Məhkəmə qərarları › İş №1(012)-686/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-686/2024

12.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-686/2024 12.08.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı Müdafiəçi: Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1983-cü ildə Abşeron rayonu, Xırdalan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, işləməyən, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan və barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs 24 yanvar 2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Yasamal rayonu, “İnşaatçılar” metrostansiyası yaxınlığında şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq 20 manat müqabilində xeyli miqdarda 01 bükümdə 1,054 qram çəkidə narkotik vasitə heroini əldə edib Abşeron rayonu, Xırdalan şəhərinə daşımış və üzərində saxlamış, 24 yanvar 2024-cü il tarixdə saat 18:30-da Abşeron RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Abşeron rayonu, Xırdalan şəhəri, 28 May küçəsində saxlanılaraq Abşeron RPİ-yə gətirilmiş və orada həmin gün saat 19:50-də üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf selofan bükümdə vəziyyətdə qəhvəyi rəngli, tozşəkilli, kustar üsulla hazırlanmış 1,054 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Cinayət işinin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, narkotik vasitədən istifadə etsə də saxlanıldığı gün onun üzərində narkotik vasitə və ya digər qanunsuz əşya və ya predmet olmamışdır. Belə ki, 24 yanvar 2024-cü il tarixdə onun mobil nömrəsinə tanımadığı nömrədən zəng gəlmiş və həmin zəngə cavab verdikdə qardaşı, Samir adlı polis əməkdaşlarının onu axtardığını, bu səbəbdən də onu saxladıqlarını bildirərək, 4 №-li orta məktəbin yanına gəlməsini bildirmişdir. O, baş verənlər barədə zəng edərək anasına məlumat vermiş, evdə anasının məsciddən gəlməsini gözləmişdir. Anası gəldikdən sonra birlikdə 4 №-li orta məktəbin yanına getmiş və orada polis əməkdaşlarının qardaşını saxladıqlarını görmüşdür. Bundan sonra polis əməkdaşları qardaşını sərbəs buraxıb onu özləri ilə Abşeron RPİ-nə dəvət etmişdirlər. Ondan aşkar edilmiş narkotik vasitə ona məxsus olmamışdır, verdiyi ifadəsində həmin narkotik vasitənin ona məxsus olmasını ona fiziki zor tətbiq ediləcəyindən qorxduğu üçün bildirmişdir. Həmin narkotik vasitənin ona kim tərəfindən verilməsi, kimin ona etirafedici ifadə verməsi üçün təsir göstərməsi ilə bağlı suallara cavabında xatırlamadığını bildirdi. Həmçinin onu da əlavə etdi ki, tutulma müddəti ərzində ona garşı fiziki və psixoloji zor tətbiq edilməmişdir. Lakin o, bilir ki, polis əməkdaşlarının dediyi ilə razılaşmayan şəxslər işgəncəyə məruz qalır, o da məhz bundan qorxmuşdur. Bu günə qədər qeyd edilən hallarla bağlı da müvafiq səlahiyyətli qrumlara müraciət etməməsinə səbəb polislərin ona və ailəsinə qarşı ədavət aparacaqlarından qorxması olmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun özünü təqsirli bilməyərək, ibtidai istintaqdan fərqli olaraq məhkəmə iclasında verdiyi ifadə özünü müdafiə xarakteri daşıyır və aşağıdakı sübutlarla təkzib olunur. Məhkəmə iclasında Abşeron RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 şahid qismində dindirilərək, ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması, sonuncunun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, üzərində qanunsuz gəzdirilən heroinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə yaradılacaq əməliyyat qrupunun üzvlərinin iştirakı ilə təxirəsalınmaz tədbirlər görülməklə qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair raportla idarə rəisinə məruzə edilmişdir. 24 yanvar 2024-cü il tarixdə saat 18:30-da əməliyyat müvəkkili Şahid2 ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, 28 May küçəsində Təqsirləndirilən şəxs piyada hərəkət etdiyini gördükdə, ona yaxınlaşaraq özlərini təqdim etmiş və sonuncunu Abşeron RPİ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs idarəyə gəldikdən sonra məlum olmuşdur ki, həmin şəxs xx.xx.1983-cü il təvəllüdlü Təqsirləndirilən şəxsdur. Bundan sonra Abşeron RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru Anar Həsənov tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilərək həmin şəxsə dövlət tərəfindən vəkil təyin edilmiş və şübhəli şəxs qismində təhqiqatçı tərəfindən tutularaq üzərinə video çəkilişlə baxış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya və ya predmet vardırsa könüllü olaraq təqdim etməsi bildirildikdə sonuncu geyindiyi qara rəngli şalvarının cibindən 01 ədəd şəffaf sellofan bükümdə, içərisində heroinə bənzər maddəni çıxararaq masanın üzərinə qoymuşdur. Sonra üzərinə tərəflərindən şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı üzərindən dövriyyəsi, gəzdirilməsi və saxlanılması qadağan edilmiş başqa hər hansı əşya və başqa qanunsuz hər hansı bir maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, bükümün içərisində olan narkotik vasitə heroindir və həmin narkotik vasitəni 24 yanvar 2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Yasamal rayonu, “İnşaatçılar” metrostansiyası yaxınlığında tanımadığı və anket məlumatlarını bilmədiyi şəxsdən öz şəxsi istifadəsi üçün 20 manata alaraq üzərində saxlamışdır. Bundan sonra aşkar edilərək götürülmüş maddə təhqiqatçı tərəfindən qablaşdırılaraq möhürlənmiş və bu barədə protokol tərtib edilərək imzalarla təsdiq olunmuşdur. Video çəkilişin qeydə alındığı CD disk protokola əlavə edilmişdir. Saxlanıldığı vaxtdan üzərinə baxış keçirilənədək təqsirləndirilən müşahidə altında olmuş, ona qaşı hər hansı qanunsuz münasibətə yol verilməmişdir. Həmçinin ifadəsinə onu da əlavə etmişdir ki, təqsirləndirilən şəxs həmin hadisədən sonra da, narkotik vasitələrin qanunsuz saxlanılmasında şübhəli olduğu üçün saxlanılmış barəsində istintaq aparılır. Məhkəmə iclasına dəvət edilmiş şahid Abşeron RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 digər Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. Tarixi dəqiq xatırlamadığı gündə evdə olarkən saat 12 radələrində polis əməkdaşları onun yaşadığı ünvana gələrək, qardaşını axtardıqlarını bildirmişdirlər. O, qardaşı Pərvizin evdə olmadığını bildirmişdir. Belə olan halda ona onlarla birlikdə idarəyə getməli olduğunu bildirmişlər. O, polis əməkdaşlarına etiraz etmədən onların avtomobilinə əyləşmişdir. Polislər maşını idarəyə deyil, 4 №-li orta məktəbin yanına sürmüş, qardaşına zəng etməsini tələb etmişdirlər. O, üzərində telefon olmadığı üçün polis əməkdaşlarının telefonu ilə qardaşına zəng edib onu axtardıqlarını bildirərək həmin yerə çağırmışdır. 23-30 dəqiqə sonra Pərviz və anası ora gəlmişdirlər. O, anası ilə küçədə gözləmiş Pərviz polislərin maşınına əyləşmişdir. 20-25 dəqiqə sonra polislər maşını sürüb getmişdirlər. O, da anası ilə evə qayıtmışdır. 2 gün sonra Pərviz evə qayıtdıqda onu narkotiklə yüklədiklərini bildirmişdir. Pərvizin mobil nömrəsi həmçinin polis əməkdaşlarının maşınının rəngi, markası, nömürəsi, xidməti və ya şəxsi avtomobil olması ilə bağlı suallara cavabında hazırda mobil nömürəni və digər halları xatırlamadığı bildirdi. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun oğludur. Tarixi dəqiq xatırlamadığı gündə cümə namazında olarkən oğlu Pərviz məscidə gələrək, qardaşının polis əməkşdaları tərəfindən aparıldığını və hazırda 4 №-li orta məktəbin yanında olmasını bildirmişdir. O, da oğlu Pərvizlə birlikdə digər oğlu Samirin olduğu yerə getmişdir. O, küçədə gözləmiş, Samir və Pərviz polis əməkdaşlarının maşınında əyləşmişdirlər. 5-10 dəqiqə sonra Samir maşından düşmüş, lakin Pərviz polislərlə getmişdir. İki gün sonra Pərviz evə qayıtmış heç bir problemin olmadığını bildirmişdir. Hadisənin baş verdiyi ayı və günü xatırlamasa da, hər "Cümə namazı" ilə əlaqədar məscidə getdiyini, cümə günlərindən başqa məscidə getmədiyini hadisənin ona görə də cümə günü olduğunu və günortadan əvvəl olduğunu xatırladığını bildirdi. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: - “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 24 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitəni və psixotrop maddələrin üzərində gəzdirməsi və məşğul olması barədə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır. - Şübhəli şəxsin tutulması haqqında” 24 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 24 yanvar 2024-cü il tarixdə, saat 19:30 dəqiqədə CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 25 yanvar 2024-cü il tarixli, 3-16-16-2-6/520 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “...Azərbaycan Respublikası DİN zərflər üçün № 56” dairəvi möhür əksləri, “şübhəli şəxs: (imza) Təqsirləndirilən şəxs..” yazıları və imzaları olan bir ədəd zərfin içərisində 01 (bir) ədəd bükümdə təmiz çəkisi 1,054 qram olan qəhvəyi rəngli maddə-kustar üsulla hazırlanmış narkotik vasitə olan – heroindir. Tədqiqata təqdim olunmuş heroinin təmiz çəkisi - 1,054 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 1,004 qramdır. Aparılmış tədqiqatın dəyəri 80 manat təşkil edir; - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 25 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq, icraata qəbul edilmişdir. - “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 26 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. - “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə” 26 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Abşeron RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru Rövşən Cavadovun 26 yanvar 2024-cü il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilərək, Abşeron RPİ-nin MSY-dən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X7 Ambulator X1 haqqında 06 fevral 2024-cü il tarixli, 762 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-nin 15 fevral 2024-cü il tarixli tələbnaməsindən görünür ki, İslamov X3 rayon Məhkəməsinin 02 dekabr 2021-ci il tarixli, 1(012)-554/2021 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Xəzər rayon Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs cəzadan vaxtından əvvəl şərti azad edilmişdir. - “Sübutların qiymətləndirilməsi” 23 mart 2024-cü il tarixli qərardan görünür ki, iş üzrə təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahidlərin ifadələri, məhkəmə fiziki-kimyəvi və məhkəmə-narkoloji ekspertizasının rəyləri, şübhəli şəxsin üzərinə şəxsi axtarış və keçirilməsi və götürmə aparılması haqqında protokolu, diskə baxış keçirilmə protokolu sübut kimi qiymətləndirilmiş, bundan başqa maddi sübut əhəmiyyəti kəsb edən 1,054 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış və qalıq qalmış 1,004 qram çəkidə narkotik vasitə heroim saxlanılması üçün Abşeron RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. - “Azemis” Elektron İnformasiya sistemi vasitəsilə təqsirləndirilən şəxsin “qohumluq məlumatlarına” dair göndərilmiş sorğudan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 04 noyabr 2015-ci il təvəllüdlü X2 adlı uşağı vardır. “Şəxsi axtarış və götürmə aparılması barədə xx.xx.2024-cü il tarixli protokol tədqiq edilərkən, həmçinin cinayət işinə əlavə edilmiş DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən könüllü olaraq əynində olan qara rəngli şalvarının sağ yan cibindən şəffaf rəngli sellefonanın içində olan toz formalı, narkotik vasitə olan heroinə bənzər kütləni təqdim edərək, həmin kütlənin narkotik vasitə heroin olduğunu bildirmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda narkotik vasitə olan heroinin şəxsi istehlak üçün yuxarı miqdarı 0,15 qram təşkil edir. (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə, təqsirləndirilən şəxsin ona elan edilmiş ittihamda özünü təqsirli bilməməsinə dair ifadəsinə tənqidi yanaşır və hesab edir ki, özünü müdafiə xarakterlidir, o cümlədən ifadəsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, iş materiallarında olan əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar, əməliyyat qrupunun təşkil edilməsi barədə protokol, şəxsi axtarış və götürmə aparılması barədə protokol, təqsirləndirilən şəxsin müdafiə hüququnun təmin edilməsi məqsədilə ona müdafiəçinin təyin edilməsi, aparılan istintaq hərəkətlərində xüsusilə də şəxsi axtarış və götürmə aparılması zamanı müdafiəçinin iştirakının təmin edilməsi (həmçinin müdafiəçinin iştirakı ilə aparılması), o cümlədən şəxsi axtarış və götürülmənin aparılmasının videoçəkilişlə həyata keçirilməsi, vəkillə konfidensial görüşünün təmin edilməsi, barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə şübhəli şəxs və təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadələrin əks olunduğu dindirmə protokollarına əsasən müəyyən edilir ki, təqsirləndirilən şəxsin məhkəmə iclasında göstərdiyi xüsusatlar əsassızdır. Müdafiə tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid3 və Şahid4 həmçinin təqsirlənitilən şəxs Təqsirləndirilən şəxs ifadələri arasında ziddiyətlərin olması həmin ifadələrin mötəbərliyini şübhə altına alır. Həmçinin xx.xx.2024-cü il tarixi cümə gününə deyil cərşənbə gününə təsadüf etmişdir. Bundan əlavə təqsirləndirilən şəxs vəkillə konfidensial görüşündə və ya bundan sonra qeyd etdiyi xüsusatlarla bağlı müvafiq qrumlara şikayətlə müraciət etməmişdir. Əksinə videogörüntüdən də müəyyən edilir ki, okönüllü olaraq cibində saxladığı bükümü çıxarıb təqdim etmişdir. Narkotik vasitənin ona məxsus olmasını şübhə alıtına alan hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs tərəfindən təqsirləndirildiyi cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə baxışında heç bir mötəbər hala əsaslanmayan ifadəsi ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Bu cinayətin törədilməsi məhkəmə istintaqında Təqsirləndirilən şəxs özü tərəfindən inkar olunsa da, məhkəmədə tədqiq olunmuş şahid ifadələri, habelə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı vermiş olduğu ifadələri və digər mötəbər dəlillərlə onun tərəfindən bu əməlin törədilməsi tam sübuta yetirilir. Törədilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Eyni zamanda Təqsirləndirilən şəxs əvvəllər qəsdən törətdiyi az ağır cinayətə görə məhkumluğu ödənilmədən yenidən qəsdən az ağır cinayət törətmişdir ki, bu da cinayətin residivini yaradır. Həmin halı da məhkəmə Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə uyğun olaraq cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən Cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən həmin Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Cinayət Məcəlləsinin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Belə ki, Təqsirləndirilən şəxs Abşeron rayon Məhkəməsinin 02 dekabr 2021-ci il tarixli, 1(012)-554/2021 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli qərarı ilə cəzadan vaxtından əvvəl şərti azad olunmuş, lakin cəzanı çəkib qurtardığı gündən iki il keçmədən yenidən qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin resedivini yaradır. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Qeyd olunan Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi halını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini nəzərə alaraq, eyni zamanda onun məhkumluğu ödənilmədən yenidən qəsdən cinayətlərin törətməsini, əvvəllər təyin edilmiş cəzadan nəticə çıxarmamasını və ona təyin olunmuş cəzaların islahedici təsirinin yetərli olmadığı nəticəsinə gələrək hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Belə ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan Məcəllənin 353.4-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə iki günə bir gün hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən saat 19:30-dan xx.xx.2024-cü il tarixədək saxlanıldığı - 2 gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanıb ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının müddətinə hesablanmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalında dərhal həbsə alınmalı, cəza çəkmə müddətinin əvvəli isə həbsdə alındığı vaxtdan – 12 avqust 2024-cü il tarixdən hesablanmalıdır. Həmçinin, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının 06 fevral 2024-cü il tarixli, 762 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Abşeron RPİ-nin maddi sübutların saxlama otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,004 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə 01 ədəd DVD formatlı kompak disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 80 (səksən) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 25 saat üçün nəzərdə tutulan 150 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu 2 gün müddət ona təyin olunmuş cəzadan çıxılaraq, üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polsiin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 12 avqust 2024-cü il tarixdən hesablansın və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Abşeron Rayon Polis İdarəsində saxlanılan, qalıq qalan 1,004 qram narkotik vasitə olan heroin məhv edilsin. İş üzrə 01 (bir) ədəd DVD formatlı kompak disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasını xərci - 80 (səksən) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün İş üzrə mülki iddianın və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar