Məhkəmə qərarları › İş №1(012)-692/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-692/2024

30.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-692/2024 30.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı Müdafiəçi: Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 1968-ci ildə Bərdə rayonu, Xanərəb kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, Abşeron rayon İcra Hakimiyyətinin Mənzil- Kommunal X1 və Kommunal Xidmətləri İdarəsinin 4 saylı Mənzil Təsərrüfatı İstehsalat İstismarı Təmir Sahəsinin rəisi vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Abbasov X3 rayon İH Mənzil-Kommunal X1 və Kommunal Xidmətləri İdarəsinin 4 saylı Mənzil Təsərrüfatı İstehsalat İstismarı Təmir Sahəsinin rəisi vəzifəsində işləyərkən 2023-cü ilin oktyabr ayının sonlarında ünvan 2 ünvanında yaşayan Şahid1 həmin ünvanda özünə yeni fərdi yaşayış evi tikməsi barədə məlumat alıb, həmin ünvana gedərək sonuncuya tikintini dayandırmasını, tikintiyə dair aidiyyəti qurumlardan icazə almadığı halda tikinti aparmasının mümkün olmayacağını bildirib, tərəfindən tikintinin davam etdirilməsi dayandırıldıqdan sonra Şahid1 tikintini davam etdirmək istəyi ilə bağlı xx.xx.2023-cü il tarixdə özünə müraciəti ilə əlaqədar, sonuncuya özünün həqiqi təsir imkanlarından istifadə edərək Abşeron rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin, həmçinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Abşeron ərazi şöbəsinin aidiyyəti şəxslərinin tikintiyə icazə verilməsi barədə qərarına təsir etmək imkanına malik olduğunu bildirib, həmin niyyətlə xx.xx.2023-cü il tarixdə Şahid1la görüşüb, özü üçün birbaşa yolla şəxsən 6700 manat məbləğində pul vəsaiti istəməklə, Şahid1 6200 manat məbləğinə razılığını aldıqdan sonra cinayətkar niyyətinin realizəsinə davam edərək xx.xx.2023-cı il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, S.Bəhlulzadə 37 ünvanında yerləşən 4 saylı Mənzil Təsərrüfatı İstehsalat İstismarı Təmir Sahəsinin inzibati binasında yerləşən öz xidməti otağında Məhəbbət İsmayıovdan özü üçün birbaşa yolla 4000 manat, eyni məqsədlə xx.xx.2023-cü il tarixdə həmin inzibati binada eyni otaqda 2000 manat olmaqla ümumilikdə 6000 manat pul vəsaitini alaraq şəxsi ehtiyaclarına sərf edib vəzifəli şəxslərin qərarlarına qanunsuz təsir etməklə nüfuz alveri etmişdir. İşin halları və dəlilləri: Cinayət işinin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 312-1.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərdi ki, o, 2018-ci ildən indiyədək Abşeron rayon İcra Hakimiyyətinin Mənzil - Kommunal Təsərrüfatı İstehsalat - İstismarı Təmiri Birliyinin Abadlıq və Kommunal Xidmətləri İdarəsinin 4 saylı Mənzil Təsərrüfatı İstehsalat İstismarı Təmir Sahəsinin rəisi vəzifəsində işləyir. Onun xidməti vəzifələrinə yaşayış və qeyri-yaşayış sahələrinin təyinatı üzrə istifadəsinə nəzarət etmək, xidməti ərazinin sanitar təmizliyini təmin etmək, məişət tullantılarının daşınmasını təşkil etmək, əhali və müxtəlif obyektlərdən göstərilən xidmət haqqını yığmaq və sair daxildir. Hadisənin mahiyyəti üzrə bildirmişdir ki, vətəndaş Şahid1 tanıyır. Əvvəllər onunla arasında hər hansı münasibəti olmamış, ədavəti, düşmənçiliyi yoxdur. Şahid1 onun işlədiyi ərazinin sakini olduğunu, Xırdalan şəhərinin “Quşçuluq massivi” adlanan ərazisində yaşadığını bilmişdir. 2023-cü ilin oktyabr ayının sonlarında o, həmin ərazidən təsadüfən keçən zaman sakin Şahid1 yaşadığı həyətində əlavə ev tikintisinin aparıldığını görmüş, Şahid1 özünə ev tikdiyini bildirmişdir. O, həmin tikinti ilə bağlı müvafiq sənədlərinin olub-olmamasını Şahid1 dəqiqləşdirdikdə sonuncu tikintiyə dair hər hansı sənədinin olmadığını demiş, o, sonuncuya iradını bildirib sənədləri olmadığı halda qanunsuz tikili aparmamasını, bunun üçün gedib aidiyyatı qurumlardan buna dair icazə almasını bildirib oradan çıxıb getmişdir. 02 noyabr 2023-cü il tarixdə Şahid1 özü onun mobil telefonuna zəng edərək onunla həmin məsələ ilə əlaqədar görüşmək istədiyini demiş, sonuncunun istəyi ilə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “AAAF Park” yaşayış kompleksinin parkında görüşmüşlər. Həmin vaxt Şahid1 tək gəlmiş və görüş zamanı sonuncu ondan hər hansı vəzifəli şəxsi tanımadığını, tikintisi üçün icazə almasında köməklik göstərməyini xahiş etmişdir. O, özünün pula ehtiyacı olduğu üçün sonuncuya köməklik edə biləcəyini, bunun üçün Abşeron rayon icra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsi və həmçinin Əmlak Məsələləri Dövlət Xidmətinin müvafiq ərazi şöbəsindən tanışları vasitəsilə icazə ala biləcəyini, bundan sonra tikintini hər hansı müdaxilə olunmadan apara biləcəyini demişdir. Bununla bağlı əvvəlcə Şahid1 6.700 manat məbləğində pul vəsaiti istəmiş, 6.200 manatla razılaşmış və sonuncu həmin pul vəsaitini düzəldib gətirib ona verəcəyini demişdir. Onların danışığına əsasən guya o, həmin pul vəsaitini yuxarıda qeyd etdiyi qurumların vəzifəli şəxslərinə verməli olmuşdur. 03 noyabr 2023-cü il tarixdə Şahid1 onun işlədiyi Abşeron rayonu, Xırdalan şəhəri, Səttar Bəhlulzadə 37 ünvanına gəlmiş və o, sonuncunu öz xidməti otağında qəbul etmişdir. Görüş zamanı Şahid1 danışıqları üzrə ona verməli olduğu puldan 4.000 manatını təqdim etmişdir. O, öz xidməti otağında həmin pul vəsaitini qəbul etmiş, həmin vaxt yanlarında heç kəs olmamışdır. Şahid1 pulun qalan hissəsini yaxın günlərdə gətirəcəyini deyərək çıxıb getmişdir. Bundan sonra 16 noyabr 2023-cü il tarixdə sonuncu yenidən onun yanına gələrək xidməti otağında onunla görüşmüş və pulun yerdə qalan hissəsindən daha 2.000 manatı təqdim etmiş və maddi imkanının buna çatdığını, əlavə pul verə bilməyəcəyini demişdir. Bununla Şahid1 tərəfindən ona ümumilikdə 6.000 manat pul vəsaiti verilmiş və o, həmin məbləğlə razılaşıb sonuncuya həmin görüşündə gedib tikintisinə davam etməsini, onu heç kəsin narahat etməyəcəyini, tikintisinə heç kəsin müdaxilə etməyəcəyini demişdir. Şahid1 istəyi tikintisini hər hansı maneçilik olmadan davam etdirmək olmuşdur. O, bundan sonra Şahid1la heç vaxt görüşməmiş və sonradan onun tərəfindən ona hər hansı narazılıq və ya şikayət daxil olmamışdır. Sonuncunun həmin tikintini davam etdiribetdirməməsini bilməmişdir. Şahid1la arasında olan bu sövdələşmə ilə bağlı o, hər hansı dövlət qurumunun hər hansı əməkdaşı ilə danışmamış, Şahid1 almış olduğu 6.000 manat məbləğində pul vəsaitindən hər hansı vəzifəli və ya qeyri vəzifəli şəxsə verməmiş, pul vəsaitinin hamısını öz şəxsi ehtiyaclarına xərcləmişdir. Belə ki, onun qardaşı onkoloji xəstəlikdən əziyyət çəkdiyi üçün o, həmin pulu onun müalicə xərclərinə sərf etmişdir. Buna görə də həmin pul vəsaiti onda qalmamışdır. Əgər Şahid1 tərəfindən tikintinin həyata keçirilməsinə hər hansı qurum tərəfindən müdaxilə olunub qarşısı alınsaydı onun sonuncudan almış olduğu pulu geri qaytarmaq fikri olmuşdur. Sonda əməlindən səmimi peşman olduğunu və aldığı vəsaiti geri qaytardığını bildirməklə barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 2022-ci ilin aprel ayında 22.000 manat müqabilində Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivində hasarlanmış 3 sot torpaq sahəsinin içərisində 3 otaqlı ev almışdır. Sonradan həyətdə iki mərtəbəli ev tikmək qərarına gəlmişdir. 2023-cü ilin oktyabr ayının sonlarında isə evi tikməyə başlamışdır. Bir neçə gün sonra tanımadığı üç nəfər şəxs həyətinə gələrək ondan tikintinin dayandırılmasını tələb etmişdir. O, həmin şəxslərdən özlərini təqdim etmələrini tələb etdikdə içərisindən biri özünü Abşeron rayon İcra Hakimiyyətinin 4 saylı Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmir Sahəsinin rəisi Təqsirləndirilən şəxs kimi təqdim edərək ondan icazə alınmadığı təqdirdə tikinti apara bilməyəcəyini deyərək tikintini dayandırmasını tələb etmişdir. Daha sonra Təqsirləndirilən şəxs yanında olan adlarını bilmədiyi iki nəfər şəxslə dövlət qeydiyyat nişanını xatırlamadığı “Xəzər markalı” ağ rəngli avtomobilə əyləşərək ərazidən getmişlər. Səhəri gün o, tikintini davam etdirən zaman Təqsirləndirilən şəxs yanında əvvəl gələn iki şəxs yenidən onun həyətinə gələrək özlərinin İcra Hakimiyyətinin Memarlıq şöbəsindən gəldiklərini, tikintini dayandırmağını, yalnız Təqsirləndirilən şəxsla razılaşdıqdan sonra tikintini davam etdirə biləcəyini demişlər. O, həmin şəxslərin qanunsuz tələbinə məhəl qoymayaraq tikintini davam etdirdiyindən yenidən həmin şəxslər həyətə gələrək mövcud tikintinin şəklini çəkərək tikilişi davam etdirəcəyi halda onu traktorla sökəcəklərini, yalnız Təqsirləndirilən şəxs onlara tikintiyə icazə verməsini bildirdiyi halda tikintini apara biləcəyini demişdirlər. Həmin vaxt o, gələn şəxslərin səslərini mobil telefonu ilə yazaraq araşdırma zamanı təqdim etmişdir. Bundan sonra o, məcbur qalıb Təqsirləndirilən şəxs nömrəsini tapıb ona zəng etmişdir. Sonuncu ilə Xırdalan şəhərində yerləşən “AAAF Park” yaşayış kompleksində görüşmüşdür. Təqsirləndirilən şəxs ona iki mərtəbəli evin tikintisinə icazənin 6.700 manat müqabilində verildiyini demişdir. O, maddi imkanının zəif olduğunu demiş, Təqsirləndirilən şəxs həmin puldan Əmlak Xidmətinə və İcra Hakimiyyətinə verməli olduğunu deyərək sonda 6.200 manata razılaşmışlar. Həmin vaxt o, aralarında olan danışıqları səsli olaraq qeydə almışdır. Bundan sonra o, dövlət məmurunun qanunsuz hərəkətindən əsəbləşib bu barədə Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə ərizə ilə müraciət etmiş və müvafiq səs yazısını təqdim etmişdir. Buna əsasən əməliyyat tədbiri qurularaq üzərinə kamera yerləşdirilmişdir. 03 noyabr 2023-cü il tarixdə Xırdalan şəhərində yerləşən 4 saylı Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmir Sahəsinin inzibati binasında Təqsirləndirilən şəxsla xidməti otağında görüşmüş, ilkin olaraq Təqsirləndirilən şəxs əlbəəl nağd qaydada təklikdə özünə məxsus 4.000 manat pul verərək bir neçə gün sonra 2.200 manat deyil 2.000 manat verə biləcəyini, ustalara işləmək üçün şərait yaratmasını demişdir. Təqsirləndirilən şəxs razılaşmış, tikintini davam etdirməyini, qalan 2.000 manat pulu qısa zamanda verməyini, həyətinə kimsə gələrsə icazə aldığını deməyini bildirmişdir. Daha sonra 13 noyabr 2023-cü il tarixdə 2.000 manat pulu da eyni ünvanda xidməti otağında təklikdə Təqsirləndirilən şəxs vermiş, bundan sonra sonuncu ona tikintiyə davam edərək onu başa çatdırmağını demişdir. O, bundan sonra tikintini davam etdirmiş, heç kim gəlib tikinti ilə bağlı irad bildirməmiş və tikintini dayandırmamışdır. Evin birinci mərtəbəsinin tikintisini başa çatdıraraq sonra maddi imkansızlıqdan tikintini dayandırmışdır. Həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs ümumilikdə ondan ilkin olaraq tələb etdiyi 6.700 manat, lakin razılaşaraq verdiyi 6.000 manat pulun təyinatı həyətində tikmək istədiyi iki mərtəbəli evin tikintisini aparmağına icazə verməsi ilə bağlı sonuncunun Əmlak Xidmətindən və İcra Hakimiyyətinin Memarlıq şöbəsindən razılıq almasından ibarət olmuşdur. Təqsirləndirilən şəxs ona hər iki qurumların vəzifəli şəxslərini tanıdığını, özünün danışaraq tikintinin aparılmasına razılıq alacağını demişdir. Həmçinin Təqsirləndirilən şəxs tikintinin aparılmasına razılığın verilməsi ilə bağlı alacağı puldan 1.500 manatını Əmlak Xidmətinin və qalan hissəsini Abşeron rayon İcra hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin adlarını demədiyi şəxslərinə verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs ondan aldığı 6000 manat məbləğində pul vəsaitini geri qaytardığı üçün ondan şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, cinayət işi materiallarında əlavə edilmiş vətəndaş Şahid1 tərəfindən təqdim edilmiş səs yazısında səsləri qeydiyyata alınmış şəxslərdən biri onun özüdür. Belə ki, həmin səs yazısı 2023-cü ilin oktyabr ayının axırlarında Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində yerləşən yeni yaşayış massivində özünə fərdi ev tikən Şahid1 evinin qarşısında olan zaman qeydiyyata alınmışdır. O, həmin vaxt ora tanışı Şahid2 ilə birlikdə getmişdir. Həm özü, həm də Şahid2 ev alqı-satqısı ilə məşğul olurlar. Həmin vaxt onların Şahid1 yaşadığı evə getməkdə məqsədi həmin yerin satışa çıxarılması ilə bağlı ora gedib baxmaq olmuşdur. Onların həmin yeri alıb orada ev tikib daha sonra satmaq fikirləri olmuşdur. Lakin oraya gedən zaman Şahid1 orada ev tikməsini görmüşlər. O, Şahid2lə birlikdə həmin yerə ilk dəfə gedən zaman Şahid1 onlara həmin yeri aldığını və sənədlərinin olmasını dediyi üçün ona heç nə deməmiş və çıxıb getmişlər. Lakin sonradan maraqlanan zaman həmin yerin zəbt olunduğu, hər hansı rəsmi sənədin olmadığını bilib yenidən oraya getmişlər. O, İstismar Sahəsinin rəisi Təqsirləndirilən şəxs həmin yer haqqında maraqlanan zaman sonuncu həmin ərazidə torpaqların sənədlərinin olmadığını ona demişdir. Buna görə də o, Şahid3lə birlikdə yenidən oraya getmiş və Şahid1 həmin yerin sənədlərini görmək istədiyini bildirmiş və sonuncu sənədlərin Təqsirləndirilən şəxs olduğunu demişdir. Onlar həmin yerin sənədləri olmadan tikinti görməməsini, sənədləri olduğu təqdirdə tikintini davam etdirə biləcəyini demişlər. Bundan sonra onlar çıxıb getmişlər. Həmin vaxt onların məqsədi əgər Şahid1 həmin yeri zəbt edib qanunsuz iş görmüşdürsə onu dayandırıb yeri özlərinin almaq istəməsi olmuşdur. Bildiyinə görə həmin torpaq sahəsi ümumiyyətlə hər hansı fiziki şəxsə məxsus olmamış, onlar bələdiyyə vasitəsilə rəsmi qaydalar çərçivəsində həmin yeri almaq istəmişlər. Məhkəmə iclasına dəvət edilərək, şahid qismində dindirilmiş Şahid2 digər Şahid3 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli cinayət işinin başlanması barədə qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 312-1.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2024-ci il tarixli cinayət işinin icraata qəbul edilməsi barədə qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 312- 1.1-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi icraata qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat - sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli protokollardan görünür ki, M. İsmayılovun V. Abbasova pulun verilməsi zamanı “OCULUS” markalı avadanlıqla səs və video qeydlər aparılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli protokollardan görünür ki, V. Abbasovun xidməti otağına baxış keçirilmiş, “D16361034”, “A55025573”, “A37541785” və “D04649774” seriyalı 04 ədəd “100” manatlıq əskinazlar, 01 ədəd İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli protokollardan görünür ki, V. Abbasova məxsus xidməti vəsiqə, 02 ədəd V. Abbasova məxsus “Samsung” markalı və 01 ədəd “Nokia” markalı mobil telefon, içərisində müxtəlif qeydlər aparılmış dəftərçə və digər sənədlər götürülmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli protokollardan görünür ki, V. Abbasov həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli protokollardan görünür ki, V. Abbasov və Şahid1 arasında üzləşdirilmə aparılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, V. Abbasov şəxs Azərbaycan Respublikası CMnin 312-1.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddələrlə ittiham elan edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli qərardan görünür ki, V. Abbasov barədə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli Xasiyyətnamədən görünür ki, V. Abbasov iş yeri üzrə müsbət xarakterizə olunur, onunla ağlı işlədiyi dövürdə RİH-nə heç bir şikayət daxil olmamışdır. İş materiallarına əlavə edilmiş cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanasından daxil olan xx.xx.2024-cü il tarixli, 3116 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs V. Abbasov Respublika Psixiatriya Xəstəxanasında müalicə olunmamışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərara əsasən ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1.1 -ci maddəsi ilə elan edilmiş ittiham və təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış. Şahid1 ərizəsində Təqsirləndirilən şəxs ondan 6700 manat istəməsi göstərilsə də, 6200 manat məbləğinə dair razılaşma nəzərə alınmış və iş üzrə cinayət işi materiallarına əlavə edilmiş "xxxx" MMC mobil şəbəkə operatorundan daxil olmuş, içərisində telefon danışıqları məlumatlarının mövcud olduğu 01 ədəd “CD, içərisində əməliyyat çəkilişi məlumatlarının mövcud olduğu 01 ədəd “DVD” disk və M. İsmayılovun təqdim etdiyi 01 əddə “DVD” disk maddi sübut kimi tanınmışdır. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən "Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1 -ci maddəsinə əsasən "Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən "Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən "Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən "Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən "Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Belə olan halda, məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 312-1.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, "Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən "Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən "Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə iclasında Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsinə əsasən "Şəxs tərəfindən öz həqiqi və ya güman edilən təsir imkanlarından istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədilə özü və yaxud üçüncü şəxslər üçün, birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemətin, imtiyazın və ya güzəştin istənilməsi və ya alınması, yaxud bu barədə təklif və ya vədin qəbul edilməsi - altı min manatdan on min manatadək miqdarda cərimə və ya üç ildən yeddi ilədək müddətə azadlıqdan mərhum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət hadisəsi ilə əlaqədar şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin sonuncu tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetirilir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs ittiham olunduğu əməllə bağlı təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan cəza növü kimi cərimə cəzası təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs istintaq zamanı tutulduğu 2 (iki) gün müddət nəzərə alınaraq ona təyin olunmuş cərimə cəzası yüngülləşdirilməli və üzərində qəti olaraq müəyyən miqdarda cərimə cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış "xxxx" MMC mobil şəbəkə operatorundan daxil olmuş, içərisində telefon danışıqları məlumatlarının mövcud olduğu 01 ədəd “CD, həmçinin içərisində əməliyyat çəkilişi məlumatlarının mövcud olduğu 01 ədəd “DVD” disk və Şahid1 təqdim etdiyi 01 əddə “DVD” disk cinayət işi materiallarında saxlanılmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə tərəfindən hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamış, həmçinin xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 25 saat üçün nəzərdə tutulan 150 manat pul ödənilməlidir. Cinayət işi üzrə mülki iddia, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin, ona 6500 (altı min beş yüz) manat miqdarında cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət nəzərə alınmaqla, təyin edilmiş 6500 (altı min beş yüz) manat miqdarda cərimə cəzası yüngülləşdirilərək, üzərində qəti olaraq 6300 (altı min üç yüz) manat məbləğində cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş cərimə cəzası şəxsin yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. İş üzrə maddi sübut kimi tanınmış "xxxx" MMC mobil şəbəkə operatorundan daxil olmuş, içərisində telefon danışıqları məlumatlarının mövcud olduğu 01 ədəd “CD, həmçinin içərisində əməliyyat çəkilişi məlumatlarının mövcud olduğu 01 ədəd “DVD” disk və Şahid1 təqdim etdiyi 01 əddə “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə mülki iddianın, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar