Məhkəmə qərarları › İş №1(012)-669/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-669/2025

06.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-669/2025 06.10.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkili X1 Təqsirləndirilən şəxs: X6 iştirakı ilə xx xxxx 1998-ci ildə Ağcabədi rayonu, Xocavənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Xocavənd ərazi dairəsində qeydiyyatda olan və Abşeron rayonu, Hökməli qəsəbəsində yaşayan barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmiş X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İttiham aktına əsasən X11 04 noyabr 2024-cü il tarixdə saat 02:20-də Abşeron rayonu, Hökməli qəsəbəsi, Əliağa Vahid küçəsi ilə “BD 909615” nömrəli “B1 B C1 C” kateqoriyalı sürücülük vəsiqəsi ilə texniki cəhətdən saz vəziyyətdə olan Şahid1 məxsus ağ rəngli “Hyundai Accent” markalı, **-XQ-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında saatda 40 km sürətlə idarə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, hərəkət üçün təhlükə yarandığını gördükdə yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, qarşıda hərəkət hissəsində uzanmış vəziyyətdə olan piyadanın olmasını nəzərə almalı və əvvəlcədən həmin piyada ilə təhlükəsiz yan məsafəni təmin etmək üçün zəruri tədbir görməli və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, həmin tələblərə riayət etməyib Abşeron rayonu, Hökməli qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən “SECRET STORE” kişi geyimləri mağazasının yaxınlığında idarə etdiyi avtomobilin qabaq alt hissəsi ilə yolun orta hissəsində sərxoş vəziyyətdə uzanıqlı vəziyyətdə olan piyada Zərərçəkmiş şəxs vuraraq sonuncuya ehtiyatsızlıqdan başın küt travması, baş beyin əzilməsi, baş beyinin qişaları altına və maddəsinə qansızmalar, baş beyinin travmatik ödemi, kəllə tağı və əsası sümüklərinin sınığı, sol alın-gicgah-təpə nahiyəsinin dərialtı hematoması, sağ ağciyərin cırılmış yaraları, sağ tərəfi İ, İİ, İİİ, İV, V qabırğaların qəlpəli sınıqları, bədənin çoxsaylı sınıqları dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlmalığa ağır zərər vurmanın əlamətinə malik olmaqla ölüm ilə bir-başa səbəbli əlaqəli olan xəsarətlər yetirərək Zərərçəkmiş şəxs baş beyin əzilməsi, baş beyinin qişaları altına və maddəsinə qansızmalar, baş beyinin travmatik ödemi, kəllə tağı və əsası sümüklərinin sınığı nəticəsində 04 noyabr 2024-cü-ci il tarixdə hadisə yerindən xəstəxanaya aparılan zaman ölümünə səbəb olmuşdur. İşin halları və dəlilləri: Cinayət işinin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən X11 ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, qeyd etmişdir ki, o, icarəyə götürdüyü nəqliyyat vasitəsi ilə taksi sürücüsü kimi fəaliyyət göstərərək ailəsini dolandırmışdır. Şahid1 adına olan “Hyundai Accent” markalı, **-XQ-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə etmiş, həmin avtomobillə “Bolt” taksi proqramında qeydiyyatdan keçməklə işləmişdir. 04 noyabr 2024-cü il tarixdə saat 02:20 dəqiqədə “Bolt” proqramını bağlayaraq yaşadığı evə getməyə başlamışdır. Avtomobili öz hərəkət zolağı ilə Abşeron rayonu, Hökməli qəsəbəsində saatda 40 km sürətlə idarə etmişdir. Qarşısında “Toyota Carolla” markalı dövlət qeydiyyat nişanını bilmədiyi avtomobil hərəkətdə olmuşdur. Hökməli qəsəbəsində olan “SECRET STORE” kişi geyimləri mağazanın yaxınlığında həmin avtomobil qarşısından sola dönmə əməliyyatı edərək getmişdir. Öz hərəkətini davam etdirmiş, hava yağışlı və küləkli olmuş, lakin fara işığında 150-200 metr qarşısındakı yol görünmüşdür. Yolun orta hissəsində içi dolu kisəyə oxşatdığı əşya gömüşdür. Həmin anda bu maneə ilə arasında 80 metr məsafə olmuşdur. Zənn etmişdir ki, küçədə zibil kisəsi və yaxud sellofandır. Buna görə sürətini azaltmadan hərəkətini davam etdirib həmin əşyaya çatmağa 50 metr qalmış görmüşdür ki, həmin maneə selolofan və kisə deyil, yerə uzanmış bir nəfər kişidir. Dərhal avtomobilin əyləcinə basmış, lakin artıq gec olmuş, hava yağışlı olduğuna görə də əyləcə basdıqda avtomobil sürüşərək avtomobilin ön qabaq bufernin alt hissəsi ilə həmin şəxsi vurmuş və daha sonra avtomobilin alt hissəsi həmin şəxsi yerlə sürüyərək 5-6 metr məsafə qət etdikdən sonra dayanmışdır. Avtomobilinin qabaq buferinin alt hissəsi yerdə uzanmış kişinin baş hissəsini əzmiş və kişini yerlə sürüşdürmüşdür. Dərhal avtomobildən düşərək həmin şəxsə kömək etməyə başlamışdır. Bu zaman yolun kənarında tanımadığı bir nəfər cavan oğlanın dayanmasını və onlara baxmasını görmüşdür. Həmin cavan oğlan yaxınlaşmış və avtomobillə vurduğu şəxsə kömək edib sonuncunu yerdən qaldırıb avtomobilin arxa oturacağına əyləşdirmişdir. Avtomobillə vuruduğu şəxsin sərxoş olmasını başa düşmüş, çünki sonuncudan spirtli içki iyi gəlməsini hiss etmişdir. Yaralını “Respublikanski” kimi bildiyi xəstəxananın təcili tibbi yardım stansiyasına gətirmişdir. Yolla gələn zaman avtomobilin qabaq oturacağında əyləşmiş şəxsin adının Kənan olmasını öyrənmiş və sonuncuya özünü təqdim etmişdir. Təcili tibbi yardımdan içəri daxil olub hadisə barədə bildirmiş və həkimlər ilə həmin şəxsi avtomobildən düşürmüşlər. Həmin şəxsi təcili tibbi yardım üçün içəri aparmışlar, o isə hadisə barədə xəstəxanada olan polislərə və həkimlərə xəbər verərək xəstəxananın içərisində bir kənarda dayanıb polisi gözləmişdir. Lakin bir neçə dəqiqə sonra bildirilmişdir ki, həmin şəxs yolda olarkən ölmüşdür. Xəstəxanın içərisində olan zaman Abşeron rayon Polis İdarəsinin əməkdaşları gəlmişlər, polis əməkdaşları ilə hadisə yerinə gəlmiş, hadisə yerini göstərmiş, hadisə yerinə baxış keçirilib fotoşəkillər çəkilmiş və sərxoşluğu yoxlanılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, avtomobillə vurduğu kişi Zərərçəkmiş şəxs adlı şəxs olmuşdur. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində daha sonra göstərmişdir ki, idarə etdiyi “Hyundai Accent” markalı, **-XQ-*** dövlət qeydiyyat nişanlı avtomobildə hadisə baş verməzdən əvvəl hər hansi bir nasazlıqlar olmamaqla avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Baş vermiş həmin hadisə zamanı idarə etdiyi avtomobildə özündən başqa heç kim, eyni zamanda avtomobilin yük yerində də hər hansı bir yükü olmamışdır. Hadisənin baş verdiyi yol iki tərəfli olmaqla hadisə zamanı yolda onunla eyni və əks istiqamətdə gecə olduğu üçün ara-sıra avtomobillər hərəkət etmişdir. Diqqətsizlik edərək avtomobilini vaxtında saxlamamış, bu səbəbdən də əməlindən peşmandır. Hadisə baş verdikdən sonra hadisə yerinin ətrafına tanımadığı şəxslər toplaşmış və avtomobillər olmuş, lakin heç kimi tanımamışdır. Sonda o, əməlindən peşman olduğunu, həmçinin mərhumun valideyni ilə barışıq üçün dəfələrlə cəhd etməsini, lakin həmin şəxslərin heç bir halda barışmaq niyyətində olmadıqlarını və himayəsində baxıma ehtiyacı olan azyaşlı övladlarının olmasını, Qarabağ müharibəsi iştirakçısı olmasını, əvvəllər cinayət məsuliyyətinə cəlb edilməməsini bildirməklə barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, X6 barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə iclasına dəvət edilərək zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X7 verdiyi ifadəsində göstərdi ki, oğlu Vaqif sakit təbiətli olmaqla, fərdi əməklə məşğul olaraq özünü dolandırmış, ailəsinə köməklik göstərmişdir. 04 noyabr 2024-cü il tarixində səhər saatlarında evdə yatarkən həyət qapısının döyüldüyünü eşidib oyanmış, gələnlərin polis əməkdaşları olduqlarını görmüş, ondan Vaqifin atası olub-olmadığımı soruşduqda, axtardıqları şəxsin onun kiçik oğlu olduğunu təstiq etmişdir. Polis əməkdaşları bir qədər əvvəl Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən “Secret kişi geyimləri” mağazasının yaxınlığında Vaqifin avtomobil vurması nəticəsində vəfat etməsini bildirmişlər. Həmin gün, yəni 04 noyabr 2024-cü il tarixində, oğlu Vaqif yaşadıqları qəsəbədəki qəbiristanlıqda dəfn olunmuşdur. Lakin mərumun meyidi üzərindəki xəsarətlərə əsasən hesab edir ki, bu yol nəqliyyat hadisəsi nəticəsində baş verməmişdir, oğlu ya başqa şəxs və ya şəxslər və ya elə həmin sürücü tərəfindən döyülərək qətlə yetirilmişdir. Ona görə də sürücü ilə barışmaqdan imtina etmiş, barışıq üçün onun evinə gələn şəxslərə də fikrini bildirmiş, onların etmək istədikləri köməkliyi də qəbul etməmişdir. Yol nəqliyyat hadisəsi olsa idi heç bir halda şikayətçi olmaz hadisəni bədbəx hadisə hesab edər, barışardı. Sonda o, təqsirləndirilən şəxslə arasında barışığın mövcud olmadığını və ona qarşı şikayətçi olmasını bildirərək, məhkəmədən ona ağır cəza təyin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında dəvət olunaraq şahid qismində dindirilmiş Şahid1 istintaqda verdiyi ifadəsini təstiq etdiyini qeyd etməklə əlavə olaraq bildirmişdir ki, “Hyundai Accent” markalı, **-XQ-*** dövlət qeydiyyat nişanlı avtomobil tam mülkiyyət üzrə ona məxsusdur, həmin avtomobili xatırlamadığı tarixdə “Turbo.az” internet sosial şəbəkəsində satılması barədə elanını görərək almış və öz mülkiyyətinə keçirmişdir. Avtomobili aldıqdan sonra idarə etmədiyi üçün icarəyə vermək qərarına gəlmiş, vasitəçinin köməkliyi ilə nəqliyyat vasitəsini icarəyə vermişdir. Buna görədə 2024-cü ilin avqust ayında avtomobili idarə etməsi üçün Təqsirləndirilən şəxs vermişdir. 05 noyabr 2024-cü il tarixdə avtomobillə hadisə törədildiyini eşitmişdir. Bundan sonra xatırlamadığı tarixdə ifadəsi alınmışdır. Hadisənin necə baş verməsi barədə hər hansı məlumatı yoxdur. Həmin hadisəni görməmiş və bilməmişdir. Məhəmməddən heç bir şikayəti və tələbi yoxdur., Məhkəmə iclasında dəvət olunmuş, iştirak etməyən şahid qismində dindirilmiş Şahid2 istintaqda verdiyi ifadəsinində göstərmişdir ki, ünvan 1 ünvanda yaşayır, Sumqayıt şəhərində yerləşən orta məktəbin Vİİİ sinif şagirdidir, dərslərini oxumamış və məktəbdən sonra küçələrdə gəzişmişdir. Belə ki, zibil qablarından və küçələrdən metal və lazımsız əşyaları toplayaraq satmışdır. 04 noyabr 2024-cü il tarixdə gecə saatlarında Abşeron rayonu, Hökməli qəsəbəsi ilə piyada yaşadığı evə getmişdir. Saat 02 radələrindən sonrakı dəqiqələrdə avtomobil yolunun kənarı ilə piyada hərəkət edən zaman bir nəfər şəxsin ona tərəf gəlməsini görmüşdür. Həmin şəxs yanına çatdıqda sonuncunun Hökməli qəsəbəsində yaşayan tanıdığı Zərərçəkmiş şəxs olmasını görmüşdür. Vaqif yanına çatdıqda söhbət zamanı hiss etmişdir ki, sonuncu sərxoşdur. Belə ki, Vaqifdən spirtli içki iyi gəlmişdir. Vaqif sərxoş olduğu üçün piyada hərəkət etməkdə çətinlik çəkmişdir. Vaqif ondan aralaşdıqda sərxoş olduğu üçün avtomobil yolunun ortasında yerə yıxılmış və asfaltın üzərində uzanıqlı vəziyyətdə qalmışdır. Vaqif sərxoş olduğu üçün yerdən qalxa bilməmişdir. Kənarda dayanıb Vaqifi seyr etmiş və həmin vaxt ağ rəngli, üzərində “Bolt” taksi şirkətinin reklamı qeyd olunan “Hyundai Accent” markalı, **-XQ-*** dövlət qeydiyyat nişanlı avtomobil Vaqifə yaxınlaşıb qabaq alt hissəsi ilə sonuncunu yerdə vuraraq üzərindən keçib bir neçə metr irəli sürüyüb dayanmışdır. Avtomobildən bir nəfər cavan oğlan düşmüş və Vaqifə kömək etməyə başlamışdır. Onlara yaxınlaşmış və sürücü Vaqifi yerdən qaldırıb avtomobilin arxa oturacağına uzatmışdır. Avtomobilin qabaq oturacağına əyləşmiş və sürücü ilə Vaqifi xəstəxanaya aparmışlar. Yolla gələn zaman sürücünün adının Məhəmməd olmasını öyrənmişdir. Xəstəxanaya çatdıqda həkimlər və sürücü Vaqifi avtomobildən düşürmüşlər, lakin məlum olmuşdur ki, sonuncu artıq yolda ölmüşdür. Xəstəxanada olan zaman oraya polis əməkdaşları gəlmiş və Vaqifin anket məlumatları barədə sorğu-sual zamanı onlara bildirmişdir ki, Vaqifin yaşadığı evi tanıyır. Polis əməkdaşları və sürücü ilə hadisə yerinə gəlmiş, oradan da polis əməkdaşlarını Vaqifi Abşeron rayonu, Hökməli qəsəbəsində yaşadığı evin qarşısına aparmışdır. Vaqifin yaşadığı evi polis əməkdaşalrına göstərib öz yaşadığı evə getmişdir. Məhkəmə iclasında dəvət olunmuş, əlavə şahid qismində dindirilmiş X12 ifadəsinində göstərmişdir ki, hadisə günü evə gedərkən iki nəfər şəxsin yolun kənarında dayandığını müşahidə etdim. Çörək almaq üçün gecə saatlarında açıq market axtardım, “Oba” və “Əli” market bağlı olduğundan Hökməli dairəsinə düşdüm, hadisə zamanı yoldan bir mersedes markalı yüksək sürətli maşımnın keçdiyini gördüm, daha sonra yolda uzanmış bir nəfəri gördüm maşının istiqamətini dəyişərək maneəyə toxunmadan keçdim. Məndən sonra gələn maşının hazırki təqsirləndirilən şəxs maneəni görməyərək həmin şəxsi vurmuşdur. Məm nəqliyyat vasitəsini saxlayıb polisə və təcili tibbi yardıma zəng etməsini tövsiyyə edib getdim. Hadisənin tam necə baş vernəsini görməmişəm. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

1. 28 dekabr 2023-cü il tarixli, BD seriyalı, 909615 saylı sürücülük vəsiqəsinə əsasən X9 “B1, B, C1 və C” kateqoriyaları üzrə nəqliyyat vasitəsini idarə etmək hüququ verilmişdir;

2. “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi” haqqında 04 noyabr 2024-cü il tarixli protokoldan, protokola əlavə edilmiş sxemdən və fotocədvəldən görünür ki, hadisə Abşeron rayonu, Hökməli qəsəbəsi, Əliağa Vahid küçəsində yerləşən “SECRET STORE” kişi geyimləri mağazasının yaxınlığında baş vermişdir. Hadisənin baş verdiyi yerdə yolun hərəkət hissəsi düz olmaqla asfalt beton örtüklü və yaşdır. Hərəkət birtərəfli olmaqla yol örtüyünün eni 6 metr, hərəkət hissəsinin eni 3 metrdir. Hadisə yerindən iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı əşya və ya predmet götürülməmişdir;

3. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi tərəfindən “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəsi” haqqında 04 noyabr 2024-cü il tarixli 61211 saylı protokoldan görünür ki, X8 alkoqol qəbulunun hər hansı əlamətləri aşkarlanmamışdır;

4. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 04 noyabr 2024cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmaqla icraata götürülmüşdür;

5. “Zərərçəkmiş şəxsin hüquqi varisi kimi tanınma haqqında” 12 noyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs oğlunun yol-nəqliyyat hadisəsi nəticəsində ölməsi faktı üzrə atası X7 hüquqi varis qismində tanınmışdır;

6. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin 18 noyabr 2024-cü il tarixli arayışından görünür ki, X11 əvvəllər məhkum olunmamışdır;

7. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X22 İdarəsinin 25 noyabr 2024-cü il tarixli məktubuna əsasən Baş X22i İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə (xx.xx.2033-cü il tarixədək etibarlı olan) BD 909615 nömrəli “B1 B C1 C” kateqoriyalı sürücülük vəsiqəsi verilib və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı məlumat qeydə alınmamışdır;

8. Azərbaycan Respublikası 01 saylı Asan Sumqayıt Asan Xidmət Mərkəzi tərəfindən 26 noyabr 2024-cü il tarixdə verilmiş AZ-İİ 465188 ölüm haqqında şəhadətnaməyə əsasən Zərərçəkmiş şəxs baş beynin ocaqlı travması nəticəsində ölmüş və həmin ölüm 2024-cü ilin noyabr ayının 26 tarixində 833 №-ilə qeyd edilmişdir;

9. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X10 Publik Hüquqi şəxsinin Abşeron rayon şöbəsindən verilən 02 dekabr 2024-cü il tarixli 162 nömrəli rəyindən görünür ki, 1991-ci il təvəllüdlü mərhum Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-başın küt travması, baş beyin əzilməsi, baş beyinin qişaları altına və maddəsinə qansızmalar, baş beyinin travmatik ödemi, kəllə tağı və əsası sümüklərinin sınığı, sol alın-gicgah-təpə nahiyəsinin dərialtı hematoması, sağ ağciyərin cırılmış yaraları, sağ tərəfi İ, İİ, İİİ, İV, V qabırğaların qəlpəli sınıqları, bədənin çoxsaylı sınıqları. Qeyd edilən xəsarətlər küt əşyanın təsirindən əmələ gəlmişdirlər, həyatidirlər, ölümlə birbaşa səbəbli əlaqəlidirlər və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. Həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə X4 piyada qismində hərəkət edən avtomaşınla vurulması nəticəsində əmələ gələ bilmələri mümkündür. Zərərçəkmiş şəxs ölümünün səbəbibaş beyin əzilməsi. Baş beyinin qişaları altına və maddəsinə qansızmalar. Baş beyinin travmatik ödemi. Kəllə tağı və əsası sümüklərinin sınığı olmuşdur. İlkin meyit əlamətlərinə əsasən demək olar ki, Zərərçəkmiş şəxs ölümü onun meyitinin meyitxanada müayinəsi başlayandan (xx.xx.2024-cü il tarixdə, saat 11:30-dan) 8- 12 saat əvvəl baş vermişdir. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti aşkar edildi. Etil spirtinin qatılığı 1,05%-dir. Qanda metil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon 1,4 benzodiazepin törəmələri və salisilatlat aşkar edilmədi;

10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilən 20 fevral 2025-ci il tarixli, 8/279 saylı “yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının” “Yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının” rəyinə əsasən istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Hyundai Accent” markalı 77XQ609 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Aparılmış tədqiqatın xərci 85 manat təşkil edir;

11. Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 24 fevral 2025-ci il tarixli qərara əsasən X11 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir

12. “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” 25 fevral 2025-ci il tarixli qərara əsasən təqsirləndirilən şəxs X9 24 fevral 2025-ci il tarixdə qüvvədə saxlanılmaqla ittiham elan edilmiş, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri nəzərə alınmış, təqsirləndirilən şəxsin ifadələri, toplanmış sübutların məcmusu ilə təsdiq edildiyindən, zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X2 ifadəsi, şahid qismində dindirilmiş Şahid1 və X3 ifadələri, məhkəmə-tibbi ekspertizasının 04 noyabr 2024-cü il tarixli, 162 saylı rəyi, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 20 fevral 2025-ci il tarixli, 8/279 saylı rəyi, hadisə yerinə və avtomobilə baxış protokolları iş üzrə sübut növü kimi qiymətləndirilmiş, idarə etdiyi və yol-nəqliyyat hadisəsini törətdiyi "Hyundai Accent" markalı, **-XQ-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibinə təhvil verilməsi, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə cinayət işi başlanması rədd edilmiş, iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış və sonuncuya mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməsi müəyyən edilmişdir;

13. “Azemis” Elektron İnformasiya sistemi vasitəsilə təqsirləndirilən şəxsin “qohumluq” məlumatları ilə bağlı verilmiş sorğudan görünür ki, X6 himayəsində 24 yanvar 2024-cü il təvəllüdlü X16 və 14 yanvar 2025-ci il təvəllüdlü X11 adlı övladları vardır.

14. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs “Cəbrayılın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir.

Əməlin tövsifi və digər hüquqi məsələlər:

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan ( tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin tələbinə görə avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda cinayət məsuliyyəti müəyyən edilir. Qeyd olunan Məcəllənin 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər (avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda) ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda, həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur və üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Yol hərəkəti haqqında” 3 iyul 1998-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən sürücü yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli Qərarının 12-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair işlərə tam, hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni və əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisə yerinin müayinə edilməsi, nəqliyyat vasitələrinə baxış keçirilməsi, sürücülərin sağlamlıq və ya sərxoşluq vəziyyətinin yoxlanılması (müvafiq müayinələrdən keçirilməklə), ifadələrin yerində yoxlanılması, istintaq eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması, iş üzrə məhkəmə-tibbi, məhkəmə-texniki və məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizalarının keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Bundan başqa, yol-nəqliyyat hadisələrinin baş verdiyi ərazi videomüşahidə vasitələrinin nəzarəti altında olduqda, müvafiq görüntülərin elektron daşıyıcıda cinayət işinə əlavə olunması təmin edilməlidir. Məhkəmələrə həmçinin izah edilsin ki, bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin “Yol hərəkəti haqqında” Qanunun məhz hansı normasının tələblərini pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yolnəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir. Həmin qərarın 19 və 20-ci bəndlərində isə göstərilmişdir ki, izah olunsun ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə əlaqədar baş vermiş hadisələr zamanı sürücülər tərəfindən “Yol hərəkəti haqqında” Qanunun tələblərinin pozulub-pozulmaması, bu hadisələrin qarşısını almağa onların texniki cəhətdən imkanlarının olub-olmaması əsas etibarı ilə məhkəmə-yol-nəqliyyat ekspertizasının, zərər çəkmiş şəxsin sağlamlığına məhz yol-nəqliyyat hadisəsi nəticəsində zərərin vurulması və bu zərərin ağırlıq dərəcəsi isə məhkəmə-tibbi ekspertizasının rəyləri əsasında müəyyən edilir. Bununla əlaqədar sübutları qiymətləndirərkən məhkəmələr iş üzrə təyin edilmiş ekspertizaların səlahiyyətli ekspertiza idarəsi tərəfindən aparılmasına xüsusi diqqət yetirməlidirlər. Məhkəmələrin diqqəti ibtidai araşdırma zamanı keçirilmiş ekspertizaların rəylərinin mötəbər, qərəzsiz, obyektiv və yol-nəqliyyat hadisəsinin bütün hallarını kifayət qədər özündə əks etdirən sübutlar əsasında verilməsinə yönəldilsin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145-ci maddəsinə əsasən məhkəmələrin iş üzrə qəbul etdikləri yekun məhkəmə aktlarında ibtidai araşdırma zamanı və məhkəmə iclasında keçirilmiş ekspertizaların rəyləri digər sübutlarla birgə mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263, 263-1 və ya 351-ci maddələri ilə təqsirləndirilən şəxslər haqqında cinayət işlərinə baxarkən məhkəmələr nəzərə almalıdırlar ki, yol-nəqliyyat hadisəsi ekspertizasının rəyinin başqa sübutlara münasibətdə üstünlük qüvvəsi yoxdur, yol verilmiş pozuntu ilə baş vermiş hadisə və onun nəticələri arasında səbəbli əlaqənin mövcudluğu, şəxsin yol verdiyi pozuntuya görə cinayət və ya inzibati məsuliyyətə cəlb edilməli olması haqqında nəticə isə yalnız məhkəmə iclasında araşdırılmış sübutların hüquqi qiymətləndirilməsindən sonra verilə bilər. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən Azərbaycan Respublikasının cinayət və cinayət-prosessual qanunvericiliyin, “Yol hərəkəti haqqında” 3 iyul 1998-ci il tarixli Azərbaycan Respublikasının Qanununun tələblərini rəhbər tuturaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarlarının müddəalarını da nəzərə alır. Məhkəmə X6 törətdiyi hadisə ilə bağlı olan cinayət əməlinin tövsifi ilə əlaqədar qeyd edir ki, hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlərin obyekti yol hərəkətinin və nəqliyyat vasitələrinin istismarının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. Şərh olunan cinayətin əlavə obyektini insanın həyat və ya sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində təsbit edilən cinayətin obyektiv cəhəti avtomobil, travmvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının ehtiyatsızlıqdan iki və ya daha artıq şəxsin ölümünə səbəb olan dərəcədə pozulmasında ifadə olunur. Yol hərəkəti qaydalarının pozulması dedikdə, sürücü tərəfindən “Yol hərəkəti haqqında” Qanunla onun üçün müəyyən olunan vəzifələrə, habelə yol hərəkətinin müxtəlif qaydalarına riayət edilməməsi və ya lazımınca riayət edilməməsi başa düşülməlidir. Şərh olunan cinayət maddi tərkibli olduğu üçün həmin Məcəllənin 263-cü maddəsində sadalanan ictimai təhlükəli nəticələrdən hər hansı biri baş verdiyi andan başa çatmış hesab olunur. Hərəkət təhlükəsizliyi və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə baş vermiş ictimai təhlükəli nəticələr arasında səbəbli əlaqə mövcud olmalı və bu müəyyən olunmalıdır. Təhlil olunan cinayətin subyektiv cəhəti baş vermiş nəticələrə təqsirin ehtiyatsızlıq forması ilə xarakterizə olunur. Hərəkət təhlükəsizliyi və ya nəqliyyatın istismarı qaydalarını pozan şəxs bu əməlinin ictimai təhlükəli xarakterini dərk edir, onların insanın sağlamlığına az ağır və ya ağır zərər vurulmasına və ya onun ölümünə səbəb olacağı imkanını qabaqcadan görür, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman edir (cinayətkarcasına özünəgüvənmə), yaxud nəqliyyat vasitəsini idarə edən şəxs hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozarkən qanunda nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrin baş verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görmür (cinayətkarcasına etinasızlıq). Bu cinayətin subyekti yalnız yol-nəqliyyat hadisəsinin törədildiyi anda 16 yaşına çatmış, anlaqlı vəziyyətdə olan və nəqliyyat vasitəsini idarə edən şəxs ola bilər. Cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, X6 törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl ehtiyatsızlıqdan törədilərək başa çatmış cinayət olmaqla, təsnifata görə müvafiq olaraq az ağır cinayətlər kateqoriyasına aid edilir. Qeyd edilənlərə əsasən, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları tədqiq edib qanunvericiliyin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, məhkəmədə X6 yol hərəkəti qaydalarının pozulması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına xəsarət vurulması və digər zərərçəkmiş şəxsin ölümünə səbəb olması halı onun tərəfindən məhkəmə iclaslarında verdiyi ifadə ilə inkar edilsə də, lakin hadisə yerinə baxış keçirilməsi protokolu, eləcə də ekspertiza rəyləri, zərərçəkmiş şəxs və şahid ifadələri və digər sənədlərlə kifayət qədər sübuta yetirildiyindən onun əməli yuxarıda qeyd edilənlər nəzərə alınmaqla ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq tövsif edilmişdir və o həmin maddə ilə təqsirli bilinməklə cəza təyin edilməlidir. Belə ki, qeyd edilən sübutlarla müəyyən edilir ki, hadisənin baş verməsi və nəticə ilə səbəbli əlaqə məhz onun ötmə hərəkətini həyata keçirən nəqliyyat vasitəsinə yol verməməsi və ilkin olaraq onlar arasında baş vermiş toqquşma nəticəsində həmin nəqliyyat vasitəsinin idarəetməni itirməsi olmuşdur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını bir daha qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin hərəkətlərində ittiham olunduğu maddədə nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Belə olan halda X6 cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir.

Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:

Məhkəmə X9 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmə hökmü haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları da nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 saylı qərarın 45-ci bəndinə göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmədə X6 əməlində cəzanı yüngüləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, qanunvericiliyin tələbləri baxımından hesab edir ki, törədilmiş cinayətin xarakterini, hadisənin baş verməsi mexanizmini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə himayəsində azyaşlı uşaqlarının olmasını, barışıq üçün dəfələrlə cəht etməsini, Qarabağ müharibəsi iştirakçısı olmasını onun cəzasını ağırlaşdıran halların olmaması ilə yanaşı cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədləri X6 müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə görə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməlidir. İstinad olunan maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, X6 ehtiyatsızlıqdan az ağır cinayət törətməyə görə təqsirli bilinməsi nəzərə alınmaqla ona təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45-ci maddəsinə görə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə cəza ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzalarına, əsas cəzanın şərti olaraq tətbiq edilib-edilməməsindən asılı olmayaraq, əlavə cəza kimi bir ildən beş ilədək müddətə təyin olunur. İstinad olunan maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, X6 cinayət əməlini yol hərəkəti qaydalarını kobud pozması nəticəsində törətməsi müəyyən edildiyindən ona nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməli və həmin cəza əsas cəzanın çəkildiyi bütün müddətə və hökmlə həmin cəza növü üçün müəyyən ediləcək müddətə şamil olunmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinin tələbinə görə cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkəmə, hesab edir ki, X6 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və cəzaçəkməsinin əvvəli onun müvafiq cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hazırki cinayət işi üzrə qeyd edir ki, cinayət işi üzrə maddi sübut kimi tanınmış “Hyundai Accent” markalı, **-XQ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin saxlanılması üçün sahibinə təhvil verilməsi nəzərə alınmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, X5 85 (səksən beş) manat məbləğində məhkəmə məsrəflərinə aid olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1- ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, X6 təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Cinayət işi üzrə mülki iddia, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi:

X11 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 05 (beş) il müddətə azadlıqdan etmə cəzası təyin edilsin. X11 cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli onun məntəqə tipli cəza çəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.2-ci maddəsinə əsasən X6 əlavə cəza kimi təyin edilmiş nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə cəzası barəsində təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının bütün müddətinə şamil edilməklə azadlıqdan məhrumetmə cəzasını çəkib bitirdiyi vaxtdan hesablansın. X11 barəsində seçilmiş «başqa yerə getməmək haqqında» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat məbləğində pul X5 tutularaq dövlət nəfinə köçürülsün. Cinayət işi üzrə maddi sübut kimi tanınmış “Hyundai Accent” markalı, **-XQ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin saxlanılması üçün sahibinə təhvil verilməsi nəzərə alınsın. Cinayət işi üzrə mülki iddianın, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökmdən onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar