Məhkəmə qərarları › İş №1(012)-69/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-69/2024

05.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-69/2024 05.04.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi2 iştirakı ilə, xx.xx.2000-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə barəsində həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-in X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs tamah niyyəti ilə elektron məlumat daşıyıcılarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2022-ci il tarixdə tanışı Şahid2 Bayım qızının kirayədə yaşadığı Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində yerləşən fərdi yaşayış evində tanışı Zərərçəkmiş şəxs asılqandan asılmış gödəkcəsinin cibindən 20 manat dəyərində pul kisəsini, pul kisəsinin içərisindəki 344 manat pulu və “Leo Bank” kart hesabından Abşeron rayonu, Xırdalan şəhəri, AAAF Park yaşayış kompleksində yerləşən bankomatdan 149 manat pulu gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs 513 manat ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs yazdığı ərizə ilə tanış olmuşdur. Zərərçəkmiş şəxs ilə 2022-ci ilin noyabr ayında Həzi Aslanov metrosunun yanında tanış olmuşdur. Daha sonra mütəmadi olaraq sevgili kimi telefonla danışmağa gec-gec görüşməyə başlamışlar. Ata ilə bir müddət danışdıqdan sonra Atanın kirayə ev tapması və birlikdə həmin evdə sevgili kimi yaşamaq qərarına gəlmişlər. Bu barədə Ataya dedikdə Ata da onunla razılaşmış və Bakı şəhəri, Yasamal rayonu, İİ Alatava adlanan ərazidə kirayə mənzil tapmışdır. Həmin vaxtlar o, Kifayət adlı tanışı ilə Xırdalan şəhəri, “Uğur” adlı marketin yanında kirayədə yaşamışdır. Onun Kifayətə 85 manat borcu olmuşdur. Zərərçəkmiş şəxs da ona həmin borcu qaytaracağını demiş, O da bu barədə Kifayətə bildirmişdir. Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən saat 02 radələrində Kifayətə məxsus evə gəlmişdir. Zərərçəkmiş şəxs Kifayətin oğlu qarşılamışdır. Zərərçəkmiş şəxs evdə olan vaxt ona gedib bazarlıq etməsi üçün 100 manat vermişdir. Ata ona pul verən zaman pul kisəsində pul olduğunu görüb, həmin pulları oğurlamaq qərarına gəlmişdir. Buna görə də Kifayətdən Atanın başını qatmasını xahiş etmişdir. Kifayət ondan xahişinin səbəbini soruşduqda Kifayətə yalandan Atanın telefonuna baxıb başqa qızla danışıb danışmadığını yoxlayacağını demişdir. Kifayət onun dediklərinə inanıb Zərərçəkmiş şəxs başını qatmış, o da bundan istifadə edib, pul kisəsini götürərək evdən çıxmışdır. Evdən çıxandan sonra pul kisəsinin içərisinə baxmış və orada olan 344 manat pulu götürmüşdür. Daha sonra Zərərçəkmiş şəxs “Uni Bank”a məxsus kartından pul çıxartmağa cəhd etsə də, kartın kilidləndiyini aşkar etmişdir. Həmin ərəfədə həm Ata həm də Kifayət ona zəng vursa da heç birinin telefonuna cavab verməmişdir. X11 aid kartı onun telefon nömrəsi ilə qeydiyyatdan keçdiyi üçün həmin kartda olan 149 manat pulu Uni bank kartından Leo Bank kartına köçürmə etmiş, daha sonra Vüsal adlı tanışına zəng vurub onunla Xırdalan şəhərində görüşmüşdür. Vüsalın idarə etdiyi BMW markalı dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobil ilə birlikdə xx.xx.2022-ci il tarixdə saat 04 radələrində Xırdalan şəhərində yerləşən “Bazar-Store” adlı mağazasının yanına gedib, orada olan bankomatdan 147 manat pulu çıxartmışdır. Kartda 149 manat pul olsa da, 2 manatı Uni banka aid olan bankomatdan çıxartdığına görə xidmət haqqı olaraq tutulmuşdur. Vüsal əvvəlcə onun oğurluq etdiyini bilməsə də sonradan bu barədə Vüsala demişdir. Lakin oğurluq nəticəsində əldə etdiyi pulu yalnız öz maddi ehtiyacları üçün xərcləmiş, həmin puldan Vüsala pul xərcləməmiş, habelə verməmişdir. Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən saat 02 radələrində Kifayətə məxsus Xırdalan şəhəri, Uğur adlı mağazanın yaxınlığında olan evə gəlmişdir. Onu Kifayətin oğlu qarşılamışdır. Zərərçəkmiş şəxs evdə olan vaxt ona 100 manat vermişdir ki, gedib bazarlıq etsin. Ata ona pul verəndə onun pul kisəsində pul olduğunu görüb, oğurlamaq qərarına gəlmişdir. Kifayətdən xahiş etmişdir ki, Atanın başını qatsın. O, səbəbini soruşanda Atanın telefonuna baxıb başqa qızla danışıb danışmadığını yoxlayacağını bildirmişdir. O, da onun dediklərinə inanıb, Zərərçəkmiş şəxs başını qatmışdır, bundan istifadə edib, pul kisəsini götürüb evdən çıxmışdır. Evdən çıxandan sonra pul kisəsinin içərisinə baxmış və 344 manat pulu götürmüşdür. Bundan sonra onun Uni Banka məxsus kartından pul çıxartmağa cəhd etsədə, kartın kilidləndiyini aşkar eləmiş, pulu ayrı karta köçürüb tanışı Vüsalı çağırmışdır. Vüsala məxsus maşınla Bazarstore adlı mağazanın yanındakı bankomata yaxınlaşıb həmin yerdən pulu çıxartmışdır. Zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəmiş və onunla barışmışdır. Hazırda əməlindən peşmançılıq çəkir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, "xxxx" MMC-də ayaqqabı ustası kimi işləyir. Barəsində şikayət etdiyi adını Arifə kimi bildiyi əslində isə Təqsirləndirilən şəxs ilə 2022-ci ilin noyabr ayının əvvələrində Həzi Aslanov metrosunda tanış olmuşdur. Metroda bir-birlərini görəndən sonra, küçədə ona yaxınlaşmış və nömrəsini istəmişdir. Arifə isə etiraz etməyərək öz mobil nömrəsini ona vermişdir. Daha sonra telefonla və whatsapp vasitəsilə danışmışdır. Arifə tez-tez nömrələrini dəyişsədə, ona həmin nömrələri vermişdir. Arifə ona anasının öldüyünü, qardaşının isə Arifəni evdən qovduğunu demişdir. Atası ilə bağlı heç bir söz deməmişdir. Arifə Xırdalan şəhərində müxtəlif ünvanlarda tək kirayədə yaşadığını, işləmədiyini bildirmişdir. Arifə ilə birinci dəfə 2022-ci ilin noyabr ayının sonlarında “Lake” oteldə görüşmüş, gecə həmin oteldə birlikdə qalmışdır. Bundan sonra danışıqları davam etmişdir. Sonradan Arifə ilə birlikdə yaşamaq barədə razılığa gəlmişlər. Buna görə də Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava adlanan ərazidə xx.xx.2022-ci il tarixdə kirayə ev tutmuşdur. Bu barədə Arifəyə də demişdir. Arifə onu xalası Kifayət ilə tanış edəcəyini deyib, onu Xırdalan şəhəri, “Uğur” adlı marketin yaxınlığında yerləşən fərdi yaşayış evinə dəvət etmişdir. O həmin evə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə saat 02 radələrində getmişdir. Onu Kifayətin azyaşlı oğlu qarşılamış və evə aparmışdır. Həmin vaxt qeyd olunan fərdi yaşayış evində Arifə və xalası kimi təqdim etdiyi Kifayət olmuşdur. Arifə onu Kifayət ilə tanış etmiş, adının Ata olduğunu və sevgilisi olduğunu demişdir. O evə gəlməmişdən qabaq Arifədən kimə nə qədər borcu varsa ona bildirməsini dedikdə, xalası Kifayətə kirayə haqqı olaraq 85 manat borcunun olduğunu demişdir. O da Arifəyə həmin pulu verə biləcəyini qeyd etmişdir. Onlar hər üçü birlikdə yemək yedikdən sonra, Arifəyə yaxınlıqda olan mağazalardan birindən bazarlıq etməsi üçün 100 manat pul vermişdir. Arifə ondan 100 manat pulu götürəndən sonra Kifayətin azyaşlı oğlu ilə birlikdə evdən çıxmışdır. Lakin 5 dəqiqə sonra Kifayətin azyaşlı oğlu geri qayıtmışdır. Təxminən 1 saat sonra Arifənən gəlmədiyini görüb, həm Kifayət həm də o Arifənin mobil telefonuna zəng vursa da Arifə zənglərinə cavab verməmişdir. Bu zaman o, Arifənin arxası ilə çıxmaq və yaxlınlıqda olan mağzalara baxmaq qərarına gəlmişdir. Evdən çıxmaq istəyəndə anket məlumatlarını sonradan bildiyi Şahid1 gəlmiş, qapını döymüş, Kifayət qapını açmışdır. Şahid1 qapını döyəndə o gödəkcəni də geyinib qapıdan çıxmaq istəmiş, Şahid1 onu görən kimi qeyrirəsmi yaşadığı Kifayət ilə birlikdə evdə nə etdiyini soruşmuşdur. O, Kifayəti tanımadığını bildirib, Arifənin tanışı olduğunu demişdir. Kifayət də onun dediklərini təsdiqəlmiş, onun Arifə ilə birlikdə kirayə ev tutduğunu və birlikdə yaşamağa qərar verdiklərini demişdir. Həmin vaxt Anar yenidən kobudluq edərək, Arifənin onun qeyri-rəsmi yaşadığı Kifayətə borcunun olduğunu bildirib, ondan həmin 85 manat pulu tələb etmişdir. O da Arifə gələndən sonra həmin məbləği qaytara biləcəyini demişdir. Şahid1 həmin borcun əvəzində ondan telefonunu istəmişdir. O da Anarın ona nəsə edəcəyindən qorxduğu üçün könüllü olaraq həmin telefonu özü Şahid1 vermişdir. Kifayətə məxsus evdən çıxandan sonra cibinə baxmış, içərisində 149 manat olan “Leo Banka” məxsus kartının və 344 manat pul vəsaitinin gödəkcənin cibində olmadığını aşkar etmişdir. Arifənin ona məxsus kartdan pul çıxardacağını düşündüyü üçün Xırdalan şəhərində yerləşən “Bazarstore” adlı mağazanın yanında bankomatı nəzarətində saxlamışdır. Həmin vaxt Arifə adını sonradan bildiyi Vüsal adlı şəxslə nəzarət etdiyi bankomata yaxınlaşmaq istədiklərini görmüş və onlar tərəfə hərəkət etmişdir. Arifə yanında olan Vüsal ilə birlikdə onu görüb, sonuncunun idarə etdiyi nömrəsini xatırlamadığı qara rəngli “Range Rover” markalı avtomobilə minib həmin yerdən uzaqlaşmışdır. O, 01 yanvar 2023-cü il tarixə kimi bu barədə heç kəsə heç nə deməmiş, sonradan Anarın nömrəsini tapmış və Anardan telefonunu istəmişdir. Anar isə onun ünvanına nalayiq ifadələr işlədərək telefonunu qaytarmaqdan boyun qaçırtmışdır. Bu səbəbdən o, şikayət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirlmiş Şahid2 Bayım qızı ifadəsində göstərmişdir ki, xx.xx.2012-ci il təvəllüdlü oğlu X6 ilə birlikdə kirayədə yaşayır. Murad Qarayevin atası, X4 ilə 1998-ci il tarixdə ailə həyatı qurmuşdur, rəsmi nigahdan bir övladı vardır. O, Mübariz Qarayevin ikinci arvadıdır. Mübariz ilə Xırdalan şəhəri Mirzə İbrahimov küçəsində ona məxsus mənzildə yaşamışdır. 2016-cı il tarixdən ayrı yaşasalar da hal-hazırdada rəsmi nigahları pozulmamışdır, ara-sıra Mübariz Qarayev övladına və ona baş çəkir. O, Xırdalan şəhəri Mirzə İbrahimov küçəsində Mübariz isə Müşviq qəsbəsində ailə üzvləri ilə birlikdə yaşayır. Mirzə İbrahimov küçəsində yerləşən fərdi yaşayış evini su basdığı üçün həmin evdən çıxmış və hal-hazırda bu səbəbdən kirayədə yaşayır. Hal-hazırda “Uğur” adlı mağazanın yaxınlığında 2 otaqlı fərdi yaşayış evində kirayədə yaşayır. Həmin mənzildə 17 noyabr 2022-ci il tarixdən qalır. Türkan olaraq tanıdığı qadın Mirzə İbrahimov küçəsində yaşayan vaxtı həmin küçədə başqa evdə bir nəfər adını bilmədiyi qadınla birlikdə kirayədə yaşamışdır. Türkanla həmin vaxt qonşu kimi bir-birlərini tanımışlar və münasibətləri yaranmışdır. O, kirayədə ev tutandan sonra Türkan onunla birlikdə yaşamağı və kirayə haqqına köməklik etməyi təklif etmişdir. O da maddi durumu pis olduğuna görə etiraz etməmişdir. Daha sonra Türkan, Zərərçəkmiş şəxs ilə sevgili olması barədə və birlikdə yaşayacaqları barədə ona demişdir. xx.xx.2022-ci il tarixdə Türkan telefonla Zərərçəkmiş şəxsla danışan zaman onu öz doğma xalası kimi təqdim edib, kirayədə yaşadıqları ünvana dəvət etmişdir. Həmin gün xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə saat 02 radələrində Ata, onun Türkan ilə birlikdə kirayə yaşadığı mənzilə gəlmişdir. Atanı oğlu Murad qarşılamışdır və evə çağırmışdır. Onlar birlikdə oturub yemək yemişlər. Daha sonra Ata Türkana gedib bazarlıq eləməsi üçün 100 manat pul vermişdir. Türkanın ona 85 manat kirayədən borcu olmuşdur. Həmin borcu Türkanın dediyinə görə Ata onlara gələn vaxt verməli imiş və onlar birlikdə evdən çıxıb başqa yerdə kirayədə yaşayacaqlarmış. Türkan bazarlığa gedəndə oğlu Muradı da özü ilə aparmış, təxminən 5 dəqiqə sonra Murad geri qayıtmış və Türkanın tək getmək istədiyini bildirmişdir. Təxminən 1 saat sonra Türkanın gəlmədiyini görüb, onun mobil telefonuna bir neçə dəfə zəng vurmuşdur. Lakin Türkan telefona cavab verməmişdir. Zərərçəkmiş şəxs da Türkanın gec gəldiyini görüb, Türkana zəng etsə də Türkan telefona cavab verməmişdir. Daha sonra o, Türkana mesaj yazmışdır. Türkan telefona cavab vermiş, Ata cibindən pul qabının oğurlandığını aşkar etmiş, Türkan ilə danışanda Türkan pul qabını götürdüyünü bildirib, Atadan kartın şifrəsini istəmişdir. Lakin Ata şifrəni deməmişdir. Ata gödəkcəsini geyinib Türkanın arxası ilə onu tapmaq üçün çıxan ərəfədə qapı döyülüş, o qapını açanda qeyri-rəsmi yaşadığı Şahid1 gəldiyini görmüşdür. O, Anarla 4 ildir ki, qeyri-rəsmi yaşayır. Anar evdə yad kişinin, yəni Atanın olduğunu görüb, onu qısqandığı üçün Ata ilə kobud danışmağa başlamışdır. O, Anara Zərərçəkmiş şəxs onunla heç bir əlaqəsi olmadığını, Türkanın tanışı olduğunu və Türkanla kirayə ev tutub birlikdə yaşayacaqlarını izah etmişdir. Şahid1 kirayə haqqından 85 manat borcunun qaldığını bildiyi üçün həmin pulu Atadan istəmişdir. Ata isə Türkan gələndən sonra həmin pulu verəcəyini dedikdə Anar Ataya inanmadığı üçün telefonunu tələb etmiş və Türkanın gətirib 85 manat pulu qaytardığı zaman telefonu götürə biləcəyini demişdir. Zərərçəkmiş şəxs da könüllü olaraq özünə məxsus “Redmi 8” markalı telefonu Anara vermişdir. Bundan sonra Zərərçəkmiş şəxs çıxıb getdi. Həmin gündən sonra nə Türkanla, nə də Ata ilə heç bir əlaqəsi olmamışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs tanımır, onunla aralarında heç bir ədavət və düşmənçilikləri yoxdur. Şahid2 Bayım qızı qeyri-rəsmi yaşadığıdır, bir neçə ildir ki, görüşürlər. Adını Türkan kimi bildiyi qadın da qeyri-rəsmi yaşadığı Şahid2 ilə birlikdə yaşamışdır. Türkanla da aralarında heç bir ədavət və düşmənçilik yoxdur. Türkanın soyadının Musayeva, adının Arifə, atasının adının Mustafa olduğunu istintaq dövründə bilmişdir. Arifənin qeyri-rəsmi yaşadığı Almaza 85 manat borcu olmuşdur. Türkan Arifəyə sevgilisi Ata adlı şəxslə kirayə ev tutacaqlarını və Atanın 85 manat borcunu verəcəyini demişdir. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə saat 03 radələrində qeyri-rəsmi yaşadığı Almazın evinə getmişdir. Almazın evində Atanı görüb, onun kim olduğunu bilmədiyi üçün qısqanmış və onunla kobud danışmışdır. Həmin vaxt X9 sevgilisi olduğunu, Arifə ilə birgə kirayə ev tapdıqlarını və birlikdə yaşayacaqlarını izah etmişdir. O həmin şəxsin Ata olduğunu biləndən sonra sakitləşmiş və sevgilisi Arifənin 85 manat borcunu Atadan istəmişdir. Ata isə gedib Arifəni gətirəndən sonra həmin pulu verə biləcəyini demişdir. O, Atanın dediklərinə inanmamış, bu səbəbdən də öz telefonu girov qoymasını tələb etmişdir. Zərərçəkmiş şəxs könüllü olaraq özünə məxsus Redmi 8 markalı telefonu girov qoymuşdur. Ata gedəndən sonra geri qayıtmamış, Almaz ona Arifənin evdə olan zaman Atanın pulunu oğurladığını bildirmişdir. Bir neçə gün sonra Ata onunla əlaqə saxlamış, o Ataya gəlib telefonunu götürməsini söyləmiş, Ata gələcəyini bildirsədə sonradan polisə müraciət etdiyini öyrənmişdir. O, Zərərçəkmiş şəxs telefonunu zorla əlindən almamış, ona hədə qorxu gəlməmiş, Atanın sevgilisi Arifənin qeyri-rəsmi yaşadığı Almaza olan 85 manat borcunu qaytarmasını bildirib, girov kimi telefonunu istəmişdir. Zərərçəkmiş şəxsnı tanımadığı üçün, gedib qayıtmayacağını düşünmüşdür. Zərərçəkmiş şəxs da da könüllü olaraq telefonu ona vermişdir. Bir neçə gün sonra Ata onunla əlaqə saxlayan zaman telefonu gəlib götürə biləcəyini demiş, lakin Zərərçəkmiş şəxs gəlib götürməmişdir. Hal-hazırdada onun telefonunu qaytarmağa hazırdır. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.3.1 və 182.3.1-ci maddələri ilə təqsirli bilinərək 09 il 04 ay 26 gün azadlıqdan məhrumetmə cəzası 02 il sınaq müddəti tətbiq edilərək, şərti məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə 09 il 04 ay 14 gün azadlıqdan məhrumetmə cəzasına 02 il sınaq müddəti tətbiq edilərək, şərti məhkum edilmişdir. xx.xx.2020-ci il tarixdə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır. Abşeron rayon polis idarəsinin xx.xx.2023-cü il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən həbsdən azad edilərək, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, məhkəmə istintaqından yayındığına görə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişvə iş üzrə icraat dayandırılmışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə barəsində həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə icraat təzələnmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X2 xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xəstə-məhbus 2000-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə ƏN PX Bakı istintaq təcridxanasından “Ağciyər vərəmi” diaqnozu ilə ƏN PX İxtisaslaşdırılmış müalicə müəssisəsinə daxil olmuşdur. Xəstə stasionarda kliniki, rentgenoloji, laborator müayinələrdən keçirilmiş və onda “Hər iki ağciyərlərin yuxarı payının infiltrativ vərəmi, dağılma mərhələsində, VM (+) pozitiv” kliniki diaqnozu təsdiqlənmişdir. Xəstə xx.xx.2023-cü il tarixdə 1-ci sıra vərəməleyhi dərmanlarla müalicəyə cəlb edilmişdir. Hal-hazırda xəstənin ümumi vəziyyəti kafidir, vərəməleyhi müalicələri davam etdirilir. Xəstənin müalicəsini və dərman preparatlarının qəbulunda fasilələr yaranmamasını nəzərə alaraq uzun müddətə müəssisədən göndərilməsi məqsədəuyğun hesab edilmir. Xəstə Bakı şəhərində yerləşən məhkəmələrdə keçirilən məhkəmə prosesində iştirak etmək üçün bir günlük göndərilə bilər. Xəstənin məhkəmə prosesində iştirak etməsi üçün müəssisə daxilində də şərait yaradılmışdır. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, ona dəymiş ziyan tam ödənildiyindən onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il Qərarına əsasən qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin ifadəsinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi oğurluq əməlləri Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali MəhkəməsiPlenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməklə aradan qaldırılması, zərərçəkmiş şəxslə barışıq etməsi nəticəsində zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 83.3.1-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər barəsində — sınaq müddəti başa çatdıqda məhkumluq ödənilmiş hesab olunur. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Oğurluq cinayətinin ictimai təhlükəliliyi ondan ibarətdir ki, təqsirkarlar özgə əmlakını ələ keçirməklə mülkiyyət münasibələrinə qəsd edir, həmin münasibətlərə ciddi ziyan vurur, vətəndaşlar və hüquqi şəxslər onlara məxsus əmlakdan təyinatı üzrə istifadə etməkdən məhrum olur. Göründüyü kimi oğurluq cinayətinin obyekti mülkiyyət münasibətləridir. Ona görə də, təqsirkarlar tərəfindən zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talama yolu ilə ələ keçirilmiş əmlakın dəyərinin könüllü olaraq zərərçəkmiş şəxsə ödəməsi vətəndaşların və ya hüquqi şəxslərin mülkiyyət hüququnu bərpa edir, mülkiyyət münasibətlərinə vurulmuş zərəri aradan qaldırır, bununla da həmin cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldır. Bu növ cinayətin xarakterini nəzərə alaraq, təqsirkarların cinayət nəticəsində vurulmuş maddi zərərin könüllü ödənilməsi yolu ilə cinayətin ictimai təhlükəli nəticələrinin aradan qaldırılması onların əməlindən peşman olub artıq islah yoluna düşməsini göstərir. Məhkəmə istintaqı zamanı müəyyən edildi ki, iş üzrə zərərçəkmiş şəxsə dəymiş maddi ziyan təqsirləndirilən şəxs tərəfindən tam ödənilmişdir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, cəzasını yüngülləşdiriən halı, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyan ödənilmişdir, cinayət işi üzrə mülki iddia və maddi sübut yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan ləğv edilməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə ********* nömrəli cinayət işi üzrə barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmalı, məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Bundan başqa, təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayonu Vəkil Bürosunun vəkili X5 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul, məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il 03 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün nəzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 il 02 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu və Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan ləğv edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınsın. Təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayonu Vəkil Bürosunun vəkili X5 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul, məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar