Məhkəmə qərarları › İş №1(012)-67/2022

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-67/2022

28.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-67/2022 28.02.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi2 iştirakı ilə xx xxxxxx 1992-ci ildə Qobustan rayonu, Mərəzə kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, hazırda Qobustan şəhəri, Koroğlu küçəsi ev 21-də qeydiyyatda olmaqla Qobustan şəhəri, H.Əliyev pr. yaşamış, Abşeron Rayon Məhkəməsinin 01.07.2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, 29.06.2021-ci il tarixdən Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 22 may 2021-ci il tarixdə saat 01 radələrində yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində atası Zərərçəkmiş şəxs ilə mübahisə zəminində sonuncuya məxsus Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “AAAF-park” yaşayış massivində inşa edilən 12 nömrəli bina, 4-cü mərtəbə, 24 nömrəli mənzilə benzin töküb qəsdən yandırmaqla, həmin mənzili yararsız vəziyyətə salaraq 21.827 manat məbləğində və mənzildə olan, atası Zərərçəkmiş şəxs məxsus 5000 manat dəyərində yataq, qonaq, mətbəx və dəhlizdə olan mebellərini, 1000 manat dəyərində 2 nəfərlik və uşaq üçün olan yataq dəstlərini. 900 manat dəyərində Bakı şəhərində istehsal olunmuş divanını, 800 manat dəyərində 6 nəfərlik stol və 6 ədəd stul dəstini. 1 ədəd 600 manat dəyərində qonaq otağından asılmış çilçirağı, hər biri 500 manat dəyərində olan 3 ədəd fabrikdə düzəlmiş xalçalarını, 1 ədəd 850 manat dəyərində 108 ekran Samsung Smart markalı televizorunu, 1 ədəd 1400 manat dəyərində Hoffman markalı 80kv-lıq kondisionerini, 1 ədəd 250 manat dəyərində “eurolux” markalı ət çəkən maşınını, 1 ədəd 200 manat dəyərində “eurolux” markalı tozsoranı, 1 ədəd 100 manat dəyərində “eurolux” markalı ütünü, 1 ədəd 150 manat dəyərində aspiratoru, 1 ədəd 750 manat dəyərində 6 kqlıq “Hoffman" markalı paltaryuyan maşını, 1 ədəd 800 manat dəyərində “Hoffman” markalı soyuducunu, 1 ədəd 450 manat dəyərində mətbəxdə istifadə olunan qaz sobasını, 1 ədəd 1100 manat dəyərində kombi aparatını, ümumi dəyəri 200 manat olan 3 ədəd istilik batareyalarını, ümumi dəyəri 300 manat olan 2 ədəd pərdə dəsdini, 1 ədəd 150 manat dəyərində elektrik sobasını cəmi 16.500 manat məbləğində ümumilikdə isə zərərçəkmiş şəxsə 38.327,0 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla əmlakını qəsdən məhv etmiş və zədələmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin göstərilən cinayət əməlini törətməkdə təqsirli olması aşağıdakı qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Qobustan şəhəri, Koroğlu küçəsi ev 21-də qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, AAAF-Park yaşayış kompleksi, 25-ci küçə, ev 12, mənzil 24-də ailəsi ilə birlikdə yaşamışdır. Hazırda həmin evi yandırdığına və orada yaşamaq mümkün olmadığına görə qayınatasının yaşadığı Qobustan şəhəri. H.Əliyev pr.-də yaşayır. Ailəlidir və fərdi olaraq taksi sürücüsü kimi işləyir. Baş vermiş hadisədən 10 gün əvvəl Orucluq Bayramı ilə əlaqədar olaraq həyat yoldaşını və azyaşlı uşağını valideynlərinin yaşadıqları Qobustan şəhəri, Mərəzə qəsəbəsinə aparıb qoyduğu üçün yandırdığı evdə tək yaşamışdır. Xırdalan şəhəri, AAAF-Park yaşayış kompleksi, 25-ci küçə, ev 12, mənzil 24 ünvanının sənədləri atası Zərərçəkmiş şəxs adma olsa da həmin evdə yaşamışdır. Belə ki, həmin evi onun övladı dünyaya gəldikdən sonra atası ona həmin evi yaşamaq üçün ona vermişdir. Belə ki, həmin evi atası təxminən 1 il bundan əvvəl ona almışdır. 21 may 2021-ci il tarixdə günorta vaxtı spirtli içki (pivə) qəbul etmişdir. 22 may 2021-ci tarixdə saat 01 radələrində evdə olduğu zaman yaşadığı evi yandırmaq qərarına gəlmişdir. Ona görə də Xırdalan şəhərində Vaz dairəsi adlanan yerin yaxınlığında yerləşən “Lukoil” yanacaq doldurma məntəqəsindən evə gələn zaman oradan 10 litr yanacaq (benzin) almışdır. 10 litrlik plastik qaba doldurulmuş həmin yanacağı gətirib evin hər iki otağına, eləcə də mətbəxə səpdikdən sonra kibritlə alışdırıb evdən çıxmışdır. Sonra isə həyətə çıxıb ətrafa toplaşan şəxslər kimi evin yanmağına baxmışdır. Bundan sonra isə hadisə yerinə FHN-niıı və polis əməkdaşlarının gəldiyini görmüşdür. 22.05.2021-ci il tarixdə saat 01 radələrində yaşadığı Abşeron rayonu. Xırdalan şəhəri, AAAF-Park yaşayış kompleksi, 25-ci küçə, ev 12, mənzil 24 ünvanını məqsədi yalnız evini yandırmaq olduğuna görə yanacaq (benzin) səpərək evini yandırmışdır. Həmçinin, özünü öldürmək üçün evi yandırmış və 5-10 dəqiqə ərzində evdə olan zaman özü evdə çıxıb həyətə düşmüş, sonra isə evin yanmasına baxmışdır. Həmin vaxt evdə tək olmuş, yanında başqa heç kim olmamışdır. Sonradan atası olan zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs dəymiş ziyanı tam ödəyərək onunla barışmışdır. Törətdiyi əməldən çox peşmandır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Qobustan şəhəri. Koroğlu küçəsi ev 21-də qeydiyyatda olmaqla yaşayır. Rəsmi olaraq Qobustan rayon icra hakimiyyətində işləyir. Təqsirləndirilən şəxs onun kiçik oğludur. Rəvanla hadisə törətməmişdən təxminən 1 ay əvvəl münasibətləri pisləşmişdir. Belə ki. Rəvan daim onunla münaqişə yaratmış, Təqsirləndirilən şəxs evləndikdən sonra oğlu olmuş, oğlunun adını onun adını verdiyi üçün o, Rəvana yaşamaq üçün Abşeron rayonu, Xırdalan şəhəri, AAAF parkyaşayış kompleksində 25-ci küçə, ev 12, mənzil 24-də olan evimi yaşamaq üçün vermişdir. Rəvan təxminən 1 il müddətinə həmin evdə öz ailəsi ilə birlikdə yaşamışdır. 22 may 2021-ci il tarixdə böyük oğlu onunla telefon əlaqəsi saxlayaraq bildirmişdir ki. Təqsirləndirilən şəxs yaşadığı evi yandırmışdır. Həmçinin, bildirmişdir ki, Təqsirləndirilən şəxs hadisədən təxminən 10 gün əvvəl öz ailəsini Qobustan rayonuna göndərmişdir. Həmin evdə isə tək yaşamışdır. O, bu hadisədən təxminən iki gün sonra Abşeron rayonu, Xırdalan şəhərinə gəlmişdir. Həmin vaxt evinin yanaraq pis vəziyyətdə olmasının şahidi olmuşdur. Daha sonra evə daxil olan zaman evdə olan əşyalarının yanaraq yararsız vəziyyətə düşməsini görmüşdür. Onun orada 5000 manat dəyərində yataq, qonaq, mətbəz və dəhlizdə olan mebellərin, 1000 manat dəyərində 2 nəfərlik və uşaq üçün olan yataq dəstləri, 900 manat dəyərində Bakı şəhərində istehsal olunmuş divanın, 800 manat dəyərində 6 nəfərlik stol və 6 ədəd stul dəstin, 1 ədəd 600 manat dəyərində qonaq otağından asılmış çilçirağın, hər biri 500 manat dəyərində olan 3 ədəd fabrikdə toxunmuş xalçaların, 1 ədəd 850 manat dəyərində 108 ekran Samsung Smart markalı televizorun, 1 ədəd 1400 manat dəyərində Hoffman markalı 80kv-lıq kondisionerin, 1 ədəd 250 manat dəyərində “eurolux" markalı ət çəkən maşının, 1 ədəd 200 manat dəyərində “eurolux" markalı tozsoranın, 1 ədəd 100 manat dəyərində “eurolux" markalı ütünün, 1 ədəd 150 manat dəyərində aspiratorun, 1 ədəd 750 manat dəyərində 6 kq-lıq “Hoffman" markalı paltaryuyan maşının, 1 ədəd 800 manat dəyərində “Hoffman" markalı soyuducunun, 1 ədəd 450 manat dəyərində mətbəxdə istifadə olunan qaz sobasının, 1 ədəd 1100 manat dəyərində kombi aparatının, ümumi dəyəri 200 manat olan 3 ədəd istilik batareyalarının, ümumi dəyəri 300 manat olan 2 ədəd pərdə dəsdinin və 1 ədəd 150 manat dəyərində elektrik sobasının yanmasını görmüşdür. Həmin yanğın hadisəsi nəticəsində ona ümumilikdə 16.500 manat dəyərində məişət əşyaları yanması nəticəsində ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, 1-ci Dairəvi keçidi, ev 18-də qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev Pr. 167 AAAF park yaşayış kompleksi, 25 saylı küçə, bina 2, mənzil 36-da ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Fərdi olaraq sahibkarlıqla məşğul olur. Qonşuluğunda yaşayan Təqsirləndirilən şəxs tanımır, onunla hər hansı münasibəti və ədavəti olmamışdır. Təxminən 5-6 ay bundan əvvəl həmin şəxsin hərbiçi qardaşını görmüşdür. Rəvanın qardaşı evi alan zaman yaşadığı evin qaz xəttinin çəkilişində görmüşdür. Onun yaşadığı evin eyvanında yanmış evin pəncərəsini görmək olmuşdur. 22 may 2021-ci il tarixdə təxminən saat 01 radələrində evdə yatan zaman binanın həyətində güclü partlayış səsinin gəldiyini eşitmişdir. Eyvana çıxaraq həyətə baxmışdır. Bu zaman qarşı tərəfdə 4-cii mərtəbədə pəncərədən yanğının çıxmasını, tüstü gəldiyini görmüşdür. Bundan sonra DİN-nin 102 xidmətinə zəng vurub məlumat vermişdir. Lakin, binanın həyətinə düşməmişdir. Həyətdə çoxlu adamlar toplaşmışdır. Sonra həyətə Yanğın Söndürmə maşınları gəlmiş, sonradan bilmişdir ki. qonşuluqda yaşayan Təqsirləndirilən şəxs adlı şəxs yaşadığı evi yandırmışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Biləsuvar şəhəri S.Vurğun küçəsi ev 9, mən 14-də qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev Pr. 167 AAAF park yaşayış kompleksi, 25 saylı küçə, bina 12, mənzil 23-də ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq “Azexpress" MMC-nin direktoru işləyir. Onunla qonşuluqda 24-cü mənzildə yaşayan Təqsirləndirilən şəxs tanıyır, onunla münasibəti yaxşı olmamışdır. Belə ki, təxminən 1 ilə yaxın müddətdə Rəvan öz ailəsi ilə birlikdə həmin evdə yaşamışdır. Daim evdə olduğu müddətdə ailəsi ilə mübahisə etmişdir. Onunla Rəvanın evinin arası yaxın olduğuna görə Rəvanın evində olan mübahisəni daim eşitmişdir. 22 may 2021-ci il tarixdə təxminən saat 01-02 radələrində evdə olduğu zaman binadan güclü partlayış səsi eşitmişdir. O, həmin vaxt yaşadığı mərtəbədə partlayış olmasını düşünüb, evdən bloka çıxmışdır. Blokda sakitçilik və heç bir partlayış əlamətləri görə bilmədiyi üçün Rəvanın yaşadığı evin qapısını açmaq istəmişdir. Qapını açmaq istədikdə qapı açıq olduğuna görə açılmışdır. Evin içərisində yanğın olduğunu görmüşdür. O, həmin vaxt qonşusu Rəvanın evdə olmasını düşünüb kömək məqsədi ilə evə daxil olub çıxarmaq istəmişdir. Lakin, evdə olan yanğının güclü olmasını və tüstüdən nəfəs ala bilmədiyinə görə evə girə bilməmişdir. Sonra evə daxil olub ailəsini həyətə düşürmək istəmişdir. Ancaq bloku bütün tüstü bürüdüyü üçün ailəsini çıxara bilməmişdir. Ona görə də ailəsini evin eyvanına çıxarmışdır. Təxminən 30 dəqiqə ərzində binanın qarşısına yanğısöndürmə avtomobili gəlmiş və yanmış evin söndürülməsinə nail olmuşdur. Bundan sonra binanın həyətinə düşmüşdür. Həyətdə olan zaman qonşuların dediyinə əsasən, bilmişdir ki. Rəvan evini əlində benzin dolu qabla yandırmışdır. O. həmin vaxt Rəvanı binanın həyətindəgörmüşdür. Hətta Rəvana yaxınlaşıb öz iradını da bildirmişdir. Lakin, Rəvan ona heç bir cavab verməmişdir. Bundan sonra polis əməkdaşları hadisə yerinə gəlib Rəvanı aparmışdılar. Təqsirləndirilən şəxs evini yandırması nəticəsində onun özünə və ailə üzvlərinə hər hansı xəsarət, həmçinin hər hansı maddi ziyan da dəyməmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə yanğın-texniki ekspertizasının 18 iyun 2021-ci il tarixli 10/2319 və 10/2356 saylı rəyindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, AAAF-Park yaşayış kompleksi, H.Əliyev prospekti 167, ev 12, mənzil 24 ünvanında yerləşən mənzildə yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 21827.0 manat məbləğində olduğu müəyyən edilmişdir. Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 08 sentyabr 2021- ci il tarixli 2083 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs psixopatiya oyanıq tipli şəxsiyyət pozuntusu müəyyən olunur. Bunu anamnestik məlumatlar (yeniyetmə dövründə əsəbi, hövsələsiz olması, əsəbi gərginliklər zamanı dəfələrlə kəsmələrlə özünə xəsarətlər yetirməsi, əsəbiliyi ilə əlaqədar ambıılator qaydada həkim-psixiatrın baxışından sonra ona yazılmış sakitləşdirici müalicəni (zolaksa preparatı) qəbul etməsi, hazırkı müayinə zamanı emosional qeyri-sabitliyi, əhvali-ruhiyyəsinin dəyişkənliyi, əsəbiliyi, qeyri-səmimiliyi və s. sübut edir. Aparılmış eksperimental-psixoloji müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs təfəkkürünün ümumiləşdirmə və təhliletmə. proqnozlaşdırma proseslərində normadan kənaraçıxma hallarına təsadüf olunmur. Onun, intellektual imkanları normaya uyğundur. Əhvali-ruhiyyə fonu dəyişkəndir, əsəbilik, hövsələsizlik müşahidə edilir. Öz vəziyyətinə və yaranmış situasiyaya tənqidi münasibət göstərir. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək, onları idarə etmək və istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə psixoloji ekspertizası üzrə cinayət hadisəsini törədərkən Təqsirləndirilən şəxs şüur və davranışlarına təsir göstərən psixi emosional halda olmamış, emosional vəziyyətindən asılı olaraq öz hərəkətlərinin mahiyyətini düzgün qavramaq və dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs baş vermiş hadisə ilə bağlı özündən uydurmağa meyillilik əlamətləri aşkar edilmədi. Lakin, o, baş vermiş hadisə ilə bağlı bəzi məqamları öz maraq və məqsədinə uyğun tərzdə yönəldərək danışa bilər. Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət hadisəsini törədən zaman fizioloji affekt (güclü ruhi həyəcan) vəziyyətində olmamışdır. Məhkəmə narkoloji ekspertizasının 14 avqust 2021-ci il tarixli 2869 saylı rəyindən görünür ki. hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətlərini aşkar olunmur. Hal-hazırda da müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Şübhəli şəxsin tutulması haqqında 29.06.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 29.06.2021-ci il tarixdə Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin 01.07.2021-ci il tarixli qərardan görünür ki, X3 barəsində həbs etmənin əvvəli 29.06.2021-ci il tarixdən hesablanmaqla həbs qətmkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş 07 avqust 2021-ci il tarixli tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş, notariat qaydada təsdiq olunmuş ərizədən görünür ki, ona dəymiş ziyan tam ödənildiyinə görə onun Təqsirləndirilən şəxs qarşı şikayəti və maddi tələbi yoxdur. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, baxış keçirilən zaman yanmış mənzildən benzin doldurulmuş və yanğın hadisəsində istifadə olunmuş 1 ədəd plastik qab maddi sübut kimi tanınaraq, Abşeron RPİ-nin maddi sübutların saxlanma otağına təhvil verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası CPM-in 1.3-cü maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi qanunçuluğun, insan və vətəndaş hüquq və azadlıqlarına hörmətin bərqərar olmasına imkan yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 14.1 -ci maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Həmin Məcəllənin 318.1 -ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədlər sübut kimi qəbul olunur. Cinayət işi üzrə toplanmış və məhkəmə istintaqında hərtərəfli, tam və obyektiv tədqiq edilmiş həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsinə şübhələr olmayan, biri digərinini tamamlayan mümkün və mötəbər sübutlarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs yandırmaqla xeyli miqdarda ziyan vuraraq özgənin əmlakını qəsdən məhv etmə cinayət əməlini törətmişdir. Yuxarıda göstərilənlərlə yanaşı, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlinin törətməsi özünün, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, baxış protokolu, ekspertiza rəyləri, istintaq hərəkətlərinə dair digər protokollar və iş materiallarına əlavə edilmiş sənədlər, digər sübut növləri ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1 -ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Məhkəmənin qənaətinə görə ibtidai istintaq orqanı qanuni üsullarla toplanmış subutları tam araşdırmaqla təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun əməlini Azərbaycan Respublikası CM-nin 186.2.2-ci maddəsi ilə düzgün tövsif etmişdir. "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011 -ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Buna görə Təqsirləndirilən şəxs ittiham olunduğu maddə ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 5.1-ci maddəsinə əsasən əməlin (hərəkət və hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 1-ci bəndində tövsiyyə olunmuşdur ki, "hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin 8 müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır”. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin məcəllənin 58.3-cü maddəsində göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59-cu maddəsinə əsasən, himayəsində azyaşlı uşağın olması, cinayət nəticəsində dəymiş zərəri tam ödəməsi, zərərçəkmiş şəxs ilə barışıq əldə edilməsi nəticəsində zərərçəkmiş şəxsin şikayətçi olmaması ilə nəticələnmiş hərəkətlərin edilməsi cəzanı yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 saylı, 25 iyun 2003-cü il tarixli qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.1-ci maddəsinin şərh edilməsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 dekabr 2010-cu il tarixli Qərarında qeyd edilmişdir ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarının 4-cü bəndində göstərilmişdir ki, CM-nin 59-cu maddəsində nəzərdə tutulmamış halları cəzanı yüngülləşdirən hallar kimi nəzərə alındıqda belə halların yüngülləşdirici hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bundan başqa, məhkəmə qeyd edir ki, cinayətin xarakteri əməlin qəsd etdiyi ictimai münasibətlərin xarakteri ilə müəyyən edilir və cinayətin bu xassəsinin keyfiyyət göstəricisi, ictimai təhlükəliliyi isə yetirilən zərərin miqdarı, həcmi və dərəcəsi, qəsdin özünün xüsusiyyətləri, bəzi hallarda cinayətin subyektinin xüsusiyyətləri ilə müəyyən edilir və ictimai təhlükəliliyin kəmiyyət tərəfi sayılır. Məhkəmə təqslirləndirilən şəxs Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Resplublikası Cinayət Məcələsinin 186.2.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulan cəzanın növünü və həddini müəyyən edərkən, onun şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, himayəsində azyaşlı uşağının olması, zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini, dəymiş ziyanı tam ödəməsini cəzasını yüngülləşdirən hallar kimi, eləcə də cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 29.06.2021-ci il tarixdən 28.02.2022-ci il tarixədək, yəni 07 ay 28 gün həbsdə saxlandığı müddət nəzərə alınmaqla, onun üzərində qəti cəza saxlanılmalı, barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzası sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1 və 70.2-ci maddələrinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə məhkumun məhkəmənin qərarı ilə təyin edilmiş və müvafiq sınaq müddəti ərzində icra edilməyən cəzadan müəyyən şərtlərlə azad edilməsidir. Lakin qeyd etmək lazımdır ki, şərti məhkum etmə törədilmiş cinayətə görə təyin edilmiş cəzadan azad olunma kimi qəbul edilməməlidir. Belə ki, məhkəmənin qərarı ilə tətbiq edilmiş şərti məhkum etmə məhkumun cinayət məsuliyyətindən və ya cəzadan azad olunmasını nəzərdə tutmur, əksinə məhkum barəsində cəzanın növü və müddəti, şərti məhkum edilmiş şəxsin davranışına nəzarətin həyata keçirilmə müddəti müəyyən edilir. Cinayət qanunvericiliyi şərti məhkum etmənin cinayət-hüquqi təsir tədbiri olmasından irəli gələrək, məhkəmənin məhkumun üzərinə müəyyən vəzifələrin qoyulmasını tələb edir və həmin vəzifələrin icrası onun hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Bunlara onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək və s. daxildir (Cinayət Məcəlləsinin 70.5-ci maddəsi). İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmişdir ki, Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdə təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıqaşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edildiyindən, onun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəsinə minənədək dəyişdirilməməlidir. İş üzrə 200 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan mənzildən götürülmüş benzin doldurulmuş və yanğın hadisəsində istifadə olunmuş 1 ədəd plastik qab məhv edilməlidir. Hökmün icrası Qobustan rayonu İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358 və 384-cümaddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 186.2.2-ci maddəsi ilə nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinsin və 03 (üç) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 29.06.2021-ci il tarixdən 28.02.2022-ci il tarixədək, yəni 07 ay 28 gün həbsdə saxlanıldığı müddət nəzərə alınmaqla, onun üzərində qəti olaraq 03 (üç) il 01 (bir) ay 02 (iki) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunan azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-in 70.1-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilsin və 02 (iki) il müddətinə sınaq müddəti təyin olunsun. Davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək Təqsirləndirilən şəxs üzərinə vəzifə kimi qoyulsun. Sınaq müddəti ərzində təqsirləndirilən şəxsin davranışı üzərində nəzarətin həyata keçirilməsi Qobustan rayonu İcra və Probasiya Şöbəsinə tapşırılsın. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilsin və məhkəmə zalında həbsdən azad edilsin. Hökm qanuni qüvvəyə minənədək barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbir iseçilsin. İş üzrə 200 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan mənzildən götürülmüş benzin doldurulmuş və yanğın hadisəsində istifadə olunmuş 1 ədəd plastik qab məhv edilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar