Məhkəmə qərarları › İş №1(012)-684/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-684/2024

03.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-684/2024 03.06.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Sumqayıt Apellyasiya Məhkəməsinin yuridiksiyasında olan birinci instansiya məhkəmələri üzrə prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Müdafiəçi: Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.2000-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Laçın rayonu, Güləbird kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, st.Sumqayıt qəsəbəsi, yataqxanada yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhər Məhkəməsi tərəfindən 12 ay müddətinə sürücülük hüququndan məhrum edilməsinə baxmayaraq, xx.xx.2023-cü il tarixdə saat 23 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan etibarnamə ilə idarə etdiyi “Toyota Prius” markalı ** GY *** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində Ə.Vahid küçəsi ilə «Masazır dairəsi» istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli və onun bu maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda həmin tələblərə riayət etməyərək “Araz” marketin qarşısında avtomobil yolunu soldan sağa keçən piyada Zərərçəkmiş şəxs avtomobilin ön orta hissəsi ilə vurmuş, nəticədə sonuncunun ehtiyatsızlıqdan sağ qamış sümüyünün bayır kondilusunun qapalı yer dəyişən sınığı, sağ gicgahda diz nahiyəsində yumşaq toxumaların əziyi, sıyrıqları kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, “B,C” kateqoriyalı sürücülük vəsiqəsi olmuş, lakin sürücülük hüququ məhdudlaşdırılmışdır. O, ailəsini dolandırmaq məsədi ilə arada taksi kimi işləmişdir. “Toyota Prius ” markalı dövlət nömrə nişanlı ** GY *** nömrəli avtomobili etibarnamə ilə idarə etmişdir. xx.xx.2023-cü il tarixdə saat təxminən 22:50 radələrində idarə etdiyi “Toyota Prius” marklaı dövlət nömrə nişanlı ** GY *** nömrəli avtomobil ilə Abşeron rayonu Masazır qəsəbəsi istiqamətindən Masazır dairəsi istiqamətinə 1 zolağdan ibarət olan yol ilə saat da təxminən 50-60 km sürətlə hərəkətdə olan zaman Araz marketin önündə yolun sol tərəfindən sağ tərəfinə piyada kişi yolu keçən zaman idarə etdiyi avtomaşının ön orta hissəsi ilə onu vurmuşdur. O, avtomaşını hadisə yerində saxlayıb piyadaya yardım göstərib təcili tibbi yardıma zəng vurub məlumat vermişdir. Hadisə zamanı yanınında heç kim olmamış, piyadanı görən zaman avtomobili ilə piyada arasında təxminən 2 metr məsafə olmuşdur. Hadisə baş verməmişdən öncə əyləcdən istifadə etsədə ara məsafəsi az olduğu üçün piyadanı vurmuşdur. Son olaraq bildirmişdir ki, törətmiş olduğu yol nəqliyyat hadisəsi zamanı dərhal zərərçəkmiş şəxsi xəstəxanaya aparmış, Zərərçəkmiş şəxs xəstəxanada olan zaman imkanı olmadığı üçün ona maddi köməklik göstərə bilməsə də, bir neçə dəfə yanına getmiş ərzaq və dərmanlar almışdır. Bundan əlavə babası X2 Azərbaycan Respunblikasının bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş, bundan başqa özü 02 il müddətli həqiqi xidmətdə olmaqla yanaşı, iyul döyüşlərində də iştirak etmişdir. Zərərçəkmiş şəxs maddi köməklik göstərməyə imkanının olmadığını, hazırda işsiz olduğunu, bir azyaşlı övladının olmasını bildirməklə barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, xx.xx.2023-cü il tarixdə Abşeron rayonu Masazır qəsəbəsində yerləşən Araz marketə alışveriş etmək üçün getmiş, saat 23:00 radələrində marketdən çıxıb piyada keçidini keçərkən zolağın üstündə qəfildən Toyota Prius markalı avtomobilin sürücüsü avtomobilin ön hissəsi ilə sağ ayağından surətlə vurandan sonra huşunu itirmiş, təxminən 40 dəqiqəyə yaxın asfaltın üzərində qalmış hərəkət edə və danışa bilməmişdir. Təcili Tibbi yardım işçiləri onu avtomobilə qoyaraq 1 saylı Kliniki Mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə aparmışlar. 14 gün orada müalicə olunduqdan sonra evinə buraxılmışdır. Xəstəxanada olduğu müddət ərzində ona məlum olmuşdur ki, onu idarə etdiyi avtomobillə vuran şəxs X5r. Xəstəxanada olduğu müddət ərzində Samir və onun qohumları onun yanına gəlib başçəkməmiş və heç bir maddi və mənəvi yardım göstərməmişlər. Hal-hazırda müalicəyə ehtiyacı olduğunu əməliyyat olunmaq üçün vəsaitinin olmadığını təqsirləndirilən şəxs tərəfindən isə ona köməklik göstərilmədiyini bildirməklə barəsində qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 06 dekabr 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır. “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokol, ona əlavə edilmiş fotocədvəl və sxemdən görünür ki, hadisə Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən «Palma» Şadlıq Sarayının qarşısında baş vermişdir. “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 09 avqust 2023-cü il tarixli protokol, ona əlavə edilmiş fotocədvəl və sxemdən görünür ki, sürücü Təqsirləndirilən şəxs və iki nəfər hal şahidlərinin iştirakı ilə yolnəqliyyat hadisəsi yerinə baxış keçirilmişdir. Müəyyən edilmişdir ki, hadisə yeri Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən «Palma» Şadlıq Sarayının qarşısıdır. Baxış axşam saatlarında, qaranlıq havada, Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsi ilə üzü Masazır dairəsi istiqamətində keçirilmişdir. Hadisənin növü – bir nəfər piyadanın vurulmasıdır. Yolun hərəkət hissəsi düz yoldur. Örtüyün növü asfalt beton, örtüyün vəziyyəti qurudur. Yol örtüyünün eni 10 metr, hərəkət zolaqlarının sayı 2, hərəkət hissəsinin eni 10 metrdir. Hərəkət hissədə qarşı-qarşıya nəqliyyat axımını ayırmaq üçün 1.1 üfüqü nişanlanma xətti vardır. hər istiqamət bir zolaqlıdır, piyada avtomobil yolunu piyada keçidi ilə yolun qarşı istiqamətinə keçən zaman vurulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi tərəfindən “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” haqqında xx.xx.2023-cü il tarixli 4323 saylı protokoldan görünür ki, Təqsirləndirilən şəxs ayıq olmaqla onda alkoqol qəbulunun hər hansı əlamətləri olmamış, narkotik qəbulu faktı aşkarlanmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” Publik Hüquqi şəxsin Abşeron rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 47TS saylı rəyinə əsasən 1969-cu il təvəllüdlü Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə yol nəqliyyat hadisəsi zamanı aldığı xəsarətlərdən sonra xx.xx.2023-cü il tarixdə X9 Xəstəxanasına müraciət etmiş və ona «Sağ qamış sümüyünün bayır kondilusunun qapalı yerdəyişən sınığı, sağ gicgahda diz nahiyəsində yumşaq toxumaların əziyi, sıyrıqları» diaqnozu qoyulmuşdur.qeyd olunan xəsarət küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. “Məhkəmə yol-nəqliyyat ekspertizasının” 23 noyabr 2023-cü il tarixli, 8/3224 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən “Toyota Prius” markalı, ** GY *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Aparılmış tədqiqatın dəyəri 85 (səksən beş) manatdır. “Zərərçəkmiş şəxs qismində tanıma haqqında” 08 dekabr 2023-cü il tarixli qərardan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 30 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddə ilə ittiham elan olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin 31 yanvar 2024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. 30 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuşdur. “Axtarışda olan şəxsin tutulması” barədə xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində tutularaq Abşeron RPİ-nin MSY-nə təhvil verilmişdir. “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi barədə” 14 mart 2024-cü il tarixli qərardan və bu barədə iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X12 İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli, 3-13-16-8/2-2024 nömrəli məktubla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məxsus «BC» kateqoriyalı BD010339 nömrəli sürücülük vəsiqəsi Sumqayıt şəhər Məhkəməsi tərəfindən xx.xx.2022-ci il tarixdə 12 ay müddətinə sürücülük hüququndan məhrum edilmişdir. xx.xx.2022-ci il tarixdə vət.Təqsirləndirilən şəxs sürücülük vəsiqəsinin itməsi ilə bağlı şöbəyə müraciət etmiş və sürücülükdən məhrum etmə müddəti bitdiyi üçün xx.xx.2023-cü ildə «BC» kateqoriyalı BC039201 nömrəli sürücülük vəsiqəsi verilmişdir. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” 01 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddə ilə ittiham elan olunmuşdur. “Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvədə saxlanılması haqqında” 01 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdə seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri dəyişdirilmədən qüüvvəsində saxlanılmışdır. “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə tövsif edilmiş və ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmiş, iş üzrə “Toyota Prius” markalı, ** GY *** dövlət qeydiyyat nişanlı avtomobil sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibinə qaytarılması nəzərə alınmışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işi üzrə müstəntiq Elçin Süleymanov tərəfindən ibtidai istintaq tamamlanaraq 07 aprel 2024-cü il tarixdə tərtib edilmiş ittiham aktı 08 aprel 2024-cü il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Abşeron rayon Məhkəməsinə göndərilmişdir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş məlumata əsasən Təqsirləndirilən şəxs himayəsində xx.xx.2023-cü il təvəllüdlü X6 adlı azyaşlı övladı var. Sumqayıt Perinatal Mərkəzindən xx.xx.2024-c il tarixdə verilmiş 2424 №-li usm-dən görünür ki, X3 07 həftəlik hamilədir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CM-in) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan ( tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda — iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə altı min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli törədərkən nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs olduğundan əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 nömrəli Qərarının 12-ci bəndində qeyd olunmuşdur ki, bu kateqoriyadan olan cinayət işləri üzrə təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin “Yol hərəkəti haqqında” Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəasının şərh edilməsinə dair 24 sentyabr 2014-cü il tarixli qərarında qeyd edilir ki, Cinayət Məcəlləsinin 263-1-ci maddəsində nəzərdə tutulan cinayət əməli insanların həyat və ya sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə yönəldiyi üçün bu cinayətin tərkibinin, xüsusilə də onun subyektinin düzgün müəyyən olunması böyük əhəmiyyət kəsb edir. Cinayət Məcəlləsinin 263 və 263-1-ci maddələrində nəzərdə tutulan cinayətlərin obyekti yol hərəkətinin və nəqliyyat vasitələrinin istismarının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. Eyni zamanda, Cinayət Məcəlləsinin qeyd olunan maddələri ilə cinayət məsuliyyətinin yaranması insan sağlamlığına zərər vurulmasından asılı olduğu üçün bu cinayətlərin əlavə obyekti insanın həyat və ya sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. Cinayət Məcəlləsinin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin subyekti yalnız yol-nəqliyyat hadisəsinin törədildiyi anda 16 yaşına çatmış, anlaqlı vəziyyətdə olan və nəqliyyat vasitələrini idarə edən şəxs ola bilər. Bununla yanaşı, Cinayət Məcəlləsinin 263- 1-ci maddəsində nəzərdə tutulan cinayətin subyekti yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda pozan nəqliyyat vasitələrini idarə edən şəxsdir. Bu cinayətin digər subyekti isə yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozan nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxsdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəası hadisə törədilən zaman ümumiyyətlə sürücülük vəsiqəsi olmayan şəxsi, qanunvericiliyə uyğun olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmiş şəxsi, nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmış şəxsi, həmin növ nəqliyyat vasitəsini idarə etmək hüququna malik olmayan şəxsi ehtiva edir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs «Toyota Prius» markalı ** GY *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol-nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozması nəticəsində Zərərçəkmiş şəxs sağlamlığının uzun müddətə pozulmasına səbəb olan az ağır zərər vurmaya aid edilmiş xəsarət yetirməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tamamilə sübuta yetirildi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 nömrəli Qərarının 21-ci bəndində qeyd olunmuşdur ki, bu qəbildən olan işlər üzrə cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs ilk dəfə olaraq ehtiyatsızlıqdan az ağır cinayət törətməsini, ailəli və himayəsində azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Eyni zamanda Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmaq üçün əsaslı təşəbbüs göstərməsinə dair hərkətlərinin müəyyən olunmadığını, zərərçəkmişə maddi köməklik göstərməməsini, biganəlik nümayiş etdirməsini, habelə təyin ediləcək cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs törətmiş olduğu əmələ münasibətdə ona azadlıqdan məhrumermə növündə cəzanın təyin edilməsi ilə şəxsin islah olunması mümkündür. Azərbaycan Respublikasının CM-nin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməlini yol hərəkəti qaydalarını kobud pozması nəticəsində törətməsi müəyyən edildiyindən ona nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza da təyin edilməlidir. Azərbaycan Respublikasının CM-in 56.1.1-ci maddəsinin tələbinə görə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə cəzasının məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinin tələbinə görə cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı barəsində xx.xx.2024-cü il tarixdə seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və cəzaçəkməsinin əvvəli onun müvafiq cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə, həmçinin onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddətlər daxil edilir. Qeyd olunan Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Həmin Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək - 2 gün müddət həbsdə saxlamanın bir günü azadlıqdan məhrumetmə cəzasının bir gününə bərabər hesablanıb, ona təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Bundan başqa iş üzrə maddi sübut kimi tanınmış “Toyota Prius” markalı, ** GY *** dövlət qeydiyyat nişanlı avtomobilinin Təqsirləndirilən şəxs istifadəsində saxlanılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla əlaqədar təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə sərf edilmiş 25 (iyirmi beş) saat hüquqi yardıma görə Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 150 (bir yüz əlli) manat ödənilməlidir. Cinayət işi üzrə mülki iddia, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDI: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 12 mart 2024-cü il tarixdən xx.xx.2024-cü il tarixdək saxlanıldığı 02 (iki) gün müddət həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmə cəzasının cəzasının bir günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli onun məntəqə tipli cəza çəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə köçürülsün İş üzrə maddi sübut kimi tanınmış “Toyota Prius” markalı, ** GY *** dövlət qeydiyyat nişanlı avtomobilinin Təqsirləndirilən şəxs istifadəsində saxlanılması nəzərə alınsın. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs dəymiş maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ olması izah edilsin. Cinayət işi üzrə mülki iddianın, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 150 (bir yüz əlli) manat əmək haqqı Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar