Məhkəmə qərarları › İş №1(012)-662/2023

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-662/2023

20.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-662/2023 20.10.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Fərdi əməklə məşğul olan, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs 11 may 2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu ərazisində “Dərnəgül” metrostansiyası yaxınlığında istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda on beş manat müqabilində bir ədəd şəffaf sellofan bükümdə 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı” na (Siyahı İ) daxil olan 1,356 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamış və Abşeron rayonu, Masazır qəsəbəsi ərazisinə daşımış, həmin gün saat 19 radələrində Abşeron rayon polis idarəsinin cinayət-axtarış şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində saxlanılıb Abşeron rayon polis idarəsinin inzibati binasına gətirildikdən sonra onun üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən həmin bir ədəd şəffaf rəngli sellofan bükümdə olan 1,356 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən iki-üç ildir ki, narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir. 11 may 2023-cü il tarixdə saat 17 radələrində Bakı şəhəri, Binəqədi rayonu ərazisində “Dərnəgül” metrostansiyası yaxınlığında tanımadığı şəxsdən istifadə etmək məqsədi ilə on beş manat müqabilində bir bükümdə psixotrop maddə metamfetamin almış. Həmin psixotrop maddə metamfetamini istifadə etmək məqsədi ilə əynində olan qara rəngli şalvarın cibinə qoymuş və tanışını görmək məqsədilə Abşeron rayonu, Masazır qəsəbəsinə gəlmişdir. Saat 19 radələrində Masazır qəsəbəsində Qaçaq Nəbi küçəsi ilə piyada hərəkət edən zaman iki nəfər tanımadığı şəxs ona yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşı olduqlarını və onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirirmiş və onu Abşeron RPİ-nə dəvət etmişdirlər. Bu səbəbdən o, onların idarə etdiyi avtomaşına əyləşmişdir. Abşeron RPİ-nə getirildikdən sonra ona üzərinə şəxsiaxtarış və götürmə keçiriləcəyi barədə məlumat verilmişdir. Daha sonra xidməti otaqlardan birində video çəkilişlə və hüquqlarımı müdafiə etmək üçün dəvət olunmuş vəkilin iştirakı ilə üzərində şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl ona hüquq və vəzifələrim izah olunmuşdur. Hüquq və vəzifələri izah olunduqdan sonra üzərində hər hansı bir dövriyyəsi qanunla qadağan edilmiş əşya və ya predmetin olub-olmaması soruşulmuş və əgər üzərində belə bir əşya varsa könüllü olaraq təqdim etməyi təklif edilmişdir. Bu səbəbdən o, əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd sellofana bükülmüş içərisində psixotrop maddə metamfetamin olan bükülünü masanın üzərinə qoymuşdur. Həmin büklülünü haradan və nə vaxt aldığı soruşulduqda o, həmin bükülünü 11 may 2023-cü il tarixdə saat 17 radələrində Bakı şəhəri, Binəqədi rayonu ərazisində “Dərnəgül” metrostansiyası yaxınlığında tanımadığı şəxsdən istifadə etmək məqsədi ilə on beş manat müqabilində aldığını və üzərində gəzdirdiyini bildirmişdir. Üzərindən aşkar edilmiş 01 ədəd içərisində psixotrop maddə metamfetamin olan şəffaf sellofan bükülü zərfə qoyulmuş, üzəri möhürlənmiş, axtarış və götürmədə iştirak edən şəxslərin və onun tərəfindən imzalanaraq qablaşdırılmışdır. Bütün izahatında qeyd etdiyi proses video çəkiliş vasitəsilə qeydə alınmışdır. Məhkəmədən əməlindən səmimi olaraq peşman olmasını nəzərə alaraq, barəsində həbslə əlaqədar olmayan yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanda yaşayan Təqsirləndirilən şəxs Abşeron rayonu ərazisində şəxsi istifadəsi üçün narkotik vasitəni əldə edərək üzərində daşıması və qəbulu ilə məşğul olması barədə etimad doğuran məlum və qərəzsiz mənbədən Abşeron RPİ-nə məlumat daxil olduğunu bildirmişdir. Həmin gün yəni, xx.xx.2023-cü il tarixdə əməliyyat qrupu yaradılmış və həmin qrupa qrup rəhbəri o, qrup üzvü isə Şahid2 təyin olunmuşdur. Həmin gün saat 18 radələrində onun və Şahid2 iştirakı ilə əməliyyat tədbiri keçirilmiş və Təqsirləndirilən şəxs Abşeron rayonu, Masazır qəsəbəsi, Qaçaq Nəbi küçəsində piyada hərəkətdə olan zaman saxlanılaraq Abşeron RPİ-nin inzibati binasına dəvət olunmuşdur. Abşeron RPİ-nin xidməti otaqlardan birində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağı bildirilmiş və hüquqlarını müdafiə etməsi üçün dövlət hesabına müdafiəçi dəvət olunmuşdur. Əvvəlcə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, daha sonra video çəkiliş və dəvət olunmuş vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya olub-olmaması soruşulmuş və Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan qara rəngli şalvarın sağ yan cibində saxladığı şəffaf rəngli sellefon bükülünü çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman onun üzərindən iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir qeyri qanuni əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra həmin bükümlər Təqsirləndirilən şəxs və digər iştirakçıların iştirakı ilə qablaşdırılmış, zərfə qoyularaq möhürlənmiş, üzərində qeydlər aparılmaqla imzalanıb götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs həmin maddələrin nə olması və onu haradan əldə etməsi soruşulduqda o, həmin bükülünün psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. O, həmin psixotrop maddəni xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, dərnəgül metro stansiyası yaxınlığında tanımadığı şəxsdən 15 manat müqabilində istifadə etmək məqsədi ilə aldığını bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 tədqiq edilmiş ifadəsindən göstərmişdir ki, ünvan 3 ünvanda yaşayan Təqsirləndirilən şəxs Abşeron rayonu ərazisində şəxsi istifadəsi üçün narkotik vasitəni əldə edərək üzərində daşıması və qəbulu ilə məşğul olması barədə etimad doğuran məlum və qərəzsiz mənbədən Abşeron RPİ-nə məlumat daxil olmuşdur. Həmin gün yəni xx.xx.2023-cü il tarixdə əməliyyat qrupu yaradılmış və həmin qrupa qrup rəhbəri Abşeron RPİ-nin CA üzrə əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 və o, təyin olunmuşdur. Həmin gün saat 18 radələrində onun və Şahid1 iştirakı ilə əməliyyat tədbiri keçirilmiş və Təqsirləndirilən şəxs Abşeron rayonu, Masazır qəsəbəsi, Qaçaq Nəbi küçəsində piyada hərəkətdə olan zaman saxlanılaraq Abşeron RPİ-nin inzibati binasına dəvət olunmuşdur. Abşeron RPİ-nin xidməti otaqlardan birində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağı bildirilmiş və hüquqlarını müdafiə etməsi üçün dövlət hesabına müdafiəçi dəvət olunmuşdur. Əvvəlcə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra video çəkiliş və dəvət olunmuş vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya olub-olmaması soruşulmuş və Şahid1 könüllü olaraq əynində olan qara rəngli şalvarın sağ yan cibində saxladığı şəffaf rəngli sellefon bükülünü çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman onun üzərindən iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir qeyri qanuni əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra həmin bükümlər Təqsirləndirilən şəxs və digər iştirakçıların iştirakı ilə qablaşdırılmış, zərfə qoyulmuş və möhürlənib üzərində qeydlər aparılmaqla imzalanıb götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs həmin maddələrin nə olması və onu haradan əldə etməsi soruşulduqda o, həmin bükülünün psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. O, həmin psixotrop maddəni xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, dərnəgül metro stansiyası yaxınlığında tanımadığı şəxsdən 15 manat müqabilində istifadə etmək məqsədi ilə aldığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-nin 12 may 2023-cü il tarixli, 6/2745 saylı məhkəməkimyəvi ekspertizasının rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “...imza Təqsirləndirilən şəxs..” sözləri və imzalar olan kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi 1,356 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına daxildir. Ekspertiza tədqiqatında tədqiq olunmuş metamfetaminin təmiz çəkisi 1,356 qram, tədqiqata sərf edildi 0,10 qram, qalıq-1,256 qram təşkil edir. İş üzrə şəxsi axtarış və götürmə haqqında protokola əlavə edilmiş diskə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs, müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə üzərində olan narkotik vasitə olan heroini təqdim etmiş və həmin maddə qablaşdırılaraq götürülmüşdür. İş üzrə Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş və tədqiqatdan sonra qalıq qalan təmiz çəkisi psixotrop maddə olan 1,256 qram psixotrop maddə metamfetamin mühüm sübut əhəmiyyəti kəsb etdiyindən iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Abşeron rayon Pİ-nin anbarına təhvil verilmişdir. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” sıyahılarının “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr” barədə İ nömrəli sıyahısının “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” barədə siyahının İİ hissəsinin 27-ci bəndində metamfetamin yer almışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun 1.0.8-1.010-cu maddələrinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin qanunun 21.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” narkotik vasitələrə aid İİ nömrəli sıyahısına əsasən psixotrop maddə olan metamfetamin təmiz halda 0,15 qram və ondan artıq miqdarı şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün tam etirafı ilə yanaşı, şahidlərin ifadələri, videogörüntülər, aparılmış ekspertizaların rəyləri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün olaraq tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Əməlin etiraf olunması ilə peşmanlıq hisslərinin keçirilməsi şəxsin törətdiyi cinayətə tənqidi münasibətinin göstəricisi olmaqla onu müsbət cəhətdən xarakterizə edən, islah olunmaq yolunda olduğuna dəlalət edən haldır. Bu hal onun cinayətin törədilməsindən sonrakı davranışının müsbət yöndə inkişaf etdiyini, islah olunma perspektivləri baxımından ümidverici olduğu qənaətini qaçılmaz edir. Şəxsin əməlindən səmimi peşmanlıq hissi çəkməsi əməlin etiraf olunması ilə sıx bağlıdır, qeyd edilən xüsusatlar birlikdə götürülməlidir. Bunun əhəmiyyəti ondadır ki, bu hal cinayət törətmiş şəxsi səciyyələndirir, onun şəxsiyyəti, törətdiyi cinayətə münasibəti, islah olunmaq perspektivləri haqqında icraatı aparan orqanda düzgün təsəvvürlərin yaranmasına xidmət edir. Təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış aparılarkən o digər əşyalar ilə yanaşı, narkotik vasitəni də təqdim etmişdir. Təqsirləndirilən şəxsin şəxsi axtarış aparıİmazdan əvvəl narkotik vasitənin gizlətməyərək, polis əməkdaşlarına təqdim etməsi onun əməlindən peşmanlığının məntiqi nəticəsi kimi dəyərləndirilməlidir. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakteri və icitimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzasını yüngülləşdirən və, ağırlaşdıran halların olmamasını, cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunması qanuni, əsaslı və ədalətli olmaqla cəzanın məqsədlərinə xidmət edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə xx.xx.2023-cü il tarixində şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinə seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət ona təyin olunmuş cəza müddətindən çıxılaraq ona qəti cəza təyin olunmalı, cəzaçəkmənin əvvəli həbs olunduğu xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin, hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı cəza təyin edildiyi üçün barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməklə barəsində “həbs” qətimkan tədbiri seçilməli, o, məhkəmə zalından həbs edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 3226 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin, hesab edir ki, iş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan tədqiqatdan sonra qalıq qalmış 1,256 qram olan metamfetamin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntüləri özündə əks etdirən 01 ədəd “DVD” formatlı disk isə cinayət işində saxlanmalıdır. Bundan əlavə məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 55 (əlli beş) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən məhkəmə məsrəfi olduğundan Təqsirləndirilən şəxs tutulmalıdır. Hökmün icrası Abşeron rayon Polis idarəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Bakı şəhəri Yasamal rayon İcra İcra şöbəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (yüz iyirmi) manat məbləğində, pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmənin əvvəli həbs edildiyi xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin, onun barəsində həbs qətimkan tədbiri seçilsin, o, məhkəmə zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanlsın. Təqsirləndirilən şəxs narkomaniyyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan tədqiqata sərf edildikdən sonra qalıq qalmış 1,256 qram olan metamfetamin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 1 ədəd “DVD” formatlı disk cinayət işində saxlanılsın. İş üzrə məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 55 (əlli beş)manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən məhkəmə məsrəfi olduğundan Təqsirləndirilən şəxs tutulsun. Hökmün icrası Abşeron rayon Polis idarəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Bakı şəhəri Yasamal rayon İcra Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (yüz iyirmi) manat məbləğində, pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim:Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar