Məhkəmə qərarları › İş №1(012)-656/2023

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-656/2023

25.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-656/2023 25.10.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1978-ci il tarixdə Gürcüstan Respublikasının Dmanisi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Xızı şəhəri, Xızı qəsəbəsi, A.Ələsgər küçəsi, ev 5-də qeydiyyatda olan, Bakl şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Fərman Qurbanov küçəsi, ev 26-da yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 12 may 2023-cü il tarixdə təxminən günorta saatlarında Abşeron rayonu, Digah kəndi ərazisində istintaqa məlum olmayan «Əsgər» adlı şəxsdən 300 manat müqabilində satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda 1 ədəd bükümdə 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısfna (Siyahı İ) daxil olan 430,0 qram çəkidə bitki mənşəli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib Abşeron rayonu, Digah kəndi, Əliçıraq məhəlləsinə kimi daşıyaraq həmin ərazidə gizlətməklə saxlamış, xx.xx.2023-cü il tarixdə saat 07:30 radələrində həmin narkotik vasitə qurudulmuş marixuananı gizlətdiyi Abşeron rayonu, Digah kəndi, Əliçıraq məhəlləsi ərazisindən götürüb özü ilə aparmaq istərkən, Abşeron RPİ-nin post patrul xidməti bölüyünün əməkdaşları tərəfindən şübhəli bilindiyi üçün saxlanılaraq Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən Abşeron RPİ-nin Mehdiabad polis bölməsinə gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilərkən əlində olan parça materialdan qara və açıq sarı rəngli məktəbli çantasının içərisindən şəffaf rəngli sellofan bükümdə, təmiz çəkisi 430,0 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitə olan marixuanadan istifadə etmişdir. 22 may 2023-cü il tarixdə saat 07:30 radələrində Abşeron rayonu, Digah kəndi Əliçıraq məhəlləsi ərazisində gizlətmiş olduğu narkotik vasitəni çantanın içərisinə qoyub özü ilə aparmaq istəyərkən, üzərində narkotik vasitə olduğu üçün polis əməkdaşlarını görüb uzaqlaşmaq istəmişdir. Polis əməkdaşları hərəkətlərindən şübhələnərək ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra, nə üçün uzaqlaşmaq istədiyini soruşmuşlar. O, da üzərində qanunsuz olaraq narkotik vasitə saxladığını bildirmişdir. Polis əməkdaşları onu saxlayıb Mehdiabad PB-nə dəvət etmişlər. PB-də xidməti otaqların birində video çəkiliş aparmaqla üzərinə şəxsi axtarış keçirilmişdir. Üzərinə şəxsi axtarış keçirilərkən ondan üzərində saxlanılması və ya gəzdirilməsi qadağan edilmiş hər hansı əşya və ya predmet olub olmadığı soruşulmuşdur. O, da əlindəki parça materialdan olmaqla qara və açıq sarı rəngli məktəbli çantasının içərisindən şəffaf rəngli sellofana bükülmüş qurudulmuş bitgi formalı qəhvəyi rəngli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni özü könüllü sürətdə təqdim etmişdir. Həmin qurudulmuş marixuanaya bənzər kütlənin narkotik vasitə olan marixuana olduğunu, həmin kütləni 10 gün bundan əvvəl Abşeron rayonu, Digah kəndi ərazisində üzdən tanıdığı Əsgər adlı şəxsdən 300 manata aldığını və özü istifadə etmək üçün gizlətdiyini bildirmişdir. Bundan sonra, polis əməkdaşları həmin bükümə baxış keçirərək, maddi sübut olduğundan və ekspertizaya təqdim ediləcəyini bidirib qablaşdıraraq götürmüşlər. Narkotik vasitə aludəçisidir və mütəmadi olaraq narkotik vasitədən istifadə etsə də, narkotik vasitələrin satışı ilə məşqul olmamışdır. Hazırda əməlindən səmimi olaraq peşmandır. Məhkəmədən əməlindən səmimi olaraq peşman olmasını nəzərə alaraq, barəsində həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Abşeron RPİ-nin Post Patrul Xidməti Bölüyünün polis nəfəri, polis serjantı Şahid1 ifadəsində göstərmişdir ki, 22 may 2023-cü il tarixdə saat təxminən 07:30 radələrində Abşeron RPİ-nin Post Patrul Xidməti Bölüyünün polis nəfəri, polis serjantı Şahid2 ilə birlikdə Abşeron rayonu, Digah kəndi, «Əliçıraq» məsçidinin yaxınlığında xidmət apararkən bir nəfər şəxs özünü şübhəli apardığı üçün ona yaxınlaşıb özlərini təqdim edən zaman həmin şəxs qaçmağa cəhd göstərmişdir. Ona görə də həmin şəxsi saxlayıb, üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet olduğunu soruşduqda, o, üzərində narkotik vasitə olduğunu bildirmişdir. Ona görə də həmion şəxsi Abşeron RPİ-nin Mehdiabad PB-nə gətirmişlər. Abşeron RPİ-nin Mehdiabad PB-də müəyyən olunmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Polis bölməsinə gəldikdən sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin istifadəçisi və ya özündə saxlamasına şübhələr olduğundan, PB-də Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılacağı bildirilərək, ona hüquq və vəzifələri izah edilmiş və onun hüquqlarının müdafiəsi üçün vəkil dəvət edildikdən sonra, üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış və götürmə aparılmışdır. Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əlindəki parça materialdan olmaqla qara və açıq sarı rəngli məktəbli çantasının içərisindən şəffaf rəngli sellofana bükülmüş bükülünü təqdim etmişdir. Təqdim olunmuş 01 ədəd bükümün içərisində qurudulmuş bitki formalı qəhvəyi rəngli spesifik iyə malik olmaqla narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə olması müəyyən olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bir ədəd şəffaf sellofana bükülmüş bükülüdəki qəhvəyi rəngli maddənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitə qurudulmuş marixuananı 10 gün bundan əvvəl Abşeron rayonu, Digah kəndi ərazisində üzdən tanıdığı Əsgər adlı şəxsdən 300 manata aldığını və özü istifadə etmək üçün tutulduğu ərazidə gizlətdiyini bildirmişdir. İş üzrə şahid Abşeron RPİ-nin PPXB-nün polis nəfəri polis serjantı Şahid2 məhkəməyə ərizə ünvanlayaraq ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini bildirmişdir. Şahid2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, 22 may 2023-cü il tarixdə saat təxminən 07:30 radələrində o, Abşeron RPİ-nin Post Patrul Xidməti Bölüyünün polis nəfəri, polis serjantı Şahid1 ilə birlikdə Abşeron rayonu, Digah kəndi, «Əliçıraq» məsçidinin yaxınlığında xidmət apararkən, bir nəfər şəxs özünü şübhəli apardığı üçün ona yaxınlaşaraq özlərini təqdim edən zaman həmin şəxs qaçmağa cəhd göstərmişdir. Ona görə də həmin şəxsi saxlayıb, üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet olduğunu soruşduqda, o, üzərində narkotik vasitə olduğunu bildirmişdir. Ona görə də həmin şəxsi Abşeron RPİ-nin Mehdiabad PB-nə gətirmişlər. Abşeron RPİ-nin Mehdiabad PB-də müəyyən olunmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin istifadəçisi və ya özündə saxlamasına şübhələr olduğundan, PB-də Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılacağı bildirilərək, ona hüquq və vəzifələri izah edilmiş, hüquqlarının müdafiəsi üçün vəkil dəvət edildikdən sonra, üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış və götürmə aparılmışdır. Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əlindəki parça materialdan olmaqla qara və açıq sarı rəngli məktəbli çantasının içərisindən şəffaf rəngli sellofana bükülmüş bükülünü təqdim etməsi və təqdim olunmuş 01 ədəd bükümün içərisində qurudulmuş bitki formalı qəhvəyi rəngli spesifik iyə malik olmaqla narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə olması müəyyən olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bir ədəd şəffaf sellofana bükülmüş bükülüdəki qəhvəyi rəngli maddənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitə qurudulmuş marixuananı 10 gün bundan əvvəl Abşeron rayonu, Digah kəndi ərazisində üzdən tanıdığı Əsgər adlı şəxsdən 300 manata aldığını və özü istifadə etmək üçün tutulduğu ərazidə gizlətdiyini bildirmişdir. Həmin büküm sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 236 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Bununla bağlı müvafiq protokol tərtib olunaraq tərəflərindən imzalarla təsdiq edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs faktiki azadlığı xx.xx.2023-cü il tarixdə saat 08:50-də məhdudlaşdırılaraq şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Abşeron RPİ-nin post patrul xidməti bölüyünün əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs saxlanılaraq Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən Abşeron RPİ-nin Mehdiabad polis bölməsinə gətirilmiş və onun üzərində şəxsi axtarış keçirilən zaman əlində olan parça materialdan qara və açıq sarı rəngli məktəbli çantasının içərisindən şəffaf rəngli sellofan bükümdə, təmiz çəkisi 430,0 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. xx.xx.2023-cü il tarixli, 7/754 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində tədqiqata təqdim edilmiş, üzərində “Vət.Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir bükümdə kütlə” yazı və imzalar olan zərfdə 1 ədəd sellofanda təmiz çəkisi 430,0 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi 430,0 qram, cəmi tədqiqata sərf edilən ümumi miqdar-0,05 qram, qalıq-429,95 qram. xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, istintaq zamanı Abşeron RPİ-nin Mehdiabad PB-nin inzibati binasında, iş otağında Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış zamanı sonuncuya üzərində olan əşyaları təqdim etməsi təklif olunmuş, o, əlində olan parça materialdan qara və açıq sarı rəngli məktəbli çantasının içərisində şəffaf rəngli sellofan bükümdə, təmiz çəkisi 430,0 qram bitki mənşəli kütlənin çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmiş, bundan başqa Təqsirləndirilən şəxs üzərindən heç bir qanunsuz əşya aşkar edilməmişdir. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. Abşeron rayon Prokurorluğunun xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməsindən imtina edilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində digər qətimkan tədbiri seçilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək” qətimkan tədbiri seçilmiş və həmin qərar sonuncuya xx.xx.2023-cü il tarixdə elan edilərək saxlanıldığı Abşeron RPİ-nin MSY-dən azad edilmişdir. xx.xx.2023-cü il tarixli, 3189 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 rəyindən görünür ki, Təqsirləndirilən şəxs eyni zamanda bir neçə narkotik vasitə və digər psixoaktiv maddənin qəbulu nəticəsində asılılıq sindromu aşkar olunur. Məcburi müalicəyə əks göstəriş yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. xx.xx.2023-cü il tarixli cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 430,0 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixana iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 429,95 qram narkotik vasitə qurudulmuş marixuana saxlanması üçün Abşeron RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixdə Səbail RPİ-nin İstintaq Şöbəsi tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət işinin istintaqı aparılmış və xx.xx.2022-ci il tarixdə cinayət işi üzrə icraata Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsi ilə xitam verilmişdir və hazırda məhkumluğu olmayan şəxsdir. xx.xx.2023-cü il tarixli Xızı rayon İHB-nın Xızı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs Xızı şəhəri, A.Ələsgər küçəsi, ev 5-də pasport qeydiyyatındadır, lakin şəhər ərazisində yaşamır. xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmənin görüntülərini özündə əks etdirən bir ədəd disk sübut kimi qiymətləndirilərək cinayət işinin materiallarına əlavə edilmişdir. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2022-ci il təvəllüdlü Sevinc adlı bir azyaşlı uşağı var. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi, habelə şahid ifadəsi, şəxsi axtarış protokolu, ekspertiza rəyləri və işin digər materialları ilə tamamilə sübuta yetirilir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri yəni, təmiz çəkisi 430,0 bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı saxlamaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi, onun barəsində CM-nin 62 və ya 70-ci maddəsinin tətbiq olunması üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli № 15 Qərarının 24-cü bəndinə qeyd olunur ki, CPM-nin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin Qərarın 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs əməlindən səmimi olaraq peşman olmasını və himayəsində bir azyaşlı uşağının olmasını CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun tutulduğu vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halların olmasını, eləcə də cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilməli, barəsində «həbs» qətimkan tədbiri seçilməli və dərhal məhkəmə iclası zalından həbs edilməlidir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 22 may 2023-cü il tarixdən 24 may 2023-cü il tarixədək şübhəli şəxs kimi saxlanıldığı iki gün müddət onun cəzasından çıxılmaqla üzərində qəti olaraq azadlıqdan məhrumetmə cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli tutulduğu vaxtdan yəni, 25 oktyabr 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri dəyişdirilməli, barəsində «həbs» qətimkan tədbiri seçilməli və dərhal məhkəmə iclası zalından həbs edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı, onların qiyməti olmadıqda məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış Abşeron rayon Polis İdarəsində saxlanılanekspertiza tədqiqatından sonra qalan çəkisi-429,95 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs üzərinə Abşeron RPİ-nin Mehdiabad PB-də keçirilmiş baxış zamanı çəkilmiş video görüntülər olan 01 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Odur ki, qanunvericiliyin tələblərinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Bundan başqa, məhkəmə CPM-in 197 və 198-ci maddələrinin tələblərinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 70 (yetmiş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə cəmi 30 (otuz) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 30 (otuz) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (bir yüz səksən) manat ödənilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 22 may 2023-cü il tarixdən 24 may 2023-cü il tarixədək şübhəli şəxs kimi saxlanıldığı iki gün müddət onun cəzasından çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli tutulduğu vaxtdan yəni, 25 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri dəyişdirilsin, barəsində «həbs» qətimkan tədbiri seçilsin və dərhal məhkəmə iclası zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Abşeron RPİ-də saxlanılan-ekspertiza tədqiqatından sonra qalan çəkisi-429,95 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs üzərinə Abşeron RPİ-nin Mehdiabad PB-də keçirilmiş baxış zamanı çəkilmiş video görüntülər olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 70 (yetmiş) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası CPM-nin Məcəlləsinin 197-198-ci maddələrinə əsasən məhkəmə məsrəfi olduğundan Təqsirləndirilən şəxs tutulsun. Hökmün icrası Abşeron rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (bir yüz səksən) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. (Həbsdə olan təqsirləndirilən şəxs aldığı vaxtdan 20 gün müddətinə). Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar