Məhkəmə qərarları › İş №1(012)-661/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-661/2025

08.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-661/2025 08.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1976-cı il tarixdə Abşeron rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən fərdi evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu Xırdalan şəhəri Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 26 dekabr 2024-cü il tarixdə saat 18 radələrində Sumqayıt şəhəri ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan xeyli miqdarda bir ədəd şəffaf rəngli selofan bükümdə 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na (Siyahı İ) daxil olan çəkisi 0,819 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsülla hazırlanmış psixotrop maddə metamfetamini 10 manat müqabilində əldə edib Abşeron rayonu, Saray qəsəbəsinə daşımaqla üzərində saxlamış, 27 dekabr 2024-cü il tarixdə saat 16 radələrində Abşeron rayon polis idarəsinin Saray polis bölməsinin əməkdaşları tərəfindən Abşeron rayonu, Saray qəsəbəsi, Duz gölünün yaxınlığında saxlanılaraq, Abşeron rayon polis idarəsinin Saray polis bölməsinə gətirilib, bölmənin inzibatı binasında həmin tarixdə saat 16:50-dən 16:55 kimi üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli vilvet şalvarın sağ yan cibindən həmin bir ədəd şəffaf rəngli selofan bükümdə çəkisi 0,819 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsülla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək,istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirdi ki, habelə bildirdi ki, onu Sarayda yox, Sumqayıtda saxlayıb, Saray polis bölməsinə gətiriblər. Barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İbtidai istintaqda təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən fərdi evdə yaşayır. Təxminən 5 il olar ki, narkotik vasitələri və psixotrop maddələri heç kimin xəbəri olmadan və ailə üzvlərindən gizli narkotik vasitələrin və psixotrop maddələrin müxtəlif növlərindən ayrı-ayrı üsullarla könüllü istifadə etmişdir. Buna onu heç kim təhrik etməsə də, narkotik vasitələri və psixotrop maddələri tanımadığı, şəxsiyyətləri haqqında məlumatı olmadığı şəxslərdən almışdır. Qeyd etmişdir ki, 26 dekabr 2024-cü il tarixdə saat 18 radələrində Sumqayıt şəhərində olan zaman tanımadığı və şəxsiyyəti haqqında məlumatı olmadığı şəxsdən 10 manat pul verməklə ondan 1 ədəd şəffaf rəngli bükümdə psixotrop maddə metamfetamin almış, həmin psixotrop maddə metamfetamini istifadəsi üçün əynindəki boz rəngli vilvet şalvarının sağ yan cibinə qoyaraq qoyaraq üzərində saxlamışdır. 27 dekabr 2024-cü il tarixdə saat 16 radələrində Abşeron rayonu, Saray qəsəbəsi, Duz gölünün yaxınlığında olan zaman iki nəfər şəxs ona yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim edəndən sonra, şəxsiyyəti haqqında maraqlanmışlar və onunla şifahi sorğu-sual apararaq onlarla birlikdə Abşeron rayon Polis İdarəsinin Saray Polis Bölməsinə getməsini bildirəndə, o, çıxış yolu olmadığını dərk etdiyindən, polis əməkdaşları ilə birlikdə qeyd olunan bölməyə, onunla olan polis əməkdaşlarının təklifi əsasında və onların müşayiəti ilə həmin bölməyə inzibati binasında yerləşən otaqların birinə getmişdir. Polis Bölməsinə gələrkən üzərimdə olan psixotrop maddə metamfetamini kənara atmaga imkan tapmamışdır. Abşeron rayon polis idarəsinin Saray polis bölməsində polis əməkdaşlarının və ora dəvət olunmuş vəkilinin iştirakı ilə üstünə şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış və götürmə zamanı əynində olan boz rəngli vilvet şalvarının sağ yan cibimdə saxladığı bir ədəd şəffav rəngli selofan bükümün içərisində olan psixotrop maddə metamfetamini könüllü olaraq çıxardıb polis əməkdaşlarına təqdim etmişdir. Həmin psixotrop maddə metamfetamin təhqiqatçı tərəfindən qablaşdırılmış və ona ekspertizaya göndəriləcəyi izah edilmişdir. Daha sonra bu barədə təhqiqatçı tərəfindən protokol tərtib olunmuşdur. O, özü də protokolla tanış olub düzgün yazıldığını bildikdən sonra hər bir vərəqinin axırlarına imza etmişdir. Həmçinin digər iştirakçılar da protokola imza etmişlər. Sonra polis idarəsində təhqiqatçı tərəfindən izahatı alınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Abşeron rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis leytenantı rütbəsi daşıyır.Bildirmişdir ki, 27 dekabr 2024-cü il tarixdə saat 16 radələrində iş yoldaşı Abşeron rayon Polis İdarəsinin Saray Polis Bölməsinin Cinayət Axtarışı üzrə əməliyyat müvəkkili polis leytenantı Şahid2 ilə birlikdə Abşeron rayonu, Saray qəsəbəsi, Duz gölü yaxınlığında xidmət aparan bir nəfər şəxsin özünü şübhəli aparmasını görmüşlər. Həmin şəxsin Abşeron rayonu, Saray qəsəbəsində baş vermiş ev oğurluq cinayətlərində şübhəli olmasını güman edib ona yaxınlaşmışlar. Həmin şəxsə xidməti vəsiqələrini göstərib özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib şəxsiyyətini təsdiq edən sənəd soruşmuşlar. Həmin şəxs üzərində hər hansı bir sənədinin olmadığını bildirmişdir. Həmin şəxs özünü şübhəli apardığından və zahiri əlamətlərtindən narkotik maddə qəbul edən şəxsə oxşadığı üçün ondan sənədlərinin üzərində olmamasının səbəbini soruşduqda həmin şəxs onlara adekvat cavab verərək verdikləri suallara cavab verməkdən yayınmaq istədiyindən həmin şəxsi saxlayaraq Abşeron rayon Polis İdarəsinin Saray Polis Bölməsinə dəvət etmişlər. Həmin şəxs onlarla razılaşaraq birlikdə Polis Bölməsinə gəlmişdir. Qeyd etmişdir ki, həmin şəxs özünü çox şübhəli apardığından onun üzərində qanunla qadağan olunmuş nəsə olduğunu düşünüb başdan sonacan onu tam nəzarətdə saxlamışlar ki, üstündə qanunla qadağan əşya, predmet və sair nəsə olsa atmasın. Polis Bölməsinə çatdıqda o, raportla bölmə rəisinə müraciət etmişdir. Bölmədə şəxsiyyəti müəyyən edilərkən məlum olmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Bölmə rəhbərliyinin göstərişinə əsasən həmin şəxsin üzərində şəxsi axtarış aparılması və sənədləşmə üçün təhqiqatçı ayrılmışdır. Bundan sonra Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis kapitanı X6 tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, sonra onun, Abşeron RPİ-nin Saray PB-nin Cinayət Axtarışı üzrə əməliyyat müvəkkili polis leytenantı Şahid2 və prossesə dəvət edilmiş vəkil X3 iştirakı ilə video çəkiliş vasitəsi ilə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmağa başlanmışdır. Şəxsi axtarışa başlamazdan öncə həmin saxlanılan şəxs Təqsirləndirilən şəxs vəkilinin yanında təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah olundu və sonra isə təklif olunmuşdur ki, üzərində qanunla qadağan edilmiş əşyalar, o cümlədən narkotik vasitə varsa könüllü olaraq təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli vilvet şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli selofan bükümü çıxararaq təqdim etmişdir. Həmin bir ədəd şəffaf rəngli sollofan bükümün içərisinə baxdıqda bükümün içərisində ağ rəngli kristallik hissəciklərdən ibarət maddənin olduğu müşühidə olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, “əynində olan boz rəngli vilvet şalvarın sağ yan cibindən çıxararaq təqdim etdiyi bir ədəd şəffaf rəngli sellofan bükümün içərisində olan psixotrop maddə metamfetamindir”. Bildirmişdir ki, “təxminən 5 il olar ki, narkotik vasitə və psixotrop maddə qəbul edir, təqdim etdiyi psixotrop maddə mətamfetamini 26 dekabr 2024-cü il tarixdə Sumqayıt şəhəri ərazisində olan zaman tanımadığı şəxsdən 10 manat müqabilində alıb şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Onun narkotik vasitə və psixotrop maddə qəbul etməsindən, saxlamasından ailə üzvlərinin xəbəri olmamışdır”. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd şəffaf rəngli sellofan bükümdəki kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, bir ədəd kağız zərfdə qablaşdırılıb götürülmüşdür. Bununla bağlı təhqiqatçı tərəfindən protokol tərtib olunmuş və onlar da həmin protokola imaza etmişlər. Bundan sonra şəxsi axtarışın çəklişi təhqiqatçı tərəfindən dayandırılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Abşeron rayon Polis İdarəsinin Saray Polis Bölməsinin Cinayət Axtarışı üzrə əməliyyat müvəkkili polis leytenantı Şahid2 istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Onun ifadəsi Şahid1 ilə eyni məzmunludur. Cinayət işi üzrə 27 dekabr 2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən əynində olan boz rəngli vilvet şalvarın sağ yan cibindən 01 ədəd şəffav rəngli sellofana bükülmüş bükümdə ağ rənhli kristal hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Cinayət işinin istintaq materiallarına əlavə olunmuş 01 fevral 2025-ci il tarixli, elektron məlumatların əks olunduğu 1 ədəd DVD diskə və baxış keçirilməsi haqqında protokoldan görünür ki, Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis kapitanı X9 xidməti otağında şübhəli şəxs Təqsirləndirilən şəxs müdafiəçisi X5, Abşeron RPİ-nin Saray PB-nin CA üzrə əməliyyat müvəkkilləri polis leytenantları Şahid1 və Şahid2 iştirakları ilə özünü təqdim etməsini təklif edilir və həmin şəxs özü barədə məlumat verdikdən sonra ona təhqiqatçı tərəfindən Azərbaycan Respublikası CPM-nin 246-cı maddəsinin tələbləri izah edilərək üzərində əldə edilməsi, saxlanması və gəzdirilməsi qanunla qadağan olunmuş əşya və ya maddəni könüllü olaraq təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli vilvet şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli selofan bükümü çıxararaq təqdim etmişdir. Həmin bir ədəd şəffaf rəngli sollofan bükümün içərisinə baxdıqda həmin bükümün içərisində ağ rəngli kristallik hissəciklərdən ibarət maddənin olduğu müşühidə olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, “əynində olan boz rəngli vilvet şalvarın sağ yan cibindən çıxararaq təqdim etdiyi bir ədəd şəffaf rəngli sellofan bükümün içərisində olan psixotrop maddə metamfetamindir”. Bildirmişdir ki, “təxminən 5 il olar ki, narkotik vasitə və psixotrop maddə qəbul edir, təqdim etdiyi psixotrop maddə mətamfetaminii 26 dekabr 2024-cü il tarixdə Sumqayıt şəhəri ərazisində olan zaman tanımadığı şəxsdən 10 manat müqabilində alıb şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Onun narkotik vasitə və psixotrop maddə qəbul etməsindən, saxlamasından ailə üzvlərinin xəbəri olmamışdır”. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildi və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilmədi. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd şəffaf rəngli sellofan bükümdəki kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, bir ədəd kağız zərfdə qablaşdırılıb götürüldü. Bundan sonra şəxsi axtarışın çəklişi təhqiqatçı tərəfindən dayandırıldı. Diskdə yazılmış video çəkliş 07 dəqiqə 35 saniyə davam etmişdir. Tərəfimdən DVD diskinə baxış keçirildikdən sonra protokol tərtib olundu və disk əvvəlki zərfinə qoyularaq cinayət işinə əlavə edildi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eksprtizası Mərkəzinin 28 dekabr 2024-cü il tarixli 3-16-16/2-6/5600 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “...(imza) Təqsirləndirilən şəxs...” sözləri olan zərfdəki 01(bir) ədəd bükümdə təmiz çəkisi 0,819 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə -metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısına” daxildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 11 fevral 2025-ci il tarixli 756 saylı rəyindən görünür ki Təqsirləndirilən şəxs Opioidlərin və Psixostimulyatorları birgə qəbulu nətcəsində yaranan ASİLLİQ SİNDİROMU NARKOMANİYA xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İstintaq zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman götürülmüş 0,819 qram psixotrop maddə metamfetamin iş üzrə maddi sübut qismində tanınaraq ekspertizadan sonra qalan 0.769 qram psixotrop maddə metamfetamin saxlanılmasından ötrü Abşeron rayon Pİ-nin saxlanc anbarına təhvil verilmişdir. Abşeron RPİ-nin TŞ-si tərəfindən təqdim edilmiş bir ədəd Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə video çəkiliş görüntüləri olan ağ rəngli üzərində heç bir yazı olmayan DVD farmatlı disk iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Onun hadisə zamanı guya Sumqayıt şəhərində saxlanması məhkəmə zamanı təsdiqini tapmadı. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-yə sorğu edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2010-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs Sumqayıt şəhər məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2016-cı il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs Abşeron rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluqları ödənilmiş sayılır. Odur ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmiş sayılır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halın olmamasını, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onu islah etməsi və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakteri və icitimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, cəzanın onun islah olunması və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunması qanuni, əsaslı və ədalətli olmaqla cəzanın məqsədlərinə xidmət edir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməli, məhkəmə iclas zalından həbsə alınmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlnılmalı və cəzasının əvvəli hökmün çıxarıldığı gündən hesablanmalıdır.Cəzasının əvvəli hökmün çıxarıldığı xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. İş materialları ilə müəyyən edilmişdir ki, 27 dekabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq Abşeron RPİ-nin MSY-nə təhvil verilmiş, xx.xx.2024-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və MSY-dən azad edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəza müddətindən çıxılaraq ona qəti cəza təyin olunmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Odur ki, CM-in 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunduğundan və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan, ona narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi qalıq çəkisi 0,769 qram olan psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli və iş üzrə sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, məhkəmə CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 81 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Abşeron Rayon Vəkil Bürosunun vəkili X4 təqsirləndirilən şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 20 (otuz) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, ona 220 manat, habelə əvvəlki məhkəmə iclaslarında təqsirləndirilən şəxsin hüquqlarını müdafiə edən vəkil Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi da 220 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01(bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 11(on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilsin, məhkəmə iclas zalından həbsə alınsın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlnılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmənin əvvəli hökmün çıxarıldığı 08 iyul 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertizadan sonra qalıq qalan çəkisi 0,769 qram olan psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 01 ədəd “DVD” formatlı disk cinayət işində saxlanılsın. İş üzrə məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 81 (səksən bir) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulsun. Hökmün icrası Abşeron rayon Polis idarəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına, Abşeron rayon İcra şöbəsinə həvalə edilsin. Abşeron Rayon Vəkil Bürosunun vəkili X4 təqsirləndirilən şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə görə 220 manat, habelə əvvəlki məhkəmə iclaslarında təqsirləndirilən şəxsin hüquqlarını müdafiə edən vəkil Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi da təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə görə 220(iki yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar