı özü vermişdir. Belə ki, həmin tarixdə 2 qız övladı və oğlu Səidlə birlikdə Masazır kəndində yerləşən «Cassaba» adlı geyim mağazasından alış-veriş etməyə getmiş, həmin tarixdə oğlu Səid geyim otağında əynindəki şalvarını soyunub təzə alacağı şalvarı geyinib güzgüyə baxmışdır. Həmin vaxtı özünə məxsus şalvarı geyim otağında qalmış cibində isə özünə məxsus pul qabı içərisində isə ona məxsus 100 manat pul, şəxsiyyət vəsiqəsi və tələbə bileti olmuşdur. Oğlu Səid şalvarını geyindikdən sonra getmək istəyərkən cibinə baxıb görmüşdür ki, cibində saxladığı pul qabısı yoxdur. Ona bu barədə dedikdə mağaza rəhbərliyinə demiş, mağaza rəhbərliyi, mağazanın görüntüsünə baxan zaman həmin pul qabını oğurlayan şəxsin video görüntüdə qeydə alındığı məlum olmuş, həmin şəxs 45-46 yaşında kişi olmaqla mağazadan oğurluq etdikdən sonra öz maşınına minib çıxıb getmişdir. Bundan sonra o, dərhal bu barədə DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron rayon Pİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ifadəsində göstərmişdir ki, 07.03.2020-ci il tarixdə Abşeron rayonu, Masazır kəndi, Ə.Vahid küçəsində yerləşən «Cassaba» mağazasında Zərərçəkmiş şəxs məxsus içərisində 100 manat pul, tələbə bileti və şəxsiyyət vəsiqəsi olan pul kisəsinin oğurlanması faktı ilə əlaqədar Abşeron rayon Pİ-nin İTŞ-nin sahə rəisi, polis mayoru Şahid3 Aydın oğlu və Abşeron rayon Pİ-nin İTŞ-nin sahənin polis nəfəri, polis baş serjantı Şahid4 ilə birlikdə keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində hadisənin xx.xx.1981-ci il təvəllüdlü Təqsirləndirilən şəxs tərəfindən törədildiyi müəyyən edilmiş, həmin şəxs 09.03.2020-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu ərazisində «Şəki» restoranının yaxınlığında saxlanılaraq Abşeron rayon Pİ-nə gətirilmiş, Təqsirləndirilən şəxs ilə aparılmış söhbət zamanı üzərində narkotik vasitə saxladığını bildirmişdir. Bundan sonra xidməti otaqların birində əvvəlcə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, sonra üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli gödəkçənin sol yan cibində olan sellofana bükülmüş bir büküm narkotik vasitə olan heroin aşkar edilərək götürülmüş, bütün bu hadisələr video çəkiliş ilə lentə alınmış, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş, narkotik vasitə zərfə qoyulmuş və Abşeron RPİ-nin 56 saylı möhürü ilə möhürlənmiş, bu barədə protokol tərtib olunmuş və imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron rayon Pİ-nin İTŞ-nin sahə rəisi, polis mayoru Şahid3 Aydın oğlu və İTŞ-nin sahənin polis nəfəri, polis baş serjantı Şahid4 Şahid2 ifadəsinə oxşar məzmunlu ifadələr vermişlər. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzindən alınmış 10.06.2020-ci il tarixli, 6/106 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Arayışlar üçün №176 dairəvi möhür əksi olan « Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Arayışlar üçün №56 dairəvi möhür əksi olan «1981-ci ildə anadan olmuş Təqsirləndirilən şəxs üzərindən aşkarlanmış maddi sübut» sözlər və imzalar qeyd edilmiş bir ədəd zərfdə qablaşdırılmış bir ədəd bükümdə təmiz çəkisi 0,479 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir(qalıq 0,429 qram - 0,05 qram heroin tədqiqata sərf edilmişdir). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin «08».07.2020ci il tarixli, «1881» saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui – istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə baxış iclasında 01 ədəd SD diskə baxış keçirlmiş, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs əynində olan göy rəngli gödəkçəsinin sol yan cibindən bir ədəd selofona bükülmüş saxladığı kütləni çıxarıb masanın üzərinə qoymuş və həmin bükülüdə olan kütlənin narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə video çəkliş ilə baxış keçirilmiş və SD disk maddi sübut kimi tanınaraq, cinayət işinə əlavə edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş 18.03.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Nizami Rayon Məhkəməsinin 11.04.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1, 234.1 və 66.3-cü maddəsi ilə təqsirli bilinib 2 il müddətinə azadlıqdan məhrum edilmiş, 21.05.2018-ci ildə Nizami Rayon Məhkəməsinin qərarı ilə 5 ay 25 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Təqsirləndirilən şəxs barəsində Sumqayıt Şəhər Pİ-nin İŞ-də AR CM-nin 177.1-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi 27.02.2020-ci il tarixdə baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Sumqayıt Şəhər Məhkəməsindən alınmış məktubdan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair olan cinayət işi hazırda Sumqayıt Şəhər Məhkəməsinin icraatındadır və iş üzrə yekun qərar çıxarılmamışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 18.05.2021-ci il tarixli, 1(005)-88/2021 saylı hökmünə əsasən 01(bir) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətində azadlığın məhrum etmə cəzasına məhkum olunmuşdur. Abşeron rayon polis idarəsinin 09.03.2020-ci il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09.03.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. 11.03.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs il tarixdə MSY-dən həbsdən azad edilərək, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətmkan tədbiri seçilmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması barədə kifayət qədər sübut toplanmışdır. Həmin sübutlar əldə olunma mənbəyinə görə mötəbərdirlər. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin törətdiyi əməl Azərbaycan Respublikası CMin 234.1, 326.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs eyni xarakterli cinayətləri yenidən törətməsinin qarşısını almaq məqsədilə ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzasının məqsədlərini təmin edə bilər. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayət törətməsi, yəni cinayətlərin residivi Azərbaycan Respublikası CM-nin 61.1.1 -ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə hesab edir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətdiyindən Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivi yaranır və Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti təqsirləndirildiyi maddələrinin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna yalnız böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda qəti cəzanın müddəti və ya həcmi törədilmiş cinayətlərdən daha ağırı üçün müəyyən edilmiş cəzanın yuxarı həddindən çox ola bilməz. Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs oğluna təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 18.05.2021-ci il tarixli hökmündən əvvəl hazırkı iş üzrə təqsirli olduğu müəyyən olduğuna görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələblərinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 18.05.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə qəti cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməklə, hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 18.05.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 01 il 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 09.03.2020-ci il tarixdən 11.03.2020-ci il tarixədək Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində saxlanıldığı 02 gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunmalı və narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 30.03.2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətmkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilməli və məhkəmə zalında həbs edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə 65 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 0,429 qram narkotik vasitə heroin məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-in 326.1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək, 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar tam toplanılaraq Təqsirləndirilən şəxs 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin.. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin 18.05.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 09.03.2020-ci il tarixdən 11.03.2020-ci il tarixədək Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə hesablanaraq onun üzərinə qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunsun və narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 30 mart 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətmkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə zalında həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə 65 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 0,429 qram narkotik vasitə heroin məhv edilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar