Məhkəmə qərarları › İş №1(012)-67/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-67/2021

09.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-67/2021 09.02.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1980-ci ildə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkumluğu olmayan, Cəlilabad rayonu Musalı kəndində qeydiyyatda olub, Abşeron rayonu Mexkalon MD-23 həyət evində kirayədə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxx 2020-ci il saat 17 radələrində idarə etdiyi Mercedes Benz 1317L yük markalı ** NF *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Şamaxı- Yevlax yolunun Abşeron rayonu ərazisindən keçən 15-ci kilometrində, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 77-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozub, yəni eyni əhəmiyyətli olmayan yolların kəsişdiyi yolayırıcında, ikinci dərəcəli yolla hərəkət edən nəqliyyat vasitəsinin sürücüsü, baş yolla yolayırıcına yaxınlaşan nəqliyyat vasitələrinə, onların sonrakı hərəkət istiqamətindən asılı olmayaraq, yol verməli, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunu etməyib, ikinci dərəcəli torpaq örtüklü yoldan asfalt örtüklü yolayırıcına daxil olaraq baş yol hesab edilən Bakı-Şamaxı-Yevlax yolunun sağ kənarı ilə Şamaxı istiqamətinə hərəkətdə olan velosipedçi X5 avtomobilin sol yan hissəsi ilə vurmuş, zərbədən Arzu Tağıyev yük avtomobilinin arxa sol təkərinin altında qalmış, nəticədə ehtiyatsızlıqdan X4 baş beyin toxumasına, qişaları altına və mədəciklərinə qansızma, baş beyinin əzilib-dağılması, dislokasiyası, kəllə tağı sümüklərinin çoxsaylı qəlpəli və kəllə əsasına keçən xətti sınıqları, başın deformasiyası, sol göz almasının qabarması və hissəvi evakuasiyası, ağız-burun ətrafının qansızması və sıyrıqları, hər iki yuxarı ətrafların və bel nahiyəsinin qançırları və sıyrıqları kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran bədən xəsarətləri alaraq ölməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, xx xxx 2020-ci il tarixdə saat 17 radələrində etibarnamə əsasında idarə etdiyi “Mercedes-Benz” markalı ** NF *** dövlət qeydiyyat nişanlı avtomobillə kirayə yaşadığı Abşeron rayonu, Mexkalon MD-23 qəsəbəsindən küçədən gəlib Bakı-Şamaxı- Yevlax yolunun kəsişdiyi yerə çatıb sola baxmışdır ki, ağ rəngli bir minik avtomobili soldan gəlib sağa Şamaxı istiqamətinə keçmiş, o, soldan yenə təxminən 50 metr məsafədən velosipedçinin gəldiyini görmüş, çıxıb yola hərəkət edəcəyini fikirləşmiş, təxminən 5-10 km/saat sürətlə hərəkətini davam etdirib yola çəpəki düzəlmişdir ki, sağ yan güzgüdən sağ təkərin səkiyə toxunub-toxunmadığına baxmış, asfaltın kənarında velosipedin yerdə olduğunu görmüş, tez avtomobilini saxlayaraq yerə düşüb baxdıqda velosipedçi oğlanın yerdə hərəkətsiz xəsarət almış vəziyyətdə olduğunu görmüşdür. Oraya toplaşan şəxslər təcili tibbi yardıma zəng vurmuşlar. Sonradan velosipedçinin öldüyünü eşitmişdir. Qeyd etmişdir ki, hadisədən əvvəl avtomobili texniki cəhətdən saz vəziyyətdə və yüksüz olmuş, avtomobildə sərnişin olmamış, heç bir spirtli içki qəbul etməmişdir. Zərərçəkmiş şəxsin ailə üzvlərinə maddi yardım etmişdir. Hadisənin baş verməsindən peşmançılıq çəkir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, 2004-cü il təvəllüdlü oğlu X7 xx xxx 2020-ci il tarixdə saat 17 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Abşeron rayonu ərazisindən keçən 15-ci kilometrində Təqsirləndirilən şəxs idarə etdiyi Mercedes Benz 1317L Yük markalı ** NF *** dövlət qeydiyyat nişanlı avtomobillə oğlu velosiped sürərkən onu vurmuş, nəticədə A.Tağıyev ölmüşdür. O, bu barədə hadisədən sonra bilmiş, həmin gün oğlunun meyiti meyitxanasında müayinə olunduqdan sonra onlar təhvil almışlar və meyiti Tovuz rayonu Yanıqlı kənd qəbiristanlığında dəfn etmişlər. Hadisəni törədən sürücü Təqsirləndirilən şəxs onlara maddi yardım etdiyinə görə ona qarşı şikayəti və tələbi yoxdur. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli 37/MEŞ nömrəli rəyindən görünür ki, X4 bədəni üzərində aşkar edilmiş xəsarətlər baş beyin toxumasına, qişaları altına və mədəciklərinə qansızma, baş beyinin əzilib-dağılması, dislokasiyası, kəllə tağı sümüklərinin çoxsaylı qəlpəli və kəllə əsasına keçən xətti sınıqları, başın deformasiyası, sol göz almasının qabarması və hissəvi evakuasiyası, ağız-burun ətrafının qansızması və sıyrıqları, hər iki yuxarı ətrafların və bel nahiyəsinin qançırları və sıyrıqları bərk küt əşyanın təsirindən törənmişdir, xx.xx.2020-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində yarana bilərdilər, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər və ölümlə birbaşa səbəbli əlaqələri vardır. Ölümünə bilavasitə səbəb başın ağır küt travması nəticəsində baş beyin toxumasına, qişaları altına və mədəciklərinə qansızma, baş beyinin əzilib-dağılması, dislokasiyası, kəllə tağı sümüklərinin çoxsaylı qəlpəli və kəllə əsasına keçən xətti sınıqları olmuşdur. X4 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və digər zəhərliyici maddələr aşkar edilməmişdir. İş üzrə keçirilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx xxxx 2020-ci il tarixli, 8/801 nömrəli rəyindən görünür ki, “Mercedes Benz” 1317L markalı ** NF *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 77-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. xx xxx 2020-ci il tarixli saylı Sərxoşluq vəziyyətini təyin edən tibbi müayinə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə müayinə olunarkən onda «Sərxoşluq əlamətləri» müəyyən edilməmişdir. BDYPİ Qİİ-dən alınmış xx xxxx 2020-ci il tarixli 016-61171-1220 nömrəli məktubdan görünür ki, xx.xx.1980-ci ildə anadan olmuş Təqsirləndirilən şəxs DİN BDYPİ X2 informasiya uçot bazasına görə, sürücülük hüququndan məhrum edilməsi və ya məhdudlaşdırılması barədə məlumat qeydə alınmamışdır. Adı çəkilən şəxsə xx.xx.2019-cu il tarixində AF seriyalı 130609 nömrəli «BC» dərəcəli sürücülük vəsiqəsinin verilməsi barədə məlumat mövcuddur. Zərəçəkmiş şəxsin hüquqi varisi X3 Abşeron Rayon Məhkəməsinə təqdim etdiyi xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, hadisə yerini əks etdirən bir ədəd SD disk maddi sübut kimi tanınaraq, cinayət işinə əlavə edilmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması ekspertlərin rəyləri, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadələri ilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı təqsirləndirilənin törətdiyi əməl Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, cəza təyini zamanı Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2013-cü il tarixli, 5 saylı Qərarının 21-ci bəndində göstərilir ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmədə müəyyən edilmişdir ki, hadisədən sonra təqsirləndirilən şəxs mərhumun ailə üzvlərinə dəymiş maddi və mənəvi zərərin aradan qaldırılmasına yönələn hərəkətlər etməyə çalışaraq, hadisənin baş verməsindən təəssüfləndiyini, peşmançılıq çəkdiyini bildirmişdir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 8.1, 41.2, 58.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayət törətməsini, cəzasını yüngülləşdirən halı, onun şəxsiyyətini səciyyələndirən halı, təyin olunan cəzanın onun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə əsas cəzanın və nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən məhkumun cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsin ilk dəfə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan az ağır cinayət törətməsini, onun ailəsi ilə birlikdə daimi yaşayış yerinin olmasını, hökmün icrasına maneə törətmək ehtimalının olmamasını nəzərə alaraq, hesab edir ki, hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 197, 198-ci maddəsinə əsasən iş üzrə 70 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Bakı şəhəri, 11 saylı vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və ibtidai istintaq zamanı Bakı şəhəri, 11 saylı vəkil bürosunun vəkili X1 göstərdiyi 24 saat hüquqi yardıma görə 144 manat məbləğdə pul Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Bakı şəhəri, 2 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. Hökmün icrası Cəlilabad rayon Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə 70 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımını ödəməkdən azad edilsin və ibtidai istintaq zamanı Bakı şəhəri, 11 saylı vəkil bürosunun vəkili X1 göstərdiyi 24 saat hüquqi yardıma görə 144 manat məbləğdə pul Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Bakı şəhəri, 11 saylı vəkil bürosunun hesablaşma, “xxxx” ASC Binəqədi filialı, kod 200156, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab-AZ48AİİB********************, VÖEN ********** hesabına köçürülsün. Hökmün icrası Cəlilabad rayon Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Hökm şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar