Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-656/2022 27.12.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon(şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1983-cü ildə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, Xaçmaz rayonu, Aşağı Zeyid ərazi dairəsi, Qaracik Zeyid kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı qəsəbəsi, Hövsan kəndində nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 18 oktyabr 2021-ci il tarixdə saat 09 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, 20 yanvar küçəsində, kirayədə yaşadığı nömrəsiz fərdi yaşayış evində qeyri-rəsmi ər-arvad kimi yaşadığı Zərərçəkmiş şəxs ilə aralarında yaranan ailəməişət münasibətlərinin pozulması zəmnində baş vermiş münaqişə zamanı, sonuncunun ünvanına nalayiq ifadələr ilə söyüb təhqir etdikdən sonra, yumruqla bir neçə dəfə üz nahiyyəsindən, təpiklə qarın nahiyyəsindən, dəmir çayniklə sol ayaq, boyun və baş nahiyyələrinə vurmaqla döyüb, ona sol aşağı ətrafda bir qədər hərəkət məhdudluğu ilə müşayiət olunan bel nahiyəsinin, sol budun və sol baldırın ölçülü hematomaları, təpə nahiyəsinin əzilmiş-cırılmış yarası, boyun nahiyəsinin və sağ sağrının qançırları ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, X2 yazdığı ərizə ilə tanış olmuşdur. Zərərçəkmiş şəxs ilə 2018-ci il tarixdən qeyri-rəsmi ərarvad münasibətlərində yaşayır, övladları yoxdur. Hal-hazırda birlikdə yaşamasalarda, münasibətləri davam edir, ona maddi yardım edir. Zərərçəkmiş şəxs ilə birlikdə yaşayan zaman o, səbəbsiz və yersiz yerə mütəmadi olaraq onunla münaqişlər yaradır, bu səbəbdən aralarında tez-tez mübahisələri olur. 2021-ci il tarixə kimi birlikdə Xırdalan şəhəri 20 yanvar küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində yaşamışdır. Zərərçəkmiş şəxs 18 oktyabr 2021-ci il tarixdə saat 09 radələrində mütəmadi olaraq spirtli içki içməyini ona irad bildirib, münaqişə yaratmışdır. Halbuki Zərərçəkmiş şəxs özü də spirtli içki alüdəçisidir və spirtli içki təsiri altında olanda özünü qeyri adekvat aparırır. Həmin vaxt işə getməyə hazırlaşmışdır. Dəfələrlə onu sakitləşdirməyə çalışsada, ona məhəl qoymadığını görüb, özümdən çıxmış və mübahisə etməyə başlamışdır. Mübahisə zəmnində Aynurənin üz nahiyyəsindən yumruqla bir neçə dəfə zərbə vurmuş sonra qarın nahiyyəsinə təpiklə zərbə endirmişdir. Sonra masanın üzərində olan dəmir çayniklə boyun nahiyyəsinə və ayaq nahiyyəsinə zərbə endirmiş, sonra isə çıxıb işə getmişdir. Həmin axşam evə qayıdandan sonra münasibəti düzəlmiş, yəni həmin axşam aralarında heç bir mübahisə olmamışdır. Mübahisə 5 dəqiqə davam eləmiş, həmin vaxt kənar şəxslər toplaşmamışdır. Həmişə işə gedəndə qapını arxadan açarla bağlayır. Çünki qapını açmaq üçün Aynurənin özünün də açarı var. Niyyəti onun azadlığını məhdudlaşdırmaq olmamışdır. Həmin gündən başqa Zərərçəkmiş şəxs döyüb xəsarət yetirməmişdir. Zərərçəkmiş şəxs ilə aralarında tez-tez münaqişələri olmuşdur. Buna səbəb onun içki içməyinə onun lazımsız və yersiz müdaxilələri olmuşdur. Onu ancaq 18 oktyabr 2021-ci il tarixdə döymüşdür. Bundan başqa heç vaxt onu döyməmiş, münaqişləri ancaq sözlə olmuşdur. Münaqişə zamanı Zərərçəkmiş şəxs onu vurub xəsarət yetirməmişdir. Sonradan zərərçəkmiş şəxslə barışmışdır. Əməlindən peşmançılıq çəkir, işin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 1997-ci il tarixdə ailə həyatı qurmuş, bir oğlan övladı vardır, 2002-ci il tarixdə rəsmi qaydada boşanmışdır. Təqsirləndirilən şəxs ilə 2018-ci il tarixdə ailə həyatı qurmuş, rəsmi nigahdan övladları yoxdur. Təxminən iki il oğlu, o və Taryel Xırdalan şəhəri 20 yanvar küçəsində yaşamışdır. Təqsirləndirilən şəxs spirtli içki alüdəçisidir. O, mütəmadi olaraq spirli içki qəbul edib, yaşadığı evdə münaqişlər yaradır. Sadəcə olaraq heç bir yerdə işləmədiyi üçün məcbur qalıb, onunla yaşayır. 18 oktyabr 2021-ci il tarixdə saat 09 radələrində Taryel yenidən spirtli içkinin təsiri altında onunla münaqişə yaratmışdır. Münaqişə zəmnində ünvanına nalayiq ifadələr işlədib, yumuqla üz nahiyyəsindən 3 dəfə zərbə endirmişdir. Bundan sonra təpiklə qarın nahiyyəsinə, dəmir çayniklə sol ayaq nahiyyəsinə, boyun nahiyyələrinə baş nahiyyələrinə zərbələr endirmişdir. Onu döyəndən sonra Taryel çıxıb getmişdir. O, evdən gedəndə qapını bağlamışdır. Bir gün sonra yəni xx.xx.2021-ci il tarixdə Taryel evdən gedəndə qapını bağlamamışdır. O, da 102 xidmətinə bu barədə məlumat vermişdir. Mübahisə zamanı tariyeli vurub xəsarət yetirməmişdir. Təqsirləndirilən şəxs yumuqla üz nahiyyəsindən 3 dəfə zərbə endirmiş, bunda sonra təpiklə qarın nahiyyəsinə, dəmir çayniklə isə sol ayaq nahiyyəsinə, boyun nahiyyələrinə baş nahiyyələrinə zərbələr endirmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İşin xitam olunmasını xahiş edir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə-tibbi ekspertizasının 20 oktyabr 2021-ci il tarixli, 2603 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər – sol aşağı ətrafda bir qədər hərəkət məhdudluğu ilə müşayiət olunan bel nahiyəsinin, sol budun və sol baldırın iri ölçülü hematomaları, təpə nahiyəsinin əzilmiş-cırılmış yarası, boyun nahiyəsinin və sağ sağrının qançırları küt əşyanın(əşyaların) təsirindən törənmişlər, qərarda qeyd olunan müddətdə və müayinə olunan şəxsin göstərdiyi şəraitdə, yəni xx.xx.2021-ci il tarixdə kənar şəxs(lər) tərəfindən qeyd olunan nahiyələrə metal parçalarının və insan bədəninin hissələrinin (əl, ayaq və sair) təsirindən əmələ gələ bilərdilər; dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddirlər. Vət.Zərərçəkmiş şəxs bədənində müyyən edilmiş xəsarətlərin xarakterik xüsusiyyətlərinə əsasən demək olar ki, həmin xəsarətlər şəxsin tərəfindən yetirilməsi yaxud öz boyu hündürlüyündən yıxılma nəticəsində əmələ gəlməsi inandırıcı deyildir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinib 02(iki) ay müddətinə islah işləri cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 2.8-ci bəndinə əsasən cəzadən azad olunmuşdur. Bakı şəhəri Biləcəri XPŞ-in xx.xx.2017-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə başlanmış icraata CPM-in 39.1.11-ci maddəsinə əsasən xitam verilmişdir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixdə ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsindəki cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, Zərərçəkmiş şəxs ilə barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmadığına görə barəsindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə başlanılmış məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası CM-in 128-ci maddəsinin qeydində göstərilir ki, bu maddədə nəzərdə tutulmuş əməli ilk dəfə törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad olunurdusa 1 may 2020-ci il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında qanuna əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. 20 oktyabr 2017-ci il tarixli 816-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 128-ci maddənin “Qeyd” hissəsi ləğv edilmişdir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10.3-cü maddəsinə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin Vİİ hissəsinə görə, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 129-cu maddəsinin İİİ hissəsinə görə, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. İş materiallarında olan qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə CPM-in 156.4-cü maddəsinin “cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur” müddəasını rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri xitam olunmalıdır. Bundan başqa, təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X3 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul, məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-nin 73-cü, Azərbaycan Respublikasının CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri xitam olunsun. Təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X3 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul, məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-656/2022
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-656/2022
27.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver