Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-666/2024 19.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil X3 iştirakları ilə xx.xx.1994-cü il tarixində Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu ödənilməyən, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə həbs etmənin əvvəlli xx.xx.2023cü il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs bu iş üzrə şübhəli şəxs qismində tutulmamışdan 2 ay əvvəl Bakı şəhərində qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən nömrəsi silinmiş, keçmiş SSRİ dövlətində Tula silah zavodunda istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı, yivli odlu silah olan Tokarev (TT) konstruksiyalı 7,62 mm kalibrli tapança, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 7,62x25 mm kalibrli olmaqla, həmin kalibrli Tokarev (TT) konstruksiyalı tapançaların, PPŞ-PPS konstruksiyalı tapançapulemyotların ştat patronları olan, döyüş sursatı hesab edilən və atəş üçün yararlı 02 ədəd patron və zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 7,62x25 mm kalibrli patronları yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Tokarev (TT) konstruksiyalı tapançaların komplekt hissəsi olan, texniki cəhətdən saz və təyinatı üzrə istifadə üçün yararlı 01 ədəd darağı əldə edib Abşeron rayonu, Qobu qəsəbəsi ərazisinə daşımış, saxlamış və gəzdirmiş, 22 dekabr 2023-cü il tarixdə saat 22 radələrində Abşeron RPİ-nin Qobu polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat- axtarış tədbirləri nəticəsində Qobu qəsəbəsi ərazisində saxlanılaraq Qobu polis bölməsinə gətirilmiş və həmin tarixdə saat 22:50 dəqiqədən saat 23:00 dəqiqəyə kimi üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli köynəyin altında saxlanılmaqla göy rəngli cins şalvarın bel hissəsinə keçirilən nömrəsi silinmiş, keçmiş SSRİ dövlətində Tula silah zavodunda istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı, yivli odlu silah olan Tokarev (TT) konstruksiyalı 7,62 mm kalibrli tapança və həmin tapançanın üzərində olan zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 7,62x25 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Tokarev (TT) konstruksiyalı tapançaların komplekt hissəsi olan, texniki cəhətdən saz və təyinatı üzrə istifadə üçün yararlı 01 ədəd daraq, əynində olan göy rəngli cins şalvarın sol yan cibindən zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 7,62x25 mm kalibrli olmaqla, həmin kalibrli Tokarev (TT) konstruksiyalı tapançaların, PPŞ-PPS konstruksiyalı tapança-pulemyotların ştat patronları olan, döyüş sursatı hesab edilən və atəş üçün yararlı 02 ədəd patron aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, aşkar olunan silah və patronlar ona məxsus deyildir, ona görə də verilmiş ittihamlarla razılaşmır, CM-in 228.1-ci maddəsi ilə özünü təqsirli bilmir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə məhkəmə baxışında verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyət olduğundan, Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən onun xx.xx.2023-cü il tarixdə müdafiəçisinin iştirakı ilə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs həmin ifadəsində elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, təqribən iki ay bundan əvvəl Bakı şəhəri ərazisində sellofanın içərisində bir ədəd qara rəngli odlu silah olan tapança və iki ədəd patron tapmış və həmin odlu silahı yaşadığı evə aparıb saxlamışdır. 22 dekabr 2023-cü il tarixdə həmin odlu silahı götürüb Abşeron rayonu, Qobu qəsəbəsində üzərində gəzdirərkən mülki geyimli şəxslər ona yaxınlaşıb xidməti vəsiqələrini göstərməklə özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirdikdən sonra ondan özünü təqdim etməyi tələb etmişlər. O, özünü təqdim etdikdən sonra polis əməkdaşları onun odlu silahın qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib birlikdə Abşeron rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin inzibati binasına getməyini tələb etmişlər. O, polis əməkdaşları ilə birlikdə Abşeron rayon, Polis İdarəsinin Qobu Polis Bölməsinin inzibati binasına aparıldıqdan sonra təhqiqatçı tərəfindən ona şübhəli şəxs qismində tutulmağı haqqında qərar elan olunmuş, müdafiəçi ilə təmin edilmiş, hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra ona müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə üzərində videoçəkilişlə şəxsi axtarış aparılacağı izah edilmişdir. Şəxsi axtarış aparılmağa başlamadan öncə ona üzərində qanunla dövriyyəsi qadağan olunan hər hansı əşya və ya predmet varsa təqdim etməyi təklif edilmişdir. Bundan sonra o, əynində olan qara rəngli köynəyin altında əynində olan göy rəngli cins şalvarın bel hissəsinə keçirərək saxladığı odlu silah olan tapançanı üzərində olan daraqla birlikdə, əynində olan göy rəngli cins şalvarın sol yan cibindən iki ədəd patronu çıxardaraq təqdim etmişdir. Bundan sonra üzərində şəxsi axtarış aparılmış, üzərindən başqa qanunla dövriyyəsi qadağan olunan hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı üzərindən başqa qanunla dövriyyəsi qadağan olunan hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Üzərindən aşkar edilərək götürülən üzərində daraqla birlikdə odlu silah və iki ədəd patron içərisi boş olan kağız zərfə qoyulmuş, tərəfindən imza edilərək üzəri möhürlənmişdir. Üzərindən aşkar edilərək götürülən iki ədəd patron, daraq və odlu silahı təqribən iki ay bundan əvvəl Bakı şəhəri ərazisində sellofanın içərisində yerdən tapmışdır. Həmin odlu silah, daraq və iki ədəd patronu yaşadığı evdə gizlətmiş və 22 dekabr 2023-cü il tarixdə Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində üzərində gəzdirmişdir. O, Abşeron rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin inzibati binasına gətirilən zaman ona qarşı fiziki zor və ya psixoloji təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında elan olunmuş həmin ifadəsi ilə razılaşmamış, məhkəmədə verdiyi ifadəsinin əsas kimi qəbul olunmasını xahiş etmişdir. Əlavə sualları cavablandırarkən bir daha qeyd etmişdir ki, onu 02 nəfər polis əməkdaşı saxlamışdır, saxlanılan zaman üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1, ifadəsində göstərmişdir ki, «Təqsirləndirilən şəxs» adlı şəxsdə qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və gəzdirməsi barədə etimad doğuran məlum və qərəzsiz mənbədən daxil olmuş məlumatın yoxlanılması məqsədilə onun, Qobu PB-nin CAŞ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 və Qobu PB-nin CAŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 iştirakı ilə onun tərəfindən 22 dekabr 2023- cü il tarixdə əməliyyat qrupu təşkil edilmişdir. xx.xx.2023cü il tarixdə o və əməliyyat qrupunun digər iştirakçıları Abşeron rayonu, Qobu qəsəbəsi, “Daşlı Yamac” kafesinin yaxınlığında olan zaman orada piyada şəkildə hərəkətdə olan xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim edib şəxsiyyətini dəqiqləşdirərək Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişlər. Bundan sonra onlar Raminə qanunsuz olaraq üzərində odlu silah gəzdirməkdə şübhəli olduğunu bildirib Abşeron RPİ-nin Qobu PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlara etiraz etməyib razılaşaraq birlikdə polis idarəsinə gəlmişdir. Orada xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquqları izah olunaraq müdafiəçi dəvət olunmuşdur. Bundan sonra müdafiəçisinin iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən odlu silahı, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etsin. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın bel hissəsindən bir ədəd “TT” markalı tapançanı və şalvarın sol yan cibindən 02 ədəd gülləni çıxardıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman üzərində iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir qeyri qanuni əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs və digər iştirakçıların gözü qarşısında təqdim etdiyi darağı ilə birlikdə olan tapança və 2 ədəd güllə içi boş olan ağ rəngli zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış və zərfin üzəri möhürlənib üzərində qeydlər aparılmaqla imzalanaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd tapançanı və 02 ədəd gülləni nə məqsədlə və haradan əldə etməsi soruşulduqda Ramin üzərindən aşkar olunmuş 01 ədəd tapançanı və 02 ədəd gülləni təxminən iki ay əvvəl Bakı şəhəri ərazisində tapdığını və silahı üzərində gəzdirməkdə başqa hər hansı niyyətinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir zor, təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 və məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: DİN-in Kriminalistik Tədqiqatlar İdarəsinin ballistik ekspertizasının 23 dekabr 2023-cü il tarixli, 23/1186 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş 01 ədəd №-si silinmiş silah, keçmiş SSRİ dövlətində Tula silah zavodunda istehsal olunmuş Tokarev (TT) Konstruksiyalı 7,62 mm kalibrli tapançadır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində sonradan kustar üsulla heç bir əlavə dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 02 ədəd patron zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 7,62x25 mm kalibrli olmaqla, həmin kalibrli Tokarev (TT) konstruksiyalı tapançaların, PPS- PPS konstruksiyalı tapança-pulemyotların ştat patronlarıdır, döyüş sursatıdırlar və atəş üçün yararlıdırlar. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 7,62x25 mm kalibirli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Tokarev (TT) konstruksiyalı tapançaların komplekt hissəsidir-darağıdır, texniki cəhətdən sazdır və təyinatı üzrə istifadə üçün yararlıdır. Darağın hissələrinin üzərində sonradan kustar üsulla heç bir əlavə dəyişiklik edilməmişdir.
4. Eksperimental atəşlər zamanı əldə olunmuş güllə və gilizlər DİN-nin KTİ- də yerləşən “güllə-giliz” kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə-gilizlərlə müqayisə edilib nəticəsi haqqında Sizə əlavə məlumat veriləcəkdir. DİN-in KTİ-də məhkəmə fiziki kimyəvi» ekspertizası keçirilmədiyindən qərarın a) bəndində qeyd olunan “həmin silahdan atəş açılıb-açılmaması” suala cavab verilmədi. Qeyd: Təqdim edilmiş 02 ədəd 7,62x25 mm kalibrli patronlardan 01 ədədi eksperimental atəşlər zamanı istifadə olundu. Azərbaycan Respublikası DİN-nin, BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilniib 03 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 7(007)-628/2023 saylı qərarı ilə məhkum Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün X5 müəssisəsinə keçirilmişdir. Şübhəli şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbetmənin əvvəlli xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-in 14 saylı X5 Müəssisəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən cəza çəkmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçildiyindən həmin tarixdən müəssisənin qeydiyyatından çıxarılmışdır. Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş qalan hissəsi xx.xx.2023-cü il tarixinə 01 il 06 ay 17 gün təşkil edir. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə video çəkliş ilə keçirilmiş baxış qeydə alınan bir ədəd DVD disk cinayət işinə əlavə edilmiş, tədqiqatdan sonra qalan 01 ədəd Tokarev (TT) konstruksiyalı 7,62 mm kalibrli tapança, 01 ədəd daraq və ekspertiza tədqiqatına sərf olunduqdan sonra 01 ədəd patron Abşeron RPİ-nin maddi sübutların saxlanması otağında saxlanılmışdır. Məhkəmə baxış iclasında 01 ədəd DVD diskə baxış keçirlmiş, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən sonuncu əynində olan qara rəngli köynəyin altında əynində olan göy rəngli cins şalvarın bel hissəsinə keçirdərək saxladığı üzərində daraqla birlikdə odlu silah, göy rəngli cins şalvarın sol yan cibindən iki ədəd patronu çıxararaq təqdim etməsi və sorğu zamanı odlu silah, daraq və iki ədəd patronu saxlanılmağından təqribən iki ay əvvəl Bakı şəhəri ərazisində yerdən tapdığını bildirməsi müəyyən edilmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 229.1, 230, 231 və 232.1-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 21 iyun 2010-cu il tarixli qərarında göstərilmişdir ki, «odlu silah» anlayışı Azərbaycan Respublikasının 2004-cü il 10 sentyabr tarixli, 750-İİQ nömrəli Qanunla qoşulduğu Birləşmiş Millətlər Təşkilatının Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyasını tamamlayan «Odlu silahların, onların hissələrinin və komponentlərinin, habelə döyüş sursatının qanunsuz hazırlanmasına və dövriyyəsinə qarşı» Protokolunda göstərilmişdir. Həmin Protokolun 3-cü maddəsinin “a” bəndinə əsasən «odlu silah» dedikdə, əntiq odlu silahlar və ya onların modelləri istisna olmaqla, atəş açan, atəş açmaq üçün nəzərdə tutulan və ya asanlıqla atəş açmaq üçün vasitəyə çevrilə bilən hər hansı daşına bilən lüləli odlu silah, güllə və ya partlayıcı reaktiv mərmi başa düşülür. Əntiq odlu silahlar və onların modelləri daxili qanunvericiliyə müvafiq olaraq müəyyən edilir. Lakin 1899-cu ildən sonra istehsal olunan odlu silahlar heç bir halda əntiq silahlara aid edilmir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanunu və digər müvafiq qanunvericilik aktları ilə müəyyən olunmuş qaydaların pozulması isə məsuliyyətin yaranmasına səbəb olur. Belə ki, qeyd olunan Qanun xidməti və mülki silahın yalnız dövriyyəsi ilə bağlı hüquqi münasibətləri tənzimləyir, odlu silahla qanunsuz hərəkərlərə görə məsuliyyət isə digər qanunlar, o cümlədən cinayət məsuliyyəti cinayət qanunu ilə müəyyən edilir. Belə məsuliyyətin növlərindən biri kimi CM-nin 228-ci maddəsi çıxış edir.». “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 1, 3, 5 və 6-ci bəndlərinə əsasən silah - canlı qüvvənin və digər obyektlərin, o cümlədən texnikanın və tikililərin məhv edilməsi üçün nəzərdə tutulmuş, yaxud işarə vermə üçün nəzərdə tutulmuş, lakin canlı qüvvənin və digər obyektlərin məhv edilməsi üçün istifadə oluna bilən qurğu və vasitədir; mülki silah - özünümüdafiə, ov və idmanla məşğul olma üçün nəzərdə tutulmuş silahdır; döyüş sursatı - müvafiq silah növündən atəş açmaq üçün nəzərdə tutulmuş konstruktiv qurğu və ya əşyalardır. soyuq silah konstruksiyasına, ölçülərinə və materialına görə birbaşa istehsalat və ya təsərrüfat məişət məqsədləri üçün nəzərdə tutulmayan, xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan silahdır. Həmin Qanunun 3-cü maddəsinin İİ hissəsinin 1, 2 və 5-ci bəndlərinə əsasən xidməti və mülki silahın dövriyyəsi ilə əlaqədar Azərbaycan Respublikasında bu Qanunla nəzərdə tutulmuş müvafiq xüsusi icazəsi olmayan şəxslər tərəfindən həmin silahın əldə edilməsi, gəzdirilməsi və ondan istifadə edilməsi; ictimai yerlərdə örtüksüz silahın gəzdirilməsi; xəncərlərin, beybutların, ov bıçaqlarının, əliçliklərinin, toppuzların, nunçakların, gürzlərin, beşbarmaqların və başqa zərbə-dağıdıcı təsirli əşyaların (idman alətləri istisna edilməklə) dövriyyəsi qadağandır. Həmin Qanunun 21-ci maddəsinin İİİ hissəsinə əsasən, mülki silah sahibi aşağıdakı vəzifələri yerinə yetirməlidir: 1) bu Qanunun tələblərinə əsasən əldə edilmiş silahı qeydiyyatdan keçirməli; 2) bu Qanunun tələblərinə əsasən Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi silahın təyinatı üzrə istifadə edilməsi və daşınması qaydalarına əməl etməli. Nəhayət, «bu Qanunun müddəalarını pozmaqla odlu silahın, döyüş sursatının və soyuq silahın istehsalını, gətirilməsini, aparılmasını, idxalını, ixracını, satışını, əldə edilməsini, başqasına verilməsini, kolleksiya edilməsini, sərgisinin keçirilməsini, saxlanılmasını, gəzdirilməsini, daşınmasını, göndərilməsini, istifadə edilməsini, götürülməsini və ya məhv edilməsini həyata keçirən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyəti daşıyırlar (Qanunun 24-cü maddəsi). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, irəli sürülmüş ittihamda əksini tapan odlu silahı, onun komplekt hissəsini və döyüş sursatını təqsirləndirilən şəxs qanunsuz olaraq əldə etmiş, həmin əşyaları könüllü surətdə təhvil verməyib daşıyaraq saxlamış, bu barədə daxil olmuş məlumat əsasında polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində aşkar edilərək ondan götürülmüşdür. Belə olan halda, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 228-ci maddəsinin “Qeyd”ində nəzərdə tutulduğu qaydada cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməməsini onun hüququ kimi qəbul edir və bununla bağlı dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Belə ki, təqsirləndirilən şəxsin cinayətin törədilməsində öz təqsirini inkar etməsi o halda bəraətverici sübut kimi qəbul edilə bilər ki, dindirmə zamanı o, özünün cinayətin törədilməsi ilə heç bir əlaqəsinin olmamasını təsdiq edən təkzibedilməz faktlar və hallar haqqında məlumat vermiş olsun. Təqsirləndirilən şəxsin öz təqsirini inkar etməsi, həm də o halda bəraətverici sübut kimi qəbul edilir ki, onun ifadəsi cinayət təqibi üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmiş olsun. Cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə toplanmış bütün sübutların məcmusu təqsirləndirilən şəxsin ifadəsini rədd etmək üçün kifayət qədər əsas vermədikdə, təqsirləndirilən şəxs təqsirli sayıla bilməz. Təqsirləndirilən şəxs törədilən cinayət əməlində özünü təqsirli bilməməsinə dair dəlilləri ilə əlaqədar məhkəmə qeyd edir ki, həmin dəlillər işin faktiki müəyyən olunmuş halları ilə təkzib olunur. Belə ki, ibtidai istintaq zamanı həmçinin məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs törətdiyi əməli inkar edərək, 01 ədəd Tokarev (TT) konstruksiyalı 7,62 mm kalibrli tapança, 01 ədəd daraq və 02 ədəd patron ona məxsus olmadığını, ona görə da ona elan olunan Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə özünü təqsirli bilmədiyini bildirsə də, 01 ədəd Tokarev (TT) konstruksiyalı 7,62 mm kalibrli tapança, 01 ədəd daraq və 02 ədəd patron təqsirləndirilən şəxs üstündən aşkar edildiyi zaman tərtib olunmuş protokolda və həmin 01 ədəd Tokarev (TT) konstruksiyalı 7,62 mm kalibrli tapança, 01 ədəd daraq və 01 ədəd patron qablaşdırılıb qoyulduğu zərfin üstündə imza etmiş, sadalanan istintaq hərəkətləri onun və müdafiəçisinin iştirakı ilə video çəkliş aparılmışdır. Eyni zamanda Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə özünün verdiyi ilkin izahatında, şübhəli şəxs qismində tutulduğu zaman, təqsirləndirilən şəxs qismində ifadə verdiyi zaman 01 ədəd Tokarev (TT) konstruksiyalı 7,62 mm kalibrli tapança, 01 ədəd daraq və 02 ədəd patron ona məxsus olmasını təsdiq etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinə, ekspert rəyinə və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzasız qalacağına ümid edərək, hər vəchlə cinayət məsuliyyətindən yaxa qurtarmağa çalışmış, onun ifadəsi özünü müdafiə xarakteri daşıyır və belə ifadə verməklə o, məsuliyyətdən yayınmaq istəyir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəyləri, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs oğlunun məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayət törətməsi, yəni cinayətlərin residivi Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə hesab edir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətdiyindən Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivi yaranır və Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti təqsirli bilindiyi maddələrinin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-in 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilməklə, hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə Sumqayıt şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş qalan 01 il 06 ay 17 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış şəxsi axtarış və götürmə aparılmasının video görüntüsünün əks olunduğu bir ədəd disk saxlama müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalı, hökm qanuni qüvvəyə mindikdən sonra Abşeron RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilən, ekspertiza tədqiqatından sonra qalıq 01 ədəd Tokarev (TT) konstruksiyalı 7,62 mm kalibrli tapança, 01 ədəd daraq və 01 ədəd patron Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməlidir; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili X4 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Nəticə: Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq
HÖKM ETDİ :
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş çəkilməmiş qalan 01 il 06 ay 17 gün müddətinə azadlıqdan məhrum etmə cəzası qismən birləşdirilsin, Təqsirləndirilən şəxs qəti olaraq, 02 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Abşeron rayon Pİ-də saxlanılan qalıq 01 ədəd Tokarev (TT) konstruksiyalı 7,62 mm kalibrli tapança, 01 ədəd daraq və 01 ədəd patron Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili X4 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən: Vaqif Həsənov