Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-675/2024 24.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Sumqayıt Apellyasiya Məhkəməsinin yuridiksiyasında olan birinci instansiya məhkəmələri üzrə prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi: Şahid1 Müdafiəçi: Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs Təqsirlənirilən şəxsin qanuni nümayəndəsi: X3 iştirakı ilə xx.xx.2008-ci ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, əvvəllər məhkum olunmamış, natamam orta təhsilli, işləməyən, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, H.Z.Tağıyev küçəsi ev 15-də qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ittiham edilir ona görə ki, o, xx.xx.2023-cü il tarixdə saat 21 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, AAAF-X5 yerləşən “Gəncə ocağı” adlı restoranın qarşısında tanışı Zərərçəkmiş şəxs ondan Aqşin adlı gül satan tanışından aldığı gülə görə borclu qaldığı 6 manat pulu ödəməsini tələb etməsi zəminində Zərərçəkmiş şəxs onunla mübahisə etməsini bəhanə edərək, ictimai qaydalara qarşı açıq etinasızlıq göstərməklə özünü ətrafdakılara qarşı qoyaraq, onlara münasibətdə laqeyidliyini ifadə edərək, cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik etməklə insanların gözü qarşısında əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs başını əli ilə aşağı əyib bir dəfə dizi ilə sifətindən vuraraq ona burunla tənəffüs aktının pozulması ilə nəticələnən burun sümüyünün kompresion sınığı ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərər vurmuşdur. İşin halları və dəlilləri: Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilən yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, 5 saylı tam orta məktəbin 10-cu sinif şagirdidir. Zərərçəkmiş şəxs ilə eyni məktəbdə oxuduğunu bildirmiş, həm qonşu kimi tanıdığını və normal münasibətlərinin olduğunu qeyd etmişdir. O, hadisədən bir neçə gün əvvəl Vaqif və onun özü ilə bir məktəbdə oxuyan tanışı Salmanın satıcı kimi işlədiyi gül mağazasından gül buketi aldığını pulunu tam ödəməyə imkanı olmadığı üçün 13 manat dəyərində olan gülün 7 manat pulunu Aqşinə ödəməsi üçün Salmana verməklə borclu qaldığı 6 manat pulu da 1-2 günə verəcəyini demişdir. xx.xx.2023-cü il tarixdə saat 21 radələrində o, Xırdalan şəhəri, “AAAF park” yaşayış kompleksində yerləşən, kuryer işlədiyi “Gəncə ocağı” adlı restoranın qarşısında olan zaman Vaqif Salmanla həmin yerə gələrək qalan 6 manat pulu ondan tələb etmişdir. O, həmin vaxt maaşı hər günün sonunda aldığını və borcunu maaş alıb ödəyəcəyini bildirmişdir. Vaqif içəri keçib restoran sahibindən onun maaşından borcuna görə 6 manat verilməsini istəmiş, maaşın günün sonu veriləcəyi bildirilməklə ona 6 manat pulu verməkdən imtina edilmişdir. Bundan sonra Vaqif onu çölə çağırmış bir neçə dəq söhbət etdikdən sonra Vaqif onunla mübahisə etməyə başlamış və həmin mübahisə zəmnində Vaqif onu əli ilə itələmişdir. Bundan sonra sözlə aralarında mübahisə olduğu üçün Vaqif onun ayağından tutub yıxmaq istədikdə o, Vaqifin baş nahiyəsini aşağı çəkib dizi ilə onun sifətinə vurmuşdur. Zərbə nəticəsində sonuncunun burnundan qan axmağa başlamışdır. Bu zaman Salman və kafedən çıxan şəxslər onları aralamışdırlar. Sonradan dayısı Şahid2 və Vaqifin atası Rüfət də hadisə yerinə gəlmişlər. Vaqifin atası və onun dayısı öz aralarında razılaşdıqları üçün onlar bu barədə heç bir yerə şikayət etməmişlər. Bundan bir neçə gün sonra da Vaqifin Abşeron rayon Mərkəzi xəstəxanasına gedərək müayinə olunan zaman burun nahiyəsinin sınmasını eşitmişdir. Vaqifin burun nahiyəsinin əməliyyat olunmasına lazım olan 600 manat tibb xərclərini ödəyə bilmədiyi üçün Rüfət və oğlu Vaqif onun barəsində şikayət etmişdirlər. Vaqiflə aralarında olan mübahisə bir neçə dəqiqə olmuşdur. Hadisə vaxtı yaxın məsafədə Salmandan başqa heç kəs olmasa da, bir az aralıda tanımadığı şəxslər olmuşdur. Həmin hadisəni ətrafda toplaşan şəxslərindən görənlər olsa da, onları kafedən çıxan tanımadığı şəxslər arlamışdır. Hadisə vaxtı Vaqif ona heç bir xəsarət yetirməmişdir. Sonda törətdiyi əməldən peşman olduğunu və hazırda zərər çəkmiş şəxsə vurulmuş zərəri tam ödəməsini və yetkinlik yaşına çatmadığını nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilən yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, o, 5 saylı tam orta məktəbin 10-cu sinif şagirdidir. Barəsində şikayət etdiyi şəxs Təqsirləndirilən şəxs onunla eyni məktəbdə oxumuşdur. Teymurla münasibətləri həmişə normal olmuş və əvvəllər aralarında heç bir ədavəti olmamışdır. xx.xx.2023-cü il tarixdə dostu Salman ona Teymurun onun işlədiyi mağazadan nisiyə gül aldığını 6 manat borclu qaldığını, lakin borcunu ödəmədiyini və mağaza sahibi Aqişinin pulunu ondan tələb etdiyini demişdir. Həm də onu əlavə etmişdir ki, Teymur gül alarkən onun adını da vermişdir. Bir dəfə də mobil telefonuna Aqşin zəng edərək Teymurun ondan gül almasını və onun adını verməsini Teymur pulu ödəməsə borcu ödəməsini ondan tələb etmişdir. O, həmin vaxt Aqşinə onun heç kimə borcu olmadığını demiş, həmin gün saat 21 radələrində Teymurun Xırdalan şəhəri, “AAAF park” yaşayış kompleksində yerləşən, kuryer işlədiyi “Gəncə ocağı” adlı restoranın qarşısına gedib orada sonuncuyla görüşmüşdür. Teymura Aqşinin ona zəng etməsini və aldığı gülün ödəmədiyi 6 manat pulunu sonuncunun ondan istədiyini bildirmişdir. O, Teymura Aqşinin 6 manat borcunu ödəməsini tələb etdikdə sonuncu maaşı günün sonunda aldığını və o zaman borcunu ödəyəcəyini bildirmişdir. O, içəri keçib “Kassa”dan Teymurun borclu olduğu pulu tələb etsə də, həmin pulu ona verməmişdirlər. Sonra o, Teymurla çölə çıxmışdır. Bu zaman aralarında sözlə mübahisə yaranmış, o Teymuru əli ilə asta itələmişdir. Sonra isə Teymur onu itələmiş və əli ilə başını əyərək dizi ilə zərbə vurmuşdur. Nəticədə burnu qırılmışdır. Yaxın ətraflarında olan şəxslər və Salman onları aralaşdırmışdırlar. Bir müddət sonra Teymurun dayısı və onun atası da hadisə yerinə gəlmişlər. Atası və Teymurun dayısı öz aralarında razılaşdıqları üçün atası və o, bu barədə heç bir yerə şikayət etməmişdir. Bundan bir neçə gün sonra da Abşeron rayon Mərkəzi xəstəxanasına gedərək müayinə olunan zaman burun nahiyəsinin sındığı ona məlum olmuşdur. Teymurun dayısı onun tibb xərclərini çəkməyi öhdəsinə götürsə də, sonradan tibb xərclərini çəkməkdən boyun qaçırdığı üçün atası bu barədə Abşeron RPİ-nə ərizə ilə müraciət edərək sonuncu barəsində müvafiq tədbir görülməsini xahiş etmişdir. Teymurla aralarında olan söhbət təxminən 10-15 dəqiqə mübahisə və dava isə 2-3 dəqiqə davam etmişdir. Orada həmin vaxt tanımadığı adamlar da olmuşdur. Ona görə də həmin şəxslər onlara yaxınlaşıb Teymuru tutaraq ondan aralaşdırmışlar ki, onu yenidən vura bilməsin. Bildirir ki, hadisə vaxtı o, Təqsirləndirilən şəxs vurmamış və ona heç bir formada xəsarət yetirməmişdir. Sadəcə əli ilə itələmişdir. Aqşini yalnız üzdən tanıyır, onun anket məlumatlarını bilmir, həmçinin sonuncunun Xırdalan şəhərində yaşadığını bilsə də dəqiq hansı ünvanda yaşadığını və istifadəsində hansı mobil nömrəsinin olduğunu bilmir. Lakin Salmanın həmin mağazada satıcı olduğunu bilir. Hadisə günü ora Salmanla rastlaşaraq birlikdə getmişdir. Ona dəymiş ziyan tam ödənildiyindən təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur, cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində dindirilən yetkinlik yaşına çatmayan Şahid3 ifadəsində göstərdi ki, həmyaşlıları Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs eyni məktəbdə, yəni Xırdalan şəhəri, 5 saylı tam orta məktəbdə oxumaqları və qonşu olmaqları səbəbindən tanıyır. Vaqiflə daha yaxın münasibətləri olsa da, Teymurla da münasibətləri normaldır. xx.xx.2023-cü il tarixdə o, Vaqiflə görüşüb söhbət edən zaman Teymurun ondan aldığı gülün pulunu vermədiyini Aqşinin də pulu ondan tələb etdiyini bildirmişdir. Vaqif ona təkilif etmişdir ki, gedək gülün pulunu Teymurdan “mən alaram”. Bundan sonra birlikdə xx.xx.2023-cü il tarixdə saat 21 radələrində o, Xırdalan şəhəri, AAAF X5 yerləşən «Gəncə ocağı» adlı restoranın qarşısına getmişdirlər. Teymurdan Vaqif 6 manat borclu olduğu pulu verməsini tələb etdikdə Teymur maaş aldıqdan sonra pulu verəcəyini demişdir. Lakin Teymur əvvəl də söz versə də pulu iki gün idi ki, vermirdi. Onlar birlikdə içəri keçib müdiriyətdən pulu istədikdə maaşın axşam veriləcəyi onlara bildirilmişdir. Bundan sonra üçü birlikdə restoranın çölünə çıxmışdırlar. X8 arasında sözlə mübahisə başlamış, Vaqif Teymuru əli ilə itələmiş, sonra isə ayağından tutaraq güləşmək istəmişdir. Lakin Vaqifin büdrəməsindən istifadə edən Teymur onun başını aşağı əyərək dizi ilə onun üz nahiyəsinə vurmuşdur. Nəticədə Vaqifin burnu qanamışdır. Həmin vaxt o, kafedən çıxan iki nəfər onları aralaşdırıb sakitləşdirmişdirlər. Sonradan isə Vaqifin atası Rüfət və Teymurun dayısı Elxan da həmin yerə gəlmişlər və birbiriləri ilə söhbət etməyə başlamışlar. Həmçinin sonradan da ona məlum olmuşdur ki, hadisə nəticəsində Vaqif burun nahiyəsinin sınması xəsarətini almışdır. Bildirir ki, həmin mübahisə təxminən 5-10 dəqiqə davam etmişdir. Həmçinin həmin hadisəni ətrafda olan şəxslər də görmüşlər. Hadisə vaxtı Vaqifin Teymura xəsarət yetirməsinin şahidi olmamışdır. Sadəcə onu əli ilə itələmiş və ayağından tutaraq güləşmək istəmişdir. Teymurun 6 manat borcu Vaqifə yox ona olmuşdur. Hadisə günü ora getmələrinə səbəb onun Vaqifə Teymurun ona borcunu ödəməməsini bildirməsi olmuşdur. Məhkəmə iclasında ifadəsi elan edilməkə tədqiq edilən iş üzrə Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, o, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, V.Xəlilov küçəsi dalan 6, ev 4-də qeydiyyatda olmaqla həmin ünvanda ailəsi ilə birlikdə yaşayır. Mahiyyəti üzrə bildirir ki, 2008-ci il təvəllüdlü Zərərçəkmiş şəxs onun oğludur. xx.xx.2023-cü il tarixdə saat 21 radələrində yaşadığı evdə olduğu zaman hazırda kim olduğunu xatırlamadığı bir nəfər şəxs ona zəng edərək oğlu Vaqifin Xırdalan şəhəri, AAAF-X5 yerləşən “Gəncə ocağı” adlı restoranın qarşısında həmyaşlısı tərəfindən döyüldüyünü bildirmişdir. Bundan sonra o, dərhal həmin yerə gedən zaman orada oğlu Vaqifin burun nahiyəsindən qan axdığını və ətrafa toplaşan şəxslərin də Vaqifə yardım göstərdiklərini görmüşdür. Həmin vaxt ona məlum olmuşdur ki, Vaqifi tanıdığı həmyaşlısı Teymur adlı şəxs diz nahiyəsi ilə vurb ona xəsarət yetirmişdir. Bundan bir neçə dəqiqə sonra Teymurun dayısı Elxan adlı şəxs də həmin yerə gəlmişdir. Elxan və o, bir-birlərini üzdən tanıdıqlarına görə həmin vaxt Elxan ondan xahiş etmişdir ki, bu barədə polisə şikayət etməsin. X4 bütün tibbi müayinə xərclərini özü ödəyəcəyini demişdir. Ona görə də o, həmin vaxt bu barədə heç bir yerə şikayət etməmişdir. Həmçinin xx.xx.2023-cü il tarixdə oğlu Vaqifin yaxşı nəfəs ala bilmədiyini görüb onu Abşeron rayon Mərkəzi xəstəxanasına aparıb müayinə etdirən zaman Teymurun onu döyməsi nəticəsində burun nahiyəsinin sındığı onlara məlum olmuşdur. Hadisədən sonrakı günlərdə Elxanla bir neçə dəfə telefon əlaqəsi saxlayıb Vaqifin burun nahiyəsini əməliyyat etdirmələrini bildirsə də, vədlərinə əməl etmədiklərini və bu işə çox səhlənkar yanaşdıqlarını görmüşdür. Bu səbəbdən də hadisədən təxminən 1 ay sonra, yəni xx.xx.2023-cü il tarixdə Abşeron rayon polis idarəsinə ərizə ilə müraciət edərək bu barədə müvafiq tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməkə tədqiq edilən iş üzrə Şahid2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, o, ünvan 1 ünvanda ailəsi ilə birlikdə yaşayır. Mahiyyəti üzrə bildirir ki, 2008-ci il təvəllüdlü Təqsirləndirilən şəxs onun bacısı oğludur və həmyaşıdı Zərərçəkmiş şəxs da onunla qonşuluqda yaşayır. xx.xx.2023-cü il tarixdə saat 21 radələrində o, yaşadığı evdə olduğu zaman mobil telefonuna zəng gəlmiş və bacısı oğlu Teymurun “AAAF-Park” yaşayış kompleksində yerləşən “Gəncə ocağı” adlı restoranın qarşısında qonşusu Vaqiflə dalaşdıqlarını bildirmişlər. Bundan sonra o, dərhal həmin yerə gedən zaman restoranın qarşısına xeyli sayda adamların toplaşdığını və Vaqifin burnundan qan axdığını görmüşdür. Həmin vaxt bacısı oğlu Teymurdan nə baş verdiyini soruşanda ona məlum olmuşdur ki, Teymurla Vaqif həmin yerdə mübahisə etmişlər və mübahisə zəmnində də bir-birlərinin yaxsından tutub dalaşan zaman Teymur diz nahiyyəsi ilə Vaqifin sifətinə vuraraq ona xəsarət yetirmişdir. Qeyd edir ki, həmin vaxt hadisə yerinə Vaqifin atası Rüfət də gəlmiş və o, Rüfətə bildirmişdir ki, Vaqifin bütün tibbi müayinə xərclərini özü qarşılayacaqdır və ona görə də xahiş etmişdir ki, bu barədə heç bir yerə şikayət etməsin. Sonradan isə Rüfət Vaqifin burun nahiyəsinin əməliyyat olunması üçün 600 manat lazım olduğunu bildirsə də maddi vəziyyətləri yaxşı olmadığına görə Rüfətlə əlaqə saxlaya bilməmişlər və Vaqifin səhhəti ilə maraqlanmamışlar. Ona görə də Rüfət və oğlu Vaqif bu barədə şikayət etmişlər. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” X9 Abşeron rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 2371 saylı rəyinə əsasən 2008-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər – burunla tənəffüs aktının pozulması ilə nəticələnən burun sümüyünün kompresion sınığı - bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə yəni, xx.xx.2023-cü il tarixdə insan bədəninin hissəsinin (əl, baş və s.) təsirindən əmələ gələ bilmələri mümkündür və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az ağır zərər vurmaya aiddir. - “Cinayət işinin başlanması” barədə 31 dekabr 2023-cü il tarixli qərardan görünür ki, ********* cinayət işi həmin tarixdə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə başlanılaraq icraata qəbul edilib istintaqı aparılmışdır. - “Qanuni nümayəndə qismində tanınma” haqqında “05 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Şahid1 ********* nömrəli cinayət işi üzrə yetkinlik yaşına çatmayan oğlu Zərərçəkmiş şəxs qanuni nümayəndəsi qismində tanınmışdır. - “Zərərçəkmiş şəxs qismində tanınma” haqqında 05 yanvar 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə həmin tarixdə Zərərçəkmiş şəxs qismində tanınmışdır. - “Cinayət işi üzrə əməlin tövsif edilməsi” haqqında 20 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsindən həmin məcəllənin 127.2.3 və 221.1-ci maddələrinə tövsif edilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli “Tələbnamə” sinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. - Cinayət işi üzrə sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında 19 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş ittiham elan edilmiş, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə cinayət təqibinə xitam verilməsi qərara alınmşdır. - “Yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxsə qanuni nümayndə təyin edilməsi” haqqında “23 mart 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan olması nəzərə alınaraq X1 qanuni nümayəndəsi qismində tanınmışdır. - “Təqirləndirilən şəxs qismində cəlb etmə haqqında” 23 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. - “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 23 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir. - Zərərçəkmiş Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan tam olaraq ödənilmişdir, ona qarşı hər hansı şikayət və tələbi yoxdur, barışmışdırlar, barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin olmasının müəyyən edilməsini sübutlarla şərtləndirir. Təqsirləndirilən şəxs əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərinin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin CM-in Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla, sonuncunun törətmiş olduğu əmələ düzgün hüquqi qiymət verilməmiş, onun əməli düzgün tövsif edilməmişdir. Məhkəmə gəldiyi bu nəticəni əsaslandırarkən ilk növbədə xx.xx.2023-cü il tarixdə baş vermiş hadisənin təhlilini aparmaqla onlara hüquqi qiymətin verilməsini, hadisədə iştirak etmiş şəxslərin qarşılıqlı münasibətlərini, baş vermiş hadisənin səbəbləri, baş vermə yeri, şəraiti və mexanizminin nəzərə alınmasını, habelə əməli törətmiş şəxsin, zərərçəkmiş şəxs və şahidlərin hadisədən qabaq, hadisə zamanı və hadisədən sonra davranışlarının müəyyən olunmasını iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün əhəmiyyətli hesab edir. Bu baxımdan məhkəmə, cinayət prosesi iştirakçılarının həm ibtidai istintaq, həm də məhkəmə istintaqında vermiş olduğu ifadələri müqayisəli şəkildə tədqiq edib, onların ifadələrində bir-biri ilə uzlaşan məqamları mübahisəsiz qaydada sübuta yetirilmiş hesab edir, ifadələrdəki mübahisəli hissələrə isə həmin ifadələrin mənbəyi, mötəbərliyi və mümkünlüyü baxımından qiymət verilməli olduğu qənaətinə gəlir. Belə ki, xuliqanlıq cinayətinin əsas (sadə) tərkibi CM-in 221.1-ci maddəsinin dispozisiyasında “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər” kimi təsbit edilmişdir. Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinin dispozisiyasına görə isə, zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurmanın tövsifedici əlaməti kimi əməlin xuliqanlıq niyyəti ilə törədilməsi çıxış edir “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarına görə xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. «B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 07 mart 2005-ci il tarixli Qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarına görə təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xüliqanlıq kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plemumunun «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 3-cü bəndinə görə ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən, zərər çəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Qanunun mənasına görə xuliqanlıq cinayəti qəsdən törədilən əməldir və həmin əməl obyektiv cəhətinə görə ictimai qaydanın və ictimai təhlükəsizliyin əleyhinə yönəldilməlidir və subyektiv cəhətdən şəxs heç bir motiv olmadan ictimai qaydanı və ictimai təhlükəsizliyə qəsd etdiyini dərk etməlidir. Bu zaman şəxs ictimai qaydanı elə kobud surətdə pozmalıdır ki, bu qaydalara əhəmiyyətli dərəcədə ziyan vurmuş olsun və bununla insanların qanunla qorunan maraqları, onların dincliyi dayanaqlı şəkildə, uzun müddət ərzində, dözülməz halda pozulmuş olsun və bu hərəkətləri törədən şəxs bu hərəkətləri ilə onlara açıqca hörmətsizlik göstərmiş olsun. İşin faktiki hallarından görünür ki, təqsirləndirilən şəxsin xuliqanlıq hərəkətləri etmək niyyətinin olması, onun xuliqanlıq hərəkətlərinin nəticələrinin qabaqcadan görməsi və bu nəticələrin baş verməsini arzu etməsi müəyyən edilmir. Əksinə, məhkəmə istintaqı zamanı tədqiq olunan ittiham və müdafiə tərəfinin sübutları ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs eyni məktəbdə təhsil almışlar, münasibətləri normal olmuşdur. Məhkəmə prosesində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs borcu Zərərçəkmiş şəxs deyil Şahid3 olmuşdur. Ümumiyyətlə həmin borcla Vaqifin əlaqəsi olmamışdır. Təsadüf nəticəsində Salmandan Teymurun sonuncuya borclu olduğunu eşidib öz təşəbbüsü ilə Salmanla Teymurun iş yerinə gəlmiş və borcunu ödəməsini tələb edmişdir. Zərərçəkmiş, şahid və təqsirləndirilən şəxsin ifadəsindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs borcunu ödəməkdən imtina etməmiş, Vaqifə qarşı öz şəxsiyyətini onun şəxsiyyətinin fövqündə qoyaraq cəmiyyət tərəfindən qəbul edilməyəcək hər hansı hərəkətə yol verməmiş, əksinə olaraq axşam maaş aldıqdan sonra borcu ödəyəcəyini bildirmişdir. Bundan sonra zərəçəkmişin onunla razılaşmayaraq borcu tekidlə tələb etmiş, onu itələməsi və ayağından tutmaq istəyərək dalaşmaq niyyətində olması nəticəsində aralarında dalaşma hadisəsi baş vermiş və nəticədə qarşılıqlı dava zərərçəkmişin sağlamlığına az ağır zərər dəymişdir. Sadalananlar və Təqsirləndirilən şəxs şəxsiyyəti, yaşı təhlil olunarkən onun xuliqanlıq niyyəti ilə cinayət törətməsinə əsaslı şübhələr yaranır. Göründüyü kimi təqsirləndirilən şəxsin xuliqanlıq hərəkətləri etmək niyyətinin olması, onun xuliqanlıq hərəkətlərinin nəticələrinin qabaqcadan görməsi və bu nəticələrin baş verməsini arzu etməsi müəyyən edilmir. Əksinə, məhkəmə istintaqı zamanı tədqiq olunan ittiham və müdafiə tərəfinin sübutları ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında olan təqsirləndirilən şəxs tərəfindən cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirmədən, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan və bunlara etinasızlıq göstərən hərəkətlər etmədən, özünün şəxsiyyətini heç bir halda zərərçəkmişin şəxsiyyətindən üstün tutmadan təqsirləndirilən şəxsin təşəbbüsü ilə baş vermişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hərəkətləri xuliqanlıq niyyəti kimi qiymətləndirilə bilməz. Hadisənin baş verdiyi yerdə ictimai qaydanın məhz kobud surətdə pozulmasına dəlalət edən konkret faktlar nəinki məhkəmədə müəyyən edilməmiş, belə faktlara heç ibtidai istintaq zamanı toplanmış sübutlar sırasında da rast gəlinməmişdir. Təqsirləndirilən şəxs elan olunan ittihamdan görünür ki, istintaq orqanı təqsirləndirilən şəxsə Azərbaycan Respublikasının CM-nin 127.2.3-cü maddəsi ilə ittiham elan edərkən maddənin dispozisiyasında olan xuliqanlıq niyyətini göstərməklə kifayətlənmiş, lakin təqsirləndirilən şəxsin ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olmasını müəyyənləşdirməmiş, sonuncunun əməlini hansı əlamətlərə əsasən məhz xuliqanlıq niyyəti ilə törətməsini, yəni onun xuliqanlıq hərəkətlərinin mahiyyətinin nədən ibarət olmasını, öz şəxsiyyətini zərərçəkmişin şəxsiyyətindən üstün tutmasının nədən ibarət olması, hansı ictimai qaydanı pozmasını və cəmiyyətə qarşı açıqca hörmətsizliyinin onun konkret hansı hərəkətləri ilə ifadə olunmasını irəli sürdüyü ittihamda göstəməməklə təqsirləndirilən şəxsə Azərbaycan Respublikasının CM-nin 127.2.3-cü maddəsi ilə ehtimallar əsasında ittiham elan etmişdir. Belə ki, ittihamda istinad edilən cinayətləri yaradan hallar kimi müstəsna olaraq təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə qarşı törətdiyi hərəkətlər təsvir edilmiş və xuliqanlıq cinayətinə aid əlamətlər formal olaraq sadalanmışdır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanının işin faktiki halları və təqsirləndirilən şəxsin əməlləri barədə gəldiyi nəticələr Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq kifayət qədər araşdırılmamış, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.2.3-cü maddəsi ilə təqsirliliyi barədə yekun nəticəyə gələrkən topladığı sübutları tam, hərtərəfli və obyektiv qiymətləndirməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsinə görə şəxsin təqsirli olmasına şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası CPM-in 146.1-ci maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə hesab edir ki, ittiham tərəfinin təqdim etdiyi yuxarıda qeyd olunan sübutlar bazası mötəbərliliklə yalnız Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurması haqqında nəticənin çıxarılması üçün kifayət edir və cinayət-prosessual qanunun təsvir edilən, eləcə də ittihamın sübut olunmasında yaranan, aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən CPM-in 146.3-cü maddəsi ilə uzlaşan yanaşma kimi qiymətləndirilməlidir. Bundan əlavə, yuxarıda göstərildiyi kimi, Ali Məhkəmənin müvafiq Plenum qərarında da göstərildiyi kimi şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkmişin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər CM-in şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır Təqsirləndirilən şəxs 29 sentyabr 2023-cü il tarixdə saat 21 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, AAAF X5 yerləşən “Gəncə ocağı” adlı restoranın qarşısında Zərərçəkmiş şəxs təşəbbüsü ilə başlayan mübahisə zəminində Teymurun dizi ilə Vaqifin sifətindən vurması nəticədə zərər çəkmiş şəxsin az ağır bədən xəsarəti alması ilə bağlı əməl xuliqanlıq niyyəti ilə sağlamlığa az ağır zərər vurma kimi deyil, sağlamlığa az ağır zərər vurma kimi qiymətləndirilməli olduğu halda, istintaq orqanı əməlin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinin dispozisiyasında nəzərdə tutulan, tövsifedici əlamətlərin mövcud olmamasına baxmayaraq, işin faktiki hallarına uyğun olmayan, şəxsi mülahizələrə və ehtimallara əsaslanaraq, sonuncunun əməlini əsassız olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsilə tövsif etmişdir. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsindən, həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif etməyi qanuni və əsaslı sayır. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsində göstərilir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Təqsirləndirilən şəxs oğlnun Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi zərərçəkmiş və təqsirləndirilən şəxsin həmçinin şahidin ifadəsi və ekspertiza rəyi ilə tam sübuta yetirilir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdıqlarını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini göstərmiş və özünü təqsirli bilərək məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda, Zərərçəkmiş şəxs da məhkəməyə təqdim etdiyi ərizəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tam ödənilmişdir, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədən nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, aşağıdakılara əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsindəki cinayət işinin icraatına xitam verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Qeyd edilən Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və özünü təqsirli bilməsini, həmçinin zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar ərizəsini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli və barəsində olan Azərbaycan Respublikası CM-nin 127.1ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyindən və cinayət işi üzrə icraata xitam verildiyindən onun barəsində seçilmiş “yetkinlik yaşına çatmayanları nəzarət altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 saata üçün nəzərdə tutulan 150 manat pul ödənilməlidir. İş üzrə məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsindən həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanları nəzarət altına vermə” qətimkan tədbiri ləğv edilsin. Cinayət işi üzrə mülki iddianın, məhkəmə xərcinin və üzərinə həbs qoyulmuş əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Abşeron rayon Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Abusət Qasımov
Məhkəmə qərarları › İş №1(012)-675/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-675/2024
24.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver