Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-670/2025 02.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxx 1998-ci il tarixdə Abşeron rayonu, Masazır kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan və ünvan 2aşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materialları üzrə işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 08 noyabr 2024-cü il tarixdə saat 19 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi 19 nömrəli binanın qarşısında küçədə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edib, öz şəxsiyyətini başqa şəxslərin şəxsiyyəti fövqündə qoyub, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş əxlaq normalarından kənara çıxmaqla ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, ətrafdakı şəxslərin qanuni mənafelərinə toxunan hərəkətlərə yol verib ictimai yerdə digər şəxslərin gözü qarşısında, qeyri-rəsmi ər-arvad münasibətlərində olduğu Zərərçəkmiş şəxs ilə mübahisə edən zaman sonuncunun ünvanına nalayiq ifadələr işlədərək, heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs sağ əlinin barmaqlarını qəsdən buraraq ona sağ əlin İİİ barmağının proksimal (əsas) falanqasının sümüyünün qapalı sınığı, qançır və şişkinliyi, sol bazu nahiyəsinin sol diz nahiyəsinin qançırları kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməklə, Zərərçəkmiş şəxs üzərində zor tətbiq edərək qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan edilən ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində bildirdi ki, 2023-cü ildə taksi fəaliyyəti ilə məşğul olduğu zaman Zərərçəkmiş şəxs müştəri kimi avtomobilinə əyləşmiş, həmin vaxtı tanış olub danışmağa başlamışlar, tanışlıqlarından 4-5 ay sonra aralarında sevgi münasibətləri yaranmış və qeyri-rəsmi ər-arvad münasibətində yaşamağa başlamışlar. 2024-cü ilin fevral ayında Türkan hamilə qalmış, həmin ilin yay aylarında Türkanla birlikdə Abşeron rayonu, Masazır kəndində ev kirayələyib 1 ay həmin evdə birlikdə yaşamışlar. Kirayə pulunu verə bilmədiyi üçün kirayədən çıxmış, hər biri öz valideyinlərinin evində yaşamışlar. 2024-cü ilin sentyabr ayında uşaqları dünyaya gəlmiş, uşaq dünyaya gələndən sonra Türkanın anası Sonanın münasibətlərindən xəbəri olmuş, bundan sonra Türkan anası Sonanın evinə köçmüş,orada yaşamışlar. Birlikdə yaşadıqları dövrdə Türkanla aralarında mübahisələr olsa da dava-dalaşları olmamış, yalnız sözlə mübahisə etmişlər. 2024-cü ilin oktyabr ayının sonlarında evdə olduqları zaman hazırda xatırlamadığı səbəbdən Türkanla aralarında mübahisə yaranmış, acıq edərək atası evinə gedib on gün orada yaşamış, atası evində yaşadığı vaxtlarda da Türkanla görüşməsə də telefonla danışmışdır. 08 noyabr 2024-cü il tarixdə Türkanla telefonla danışan zaman Türkan ünvanına nalayiq ifadələr işlətmişdir. Telefonla danışanda Türkan coşub söyüşlər söysə də üzbəüz danışanda telefonla danışdığı qədər coşmamışdır. Ona görə də Türkanla görüşüb üzbəüz söhbət etmək qərarına gəlmiş, 08 noyabr 2024-cü il tarixdə saat 19 radələrində idarə etdiyi «Azsamand» markalı avtomobili ilə Türkangilin məhəlləsindən keçən zaman zəng edib harada olduğunu soruşmuş, Türkan yaşadığı evə yaxın olan mağazada olduğunu demişdir. Türkana onunla görüşmək istədiyini demiş, Türkan isə görüşmək istəmədiyini bildirsə də Türkangilin məhəlləsində avtomobillində oturub Türkanı gözləmişdir. Türkan gəlib öz məhəllələrinə çatanda görüşüb üzbəüz söhbət etdikdə söhbətləri mübahisəyə çevrilmiş, Türkan ünvanına nalayiq ifadələr işlətmiş, Türkanı sakitləşdirməyə çalışsa da Türkan söyüş söyməyə davam etdiyi üçün qolundan tutub məcbur avtomobilə oturtmaq istəsə də bunu bacarmamış, əsəbiləşib Türkanın barmağından tutub bərk burduğu üçün Türkan bərkdən “barmağım sındı” deyə qışqırmış, qorxaraq Türkanın barmağını buraxıb avtomobilinə əyləşib oradan uzaqlaşmışdır. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini, hadisənin baş verməsinə görə təəssüf etdiyindən özünü qismən təqsirli bildiyini qeyd edərək, barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, 2023-cü ilin may ayında ayıq sürücü sifariş vermiş, ayıq sürücü kimi Azər gəlmişdir. Həmin vaxtı Azərlə tanış olub yazışmağa başlamış, 2023-cü ilin avqust ayından isə sevgi münasibətləri yaranmış, qeyri-rəsmi olaraq ər-arvad münasibətində yaşamağa başlamışlar. 2024-cü ilin fevral ayında Azərdən hamilə qalmış, həmin ilin yay aylarında Abşeron rayonu, Masazır qəsəbəsi, Yeni Masazır binalarının birində kirayə mənzil tutub Azərlə birlikdə həmin mənzildə yaşamışlar. Bir ay həmin mənzildə yaşadıqdan sonra Azərin ev sahibi ilə mübahisəsi olduğu üçün ev sahibi onları evdən qovmuş, hərəsi öz valideyinlərinin evinə gedib valideynləri ilə birlikdə yaşayaraq yenə də münasibətlərini davam etdirmişlər. Azərlə münasibətləri yaranan dövrdən Azər taksi fəaliyyəti ilə məşğul olduğu üçün onun avtomobilin icarə, benzin və digər xərclərini ödəmişdir. Ona görə də həmişə aralarında mübahisə yaranmış və dava-dalaşla bitmiş, Azərin onu döymüş, polisə şikayət etsə də sonradan Azərlə barışmışdır.06 sentyabr 2024cü il tarixdə uşaqları dünyaya gəlmiş, bundan sonra Azərlə birlikdə anası Şahid məxsus ünvan 4 ünvanında yerləşən evdə yaşamağa başlamışlar. Azərin qohumları Azərlə münasibətlərini bilsələr də uşaqları olmasından xəbərləri olmamışdır. Azər anasına məxsus evdə yaşasa da yenə də həmişəki kimi, heç nə qazanmamış, anasının qazanıb gətirdiyi ilə dolanmışdır. Bu səbəbdən də aralarında mübahisə yaranmışdır. Azər taksi fəaliyyəti ilə məşğul olsa da evə qazanc gətirməmiş, əksinə anasını xərcə salmışdır. Azər onun anası evində bir ay yaşayandan sonra həmişəki mövzu üstündə mübahisələri yaranmış, Azər acıq eləyib evdən çıxıb öz valideyinlərinin evinə getmişdir. Əsəbiləşərək Azərin atası Elşənə zəng edib Azərdən uşağı olduğunu dedikdə Azərin atası xəbəri müsbət qarşılasa da anası zəng edib onun və yeni doğulmuş uşağının ünvanına nalayiq ifadələr söyləmiş, Azərin və ailəsinin uşağa sahib çıxmayacaqlarını başa düşmüş və ona görə də aliment üçün məhkəməyə müraciət etmiş, Azər bundan xəbər tutub barışmaq üçün evlərinə gəlmiş, lakin evdə yenə də dava-dalaş düşmüş, Azər yenə də çıxıb getmişdir. Bir sözlə Azərlə iki gün normal münasibətləri olsa da iki gün mübahisə etmişlər. 15 oktyabr 2024-cü il tarixdə evdə olduqları zaman Azərlə növbəti mübahisələri yaranmış, mübahisə zamanı Azər hər iki əli ilə onu bərkdən qucaqlayıb sıxdığına görə qabırğaları əzilmiş, buraxmasını istəsə də Azər onu daha da bərk sıxmış, anasının müdaxiləsindən sonra Azər onu buraxmış, buraxandan sonra isə yumruq və təpiklə bədəninin müxtəlif nahiyələrinə vuraraq xəsarət yetirmiş, sonra da evdən çıxıb getmişdir. Azər ona xəsarət yetirdiyi üçün polisə şikayət etmiş, Abşeron rayon polis idarəsində araşdırma aparılaraq Azərin İXM-nin 157-ci maddəsi inzibati məsuliyyətə cəlb olunması üçün qərar çıxarılmışdır.Masazır qəsəbəsində kirayədə yaşadıqları evdən çıxarkən cehizlərini saxlamağa yeri olmadığına görə müvəqqəti olaraq Azərin atası evinə yığmış, anasının Xırdalan şəhərindəki evində yaşadıqları üçün 17 oktyabr 2024-cü il tarixdə saat 14 radələrində cehizləri anası evinə gətirməsi üçün Azərlə söhbət etmiş, lakin Azər müxtəlif bəhanələrlə cehizlərini gətirməkdən boyun qaçırmış, buna görə də aralarında mübahisə yaranmış, mübahisə zamanı Azər yumruqla vuraraq evin qapısının şüşənsi sındırmış, şüşə sol qolunu kəsmişdir. Uşaqları dünyaya gələndə sonra hər dəfə mübahisə edən zaman Azər uşağın ondan olmasından şübhələndiyi demiş, aliment verməmək üçün hər yerdə uşağın ondan olmadığını deyəcəyini bildirmişdir. Qolu kəsilən zaman polisə şikayət edəcəyini dedikdə Azər qucağında olan uşağı çarpayıya tullayıb evdən getmiş, həmin gündən sonra qaçıb gizlənmişdir.08 noyabr 2024-cü il tarixdə saat 19 radələrində yaşadığı evin yaxınlığındakı «Rahat» marketdə olan zaman Azər zəng edib harada olduğunu soruşduqda evlərinin yaxınlığındakı «Rahat» marketdə olduğunu demiş, marketdən çıxan zaman Azər idarə etdiyi “Khazar” markalı avtomobillə marketin yanına gəlib dayanaraq avtomobildən düşüb onu yanına çağırmış, Azərin onu avtomobilinə oturdub döymək üçün çağırdığını bildiyi üçün onun çağırmağına məhəl qoymayıb evlərinə tərəf yoluna davam etmişdir. Azər avtomobili arxasınca sürərək yaşadıqları binanın girişinə çatan zaman avtomobildən düşüb heç bir söz demədən səbəbsiz olaraq ailə üzvlərinin ünvanına uca səslə nalayiq ifadələr işlədərək sağ qolundan və barmağından tutaraq sıxmağa başlamışdır. Ağrıdan qışqırmağa başlamış, səsinə ətrafda olan şəxslər yığışmış, qışqırığına anası və atası həyətə düşmüş, orada olan şəxslərin və anasının köməkliyi ilə onu Azərin əlindən ala bilmişlər. Azər sakitləşməyib sol qolundan tutub bərk sıxaraq sol ayağına təpiklə vurmuş, oraya yığışanlar onu güclə Azərin əlindən almışlar. Azər sakitləşmədən onu vurmaq üçün can atmış, polisə şikayət edəcəyini deyəndən sonra avtomobilinə əyləşib oradan uzaqlaşmışdır.Həmin ərəfələrdə Azər barəsində Abşeron rayon polis idarəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tədbir görülməsi üçün qərar çıxarılsa da Azər tapılmadığı üçün məhkəməyə apara bilməmişlər. Polisə zəng edib Azərin yerini bildiyimi demiş, hadisədən təxminən 2 saat sonra Azərə zəng edib onu görüşə çağırmış, Azər məhəlləyə gəlmiş, avtomobildən düşən kimi polislər onu tutmaq üçün yaxınlaşdıqda Azər qaçmış, əsəbi olduğu üçün Azərin idarə etdiyi avtomobilin şüşə və güzgülərini daşla vuraraq sındırmışdır.Hazırda Azərdən şikayətçidir. Ona ciddi cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid ifadəsində göstərdi ki, qızı Zərərçəkmiş şəxs 6 il bundan əvvəl atasının dostunun oğlu Samir adlı oğlanla sözlü olmuşdu. 2024-cü ilin yay aylarında qızı qoşulub qaçdıqda da, Samirə qoşulub qaçdığını fikirləşmişdir. 2024-cü ilin sentyabr ayında qızının uşağı olanda isə Samirlə yox, Təqsirləndirilən şəxs qoşulub qaçdığını bilmişdir. X2 bir müddət birlikdə kirayədə yaşamış, sonradan isə gəlib onun Xırdalan şəhərindəki evində yaşamağa başlamışlar. Azərlə Türkan onun evində yaşadıqları zaman tez-tez qısqanclıq zəminində mübahisə edib dalaşmışlar. Hər dəfə də Azər küsüb evdən çıxmış, bir neçə gün atası evində qalandan sonra yenə də Türkanla barışıb onların evinə gəlib orada yaşamışdır. 08 noyabr 2024-cü il tarixdə Türkan həyətdəki mağazaya düşmüş, təxminən 10-15 dəqiqədən sonra Türkanın qışqırıq səsini eşidib balkona çıxıb həyətə baxanda Türkanla Azərin həyətdə dalaşdığını görüb tez həyətə düşmüş, Türkanın səsinə yığışan tanımadığı şəxslərin köməkliyi ilə Türkanı Azərin əlindən ala bilmişdir. Həmin vaxtı Azər Türkanın barmaqlarını burub sındırmışdır. Tanımadığı şəxslərin köməkliyi ilə Azəri Türkandan aralaşdırandan sonra Azər avtomobilinə oturub oradan uzaqlaşmışdır. Təyin edilmiş məhkəmə-tibbi ekspertizasının "MTE və PA ETT Birliyi" X1 22 noyabr 2025-ci il tarixli, 2613 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində sağ əlin İİİ barmağın proksimal (əsas) sümüyünün qapalı sınığı, qançır və şişkinliyi, sol bazu nahiyəsinin sol diz nahiyəsinin qançırı müəyyən edilmişdir. Müəyyən edilmiş xəsarətlər küt əşya (əşyalar) təsirindən törənmişdir; qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdilər; dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Beləliklə, məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs bu əməli düzgün olaraq istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tövsif edilmişdir.Onun təqsirliliyi özünün, zərərçəkənin və şahidin ifadəsi, ekspertizanın rəyi və işin materialları ilə sübuta yetirilmişdir.Ona göprə də o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, məhkəmə zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxsin üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmiş və zərərçəkmiş şəxsin qəsdən sağlamlığına yüngül zərər vurmaqla xuliqanlıq etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmədə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilmədi. Məhkəmədə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyasında min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Məhkəmə törədilmiş cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir: Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməli, onun üzərinə yaşayış yeri olan Abşeron rayonu, Masazır kəndi, H.Z.Tağıyev küçəsi ev 06 ünvanını saat 23:00-dan saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini və iş yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin və yaşayış yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulmalıdır. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə olunsun. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs istintaqın çağırışlarına gəlmədiyi üçün barəsində axtarış elan edilmiş, xx.xx.2025-ci il tarixdə Abşeron RPİ-niin MSY-nə təhvil verilmiş və xx.xx.2025-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Ona görə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 02 (iki) gün müddət CM-nin 68.1.1-1 maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, cəmi 04 (dörd) gün müddət ona təyin olunmuş cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunmalı əmlak və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 02 (iki) gün müddət nəzərə alınmaqla CM-nin 68.1.1-1 maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, cəmi 04 (dörd) gün müddət cəzadan çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməklə, üzərinə yaşayış yeri olan Abşeron rayonu, Masazır kəndi, H.Z.Tağıyev küçəsi ev 06 ünvanını saat 23:00-dan saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini və iş yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin və yaşayış yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulsun. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №1(012)-670/2025
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-670/2025
02.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver