Məhkəmə qərarları › İş №1(012)-682/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-682/2025

29.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-682/2025 29.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Qarayev Cavid Nazim oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi: Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1976-cı il tarixdə Abşeron rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən bir ədəd soyuq silah hesab edilən zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağını əldə edib özündə gəzdirmiş, 23 oktyabr 2024-cü il tarixdə saat 15:20 radələrində Abşeron rayon polis idarəsinə yaxınlaşıb idarənin 2-ci postundan keçərkən Abşeron polis idarəsinin əməkdaşları tərəfindən saxlanılıb üzəri yoxlanılan zaman əynində olan mavi rəngli cins şalvarının arxa sol cibindən həmin üzərində gəzdirdiyi bir ədəd soyuq silah hesab edilən zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici,ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağı aşkar olunaraq götürülmüşdür. . İşin halları və dəlilləri: Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası CMnin 228.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda ailəsi ilə birlikdə yaşayır. Özünə məxsus “DAEWOO ESPERO” markalı ** MH *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə taksi fəaliyyəti göstərərk ailəsini dolandırır. Təxminən 2-3 il bundan qabaq əvvəlki maşınında olan təmir açarları olan qutunun içərisində bir ədəd bir ədəd sapı qəhvəyi rəngə oxşar taxtadan olan açılıb-qatlanan bıçaq görmüş və həmin bıçağı götürüb özü üçün maşında meyvə soymaq istəyəndə istifadə etmiş və idarə etdiyi avtomobilində saxlamışdır. Bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə təxminən saat 15 radələrində işi ilə bağlı Abşeron rayon polis idarəsinin dövlət yol polisi şöbəsinə gedəndə səhhəti ilə bağlı özünü pis hiss etdiyindən idarə etdiyi avtomobili idarənin yaxınlığında saxlayıb avtomobilində saxladığı bıçaqla bir ədəd alma götürüb qabığını soyub yemişdir. Sonra həmin bıçağı əynində olan mavi rəngli cins şalvarımın arxa sol cibinə qoymuşdur. Özünə gəldikdən sonra avtomobildən düşüb Abşeron rayon polis idarəsinin dövlət yol polisi şöbəsinə yaxınlaşmaq üçün idarənin girişində yerləşən ikinci posta yaxınlaşmışdır. Həmin postda üzəri yoxlanılan zaman o, əynində olan mavi rəngli cins şalvarının arxa sol cibində saxladığı bıçaq polis əməkdaşları tərəfindən aşkar edilmişdir. Sonra Abşeron rayon polis idarəsində təhqiqatçı tərəfindən həmin bıçaq hal şahidlərinin iştirakı ilə qablaşdırılaraq götürülmüşdür. Bununla bağlı protokol tərtib olunmuş, o, və prosses iştirakçıları həmin protokola imza etmişdir. Son olaraq əməlindən peşman olduğunu, bir azyaşlı uşağının olduğunu bildirərək məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron rayon polis idarəsinin post patrul xidməti bölüyünün polis nəfəri polis serjantı Şahid2 öz ifadəsində göstərmişdir ki, Abşeron rayon polis idarəsinin ikinci postunda xidmət aparır. Abşeron rayon polis idarəsinin dövlət yol polisi şöbəsinə müraciət edən şəxslər həmin ikinci postan keçərək dövlət yol polisi şöbəsinə müraciət etmişlər. Abşeron rayon polis idarəsinin ikinci postundan keçən hər bir şəxs başdan ayağa dedektor aparatı ilə yoxlanılaraq yol polisi və ya idarənin başqa şöbələrinə də getmişlər. Bildirmişdir ki, 23 oktyabr 2024-cü il tarixdə saat 15:20 radələrində iş yoldaşı Abşeron rayon polis idarəsinin post patrul xidməti bölüyünün polis nəfəri polis serjantı Şahid1 ilə birlikdə Abşeron rayon polis idarəsinin ikinci postunda xidmətdə olan zaman bir nəfər adını sonradan Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs posta yaxınlaşaraq dövlət yol polisi şöbəsinə gedəcəyini bildirmişdir. Onlar da həmin vaxt postda həmin şəxsin üzərini yoxlayan zaman həmin şəxsin əynində olan mavi rəngli cins şalvarının arxa sol cibindən bir ədəd sapı qəhvəyi rəngə oxşar taxtadan olan bıçaq aşkar olunmuşdur. O, və iş yoldaşı Şahid2la bir yerdə həmin şəxsi saxlayaraq raportla Abşeron rayon polis idarəsinin növbətçi hissəsinə təhvil vermişlər. İdarədə məlum olmuşdur ki, həmin şəxs xx.xx.1976-cı il tarixdə Abşeron rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxsdur. Bundan sonra idarə rəhbərliyinin göstərişi əsasında Təqsirləndirilən şəxs təqdim etdiyi həmin bıçaq təhqiqatçı tərəfindən hal şahidlərinin iştirakı ilə götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs Möhübbət oğlu bildirmişdir ki, “həmin bıçaq ona məxsusdur, təxminən 2-3 il bundan qabaq tapmışdır. xx.xx.2024-cü il tarixdə Abşeron rayon polis idarəsinin dövlət yol polisi şobəsinə gələn zaman həmin bıçaq yadından çıxıb əynində olan mavi rəngli cins şalvarının arxa cibində qalmışdır. Abşeron rayon polis idarəsinin ikinci postundan keçən zaman polis əməkdaşları tərəfindən üzəri yoxlanılan zaman həmin bıçağı çıxararaq polis əməkdaşlarına təhvil vermişdir”. Sonra həmin bıçağa təhqiqatçı tərəfindən baxış keçirildikdən sonra zərfə qoyulub zərfin üzəri 56 saylı möhürlə möhürlənmişdir. Bununla bağlı protokol tərtib olunmuş, o, və prosses iştirakçıları həmin protokola imza etmişdir. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə Şahid1 digər Şahid2 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında dəvət edilmiş, lakin iştirak etməyən, ifadəsi elan edilməklə tədqiq edilmiş X3 ifadəsində göstərmişdir ki, 23 oktyabr 2024-cü il tarixdə saat 15 radələrində Abşeron rayonu, Xırdalan şəhərində polis idarəsinin yaxınlığında olan mağazadan siqaret almaq istədiyi zaman polis əməkdaşları ona yaxınlaşaraq Abşeron rayon polis idarəsində bir nəfər şəxsin üzərinə baxış keçirilməsində hal şahidi kimi iştirak etməyi ona təklif etmişlər. O, polis əməkdaşlarının dəvəti ilə baxış keçirilən zaman hal şahidi qismində iştirak etməyə razılığını vermişdir. Polis əməkdaşları ondan başqa bir nəfər sonradan adının Arif olduğunu bildiyi bir nəfər şəxsi də baxış keçirilən zaman hal şahidi kimi iştirak etməyə dəvət etmişlər. Abşeron rayon polis idarəsində ona və Arif adlı bir nəfər hal şahidinə hüquq və vəzifələrini izah etmişlər. Hüquqları izah edildikdən sonra onun, Arif adlı digər hal şahidinin və orada olan polis əməkdaşlarının iştirakı ilə polis idarəsində otaqların birində əvvəllər tanımadığı sonradan adı Təqsirləndirilən şəxs kimi təqdim olunan şəxsin təqdim etdiyi bir ədəd sapı qəhvəyi rəngə oxşar taxtadan olan bıçağa təhqiqatçı tərəfindən baxış keçirilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, “həmin bıçaq ona məxsusdur, təxminən 2-3 il bundan qabaq tapmışdır. xx.xx.2024-cü il tarixdə Abşeron rayon polis idarəsinin dövlət yol polisi şobəsinə gələn zaman həmin bıçaq yadından çıxıb əynində olan mavi rəngli cins şalvarının arxa cibində qalmışdır. Abşeron rayon polis idarəsinin ikinci postundan keçən zaman polis əməkdaşları tərəfindən yoxlanılan zaman həmin bıçağı çıxararaq polis əməkdaşlarına təhvil vermişdir”. Sonra həmin bıçağa təhqiqatçı tərəfindən baxış keçirildikdən sonra zərfə qoyulub zərfin üzəri 56 saylı möhürlə möhürlənmişdir. Onlar da həmin zərfin üstünü imzalamışlar. Bu barədə protokol tərtib edilmiş o, da həmin protokolu imza etmişdir. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə şahid X4 digər şahid X2 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 22 yanvar 2025-ci il tarixli qərardan görünür ki, toplanmış matrial əsasında fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə ********* saylı cinayət işi başlanılaraq icraata qəbul edilmişdir. - “Baxış və götürülmə haqqında” 23 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində olan bıçağı təqdim etmiş və Abşeron RPİ-nin xidməti otaqlarından birində baxış keçirilmişdir. Bıçağın uzunluğu 23 sm, sap hissəsi 12,5 sm, tutacaq hissəsi 9,5 uzunluğundadır. Təqdim edilmiş bıçaq qablaşdırılaraq götürülmüşdür. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza mərkəzinin məhkəmə-ballistik ekspertizasının 28 noyabr 2024-cü il tarixli 3/1733 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş 01(bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır, soyuq silah hesab edilir. Aparılmış tədqiqatın dəyəri 64 (altmış dörd) manat təşkil edir. - “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 28 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.4cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. - “Qətimkan tədbirinin seçilməsi haqqında” 28 fevral 2025-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli tələbnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. - “Cinayət işi üzrə toplamış sübutların qiymətləndirilməsi barədə” 05 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və ekspertizadan sonra bir ədəd soyuq silah hesab edilən zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağı iş üzrə maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Abşeron RPİ-nin saxlanc anbarına təhvil verilmiş,iş üzrə təqsirləndirilən şəxsin ifadəsi, şahid ifadələri, məhkəmə-kriminalistik ekspertizasının rəyi sübut növü kimi qiymətləndirilmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsinə Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla,— üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.(köhnə redaksiya) Qeyd olunan maddə 07 mart 2025-ci il tarixli, 153-VİİQD nömrəli Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ilə yeni redaksiyada verilmişdir. Hazırda qüvvədə olan redaksiyada isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.5-ci maddəsinə əsasən qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla – üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10.1-ci maddəsinə əsasən Əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. Göründüyü kimi təqsirləndirilən şəxs ittiham olunduğu cinayət işi üzrə əməli 23 oktyabr 2024-cü il tarixdə törətdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10.1-ci maddəsinə əsasən cinayət törədilən zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edildiyindən təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinə hüquqi qiymət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsinə (köhnə redaksiyada) əsasən verilməlidir. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli Qərarında qeyd edilir ki, Cinayət Məcəlləsinin 228.4-cü maddəsində geyim ləvazimatları hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla, qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən tullayıcı silahı əldə etmə, satma və ya gəzdirməyə görə cinayət məsuliyyəti nəzərdə tutulur. “Xidməti və mülki silah haqqında” Qanunun 2-ci maddəsinin 6-cı bəndinə əsasən soyuq silah dedikdə, konstruksiyasına, ölçülərinə və materiallarına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan (milli geyim ləvazimatı hesab olunan hallar istina edilməklə xəncər, beybut, ov bıçağı, qılınc,süngü bıçaqları və s.) sair kəsici-deşici və qarışıq təyinatlı silahlar, habelə insan əzələsinin və ya mexaniki qurğunun enerjisi hesabına istiqamətlənmiş hərəkət edərək müəyyən məsafədən hədəfi zədələmək təyinatına malik olan nizə, döyüş baltası və s., eləcə də zərbə-dağıdıcı təsirli əşyalarbeşbarmaqlar, nunsakalar, gürzlər, toppuz və s. aid edilir (13-cü bənd). Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsində (köhnə redaksiyada)nəzərdə tutulan cinayət əməlini törətməsi təqsirləndirilən şəxsin öz ifadəsi, şahid ifadələri, maddi sübut, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Qeyd olunan Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Bu Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi onun himayəsində yetkinlik yaşına çatmayan uşağının olmasıdır və ağırlaşdıran hallar müəyyən olunmadı. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də, özünü təqsirli bilməsini, əməlindən peşman olmasını, himayəsində bir azyaşlı uşağının olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini qanuni olmaqla əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşadığı ünvan 1 ünvanını saat 23:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və yaşayış yeri olan Abşeron rayonunun bə Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalı, cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Abşeron RPİ-nin maddi sübutların saxlama otağında saxlanılan ekspertizadan sonra bir ədəd soyuq silah hesab edilən zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 64 (altmış dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) hər iş saatı üçün ödənilən haqqın məbləği 6 manatdan 11 manata artırılmışdır. Belə olan halda, məhkəmə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi hüquqi yardıma görə sərf etdiyi 15 saatın hər iş saatının 6 manatdan, 5 saatının hər iş saatının isə 11 manatdan hesablanmaqla, dövlət büdcəsindən vəkilə cəmi 145 manat (15 saat x 6 AZN + 5 saat x 11AZN) məbləğində vəsaitin ödənilməsi qənaətinə gəlir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə (07 mart 2025-ci il tarixədək qüvvədə olan köhnə redaksiyada) nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 08 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alan vaxtadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşadığı ünvan 1 ünvanını saat 22:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonunun və Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs cəzasının əvvəli Sumqayıt şəhər Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut olan, Abşeron RPİ-nin maddi sübutların saxlanc otağında saxlanılan, ekspertizadan sonra bir ədəd soyuq silah hesab edilən zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağı hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İşdə olan 64 (altmış dörd) manat ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 20 saat hüquqi yardıma görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına 145 (bir yüz qırx beş) manat ödənilsin və həmin vəsaitin ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Firuzə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar