Məhkəmə qərarları › İş №1(012)-692/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-692/2025

18.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-692/2025 18.02.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: İslamov Elçin Etibar oğlunun katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı Müdafiəçi: Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxx 1965-ci il tarixdə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Abşeron rayonu, Mehdiabad qəsəbə ərazi dairəsi, Mehdiabad qəsəbəsində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair cinayət işinin materialına Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2, sonuncunun Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,03 ha torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən çıxarış alacağına dair yalan vəd verib aldadaraq Zərərçəkmiş şəxs2 2022-ci ilin noyabr ayının əvvələrində ünvan 2 ünvanında 5000 manat pulunu alıb ələ keçirərək zərərçəkmiş şəxsə ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1, sonuncunun Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 0,08 ha torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən çıxarış alacağına dair yalan vəd verib aldadaraq Natiq Rəhimovun 08avqust 2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti 58/1 ünvanında yerləşən 14 saylı natoriat ofisində 4000 manat, 20 avqust 2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti 58/1 ünvanında yerləşən 14 saylı notariat ofisində 5000 manat, 27 avqust 2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu İnşaatçılar prospekti 39 ünvanında yerləşən Azərbaycan Respublikası Dövlət Mədəniyyət və İncəsənət Universitetinin yaxınlığında həmin dövr üçün Azərbaycan manatı məzənnəsi ilə 1700 manat təşkil edən 1000 ABŞ dolları və 30 avqust 2023-cü il tarixdə Abşeron rayonu Mehdiabad qəsəbəsində 1200 manat olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 11.900 manat pulunu alıb ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayəti törətmişdir. İŞİN HALLARİ VƏ DƏLİLLƏRİ: Cinayət işinin məhkəmə baxışı iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş, lakin ifadə verməkdən imtina edərək, istintaq zamanı verdiyi ifdəsini təsdiq etdiyini bildirərək, məhkəmə iclasında elan olunmasını xahiş etdi. Belə ki, Təqsirləndirilən şəxs məhkəmədə elan edilmiş, ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 2022-ci ilin avqust ayında ona pul lazım olmuş, bunun üçün Zərərçəkmiş şəxs1 borca 9000 manat pul istəmiş və qısa müddət ərzində qaytaracağını bildirmişdir. Zərərçəkmiş şəxs1 onu uzun illər tanıdığı üçün və aralarında yaxşı münasibət olduğundan xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən 20 saylı notariat ofisində borc müqaviləsi ilə 4000 manat, xx.xx.2022-ci il tarixdə də həmin notariat ofisində 5000 manat bor müqaviləsi ilə pul vermişdir.O, Natiqə söz vermişdir ki, 3- 4 ay ərzində onun borcunu qaytaracaq və bununla bağlı borc müqaviləsində qeydlər aparılmışdır.xx.xx.2023-cü il tarixdə Natiqə olan borcundan 900 manatını bank kartına göndərmiş, xx.xx.2023-cü il tarixdə də 1000 manat borcundan kartına göndərmişdir.İşləri yaxşı getmədiyi üçün Natiqin pulunu tam qaytara bilməmiş və razılaşmışlar ki, əlinə pul düşdükcə onun pulunu qaytaracaqdır.Lakin Zərərçəkmiş şəxs1 onu gözləməmiş, ondan 2023-cü ilin avqust ayında polisə şikayət edərək bildirmişdir ki, güya ona məxsus torpaq sahəsinə sənəd düzəltmək üçün ondan 12000 manat pul almışdır.Əslində isə o, Natiqdən torpağa sənəd düzəltmək üçün pul almamışdır. Hazırda Zərərçəkmiş şəxs1 olan borcumu tam məbləğdə qaytarmışdır. Bundan başqa o, ifadəsində göstərmişdir ki,Əsgərov Mehti-Əlzaman Zahir oğlunu təxminən 4 ilə yaxındır ki, tanıyır. 2020-ci ilin ortalarlnda Mehti-Əlzaman ona müraciət etmişdir ki, o, bankdan pul götürə bilmir evinin sənədləri qaydasında deyildir. O,Mehti- Əlzamana kömək etmiş, sənədlərini düzəltmiş və evini banka qoymuşdur. O, buna görə Mehti-Əlzamandan pul almamış o,dövlət rüsumunu ödəmişdir. Bundan sonra aralarında dostluq münasibəti yaranmışdır. O, Mehti-Əlzamanın sənədlərini düzəldəndən sonra evini banka qoyaraq 10000 manatdan artıq bankdan kredit götürmüşdür.Mehti-Əlzaman bankdan kredit götürəndə o, borca 8600 manat pul istəmiş, Mehti-Əlzaman bankdan kredit götürən kimi 2022-ci ilin sentyabr ayında ona 3600 manat borca pul vermiş, bir müddət sonra da ona pul lazım olmuş və Mehti-Əlzamandan təxminən 2 ay sonra əlavə 5000 manat pul istəmişdir. Mehdti-Əlzaman ona 2022-ci ilin noyabr ayında Mehdiabad qəsəbəsində borca 5000 manat pul vermişdir. Bir müddət sonra o, Mehti-Əlzamana olan borcumdan 2800 manatını qaytarmışdır.2023-cü ilin yanvar ayında Mehti-Əlzaman ondan yalandan polisə şikayət edərək bildirmişdir ki, güya ondan sənəd düzəltmək adı ilə 8600 manat pul almışdır. Hazırda o, Mehti-Əlzamana olan borcunu tam məbləğdə qaytarmışdır. Bundan əlavə Təqsirləndirilən şəxs məhkəmə iclasında verilmiş suallara cavab olaraq törətdiyi əməldən peşman olduğunu, cinayət əməli nəticəsində dəymiş ziyanı ödəyərək, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, həmçinin 65 yaşında olmasını bildirməklə, barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının tətbiq olunmasını, iş üzrə icraata xitam verilməsini, həmçinin sonuncunun ümiumilikdə cinayət əməli nəticəsində zərərçəkmiş şəxslərə vurulmuş ziyanı ödəməklə sonuncuların ona qarşı şikayət və tələbinin olmamasını bildirərək amnistiya aktının tətbiq ediləcəyi halda həmin vəsaitin geri qaytarılmasını xahiş etdi. Məhkəmə iclasına dəvət edilərək zərərçəkmiş şəxs qismində dindirilmiş X4 istintaqda verdiyi ifadəsini təsdiq etdiyini qeyd etməklə, bildirimişdir ki, 2005-ci ildə Abşeron rayonu, Mehdiabad qəsəbəsində 0,08 ha torpaq sahəsini X2 30000 ABŞ dollarına öz aralarında razılaşaraq əlyazma ilə almışdır. Həmin torpağın rəsmi sənədi yoxdur, həmin torpaq sahəsini rəsmiləşdirmək üçün Kamilin oğlu ona Abşeron rayonu Mehdiabad qəsəbəsində ev-alqı satqısı ilə məşğul olan Təqsirləndirilən şəxs məsləhət görmüş ki, o, ona sənədləşmədə köməklik göstərə bilər. Bundan sonra o, Əzizin işlədiyi ofisə getmiş, söhbət əsnasında məlum olmuşdur ki, Əziz onun bacısı ilə bir sinifdə oxuyub və tanış çıxdıqları üçün onun ona etibarı artmışdır. Bundan sonra o, Əzizə demiş ki, onun torpağına sənəd düzəltməkdə köməklik göstərsin. O, Əzizə Kamilin ona verdiyi sənədləri təqdim etmiş, o da sənədlərə baxdıqda sonra demiş ki, 02 ay ərzində torpağına çıxarış düzəldəcəkdir. Əziz ondan sənədlərin düzəlməsi üçün 9000 manat pul istəmiş, o, da onunla razılaşmışdır. Bundan sonra o, Əzizə xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti 58/1 ünvanında yerləşən 14 saylı notariat ofisində 4000 manat, xx.xx.2023-cü il tarixdə həmin Notariat ofisində Əzizə təkrarən 5000 manat pul vermişdir. Bundan sonra Əziz ona demiş ki, sənədləşmənin tezləşməsi üçün əlavə 1000 ABŞ dolları pul lazımdır, o,da onunla razılaşıb xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu İncəsənət Universitetinin yaxınlığında Təqsirləndirilən şəxs həmin məbləğdə pulu vermişdir. Bir müddət keçəndən sonra Əziz ondan yenidən torpağın sənədləşməsini tezləşmək üçün 1200 manat pul istəmiş, o, da onunla Abşeron rayonu Mehdiabad qəsəbəsində “Kərim” marketin yaxınlığında görüşmüş və həmin vaxt Təqsirləndirilən şəxs həmin məbləğdə pulu vermişdir. Hazırkı dövrdə bütün zərər ödənildiyi üçün təqsirləndirilən şəxslə barışmış tələb və şikayəti olmadığını bildirmiş, bu barədə ərizə təqdim etmişdir. Cinayət işi üzrə məhkəmənin əvvəlki iclasına dəvət edilərək zərərçəkmiş şəxs qismində dindirilmiş Əsgərov Mehti-Əlzaman Zahir oğlu istintaqda verdiyi ifadəsini təsdiq etdiyini qeyd etməklə, bildirimişdir ki, təxminən 7-8 ay olar ki, tanışları vasitəsi ilə Təqsirləndirilən şəxs tanımış, onunla hər hansı ədavət və düşmənçiliyi olmamışdır.Ona məxsus Abşeron rayonu, Digah kəndində yerləşən obyektı vardır, həmin obyetk üçün çıxarış alınmalı olmuşdur.2022-ci ilin sentyabr ayında həmin obyektə çıxarış düzəltmək istədiyi üçün Təqsirləndirilən şəxs ilə tanışlığı yaranmışdır. Əzizi ilk vaxtlar vəkil kimi tanısa da, sonradan bilmişdir ki, əvvəllər məhkum olunduğu üçün vəkillər kollegiyasının üzvlüyündən çıxarılmışdır. Həmin ərəfədə o, yaşadığı evi də anasının adından öz adına keçirtmək üçün, eləcə də ona məxsus obyektə çıxarış alması üçün Əzizlə bu barədə danışmışdır. Əziz də ona bildirmişdir ki, əvvəlcə evi öz adına keçirtmək lazımdır. O, da Əzizlə razılaşmışdır. Bundan sonra danışdıqları kimi evi öz adına keçirmiş və həmin vaxt evi təmir etmişdir ki, gələcəkdə ona məxsus ev ipoteka yüklü edib əvəzində yaranmış borclarını da ödəyər. Həmin vaxt o, evin təmir işlərini görmək üçün 37500 manat faiz borcu şəklində götürmüşdür.Bundan sonra evi tam təmir etmişdir ki, Əzizin dediyi kimi sonradan ipoteka yüklü edə bilsin. Lakin sonradan ona məlum olmuşdur ki, Əziz ipoteka məsələsi ilə onu aldatmışdır. Belə ki,həmin faiz borcunun bağlanması üçün ümumilikdə ona 51000 manat pul lazım olmuş, amma ona məxsus evi ipoteka yüklü edəndə 25 illik müqavilə qarşılığında ona 58000 manat pul verilməli olmuşdur.Ona sərf eləmədiyini görüb razılaşmamışıdr. Əziz ona demişdir ki, onun əmlak məsələləri dövlət xidməti orqanında həmin obyektin sənəd işlərini həll edə biləcək tanışı vardır, həmin şəxs bütün işləri həll edəcəkdir. Təxminən 2 ay ərzində də çıxarış alıb ona verməli olmuşdur. Əziz ona demişdir ki, bu işləri görmək üçün qabaqcadan bəmin şəxsə 5000 manat pul verilməlidi. O, da etiraz etməyib razılaşmış, bundan sonra faiz borcu şəklində pul götürdüyü puldan 2022-ci ilin noyabr ayında 5000 martatı yaşadığı evdə Əzizə vermişdir. Əziz pulu aldıqda demişdir ki, sabah arxivdən adam gəlib obyektə baxacaq, peyk vasitəsi ilə koordinatları müəyyən edib həmin obyekt üçün çıxarışın hazırlanması işlərini görəcəkdir. Lakin növbəti gün arxivdən heç kim gəlib həmin obyektə baxmamışdır. O, da başa düşmüşdür ki, Əziz onu aldatmışdır. Bundan sonra o, dəfələrlə Əzizlə mobil telefon əlaqəsi saxlayıb və bir neçə dəfə görüşüb verdiyi pulu istəsə də, Əziz hər dəfə müxtəlif bəhanələrlə onu aldadıb verdiyi pulu da qaytarmamıqşdır. O, ilkin olaraq verdiyi izahatı ola bilsin ki, orada anlaşılmazlıq olmuşdur.O, Təqsirləndirilən şəxs verdiyi 3600 manat pulu borc şəklində olaraq vermişdir.Həmin borcdan Əziz ona 2500 manat qaytarmışdır. Əziz Kərizadəyə verdiyi 5000 manat pulu isə ona məxsus Abşeron rayonu, Digah kəndində yerləşən obyekt üçün çıxarış alması üçün vermişdir. Hazırkı dövrdə bütün zərər ödənildiyi üçün təqsirləndirilən şəxslə barışmış tələb və şikayəti olmadığını bildirmiş, bu barədə ərizə təqdim etmişdir. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən ifadəsi elan edilməkə tədqiq edilən iş üzrə şahidlər Şahid1 və X5 digər zərərçəkmiş şəxslərin ifadələrinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

1. “Təhqiqat materialının istintaq aidiyyatı üzrə göndərilməsi” barədə 10 fevral 2023-cü il tarixli qərardan görünür ki, Əsgərov Mehti–Elzaman Zahir oğlunun şikayət ərizəsi əsasında toplanmış material Abşeron RPİ-nin İstintaq Şöbəsinə göndərilmişdir;

2. “Cinayət işinin başlanmasının rədd edilməsi” barədə 24 fevral 2023-cü il tarixli qərardan görünür ki, vətəndaş Əsgərov Mehti–Əlzaman Zahir oğlunun şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir;

3. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın ləğv edilməsi” haqqında 10 iyul 2023-cü il tarixli qərardan görünür ki, Əsgərov Mehti–Elzaman Zahir oğlunun ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi haqqında Abşeron rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis baş leytenantı Xəlil Əsgərovun xx.xx.2023-cü il tarixli qərarı ləğv edilmişdir;

4. “Cinayət işinin başlanmasının rədd edilməsi” barədə 15 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, vətəndaş X3 tələbi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilməlidir;

5. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın ləğv edilməsi” haqqında 25 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Abşeron RPİ-nin “Cinayətlər haqqında ərizə və məlumatların uçotu” kitabında HK-1/151 nömrə ilə qeydə alınmış material üzrə Abşeron RPİ-nin müstəntiqi, polis baş leytenantı X7 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərar əsassız olduğundan ləğv edilmişdir;

6. “Cinayət işinin başlanmasının rədd edilməsi” barədə 17 noyabr 2023-cü il tarixli qərardan görünür ki, vətəndaş Əsgərov Mehti–Elzaman Zahir oğlunun şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir;

7. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın ləğv edilməsi və materialın əlavə yoxlama üçün qaytarılması” haqqında 09 mart 2024-cü il tarixli qərardan görünür ki, Əsgərov Mehti–Elzaman Zahir oğlunun müraciəti əsasında toplanmış HK-1/151 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilməsi barədə müstəntiqi, Rəşad Cəfərovun cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın 17 noyabr 2023-cü il tarixli qərarı qanunsuz və əsassız olduğundan ləğv edilmişdir;

8. Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın ləğv edilməsi və materialın əlavə yoxlama üçün qaytarılması” haqqında 19 aprel 2024-cü il tarixli qərardan görünür ki, X3 müraciəti əsasında toplanmış HK-1/7870 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilməsi barədə baş müstəntiqi, polis mayoru Elçin Süleymanovun cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın 15 sentyabr 2023-cü il tarixli qərarı ləğv edilmişdir;

9. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 17 may 2024cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlamış və ibtidai istintaqı aparılması üçün icraata qəbul edilmişdir;

10. “Zərərçəkmiş şəxs qismində tanınma” barədə 18 may 2024-cü il tarixli qərardan görünür ki, X4 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır;

11. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 15 iyul 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.20218-ci il tarixdə xəzər rayonu məhkəməsinin qərarı ilə CM-nin 178.3.2-ci maddəsindən CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrinə tövsif edilmiş 05 il, MM-nin 178.3.2-ci maddəsi ilə qəti olaraq 07 il cəza saxlanılmış, xx.xx.2021-ci il tarixli AR MM-nin aministiya qərarına əsasən cəzasının çəkilməmiş hissəsindən azad olunmuşdur.

12. “Zərərçəkmiş şəxs qismində tanınma” barədə 24 may 2024-cü il tarixli qərardan görünür ki, Əsgərov Mehti–Əlzaman Zahir oğlu iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır;

13. “İttiham elan olunması üçün şəxsin barəsində axtarış elan edilməsi və tutulması” haqqında 05 iyun 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Azərbaycan Respublikası 178.2.4-cü maddəsi ilə təqsirli bilinən Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, onun tutularaq 48 saat müddətində saxlanılması üçün Abşeron rayon Polis İdarəsinin MSY-nə təhvil verilməsi müəyyən edilmişdir;

14. “Cinayət işinin icraatın dayandırılması” haqqında 20 iyun 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ibtidai istintaqı aparılan ********* saylı cinayət işi üzrə icraat Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək, istintaqa təqdim olunanadək dayandırılmışdır;

15. “Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi və icraata qəbul edilməsi haqqında” 19 noyabr 2024-cü il tarixli qərara əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs könüllü olaraq istintaq orqanına gəldiyindən ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir;

16. “Cinayət işi üzrə əməlin tövsif olunması” haqqında 19 noyabr 2024-cü il tarixli qərara əsasən müəyyən edilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə istintaqı aparılan cinayət işi həmin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir;

17. “Təqsirləndirilən şəxs qismində cəlb etmə” haqqında 19 noyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir;

18. “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi” haqqında 19 noyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir;

19. “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin şərtlərini pozduğuna görə barəsində axtarış elan edilməsi və cinayət işinin icraatının dayandırılması” haqqında 25 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qətimkan tədbirinin şərlətini pozduğuna görə barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat dayandırılmışdır;

20. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 7(003)-1285/2020 saylı, 18 noyabr 2020-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 09 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum Təqsirləndirilən şəxs ərizəsi təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 1(101)-84/2017 saylı hökmü üzrə cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün məntəqətipli cəzaçəkmə müəssisinə keçirilməsi müəyyən edilmişdir;

21. “Təqsirləndirilən şəxsin könüllü gəlməsi” barədə 01 mart 2025-ci il tarixli qərardna görünür ki, X1 RPİ-nin stintaq Şöbəsinə gələrək, özünü təqdim etmiş və istintaqa çağırılmasından xəbərsiz olduğunu bildirdi.

22. “Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi və icraata qəbul edilməsi haqqında” 01 mart 2025-ci il tarixli qərara əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs könüllü olaraq istintaq orqanına gəldiyindən ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir;

23. “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi” haqqında 02 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 19 noyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirimədən öz qüvvəsində saxlanılmış, iş üzrə təqsirləndirilən şəxsin ifadələri toplanmış sübutların məcmusu ilə təstiq edildiyindən, zərərçəkmiş şəxs və şahid fiadələri sübut növü kimi işi üzrə sübut növü qiymətləndirilmişdir;

24. Zərərçəkmiş şəxs Əsgərov Mehti–Əlzaman Zahir oğlunun məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur, sonuncu barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir;

25. Zərərçəkmiş şəxs X4 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam ödənilməsini, ona qarşı heç bir şikayət və tələbinin olmamasını bildirmişdir;

26. “Azemis” Elektron İnformasiya sistemi vasitəsilə təqsirləndirilən şəxs barəsində “şəxsi məlumatlarına” dair göndərilmiş sorğudan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxx 1965-ci il tarixdə Beyləqan rayonunda anadan olmuşdur.

27. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o, cinayət əməli nəticəsində dəymiş ziyanı tam ödəyərək, zərərçəkmiş şəxslər ilə barışıq əldə etməsini bildirməklə, barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının tətbiq olunmasını və barəsində olan cinayət işinə xitam verilməsini xahiş etmişdir. Sübutların qiymətləndirilməsi və Hüquqi məsələlər:

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları qanunvericiliyin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır və ibtidai araşdırma aparan orqan tərəfindən doğru olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Bununla yanaşı, məhkəmə müəyyən edir ki, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar müəyyən edilməsə də, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün qanunla nəzərdə tutulmuş hüquqi əsaslar mövcuddur. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 15.3-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. 178-ci maddə - dələduzluq - yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar və xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla və ya olunmamaqla bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Göründüyü kimi, Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayət əməli üzrə azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ilədək müəyyən edilməklə az ağır cinayətlər kateqoriyasına aiddir və həmin əməl Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarı qüvvəyə minən günədək törədilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 39.1 və 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir; 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır; “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının: 1.14-cü bəndinə əsasən təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq, bu qərarın qüvvəyə mindiyi günədək 60 yaşına çatmış məhkumlar (şəxslər) müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməsindən azad edilirlər; 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). 24-cü bəndinə əsasən birinci instansiya məhkəmələrinin icraatında olan, bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarılır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməli az ağır cinayətlər kateqoriyasına aid olmaqla, eyni zamanda, onun 65 yaşına çatmış şəxs olması nəzərə alınaraq, yuxarıda qeyd edilən amnistiya aktının 1.14 və 5.1-ci bəndlərinin tələblərinə əsasən barəsində cinayət təqibinə xitam verilməsi üçün hüquqi əsaslar mövcuddur. Göstərilən amnistiya aktının 6 və 7-ci bəndlərində nəzərdə tutulmuş istisna hallar Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əmələ şamil edilmir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının 1.14 və 5.1-cı bəndlərinin təsiri altına düşdüyündən o, cinayət məsuliyyətindən azad edilməklə cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Qeyd edilən prosessual hüquq normasının tələbləri baxımından məhkəmə bildirir ki, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verildiyindən, seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Cinayət işinin materiallarında müsadirəyə məruz qala biləcək əmlak müəyyən edilmədiyindən, məhkəmə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri üzrə irəli sürülmüş ittiham çərçivəsində xüsusi müsadirənin tətbiqi əsassızdır və zəruri hesab edilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) hər iş saatı üçün ödənilən haqqın məbləği 6 manatdan 11 manata artırılmışdır. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs hüquqları üzrə müdafiəsini həyata keçirmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi hüquqi yardıma görə sərf etdiyi 15 saatın hər iş saatının 6 manatdan, 30 saatının hər iş saatının isə 11 manatdan hesablanmaqla, dövlət büdcəsindən vəkilə cəmi 420 manat (15 saat x 6 AZN + 30 saat x 11 AZN) məbləğində vəsaitin ödənilməsi qənaətinə gəlir. Cinayət işi üzrə mülki iddia, maddi sübut, məhkəmə məsrəfi və müsadirə edilməli əmlak yoxdur.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 43, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə R A R A A L D İ:

“Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.14 və 5.1-cı bəndləri tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclası zalından həbsdən azad olunsun. İş üzrə mülki iddianın və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 saatın hər iş saatının 6 manatdan, 30 saatının hər iş saatının isə 11 manatdan hesablanmaqla, dövlət büdcəsindən vəkilə cəmi 420 manat (15 saat x 6 AZN + 30 saat x 11 AZN) məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qeyd olunan müddət ərzində qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, növbəti gün qərar qüvvəyə minir.

Sədrlik edən: Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar