Məhkəmə qərarları › İş №1(012)-654/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-654/2025

28.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-654/2025 28.01.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Nəbili Cəlal Rauf oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1991-ci ildə Qubadlı rayonu, Yux Cibikli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Qubadlı rayonu, Aşağı Cibikli ərazi dairəsi, Yuxarı Cibikli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Təqsirləndirilən şəxs 07 yanvar 2025-ci il tarixdə İnstoqram sosial şəbəkəsində tanış olduğu şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı olan Elxan adlı şəxsin 130 manat pulun müqabilində +**********00 mobil nömrənin watsapı ilə onun istifadəsində olan 051 ***-**-** nömrənin watsapına göndərdiyi məkan əsasında 08 yanvar 2025-ci il tarixdə saat 07 radələrində Abşeron rayonu Gənclər şəhərciyi yaşayış kompleksi yaxınlığındakı işıq transformatorunun yanındakı mişar daşının altına qoyduğu 1 ədəd şəffaf sellofan bükümdə 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahıına daxil edilmiş 18,83 qram çəkidə xeyli miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı götürüb satış məqsədi olmadan qanunsuz olaraq əldə edib Abşeron rayonu, Gənclər şəhərciyi kompleksində daşımış və üzərində saxlamış, 08 yanvar 2025-ci il tarixdə saat 07:30 radələrində orada xidmət aparan Abşeron RPİ-nin post patrul xidməti bölüyünün əməkdaşları tərəfindən Abşeron rayon Gənclər şəhərciyi yaşayış kompleksi ərazisində saxlanılaraq Abşeron RPİ-yə gətirildikdən sonra orada həmin gün saat 09:05-dən 09:20dək üzərinə keçirilmiş şəxsi axtarış zamanı bir ədəd şəffaf sellofan kəsiyi bükümündə həmin 18,83 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2-ci Qarabağ müharibəsi iştirakçısıdır. Uzun müddət narkotik vasitə qurudulmuş marixanadan çəkməklə istifadə etmişdir. İnstaqram sosial şəbəkəsində tanış olduğu Elxan adlı İran İslam Respublikası vətəndaşından şəxsi istifadəsi üçün narkotik vasitə qurudulmuş marixuana istəmişdir. 07 yanvar 2025-ci il tarixdə saat 22 radələrində Elxan +**********00 mobil nömrənin Watsaapı ilə onun istifadəsində olan ***-***-**-** nömrənin Watsaapı ilə əlaqə saxlayaraq 20 qram nəşə göndərdiyini və ona göndərdiyi nömrənin M10 hesabına 130 manat pul ödəməyini bildirmişdir. O. isə saat 22:26 radələrində həmin hesaba özünə məxsus 5239 1517 6248 8610 nömrəli Kapital bank hesabından online 130 manat ödədikdən sonra qəbzin şəklini Watsaapla ona göndərmişdir. Elxan onun Watsaapına konum göndərib narkotik vasitənin Abşeron Gənclər şəhərciyinin yaxınlığında işıq transfarmatorunun yanında mişar daşının altında olduğunu bildirmişdir. O, isə dostu Şahid3 ilə əlaqə saxlayıb ona demiş ki, İnstaqramda tanış olduğu İranlı ona marixuana göndərib gedib onu götürsünlər. Məhəmmədlə birlikdə 08 yanvar 2025-ci il tarixdə saat 07 radələrində ona göndərilən konuma getmişlər. Məhəmmədə orada gözləməsini bildirib özü Abşeron Gənclər Şəhərciyində binaların arxa tərəfindəki yerdə işıq transfarmatorunun yanma gedib mişar daşının altına qoyulmuş 1 ədəd üzərində 20 yazılmış sellofan bükülünü götürüb baxmış ki, içərisində marixuana var. Həmin bükümü şalvarının sağ yan cibinə qoymuşdur. O, Elxanla olan yazışmaları silmişdir. Onu da bildirirmişdir ki, Elxanın adını mobil telefonunda Ayxaıı makler kimi qeydə almışdır. Bundan sonra Məhəmmədin yanma gəlmiş və onunla birlikdə piyada Bakı Sumqayıt yolu istiqamətində gedərkən orada xidmət aparan polis əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim etmişlər və kim olduqlarını, səhər saatlarında şəhərcikdə nə etdiklərini soruşmuşlar. Həmin vaxt o. özünü itirmiş və polis əməkdaşları şübhələnib onlardan şəxsiyyət vəsiqələrini tələb etmişlər. Vəsiqələri olmadığı üçün onları polis idarəsinə aparmışlar. Orada şəxsiyyətləri dəqiqləşdirdikdən sonra üzərlərinə baxış keçiriləcəyi barədə bildirmişlər. O, polis əməkdaşlarına üzərində narkotik vasitə olmasını bildirmişdir. Buna görə növbətçi vəkil dəvət olunaraq vəkillə təklikdə görüşməyə şərait yaradılmışdır. Bundan sonra vəkilin iştirakı ilə təhqiqatçı tərəfindən üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış videoçəkilişlə aparılmış, şəxsi axtarış aparılmazdan əvvəl ona hüquq və vəzifələri izah olunaraq üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya predmet varsa təqdim etməyi təklif olunmuşdur. O, isə əynində olan cins şalvarımın sağ cibindən 1 ədəd üzərində 20 yazılan sellofan bükülünü və sol cibində olan Samsunq markalı mobil telefonunu təqdim etmişdir. Təhqiqatçı tərəfindən təqdim etdiyi sellofan bükülünün içərisindəki kütlənin nə olduğu soruşulmuş və həmin kütlənin nəşə olduğunu, şəxsi istifadəsi üçün sosial şəbəkədə tanış olduğu İran vətəndaşından 130 manata kartına köçürməklə aldığını və həmin kütləni telefonuna göndərilən konum əsasında 08 yanvar 2025-ci il tarixdə Abşeron Gənclər şəhərciyindən küçədən götürdüyünü etiraf etmişdir. Həmin kütləyə baxış keçirildikdən sonra polis əməkdaşalrı üzərini axtarmışlar. Lakin başqa hər hansı bir əşya və kütlə aşkarlanmamışdır. Təhqiqatçı tərəfindən üzərindən aşkar olunaraq götürülmüş 1 ədəd içərisində narkoik vasitə qurudulmuş marixuana olan sellofan bükülü kağız zərfə qoyulub qablaşdırılmış və möhürlənmişdir. Həmin qablaşdırma üzərində o, vəkil və polis əməkdaşları imza elərək təsdiq etmişlər. Bundan sonra üzərində şəxsi axtarış aparılmasına dair protokol tərtib olunmuş və həmin protokolu oxuyub imza edərək təsdiq etmişdir. Sonra isə vəkilin iştirakı ilə izahatı alınmışdır. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının tətbiq olunmasını, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron rayon polis idarəsinin PPXB-nin polis nəfəri, polis serjantı Şahid1 ifadəsində göstərmişdir ki, o, xx.xx.2025-ci il tarixdə saat 07:30 radələrində Abşeron rayon polis idarəsinin PPXB-nin polis serjantı Şahid2 ilə 16 saylı piyada marşrutu ilə Abşeron Gənclər şəhərciyində xidmətdə olan zaman 2 nəfər şəxsin özlərini şübhəli apardıqlarını görüb onlara yaxınlaşıb özlərini təqdim edib və həmin şəxslərdən şəxsiyyət vəsiqələrini tələb etmişlər, lakin həmin şəxslərin üzərlərində şəxsiyyət vəsiqələri olmadığı üçün şəxsiyyətlərini müəyyən etmək məqsədi ilə hər ikisini Abşeron rayon polis idarəsinin növbətçi hissəsinə aparmışlar və orada müəyyən edilmişdir ki, həmin şəxslərdən biri xx.xx.1991 -ci il təvəllüdlü Təqsirləndirilən şəxs və digəri isə xx.xx.1998-ci il təvəllüdlü Şahid3dur. Abşeron rayon polis idarəsinin növbətçi hissəsində Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu könüllü etiraf etmişdir. Bundan sonra onların raportu aidiyyəti üzrə araşdırma aparılması üçün Abşeron rayon polis idarəsinin TŞ-nin təhqiqatçısı, polis mayoru X3 həvalə edilmişdir. Təhqiqatçının xidməti otağında Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə üzərinə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ cibindən 01 ədəd şəffaf sellofana bükülmüş narkotik vasitə marixuannaya bənzər kütlə aşkar edilərək götürülmüş və bununla bağlı onun və digər iştirakçıların iştirakı ilə müvafiq protokol tərtib edilərək imzalanmışdır Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid2 da polis nəfəri, polis serjantı X2 ifadəsinə analoji ifadə verərək onun göstərdiyi xüsustatları bir daha təsdiq etmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işi başlama və icraata qəbul etmə haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2026-cı il tarixli, 7/26 saylı rəyindən görünür ki, üzərində “Təqdim edən şəxs 1.imza İsmayılov ....” yazılar və imzalar olan bir ədəd kağız paketdə bir ədəd sellofan büküməmdə təmiz çəkisi 18,83 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisində kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Qeyd: Marixuananın təmiz çəkisi-18,83 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq-18,78 qram. (Aparılmış tədqiqatın dəyəri-70 manat) xx.xx.2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətin təmin edilməməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. “Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi haqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Abşeron RPİ-nin MSY-dən azad olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən keçirilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2025-ci il tarixli, 99 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin, opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157.1-ci maddəsi ilə təqsirli bilinərək 200 manat cərimə cəzası təyin edilmiş, Sumqayıt Apellyasiya Məjhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə hökm dəyişdirilmədən saxlanılmış, xx.xx.2016-cı ildə Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2016-cı il tarixli Amnistiya qərarının 1.8-ci bəndinə əsasən təyin olunmuş cəzadan azad edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177. və 69.4-cü maddələri ilə təqsirli bilinərək 600 manat cərimə cəzası təyin edlmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cəzadan azad edilmişdir. Sübutların qiymətləndirilməsinə dair xx.xx.2025-ci il tarixli qərardan görünür ki, şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş maddi sübut kimi tanınmış təmiz çəkisi 18,83 qram tədqiqatda istifadə istifadə olunandan sonra qalıq qalmış 18,78 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanasaxlanılmasından ötrü Abşeron RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilməsinin nəzərə alınması qərara alınmışdır. № İ-38199 saylı Azərbaycan Respublikası Medalının vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur. Təqdirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Vətən müharibəsi iştirakçısıdır. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının tətbiq olunmasını, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin hərəkətində cinayət törədilən zaman Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 15.2- ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur; 234.1- ci maddəsinə əsasən atış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsi, onun müdafiəçisini, dövlət ittihamçısını dinləyərək və iş materiallarını nəzərdən keçirib, təqsirləndirilən şəxsin ərizəsini nəzərə alaraq hesab edir ki, "Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarı Təqsirləndirilən şəxs barəsində tətbiq edilməli və onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 39.1 və 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir; 43.3-cü maddəsinə görə məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin həmin Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının: 1.1-cİ bəndinə görə Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19–20-də keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslər, habelə bu əməliyyatlarda həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar; 1.2-ci bəndinə görə Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19–20-də keçirilmiş antiterror əməliyyatında iştirakla əlaqədar, habelə digər xüsusi xidmətlərə görə Azərbaycan Respublikasının orden və medalları ilə təltif olunmuş şəxslər (qanunvericiliklə müəyyən edilmiş qaydada orden və medallardan məhrum edilmiş şəxslər istisna olmaqla) barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar; Həmin Qərarın 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1-1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar. (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla) 6-cı və 7-ci bəndlərində amnistiyanın tətbiqinə məhdudiyyətlər nəzərdə tutulmuşdur ki, Təqsirləndirilən şəxs əməli həmin məhdudiyyətlərin tətbiq dairəsinə düşmür. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilən Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli az ağır cinayətdir və yuxarıda qeyd edilən amnistiya qərarının 1.1 və 1.2-ci bəndləri bu cinayətləri törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verilməsini təsbit edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs və onun müdafiəçisi məhkəməyə yazılı ərizə təqdim etməklə, təqsirləndirilən şəxs barəsində, "Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının tətbiq edilməsinə və həmin şəxs barəsində cinayət təqibinə xitam verilməsinə razı olduqlarını və cinayət təqibinə bəraətverici əsaslar olmadan, amnistiya aktı əsasında xitam verilməsinin hüquqi nəticələrinin onlara məlum olduğunu bildirmişlər. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi "Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 1.1 və 1.2-ci bəndlərinin təsiri altına düşdüyündən o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Abşeron RPİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 18,78 qram qalmış narkotik vasitə-qurudulmuş marixuana qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 70 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Qeyd olunan maddənin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarınə əsasən Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 (altı) manat məbləğində müəyyən edilmişdir. "Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Abşeron Rayon vəkil bürosunun müdafiəçisi Müdafiəçi Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən məhkəmənin xx.xx.2025-ci il tarixinədək iclaslarında iştirak etdiyi 09 saata görə 54 manat və Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən məhkəmənin xx.xx.2025-ci il tarixindən sonrakı iclaslarda iştirak etdiyi 21 saata görə 231 manat olmaqla, cəmi 285 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Abşeron Rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Nəticə: Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351- 353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: "Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.1, 1.2 və 5.1-ci bəndi tətbiq edilməklə Təqsirləndirilən şəxsn Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Abşeron Rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasında maddi sübut kimi saxlanılan qalıq 18,78 qram narkotik vasitə-qurudulmuş marixuana məhv edilsin. Maddi sübut olan 1 (bir) ədəd disk iş materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 70 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Abşeron Rayon vəkil bürosunun müdafiəçisi Müdafiəçi Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən məhkəmənin xx.xx.2025-ci il tarixinədək iclaslarında iştirak etdiyi 09 saata görə 54 manat və Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən məhkəmənin xx.xx.2025-ci il tarixindən sonrakı iclaslarda iştirak etdiyi 21 saata görə 231 manat olmaqla, cəmi 285 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Abşeron Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərar ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar