Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-661/2024 06.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı Müdafiəçi: Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1997-ci il tarixdə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs 17 sentyabr 2023-cü il tarixdə saat 12 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi,Qurtuluş 93 yaşayış kompleksi ev 40-da kirayə yaşadığı mənzildə həmin mənzili ona və rəfiqəsi Şahid1 tanışları X1 etməsi səbəbindən həmin mənzilə gələn sonuncunun arvadı Zərərçəkmiş şəxs ilə qısqanclıq zəminində yaranmış mübahisəsinin gedişatında Zərərçəkmiş şəxs qəsdən yumruq və şillə ilə döyərək ona – sağ dirsək oynağında hərəkət məhdudluğu ilə müşayiət olunan sağ dirsək oynağı nahiyəsinin arxa səthindən sağ saidin yuxarı 1/3-nə qədər olan sahənin dərialtı hematoması, sağ budun qançırı xəsarətləri yetirməklə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Cinayət işinin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərdi ki, o, Rufan adlı şəxsi əvvəllər tanımamış, sonralar rəfiqəsi Yazgülün sevgilisi olaraq tanımışdır. 01 sentyabr 2023-cü il tarixdə övladları və rəfiqəsi Yazgüllə birlikdə Bakı şəhərində işləmək üçün yaşadığı rayondan Masazır qəsəbəsinə gəlmişlər. X11 üçün “Qurutuluş 93” Yaşayış kompleksində kirayə tutuduğu mənzildə yerləşmişlər. O, 17 sentyabr 2023-cü il tarixdə təxminən səhər saatlarında uşaqlarla birlikdə evdə olan zaman əvvəllər tanımadığı, sonradan adı Şəbnəm kimi bildiyi bir nəfər qadın qapını döymüşdür. O, qapını açdıqda, həmin qadın ona mobil telefonunda Rufanın şəkilini göstərərək, həyat yoldaşı olduğunu və onu tanıyıb-tanımadığını soruşmuş, o isə şəkildəki oğlanı 1-2 dəfə gördüyünü demişdir. Bundan sonra Şəbnəm çıxıb getmiş, Yazgül evdə olmadığı üçün o, sonuncuya zəng edərək, baş verənlər barədə danışmış, ona Rufana zəng edərək, həyat yoldaşının oraya gəlməsini deməsini söyləmişdir. O, uşaqlarla birlikdə evdən çıxmış, təxminən 30-40 dəqiqə sonra geri qayıtdıqda Şəbnəm və yanında bir nəfər oğlanın blokun qarşısında dayandığını görmüşdür. Sonradan həmin oğlanın Rufanın qardaşı olduğunu bilmişdir. O, uşaqlarla birlikdə onların yanından keçərək, mənzilə qalxmış və təkrar Yazgülə zəng edərək, gördüklərini danışmış, sonuncu isə Rufanla danışmasını və indilərdə gələcəyini demişdir. O, mənzildə olan zaman qapının qıfılını bağlamadığından Şəbnəm evə daxil olmuş və Yazgülün uşağını itələmişdir. O, uşağı itələməsinə görə Şəbmənə irad bildirmiş, sonuncu uşaqları evdən çıxarmaq istəyən zaman onun oğlu yerə yıxılmış və o bundan əsəbləşərək, sonuncunun saçını yolmuşdur. Onların arasında həmin vaxt mübahisə başlamış, Şəbnəm də onun saçından tutmuş, Rufanın qardaşı onları sakitləşdirmək üçün cəhdlər etmişdir. Şəbnəm Rufanın paltarları olan sellofan paketi götürərək, ondan həmin paltarların nə səbəbə burada olduğunu soruşduqda, ona bu barədə yoldaşı Rufandan və Yazgüldən soruşmasını tələb edərək, uşaqlarla birlikdə mənzildən çıxmışdır. Baş verən hadisə barədə Yazgülə zəng edərək, danışmış, təxminən 20-25 dəqiqə sonra sonuncu oraya gəlmişdir. Həmin vaxt artıq polislər binanın qarşısında olmuşlar. Yazgül uşağını itələdiyinə görə Şəbnəmi vurmaq istəmiş, lakin polislər araya girərək, maneə olmuşlar. X9 heç bir xəsarət yetirməmişdir. Orada olan polislər avtomobilləri ilə onları Abşeron rayon Polis İdarəsinə aparmışlar. Bundan əlavə Təqsirləndirilən şəxs məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirdi ki, o, Zərərçəkmiş şəxs yalnız saçından yolmuş, ona ittihamda göstərilən xəsarətləri yəqin ki o, yetirməmişdir. Həmçinin Zərərçəkmiş şəxs də ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirmişdir. O, zərərçəkmiş şəxslə aralarında barışıq əldə etmək üçün cəhdlər etsə də buna nail ola bilməmişdir. Əməlindən peşmandır. Barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini və təqsirləndirilən şəxsdən şikayətçi olduğunu və aralarında barışığın əldə olunmadığını bildirmişdir. Belə ki, məhkəmə iclasında ifadəsi elan edilməkə tədqiq edilən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iş üzrə ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, X4 ilə təxminən 8 ildir qeyri rəsmi ər-arvad olaraq yaşayırlar, iki övladları var. Rufanın ona xəyanət etməsi səbəbindən münasibətləri pozulmuş, bu səbəbdən də Biləsuvar rayon məhkəməsinə aliment tələbi ilə iddia qaldırmışdır. Məhkəmənin qətnaməsi ilə iki uşağın saxlanılması üçün ümumilikdə 270 manat aliment tutulmuşdur. Münasibətlərimiz pozulmamışdan bir neçə gün qabaq Rufan gecələr evə gəlməmiş, hər dəfə zəng edəndə ya telefona cavab verməmiş, yada içkili olduğundan hansısa dostunun evində qaldığını demişdir. Həmin ərəfələrdə Rufanın dostu Ruslanın həyat yoldaşı Nazı söhbət əsnasında ona əri Ruslanın Rufanla birlikdə Masazır qəsəbəsi, Qurtuluş 93 də, 40 cı blokda 6-ci mərtəbədə ayı 400 manata kirayə mənzil tutub əxlaqsız qızları həmin mənzildə saxladıqlarını və orada eyş-işrət məclisləri qurduqlarını bildirmişdir. 17 sentyabr 2023-cü il tarixdə qayını Rüfət Mahmudovla birlikdə həmin mənzilə getmiş, qapını döydükdə adı sonradan ona məlum olan Aytac adlı qadın qapını açmış, o qapını açan kimi mənzilə daxil olub Rufanın alt paltarlarını yataq otağında yatağın üstündə görmüş Aytaca yoldaşının alt paltarları olduğunu deimş, sonra eyvana çıxanda Rufanın paltar çantasını görmüş, Rufanın şəkilini Aytaca göstərmiş, Aytac baxıb güldükdə onun pisinə gəlmiş, nəyə güldüyünü soruşduqda Aytac “əcəb edirəm, ərinə sahib çıx” cavabını vermişdir. Bundan sonra aralarında mübahisə başlamış, Aytac onun saçından tutub sürümüş, şillə və yumruqla vurub ona xəsarətlər yetirmişdir. Qaynı Rüfət onları ayırmağa çalışsa da onu Aytacın əlindən ala bilməmiş, səs-küyə və qışqırığına qonşular çıxıb onları ayırmışlar. Oradan çıxanda qayınının mobil nömrəsindən DİN-nin 102 xidmətinə döyülməsi ilə bağlı məlumat verdim və aşağı düşəndə adı sonradan ona məlum olan Yazgüllə blokun çıxışında rastlaşmış, Yazgül də onun üzərinə hücum çəkib, onu təhqir etmiş, o, huşunu itirib yerə yıxılmışdır. Bundan sonra ayılanda ətrafında qonşuların onun üzümə su tökməsini, dərman vermələrini görmüşdür. Bundan sonra polis əməkdaşları gəlib onları Abşeron rayon polis idarəsinə aparmışlar. Məhkəmə iclasında Abşeron RPİ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid2 şahid qismində dindirilərək, ifadəsində göstərdi ki, 17 sentyabr 2023-cü il tarixdə polis nəfəri Şahid3lə birlikdə 1 saylı piyada marşrutu üzrə “Qurtuluş 93” yaşayış kompleksində xidmət apararkən təxminən saat 14:30 radələrində 40-cı binanın qarşısında 3 nəfər qadının mübahisə etdiklərini görüb onlara yaxınlaşıb sakitləşdirib nizam-intizama dəvət etmişlər, lakin onlar mübahisələrinə davam etdiklərindən hadisə yerinə çağırılmış avtopatrul maşını ilə həmin şəxsləri Abşeron RPİ-yə gətirmişlər. Onlar arasında olan söhbətlərdən mübahisə qısqanclıq zəminində baş verməsi müəyyən olunmuşdur. İdarədə məlum olmuşdur ki, həmin şəxslər xx.xx.1990-cı il təvəüllüdlü Zərərçəkmiş şəxs, xx.xx.1997-ci il təvəllüdlü Şahid1 və xx.xx.1997-ci il təvəllüdlü Təqsirləndirilən şəxsdır. Bundan sonra idarə rəhbərliyinə raporta məruzə edib xidmətə qayıtmışlar. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən ifadəsi elan edilməkə tədqiq edilən iş üzrə şahid Abşeron RPİ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid3 digər Şahid2 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən iş üzrə Şahid1 məhkəməyə teleqram ünvanlayaraq, istintaqda verdiyi ifadəni təsdiq etdiyini və məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Belə ki, məhkəmə iclasında ifadəsi elan edilməkə tədqiq edilən Şahid1 iş üzrə ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, 2023-cü ilin avqust ayında Şəmkir rayonunda olarkən Masazır qəsəbəsində kirayə yaşamaq üçün ev axtarmış. Həmin vaxt elanda nömrəsi yazılmış makler Rufan adlı şəxslə danışmış və 75 manat beh göndərib kirayə ev tutmuşdur. 01 sentyabr 2023-cü il tarixdə rəfiqəsi Aytacla övladları ilə birlikdə Şəmkir rayonundan Masazır qəsəbəsinə gəlmişlər. Rufanla kirayə pulunu hissə-hissə verməyə razılaşmışlar və “Qurutuluş 93” yaşayış kompleksində yerləşən mənzilə yerləşmişlər. Rufan pulu hissəhissə verməyə ona görə razılaşmışdır ki, həftədə 1-2 dəfə gəlib həmin mənzildə duş qəbul etsin və əşyalarını mənzildə saxlasın. O, da bununla razılaşmışdır. 17 sentyabr 2023-cü il tarixdə saat 11 radələrində işdə olarkən Aytac ona zəng edib Rufanın həyat yoldaşının mənzilə gəlib səs-küy saldığını bildirmiş, o, bu barədə Rufana zəng vurub məlumat vermişdir. Rufan özü ora gedəcəyini bildirmişdir. Bundan təxminən 1 saat sonra yenidən Aytac zəng edib Rufanın gəlmədiyini demiş, o, işdən çıxıb Masazıra getmiş, çatanda Aytacla uşaqlar binanın qarşısında görmüş, Aytac ona olanlar barədə məlumat verib Rufanın arvadı Şəbnəmin evin içərəsinə soxulduğunu, mübahisə etdiklərini uşaqları itələyib yıxdığını bildirmişdir. O, Şəbnəmin üstünə gedib onu vurmaq istəmiş, ancaq polislər araya girib buna imkan verməmişdir. Sonra polislər maşını ilə onları Abşeron rayon Polis İdarəsinə aparmışlar. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:
1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Publik Hüquqi şəxsin canlı şəxsin ekspertizasının 08 oktyabr 2023-cü il tarixli 2047 nömrəli rəyindən görünür ki, 1990-cı il təvəllüdlü vətəndaş Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sağ dirsək oynağında hərəkət məhdudluğu ilə müşayiət olunan sağ dirsək oynağı nahiyəsinin arxa səthindən sağ saidin yuxarı 1/3-nə qədər olan sahənin dərialtı hematoması, sağ budun qançırı küt əşyanın (əşyaların) təsirindən törənmişlər, xx.xx.2023-cü il tarixdə kənar şəxsin bədən hissəsinin ( əl, ayaq və sair) təsirindən yarana bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər.
2. Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 02 dekabr 2023-cü il tarixli qərardan görünür ki, toplanmış material əsasında fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq, icraata qəbul edilmiş və istintaqı aparılmış, eyni tarixli qərarla Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır.
3. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 01 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir.
4. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 27 fevral 2024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur.
5. “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi” haqqında” 06 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir.
6. “Sübutların qiymətləndirilməsi” haqqında 18 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək” iltizam qətimkan tədbiiri qüvvəsində saxlanılmış, iş üzrə zərərçəkmiş şəxsin ifadəsi, təqsirləndirilən şəxsin ifadəsi, şahid ifadələri, üzləşdirmə protokolları, məhkəmə-tibbi ekspdertizasının rəyi işin faktiki hallarına uyğun olduğu üçün sübut növü kimi qiymətləndirilmişdir.
7. “Azemis” Elektron İnformasiya sistemi vasitəsilə barəsində inzibati icraat aparılan şəxsin “qohumluq məlumatlarına” dair göndərilmiş sorğudan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2017-ci il təvəllüdlü X6, xx.xx.2018-ci il təvəllüdlü X7 və xx.xx.2024-ci il təvəllüdlü X5 adlı uşaqları vardır.
Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər:
Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən yüngül zərər vurma cinayət əməlini törətməsi onun etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nın 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Bu Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Eyni zamanda Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də, himayəsində 03 azyaşlı uşağının olmasını, əməlində ağırlaşdıran halların müəyyən edilməməsini, habelə zərərçəkmiş şəxslə barışığa gəlməməsini, nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini qanuni olmaqla əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Şəmkir şəhəri hüdudlarından kənara çıxmamaq, saat 23:00-dan növbəti gün, saat 08:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, həmçinin barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törəmiş şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (bir yüz səksən) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. İş üzrə məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341- 349, 351-353, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
H Ö K M E T D İ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə Şəmkir rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən Şəmkir rayonu hüdudlarından kənara çıxmamaq, saat 23:00-dan növbəti gün, saat 08:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Şəmkir rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Abşeron rayon Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə məhkəmə xərcinin, mülki iddianın və xüsusi müsadirə edilməli əmlakın və mülki iddia olmaması nəzərə alınsın. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən: Abusət Qasımov