Məhkəmə qərarları › İş №1(012)-657/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-657/2025

12.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-657/2025 12.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Qarayev Cavid Nazim oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı Təqsirləndirilən şəxs, Müdafiəçi: Abşeron rayon vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1984-cü ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: 16 dekabr 2024-cü il tarixdə saat 23 radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq 15 manat müqabilində xeyli miqdarda 01 bükümdə 1,030 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla Abşeron rayonu, Qobu qəsəbəsinə daşımış, 17 dekabr 2024-cü il tarixdə saat 01:00-da Abşeron RPİ-nin X6 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Abşeron rayonu, Qobu qəsəbəsi, S.Salmanov küçəsində saxlanılaraq Abşeron RPİ-nin X7 gətirilmiş və orada həmin gün saat 03:46-dan 04:05-ə kimi üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf selofana bükülmüş vəziyyətdə ağ rəngli kristalşəkilli, kustar üsulla hazırlanmış 1,030 qram çəkidə psioxotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmədə Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, tutulmazdan öncə təxminən 1 ay olar ki, psixotrop maddə olan metamfetamindən istifadə edirdi. xx.xx.2024-cü il tarixdə saat 23 radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində tanımadığı şəxsdən 15 manat dəyərində psixotrop maddə metamfetamin almış və öz istifadəsi üçün həmin psixotrop maddəni üzərində saxlamışdır. xx.xx.2024-cü il tarixdə saat 01:00-də Abşeron rayonu, Qobu qəsəbəsi, S.Salmanova küçəsində piyada gəzərkən 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirərək özlərini təqdim etmiş və onu Abşeron RPİ-nin Qobu PB-nə dəvət etmişlər. Abşeron RPİ-nin Qobu PB-nin xidməti otaqların birində video çəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmişdir. Üzərinə şəxsi axtarış keçirilərkən ondan üzərində saxlanılması və ya gəzdirilməsi qadağan edilmiş hər hansı əşya və ya predmet olub-olmadığı soruşulmuş, o əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən çıxardığı 01 ədəd şəffaf sellofana bükülmüş psixotrop maddə olan metamfetamini təqdim etmişdir. Həmin kütlə şəxsi axtarış zamanı kağız zərfdə qablaşdırıldıqdan sonra həmin zərf üzərində iştirakçılar və onun tərəfindən təsdiq olunaraq polis əməkdaşları tərəfindən götürülmüşdür. Bu barədə polis əməkdaşları tərəfindən protokol tərtib edilərək ucadan oxunmuş və imzalarla təsdiq edilmişdir. Göstərmişdir ki, həmin psixotrop maddəni xx.xx.2024-cü il tarixdə saat 23 radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində tanımadığı şəxsdən 15 manata almış, həmin psixotrop maddəni istifadə etmək üçün əldə etmişdir. Sonda törətdiyi əməldən peşman olduğunu, ailəli və himayəsində azyaşlı övladının olmasını,yaşlı və xəstə anasına baxmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını bildirərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2024cü il tarixdə saat 01 radələrində X6 sahə polis nəfəri Şahid1 ilə birlikdə Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində S.Salmanova küçəsində gecə gəzintisində olan zaman bir nəfər şəxsin piyada getdiyini görmüşlər. Həmin şəxs onları gördükdə özünü şübhəli aparıb yayınmağa çalışmış, bu səbəbdən həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər. Həmin şəxsin daha da həyəcanlanmasını hiss etdikləri üçün onu sorğu sual etmiş, həmin şəxs sorğu sual zamanı üzərində psixotrop maddə olduğunu bildirmiş və bu səbəbdən də onu Abşeron RPİ-nin Qobu PB-nə dəvət etmişlər. Onlar şübhəli şəxsi polis bölməsinə gətirənə qədər nəzarətləri altında olmuş, Polis bölməsinə gəldikdən sonra araşdırma zamanı məlum olmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Bundan sonra Abşeron RPİ-nin TŞ-də tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilərək ona dövlət tərəfindən vəkil təyin edilmiş və şübhəli şəxs qismində təhqiqatçı tərəfindən tutularaq üzərinə video çəkilişlə baxış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya və ya predmet vardırsa könüllü olaraq təqdim etməsi bildirilmişdir. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə, içərisində metamfetaminə bənzər maddəni çıxararaq masanın üzərinə qoymuşdur. Sonra həmin şəxsin üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı üzərindən dövriyyəsi, gəzdirilməsi və saxlanılması qadağan edilmiş başqa hər hansı əşya və başqa qanunsuz hər hansı bir maddə aşkar olunmamışdır. Təhqiqatçı tərəfindən verilən suallara cavab olaraq bildirmişdir ki, bükümün içərisində olan psixotrop maddə metamfetamindir və həmin psixotrop maddəni xx.xx.2024-cü il tarixdə saat 23 radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində tanımadığı şəxsdən 15 manata almış və həmin psixotrop maddəni istifadə etmək üçün üzərində saxlamışdır. Bundan sonra aşkar edilərək götürülmüş maddə təhqiqatçı tərəfindən qablaşdırılaraq möhürlənmiş və bu barədə protokol tərtib edilərək imzalarla təsdiq olunmuş və video çəkilişin qeydə alındığı CD disk protokola əlavə edilmişdir. Şahid2 verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmadan öncə və şəxsi axtarış aparılarkən ona qarşı hər hansı fiziki zor və psixoloji təzyiq göstərilməsinin şahidi olmamışdır. O, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında hər hansı ədavət və qərəzli münasibət olmamışdır. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən, ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə Şahid1 və digər Şahid2 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: - “Şübhəli şəxsin tutulması haqqında” 17 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, 17 dekabr 2024-cü il tarixdə, saat 03:30 dəqiqədə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 17 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2024-cü il tarixli, 6/5503 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində üzərində “Azərbaycan Respublikası DİN-nin Zərflər üçün 246 nömrəli” dairəvi möhür əksləri, “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən...” yazıları və imzalar olan bir ədəd zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 1,030 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Tədqiqata təqdim olunmuş metamfetaminin təmiz çəkisi – 1,030 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq – 0,980 qramdır. Aparılmış tədqiqatın dəyəri 81 manat təşkil edir; - “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 18 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. - “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin təmin edilməməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbirinin seçilməsi haqqında” 18 dekabr 2024-cü il tarixli qərardan görünür ki, ********* №-li cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında Abşeron RPİ-nin İŞ-nin müstəntiqi, Rövşən Cavadovun xx.xx.2024-cü il tarixli vəsatəti təmin olunmamış və onun saxlanıldığı Abşeron Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən azad olunması haqqında qərar qəbul olunmuşdur. - “Qətimkan tədbirinin seçilməsi haqqında” 18 dekabr 2024-cü il tarixli qərardan görünür ki, ********* №-li cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. - “Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə AR CM-nin 306.1 və 69.3-cü maddələri ilə təqsirli bilinib 11 ay 28 gün azadlıqdan məhrum etmə zəcasma məhkum edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə hökm dəyişdirilərək 01 il azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. CM-nin 69.3-cü maddəsinə əsasən 07 ay 06 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatmışdır. - Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X8 Ambulator X2 haqqında xx.xx.2025-cü il tarixli, 220 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs kannabinioidlərin və psıxostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. - “Sübutların qiymətləndirilməsi” 25 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş sonuncuya məxsus tədqiqatdan sonra qalıq qalmış təmiz çəkisi 0,980 qram narkotik psixotrop maddə metamfetamin üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Abşeron RPİnin maddi sübutların saxlanması otağına təhvil verilmiş və iş üzrə təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahid ifadələri, şəxsi axtarış və götürmə keçirilməsi haqqında protokolu, məhkəmə kimyəvi ekspertizasının və məhkəmə narkoloji ekspertizasının ekspert rəyi, maddi sübut və digər istintaq sənədləri mötəbər sübutlar kimi qiymətləndirilmişdir. “Şəxsi axtarış və götürmə aparılması barədə xx.xx.2024-cü il tarixli protokol tədqiq edilərkən, həmçinin cinayət işinə əlavə edilmiş DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman onun əynində olan boz rəngli rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümündə olan psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olunaraq sübut əhəmiyyəti kəsb etdiyi üçün həmin kütlə bükümü götürülmüşdür. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda psixotrop maddə olan metamfetaminin şəxsi istehlak üçün yuxarı miqdarı 0,15 qram təşkil edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə hesab olunan metamfetamini əldə edib üzərində saxlaması və daşıması cinayətini törətməsi onun etirafedici ifadəsi ilə yanaşı, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş CD diskdə olan video görüntüylə, ekspert rəyi, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri ilə və digər iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində cinayət törədilən zaman Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmalı və həmin maddənin sanksiyası həddində cəzalanmalıdır.Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2ci 58.1-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələrini nəzərə alır. Qeyd olunan Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Bu Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi bir yetkinlik yaşına çatmayan uşağının olmasıdır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş şəxs hesab olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, Məhkumluq götürülmüş və ya ödənmişsə, hökmün giriş hissəsində əvvəlki məhkumluq barədə məlumat əks etdirilməməlidir. Məhkəmə residivin müəyyən olunması zamanı CM-in 18-ci maddəsinin tələblərinə əməl etməli və bu zaman CM-in 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı bütün hüquqi nəticələri ləğv etdiyindən, belə məhkumluqlar istər residivin müəyyən edilməsi, istərsə də başqa şəkildə, o cümlədən təqsirləndirilənin şəxsiyyətini xarakterizə edən hal qismində nəzərə alınmamalıdır. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, üzərində aşkar olunmuş psixotrop maddənin miqdarını, onun törədilməsi hallarını, yüngülləşdirici hal kimi bir yetkinlik yaşına çatmayan uşağının olması və ağırlaşdırıcı halların olmaması, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş yuxarı olmayan həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Belə ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəza yalnız törədilmiş əmələ görə cəzalandırma funksiyası daşımır, eyni zamanda gələcəkdə belə əməllərin qarşısını almaq məqsədi daşıyan tərbiyəedici və çəkindirici tədbirdir. Belə hallarda isə cəzanın fərdiləşdirilməsi prinsipinə əməl olunmaqla, yuxarı olmayan həddə azadlıqdan məhrum etmə kimi daha sərt cəzanın tətbiqi həm cəmiyyətə, həm də konkret şəxsə qarşı effektiv çəkindirici təsir göstərəcək və onun islah olunmasına, gələcəkdə onun tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqda əsas rol oynayacaqdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan Məcəllənin 353.4-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs faktiki olaraq məhkəməyədət icraat dövründə tutulduğu 02 gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanıb ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbsə alınmalı, cəza çəkmə müddətinin əvvəli isə həbsdə alındığı vaxtdan – 12 iyun 2025-ci il tarixdən hesablanmalıdır. Həmçinin, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının 15 yanvar 2025-ci il tarixli, 220 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o ərazi narkoloji dispanserində qeydiyyata alınması nəzərə alınmalıdır. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Abşeron RPİ-nin maddi sübutların saxlama otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 0,980 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkli Müdafiəçi 15 (on beş) saat üçün nəzərdə tutulan 165 (bir yüz altmış beş) manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, həbs qətimkan tədbiri seçilsin o, məhkəmə iclas zalından həbsə alınsın və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı vaxtdan, yəni 12 iyun 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Abşeron RPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,980 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi - 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 15 saat hüquqi yardıma görə Abşeron rayon Vəkil Bürosunun vəkli Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına 165 (bir yüz altmış beş) manat ödənilsin və həmin vəsaitin ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Firuzə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar