Məhkəmə qərarları › İş №1(012)-69/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-69/2025

14.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-69/2025 14.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı Müdafiəçi: Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 1983-cü il tarixdə Abşeron rayonunun Mehdiaabad qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olan, Abşeron rayon, Mehdiabad qəsəbəsi, X3 küçəsi, ev 11 qeydiyyatda olan və yaşamış, Abşeron Rayon Məhkəməsinin 1(012)-488/2023 saylı, 22 iyun 2023-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində təqsirli bilinərək qəti olaraq 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, barəsində həbs qətimkan tədbiri seçilərək, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 23 avqust 2023-cü il tarixdə saat 03 radələrində ünvan 1 ünvanında yerləşən Zərərçəkmiş şəxs4 məxsus fərdi yaşayış evinə pəncərədən qanunsuz daxil olaraq oradan bir ədəd 360 manat dəyərində Redmi 9 markalı mobil telefonu gizli olaraq talayıb, sonuncuya 360 manat ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 24 avqust 2023-cü il tarixdə saat 03 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsi, X2 küçəsində yerləşən Zərərçəkmiş şəxs3 məxsus fərdi yaşayış evinə pəncərədən qanunsuz daxil olaraq oradan 01 ədəd 330 manat dəyərində Samsung Galaxy A45 markalı və 01 ədəd 100 manat dəyərində Samsung Galaxy J2 markalı mobil telefonları gizli olaraq talayıb, sonuncuya ümumilikdə 430 manat ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 27 avqust 2023-cü il tarixdə saat 03 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsi, X4 küçəsində yerləşən Zərərçəkmiş şəxs1 Fərəməz oğluna məxsus fərdi yaşayış evinə pəncərədən qanunsuz daxil olaraq oradan bir ədəd 700 manat dəyərində Redmi Note 11S markalı və bir ədəd 200 manat dəyərində Hove markalı mobil telefonları gizli olaraq talayıb, sonuncuya ümumilikdə 900 manat ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 27 avqust 2023-cü il tarixdə saat 04 radələrində ünvan 2 ünvanında yerləşən Zərərçəkmiş şəxs2ağa oğluna məxsus fərdi yaşayış evinin həyətinə qanunsuz daxil olaraq oradan 01 ədəd 450 manat dəyərində velosiped və evin pəncərəsindən 01 ədəd 450 manat dəyərində Samsung A10 markalı mobil telefonu gizli olaraq talayıb, sonuncuya ümumilikdə 900 manat ziyan vuraraq oğurluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları və dəlilləri: Cinayət işinin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, istintaqda verdiyi ifadəsini təsdiq etdiyini qeyd etməklə, ifadəsində göstərdi ki, 2023-cü ilin avqust ayının ortalarında müxtəlif şəxslərə borcları yarandığı üçün oğurluq etmək qərarına gəlmişdir. İlk olaraq 23 avqust 2023-cü il tarixdə, təxminən gecə 03 radələrində qəbul etdiyi spirtli içkinin təsiri ilə Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Savalan küçəsində yerləşən bir mərtəbəli evin həyətinə yaxınlaşıb hasara qalxmış və pəncərənin açıq halda olduğunu gördükdə həyətə tullanaraq açıq halda olan pəncərədən içəri baxmışdır. O, ətrafın sakitçilik olduğunu və otaqda heç kimin olmadığını gördükdə dərhal pəncərədən içəri daxil olmuş və divanın üzərində olan bir ədəd "Redmi" markalı mobil telefonu dərhal otaqdan həyətə tullamış, digər otaqlara nəzər salmadan açıq olan darvaza qapısından çıxaraq uzaqlaşmışdır. Bundan başqa o, qəbul etdiyi spirtli içkinin təsiri ilə 24 avqust 2023-cü il tarixdə saat 03 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsi, X2 küçəsində yerləşən iki mərtəbəli evə yaxınlaşaraq, küçəyə baxan pəncərənin açıq olduğunu gördükdən və ətrafda kimsənin olmadığına əmin olduqdan sonra dərhal pəncərədən otağa daxil olmuşdur. O, otaqda olan divanın yuxarı tərəfində olan iki ədəd Samsung markalı mobil telefonları götürərək, digər otaqları axtarmadan girdiyi pəncərədən çıxaraq, oradan uzaqlaşmışdır. O, oğurluq yolu ilə əldə etdiyi 03 ədəd telefonu növbəti gün, yəni 25 avqust 2023-cü il tarixdə “20 yanvar” metrosunun yaxınlığında yerləşən telefon mağazasına şəxsiyyət vəsiqəsi əsasında 280 manat müqabilində satmışdır. O, əldə etdiyi gəlirdən bir hissəsi ilə borcunu qaytarmış, bir hissəsi ilə isə şəxsi ehtiyaclarını qarşılamaq üçün xərcləmişdir. Daha sonra o, 27 avqust 2023-cü il tarixdə yenə də qəbul etdiyi spirtli içkinin təsiri ilə gecə saat 03 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsi, X4 küçəsində yerləşən bir mərtəbəli evə yaxınlaşaraq, evin hasarından həyətə tullanmış, heç kimin olmadığına əmin olduqdan sonra içəri daxil olmuş, pəncərənin yanında otaqda olan 01 ədəd Redmi markalı və 01 ədəd Hove markalı mobil telefonları götürərək, dərhal girdiyi pəncərədən həyətə çıxaraq, oradan uzaqlaşmışdır. Son olaraq isə həmin gün, yəni 27 avqust 2023-cü il tarixdə saat 04 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Səməd Vurğun küçəsində yerləşən 01 mərtəbəli evin hasarından həyətə tullanmış, bu zaman pəncərənin açıq olduğunu və evdə kiminsə olmadığına əmin olduqdan sonra pəncərədən içəri keçərək elə oradaca olan Samsung markalı telefonu götürüb başqa yerləri axtarmadan dərhal həyətə çıxmış, orada da bir ədəd iki təkərli velosipedi götürüb həyətin darvaza qapısından çıxaraq, uzaqlaşmışdır. O, həmin telefonları səhəri gün, yəni 28 avqust 2023-cü il tarixdə “20 yanvar” metrosunun yaxınlığında yerləşən telefon mağazasına şəxsiyyət vəsiqəsi əsasında 250 manat müqabilində satmışdır. O, əldə etdiyi gəlirlə borcunu bağlamış, velosipedi isə satmaq fikrindən daşınaraq özündə saxlamışdır. Bundan əlavə Təqsirləndirilən şəxs məhkəmə iclasında verilmiş suallara cavab olaraq törətdiyi əməldən peşman olduğunu, cinayət əməli nəticəsində dəymiş zərəri qismən ödəməsini nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, o, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, X2 küçəsində yerləşən fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. xx.xx.2023-cü il tarixdə səhər yuxudan oyandıqda divanın üzərinə qoyduğu bir ədəd 330 manat dəyərində Samsung A45 markalı **********40362 imeil kodlu mobil telefonun və bir ədəd 100 manat dəyərində **********83321 imei kodlu Samsung J2 markalı mobil telefonun oğurlandığını aşkar etmişdir. O, baş vermiş hadisə barədə İlk olaraq DİN-nin 102 Xidmətinin zəng mərkəzi sisteminə məlumat vermiş, daha sonra isə Abşeron RPİ-nin Mehdiabad PB-nə gedərək, məlumat vermişdir. Ona hadisə nəticəsində dəymiş ziyan 430 manat təşkil edir. Sonda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər qismən ödənilsə də, şikayətçidir və sonuncu barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məhkəmədən xahiş etdi. xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, o, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Səməd Vurğun küçəsində yerləşən 13 nömrəli fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. xx.xx.2023-cü il tarixdə səhər yuxudan durduqda gecə saatlarında naməlum şəxs və ya şəxslər tərəfindən ona məxsus yaşayış evinini pəncərəsinin setkasının cırılaraq qonaq otağına girildiyini və orada olan bir ədəd 450 manat dəyərində Samsung A10 markalı **********881902 və **********881900 imei kodlu üzərində ***-***-**-** GSM mobil nömrəsi olan mobil telefonun və yaşadığı evin həyətindən bir ədəd 450 manat dəyərində qara rəngli 28-lik velosipedin oğurlandığını aşkar etmişdir. O, həmin gün olmasa da 2 gün sonra Abşeron RPİ-nin Mehdiabad PB-nə ərizə ilə müraciət edərək, baş vermiş hadisə barədə şikayət ərizəsi yazmışdır. Ona hadisə nəticəsində dəymiş ziyan 900 manat təşkil edir. Sonda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər qismən ödənilsə də, şikayətçidir və sonuncu barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən iş üzrə Zərərçəkmiş şəxs4 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, o, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. xx.xx.2023-cü il tarixdə saat 03 radələrində qonaq otağında səs gəldiyini eşidib yuxudan durmuşdur. Qonaq otağına keçdikdə pəncərənin açıq vəziyyətdə olduğunu görüb ətrafa baxış keçirmişdir. Ətrafa baxış keçirdikdə qonaq otağında olan bir ədəd 360 manat dəyərində olan Redmi 9 markalı mobil telefonun oğurlandığını aşkar etmişdir. Əvvəlcə şikayət etmək fikri olmasa da sonradan həmin şəxsin təkrar oğurluq edə biləcəyini fikirləşdiyi üçün baş vermiş hadisə barədə Abşeron RPİ-nin Mehdiabad PB-nə ərizə ilə müraciət edərək məlumat vermişdir. Baş vermiş hadisə nəticəsində ona ümumilikdə 360 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 Fərəməz oğlu məhkəməyə ərizə ünvanlayaraq, təqsirləndirilən şəxslə arasında barışığın mövcud olmasını, zərərçəkmiç şəxsə qarşı şikayət və tələbinin olmamasını və məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Belə ki, məhkəmə iclasında ifadəsi elan edilməkə tədqiq edilən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 Fərəməz oğlu iş üzrə ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, o, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, X4 küçəsində yerləşən fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. xx.xx.2023-cü il tarixdə səhər yuxudan durduqda gecə saatlarında naməlum şəxs və ya şəxslər tərəfindən ona məxsus yaşayış evinə pəncərənin setkasının çıxarılaraq qonaq otağına girildiyini və orada olan bir ədəd 700 manat dəyərində Redmi Note 11S markalı **********20820 və **********20838 imei kodlu mobil telefonun və bir ədəd 200 manat dəyərində üzərində ***-***-**-** GSM mobil nömrəsi olan Huve markalı mobil telefonun oğurlandığını aşkar etmişdir. İki gündən sonra baş vermiş hadisə barədə Abşeron RPİ-nin Mehdiabad PB-nə ərizə ilə müraciət edərək məlumat vermişdir. Baş vermiş hadisə nəticəsində ona ümumilikdə 900 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən iş üzrə Şahid məhkəməyə ərizə ünvanlayaraq, istintaqda verdiyi ifadəni təsdiq etdiyini və məhkəmə iclaslarında iştirak edə bilməyəcəyinin nəzərə alınmasını xahiş etmişdir. Belə ki, məhkəmə iclasında ifadəsi elan edilməkə tədqiq edilən Şahid iş üzrə ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu ərazisində “20 yanvar” metrosunun yaxınlığında yerləşən telefon mağazasında usta kimi işləyir. Əlavə olaraq işlənmiş telefonların alğı-satqısı ilə məşğul olur. 25 avqust 2023-cü il tarixdə sonradan adının Təqsirləndirilən şəxs olduğunu öyrəndiyi şəxs mağazaya yaxınlaşaraq ailəsinə məxsus üç ədəd mobil telefonu satmaq istədiyini demişdir. O, həmin şəxsin gətirdiyi telefonlara baxdıqda Samsung A45 markalı mobil telefona 90 manat, Redmi markalı mobil telefona 140 manat, Samsung markalı telefona isə 50 manat verə biləcəyini demişdir. Elman adlı şəxs etiraz etməyərək mobil telefonları və şəxsiyyət vəsiqəsini təqdim etmişdir. O, telefonların oğurluq və girov olmadığını bir daha dəqiqləşdirmiş və Elman çıxıb getmişdir. Daha sonra həmin şəxsi bir daha görməmişdir. Redmi və Samsung A45 markalı mobil telefonları satsa da, Samsung J2 markalı telefon hal-hazırda ondadır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

1. “Cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması haqqında” 31 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs həmin tarixdə saat 21:30 radələrində şübhəli şəxs qismində tutulmuşdur;

2. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında 31 avqust 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanaraq, icraata qəbul edilmişdir;

3. “Zərərçəkmiş şəxs qismində tanımaq” haqqında 31 avqust 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs1 Fərəməz oğlu zərərçəkmiş şəxs qismində tanınmışdır;

4. “Zərərçəkmiş şəxs qismində tanımaq” haqqında 31 avqust 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınmışdır;

5. “Zərərçəkmiş şəxs qismində tanımaq” haqqında 31 avqust 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır;

6. “Zərərçəkmiş şəxs kimi tanımaq” barədə 31 avqust 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs4 zərərçəkmiş şəxs qismində tanınmışdır;

7. “Təqsirləndirilən şəxs qismində cəlb edilmə” haqqında 02 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir;

8. Abşeron Rayon Məhkəməsinin 02 sentyabr 2023-cü il tarixli, 4(012)-645/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 31 avqust 2023-cü il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir;

9. “Götürmə” haqqında 02 sentyabr 2023-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd qara rəngli üzərində “adidas” yazısı olan velosiped götürülmüşdür;

10. “Əşyanın maddi sübut kimi tanınması və saxlanca verilməsi” haqqında 02 sentyabr 2023-cü il tarixli qərara əsasən ********* nömrəli cinayət işi üzrə götürülmüş 01 ədəd qara rəngli üzərində “adidas” yazısı olan velosiped maddi sübut kimi tanınaraq, qanuni sahibi Zərərçəkmiş şəxs2 qaytarılmışdır:

11. “Götürmə” haqqında 05 sentyabr 2023-cü il tarixli qərara əsasən Şahid təqdim etdiyi 01 ədəd Samsung J2 markalı mobil telefon götürülmüşdür;

12. “Əşyanın maddi sübut kimi tanınması və saxlanca verilməsi” haqqında 02 sentyabr 2023-cü il tarixli qərara əsasən ********* nömrəli cinayət işi üzrə götürülmüş 01 ədəd Samsung J2 markalı mobil telefon maddi sübut kimi tanınaraq, qanuni sahibi Zərərçəkmiş şəxs3 qaytarılmışdır;

13. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 27 noyabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair İşlər Məhkəməsinin 22 yanvar 2007-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.1 və 326.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 12 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, 16 dekabr 2017-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, bundan sonra o, yenidən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, Abşeron Məhkəməsinin 22 iyun 2023-ci il tarixli, 1(012)-488/2023 saylı hökmü ilə 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə qaldığı 06 ay 26 gün müddət ona təyin olunmuş cəzadan çıxılaraq, üzərində qəti olaraq 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır;

14. "Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 11 noyabr 2023-cü il tarixli qərardan görünür ki, **********7 nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs 02 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvədə saxlanılmış, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, maddi sübut kimi tanınmış 01 ədəd Samsung J2 markalı mobil telefonunun qanuni sahibi Zərərçəkmiş şəxs3, 01 ədəd qara rəngli üzərində “adidas” yazısı olan velosipedin isə qanuni sahibi Zərərçəkmiş şəxs2 saxlanılmasının nəzərə alınması, əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-cı maddəsinin tərkibi olmadığından cinayət təqibinin başlanması rədd edilmiş, iş üzrə təqsirləndirilən şəxsin etirafedici izahatı, zərərçəkmiş və şahid ifadələri, ifadənin yerində yoxlanılması və baxış keçirilməsi protokolları, üzləşdirmə protokolu, maddi sübut və iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər sübut növü kimi qəbul edilmişdir;

15. Sumqayıt şəhər Probasiya Şöbəsinin 14 aprel 2025-ci il tarixli məktubundan görünür ki, Abşeron Məhkəməsinin 22 iyun 2023-ci il tarixli, 1(012)-488/2023 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, qəti olaraq 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasna məhkum edilmiş Təqsirləndirilən şəxs Sumqayıt şəhər Probasiya Şöbəsində qeydiyyatdan keçmədiyi üçün cəzası hesablanmamışdır.

Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər:

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Beləliklə məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün etirafı, zərərçəkmiş şəxslər və şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar törədildikdə; yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məhsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Qeyd olunan Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, şəxsiyyəti, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs tərəfindən dəymiş zərərin qismən ödənilməsini və zərərçəkmiş şəxslərdən birinin şikayətinin olmamasını cəzanı yüngülləşdirən hal olaraq nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal kimi cinayətlərin residivini müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Qeyd olunan Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarına əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Həmçinin, yeni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilibödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur. Belə ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair İşlər Məhkəmənin 22 yanvar 2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.3.1 və 326.2-ci maddələri ilə təqsirli bilinərək, 12 (on iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 16 dekabr 2017-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, lakin məhkumluğun ödənilməsi üçün qanunvericilikdə müəyyən olunmuş müddət keçmədən yenidən 27 avqust 2023-cü il tarixdə yenidən qəsdən ağır cinayət törətmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs hazırki cinayəti törədərkən məhkumluğu ödənilməmişdir, bu hal isə öz növbəsində onun əməlində cinayətin residivini yaradır. Bundan başqa məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Abşeron rayon Məhkəməsinin 22 iyun 2023-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək, qəti olaraq 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, yəni barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza tətbiq edilmişdir. Məhkəmə onu qeyd edir ki, Təqsirləndirilən şəxs sonuncu əməli böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olduğundan hazırki iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.1-ci maddəsinin tələbinə uyğun olaraq residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Qeyd olunan Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Qeyd olunan halları nəzərə almaqla məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, zərərçəkmiş şəxslərə dəymiş ziyanı qismən ödəməsini, lakin onun əvvəllər törətdiyi cinayət əməli üzrə cəzanı çəkib qurtardıqdan sonra yəni məhkumluq müddətində yenidən qəsdən cinayət törədərək, əməldə cinayətlərin residivi olmasını nəzərə alaraq hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Lakin cəza təyin edilərkən digər hallar da nəzərə alınaraq cəza həddi müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 67.1-ci maddəsinə görə hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Qanunvericiliyin bu tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin 22 iyun 2023-ci il tarixli, 1(012)- 488/2023 saylı hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 il 5 ay 26 gün hissəsinin iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmalı və hazırkı hökmlə təyin edilən cəza ilə qismən birləşdirilməklə ona hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. İstinad olunan Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona hökmlərin məcmusu üzrə təyin edilən azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun azadlığının məhdudlaşdırıldığı vaxtdan yəni 31 avqust 2023-cü il tarixdən hesablanmalı, həmçinin sonuncunun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 saylı qərarının 66-cı bəndində müəyyən olunur ki, cinayət prosesində zərər çəkmiş qismində tanınmış şəxsə cinayət nəticəsində birbaşa vurulmuş ziyanın ödənilməsi məsələsi ilə əlaqədar onu nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ hissəsinə əsasən “Cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur. Zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır”. Həmçinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 87.6.20-ci maddəsi zərərçəkmiş şəxsin cinayət törətmiş şəxsdən ona məxsus əmlakı geri almaq imkanını hər hansı şərtlə əlaqələndirilməyən hüquq kimi təsbit etmiş, buna müvafiq olaraq da qanunverici cinayət prosesini həyata keçirən orqanların zərərçəkmiş şəxsin həmin hüququndan irəli gələn vəzifələrini müəyyən etmişdir. Belə ki, həmin Məcəllənin 38.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, cinayət prosesini həyata keçirən orqan cinayət qanunu ilə nəzərdə tutulmuş hərəkətlər nəticəsində vurulmuş ziyanın ödənilməsi məqsədilə tədbirlər görməlidir. Bundan başqa qeyd olunan Məcəllənin 132.1.5-ci maddəsinə görə isə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış (maddi sübut kimi qiymətləndirilmiş) pul və qiymətli əşyalar məhkəmənin yekun qərarı çıxarılarkən sahiblərinə, mülkiyyətçılərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Odur ki, cinayət prosesində zərərçəkmiş qismində tanınmış şəxslərin maddi ziyanın vurulması ilə müşayiət olunan (məsələn, oğurluq, dələduzluq, mənimsəmə və ya israf etmə, quldurluq, əmlakı qəsdən və yaxud ehtiyatsızlıqdan məhv etmə və ya zədələmə və s. bu kimi) cinayət nəticəsində məhrum olunduqları (sübut yetirilmiş cinayətin təsvirində qeyd olunan) pul vəsaitləri və digər əmlakı mülki iddianın verilməsi ilə şərtləndirilmədən cinayət-prosessual restitusiya qaydasında onlara qaytarılmalı, hər hansı səbəbdən həmin əmlakı qaytarmaq mümkün olmadıqda və xüsusi müsadirə tətbiq olunduqda isə, təqsirkarın bu əmlaka bərabər digər əmlakının müsadirə olunması hesabına onlara vurulmuş maddi ziyan ödənilməlidir. Ona görə də, məhkəmə cinayət işinin materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurulmuş maddi ziyana görə Zərərçəkmiş şəxs4 xeyrinə 360 manat, Zərərçəkmiş şəxs3 xeyrinə 330 manat, Zərərçəkmiş şəxs2ağa oğlunun xeyrinə 450 manat məbləğində pul vəsaiti tutularaq, ödənilməlidir. Məhkəmə iş üzrə maddi sübut kimi tanınmış “01 ədəd Samsung J2 markalı” mobil telefonunun sahibi Zərərçəkmiş şəxs3, “01 ədəd qara rəngli üzərində “adidas” yazısı olan velosipedin sahibi Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 Fərəməz oğluna dəymiş zərərin ödənilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırki cinayət işi üzrə müsadirə edilməli əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hər-hansı əmlakla bağlı xüsusi müsadirənin tətbiq edilməsinin zərurət olmadığı qənaətindədir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 50 (əlli) saat üçün nəzərdə tutulan 300 (üç yüz) manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin, ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin 22 iyun 2023-ci il tarixli, 1(012)-488/2023 saylı hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun və həmin Məcəllənin 67.1-ci maddəsinə uyğun olaraq bu cəza hazırkı hökmlə təyin edilən cəza ilə qismən birləşdirilərək, ona qəti olaraq 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 31 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət əməli nəticəsində Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyana görə - Zərərçəkmiş şəxs4 xeyrinə - 360 manat, Zərərçəkmiş şəxs3 xeyrinə - 330 manat, Zərərçəkmiş şəxs2ağa oğlunun xeyrinə - 450 manat məbləğində pul vəsaiti tutularaq, ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış “01 ədəd Samsung J2 markalı” mobil telefonunun sahibi Zərərçəkmiş şəxs3, “01 ədəd qara rəngli üzərində “adidas” yazısı olan velosipedin sahibi Zərərçəkmiş şəxs2 qaytarılması və dəymiş ziyanın Zərərçəkmiş şəxs1 Fərəməz oğluna ödənilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 50 (əlli) saata görə 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Abşeron rayon Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən: Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar