Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-68/2021 02.08.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi1, iştirakı ilə, xx.xx.1988-ci ildə anadan olmuş, Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai araşdırma orqanının mövqeyinə əsasən, 26.01.2020-ci il tarixdə saat 19:00 radələrində yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən fərdi evinin yaxınlığında «Zeynəb» marketin qarşısındakı ərazidə arvadı Zərərçəkmiş şəxs ilə qarşılaşdıqda sonuncunun rəfiqəsi ilə birgə yaşamaq üçün getməsini cüzi səbəb gətirərək özünün müstəsna şəxsiyyət olduğunu, başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etdirmək üçün özünü ictimai qaydaya qarşı və cəmiyyətin fövqündə qoymaqla, insanların ictimai və şəxsi mənafelərinə əhəmiyyətli ziyan vuran, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, vətəndaşlar üzərində zor tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri edərək, üstündə gəzdirdiyi bıçaqla Zərərçəkmiş şəxs sol qolundan iki dəfə vuraraq ona «sol said nahiyəsinin iki ədəd deşilmiş yaraları» ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarət yetirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ona elan edilmiş ittihamda təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Masazır qəsəbəsində yerləşən «Şok» marketin arxasındakı küçədə kirayədə yaşayır. Ruhanə Mirzəyeva ilə təxminən 12 il olar ki, ailə həyatı qurmuşdur. Ailə qurduqları müddətdə aralarında hər hansı bir münaqişə baş verməmiş, lakin hadisədən təxminən bir neçə ay əvvəldən Ruhanə ilə aralarında ailə daxili münaqişələr yarandığından sonuncu evdən çıxıb getmiş və iş yoldaşı Xəyalənin kirayə yaşadığı ünvanda birlikdə yaşamışdır. 26 yanvar 2020-ci il tarixdə saat 19 radələrində «Zeynəb» marketin yaxınlığında dayanıb Ruhanəni gözləmiş, bu zaman oradan işə getmək üçün keçən Ruhanəni və rəfiqəsi Xəyaləni görüb onlara yaxınlaşmış, Ruhanədən ailəsinə qayıtmasını və ailəsinə sahib çıxmasını tələb etmişdir. Lakin Ruhanə ona kobud cavab qaytararaq onunla getməyəcəyini demişdir. Bu səbəbdən aralarında sözlə mübahisələri düşmüş, Ruhanənin üzərinə yeriyib dartıb evinə aparmaq istəsə də, Xəyalə adlı qadın araya girib «mənim yanımda ona heç nə edə bilməzsən» deyərək səs küy salmağa başlamışdır. Bu zaman Ruhanə yaranmış şəraitdən istifadə edib yanlarından qaçaraq uzaqlaşmışdır. Ruhanənin arxasınca isə Xəyalə də qaçıb oradan uzaqlaşaraq çıxıb getmiş, onların uzaqlaşdığını görüb oradan çıxıb getmişdir. Bundan başqa onların aralarında heç bir hadisə baş verməmişdir. Hadisə vaxtı onun əlində bıçaq və yaxud hər hansı alət olmamış, eyni zamanda Ruhanəni bıçaqla və yaxud hər hansı alətlə vurmamış və ona hər hansı xəsarət belə yetirməmişdir. Ruhanə ondan ayrılmaq üçün belə yola əl atmışdır. Sonradan zərərçəkmiş şəxslə barışmışdır. Əməlindən peşmançılıq çəkir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2008-ci ildən Tərlan Məmmədovla ailə qurmuş, birgə nigahdan bir qızı və bir oğlu vardır. 2018-ci ilədək Biləsuvar rayonunda yaşamış, aralarında arabir mübahisə olmuş, lakin münasibətiləri normal olmuşdur. 2018-ci ilin yay aylarında Abşeron rayonu Masazır kəndinə ailəsi ilə birlikdə köçmüş, orada kirayə yaşamışlar. Abşeron rayonu Xırdalan şəhərində yerləşən “Gəncə təndiri”ndə işləmiş, Tərlan isə mebel sexində işləyib uşaqlarını saxlamışlar. 2019-cu ilin noyabr ayında Tərlanın ona xəyanət etməsini və başqa xanımla görüşməsini bilmiş, ailəsinin dağılmaması üçün Tərlandan bir neçə dəfə xahiş etmişdir ki, bu cür hərəkətlər etməsin, lakin Tərlan ona əhəmiyyət verməmiş və hərəkətlərinə davam etmişdir. Məcbur olub, 2020-ci ilin yanvar ayının 16-da kirayə yaşadığı evdən çıxmış və onunla birlikdə işləyən Xəyalənin Masazır kəndində kirayə yaşadığı evində qalmışdır. 26 yanvar 2020-ci il tarixdə saat 19 radələrində Xəyalə ilə birlikdə Abşeron rayonu Masazır kəndində “Zeynəb” marketin arxa tərəfində kirayə yaşadığı evdən çıxıb Xırdalan şəhərində yerləşən iş yerinə gedən zaman Tərlan Məmmədov onun qarşısını “Zeynəb” marketin yanında, küçədə kəsmiş və “evə qayıt, sən kimdi bu Xəyalə ona qoşulub ayrı qalırsan” demişdir. Tərlana “səndən ayrılmışam, geri qayıtmayacağam və uşaqlarımı da səndən alacağam” cavabını vermişdir. Həmin vaxt Tərlan onun qolundan dartaraq evə qaytımasını tələb etmişdir. Bunu görən Xəyalə səs-küy salıb köməyə adamları çağırmış, həmin vaxtı oradan keçən tanımadığı kişi onlara yaxınlaşmış və Tərlanı qucaqlayıb saxlamış, həmin vaxt Xəyalə ilə birlikdə qaçaraq oradan getmiş, yoldan taksiyə minib Abşeron rayon polis idarəsinə gəlmiş və ərizə ilə müraciət etmiş, sonra oraya onun iş yoldaşı İsmayıl avtomobili ilə gələrək onu Bakı şəhər KTM-ə aparmışdır. Orada ona ilkin tibbi yardım göstərilmişdir. Hadisə 26 yanvar 2020-ci il tarixdə saat 19 radələrində Abşeron rayonu, Masazır kəndində “Zeynəb” marketin yanında baş vermiş, baş vermiş hadisə zamanı orada Xəyalə, özü, Tərlan və tanımadığı digər şəxs olmuş, mübahisə təxminən 10-15 dəqiqə davam etmiş, hadisə zamanı əynində qara rəngli gödəkçə olmuş, hadisədən sonra həmin gödəkçəni atmış, hal-hazırda gödəkçə özündə deyildir. Hadisə vaxtı Təqsirləndirilən şəxs bıçaq və ya başqa kəsici alət olmasını və həmin alət ilə ona zərbə vurmasını görməmişdir. Təqsirləndirilən şəxs onu əli ilə vurmuş və bu zaman o yerə yıxılmışdır. Sonra isə o, ayağa qalxmış. Xəsarət almasını əvvəlcə bilməmişdir. Hadisə yerindən taksi ilə uzaqlaşarkən qolundan qan gəldiyini görmüşdür. Xəsarət dəqiq nə zaman və hansı şəraitdə olduğunu bilmir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş X2 ifadəsində göstərmişdir ki, Ruhanə Mirzəyevanı təxminən bir neçə aydır ki, tanıyır. Belə ki, hadisə baş verdiyi ərəfədə Ruhanə ilə Xırdalandakı çörək sexində işləmiş, həmin vaxtı Ruhanə sexdə xəmirkeş, özü isə yapıcı işləmişdir. Təqsirləndirilən şəxs Ruhanənin əridir və onda olan məlumata görə Tərlan Ruhanəyə xəyanət etdiyi üçün Ruhanə ərindən ayrılmış və hadisədən əvvəl təxminən 10 gün idi ki, onunla birlikdə yaşamışdır. Tərlan isə Ruhanəyə onu əxlaqsızlıqda ittiham edərək onun qaldığı evdən çıxmasını və evinə geri qayıtmasını tələb etmişdir. Təqsirləndirilən şəxsla və Ruhanə Mirzəyeva ilə heç bir ədavəti və qərəzli münasibəti yoxdur. 26 yanvar 2020-ci il tarixdə saat 19 radələrində rəfiqəsi Ruhanə ilə kirayə yaşadığı evdən çıxıb işlədiyi Xırdalan şəhərində yerləşən «Gəncə təndir»i adlandırılan çörək sexinə gedən zaman yaşadığı evin yaxınlığında Təqsirləndirilən şəxs ona yaxınlaşaraq Ruhanəyə «sən evə qayıt, bu Xəyalə kimdir ki, ona qoşulub ayrı yaşayırsan» demişdir. Ruhanə isə «səndən ayrılmışam, geri qayıtmayacam və uşaqlarımı da səndən alacam» demiş, bu zaman Tərlan Ruhanəyə əl atıb onu vurmaq istədikdə o araya girmiş və ona «mənim yanımda onu vura bilməzsən» demişdir. Bundan sonra ondan ayrılıb yoluna davam etmiş, həmin vaxtı Tərlan qolunda gizlətdiyi iti ağızlı dəqiq əlamətini xatırlamadığı bıçaqla Ruhanənin sol qol və bədəninin müxtəlif nahiyələrindən vurmuş, bunu görüb Tərlanı sakitləşdirməyə çalışmış və onu Ruhanədən ayıra bilmədiyi üçün kənardan qışqır-bağır salmış, bu zaman yoldan keçən bir nəfər tanımadığı kişi onlara yaxınlaşıb Tərlanı qucaqlayıb kənarlaşdırmışdır. Ruhanə ilə birlikdə dərhal oradan qaçıb uzaqlaşaraq taksinə minmiş və rayon polis idarəsinə gəlmişlər. Tərlanın Ruhunə ilə arasında yaranmış münaqişə kənar şəxslərin gözü qarşısında baş vermiş və təxminən 10-15 dəqiqə davam etmiş, Ruhanənin Tərlan tərəfindən vurulduğu bıçağın dəqiq əlamətini görməsə də, həmin bıçağın iti ağızlı olduğunu görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Ruhanə Mirzəyevanı təxminən 2 il olar ki, tanıyır. Belə ki, Ruhanə onun sexində təxminən bir yarım paketçi işləmiş, Ruhanə onun sexində işlədiyi dövrdə onu normal bir xanım kimi tanımış, onun işlədiyi dövrdə dəfələrlə əri Tərlan adlı şəxsin sexinə gəldiyinin, Ruhanəni həm işə gətirdiyinin və həm də işdən aparmasının şahidi olmuş, Ruhanə onun sexində işlədiyi müddətdə onun əri Tərlanla arasında hər hansı münaqişə baş verməsinin şahidi olmamışdır. 26 yanvar 2020-ci il tarixdə onun işçisi olmuş Xəyalə adlı xanımdan məlumat almışdır ki, həmin tarixdə saat 19 radələrində Ruhanə iş yoldaşı Xəyalə ilə birlikdə işə gələrkən yaşadığı evin qarşısında Tərlan onu qarşısını kəsmiş və üstündə gəzdirdiyi bıçaqla Ruhanənin sol qolundan bir neçə dəfə vuraraq ona xəsarət yetirmişdir. Həmin vaxtı Xəyalə Ruhanənin yanında olduğu üçün harayçılıq etmiş və ətrafdan kömək çağırmış, ətrafdan gələn şəxslər isə Tərlanın qarşısını kəsib Ruhanəyə əlavə xəsarət yetirməsini mane olmuşlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Ruhanə Mirzəyevanı təxminən 2 il olar ki, tanıyır. Belə ki, Ruhanə onun sexində xəmirçi işləyir. Həmin sex 24 saat fəaliyyət göstərir, yalnız sexdə çörək bişirilməsi ilə məğşul olur. Ruhanə Mirzəyeva sexdə işlədiyi müddətdə onun əri adını sonradan bildiyi Tərlan adlı şəxs bir neçə dəfə sexə sərxoş vəziyyətdə gəlmiş və Ruhanə ilə arasında münaqişə yaranmışdır, onunla dəfələrlə söhbətlər aparmış və bu kimi hərəkətlərinə son qoymasını bildirmişdir. Sonuncu dəfə hadisədən təxminən 2-3 ay əvvəl gecə saat təxminən 24 radələrində sexə gəlmiş və Ruhanə ilə münaqişə yaratmış, Ruhanə onun əlindən qaçmağa çalışmış, sonra isə DİN-nin 102 xidmətinə Tərlanın hərəkətləri barədə məlumat verilmiş, bundan sonra isə Tərlan sexdən qaçıb getmişdir. 26 yanvar 2020-ci il tarixdə Ruhanə sexə işə gəlməli olmuş, lakin onun gəlmədiyini görüb Xəyalə adlı işçidən məlumat almışdır ki, həmin tarixdə saat 19 radələrində Ruhanə iş yoldaşı Xəyalə ilə birlikdə işə gələrkən yaşadığı evin qarşısında Tərlan onu qarşısını kəsmiş və üstündə gəzdirdiyi bıçaqla Ruhanənin sol qolundan bir neçə dəfə vuraraq ona xəsarət yetirmişdir. Həmin vaxtı Xəyalə Ruhanənin yanında olduğu üçün harayçılıq etmiş və ətrafdan kömək çağırmış, ətrafdan gələn şəxslər isə Tərlanın qarşısını kəsib Ruhanəyə əlavə xəsarət yetirməsini mane olmuşlar. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə-tibbi ekspertizasının 03 fevral 2020-ci il tarixli 183 saylı rəyində qeyd olunmuşdur ki, 1993-cü il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər – sol said nahiyəsinin 2 ədəd deşilmiş-kəsilmiş yaraları iti kəsici-deşici alətin təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən 26.01.2020-ci il tarixdə qeyd olunani nahiyəyə bıçaqla vurulması nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlmlığa yüngül zərər vurmaya aiddir. Məhkəmə-tibbi ekspertizasının ekspertizasının 15 may 2020-ci il tarixli 20Ə saylı rəyində qeyd olunmuşdur ki, 1993-cü il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi və kliniki müayinəsi zamanı müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər – sol said nahiyəsinin 2 ədəd deşilmiş-kəsilmiş yaraları müxtəlif şəraitdə əmələ gələ bildiyindən dəqiq olaraq hansı şəraitdə törənməsi istintaq yolu ilə aydınlaşa bilərdi Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş 11.05.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona isnad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə Cinayət Məcəlləsinin 128-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Lakin bununla yanaşı, məhkəmə onu da qeyd edir ki, təqsirləndirilən şəxsin əməli ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən ictimai qaydanın pozulmasının qarşısını almaq istəyən şəxsə qarşı silah qismində istifadə edilən əşyadan istifadə etməklə təkrar qərəzli xuliqanlıq əməli kimi tövsif olunmuşdur. Məhkəmə, yuxarıda sadalan sübutlara istinad edərək ibtidai araşdırma orqanının bu mövqeyi ilə razılaşmır. Çünki, xuliqanlıq əməli onu nəzərdə tutur ki, bu niyyətlə hərəkət edən şəxsin davranışı konkret səbəblə bağlı olmamalı, həmin şəxsin özü haqqında, şəxsiyyətinin və şəxsi keyfiyyətlərinin müstəsnalığı barədə həddən artıq şişirdilmiş yanaşmalarından, düşüncələrindən qaynaqlanmalıdır. Xuliqanlıq niyyəti ilə davranan şəxsi belə davranışa təhrik edən, itələyən onun özündən müştəbehliyi, özünə qarşı müstəsna yanaşma ilə bağlı tələbatlarıdır. Araşdırılmış sübutlardan görünür ki, təqsirləndirilən şəxsin davranışı belə tələbatlarla bağlı olmamış, konkret səbəbdən - təqsirləndirilən şəxsin başqa bir qızla münasibət qurması ilə əlaqədar olaraq uzun müddət aralarında davam edən ailə münaqişəli münasibətlər zəminində təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs döyülməsi, formalaşmış qısqanclıq motivindən (təqsirləndirilən şəxsin xəyanəti) və anidən formalaşan şəraitdən qaynaqlanmışdır. Bu əlamətlər isə xuliqanlıq əməlini istisna edir. Məhkəmənin fikrinə görə, yuxarıda bəhs olunan sübutların həcmi və ümumiyyətlə işin gerçək halları tərkib əlamətləri baxımından təqsirləndirilən şəxsin xuliqanlıq cinayəti törətdiyini deməyə əsas vermir və bununla bağlı aşağıdakılar da qeyd olunmalıdır. Baxılan cinayət işi üzrə əməlin xuliqanlıq cinayəti kimi tövsif olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin tərkib əlamətlərinin mənasına görə xuliqanlıq ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına daxil olmaqla onun qəsd etdiyi əsas obyekt qismində ictimai qayda çıxış edir. İctimai qayda dedikdə isə ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə, insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər isə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. İctimai qaydanı pozan belə hərəkətlər edən şəxsin məqsədi qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün sanki müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri ilə zərərçəkmişin sağlamlığına zərər vura biləcəyini, yaxud özgənin əmlakını məhv edəcəyi və ya zədələyəcəyini qabaqcadan görür, bunu arzu edir, hərəkətləri ilə bu məqsədə doğru gedir. Xuliqanlığın subyektiv cəhətinin zəruri elementi və mütləq şərti bu cinayətin motivi, yəni onda bu cinayəti törətmək qətiyyəti yaradan hisslərdir. Bilərəkdən heç bir əsaslı səbəb olmadan özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, belə ədəbsizliyin qarşısını almağa cəhd edənlərdən qisas almaq istəyi belə iyrənc hisslərdəndir. Xuliqanlıq zamanı təqsirkarın hərəkətləri müəyyən səbəbə və şəxsi motivlərə görə konkret şəxsə qarşı deyil, hadisə ilə ümumiyyətlə əlaqəsi olmayan şəxslərə, topluma, cəmiyyətə qarşı yönəlir və təqsirkarın niyyəti ondan ibarət olur ki, qeyri-müəyyən şəxslər dairəsinin şüurundan özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini göstərsin. Lovğalılıq, təkəbbür, özündən müştəbehlik, ictimai maraqlara və hakim əxlaqa laqeydlik xuliqanın tipik əlamətləri, xuliqanlıq niyyətinin səciyyəvi cizgiləridir. Belə niyyətlə deyil, şəxsi münasibətlər zəminində qisas motivi ilə edilən hərəkətlər xuliqanlıq kimi qiymətləndirilə bilməz. Eyni mövqeyi Azərbaycan Respublikası Ali Məhkəmənin Plenumu «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» 23 mart 2004-cü il tarixli Qərarında da bölüşür. Məhkəmə məhz göstərilənləri nəzərə almaqla baş vermiş cinayətin faktiki əlamətləri ilə xuliqanlıq cinayətinə xas, yuxarıda təsvir olunan hüquqi əlamətləri tutuşduraraq hesab edir ki, bu əlamətlər arasında nə obyekt əlamətləri, nə obyektiv cəhətin əlamətləri, nə də subyektiv cəhətin əlamətləri baxımından oxşarlıq yoxdur. Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs tərəfindən döyülməsi ilə bağlı məhkəmə yuxarıdakı mövqeyinə uyğun olaraq qeyd edir ki, təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs döyülməsi, Zərərçəkmiş şəxs «Zeynəb» marketin qarşısında təqsirləndirilən şəxslə mübahisə etməsi ilə əlaqədar olaraq aralarındakı ailə münaqişəli münasibətlər zəminində baş verdiyindən həmin əməl xuliqanlıq cinayəti kimi tövsif oluna bilməz. Zərərçəkmiş şəxs hadisə zamanı aldığı xəsarətlərin dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərərvurmaya aid xəsarət olduğundan bu əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin qəsdən sağlamlığa yüngül zərər vurmaya görə məsuliyyət nəzərdə tutan 128-ci maddəsi ilə də tövsif olunmalıdır. Təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3cü maddəsi ilə ittiham irəli sürülməsinin səbəbi onun məhz hadisəni «Zeynəb» marketin qarşısında və iti deşici-kəsici xassəyə malik bıçaqla zərərçəkmiş şəxsə xəsarət yetirməklə törədilməsi olmuşdur. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Silah qismində istifadə edilən əşyaların” anlayışına Konstitusiya Məhkəməsi Plenumunun B.Yusifovanın şikayəti üzrə 17 fevral 2006-cı il tarixli Qərarında aydınlıq gətirilmişdir. Həmin Qərara əsasən silah qismində istifadə edilən əşyalar konstruksiya cəhətdən digər məqsədlər üçün, o cümlədən istehsalat təsərrufat-məişət məqsədi ilə və yaxud da ümumiyyətlə hər hansı müəyyən məqsədlərə yönəlməyən, istehsal və emal olunmayan, yəni təbiətdə mövcud olan əşyalardır. Bu əşyalar silah deyil, bununla belə hər hansı məhvetmə xüsusiyyətinə, yəni soyuq və ya başqa silah növünə xas olan bəzi xüsusiyyətlərə malikdir və onların siyahısı hədsizdir. Silah qismində istifadə edilən əşyanın məhvetmə xüsusiyyətinə malik olması, onu bu xüsusiyyətə malik olmayan digər əşyalardan fərqləndirən əsas və mütləq şərtdir. CM-nin 221.3-cü maddəsi xuliqanlıq hərəkətlərinin törədilməsi üçün əvvəlcədən hazırlanmış əşyalarla bu hərəkətlərin həyata keçirilməsi zamanı təsadüfi əldə edilmiş əşyalar arasında heç bir fərq qoymur. Xuliqanlıq zamanı silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi ondan birbaşa sağlamlığa zərər vurulması, habelə zərərçəkmiş şəxsin həyat və ya sağlamlığı üçün real təhlükə yaradan üsulla istifadə olunmasıdır. Silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi ilə insanların həyat və ya sağlamlığı üçün real təhlükə yarandığı sübuta yetirilərsə, bu əməl CM-nin 221.3-cü maddəsi ilə tövsif olunmalıdır. Bununla yanaşı, əgər silah və ya silah qismində istifadə edilən əşyalar yalnız əmlakın məhv edilməsi və ya zədələnməsi üçün istifadə edilərsə, lakin bunun nəticəsində insanların sağlamlığına zərər vurulmazsa və yaxud həyat və ya sağlamlıq üçün real təhlükə yaranmazsa, əməl CM-nin 221.3-cü maddəsi ilə tövsif oluna bilməz. Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurulması ilə nəticələnən hadisə ilə bağlı məhkəmə qeyd edir ki, həmin hadisə təqsirləndirilən şəxsin deyil, məhz qısqanclıq zəminində zərərçəkmiş şəxsin təşəbbüsi ilə başlamışdır. Belə ki, həmin münaqişə təqsirləndirilən şəxsin arvadı Zərərçəkmiş şəxs döyməsi ilə bağlı, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə münasibətləri aydılanlaşdırması zamanı zərərçəkmiş şəxsin «Zeynəb» marketin qarşısında qısqanclıq zəmnində baş vermişdir. Həmçinin zərərçəkmiş şəxsə xəsarət yetirilməsində silah qismində istifadə olunan bıçaq maddi sübut kimi əldə edilərək iş materiallarına əlavə edilməmişdir. Hazırkı iş üzrə Təqsirləndirilən şəxs xuliqanlıq cinayətini törədərkən silah qismində istifadə edilən əşya tətbiq etməsi məhkəmə iclasında sübut olunmamışdır. Belə ki, ibtidai istintaq orqanı ittiham irəli sürərkən zərərçəkmiş şəxsin ehtimal xarakterli ifadəsinə əsaslanmışdır. Zərərçəkmiş şəxs həmin ifadəsində göstərmişdir ki, “..Təqsirləndirilən şəxs əlində tutduğu əşyanın nə olduğunu dəqiq görə bilməmiş, bu səbəbdən də həmin alət və ya əşya ilə bağlı konkret olaraq heç nə deyə bilmir, sadəcə Təqsirləndirilən şəxs qolunda gizlətdiyi iti ağızlı dəqiq əlamətlərini xatırlamadığı əşya görmüş və onun sol qolundan iki dəfə və əynindəki paltarın üstündən bədəninin müxtəlif nahiyələrinə zərbə vurduğu zaman hiss etmişdir ki, bu adi yumruq zərbəsi deyil, əlində nə isə bərk küt alət olmuşdur”. Bununla belə Zərərçəkmiş şəxs qolundan başqa bədəninin başqa nahiyələrində heç bir xəsarət müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsin ifadəsinin qeyd edilənlərlə, yəni xuliqanlıq hadisəsi zamanı silah qismində istifadə edilən əşyanın tətbiq edilməsi ilə bağlı hissəsi cinayət qanunvericiliyinə əsasən mötəbər sübut kimi qiymətləndirilə bilməz, bununla bağlı digər sübutlarla tam təkzib olunur. Ona görə də, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə ittiham verilməsi açıq-aşkar əsassız olmuşdur və məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində onun təqsirliliyi sübut olunmur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» 23 mart 2004-cü il tarixli Qərarında qeyd edir ki, zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Göstərilənlərə istinadən məhkəmə bir daha qeyd edir ki, bəhs olunan əməl ibtidai araşdırma orqanı tərəfindən Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə düzgün tövsif olunmamışdır, təqsirləndirilən şəxsin hərəkətləri şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı formalaşmış qisqanclıq motivindən (təqsirləndirilən şəxsin xəyanəti) və anidən formalaşan şəraitdən qaynaqlanmış və yalnız zərərçəkmiş şəxsin sağlamlığı əleyhinə yönəldiyindən həmin hərəkətlərin faktiki əlamətləri yalnız Cinayət Məcəlləsinin 128-ci maddəsinin tərkib əlamətləri ilə uyğun gəlir. Ona görə də, məhkəmə Azərbaycan Respublikası CPM-in 318-ci maddəsinin verdiyi səlahiyyətdən istifadə edərək hesab edir ki, təqsirləndirilən şəxsin əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin xuliqanlıq cinayətinin nəzərdə tutulduğu 221.3-cü maddəsindən real olaraq baş vermiş əməli əhatə edən tərkib əlamətinin nəzərdə tutulduğu Cinayət Məcəlləsinin 128-ci maddəsinə tövsif edilməlidir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmadığına görə barəsindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Buna görə də təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə CPM-in 156.4-cü maddəsinin “cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur” müddəasını rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37, 321, 346, 347, 349, 351, 353, 358, 381, 383, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsindən CM-in 128-ci maddəsinə tövsif edilsin və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Hökm şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-68/2021
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-68/2021
02.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver