Məhkəmə qərarları › İş №1(012)-672/2023

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-672/2023

17.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-672/2023 17.11.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, hazırda Abşeron rayonu, Digah qəsəbəsi. Cabir Novruz küçəsi, ev 21-də qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs elektron məlumat daşıyıcılarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə taksi kimi idarə etdiyi “Toyota Prius” markalı **- FM-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin kimi əyləşən Zərərçəkmiş şəxs avtomobilin solununa düşdüyü “Bank of Baku" ASC-yə aid 531599****5534 saylı ödəmə kartını götürüb 14 yanvar 2023-cü il tarixdə Abşeron rayonu, Digah qəsəbəsində yerləşən “Digah" marketdən 229,43 manat dəyərində ərzaq məhsulları və “Linkoil" yanacaq doldurma məntəqəsindən 20 manat dəyərində yanacaq alıb “Bank of Baku" ASC tərəfindən emissiya edilmiş kartdan ödəniş etməklə vahid niyyətlə zərərçəkmiş Zərərçəkmiş şəxs cəmi 249.43 manat pulunu gizli olaraq talayıb həmin məbləğdə ziyan vurmaqla elektron məlumat daşıyıcılarından istifadə etməklə oğurluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləmir. Belə ki, gündəlik olaraq icarə haqqı əsasında Toyota Prius markalı, **-FM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olub ailəsini dolandırır. 13 yanvar 2023-cü il tarixdə axşam radələrində idarə etdiyi avtomobil ilə taksi fəaliyyəti göstərən zaman Zərərçəkmiş şəxs taksi sifariş vermiş və yaşadığı Xətai rayonu ərazisinə getmək istədiyini bildirmişdir. O, həmin şəxsi Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisindən xatırlamadığı restoranın yaxınlığından götürmüşdür. Həmin şəxs onun avtomobilinin qabaq hissəsində əyləşmişdir. O, həmin şəxsi Xətai rayonu ərazisində evinin yaxınlığında düşürmüşdür. Daha sonra Bakı şəhəri, Nəsimi rayonu ərazisinə gəlib, maşını “avto yuma" məntəqəsinə vermişdir. Avtomobilini yuyan şəxs avtomobilində oturacağın altından 1 ədəd “Bank of Baku"-ya aid “Bolkart" kartı tapdığını və ona aid olduğunu düşünüb ona tərəf uzatmışdır. O, həmin kartı götürüb üzərində hazırda xatırlamadığı 531599****5534 saylı nömrənin olduğunu görmüşdür. Həmin kartın müştəridən maşına düşdüyünü bilib götürüb cibinə qoymuşdur. Ancaq dəqiq olaraq hansı müştəriyə aid olmasını bilməmişdir. O, həmin kartı götürüb içərisində olan pulla yaşadığı Abşeron rayonu, Digah qəsəbəsinə gəlmişdir. 13 yanvar 2023-cü il tarixdən 14 yanvar 2023-cti il tarixə keçən gecə Abşeron rayonu ərazisində yerləşən “Linkoil" YDM-dən 20 manatlıq yanacaq doldurmuş və yaşadığı ərazidə olan “Digah" marketdən kartdan istifadə etməklə 230 manat dəyərində müxtəlif ərzaq məhsulları alıb evə gəlmişdir. Həmin günü səhər vaxtı Zərərçəkmiş şəxs onun nömrəsinə zəng vurub, kartının onun maşında düşüb-düşməməsini soruşmuşdur. O da Zaminin kartının onda olmasını və içərisində olan 249 manat pulu xərclədiyini bildirmişdir. O, görüşüb kartı qaytarmaq istədiyini bildirsə də o, kartla birlikdə pulu verməyi bildirmişdir. O isə maddi imkanı pis olduğuna görə pulu qaytara bilməyəcəyini 1 ay müddətinə vaxt istəyib həmin müddətdə qaytaracağına söz vermişdir. Lakin, işsiz olduğu üçün Zərərçəkmiş şəxs dəymiş ziyanı qaytara bilməmişdir. Sonda əməlindən peşman olduğunu və dəymiş ziyanın ödənildiyini bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyini, sonuncuya qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, 13 yanvar 2023-cü il tarixdə tanışları ilə birlikdə Bakı şəhəri, Biləcəri qəsəbəsində yerləşən restoranların birində yemək yeyib spirtli içki qəbul etmişdir. Bundan sonra 13 yanvar 2023-cü il tarixdən 14 yanvar 2023-cü il tarixinə keçən gecə saat 01 radələrində taksi sifariş vermişdir. Bir neçə dəqiqədən sonra Toyota Prius markalı, **-FM-*** dövlət qeydiyyat nişanlı avtomobil gəlmişdir. O, yaşadığı evə, yəni Xətai rayonu. Cavanşir küçəsinə çatmağa bir neçə dəqiqə qalmış yuxuya getmişdir. Sürücü Təqsirləndirilən şəxs ünvana çatan zaman onu yuxudan oyatmışdır. O da maşından düşüb evə getmişdir. Səhər durub yuxudan oyanan zaman "xxxx" ASC-yə məxsus kredit kartından Mehdiabad qəsəbəsi ərazisində yerləşən “Linkoil" YDM-də 20 manat və Digah qəsəbəsində yerləşən “Digah" adlı mağazada isə 230 manat olmaqla ümumilikdə 250 manat çıxarıldığını aşkar etmişdir. Taksi sürücüsünə zəng vurub bu barədə məlumat almaq istədikdə o, bunu etmədiyini dedikdə DİN-nin 102 xidmətinə zəng vurub məlumat vermişdir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-cü maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan cinayət əməli törətməsi zərərçəkmiş şəxsin ifadəsi, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam sübut olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-cü maddəsi ilə cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də o, həmin maddədə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs etdiyi cinayət üzrə özünü təqsirli bilməsini nəzərə alır. Təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödənilməsi onun cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və həmin qətimkan tədbiri öz qüvvəsində saxlanılmışdır. Təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 15-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməli, onun üzərinə yaşayış yeri üzrə, yəni Abşeron rayonu ərazisinin hüdudlarını, saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulmalıdır. Cəzanı Təqsirləndirilən şəxs yaşadığı yer üzrə, yəni Sumqayıt şəhər Probasiya şöbəsi icra etməlidir. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda, yəni Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanılsın. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməklə, üzərinə Abşeron rayonu və Bakı şəhəri ərazi hüdudlarını, saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulsun. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm nəzərdə tutulduğu müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar