Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-662/2024 16.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1997-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1, 180.1, 185.1 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 19 may 2023-cü il tarixdə saat 20:45 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş-93 yaşayış kompleksi ərazisində yerləşən “Bravo” marketin qarşısında olan Zərərçəkmiş şəxs1 onun atası Şahid2 idarə etdiyi sərnişin avtobusunun üzərinə sürüldüyünü zənn edib ünvanına nalayiq ifadələr işlətdiyinə görə avtobusdan düşərək cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərib, öz şəxsiyyətini digərlərinin şəxsiyyətinin fövqində qoymaqla ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zor tətbiq olunması ilə müşayiət edilən hərəkətlər edərək, heç bir əsaslı səbəb olmadan ictimai yerdə insanların gözü qarşısında ucadan nalayiq ifadələr işlədərək Novuruz Vəliyevin sol kürək nahiyəsinə əlindəki bıçaqla qəsdən bir dəfə vuraraq ona sol kürək nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vuraraq qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Bundan başqa, o, 29 iyun 2023-cü il tarixdə tarixdə saat təxminən 13 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, R.Axundov küçəsində yeni inşa edilməkdə olan yaşayış binasının həyətində, orada gözətçi işləyən Zərərçəkmiş şəxs2 ona fəhləyə ehtiyac olmadığını bildirib çıxıb getməsini tələb etməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı yerdən götürdüyü taxta parçası ilə Zərərçəkmiş şəxs2 sağ qoluna qəsdən bir dəfə vuraraq, sağ dirsək sümüyünün aşağı 3/1-nin qapalı az yerdəyişən sınığı ilə müşayiət olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid xəsarət yetirmiş, Zərərçəkmiş şəxs2 həmin vaxt özünə məxsus 20 manat dəyərində «Nokia» markalı mobil telefonu ilə polisə zəng vurmaq istədikdə o, həmin mobil telefonu Zərərçəkmiş şəxs2 əlindən alıb, hadisə yerindən qaçıb uzaqlaşaraq açıq talamaqla soyğunçuluq etmişdir. Bundan başqa o, 03 sentyabr 2023-cü il tarixdə gecə saat 03 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsində Abşeron rayon İcra Hakimiyyətinin inzibati binasının qarşı tərəfindəki dayanacaqda saxlanılmış Zərərçəkmiş şəxs3 məxsus «Mersedes Benz» markalı, **-OL-*** dövlət qeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirərək qaçırmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan edilən ittiham üzrə özünü əvvəlcə təqsirli bilməsə də, sonradan ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək, zərərçəkmiş şəxs X1 ilə barışmalarını nəzərə alıb, ona münasibətdə CM-nin 127.1 maddəsi üzrə iş üzrə icraata xitam verilməsini, digər maddələr üzrə barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. İbtidai istintaqda təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan edilən ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bilmişdir ki,Zərərçəkmiş şəxs1 tanımır. Atası Rəhim 525 saylı marşrut xəttində sürücü işləyir. O da boş vaxtlarında atasına kömək etmək məqsədi ilə atasının yanında olmuşdur. 19 may 2023-cü il tarixdə saat 20:45 radələrində atası Rəhim yenə də idarə etdiyi marşrut avtobusu ilə Masazır qəsəbəsi, Qurtuluş 93 yaşayış kompleksi istiqamətində hərəkət edərkən qabaqda maneə olduğu üçün avtobusu sağa doğru çəkib sonra öz yoluna qayıtmışdır. Bu zaman o da atasının yanında olmuş, həmin vaxt tanımadığı, sonradan adının Novruz olduğunu öyrəndiyi şəxs möhkəm söyüş söymüş, avtobusda həmin vaxt tanımadığı qadın sərnişinlər də olmuşdur. Buna görə də o, sonuncunun söyüş söyməsinə əsəbləşmişdir. Bir az irəlidə avtobusdan düşərək ona yaxınlaşmış, həmin vaxt üzərində olan bıçağı çıxardaraq Novruzun kürək nahiyəsinə bir dəfə vurmuş, daha sonra həmin ərazini tərk etmişdir. Həmin bıçağı dəqiq xatırlamadığı köşkdən almış, balaca düyməli bıçaq olmuş və onu sonradan itirmişdir. Bundan başqa, göstərmişdir ki, tikintilərdə fəhlə kimi işləmişdir. Zərərçəkmiş şəxs2 hadisədən əvvəl 5-6 ay olar ki tanıyır. Belə ki, sonuncu ilə Xırdalan şəhəri 4 saylı orta məktəbin yanında inşa edilən binada işləyərkən tanış olmuşdur. Aralarında heç bir mübahisə və ədavət olmamışdır. Ramin həmin tikintidə mühafizəçi işləmişdir. Onun son vaxtlar işi olmamış, bu səbəbdən də 29 iyun 2023-cü il tarixdə saat təxminən 13 radələrində əvvəl fəhlə kimi işlədiyi 4 saylı məktəbin yanındakı inşa edilməkdə olan binaya getmiş ki, görsün orada iş varsa işləsin. Həmin binanın qarşısına gəldikdə VAZ 2106 markalı avtomobilin yük yerindən Alçı yapışdırıcıları boşaltdıqlarını görüb həmin şəxslərə yaxınlaşıb fəhlə lazım olub-olmadığını soruşmaq istəmişdir. Bu vaxt Ramin onu tikinti sahəsinə buraxmamış və demişdir ki, onlara fəhlə lazım deyildir. O, isə Raminə demişdir ki, “sən burax mən özüm danışım”. Ramin isə ona icazə vermədiyinə görə və onu oradan çıxarmağa çalışanda onunla əlbəyaxa olmuşdur. Həmin vaxt əsəbləşərək yerdə olan taxta parçasını götürüb Raminin qoluna vurmuşdur. Ramin isə telefonu ilə polisə zəng vurub şikayət etmək istədiyini görüb sonuncudan telefonu almış ki, zəng vurmasın. O, mübahisə davam etməsin deyə Raminin telefonunu cibinə qoyub oradan uzaqlaşmışdır. Raminin ona etdiyi hörmətsizliyə görə ondan aldığı sadə Çin istehsalı olan mobil telefonunu yerə vurmuşdur. Sonra isə telefonu özü ilə götürmüşdür. Lakin telefon nasaz vəziyyətdə olduğu üçün işləməmiş və o, həmin telefonu xatırlamadığı yerdə atmışdır. Raminlə aralarında mübahisə baş verərkən orada maşından yük boşaldan tanımadığı 2 nəfər şəxs olmuş, mübahisə təxminən 2-3 dəqiqə davam etmişdir. Həmin vaxt Ramin onu vurmamışdır. O isə Ramini bir dəfə qolundan taxta parçası ilə vurmuşdur. Telefonu Ramindən almasına səbəb sonuncunun polisə zəng vurmasına mane olmaq olmuş, telefonu isə bu səbəbdən özü ilə aparmışdır. Bundan başqa göstərmişdir ki 03 sentyabr 2023-cü il tarixdə saat 03 radələrində Xırdalan şəhərində poçtun qarşısına gəlib orada köşkün yanında Mersedes markalı, ** OL *** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanıldığını görüb maşının salonuna baxdıqda açarın salonda olduğunu görmüşdür. Avtomobilin qapısını yoxladıqda qapının açıq olduğunu görüb açaraq salondakı açarı götürüb maşını işə salmışdır. Maşın sürməyə həvəsi olduğu üçün həmin avtomobili idarə edib Bakı şəhəri, Binəqədi rayonu, Xocahəsən qəsəbəsi istiqamətində hərəkət edirmişdir. O, avtomobili idarə edərkən idarəetməni itirdiyi üçün avtomobili daş arakəsməyə vurmuşdur. Avtomobil əzildiyi üçün maşını yolun kənarına verib saxlamış və maşını orada qoyub oradan Xırdalan şəhərinə qayıtmışdır. Onun avtomobili götürməkdə məqsədi sürüb yenidən gətirib yerində saxlamaq olmuş, lakin maşını vurduğu üçün məcbur olub yolun kənarında saxlamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 ifadəsində bildirdi ki, 19 may 2023-cü il tarixdə saat 20:45 radələrində Masazır qəsəbəsi Qurutuluş-93 yaşayış kompleksi ərazisində yerləşən “Bravo” marketin qarşısında dayanmış, həmin vaxt 525 saylı marşrut xətti ilə hərəkət edən avtobus sürətlə ona doğru yaxınlaşmışdır. Həmin avtobus az qala onu vuracaqdı, o, qorxduğu üçün avtobusun arxasınca nalayiq ifadələr işlətmişdir. Avtobus təxminən 10-15 metr irəlidə dayanmış və içərisindən üç nəfər yerə düşmüşdür. Onlardan biri söyüş söyənin kim olduğunu soruşmuş, o, sonuncuların üç nəfər olduğunu və onu döyəcəklərini fikirləşdiyi üçün qaçmaq istəmişdir. Həmin vaxt kimsə onlardan birinin əlində bıçaq olduğunu demişdir. O, geriyə dönmək istəyəndə həmin şəxslərdən biri əlindəki bıçaqla kürək nahiyəsinə bir dəfə zərbə vurmuş və qayıdaraq getməyə başlamış, daha sonra sonuncular avtobusa minərək oradan uzaqlaşmışlar. Zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 ərizə təqdim edərək, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, təxminən bir il olar ki, Xırdalan şəhəri, 4 saylı orta məktəbin yaxınlığında yeni inşa edilən yaşayış binasında gözətçilik edir. 29 iyun 2023-cü il tarixdə saat 13 radələrində işdə olan zaman gözətçi işlədiyi binada mənzil alan şəxs təmir işləri aparılması üçün tikinti materiallarını gətirib özü ilə birlikdə gətirdiyi şəxslərlə yuxarı mərtəbəyə qaldırmışdır. Həmin vaxtı Emin adlı şəxs gəlib tikinti materiallarını özü daşımaq istədikdə o, sonuncuya materialları gətirən şəxsin özü ilə fəhlə gətirdiyini və əlavə fəhləyə ehtiyac olmadığını demişdir. Emin isə ona bu işin heç bir aidiyyatı olmadığını və özü bu işi danışacağını bildirmiş, o isə binada gözətçi işlədiyini və kənar şəxslərin binaya girməsinə icazə verilmədiyini Eminə bildirmiş və çıxıb getməsini demişdir. Həmin vaxtı Emin yerdən götürdüyü taxta parçası ilə onun başına zərbə endirmək istəmiş, lakin o, sağ əlini qabağa verdiyindən taxta parçası onun qolunun dirsəyinə dəyərək xəsarət almışdır. Emin onun qolundan xəsarət aldığını görüb əlindəki taxtanı yerə atmışdır. Belə olduqda o, özünə məxsus mobil telefonla polisə zəng vurmaq istədikdə Emin onun mobil telefonunu əlindən alaraq qaçıb getmiş, həmin Nokia markalı mobil telefonu bir il olar ki, 30 manata almışdır. Zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 ərizə təqdim edərək, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını,barışdığımı bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, Mercedes Benz markalı, ** OL *** dövldət qeydiyyat nişanlı avtomobili idarə edir. 03 sentyabr 2023-cü il tarixdə özünə məxsus Mercedes Benz markalı, ** OL *** dövldət qeydiyyat nişanlı avtomobili Abşeron rayonu, Xırdalan şəhəri ərazisində Abşeron İcra Hakimiyyəti binası ilə üzbəüz ərazidə yerlələn dayanacaqda saxlayıb maşının qapısını bağlamış, maşının pultunu özü ilə götürmüş, lakin açarlarını qapının cibində saxlayıb evinə getmişdir. Səhəri günü, yəni 03 sentyabr 2023-cü il tarixdə saat 10 radələrində dayanacağa yaxınlaşdıqda avtomobilini yerində olmadığını, yəni qaçırıldığını görmüş, avtomobili saxladığı köşkdə imşləyən şəxsdən bu barədə maraqlandıqda köşkdə işləyən şəxs səhər saat 09 radələrində işə gəlib axşam saat 19 radələrində getdiyini bildirmiş, avtomobil barəsində məlumat olduğunu ona demişdir. Bundan sonra köşkün kamerasına baxdıqda avtomobilinin gecə saat 03 radələrində bir nəfər tanımadığı hündürboy, orta yaşlı şəxs tərəfindən mühərriki işə salıb oradan uzaqlaşdığını görmüş, bu səbəbdən də avtomobilinin qaçırılması ilə bağlı DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Sonra isə saat 17 radələrində avtomobilinin tapılması barədə polis əməkdaşlarından məlumat almış, bundan sonra avtomobilinin tapıldığı Xocəsən qəsəbəsinə getdikdə orada avtomobilinin qabaq sol tərəfinin əzildiyinin, qabaq təkər tərəfdə qaldırıcı qoyulduğu və sol fara şüşəsinin sındığının şahidi olmuş, bundan sonra avtomobil müvəqqəti düracağa yerləşdirilmiş, sonradan ona avtomobilinin adını sonradan bildiyi Təqsirləndirilən şəxs tərəfindən qaçırıldığı barədə məlumat almışdır. Hadisə nəticəsində onun avtomobilinə 2000 manat dəyərində maddi ziyan dəymiş, məlum olmuşdur ki, avtomobilinin pultunda problem olduğundan avtomobilini park etdlikdən sonra pultunu bassa da qapıları bağlanmamış və açarının da avtomobilinin salonunda olması səbəbindən avtomobilinin qapısı açılaraq qaçırılmışdır. Avtomobilindən hər hansı əşyası oğurlanmamışdır.Dəyən ziyanı tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, o, Xırdalan şəhər Abadlıq idarəsində fəhlə işləyir.Eyni zamanda 7 ildir ki, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsində Poçtun qarşısındakı avtomobil dayanacağında avtomobillərin parklanmasına nəzarət edir. Onun dayanacaqda iş saatı səhər saat 08-dən axşam saaat 18- dək olan müddətdir. 03 sentyabr 2023-cü il tarixdə saat 09 radələrində dayanacaqda olarkən Emin adlı şəxs ona yaxınlaşıb gecə özünə məxsus avtomobili dayanacaqdakı ticarət köşkünün yanında saxlamasını, lakin hazırda avtomobilin saxladığı yerdə olmadığını bildirərək ondan Mersedes markalı avtomobilini kimin götürdüyünü soruşmuşdur. O. Eminə gecə dayanacaqda olmadığını səhər saat 08-də dayanacağa gələndə Mersedes markalı avtomobilin köşkün yanında olmadığını və həmin avtomobilin kim tərəfindən götürülməsini bilmədiyini demişdir. Emin adlı şəxs ticarət köşkündəki kamera görüntülərinə baxdıqdan sonra avtomobilinin gecə saat 03 radələrində bir nəfər şəxsin qapısını açıb açarı maşının üstündə olduğu üçün sürüb getdiyi məlum olmuşdur.Bundan sonra, Emin polisə bu barədə məlumat vermiş, polis əməkdaşları avtomobilin qaçırıldığı yerə gələrək baxış keçirmişlər. Səhəri gün Emin dayanacaqda olan zaman ona avtomobilinin Xocahəsən qəsəbəsində yolun kənarında tapıldığını,avtomobilini qaçıran şəxsin Xırdalan şəhər sakini Emin adlı şəxs olduğunu bildirmişdir.O, Emin adlı şəxsi tanımır və heç bir münasibəti olmamışdır. İbtidai istintaqda iş üzrə şahid qismində dindirilən Şahid2 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, 525 saylı avtobusda sürücü işləyir. Təqsirləndirilən şəxs onun oğludur. 19 may 2023-cü il tarixdə saat 20 radələrində mən 525 saylı avtobusla sərnişinləri Abşeron rayonu, Masazır qəsəbəsi Yeni Bakı kompleksi istiqamətində apararkən oğlu Emin ona zəng vurub pul istədiyi üçün sonuncuya “AzarCiti” mağazasının qabağında gözləməsini həmin dayanacada avtobusa minməsini demişdir. O, həmin mağazanın qaşısına çatanda Emin avtobusa minmişdir. O, Eminə sonuncu dayanacağa çatanda pul verəcəyini demişdir. Emin onunla birlikdə avtobusla hərəkət edib “Qurtuluş-93” kompleksinə daxil oldu. “Yeni Bakı” istiqamətində hərəkət edərkən qarşıda avtomobillər dayandığı üçün o, avtobusu sağa istiqamətləndirib daynacağa daxil olmaq istəmişdir. Həmin vaxt yolun kənarında dayanan bir nəfər şəxs ucadan mənim ünvanıma var-yox söyüşü söydü. Mən isə ona məhəl qoymayıb dayanağa tərəf gedib avtobusu saxlamışdır. Həmin vaxt oğlu Emin ona söyən şəxslə mübahisə etməsi üçün avtobusdan düşüb geridə dayanmış həmin şəxsə tərəf getmişdir. O, həmin vaxt avtobusda olan tanımadığı sərnişindən xahiş Eminin arxasınca gedib mübahisə etməyə qoymamasını xahiş etmişdir. O, isə sonuncu daynacağa gedib sərnişinləri düşürüb geri qayıdıb həmin daynacağa gəlmişdir. Emin avtobusa minib onu söyən şəxsi söyüş söydüyü üçün bıçaqla vurub xəsarət yetirdiyini demişdir. O, Eminə əsəbləşib avtobusdan düşməsini və çıxıb getməsini tələb etmişdir. O, Eminin mübahisə etdiyi şəxsi tapıb yardım göstərməsi üçün həmin ətrafa nəzər salıb axtarmışdır. Lakin həmin şəxsi tapa bilməmişdir. Sonradan həmin şəxsin “Qurtuluş-93” kompleksində yaşayan Novruz adlı şəxs olduğu məlum olmuşdur. O, Novruzu tanımır və sonuncu ilə heç bir münasibəti olmamışdır. O, avtobusu növbəti dayanacağa sürdüyü üçün Eminin Novruzu vurmasını görməmişdir. Emin maşından düşüb təxminən 20 metr arxa tərəfə həmin Novruzun olduğu yerə tərəf getmişdir.O, sərnişinləri düşürüb qayıdanda Emin avtobusa minib onu söyən şəxsi bıçaqla vurduğunu demişdir. Emin avtobusdan düşüb Novruzla mübahisə etməyə getdiyi üçün həmin vaxt avtobusdan enən 2 nəfər tanımadığı sərnişinlərdən Emini mübahisə etməyə qoymamasını xahiş etmiş, ancaq onların kim olduğunu bilməmişdir. Həmin şəxslərin Novruzla mübahisə etmələrini görməmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonskinin-Rusiyaya qarşı” iş üzrə xx.xx.2006-cı il tarixli, həmçinin “Saidinin-Fransaya qarşı” iş üzrə xx.xx.1993-cü il tarixli qərarlarında izah edilir ki, “sübutların mümkünlüyü” daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində və məhkəmə istintaqı zamanı əldə edilən, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Məhkəmə Avropa İnsan Hüquqları Məhkəməsinin bu presedentlərinin şərhləri baxımından ibtidai araşdırma mərhələsində və məhkəmə zamanı şahid qismində dindirilmiş şəxslərin ifadələrini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. İş materiallarında olan Məhkəmə-tibbi ekspertizasının 30 may 2023-cü il tarixli 983 saylı rəyində qeyd olunmuşdur ki, Zərərçəkmiş şəxs1 məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər - sol kürək nahiyəsinin kəsilmiş-deşilmiş yarası iti kənara malik əşyanın təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, xx.xx.2023-cü il tarixdə qeyd olunan nahiyəyə bıçaqla vurulma nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozan sağlamlığa yüngül zərərvurmaya aiddir. İş materiallarında olan Məhkəmə-tibbi ekspertizasının 22 avqust 2023-cü il tarixli 1313 saylı rəyində qeyd olunmuşdur ki, Zərərçəkmiş şəxs2 məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər - sağ dirsək sümüyünün aşağı 1/3-nin qapalı azyerdəyişən sınığı küt əşya təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, xx.xx.2023-cü il tarixdə dava dalaş zamanı taxta parçası zərbəsindən əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozan sağlamlığa az ağır zərərvurmaya aiddir. İş üzrə təyin edilmiş məhkəmə-psixiatrik ekspertizası qərarına əsasən «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» Publik Hüquqi şəxsindən alınmış xx.xx.2023-cü il tarixli 3416 №li rəyindən görünür ki, cinayət işi materiallarından və hal hazırkı psixiatrik müayinənin nəticələrinin tədqiqi və təhlili əsasında belə nəticəyə gəlinmişdir ki, Təqsirləndirilən şəxs emosional davamsız şəxsiyyət pozuntusu aşkar olunur. Təqsirləndirilən şəxs hazırkı müayinə zamanı simulyasiya əlamətləri aşkar etdirmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməllər dövründə «emosional davamsız şəxsiyyət pozuntusu» qeyd olunmuşdur. Təqsirləndirilən şəxs aşkar edilən emosional davamsız şəxsiyyət pozuntusu onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməllər barəsində ANLAQLİ hesab edilməlidir. Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Beləliklə, məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1, 180.1, 185.1 və 221.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmiş və ibtidai istintaq orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1, 180.1, 185.1 və 221.3-cü maddələri ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1. maddəsinə görə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 73.1. maddəsinə görə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. 73.2. Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. 73.3. Başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 73.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilir. Bununla yanaşı məhkəmə baxışı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs2 arasında barışıq əldə olunmuş, sonuncunun təqsirləndirilən şəxsə qarşı hər hansı şikayəti və tələbi qalmamış və hər ikisi məhkəmədən məhkəməyədək cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişlər. Belə ki, CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. CM-in 72-ci maddəsinin Qeyd hissəsinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74-1ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). CPM-in 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Beləliklə, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1ci maddəsi ilə təqsirləndirilməsinə dair hazırki cinayət işi üzrə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlinin hüquqa zidd və yolverilməz olması, gələcəkdə isə analoji əməllərə görə zərərçəkmiş şəxslə barışması ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəllənin 73.2-ci maddəsində nəzərdə tutulmuş qaydada təkrarən cinayət məsuliyyətindən azad edilməsinin qeyri mümkünlüyü izah edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Habelə, “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 09 iyul 2013-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasında məhkum olunmasına dair Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal zərərçəkən Zərərçəkmiş şəxs2 ondan şikayətçi olmamasını nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə törədilmiş cinayət əməlinin hər birinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların törədilməsi hallarını, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzasını yüngülləşdirən halı, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1, 185.1 və 221.3.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, təyin edilmiş cəzalar CM-nin 66.2 maddəsinə əsasən qismən birləşdirilməli və ona qəti azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. İşin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə əməliyyat-axtarış tədbirləri nəticəsində tutulmuş xx.xx.2023-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Yenidən barəsində əməliyyat-axtarış tədbiri keçirilmiş, xx.xx.2024-cü il tarixdə tutulmuş, Abşeron rayon Məhkəməsinin 21 fevral 2024-cü il tarixli qərarı ilə barəsində “həbs”qətimkan tədbiri seçilmiş, seçilmiş həmin qətimkan tədbiri məhkəmə tərəfindən qüvvədə saxlanılmışdır, hazırda həbsdədir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəza müddətindən çıxılaraq ona qəti cəza təyin olunmalı, cəza çəkmənin əvvəli tutulduğu 19 fevral 2024-cü il tarixdən hesablanmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə əlaqədar Təqsirləndirilən şəxs barəsində seçilmiş “ həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək qüvvədə saxlanmalıdır. Bundan əlavə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1 maddəsi ilə təqsirli bilinsin və Azərbaycan Respublikasının CPM-nin 73.2 maddəsinə əsasən iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3. maddəsi ilə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2 maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar qismən birləşdirilsin, ona qəti olaraq 04 (dörd) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3 maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzadan tutulduğu 02 (iki) gün çıxılsın, üzərində qəti olaraq 04 (dörd) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 19 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək qüvvədə saxlanılsın. Hökmün icrası Abşeron rayon Polis idarəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №1(012)-662/2024
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-662/2024
16.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver