Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-651/2025 04.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Qəhrəmanov Bəxtiyar Vaqif oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1985-ci il tarixdə Özbəkistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş, Azərbaycan Dövlət Neft Şirkətində işləyən, Naxçıvan Muxtar Respublikası, Kəngərli rayonu, Şahtaxtı kəndi qeydiyyatda olan, Abşeron rayonu, Nübar qəsəbəsində nömrəsiz fərdi evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 27 oktyabr 2024-cü il tarixdə saat 14:00 radələrində Abşeron rayon, Nübar qəsəbəsində Zərərçəkmiş şəxs evinin qarşısında sonuncunun evinin qarşısında küçəyə zibil atan şəxslərin ünvanına nalayiq ifadələr işlətdiyinə görə aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı əli ilə qəsdən Zərərçəkmiş şəxs üz nahiyəsinə vurub yerə yıxaraq üz skleti sümüklərinin - əng sümüyünün cibinin əsas sümüyünün üz sümüklərini təşkil edən bayır qanada bənzər çıxıntının sınıqları, sol üst dodağın əzilmiş-cırılmış yarası, sol yanaq və sol qulaqaltı çeynəmə nahiyəni əhatə edən geniş sahəli dərialtı hematoması ilə müşayiət olunan dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-in 127.1-ci ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, qonşuluqda yaşayan Əlif adlı şəxs indiki yaşadığı ünvana köçdüyü gündən hamı ilə mübahisə etmişdir. Heç kimlə yola getməmişdir. Əvvəllər onunla arasında heç bir mübahisə və ədavət olmamışdır. xx.xx.2024-cü il tarixdə saat təxminən 14:00 radələrində avtomobili ilə evinə gedərkən Zərərçəkmiş şəxs tullantıları yola atdığını gördükdə avtomobildən enib ona yaxınlaşaraq nəyə görə tullantıları küçəyə atdığını soruşmuşdur. O isə yüksək səslə təhqiredici ifadə ilə kiminsə onun qapısına zibil atdığını demişdir. Həmin vaxt avtomobilinin pəncərəsi açıq olmuş və Təqsirləndirilən şəxs həyat yoldaşı ilə azyaşlı övladı da avtomobildə olmuşdur. O, bunu Zərərçəkmiş şəxs nəzərinə çatdırıb nalayiq ifadə işlətməməsini xahiş etmişdir. Lakin o, bunu dedikdə, Əlif daha da əsəblə nalayiq ifadələr işlətməyə başlamışdır. Belə olduqda onlar mübahisə etməyə başlamışlar. Səs-küyü eşidib bacanağı Əskər və digər qonşular da onların yanına gəlmişdir. Əskər onu arxadan tutub oradan uzaqlaşdıran zaman Zərərçəkmiş şəxs bu dəfə onun ünvanına nalayiq ifadə işlətmişdir. Bu zaman o, əsəbləşmiş və sağ əli ilə həmin şəxsin üz nahiyyəsindən itələmiş və o, yerə yıxılmışdır. Durduqdan sonra yerdən daş götürüb ona atmış və bel götürərək üzərinə gəlmişdir. Bu zaman yanındakı qohumu Əsgər onu dayandırmış və digər qonşular da onları sakitləşdirmişlər. Bacanağı Şahid1 dava-dalaş olmaması üçün onu tutmuşdur. Zərərçəkmiş şəxs onun üzərində bıçaq gəzdirməsi ilə bağlı dedikləri yalandır. Həmin vaxt ayağında olan elektron nəzarət qurğusunu Zərərçəkmiş şəxs göstərib ona problem yaratmamasını demişdir. Zərərçəkmiş şəxslə barışmaq istəsə də bir nəticə əldə edə bilməmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təxminən 4 ildir həmin ünvana köçmüşdür. Oraya köçdüyü gündən qonşularla aralarında mübahisələr baş verir. Qonşuluqda yaşayan şəxslər ya evinə su buraxır, ya da qapısına nalayiq ifadələr, sözlər yazırlar. Bu səbəbdən bir neçə dəfə aralarında mübahisələr baş vermişdir. Bir neçə gün evdən çıxdıqda qapısının qarşısında məişət tullantıları görürmüş. Əsəbiləşdiyinə görə sonda dirəyə zibil atılmaması barədə ifadə yazmış, lakin, həmin ifadəni kimsə pozmuşdur. xx.xx.2024-cü il tarixdə yenə evdən çıxdıqda qapısının qarşısında zibil olduğunu görmüş və zibili götürüb kənara qoymuşdur. Lakin, əsəbi olduğuna görə küçədə bura zibil atan şəxs kimdirsə onun ünvanına nalayiq ifadə işlətmişdir. Bu zaman qonşuluqda yaşayan sonradan adının Müzəffər olduğunu öyrəndiyi şəxs ona yaxınlaşaraq nəyə görə söyüş söydüyünü soruşduqda o zibil atanı söydüyünü bildirmiş və onun zibil atanı tanıdığını qeyd etmişdir. Həmin şəxs yanında qadının olduğunu, onun ailə üzvlərinin yanında söyüş söyməməli olduğunu dedikdə o, əsəbiləşmiş nalayiq ifadələr işlətməyə davam etmiş, beləliklə mübahisə şiddətlənmiş və həmin şəxs yanında olan qohumu ilə birlikdə üzərinə gəlmiş və biri onu tutmuş, digəri isə üz nahiyəsindən yumruq zərbəsi ilə bir dəfə vurmuşdur. Bundan sonra qonşular onları sakitləşdirmişdir. Müzəffər ailəsi ilə birlikdə oradan getmiş, o, isə özünə gəldikdən sonra polisə və təcili tibbi yardım xidmətinə məlumat vermişdir. O, həmin vaxt onu Təqsirləndirilən şəxs vurmuş və daha sonra ayağına bağladığı bıçağı ona göstərərək onu öldürməklə hədələmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 2006-cı ildən yuxarıda göstərilən ünvanda ailəsi ilə birlikdə yaşayır. Qonşuluqda yaşayan Əlif adlı şəxs indiki yaşadığı ünvana köçdüyü gündən hami ilə mübahisə edir və heç kimlə yola getmir. Buna baxmayaraq da onun əvvəllər Əlif Nuriyelə mübahisəsi olmamışdır. Müzəffər onun bacanağıdır. xx.xx.2024-cü il tarixdə saat təxminən 14:00 radələrində evimin yaxınlığında Müzəffərin Əliflə mübahisə etdiyini gördükdə onlara yaxınlaşmışdır. O, onlara yaxınlaşdıqda Müzəffər Əlifin üz nahiyəsindən itələdiyini görmüş, Müzəffəri sakitləşdirməyə çalışmışdır. Bu zaman həmin şəxs yerdən daş götürüb onlara tərəf atmış və kürək götürərək üzərlərinə gəlmişdir. Bu zaman o, Əlifi dayandırmış və digər qonşular da onları sakitləşdirmişdir. O, Zərərçəkmiş şəxs vurmadığını, Təqsirləndirilən şəxs uzaqlaşdırmaq üçün tutub apardığını və Müzəffərin, Zərərçəkmiş şəxs ayağındakı elektron nəzarət qurğusunu göstərərək ona problem yaratmamasını dediyini əlavə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Müzəffərin qonşusudur. Qonşuluqda yaşayan Əlif adlı şəxs indiki yaşadığı ünvana köçdüyü gündən hamı ilə mübahisə edir, heç kimlə yola getmir. Əvvəllər onunla arasında mübahisə olmamışdır. xx.xx.2024-cü il tarixdə saat təxminən 14:00 radələrində evinin yaxınlığında Müzəffərin Əliflə mübahisə etdiyini gördükdə onlara yaxınlaşmış və ora çatanda Müzəffərin bacanağı Əskərin onları ayırmağa çalışmasın görmüşdür. Həmin vaxt Zərərçəkmiş şəxs isə Müzəffərə nalayiq ifadələr işlədirdi. Müzəffər dəfələrlə ona ayağındakı elektron nəzarət qurğusunu görtərib ona problem yaratmamasını desə də o, nalayiq ifadələr işlətməyə davam edirmişdir. Bu zaman Müzəffər əsəbiləşib onu əlinin içi ilə üz nahiyəsindən itələmiş və o yerə yıxılmışdır. Daha sonra onlar Zərərçəkmiş şəxslə Təqsirləndirilən şəxs ayırıb oradan uzaqlaşmışlar. O, Şahid1 Zərərçəkmiş şəxs vurmadığını, Müzəffəri tutub oradan uzalaşdırdığını əlavə etmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 2523 saylı rəyindən görünür ki, 1964-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər- üz skleti sümüklərinin - əng sümüyünün cibinin əsas sümüyünün üz sümüklərinin təşkil edən bayır qanadabənzər çıxıntının sınıqları, sol üst dodağın əzilmiş-cırılmış yarası sol yanaq və sol qulaqaltı çeynəmə nahiyəni əhatə edən geniş sahəli dərialtı hematoması küt əşya (əşyalar) təsirindən törənmişdir və qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə dava-dalaş zamanı yumruq və təpiklə vurulması zamanı əmələ gələ bilərdilər, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-nin 315-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 04 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarı ilə xx.xx.2022-ci il tarixli hökm dəyişdirilərək 03 il azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmişdir. Sumqayıt şəhər Probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 315-ci maddəsi ilə təqsirli bilinərək, 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. xx.xx.2025-ci il tarixinə Təqsirləndirilən şəxs cəzasının 02 il 23 gününü çəkmiş, çəkilməmiş qalan 11 ay 07 gün azadlığın məhdudlaşdırılması cəzası qalmışdır. AZEMİS Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, xx.xx.2011-ci il təvəllüdlü Məhəmmədəli Mahmudov, xx.xx.2015-ci il təvəllüdlü Fatimə Mahmudova və xx.xx.2016-cı il təvəllüdlü Rəsul Mahmudov Təqsirləndirilən şəxs himayəsindədir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır.. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, ekspert rəyi, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CMin 59.1.4-cü maddəsinə əsasən himayəsində üç azyaşlı uşağının olmasını və həmin Məcəllənin 59.1.8-ci maddəsinə əsasən cinayətin zərərçəkmiş şəxsin əxlaqsız (əxlaqsız söyüşlər söyməsi) hərəkətlərinin təsiri altında törətməsi cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsində nəzərdə tutulan onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzasını yüngülləşdiriən halı, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-in 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilməklə, hazırki hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarı ilə təyin edilmiş cəzanın çəkilməmiş qalan 07 ay 13 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Lakin iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarı ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını hazırda çəkməkdədir. Ona görə də hazırkı hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia və maddi sübut yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; zərərçəkmiş şəxsə vurulmuş maddi ziyan ödənilmişdir, məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, müvafiq olaraq 330 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. Nəticə: Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351- 353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarı ilə təyin edilmiş cəzanın çəkilməmiş qalan 07 (yeddi) ay 13 (on üç) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən birləşdirilsin, Təqsirləndirilən şəxs 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu və Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, müvafiq olaraq 330 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-651/2025
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-651/2025
04.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver