Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-666/2025 24.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Qarayev Cavid Nazim oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, Abşeron rayonu Aşagı Güzdək qəsəbəsində faktiki olaraq yaşayan, barəsində“başqa yerə getməmək haqqında iltizam”qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 20 radələrində Abşeron rayonu Aşagı Güzdək qəsəbəsində qonşusu Zərərçəkmiş şəxs 6 ay əvvəl onun ünvanına nəlayiq ifadələr işlətməsi səbəbindən aralarında şəxsi münasibətlər zəmnində xuliqanlıq niyyəti ilə yaranmış mübahisə zamanı əlində olan bıçağın tiyəsi ilə sağ sağrı nahiyəsindən, yumruq və təpiklə sol bazu nahiyəsindən qəsdən vurub yerə yıxaraq ona sol bazu sümüyünün yuxarı ücunun yerdəyişməyən sınığı ilə müşayət olunan sol bazu nahiyəsinin qançırı, sağ sağrı nahiyəsinin səthi kəsilmiş yarası ilə nəticələnən dərəcəsinə görə ümimilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərəvurmaya aid bədən xəsarətlərini yetirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs qonşusudur və onunla münasibətləri həmişə normal olmuşdur. Belə ki, təxminən 01 ay əvvəl Elşən ilə aralarında söz-söhbət olmuş, bundan sonra Elşən onu təhqir etdiyi üçün qərara gəlmişdir ki, ondan qisasını alsın. Bundan sonra xx.xx.2024-cü il tarixdə təxminən saat 19 radələrində evinin yaxınlığında küçədə tək dayanmış, bu zaman Elşənin gəldiyini görmüş, qərara gəlmişdir ki, heç kim küçədə yoxdur və ondan qisasını alsın. Bu məqsədlə Elşən onun yanından salam verib keçib gedərkən elə bu anda ona arxadan yaxınlaşıb nəyə görə ona o vaxt söyüş söydüyünü demiş və həmin vaxtı aralarında bu zəmində mübahisə baş vermiş, mübahisə zamanı Elşənin bədənin müxtəlif nahiyyələrinə təpiklə və yumruqla vurmuş, sonra isə çıxıb getmişdir. Sonradan Qobu polis bölməsindən çağırıldıqda başa düşmüşdür ki, Elşən ondan şikayət etmişdir. Göstərmişdir ki, Elşəni vurarkən yanında heç kim olmamış və aralarında olan mübahisə təxminən bir neçə dəqiqə davam etmiş, hadisə vaxtı Elşəni bıçaqla vurmamış, yalınz onu itələmiş, sonra isə təpik və yumruqla vurmuşdur. Elşən hadisədən təxminən 1 ay əvvəl onun ünvanına nəlayiq söyüş söydüyü üçün ona qarşı kini olmuşdur, odur ki, onu cəzalandırmaq istəmişdir. Hadisə vaxtı küçədə heç kim olmamış və hadisə baş verən zamanı Elşən onu vurmamışdır. Həmçinin əməlindən peşman deyil, zərərçəkmiş onunla barışmışdır, lakin buna baxmayaraq törətdiyi əməldən hər hansı peşmançılığı yoxdur. Odur ki, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 19 radələrində yaşadığı evə gələrkən Güzdək qəsəbəsində evinin yaxınlğında küçədə Sahibin dayandığını görmüş, həmin vaxtı Sahib onu görüb onunla salamlaşmışdır. O da salam verib yanından keçmək istəyərkən bu zaman dayanıb arxaya baxanda görmüşdür ki, Sahib gödəkçəsinin çibindən bıçağıçı xarıb onun üstünə gəlir. O da sonuncunun əlindən tutmuş, bu vaxtı Sahib zərbə ilə onu yerə vurmuşdur. O da yerə yıxlarkən sol qolundan o, cümlədən bıçaq qıçından dəymiş, bundan sonra Sahib qaçıb çıxıb getmiş, belə olduqda o, hadisə ilə əlaqədar Qobu polis bölməsinə ərizə ilə müraciət etmişdir. Göstərmişdir ki, hadisə vaxtı onların yanında heç kim olmamış, aralarında olan mübahisə təxminən 5-10 dəqiqə davam etmiş, Sahibin onu vurdugu bıçağı görmədiyi üçün əlamətləri barədə heç nə deyə bilmir, onun Təqsirləndirilən şəxs ilə heç bir ədavəti olmamışdır. Heç vaxt Sahibi hər hansı formada təhqir etməmiş, aralarında hər hansı bir düşmənçilk olmamışdır. Sahibin onu nəyə görə qəfildən vurduğunu bilmir. Hazırda təqsirləndirilən şəxs əməlindən peşman olmasa belə o, onu bağışlamışdır, odur ki, Sahibə qarşı şikayət və tələbinin olmadığını, onun tutulmasını istəmədiyini bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: - “Cinayət işinin başlanması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” 29 dekabr 2024-cü il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X1” X2 19 dekabr 2024-cü il tarixli 2804 nömrəli rəyindən görünür ki, 1988-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarət – sol bazu sümüyünün yuxarı ucunun yerdəyişməyən sınığı ilə müşayət olunan sol bazu nahiyyəsinin qançırı bərk küt əşyanın təsirindən, sağ sağrı nahiyyəsinin səthi kəsilmiş yarası iti kənarlı əşyanın təsirindən törənmişdir və dərəcəsinə görə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aiddir, xəsarətlər xx.xx.2024-cü il tarixdə əmələ gəlməsi mümkündür.Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər,sol bazu sümüyünün yuxarı ucunun yerdəyişməyən sınığı ilə müşayiət olunan sol bazu nahiyyəsinin qançırı qərarın təsviri hissəsində göstərilən şəraitdə,yəni insan bədən hissələri ilə endirilmiş zərbənin təsirindən əmələ gələ bilmələri mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir.Sağ sağrı nahiyyəsinin səthi kəsilmiş yarası isə müayinə olunan şəxsin qeyd etdiyi şəraitdə yəni bıçağın tiyəsinin təsirindən əmələ gələ bilməsi mümkündür,sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. - “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” 20 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs Eldar oğlu ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. - “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 03 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. - “İttiham elan olunması üçün şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında” 03 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ittiham elan edilməsi üçün barəsində axtarış elan edilmiş, həmin tarixli “cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərara əsasən ********* nömrəli cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. - “Axtarışda olan şəxsin tutulması barədə” 11 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə tutularaq aidiyyəti üzrə Abşeron RPİ-nin MSYnə təhvil verilmişdir. - “Cinayət işi üzrə icraatın təzələnməsi” 11 fevral 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. - Abşeron Rayon Məhkəməsinin 4(012)-69/2025 saylı 13 fevral 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair vəsatət rədd edilmişdir. - “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi barədə” 13 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam”qətimkan tədbiri seçilmişdir. - “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxsin etirafedici ifadəsi, zərərçəkmiş şəxsn ifadəsi, üzləşdirmə istintaq hərəkəti protokolu, ekspert rəyi, baxış protokolu və digər istintaq sənədləri sübut növləri kimi qəbul edilmişdir. - Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş 24 aprel 2025-ci il tarixli ərizədən görünür ki, hazırda Təqsirləndirilən şəxs ilə barışmış ona qarşı şikayət və tələbi yoxdur. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Qərarında qeyd olunur ki, xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adam öldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə alınmalıdır ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyətilə qəsdən adam öldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2-ci, yaxud 126.2.4-cü və ya 127.2.3-cü maddələri ilə tövsif edilməlidir (5-ci bənd). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “xuliqanlıq niyyəti”nə dair hüquqi mövqeyi “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli Qərarında əksini tapıb. Həmin Qərara görə qəsdən adam öldürmə o vaxt Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək) (6-cı bənd). Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən əməli törətməkdə təqsirli olması özünü qismən etiraf edici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi və ekspertin rəyi, istintaq hərəkətinin protokolları ilə tam sübuta yetirilmişdir. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, təqsirləndirilən şəxs öz ifadəsində zərərçəkmişə bıçaqla xəsarət yetirmədiyini bildirmişdir, ekspertiza rəyində isə bıçaq xəsarəti sağlamlığa zərərvurmayan xəsarət kimi qeyd edilmişdir. Zərəçəkmişin sağlamlığına az ağır zərərvurmaya aid olan xəsarətlər isə insan bədən hissələrinin təsirindən yaranmışdır. Təqsirləndirilən şəxs də öz ifadəsində zərərçəkmişi vurduğunu, lakin bıçaqla vurmadığını qeyd edir. Belə olan halda məhkəmə zərərçəkmiş şəxsə sağlamlığına az ağır xəsarətin təqsirləndirilən şəxs tərəfindən vurulması qənaətinə gəlir. Təqsirləndirilən şəxs öz ifadəsində zərərçəkmişin ona bir ay qabaq söyüş söyməsi səbəbindən ona kin tutduğu üçün zərərçəkmişi vurduğunu bildirsə də, zərərçəkmiş şəxs öz ifadəsində təqsirləndirilən şəxslə hər hansı münaqişlərinin olmadığını, onun ünvanına heç vaxt hər hansı nalayiq və ya təhqiramiz ifadə işlətmədiyini bildirmişdir. Hətta zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin tutulmaması üçün onunla barışdığını bildirmişdir. Lakin təqsirləndirilən şəxs zərərçəkmişin onunla barışmasına məhəl qoymamış və törətdiyi əməldən peşman olmadığını dəfələrlə məhkəmə iclasında bildirmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs bəhanə uyduraraq, (belə ki,tərəflər arasında daha öncəyə dayanıqlı olan hər hansı mübahisə olması və ya zərərçəkmişin təqsirləndiriləni təhqir etməsi müəyyən edilməmişdir) zərərçəkmiş şəxsin sağlamlığına az ağır xəsarət yetirməsi az ağır xəsarətin xuliqanlıq niyyəti ilə vurulmasının təzahürüdür, eyni zamanda cinayət hadisəsinin küçədə baş verməsi, cinayətin baş vermə saatı da təqsirləndirilən şəxsin əməlinin düzgün tövsif edildiyini göstərir. Ali Məhkəmənin Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli qərarının 6- cı bəndində qeyd edilir ki, qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Plenum qərarında xuliqanlıq niyyətini “əsaslı səbəb”in olmaması ilə deyil, təqsirkarın səbəbsiz olaraq hərəkət etməsi və yaxud cüzi səbəbi bahanə etməsi ilə əlaqələndirmişdir Məhkəmə iş üzrə toplanmış sübutlara qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə qiymətləndirir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərarı). Bir çox cinayətlər, (hətta ehtiyatsızlıqdan belə törədilən yol hərəkəti, texniki təhlükəsizlik qaydalarının pozulması kimi əməllər belə) ictimai yerlərdə, məsələn küçədə, idarə və müəssisələrdə törədildikdə həmin yerdə çox sayda insanların toplaşmasına, nəticə etibarı ilə ictimai qaydanın - nəqliyyatın, idarə və müəssisələrin normal iş rejiminin pozulmasına səbəb ola bilər, yaxud şəxsə qarşı zor tətbiq edilməsi, hədə-qorxunun işlədilməsi, zərərçəkmişin əmlakının zədələnməsi, məhv edilməsi kimi hərəkətlərdə ifadə olunmuş cinayətlər, bu cinayətlərin obyektini cinayət qanunu ilə qorunan başqa hüquq münasibətlərinin təşkil etməsinə baxmayaraq, həm də ümumqəbuledilmiş davranış modelinin, cəmiyyətdə insanlar arasında bərqərar olunmuş birgəyaşayış qaydalarının pozuntuları kimi də şərh edilə bilərlər, nə qədər ki, istənilən qəsdən törədilmiş cinayət cəmiyyətdə təşəkkül tapmış birgəyaşayış qaydalarından, ümumqəbuledilmiş normalardan kənara çıxma, onlara etinasızlığın təzahürü kimi özünü göstərir. Lakin, bu iki qrup halların heç birində ictimai qaydanın pozulması, cəmiyyətə hörmətsizliyin ifadə olunması təqsirkarın qəsdinin yönəldiyi obyekt kimi çıxış etmirsə, xuliqanlıqda təqsirkar şəxsin qərəzli hərəkətləri məhz ictimai qaydanın kobud şəkildə pozulmasına, cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunmasına yönəldilmiş olur. Lakin, bu onu da demək deyil ki, xuliqanlıqda ictimai qaydanın pozulması mütləq şəkildə hansısa real nəticələrdə, misal üçün iaşə obyektinin, digər müəssisənin fəaliyyətinin, nəqliyyatın hərəkətinin müvəqqəti dayandırılmasında, başqa cür pozulmasında özünü göstərməlidir. Xuliqanıq formal tərkibli cinayət olduğundan və başa çatmış cinayət tərkibinin mövcud olması üçün ictimai təhlükəli nəticələrin baş verməsi tələb olunmadığından, kifayətdir ki, təqsirkar qərəzli hərəkətlərinin (digər şəxsə zor tətbiq etməsinin, zor tətbiq etməklə hədələməsinin, özgə əmlakını məhv etməsinin və yaxud zədələməsinin) xuliqanlıq kimi alçaq niyyətdən, yəni məhz ictimai qaydanı pozmaq istəyindən, bu qaydalara etinasızlığından, cəmiyyətin qəbul etdiyi dəyərlərə hörmətsizliyindən irəli gəldiyini dərk etsin və məhz bu şəkildə (özünün ictimai qaydalardan, cəmiyyətin təqdir etdiyi dəyərlərdən üstün olduğunu nümayiş etdirməklə) şəxsə qarşı zor tətbiq etməsini, zor tətbiq etməklə hədələməsini, özgə əmlakını məhv etməsini və yaxud zədələnməsini arzu etsin (belə olan halda, təqsirkarın qərəzli hərəkətləri xuliqanlıq niyyətindən irəli gəlməklə xaraktercə də, yəni özü–özlüyündə ictimai qaydaları pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən məzmun daşıdığından, təqsirkarın əməlində xuliqanlıq cinayətinin tərkibini şərtləndirən bütün zəruri əlamətlər mövcud olur). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində cinayət törədilən zaman Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə tövsif olunmalı və həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Qanunvericiliyin tələbinə görə zərərçəkmişlə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən haldır. Məhkəmə zərərçəkmişin barışıq ərizəsini yüngülləşdirici hal kimi nəzərə alsa da,məhkəmə iclasında müəyyən edilmişdir ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin tutulmasını istəmədiyi üçün onunla barışmış bir sözlə bu barışığın təşəbbüskarı təqsirləndirilən şəxs olmamış,zərərçəkmiş şəxs humanistlik göstərmişdir. Hətta məhkəmə iclasında təqsirləndirilən şəxs əməlindən peşman olmadığını və zərərçəkmişin onunla barışıdığını bildirmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, onun cəzasını ağırlaşdıran halların olmamasını qeyd etsə də, şəxsin törətdiyi cinayət əməlindən peşman olmayaraq, zərərçəkmiş şəxsin onu bağılşadığını və tutulmasını istəmədiyini bildirdiyi halda, əməlindən peşman olmaması, törətdiyi cinayət əməlinə tənqidi münasibətin olmamasını göstərir, məhkəmə hesab edir ki, şəxsə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzanın təyin edilməsi onun islah olunmasına xidmət etməyəcəkdir, odur ki, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan Məcəllənin 353.4-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 02 gün həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanıb ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilməli, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməli, dərhal məhkəmə zalından həbs olunmalı, “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkməsinin əvvəli məhkəmə zalından həbs olunduğu vaxtdan yəni, xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 15 saat üçün nəzərdə tutulan 90 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilərək, həbs qətimkan tədbiri seçilsin o, məhkəmə iclas zalından həbsə alınsın və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı vaxtdan, yəni 24 aprel 2025-ci il tarixdən hesablansın. İş üzrə mülki iddia, ekspertiza xərci və müsadirə edilməli əmlak yoxdur. Təqsirləndirilən şəxsə məhkəmədə hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 15 saat üçün nəzərdə tutulan 90 (doxsan) manat pul ödənilsin. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Firuzə Kərimova
Məhkəmə qərarları › İş №1(012)-666/2025
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-666/2025
24.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver