Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-658/2025 01.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ X2 İbrahim qızının sədrliyi, məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1986-cı ildə Yardımlı rayonu, Astanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Cəlilabad rayonu rayonu, Privolnoye kəndində qeydiyyatda olmaqla, faktiki olaraq Sumqayıt şəhəri, Ceyranbatan bağları 8-ci məhəllədə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat işinə Xırdalan şəhərində Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 17:30 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, “Ər-riyad” Ticarət Mərkəzində onun mebel ustası işlədiyi mebel dükanına həmin mərkəzdə fəhlə işləyən Zərərçəkmiş şəxs tanışı istintaqa şəxsiyyəti məlum olmayan Mirbaba adlı şəxslə girib orada uca səslə danışmalarına irad bildirərək mağazadan çıxarıb pilləkənlərdən düşürərkən aralarında bu zəmində yaranmış mübahisə zamanı qəsdən iki dəfə əli ilə Zərərçəkmiş şəxs sifət nahiyəsinə vuraraq, ona burun tənəffüsünün pozulması ilə nəticələnən burun sümüyünün yerini dəyişən sınığı ilə müşayiət olunan burun nahiyəsinin qançır-şişkinliyi, hər iki qulaq seyvanı və boyun nahiyyəsinin sıyrıqları kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına az ağır zərər vurma cinayət əməlini törətmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs özünü ona CM-in 127.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri. “Ər-riyad” ticarət mərkəzində mebel ustası işləyir. Zərərçəkmiş şəxs təxmini 2-3 aya yaxın tanıyır. Belə ki, Zərərçəkmiş şəxs işlədiyi ticarət mərkəzində qonşu mağazaya satıcı kimi işləmişdir. Lakin Elşən və onunla birlikdə işləyən dostu Mirbaba ilə münasibətləri yaxşı olmamış, belə ki, həmin şəxslərin hərəkətləri ona xoş gəlməmiş, çünki, onlar dəfələrlə işlədiyi mağazaya gəlib səs-küy saldıqlarına görə aralarında mübahisə yaranmışdır. Buna görə də aralarında yüngül də olsa ədavət olmuşdur. xx.xx.2024-cü il tarixdə saat 16-17 radələrində işdə olan zaman Zərərçəkmiş şəxs və onunla birlikdə işləyən Mirbaba adlı şəxs sərxoş vəziyyətdə işlədiyi mağazaya daxil olmuş və onların hər ikisi bir-biriləri ilə zarafatlaşıb səs-küy salmışlar. Bu zaman o, mağazada müştəri olduğu üçün hər ikisini çıxarmaq istəmiş, buna görə sonunculara yaxınlaşıb mağazadan çıxmalarını bildirmişdir. Lakin onların hərəkətləri ilə ona acıq vermişlər, nəticədə onların hər ikisini mağazadan çıxarıb pilləkənlərlə aşağı endirmişdir. Lakin Mirbaba onunla söz mübahisəsi etməyə başlamış, o da Mirbabaya etdiyi hərəkətlərin səhv olduğunu izah etməyə çalışmışdır. Ancaq Zərərçəkmiş şəxs sifət nahiyyəsinə əl-qol ataraq “Dükan sənindir? Nə var?” ifadələrini işlətmiş, Elşənin ona əl-qol atması və ona yüngül xəsarət yetirməsi onu əsəbləşdirmiş və əl atıb sonuncunun yaxasından dartmış, nəticədə sonuncunun köynəyi cırılmış, sonra Elşənə söhbətinin Mirbaba ilə olmağını bildirmişdir. Lakin Elşən yenə də üzərinə hücum çəkərək əl-qol atmış, buna görə də Zərərçəkmiş şəxs sifət nahiyyəsindən iki dəfə sillə vurmuş, həmin vaxtı Mirbaba onları ayırmışdır. Bundan sonra mağazaya geri qayıtmış, hadisənin üzərindən təxminən 15 dəqiqə keçdikdən sonra isə polis əməkdaşlarının mağazaya yaxınlaşdığını görmüş və onu Abşeron RPİ-nə dəvət etmişlər. Hadisə zamanı ətrafda yalnız Mirbaba olmuş, başqa şəxs olmamışdır. Hazırda törətdiyi əməldən peşmandır. Məhkəməyə ərizə təqdim edərək özünü təqsirli bildiyini, əməlindən peşman olduğunu,zərərçəkənlə barışdıqlarını qeyd edərək barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. İbtidai istintaqda zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdi ki, Təqsirləndirilən şəxs təxmini 3-4 aya yaxın tanıyır. Belə ki, Təqsirləndirilən şəxs işlədiyi ticarət mərkəzində başqa bir mağazada usta kimi işləyir. Lakin onların arasında münasibətlər yaxşı olmamışdır.Belə ki, onunla birlikdə işləyən dostu Mirbaba ilə bir neçə dəfə sonuncunun işlədiyi mağazaya gedən zaman onları kobud formada qarşılamışdır. Ola bilər ki, birarada orada səs-küy salmışlar, lakin bu sonuncunun onları oradan çıxarmasına haqq qazandırmır. Buna görə də Mirbaba ilə birlikdə yenidən acıq vermək üçün həmin mağazaya getmiş, bu dəfə də Təqsirləndirilən şəxs onları mağazadan çıxarmış və onlar pilləkənlə aşağı düşmüşlər. Sonuncunun bu hərəkəti onun xoşuna gəlməmiş, belə ki, Emin əsas Mirbaba ilə söhbət etmiş və onu saymamış, buna görə də Eminin sifətinə əl-qol atmışdır. Bu zaman Emin qarşılıq olaraq onun yaxasından yapışmış və koftasını cırmışdır. O, isə yenidən əl-qol atmağa davam etmiş, bundan sonra isə Təqsirləndirilən şəxs iki dəfə sillə ilə onun sifət nahiyyəsindən vurmuş, nəticədə o, yerə yıxılmışdır. Mirbaba isə onları aralaşdırmış, bundan sonra isə oradan getmiş və Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə müraciət etmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ondan heç bir iddia və tələbi olmadığını nəzərə alıb işin icraatına xitam verilməsini xahiş etdi. İş materiallialında olan MTE və PA Birliyinin Abşeron Rayon Şöbəsinin xx.xx.2024-cü il tarixli, 2271 nömrəli rəyindən görünür ki, 1987-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər – burun tənəffüsünün pozulması ilə nəticələnən burun sümüyünün yerinidəyişən sınığı ilə müşayiət olunan burun nahiyyəsinin qançır-şişkinliyi, hər iki qulaq seyvanı və boyun nahiyyəsinin sıyrıqları küt əşyanın təsirindən törənmişdir, xəsarətlər xx.xx.2024-cü il tarixdə insan bədəni hissələrinin təsirindən əmələ gəlməsi mümkündür və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. İş materiallında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Əzimov X1 Hərbi Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə AR CM-nin 332.1 və 62-ci maddələri ilə təqsirli bilinib 500 manat cərimə cəzasına məhkum edilmişdir. xx.xx.2014-cü il tarixdə cərimə tam ödənilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardığı gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən məhkumluğu ödənilmiş şəxs hesab edilmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması özünün etirafı ilə yanaşı, onu tamamlayan və bir-birinə uyğun gələn zərərçəkmiş şəxsin ifadəsi, məhkəmə-tibbi ekspertizasının rəyi və işdə olan digər materiallarla tam sübuta yetirilmişdir. Bununla yanaşı məhkəmə baxışı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında barışıq əldə olunmuş, sonuncunun təqsirləndirilən şəxsə qarşı hər hansı şikayəti və tələbi qalmamış və hər ikisi məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Belə ki, CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. CM-in 72-ci maddəsinin Qeyd hissəsinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74-1ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). CPM-in 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Beləliklə, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1ci maddəsi ilə təqsirləndirilməsinə dair hazırki cinayət işi üzrə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlinin hüquqa zidd və yolverilməz olması, gələcəkdə isə analoji əməllərə görə zərərçəkmiş şəxslə barışması ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəllənin 73.2-ci maddəsində nəzərdə tutulmuş qaydada təkrarən cinayət məsuliyyətindən azad edilməsinin qeyri mümkünlüyü izah edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Müdafiəçi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabatlara əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə ümumilikdə 20 (iyirmi) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Bununla yanaşı, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3, 321, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs hazırki cinayət əməlinin hüquqa zidd və yolverilməz olması, gələcəkdə isə analoji əməllərə görə zərərçəkmiş şəxslə barışması ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsində nəzərdə tutulmuş qaydada təkrarən cinayət məsuliyyətindən azad edilməsinin qeyri mümkünlüyü izah edilsin. Təqsirləndirilən şəxs məhkəmə zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №1(012)-658/2025
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-658/2025
01.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver