Məhkəmə qərarları › İş №1(012)-680/2023

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-680/2023

24.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-680/2023 24.11.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, məhkəmə iclas katibi Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Fəxrəddin oğlunun, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.2002-ci ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Şamaxı rayonu, Göylər kəndində qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi, fərdi evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 04 mart 2023-cü il tarixdə saat 15:30 radələrində atası Şahid1 məxsus «Qazel» markalı, **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobillə sərnişin qismində Abşeron rayonu, Masazır qəsəbəsi, Z.Əliyeva küçəsi ilə hərəkətdə olarkən qarşıda əks yolla hərəkətdə olmuş “Shagman” markalı avtomobilin həmin küçədə yolun ensiz olmasına görə yolda tıxac yaratdığından Qazel markalı avtomobil Z.Əliyeva küçəsində yerləşən 17 saylı fərdi həyət evinin giriş qapısının qarşısını kəsdiyi və həmin evin sahibi Zərərçəkmiş şəxs Fəxrəddin oğlunun küçəyə çıxmasına maneçilik yaratmasına görə sonuncu Qazel markalı avtomobilin sürücüsü Şahid1 irad bildirmiş, həmin vaxtı Qazel markalı avtomobildə sərnişin olmuş Təqsirləndirilən şəxs avtomobildən düşərək cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özləri və ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərib öz şəxsiyyətlərini digərlərinin şəxsiyyətinin fövqində qoymaqla ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zor tətbiq olunması ilə müşayiət edilən hərəkətlər edərək Zərərçəkmiş şəxs atasına etdiyi irada görə heç bir əsaslı səbəb olmadan insanların gözü qarşısında yumruq zərbəsi ilə Zərərçəkmiş şəxs çənəsindən bir dəfə vurub sonuncunun zərbənin təsirindən müvazinətini itirib yerə yıxılıb başı yerə dəyməsi nəticəsində qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, sol ənsə nahiyəsinin yumşaq toxumalarının əzilməsi ilə müşaiyət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirərək qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan edilən ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2023-cü ilin fevral ayının axırlarında Abşeron rayonu, Masazır qəsəbəsi, Zərifə Əliyeva küçəsində kiçik çörək sexi açmışdır. Lakin həmin sexə avadanlıqlar və digər lazımlı əşyalar yığılmadığından hələ fəaliyyətə başlamamışlar. xx.xx.2023-cü il tarixdə saat 16 radələrində atası və anası həmin sexə atasına məxsus Qazel markalı, **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobillə xəmir qarışdıran aparatı aparmaq istəmişlər. Onlar aparatı sexə qoyub avtomobilə minərək təxminən 30 metr uzaqlaşdıqdan sonra qarşıdan “Shagman” markalı avtomobil gəldiyini görmüş, atası Şahid1 bir-birlərinin yolunu kəsməmək üçün idarə etdiyi avtomobili yolun kənarına doğru çəkmiş və “Shagman” markalı avtomobilin keçməsi üçün şərait yaratmışdır. “Shagman” markalı avtomobil gəlib keçdikdən sonra yolun paralel tərəfində, yəni onların əks tərəfində olan fərdi yaşayış sahəsinin həyətindən bir nəfər adının sonradan Zərərçəkmiş şəxs Fəxrəddin oğlu olduğunu bildiyi şəxs evdən çıxaraq onlara qışqıraraq ucadan irad bildirməyə başlamışdır. Belə ki, həmin şəxs atası Nazimə nəyə görə avtomobili bura salıb tıxac yaratdığını və yol vermədiyini kobud şəkildə bildirmişdir. Atası Nazimdə həmin şəxsə qışqıraraq danışmamasını və anasının avtomobildə olmasını demişdir. Lakin həmin şəxs ucadan atasına “sənə sürücülük vəsiqəsi verənin” deyərək nalayiq ifadələr işlətməyə davam etmişdir. Atası Nazim ona 3 dəfə anasının avtomobildə olmasını təkrar-təkrar bildirsə də, Əhsən buna əhəmiyyət verməyərək nalayiq ifadələr işlətməyə davam edib sanki onları qıcıqlandırmağa çalışırmışdır. O müharibə dövründə xidmətdə olduğundan sinirləri yerində olmamış və hər şeyə tez reaksiya vermişdir. Buna görə də, həmin vaxt əsəbləşib avtomobildən düşərək Əhsənin qarşısına getmiş və ondan nəyə görə anası eşidə-eşidə nalayiq ifadələr işlətdiyini soruşmuş, Əhsən də yenə onunla kobud formada danışaraq onu geriyə doğru itələmişdir. O da əsəbləşərək sonuncunun çənəsindən bir dəfə yumruqla vurmuş, onun yumruğunun təsirindən Əhsən geriyə yıxılmış və huşunu itirmişdir. Bundan sonra atası yanına gələrək sonuncunu ayıltmış və 103-ə zəng edərək təcili tibbi yardım avtomobilini çağırmışlar. Təcili tibbi yardım gəldikdən sonra Əhsəni “X7”ə aparmışlar. Bundan sonra birlikdə xəstəxanaya getmiş və Əhsənin bütün xəstəxana xərclərini ödəmişlər. Aralarında baş vermiş ümumu mübahisə təxminən 6-7 dəqiqə davam etmiş, həmin vaxt orada adlarını bilmədiyi, lakin üzdən tanıdığı qonşuları olmuşdur. Sonda o, barəsində barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Fəxrəddin oğlu ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 16 radələrində evin həyətində olan zaman çöldə işıq sayğacı tərəfdən səs gəldiyini hiss etmiş, çölə çıxdıqda işıq ödənişinin qəbzini yazan şəxs işıq sayğacının yerləşdiyi qutunu bağlamağa çalışdığını, lakin bağlaya bilmədiyini görmüşdür. O, həmin əməkdaşa əziyyət çəkməməsini, evdən otverka, yəni vintaçan götürüb həmin qabın qapağını özünün bağlayacağını bildirmişdir. Həmin şəxsdə onunla razılaşıb getmiş, sonra evə keçmiş və vintaçan götürüb yenidən çölə çıxmışdır. O, qapını açıb evin həyətindən çölə çıxmaq istəsə də, qapının düz qarşısında “Shagman” markalı yük avtomobilinin arxa hissəsi dirəndiyindən qapını aça bilməmiş, həmin vaxt “Shagman” markalı yük maşını biraz irəli getdiyindən qapını açaraq çölə çıxa bilmişdir. O, çölə çıxıb “Shagman” markalı avtomobilin arxasına keçdikdə görmüşdür ki, yolun o biri hərəkət hissəsində, yəni Shagman” markalı avtomobilin paralelində Qazel markalı avtomobildə dayanmışdır. Həmin vaxt onlar yolun dar hissəsində yan-yana qaldıqlarından hərəkət etmələri demək olar ki məhdud olmuşdur. Amma demək olar ki, Qazel markalı avtomobil “Shagman” markalı avtomobilin tam olaraq arxa hissəsinə çatmış, lakin yenə də paralel formada dayanmışlar. O, “Shagman” markalı avtomobilin arxasına, eləcə də, Qazel markalı avtomobilin qabağına keçən zaman hər iki avtomobilin sürücüsünün qapının pəncərəsindən arxaya doğru boylanıb bir-biriləri ilə sözlü mübahisə etdiklərini görmüşdür. Həmin vaxt sonuncuların tıxac yaratmasından əsəbləşərək hər iki sürücüyə “korsuz? Yolun geniş hissəsini görmürsüz? Yolun geniş yerini qoyub dar hissəsində gəlib tıxac yaratmısız” sözlərini işlətmişdir. O, bunu dedikdən çox qısa müddət sonra qəflətən huşu getmiş və yerə yıxılmışdır. O, ayıldıqda artıq xəstəxanada olduğunu görmüş, xəstəxanada olan zaman qohumlardan öyrənmişdir ki, Qazel markalı avtomobilin sürücüsü Şahid1 oğlu Təqsirləndirilən şəxs onu vurmuşdur. Göstərmişdir ki, Qazel markalı avtomobilin sürücüsü Şahid1 ilə arasında ola bilsin ki, sözlü mübahisə olsun, lakin həmin vaxt həmin ərazi evinin qarşısı olduğundan sözlü mübahisə zamanı hər hansı söyüş işlətməmişdir. Həmçinin Şahid1 arvadının və oğlunun avtomobildə olmasını görməmiş, ümumiyyətlə bu günkü gündə Təqsirləndirilən şəxs görsə tanımayacaqdır. Onun Təqsirləndirilən şəxs ilə arasında heç bir dialoq olmamış, ümumiyyətlə sonuncunun onu necə vurmasını və nə ilə vurmasını görməmiş, sadəcə xəstəxanada ayıldıqdan sonra bilmişdir ki, onu Şahid1 oğlu Fərahim vurmuşdur. Sonda o, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu və dəymiş ziyanın ödənilməsini tələb etdiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, etibarnamə əsasında idarə etdiyi Qazel markalı, **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Onlar 2023-cü ilin fevral ayının axırlarında Abşeron rayonu, Masazır qəsəbəsi, Zərifə Əliyeva küçəsində kiçik çörək sexi açmış, lakin həmin sexə avadanlıqlar və digər lazımlı əşyalar yığılmadığından hələ fəaliyyətə başlamamışlar. xx.xx.2023-cü il tarixdə saat 16 radələrində oğlu və arvadı həmin sexə ona məxsus Qazel markalı, **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobillə xəmir qarışdıran aparatı aparmışlar. Onlar aparatı sexə qoyub avtomobilə minərək təxminən 30 metr uzaqlaşdıqdan sonra qarşıdan “Shagman” markalı avtomobilin gəldiyini görmüş, bir-birlərinin yolunu kəsməmək üçün idarə etdiyi avtomobili yolun kənarına doğru çəkmiş və “Shagman” markalı avtomobilin keçməsi üçün şərait yaratmışdır. “Shagman” markalı avtomobil gəlib keçdikdən sonra yolun paralel tərəfində, yəni onların əks tərəfində olan fərdi yaşayış sahəsinin həyətindən bir nəfər adının sonradan Zərərçəkmiş şəxs Fəxrəddin oğlu olduğunu bildiyi şəxs evdən çıxaraq ona qışqıraraq ucadan irad bildirməyə başlamış, həmin şəxs ona nəyə görə avtomobili bura salıb tıxac yaratdığını və yol vermədiyini kobud şəkildə bildirmişdir. O da həmin şəxsə qışqıraraq danışmamasını və arvadının avtomobildə olduğunu demişdir. Lakin həmin şəxs ucadan ona “sənə sürücülük vəsiqəsi verənin” deyərək nalayiq ifadələr işlətməyə davam etmişdir. O, sonuncuya 3 dəfə arvadının avtomobildə olmasını təkrar-təkrar bildirsə də, Əhsən buna əhəmiyyət verməyərək nalayiq ifadələr işlətməyə davam edib sanki onları qıcıqlandırmağa çalışmışdır. Oğlu müharibə dövründə xidmətdə olduğundan sinirləri yerində olmamış və hər şeyə tez reaksiya verdiyindən həmin vaxt əsəbləşib avtomobildən düşərək Əhsənin qarşısına getmiş və ondan nəyə görə arvadı eşidə-eşidə nalayiq ifadələr işlətdiyini soruşmuşdur. Əhsən də yenə onunla kobud formada danışaraq onu geriyə doğru itələmiş, bu zaman oğlu Fərahim əsəbləşərək Əhsənin çənəsindən bir dəfə yumruqla vurmuş, yumruğun təsirindən Əhsən geriyə doğru yıxılmış və huşunu itirmişdir. Bundan sonra ora gedərək oğluna irad bildirmiş və Əhsəni ayıldıb 103-ə zəng edərək təcili tibbi yardım avtomobilini çağırmışdır. Təcili tibbi yardım avtomobili gəldikdən sonra Əhsəni “X7”ə aparmışlar. Sonra birlikdə oraya getmiş və Əhsənin bütün xəstəxana xərclərini ödəmişlər. Aralarında baş vermiş ümumu mübahisə təxminən 6-7 dəqiqə davam etmiş, həmin vaxt orada adlarını bilmədiyi, lakin üzdən tanıdığı qonşuları olmuş, hadisə vaxtı oğlunun əlində heç bir alət olmamış, oğlu sadəcə Əhsəni bir dəfə yumruqla vurmuşdur.Hadisədən sonra zərərçəkmiş şəxsi xəstəxanaya aparmışlar,400 manat xəstəxana xərcini çəkmiş,sonra da da cəmisi 1000 manat maddi köməklil etmişlər, bir dəfə də 100 manat göndərmiş, lakin qəbul etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 04 mart 2023-cü il tarixdə saat 16 radələrində yaşadığı evdən çıxıb marketə çörək almağa getmişdir. Həmin vaxt qaynı Zərərçəkmiş şəxs evinin qarşısında bir neçə şəxsin toplaşdığını görüb oraya yaxınlaşanda Əhsənin yerdə uzandığını və özündə olmadığını görüb onun başını qaldırmaq istəyəndə başının arxa hissəsində xəsarət olduğunu və qan axmasını görmüş, həmin vaxt orada olan qonşuların köməkliyi ilə Əhsəni götürüb həyətinə aparıb orada yerə uzatmış və təcili yardımın gəlməsini gözləmişdir. Sonuncunun ayılması üçün üzünə su vurmuş, Əhsənin ağzından laxta qan gəlməsini görmüşdür. Təcili yardım gəldikdən sonra Əhsəni xəstəxanaya aparmış, sonuncu özünə gəldikdən sonra bildirmişdir ki, həmin vaxt evinə gələn işıq xəttinə quraşdırılmış sayğacın qapağını bağlamaq üçün çıxmaq istədikdə yolda evinin qarşısında saxlanılmış Şaqman markalı avtomobillə Qazel markalı avtomobillərin qarşı-qarşıya qapının qabağını kəsdiyi üçün qapını aça bilməmiş, sürücülərə avtomobilləri qapının qarşısından çəkmələrini bildrdikdə həmin vaxt Qazel markalı avtomobilin sürücüsü ilə aralarında söz mübahisəsi yaranmış, mübahisə vaxtı Qazeldə sərnişin olan şəxsin maşından düşüb arxadan başına nə iləsə vuraraq ona xəsarət yetirmişdir. Sonradan məlum olmuşdur ki, Əhsənlə mübahisə edən Qazel markalı avtomobilin sürücüsü Nazim, onun avtomobilindən düşüb Əhsəni vuran isə oğlu Fərahim olmuşdur. O, hadisə baş verərəkən orada olmadığı üçün həmin hadisənin necə olduğu barədə bilmir. Əhsənlə mübahisə edən və onu vuran şəxsi tanımır, Əhsənin yerdə uzanmış vəziyyətdə görüb yaxınlaşanda Qazel markalı avtomobil orada olmuş, həmin vaxt Əhsənlə həmin şəxsin mübahisə etməsini bilmədiyinə görə və başı Əhsənə qarışdığı üçün onlarla maraqlana bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 2023-cü ilin fevral ayının axırlarında Abşeron rayonu, Masazır qəsəbəsi, Zərifə Əliyeva küçəsində kiçik çörək sexi açmışlar. Lakin həmin sexə avadanlıqlar və digər lazımlı əşyalar yığılmadığından hələ fəaliyyətə başlamamışdır. xx.xx.2023-cü il tarixdə saat 16 radələrində oğlu və əri Nazim həmin sexə ərinə məxsus Qazel markalı, **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobillə xəmir qarışdıran aparatı aparmışlar. Onlar aparatı sexə qoyub avtomobilə minərək təxminən 30 metr uzaqlaşdıqdan sonra qarşıdan “Shagman” markalı avtomobilin gəldiyini görmüşlər. Nazim yolu kəsməmək üçün idarə etdiyi avtomobili yolun kənarına doğru çəkmiş və “Shagman” markalı avtomobilin keçməsi üçün şərait yaratmışdır. “Shagman” markalı avtomobil gəlib keçdikdən sonra yolun paralel tərəfində, yəni onların əks tərəfində olan fərdi yaşayış sahəsinin həyətindən bir nəfər adının sonradan Zərərçəkmiş şəxs Fəxrəddin oğlu olduğunu bildiyi şəxs evdən çıxaraq Nazimin üstünə qışqıraraq ucadan irad bildirməyə başlamışdır. Belə ki, həmin şəxs nəyə görə avtomobili evinin qarşısında saxlayıb tıxac yaratdığını və yol vermədiyini kobud şəkildə bildirmişdir. Nazim isə həmin şəxsə qışqıraraq danışmamasını və onun avtomobildə olduğunu demişdir. Lakin həmin şəxs ucadan Nazimə “sənə sürücülük vəsiqəsi verənin” deyərək nalayiq ifadələr işlətməyə davam etmişdir. Nazim 2-3 dəfə ona işarə edib avtomobildə qadın olmasını təkrar-təkrar bildirsə də, Əhsən buna əhəmiyyət verməyərək nalayiq ifadələr işlətməyə davam edib sanki onu qıcıqlandırmağa çalışmışdır. Oğlu müharibə dövründə xidmətdə olduğundan sinirləri yerində olmamış və hər şeyə tez reaksiya vermişdir. Elə buna görə də həmin vaxt əsəbləşib avtomobildən düşərək Əhsənin qarşısına getmiş və ondan nəyə görə eşidə-eşidə nalayiq ifadələr işlətdiyini soruşmuşdur. Əhsən də yenə onunla kobud formada danışaraq onu geriyə doğru itələmiş, bu zaman oğlu Fərahim əsəbləşərək Əhsənin çənəsindən bir dəfə yumruqla vurmuşdur. Yumruğun təsirindən Əhsən geriyə doğru yıxılmış və huşunu itirmişdir. Bundan sonra Nazim və o, oğluna irad bildirmiş və Əhsəni ayıldıb 103-ə zəng edərək təcili tibbi yardım avtomobilini çağırmışlar. Təcili tibbi yardım avtomobili gəldikdən sonra Əhsəni “X7”ə aparmışlar. Onlarla birlikdə oraya getmiş və Əhsənin bütün xəstəxana xərclərini ödəmişlər. Aralarında baş vermiş ümumu mübahisə təxminən 6-7 dəqiqə davam etmiş, hadisə vaxtı oğlunun əlində heç bir alət olmamış, oğlu Əhsəni bir dəfə yumruqla vurmuşdur.Hadisədən sonra da zərərçəkmiş şəxsə baş çəkmək üçün evinə getmişlər,400 manat maddi yardım etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Abşeron rayon Polis İdarəsinin PPXB-də polis nəfəri kimi xidmət göstərir. 04 mart 2023-cü il tarixdə PPXB-nin polis nəfərləri Şahid6 və Şahid5la birlikdə Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində xidmət aparmışlar. Təxminən saat 16 radələrində xidmətdə olduqları vaxt Köhnə Bədəliyyə adlanan ərazidə bir qrup şəxsin toplaşdığını görmüşlər. Oraya yaxınlaşdıqda yerdə bir nəfər şəxsin uzandığını görüb ad və soyadını soruşmuşlar. Həmin şəxs onlara ad və soyadının Zərərçəkmiş şəxs Fəxrəddin oğlu olduğunu və döyülərək huşsuz vəziyyətdə yerdə uzandığını bildirmişdir. Onlar dərhal müdaxilə edərək Zərərçəkmiş şəxs döyən şəxsin Qazel markalı ** MT *** dövlət qeydiyyat nişanlı avtomobildə olmuş sərnişin olduğunu müəyyən etmişlər. Bundan sonra xəsarət almış Zərərçəkmiş şəxs Fəxrəddin oğlu yardım olunması üçün xəstəxanaya yola salınmışdır. Göstərmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsi, Köhnə Bələdiyyə adlanan əraziyə yaxınlaşdıqda orada Zərərçəkmiş şəxs Fəxrəddin oğlunun huşsuz vəziyyətdə yerə uzanıqlı olduğunu görmüş, həmin şəxs döyüldüyünü onlara bildirmiş, həmin əraziyə yaxınlaşdıqda orada hər hansı münaqişənin olduğunu görməmişlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid5 və Şahid6 ifadələrində polis nəfəri Şahid4 dediklərini təsdiq etmiş və istintaqa analoji ifadələr vermişlər. Cinayət işi üzrə təyin edilmiş məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 582 saylı rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs Fəxrəddin oğlunun məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər – qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, sol ənsə nahiyəsinin yumşaq toxumalarının əzilməsi – bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2023-cü il tarixdə küt əşya ilə endirilmiş zərbənin nəticəsində əmələ gəlməsi mümkündür və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Cinayət işi üzrə təyin edilmiş əlavə məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 16 Əlavə saylı rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs Fəxrəddin oğlunun məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər – qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, sol ənsə nahiyəsinin yumşaq toxumalarının əzilməsi – bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2023-cü il tarixdə küt əşya ilə endirilmiş zərbənin nəticəsində əmələ gəlməsi mümkündür və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs Fəxrəddin oğlunun bədəni üzərində məhkəmə-tibbi müayinəsi zamanı, eləcədə X6 kliniki müayinəsi zamanı çənə nahiyəsində xəsarət aşkar edilmədi. Bu səbəbdən də qeyd edilən xəsarətin əmələ gəlmə şəraiti haqqında dəqiq fikir söyləmək mümkün deyildir. İş üzrə Zərərçəkmiş şəxs Fəxrəddin oğlu tərəfindən Təqsirləndirilən şəxs qarşı mülki iddia qaldırılaraq 1587,38 (bir min beş yüz səksən yeddi manat otuz səkkiz qəpik) manatmaddi ziyan , 10 000 (on min) manat mənəvi zərər məbləğinin təqsirləndirilən şəxsdən tutulmasını xahiş etmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmiş və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Belə ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, məhkəmə zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxsin üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmiş və zərərçəkmiş şəxsin qəsdən sağlamlığına yüngül zərər vurmaqla xuliqanlıq etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını yüngüləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyasında min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Məhkəmə törədilmiş cinayət əməllərinin hər birinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların törədilməsi hallarını, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və həmin qətimkan tədbiri öz qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir: Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxsna azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməli, onun üzərinə yaşayış yeri üzrə, yəni Bakı şəhəri və Abşeron rayonu hüdudlarını saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulmalıdır. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək öz qüvvəsində saxlanılmalıdır. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə olunsun. İş üzrə Zərərçəkmiş şəxs Fəxrəddin oğlu məhkəməyə mülki iddia ilə müraciət etmiş, Təqsirləndirilən şəxs qarşı mülki iddia qaldırılaraq 1587,38 (bir min beş yüz səksən yeddi manat otuz səkkiz qəpik) manat, 10000 (on min) manat mənəvi ziyan məbləğinin təqsirləndirilən şəxsdən tutulmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi təqsirləndirilən şəxsin çinayət əməli nəticəsində zərərçəkmiş şəxs yüngül bədən xəsarəti almış, bununla əlaqədar müalicə almışdır.Zərərcəkəni müalicəsinə təqsirləndirilən şəxs tərəfindən 1000 manat pul yardımı edildiyi bildirilsə də, zərərçəkmiş şəxs bunun 400 manat olduğunu etiraf edir. Tərəflərin izahatlarından başqa işdə bu barədə sübut yoxdur. Zərərçəkmiş şəxs tərəfindən təqdim edilən reseplərin isə bilavəsitə ona məhz həmin xəsarət və bununla əlaqədar müalicəyə aid olması müəyyən edilmir. Bununla belə , məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsin xəsarəti ilə əlaqədar müalicə alması təkzibedilməzdir. Odur ki, məhkəmə hesab edir ki, bu barədə iddia qismən əsaslı olmaqla, ağlabatan məbləğdə olmaqla 500 manat məbləğində maddi ziyan hissəsində iddia təmin edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, baş verən cinayət hadisəsi ilə əlaqədar zərərçəkmiş şəxsin mənəvi iztirablar çəkməsi qaçılmazdır.Odur ki, iddia tələbi mənəvi zərər qissəsində qismən təmin edilməli, mənəvi zərərin məbləği ağlabatan məbləğdə 300 manat müəyyən edilməli, cəmi 800 manat məbləğində pul təqsirləndirilən şəxsdən tutulub,zərərçəkmiş şəxsə verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mənəvi zərərin ödənilməsi barədə qanunverciliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası qanunverciliyinin, “İnsan Hüquqlarının və X5 Haqqında” Konvensiya”nın müddəaları və “Avropa İnsan Hüquqları Məhkəməsi”nin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Həmin qərarın 8-ci bəndində göstərilmişdir ki, Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Rusiya Federasiyasına qarşı çıxarılmış qərarlarının icrası ilə bağlı xx.xx.2009-cu il tarixli Aralıq qətnaməsində (CM) Respublika DH (2009) qeyd etmişdir ki, mənəvi ziyan hüquq pozuntusunun özünün birbaşa nəticəsi olduğuna görə vətəndaş mənəvi ziyanın mövcudluğunu sübut etməli deyildir.Avropa Məhkəməsinin mənəvi ziyanla bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, mülki iddianın təmin edilən hissəsini təşkil edən 30 manat məbləğində iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumuna görə pul təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunmalı əmlak və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 08 (səkkiz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək öz qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri və Abşeron rayonu hüdudlarını və saat 23:00dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə olunsun. İş üzrə Zərərçəkmiş şəxs Fəxrəddin oğlu tərəfindən verilmiş mülki iddia qismən təmin olunsun və Təqsirləndirilən şəxs 500 (beş) manat maddi ziyan və 300 (üç yüz) manat mənəvi zərər olmaqla, cəmisi 800manat məbləğində pul tutulub Zərərçəkmiş şəxs Fəxrəddin oğluna ödənilsin. Təqsirləndirilən şəxs dövlət nəfinə 30 manat rüsuma görə pul tutulsun. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar