Məhkəmə qərarları › İş №1(012)-655/2022

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-655/2022

28.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-655/2022 28.12.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Abşeron rayonu Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Abşeron rayonu, Masazır kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, AAAF park yaşayış kompleksində yerləşən fərdi yaşayış evində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbayçan Respublikası Cinayət Məcəlləsinin 263.1 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 11 aprel 2022-ci il tarixdə saat 10:00 radələrində, Xırdalan şəhəri H.Əliyev prospektində «Changan Alsvin V-7» markalı, ** PK *** dövlət qeydiyyat nişanlı avtomobili şəhərin mərkəzi istiqamətinə doğru idarə edərkən nizamlanmayan piyada keçidi qarşısında dayanmış avtomobilin yanından keçərkən həmin avtomobilin qarşısından yolu keçən piyadanı piyada keçidində vuraraq «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 2-ci hissəsinin tələblərinə uyğunsuzluq edib nəqliyyat vasitəsini tam dayandırmadan mümkün olan tədbirləri görməmiş, nəqliyyat vasitəsini yaşayış məntəqəsi daxilində hərəkət etdirmiş, nəticədə yolun hərəkət hissəsində piyada Zərərçəkmiş şəxs avtomobilin sol hissəsi ilə vuraraq ehtiyasızlıqdan sonuncunun sağ mil sümüyünün tipik yerli yerdəyişən sınığından ibarət sağlamlığına Az ağır zərər vurulmasına səbəb olan xəsarət yetirmişdir. Bundan başqa o, Zərərçəkmiş şəxs vurduqdan sonra hadisə barəsində müvafiq orqanlara xəbər verməyib sonuncuya yardım göstərmədən hadisə yerindən getməklə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq edib yol-nəqliyyat hadisəsi yerindən qaçmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə deyil, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Ailəsini dolandırmaq məqsədi ilə «Changan Alsvin V-7» markalı, ** PK *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir və həmin avtomobillə sərnişin daşımaqla məşğul olur. 11 aprel 2022-ci il tarixdə təxminən saat 09:30 radələrində, H.Əliyev prospekti ilə Xırdalan şəhərindən Bakı şəhəri istiqamətində sol zolaqla hərəkətdə olarkən avtomobil yolu üzərində əks olunmuş piyada keçidini gördüyü üçün avtomobilin sürətini azaltmış və sol tərəfində olan piyadanı görmədiyi üçün hərəkətdə olmuş və piyada zolağını keçən qadın piyadanı vurmuşdur. Qadın piyada avtomobilə toxunduğu üçün yerə yıxılmışdır. Ona görə də avtomobildən düşərək avtomobillə vurduğu qıza yaxınlaşaraq yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb-almadığını soruşmuş və sonradan tanıdığı Zərərçəkmiş şəxs ona heç bir şey olmadığını demişdir. Bundan sonra o, hadisə yerindən uzaqlaşaraq getmiş və sonradan polis idarəsində bilmişdir ki, idarə etdiyi avtomobilllə sonradan tanıdığı Zərərçəkmiş şəxs sağ ayağından və sağ əlindən vuraraq xəsarət yetirmişdir. O, ərizə ilə məhkəməyə müraciət edərək Zərərçəkmiş şəxs ilə barışdığını və ona dəymiş ziyanı tamamilə ödədiyini bildirmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, 11 aprel 2022-ci il tarixdə yaşadığı Masazır qəsəbəsindən Xırdalan şəhərində yerləşən iş yerinə təxminən saat 10 radələrində gələrkən H.Əliyev adına parkın qarşısından «Bravo» marketi istiqamətində avtomobil yolunun zolaqlı piyada hissəsini kecərkən sol tərəfdən gələn avtomobillərin olmadığını əmin olaraq hərəkətə başlamış və sağ tərəfindən gələn avtomobillərin asta surətlə hərəkətdə olduğunu bildikdə yoluna davam etmiş bu zaman tünd göy rəngli avtomobili saxlamış, lakin sağ tərəfindən gələn ikinci avtomobil əvvəlcə sürətini azaltmış, sonra isə surətini artıraraq zolağlı piyada keçidinin üzərində 90 PK-167 dövlət qeydiyyat nişanlı qızılı rəngli, «Changan» markalı avtomobil onun sağ ayağından və sağ əlindən vuraraq xəsarət yetirmişdir. Bundan sonra onu vuran avtomaşının sürücüsü avtomaşından düşüb ona yaxınlaşmış, ondan üzr istəyib xəsarət alıb almadığımı soruşmuşdur. O, cavab olaraq xəsarət almadığını demiş və bundan sonra “Changam” markalı avtomaşının sürücüsü avtomaşınına minib hadisə yerindən uzaqlaşmışdır. Həmin gün onda ağrı olmadığına görə o, heç bir həkimə və ya xəstəxanaya müraciət etməmişdir. Lakin bir neçə gün sora qolunda ağrıları olduğuna görə həkimə müraciət etmişdir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdyi notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışdığını və dəymiş ziyanı tamamilə ödədiyi üçün ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının 21 aprel 2022-ci il tarixli 809 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarət-sağ mil sümüyünün tipik yerli yerdəyişən sınığı bərk küt əşyanın təsi rindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi; dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aiddir. İş materiallarında olan yol-nəqliyyat hadisələrinin ekspertizasının 06 iyun 2022-ci il tarixli 8/1256 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən verilmiş məlumatlara əsasən Changan Alsvin V7 markalı, ** PK *** qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 2-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Səidi piyadanı vurduqdan sonra hadisə barəsində müvafiq orqanlara xəbər vermədən və xəsarət alana yardım göstərmədən hadisə yerindən getdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 263.1 və 264-cü maddələri ilə elan edilmiş ittiham özünün etirafı, zərərçəkmişin ifadəsi, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1 və 264-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Göründüyü kimi Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinə əsasən 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə görə cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir) Həmçinin bu Məcəllənin 43.1.2-ci maddəsinə görə bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilir. Ona görə məhkəmə, qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Cinayət Məcəlləsinin 263-cü maddənin “Qeyd” hissəsinə əsasən xitam verilməli və o cinayət məsuliyyətindən azad edilməli, lakin o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə törətdiyi cinayətə görə cəza almalıdır. Belə ki, işin hallarından görünür ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxsə ilkin tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməmiş, ümumiyyətlə hadisəni törətdikdən sonra hadisə yerində qalıb gözləmədən oradan qaçmışdır. Ona görə, Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin yalnız 263.1-ci maddəsi ilə təqsirli bilərək həmin Məcəllənin 264-cü maddəsi ilə təqsirli bilməməsi barədə göstərdikləri məhkəmə tərəfindən onun məsuliyyətini yüngülləşdirmək məqsədilə verilmiş özünü müdafiə xarakteri daşıyan qeyri-səmimi ifadə kimi qiymətləndirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 29 may 2018-cı il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə 09 il azadlıqdan məhkum edilmiş və Sumqayıt Apellyasiya məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü dəyişdirilmiş, ona Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 05 il 10 ay 08 gün azadlıqdan məhrum etmə cəzası təyin olunmuş, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilərək 02 il şərti sınaq müddəti təyin edilmişdir. 19 noyabr 2020-cı il tarixdə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmış və hazırda məhkumluğu yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs X2 ilə birgə nikahlarından xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X4 adlı iki azyaşlı övladları vardır. Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən və az ağır cinayət əməlini törətməsini, törətdiyi əməldən peşmançılıq çəkməsini, evli və himayəsində iki azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1-ci, 59.1.4-cü, 59.1.12-ci və 59.2ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264cü maddəsinin sanksiyasında isə üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Məhkəmə törədilmiş cinayət əməllərinin hər birinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların törədilməsi hallarını, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin sanksiyasında nəzərdə tutulan həddə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 15-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməli, onun üzərinə yaşayış yeri üzrə, yəni Bakı şəhəri və Abşeron rayonu ərazisini və saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulmalıdır. Cəzanı Təqsirləndirilən şəxs yaşadığı yer üzrə, yəni Sumqayıt şəhər Probasiya şöbəsi icra etməlidir. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda, yəni Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bundan əlavə məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 85 (səksən beş) manat manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən məhkəmə məsrəfi olduğundan Təqsirləndirilən şəxs tutulmalıdır. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə, Abşeron rayon Polis idarəsinə və Abşeron rayon İcra Şöbəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X1 120 (yüz iyirmi) manat məbləğində, məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayonu Vəkil Bürosunun vəkili Müdafiəçi 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Cinayət Məcəlləsinin 263-cü maddənin “Qeyd” hissəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanılsın. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməli, onun üzərinə yaşayış yeri üzrə, yəni Bakı şəhəri və Abşeron rayonu ərazisini və saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulsun. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda, yəni Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulsun. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə, Abşeron rayon İcra Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X1 120 (yüz iyirmi) manat məbləğində, məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayonu Vəkil Bürosunun vəkili Müdafiəçi 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm nəzərdə tutulduğu müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar