Məhkəmə qərarları › İş №1(012)-66/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-66/2024

07.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-66/2024 07.03.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi Müseyib oğlunun iştirakları ilə xx.xx.1989-cu ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, evli, orta təhsilli, məhkum olunmuş, ünvan 1 ünvanda yaşamış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə həbetmənin əvvəlli xx.xx.2023-cü il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq audio və video yazı aparılmaqla məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 25 yanvar 2023-cü il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq bir ədəd №-si silinmiş, texniki cəhətdən saz və atəş üçün yararlı, 7,62 mm kalibirli olmaqla zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş odlu yivli silah Kalaşnikov konstruksiyalı AKM modelli avtomatı, Kalaşnikov konstruksiyalı silahların, atəşə yararlı döyüş sursatı olan 04 ədəd patronunu, zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 7,62x39 mm kalibirli patronlar üçün nəzərdə tutulmuş, Kalaşnikov konstruksiyalı AKM modelli avtomatın komplekt hissəsi darağını qununsuz olaraq əldə edib üzərində daşıyaraq Abşeron rayonu, Mehdiabad- Novxanı yolunda, «Lukoil» YDM-in yaxınlığında boşluq torpaqlıq ərazidə ağ rəngli poletilen kisədə gizlədərək saxlamış və gəzdirmiş, 05 fevral 2023-cü il tarixdə saat 21 radələrində Abşeron rayonu Mehdiabad-Novxanı yolunda gizlətdiyi silahı və onun komponentlərini götürüb piyada gedərkən Abşeron RPİ-nin X4 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı saxlanılıb Abşeron RPİ-nin X4 inzibati binasına gətirilmiş, həmin gün saat 22:30 radələrindən 23:10 radələrinədək olan müddət ərzində üzərində keçirilən şəxsi axtarış zamanı əlində saxladığı ağ rəngli poletilen kisədə bir ədəd №-si silinmiş, cəhətdən saz və atəş üçün yararlı, 7,62 mm kalibirli olmaqla zavod üsulu ilə keçmiş SSR dövlətdə istehsal olunmuş odlu yivli silah Kalaşnikov konstruksiyalı AKM modelli avtomat, Kalaşnikov konstruksiyalı silahların, atəşə yararlı döyüş sursatı olan 04 ədəd patronu, zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 7,62x39 mm kalibirli patronlar üçün nəzərdə tutulmuş, Kalaşnikov konstruksiyalı AKM modelli avtomatın darağı aşkar edilib götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs 05 fevral 2023-cü il tarixdə saat 16 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazsində istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq 15 manat müqabilində 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına” (Siyahı İ) daxil olan şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd bükümdə 1,149 qram çəkidə narkotik vasitə olan heroin əldə edib üzərində saxlayaraq Abşeron rayonu Mehdiabad qəsəbəsi ərazisinə daşımış, 05 fevral 2023-cü il tarixdə saat 21 radələrində Abşeron rayonu Mehdiabad-Novxanı yolunda piyada gedərkən Abşeron RPİ-nin X4 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı saxlanılıb Abşeron RPİ-nin X4 inzibati binasına gətirilmiş, həmin gün saat 22:30 radələrindən 23:10 radələrinədək olan müddət ərzində üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən gümüşü rəngli falqa bükümdə içərsində kustar üsulla hazırlanmış 1,149 qram narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, təxminən 3-4 ilə yaxındır ki, bədənimdə ağrılar olduğu üçün narkotik maddə olan heroin qəbul edir. Narkotik maddə qəbul etməyi barədə ailə üzvləri, eləcə də tanıdıqlarının heç bir məlumatı olmamışdır. Belə ki, 05 fevral 2023-cü il tarixdə saat təxminən 21:00 radələrində Abşeron rayonu Mehtdabad Novxanı yolu ilə piyada hərəkət edən zaman bir neçə bir neçə nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək onun qanunsuz olaraq oğlu silah və öz şəxsi istifadəsi üçün narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirmiş, ona xidməti vəsiqələrini göstərərək, barəsində əməliyyat – axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib onu Abşeron RPİ-nin X6 dəvət etmişlər. Burada dəvət olunmuş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış aparılması başlanılmışdır. Şəxsi axtarış zamanı o, əynində olan qara rəngli gödəksənin sağ yan cibindən 1 ədəd gümüşü rəngli falqaya bükülmüş vəziyətə içərsində heroini aşkar edildiilib götürülmüş, qablaşdırılaraq zərfə qoyulub möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, o və iştirakçılar tərəfindən protokol imzalarla təsdiq olunmuşdur. Polis əməkdaşları tərəfindən verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş heroini xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Sumqayıt şəhəri Coraq qəsəbəsində anket məlumatlarını bilmədiyi tanımadığı şəxsdən 15 manata aldığını bildirmişdir. Göstərmişdir ki, üzərindən aşkar edilmiş narkotik vasitəni özünün şəxsi istifadəsiü üçün əldə etmiş, həmin narkotik vasitə heroini satmaq fikri olmamışdır. CM-in 228.1-ci maddəsi ilə özünü təqsirli bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron rayon Pİ-nin X4 əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Abşeron rayon Pİ-nin X5 əməliyyat müvəkkili vəzifəsində xidmət göstərir, rütbəsi polis kapitanıdır. xx.xx.1989-cu ildə Sumqayıt şəhərində anadan olmuş, əvvəllər məhkum olunmuş, ünvan 3 ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində saxlaması, gəzdirməsi barədə X6 əməliyyat məlumatı daxil olmuşdur. Həmin şəxs odlu silahın, narkotik vasitələrin qanunsuz olaraq saxlamasında, gəzdirilməsində şübhəli olduğu üçün xx.xx.2023-cü il tarixdə onun müəyyən olunub ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə tərəfindən qərar çıxarılmış və Mehdiabad PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3, X3 və baş əməliyyat müvəkkili, poils mayoru Şahid2 iştirakları ilə əməliyyat qrupu yaradılmışdır. 05 fevral 2023-cü il tarixdə Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində keçirilmiş əməliyyat tədbirləri zamanı, Mehdiabad Novxanı yolunda zahiri əlaməti onlara məlum olan Təqsirləndirilən şəxs müəyyən edilərək saxlanılmışdır. Həmin şəxs özünü şübhəli apardığından üzərində şəxsi axtarış keçirilməsi üçün Abşeron rayon Polis İdarəsinin Mehdiabad PB-nə dəvət edilmiş, Polis Bölməsində xidməti otaqların birində həmin şəxsin üzərində şəxsi axtarış keçirməzdən əvvəl texniki vasitə kimi videoçəkilişdən istifadə edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üstündə narkotik vasitə və yaxud saxlanılması qadağan olunmuş hər hansı vasitə olub-olmadığını soruşulmuş və əgər vardırsa, təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs həmin vaxtı əlində saxladığı ağ rəngli kisəni təqdim edərək onun içərisində odlu silah Kalaşnikov markalı avtomat olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi kisəyə baxış keçirilmiş və kisəyə baxdıqda onun içərisində odlu silah avtomat olduğunu müəyyən edilmişdir. Həmin avtomata baxış zamanı onun üzərində istehsal ili və nömrəsi aşkar edilməmiş, avtomatın qundağının alt hissəsi tünd qəhvəyi rəngli taxta materialdan olmuş, taxtanın alt hissəsi sınıq vəziyyətdə olmuşdur. Həmin avtomatın üzərində bir ədəd daraq və onun içərisində isə 4 ədəd patron olmuşdur. Sorğu sual zamanı Təqsirləndirilən şəxs həmin avtomatı tutulmazdan 10 gün əvvəl Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində yerləşən qəbirstanlıqdan tapdığını, həmin avtomağı Mehdiabad Novxanı yolunun kənarında yaşayış olmayan yerdə gizlətdiyini və sonradan həmin avtomağı satıb özünə narkotik vasitə almaq istədiyini bildirmişdir. Bundan sonra aşkar edilmiş avtomat, onun darağı və 4 ədəd patronu qablaşdırılaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs üzərində üstündə narkotik vasitə və yaxud saxlanılması qadağan olunmuş başqa hər hansı vasitə olub-olmadığını soruşuldu və əgər vardırsa, təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs həmin vaxtı əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd gümüşü rəngli büküm çıxarıb təqdim etmişdir. Həmin büküm açıldıqda onun içərisində heroinə bənzər kütlə aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı onun başqa qanunla saxlanılması qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Sonra aşkar edilmiş heroinə bənzər kütlə zərfə qoyularaq möhürlənmiş və bu barədə protokol tərtib edilmişdir. Tərtib edilmiş protokol hər bir iştirakçı tərəfindən imzalarla təsdiq edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdəki kütlənin narkotik vasitə herin olduğunu və həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə özünün şəxsi istifadəsi üçün Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində tanımadığı şəxsdən 15 manata əldə etdiyini bildirmişdir. Bundan sonra aşkar edilmiş həmin narkotik vasitə heroinə bənzər kütlə də qablaşdırılmış və DİN-nin 236 nömrəli möhürü ilə möhürlənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron rayon Mehdiabad PB-nin əməliyyat müvəkkilləri Şahid3 və X7, məhkəmədə ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadələr vermişlər. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eksprtizası Mərkəzinin 06 fevral 2023-cü il tarixli 6/722 № li rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №236» dairəvi möhür əksi «Təqsirləndirilən şəxs üzərindən…» və s sözlər, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 1,149 qram maddə qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (qalıq 1,099 qram - 0,05 qram narkotik vasitə heroin tədqiqata sərf edilmişdir). Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Azərbaycan Respublikası DİN-nin KTİ-dən alınmış 06 fevral 2023-cü il tarixli 23/97 № li rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş 01 ədəd №-si silinmiş silah, 7,62 mm kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətdə istehsal olunmuş Kalaşnikov konstruksiyası AKM modelli avtomatdır, odlu yivli silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə və mexanizimlərinin üzərində sonradan silahın təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 04 ədəd patron zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1973-cü ildə istehsal olunmuş 7,62x39 mm kalibirli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronlarıdır, döyüş sursatıdırlar və atəş üçün yararlıdırlar. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konktruksiyalı avtomatların komplekt hissəsidir – darağıdır, texniki cəhətdən sazdır və təyinatı üzrə istifadə üçün yararlıdır. DİN-nin KTİ-yə təqdim edilmiş 01 ədəd 7,62 mm kalibrli №-si silinmiş Kalaşnikov konstruksiyalı AKM modelli avtomatdan ekspetimental qaydada atılmış güllə giliz nümunələri idarənin «güllə-giliz» kartotekasında «ARSENAL» avtomatlaşdırılmış ballistik sistemi ilə yoxlanıldı. Müqayisəli tədqiqat zamanı eynilimk aşkar edilməmişdir (təqdim edilmiş 04 ədəd 7,62x39 mm kalibirli patronlardan 02 ədədi eksperimental atəşlər zamanı istifadə olundu). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika narkoloji dispanserini 13 mart 2023-cü il tarixli 1467 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan ASLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi mülicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyatda alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Əmirov X2 Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə AR CM-nin 206.2, 234.4.3, 66.3 və 93.1.2-ci maddələri ilə təqsirli bilinib 06 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci ildə Şirvan Apelyasiya Məhkəməsinin qərarı ilə barəsində çıxarılmış hökm dəyişdirilərək əməli 234.4.3-cü maddəsindən CM-nin 234.1-ci miaddəsinə tövsif edilmiş, həmin Məcəllənin 234.1, 206.2 və 66.2-ci maddələri ilə qəti olaraq 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. xx.xx.2022-ci ildə Sumqayıt şəhər Məhkəməsinin qərarı ilə 01 il 07 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Şübhəli şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbetmənin əvvəlli xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə video çəkliş ilə keçirilmiş baxış qeydə alınan bir ədəd DVD disk cinayət işinə əlavə edilmiş, qalıq çəkisi 1,099 qram narkotik vasitə heroin və 01 ədəd №-si silinmiş, 7,62 mm kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətdə istehsal olunmuş Kalaşnikov konstruksiyası AKM modelli avtomat, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konktruksiyalı avtomatların komplekt hissəsi olan darağ və 02 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1973-cü ildə istehsal olunmuş 7,62x39 mm kalibirli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronları Abşeron RPİ-nin maddi sübutların saxlanması otağında saxlanılmışdır. Məhkəmə baxış iclasında 02 ədəd DVD diskə baxış keçirlmiş, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs 05 fevral 2023-cü il tarixdə saat 21 radələrində üzərində şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən gümüşü rəngli falqa bükümdə içərsində kustar üsulla hazırlanmış narkotik vasitə heroin, əlində saxladığı ağ rəngli poletilen kisənin içərsində Kalaşnikov konstruksiyalı avtomatı, 04 ədəd patron və Kalaşnikov konstruksiyalı avtomatın darağının götürüləsi müəyyən edilmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 229.1, 230, 231 və 232.1-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 21 iyun 2010-cu il tarixli qərarında göstərilmişdir ki, «odlu silah» anlayışı Azərbaycan Respublikasının 2004-cü il 10 sentyabr tarixli, 750-İİQ nömrəli Qanunla qoşulduğu Birləşmiş Millətlər Təşkilatının Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyasını tamamlayan «Odlu silahların, onların hissələrinin və komponentlərinin, habelə döyüş sursatının qanunsuz hazırlanmasına və dövriyyəsinə qarşı» Protokolunda göstərilmişdir. Həmin Protokolun 3-cü maddəsinin “a” bəndinə əsasən «odlu silah» dedikdə, əntiq odlu silahlar və ya onların modelləri istisna olmaqla, atəş açan, atəş açmaq üçün nəzərdə tutulan və ya asanlıqla atəş açmaq üçün vasitəyə çevrilə bilən hər hansı daşına bilən lüləli odlu silah, güllə və ya partlayıcı reaktiv mərmi başa düşülür. Əntiq odlu silahlar və onların modelləri daxili qanunvericiliyə müvafiq olaraq müəyyən edilir. Lakin 1899-cu ildən sonra istehsal olunan odlu silahlar heç bir halda əntiq silahlara aid edilmir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanunu və digər müvafiq qanunvericilik aktları ilə müəyyən olunmuş qaydaların pozulması isə məsuliyyətin yaranmasına səbəb olur. Belə ki, qeyd olunan Qanun xidməti və mülki silahın yalnız dövriyyəsi ilə bağlı hüquqi münasibətləri tənzimləyir, odlu silahla qanunsuz hərəkərlərə görə məsuliyyət isə digər qanunlar, o cümlədən cinayət məsuliyyəti cinayət qanunu ilə müəyyən edilir. Belə məsuliyyətin növlərindən biri kimi CM-nin 228-ci maddəsi çıxış edir.». “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 1, 3, 5 və 6-ci bəndlərinə əsasən silah — canlı qüvvənin və digər obyektlərin, o cümlədən texnikanın və tikililərin məhv edilməsi üçün nəzərdə tutulmuş, yaxud işarə vermə üçün nəzərdə tutulmuş, lakin canlı qüvvənin və digər obyektlərin məhv edilməsi üçün istifadə oluna bilən qurğu və vasitədir; mülki silah — özünümüdafiə, ov və idmanla məşğul olma üçün nəzərdə tutulmuş silahdır; döyüş sursatı- müvafiq silah növündən atəş açmaq üçün nəzərdə tutulmuş konstruktiv qurğu və ya əşyalardır. soyuq silah — konstruksiyasına, ölçülərinə və materialına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan, xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan silahdır. Həmin Qanunun 3-cü maddəsinin İİ hissəsinin 1, 2 və 5-ci bəndlərinə əsasən xidməti və mülki silahın dövriyyəsi ilə əlaqədar Azərbaycan Respublikasında bu Qanunla nəzərdə tutulmuş müvafiq xüsusi icazəsi olmayan şəxslər tərəfindən həmin silahın əldə edilməsi, gəzdirilməsi və ondan istifadə edilməsi; ictimai yerlərdə örtüksüz silahın gəzdirilməsi;xəncərlərin, beybutların, ov bıçaqlarının, əliçliklərinin, toppuzların, nunçakların, gürzlərin, beşbarmaqların və başqa zərbə-dağıdıcı təsirli əşyaların (idman alətləri istisna edilməklə) dövriyyəsi qadağandır. Həmin Qanunun 21-ci maddəsinin İİİ hissəsinə əsasən, mülki silah sahibi aşağıdakı vəzifələri yerinə yetirməlidir: 1) bu Qanunun tələblərinə əsasən əldə edilmiş silahı qeydiyyatdan keçirməli; 2) bu Qanunun tələblərinə əsasən Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi silahın təyinatı üzrə istifadə edilməsi və daşınması qaydalarına əməl etməli. Nəhayət, «bu Qanunun müddəalarını pozmaqla odlu silahın, döyüş sursatının və soyuq silahın istehsalını, gətirilməsini, aparılmasını, idxalını, ixracını, satışını, əldə edilməsini, başqasına verilməsini, kolleksiya edilməsini, sərgisinin keçirilməsini, saxlanılmasını, gəzdirilməsini, daşınmasını, göndərilməsini, istifadə edilməsini, götürülməsini və ya məhv edilməsini həyata keçirən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyəti daşıyırlar (Qanunun 24-cü maddəsi). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilməsini onun hüququ kimi qəbul edir və bununla bağlı dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Belə ki, təqsirləndirilən şəxsin cinayətin törədilməsində öz təqsirini inkar etməsi o halda bəraətverici sübut kimi qəbul edilə bilər ki, dindirmə zamanı o, özünün cinayətin törədilməsi ilə heç bir əlaqəsinin olmamasını təsdiq edən təkzibedilməz faktlar və hallar haqqında məlumat vermiş olsun. Təqsirləndirilən şəxsin öz təqsirini inkar etməsi, həm də o halda bəraətverici sübut kimi qəbul edilir ki, onun ifadəsi cinayət təqibi üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmiş olsun. Cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə toplanmış bütün sübutların məcmusu təqsirləndirilən şəxsin ifadəsini rədd etmək üçün kifayət qədər əsas vermədikdə, təqsirləndirilən şəxs təqsirli sayıla bilməz. Təqsirləndirilən şəxs törədilən cinayət əməlində özünü qismən təqsirli bilməsinə dair dəlilləri ilə əlaqədar məhkəmə qeyd edir ki, həmin dəlillər işin faktiki müəyyən olunmuş halları ilə təkzib olunur. Belə ki, ibtidai istintaq zamanı həmçinin məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən fərqli olaraq məhkəmə istintaqında ifadəsində üzərindən aşkar edilən narkotik vasitənin ona məxsus olmasını bildirsə də, Kalaşnikov konstruksiyalı avtomatı, 04 ədəd patron və Kalaşnikov konstruksiyalı avtomatın darağı ona məxsus olmadığını, ona görə da ona elan olunan Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə özünü təqsirli bilmədiyini bildirsə də Kalaşnikov konstruksiyalı avtomatı, 04 ədəd patron və Kalaşnikov konstruksiyalı avtomatın darağın təqsirləndirilən şəxs üstündən aşkar edildiyi zaman tərtib olunmuş protokolda və həmin Kalaşnikov konstruksiyalı avtomatı, 04 ədəd patron və Kalaşnikov konstruksiyalı avtomatın darağın qablaşdırılıb qoyulduğu zərfin üstündə imza etmiş, sadalanan istintaq hərəkətləri onun və müdafiəçisinin iştirakı ilə video çəkliş aparılmışdır. Eyni zamanda ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması istintaq hərəkətləri keçirilərkən Təqsirləndirilən şəxs istintaq orqanına verdiyi ifadəsini təsdiq etməklə əyani olaraq hadisə yerini özü göstərmişdir. Həmçinin Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə özünün verdiyi ilkin izahatında, şübhəli şəxs qismində tutulduğu zaman, təqsirləndirilən şəxs qismində ifadə verdiyi zaman narkotik vasitənin və Kalaşnikov konstruksiyalı avtomatı, 04 ədəd patron və Kalaşnikov konstruksiyalı avtomatın darağın ona məxsus olmasını təsdiq etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və şahidin ifadələrinə, ekspert rəyinə və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzasız qalacağına ümid edərək, hər vəchlə cinayət məsuliyyətindən yaxa qurtarmağa çalışmış, onun ifadəsi özünü müdafiə xarakteri daşıyır və belə ifadə verməklə o, məsuliyyətdən yayınmaq istəyir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidin ifadələrinin, ekspertiza rəyləri, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4 və 83.3.2-ci maddələrinin həmin Məcəllənin 8, 9, 61.1.1 və 65.2-ci maddələri baxımından şərh edilməsinə dair” 28 sentyabr 2022-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4 və 83.4-1-ci maddələrinin məzmununa görə, cinayətlərin və ya hökmlərin məcmusu üzrə azadlıqdan məhrum etmə ilə yanaşı digər cəzaya məhkum olunmuş şəxs məhkumluğun ödənilmədiyi və götürülmədiyi dövrdə yenidən qəsdən cinayət törətdikdə, onun əməli cinayətlərin residivini yaradır. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayət törətməsi, yəni cinayətlərin residivi Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə hesab edir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətdiyindən Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivi yaranır və Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti təqsirli bilindiyi maddələrinin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin yarısından az ola bilməz Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna yalnız böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda qəti cəzanın müddəti və ya həcmi törədilmiş cinayətlərdən daha ağırı üçün müəyyən edilmiş cəzanın yuxarı həddindən çox ola bilməz. Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Göründüyü kimi, cəzadan şərti məhkum edilmiş Təqsirləndirilən şəxs hazırki iş üzrə törətdiyi cinayət əməllini xx.xx.2023-cü il tarixdə, yəni şərti olaraq vaxtından əvvəll azad etmə müddətində törətmişdir. Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Azərbaycan Respublikası CM-nin 67.1-cimaddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan RespublikasıCM-nin 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 76.6.3 və 67.1-ci maddələrinin tələblərinə uyğun qəti cəza təyin edilməlidir. Məhkəmə təqslirləndirilən şəxsin ittiham olunduğu Azərbaycan Resplublikası Cinayət Məcələsinin 228.1 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan cəzanın növünü və həddini müəyyən edərkən, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halı, eləcə də cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməli, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı Azərbaycan Respublikası CM-nin 76.6.3cü maddəsinə əsasən ləğv edilməli və CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 01 il 07 gün müddətinə vaxtından əvvəl şərti azad etmə cəzası ilə qismən birləşdirilməli və təqsirləndirilən şəxsə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunmalı və narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış şəxsi axtarış və götürmə aparılmasının video görüntüsünün əks olunduğu bir ədəd disk saxlama müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalı, hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsdən aşkar edilərək götürülməklə Abşeron RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilən, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,099 qram narkotik vasitə heroin məhv edilməlidir, 01 ədəd №-si silinmiş, 7,62 mm kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətdə istehsal olunmuş Kalaşnikov konstruksiyası AKM modelli avtomat, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konktruksiyalı avtomatların komplekt hissəsi olan darağ və 02 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1973-cü ildə istehsal olunmuş 7,62x39 mm kalibirli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronları Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməlidir; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X8 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi Müseyib oğluna göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Nəticə: Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılaraq, Təqsirləndirilən şəxs 04 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən ləğv edilsin və CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 04 il müddətinə azadlıqdan məhrum etmə cəzası 01 il 07 gün müddətinə vaxtından əvvəl şərti azad etmə cəzası ilə qismən birləşdirilsin və onun üzərində qəti olaraq, 05 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunsun. Narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. İş üzrə 114 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut olan bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Abşeron rayon Pİ-də saxlanılan qalıq çəkisi 1,099 qram narkotik vasitə heroin məhv edilsin. 01 ədəd №-si silinmiş, 7,62 mm kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətdə istehsal olunmuş Kalaşnikov konstruksiyası AKM modelli avtomat, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konktruksiyalı avtomatların komplekt hissəsi olan darağ və 02 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1973-cü ildə istehsal olunmuş 7,62x39 mm kalibirli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronlar Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X8 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi Müseyib oğluna göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar